Super User
O, ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etdi
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun ardıcıl və müntəzəm şəkildə irihəcmli akvarel silsilələrinə qüvvətli meyl etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunan "Xınalıq" akvarellər silsiləsindən "Yağışdan sonra" lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil edib.
Bu gün Azərbaycan SSR xalq rəssamı Yusif Hüseynovun anım günüdür. O, 1928-ci il oktyabr ayının 15-də Bakıda anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirib. Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr edən Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaradıb.
Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyillər rəssamın yaratdığı portretlərdə də öz əksini tapıb. Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olub. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərib. "Göyərçin" uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr verib.
Respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib, 1987-ci ilə qədər ittifaqa rəhbərlik edib.
Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunub. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri olub. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışıb. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf edib.
Rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat edib. Allah rəhmət eləsin!
Təltifləri
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Göylərin əfsanəsi: "Atəş ramı" ilə tarix yazan Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan hərb tarixinə adını əbədi həkk etmiş pilot, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin HHQ polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyev, 44 günlük Vətən müharibəsinin ilk günlərindən göylərdə dastana çevrilmiş bir simadır. O, idarə etdiyi "Su-25" hücum təyyarəsi ilə düşmənə endirdiyi sarsıdıcı zərbələr və ömrünün son saniyəsində qəbul etdiyi fədakar hərbi qərarı ilə İkinci Dünya müharibəsindəki əfsanəvi pilotların fədakarlığını müasir dövrümüzdə yenidən canlandırmışdır.
Göylərə bağlanan ömür: Bakıdan asimanlara
Zaur Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarından səmaya, təyyarələrə olan sevgisi onu hərbi təhsilə yönəldir:
Təhsili: 1985–1992-ci illərdə Bakı şəhərinin 192 nömrəli tam orta məktəbində, 1992–1995-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Ali peşə hazırlığı: 1995-ci ildə Türkiyə Respublikası Hava Hərbi Məktəbinə Hava Harp Okulu qəbul olub və 2000-ci ildə bu ali təhsil müəssisəsini uğurla başa vuraraq hərbi təyyarəçi kimi doğma vətənə qayıdıb.
Zaur Nudirəliyev Azərbaycan HHQ-də xidmət etdiyi illər ərzində ən təcrübəli pilotlardan birinə çevrilir. O, hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini uçuş planlaşdırma şöbəsinin rəisi vəzifəsinə qədər yüksələrək polkovnik rütbəsini daşıyırdı. "Su-25" hücum təyyarəsinin peşəkar pilotu olan Zaur, gənc təyyarəçilərin yetişdirilməsində də əvəzsiz rol oynamışdı.
Vətən müharibəsi və səma döyüşləri
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda polkovnik Zaur Nudirəliyev hərbi təyyarəçi kimi dərhal ön xəttə atıldı. O, düşmənin illərlə qurduğu və "keçilməz" adlandırdığı hava hücumundan müdafiə HHM sistemlərini sıradan çıxarmaq və yerüstü canlı qüvvəsini məhv etmək üçün təhlükəli uçuşlar həyata keçirirdi.
Müharibənin ilk günlərində onun idarə etdiyi təyyarə düşmənin sığınacaqlarını, komanda məntəqələrini və ağır texnika karvanlarını darmadağın etdi. Təcrübəli pilot kimi səmada etdiyi manevrlər erməni ordusunun radiolokasiya sistemlərini iflic vəziyyətinə salırdı.
4 oktyabr: Müasir hərb tarixinin "atəş ramı" Qastello fenomeni
4 oktyabr 2020-ci ildə polkovnik Zaur Nudirəliyev növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl rayonu istiqamətində havalanır. Tapşırıq uğurla icra edilir və düşmənin mühüm hədəfləri vurulur. Lakin geri qayıdarkən, onun "Su-25" təyyarəsi düşmənin zenit-raket kompleksi tərəfindən hədəfə alınır və vurulur.
O kritik saniyələrdə baş verənlər:
Katapult imkanı: Təyyarə zədələnsə də, polkovnikin katapult edərək paraşütlə atılaraq sağ qalmaq şansı var idi. Lakin hadisə düşmən mövqelərinin üzərində baş verirdi və atılacağı təqdirdə o, ermənilərə canlı əsir düşəcəkdi. Yüksək rütbəli kəşfiyyat və uçuş məlumatlarına malik bir polkovnikin əsir düşməsi hərbi qanunlara görə yolverilməz idi.
Tarixi qərar: Zaur Nudirəliyev katapult etməkdən qətiyyətlə imtina edir. O, alovlanan təyyarəni yerə doğru deyil, aşağıda qaçışan və cəm halda dayanan erməni hərbçilərinin və hərbi texnikasının düz mərkəzinə istiqamətləndirir.
Nəticə: "Su-25" böyük bir sürətlə düşmən səngərinə çırpılır. Güclü partlayış nəticəsində onlarla düşmən əsgəri və çoxlu sayda hərbi texnika yerindəcə məhv edilir. Zaur Nudirəliyev öz canı bahasına düşmənə ağır zərbə vuraraq qəhrəmancasına şəhid olur.
Hərb elmində bu fədakarlıq "atəş ramı" odlu taran adlanır. Zaur Nudirəliyev bu addımı ilə özünü fəda edərək Azərbaycan əsgərinin düşmənə təslim olmayan ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ali mükafatlar və əbədi ehtiram
Polkovnik Zaur Nudirəliyevin bu unikal rəşadəti dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra aşağıdakı ali mükafatlara layiq görülmüşdür:
"Vətən Müharibəsi Qəhrəmanı" adı — Azərbaycanın ən ali hərbi təltifatı
"Vətən uğrunda" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı
Şəhid polkovnik Bakı şəhərində, İkinci Fəxri Xiyabanda hərbi ehtiramla dəfn olunub. Onun xatirəsini əbədiləşdirmək üçün vaxtilə oxuduğu Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbə və paytaxtın mərkəzi küçələrindən birinə Zaur Nudirəliyevin adı verilmişdir.
Göylərin hakimi, yerdə isə düşmənin qənimi olan bu böyük komandirin və pilotun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Xəzərin günbatar qıyısında bir ad…
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Deyir, siyasi təşkilatların ömrünü yalnız müqavilələr uzatmır.
Mədəniyyətin olmadığı yerdə geopolitika çox zaman mexaniki xarakter daşıyır.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanındakı varlığının çox anlamlı rəmzlərindən biri Nizami Gəncəvinin büstünün Pekində – təşkilatın mənzil-qərargahında ucalmasıdır. Büst 2021-ci ildə Nizaminin 880 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulub.
Bu fakt ilk baxışda sırf mədəni hadisə təsiri bağışlayır; dərin qatda isə tamam başqa anlamlar daşıyır.
Nizaminin mənəvi coğrafiyası da bugünkü Avrasiyanın böyük hissəsini birləşdirirdi. Onun düşüncə dünyasında türk, fars, ərəb, çin, yunan, hind mədəni qatları eyni bəşəri təfəkkür müstəvisində görüşürdü.
Bəli, Nizami xəritə çəkmirdi – mənəvi coğrafiya yaradırdı.
Yüzillər sonra həmin geniş coğrafiyada başqa vasitələrlə – dəmir yolları, limanlar, enerji xətləri, rəqəmsal şəbəkələr, siyasi platformlarla yeni bağlantılar qurulur.
Deməli, bir vaxtlar mədəniyyətin birləşdirdiyi coğrafiyanı indi iqtisadiyyat və diplomatiya yenidən birləşdirir.
Azərbaycanın isə hər iki yaddaşı vardır: Nizaminin mədəni yaddaşı və Orta Dəhlizin strateji iradəsi!
Bu ikisini bir-birindən ayırmaq heç lazım da deyil.
Əksinə, Azərbaycanın Avrasiyadakı fərqli mövqeyi elə bundadır.
Qədim çağlarda yollar şəhərlər doğururdu. İpək Yolu üzərində şəhərlər böyüyür, bazarlar yaranır, dillər qarşılaşır, mədəniyyətlər bir-birindən öyrənirdi…
Yolun qəribə fəlsəfəsi vardır: o yalnız bir yerdən başqa yerə aparmır;
getdiyi yerləri bir-birinə tanıdır.
Karvanın yükü ipək, ədviyyat, metal, daş-qaş ola bilərdi, amma karvanla birgə söz də gedirdi, düşüncə də, musiqi də, inanc da, sənət də…
Bir sözlə, yol maddi sərvətlə yanaşı, mədəniyyət daşıyırdı.
Tarixi İpək Yolunda Azərbaycan da yalnız yol üstündə yerləşən məkan olaraq qalmırdı; bura mədəniyyətlərin bir-birini gördüyü, fərqli düşüncə və yaşam biçimlərinin qovuşduğu, Gündoğarla Günbatarın bir-birini tanıdığı önəmli ünvanlardan idi.
Ona görə bugünkü yollarımıza yalnız iqtisadi statistikanın gözü ilə baxsaq, böyük mənzərənin bir hissəsi görünməz qalar.
Yeni İpək yolları da yalnız konteyner daşımayacaq.
Onlar ideya, texnologiya, yatırım, enerji, mədəniyyət və siyasi təsir daşıyacaq.
Əsas məsələ yalnız yüklərin Azərbaycandan keçməsi ola bilməz.
Yollar Azərbaycandan keçdikcə Azərbaycan özü də yol yaradan, yön verən, bağlantıya siyasi, iqtisadi və mədəni məzmun qazandıran dövlət olaraq, töhfələrini zənginləşdirir.
Bax, tranzitlə strateji bağlantı arasında fərq də burada başlayır.
Tranzit ölkənin ərazisindən yük keçir.
Bağlantı dövləti isə o yükün keçdiyi coğrafiyalar arasında güvən yaradır.
Tranzit – yol təqdim edir; bağlantı – dövləti yolun gələcəyini qurur.
Tranzit – məsafəni qısaldır; bağlantı isə coğrafiyaları yaxınlaşdırır.
Ona görə Azərbaycanın qarşısındakı vəzifəni yalnız “tranzit ölkə olmaq” kimi müəyyənləşdirsək, mövzunun mahiyyətini daraltmış olarıq.
Tranzit başlanğıc mərhələdir; növbəti mərhələ logistik mərkəzə çevrilmək, daha sonrakı mərhələ istehsal və yatırım qovşağı olmaq, daha yüksək mərhələ isə geosiyasi, geoiqtisadi bağlantı mərkəzinə çevrilməkdir.
Azərbaycan məhz həmin yöndə irəliləyir.
Buradan başqa bir sual doğur:
Azərbaycanın ŞƏT məkanına ehtiyacı olduğu kimi, ŞƏT məkanının Azərbaycana ehtiyacı varmı?
Cavab: Əlbəttə, var!
Çün təşkilatın böyük iqtisadi və demoqrafik ağırlığa malik üzvlərinin bir çoxu üçün Günbatara doğru ən səmərəli istiqamətlərdən biri Xəzər–Azərbaycan–Qafqaz–Türkiyə xəttindən keçir.
Ona görə də məsələni yalnız “Azərbaycan ŞƏT-dən nə qazanır?” sualına bağlamaq doğru olmazdı.
Bəzən bir dövlətin beynəlxalq çəkisini onun hansı quruma daxil olmaq istəməsindən ziyadə, həmin qurumun o dövlətin imkanlarına nə qədər ehtiyac duyması daha dəqiq göstərir.
Bu baxımdan belə bir fikir söyləmək, məncə, tam yerinə düşür:
ŞƏT-in Azərbaycana ehtiyacı Azərbaycanın ŞƏT-ə marağı qədər strateji önəm daşıyır.
Böyük coğrafiyalar yalnız böyük dövlətlərlə qurulmur.
Böyük coğrafiyalar onları bir-birinə bağlayan güvənli dövlətlərlə qurulur.
Azərbaycan belə dövlətlərdəndir.
Burada yenidən mədəniyyət məsələsinə qayıdaq.
Mədəniyyət siyasətdən daha uzunömürlü yaddaşdır.
Dövlətlərarası münasibətlərin siyasi məzmunu zaman-zaman dəyişə bilər, iqtisadi modellər yenilənə, yeni təşkilatlar yarana, başqa təşkilatlar tarixə qarışa bilər.
Lakin xalqların yaddaşında yaranmış yaxınlıq daha dərin qatlarda yaşayır.
Azərbaycanla Orta Asiya arasında dastan, saz-söz, dil, düşüncə, adət-ənənə ortaqlığı heç bir çağdaş yükdaşıma dəhlizinin çəkilməsini gözləmirdi.
Bugünkü siyasətin böyük üstünlüyü ondadır ki, mədəni yaddaşla geosiyasi gerçəklik getdikcə bir-birinə yaxınlaşır.
Bir zamanlar sözün keçdiyi yollarla indi qatarlar keçir.
Bir zamanlar dastanların dolaşdığı coğrafiyadan indi yük axını keçir.
Bir zamanlar şairlərin mənəvi üfüqündə qovuşan şəhərlər bu gün dəmir yolu, hava yolu, enerji xətti, rəqəmsal şəbəkələrlə bir-birinə bağlanır.
Beləcə, tarix özünü təkrarlamır – özünü yeni biçimdə davam etdirir.
Bəlkə, Azərbaycanın Avrasiyadakı yeni rolunun kulturoloji anlamı da elə budur.
Biz yalnız Gündoğarla Günbatarın arasında yerləşmirik; biz yalnız Quzeylə Güneyi birləşdirmirik.
Biz dünənlə sabahın da arasında dayanmışıq:
qədim İpək Yolunun yaddaşı ilə çağdaş Orta Dəhlizin iradəsi;
Nizaminin söz coğrafiyası ilə yeni Avrasiyanın siyasi coğrafiyası;
mədəniyyətin yüzillər öncə yaratdığı yaxınlıqla dövlət siyasətinin bu gün qurduğu bağlantı bir-birinə qovuşur.
Belə bir qovuşmada Azərbaycan sadəcə “arada yerləşən” ölkə sanıla bilərmi? – Azərbaycan aranı birləşdirən ölkədir.
Bu iki anlayış arasındakı fərq, əslində, bütöv bir dövlətçilik fəlsəfəsinin fərqidir. Birincidə coğrafiya taledirsə, ikincidə coğrafiya iradədir.
Birincidə yol səndən keçir, ikincidə yolu sən qurursan.
Azərbaycanın çağdaş siyasi tarixinin özəlliyi də budur: biz coğrafiyanın verdiyi imkanı dövlət ağlının yaratdığı üstünlüyə çeviririk.
Şanxaydan başlayan, Səmərqənddən, Astanadan, Tiencindən keçib Bişkekə uzanan siyasi yolun xəritəsinə diqqətlə baxanda Xəzərin günbatar qıyısında bir ad getdikcə daha aydın görünür:
AZƏRBAYCAN!
Respublikamızın adı artıq yalnız xəritədəki yerimizin adı olaraq oxunmur; o, getdikcə Avrasiyadakı rolumuzun adına çevrilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
İlk milli baletimizin — "Qız qalası"nın libretto müəllifi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizə bir aktyor-rejissorumuz barədə danışmaq istəyirəm.
Bu gün onun anadan olmasının 125-ci ildönümüdür.
Amma o, tək rejissorluqda ad çıxarmayıb. O həm də ilk milli baletimizin — "Qız qalası"nın libretto müəllifidir.
İndisə daha geniş.
İsmayıl Hidayətzadə 1 sentyabr 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. İsmayıl 1909-cu ildən etibarən "İttihad" məktəbində oxuyub. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirib. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadıb. Uşaqlıqdan canında olan aktyorluq həvəsi gündən-günə qüvvətlənib. Gənc həvəskar aktyor az keçmir ki, "balaca Ərəblinski" adı ilə şöhrətlənib.
O vaxt sənətə gələn gənclərin əksəriyyətini bu adla çağırıblar. Hüseyn Ərəblinskinin təsiri altına düşən bu gənclər hər vəclə ona oxşamağa, səhnədə onu təqlid etməyə çalışıblar. İsmayıl Hidayətzadə də belə gənclərdən biri olub.
İsmayıl, eyni zamanda rejissorluq sənətinə də maraq göstərib. Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında asissent işləyib. 1926-ci ildə arabir özünü rejissorluqda sınayıb. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdıb. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona tapşırılıb. Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirib. Rus Dram Teatrında "1905-ci ildə", "Vaqif" tamaşalarını qoyub.
İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin — "Qız qalası"nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb.
Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində də çəkilib. 2001-ci ildə altyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Filmoqrafiya
1. Qız qalası əfsanəsi
2. Bismillah
3. Altıncı hiss
4. Almaz
İsmayıl Hidayətzadənin 11 noyabr 1951-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Fədakar ömrün 8 anı - 8 pərdəli sənət və sevgi dramı üçün sinopsis
Hafiz Ataxanlı,
“Ədəbiyyat və incəsənət” üçün
Proloq
Hüseyn kişi tarladan arğın- yorğun dönmüşdü. Sazı götürdü. Bəsti xala çay gətirmək istədi.
- Yox, çayı bir azdan verərsən,- eyvanda oturub sazı köklədi,- yorğunluğumu ancaq sazla çıxarıram, bu gün əldən düşmüşəm.
Sazı sinəsinə basıb ayrıldı bu dünyanın qayğılarından,beynini gündəlik məşğul edən taxıl planından,əməkgünü cədvəlindən,sədrlik məsuliyyətindən.
Qazaxda, Yuxarı Göycədə o qədər qəm yiyəsi tanıyırdı, onları düşünürdü, ikinci cahan savaşının başsız qoyduğu ailələri, atasız uşaqları göz önünə gətirirdi, kədərli duyğuları ürəyindən barmağına, ordan da dərdə simsar simlərə ötürürdü. Bir də başını qaldırdı ki, İbrahim, İsrafil əmioğlanları dayanıblar qarşısında, ona baxırlar
-Ağrın aleym, tanımasaydım səni, elə bilərdim ki, Qori seminariyasını yox, aşıqlar məktəbini bitirmisən, - İbrahim heyranlıqla gülümsədi
İsrafil də zarafata qoşuldu:
- Əmioğlu, öleym, ta sənin yanında əlimə saz götürmərəm.
-Bəsdirin, məni çox tərifləməyin, sonra sizin çalğınızı bəyənmərəm ha,- Hüseyn müəllim ürəkdən güldü, sonra Bəstiyə səsləndi:
-Vidadi hardadır, a Bəsti, bayaqdan gözümə dəymir axı.
-Harda olacaq, teatr çıxarır, - Bəsti çayları gətirdi.
İbrahim sevincək dilləndi:
-Hə, Hüseyn qağa, doğrudan ha, Allah saxlasın, dünən biz də baxdıq, əminəvəsi əməlli- başlı oyun çıxarır.
-Yaxşı, balam, bəs tamaşa nədən bəhs edir? Bildiyimə görə pal- paltar, müəyyən əşyalar- filan lazım olur tamaşa üçün. Bəs onları hardan tapıb?
-İndiyəcən kəndimizdə nə qədər məzəli hadisə baş veribsə, yığırmış çinədanına, özü yazıb- pozub, internat məktəbdən də döşəkağı gətirib, soyunma otağı, bir də səhnə düzəldib. Maşallah, fərasətli uşaqdır, yaxşı gələcəyi var.
İbrahim əmioğlusunun sözünə qüvvət verdi:
-Hə, dünən əslində yığışdırmaq istəyirdi, camaat əl çəkmədi. Daha iki gün oynayacaqlar.
-Onda sabah vaxt tapıb mən də gəlib baxaram. Amma kənardan. Mənim orda olduğumu deməyəsiniz ha! Uşaq məni görəndə çəkinər, karıxar.
Bakı- İrəvan qatarı
Vidadi Əliyev arzularının ardınca yüyürdü, İncəsənət institutunun aktyorluq fakültəsinə qəbul olundu. Kursun rəhbəri Tofiq Kazımov, müəllimi Nəsir Sadıqzadə idi. İstedadı, zəhmətsevərliyi, öyrənmək təşnəsi, fəallığı və şübhəsiz ki, iki böyük sənətkardan öyrəndikləri tələbəlik illərindən onun uğur hekayəsinin yazılmasına rəvac verdi. Azərbaycan Dövlət Televiziyasında çəkilən "Birincilər və sonuncular" teletamaşasına dəvət aldı. Ünlü aktyor Səməndər Rzayevlə tərəf- müqabil oldu Təyinatını Akademik Dövlət Dram Teatrına ayırmışdılar. Amma hələlik kurs yoldaşları ilə birlikdə "Sevil" tamaşasını diplom işi üçün hazırlayırdılar. Yenicə fəaliyyəti bərpa olunmuş İrəvan Azərbaycan Dövlət Dram Teatrından gəlmiş nümayəndənin çıxışı onun və həmkurslarının taleyini dəyişdirdi.
Arayış
1882-ci ildən başlayaraq qədim İrəvan şəhərinin aydınları bir truppa təşkil edirlər. Beləliklə, Qafqazın mədəni mərkəzlərindən biri tarixə düşür. Ədəbiyyatşünas alim, görkəmli ictimai xadim Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə İrəvan truppası Mirzə Fətəli Axundovun " Müsyo Jordan və dərviş Məstəli şah" komediyasını hazırlayır. Sovet hakimiyyəti qurulduqdan sonra,1928-ci ildə teatr dövlət statusu alır, 1935 ci ildə isə sənət ocağına Cəfər Cabbarlının adı verilir.
SSRİ rəhbərinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 27 dekabr və " Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il,10 mart tarixli qərarları ilə azərbaycanlıların ulu yurdlarından kütləvi deportasiyası, Mərkəzi hakimiyyətin və Ermənistan rəhbərliyinin qərəzli siyasəti teatra da öz zırbəsini vurdu: teatr bağlandı.
1967-ci ildə Qərbi Azərbaycan ziyalılarının gərgin səyləri, davamll müraciətləri, Şıxəli Qurbanovun milli təəssübkeşliyi sayəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa olundu.
Qərar
Milli qürur hissi, sənət sevdası on bir tələbəyə təyinatdan imtinanı, İrəvana yollanmağı diktə etdi. Vidadi Əliyev, Mərziyyə Məmmədbəyova, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Sara Əliyeva, Nəsimi Eminov dərslərdən azad olunaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərildilər.
Bakı- İrəvan qatarının sərnişinləri arasında tələbə- aktyorlar yol gedirdilər. Şirin xəyallarla, böyük arzularla, romantik duyğularla yollara baxırdılar. Onlar şərəfli, amma çətin bir yola çıxmışdılar. Düşmən hikkəsinin qurbanı olmuş milli mədəniyyətin bərpası uğrunda böyük fədakarlıq, ağrılı, acılı günlərlə dolu yol düşmüşdü qismətlərinə.
1967-ci il martın 16-da boyunlarına şərəfli bir missiya götürmüş gənclər İrəvana çatdılar.
Doğma yurdda qəriblik
Nəsir Sadıqzadə tələbələrini tək buraxmadı. Teatrın şəraitsiz məkanında "Sevil"in məşqləri davam etdi. Aprelin-28 də tamaşanın premyerası Ermənistan Dövlət Akademik Dram Teatrında keçirildi.
Bir ildən sonra istedadlı şair- publisist Hidayət Orucov teatra direktor təyin olundu
"Təkcə sənətkar kimi yox,həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman- Böyük Adam: Vidadi Əliyev"
İlhamə Nasir, yazıçı
21 il ərzində Vidadi müəllim aktyorluqla bərabər uğurlu rejissor fəaliyyəti də göstərdi. Yazı- pozu bacarığı, dünya və Azərbaycan dramaturgiyasına bələdçiliyi, nəzəri bilikləri ona ədəbi hissə müdiri işləmək imkanı da verdi. Bir də tale Vidadi Əliyevin yolunun üstünə Elmira xanımı çıxartdı.
Xatırlatma
Elmira Məhərrəm qızı İsmayılova 1945-ci il, noyabrın 1- də İrəvanda ziyalı ailəsində dünyaya göz açıb. Şəcərəsi İrəvan xanına bağlanır. 1968-ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Elə həmin ildən İrəvan teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Humay (Əliqulu evlənir), Afət (Qaynana), Dilarə (Şəhərin yay günləri), Dilbər (Hacı Qənbər), Böyükxanım (Aydın), Xala (Arşın mal alan), Nazik (Ulduz) və s. onun obrazlar qalereyasında mühüm yer tutur. "Ömürdən uzun gecə" və " Əkizlərin nağılı" televiziya filmlərində çəkilib. Beş il televiziyada fəaliyyət göstərib.
Teatr naminə
Yaradıcı heyət var qüvvəsi ilə çalışırdı. Tamaşalar hazırlanırdı, amma şəraitsizlik ucbatından premyeralar İrəvan Dövlət Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Ermənistan Dövlət Dram Teatrında, Zabitlər evində təşkil edilirdi. Bəzən də ətraf kəndlərə qastrollara çıxırdılar. Soğlun çiçəklər, Sənsiz, Hacı Qənbər, Aydın, Nəsrəddin, Məşədi İbad, İkinci səs, Molla İbrahimxəlil kimyagər, Arşın mal alan, Toy kimindir, Ulduz, Toy, Qaynana, Tribunal, Şərəfin sandığı, Sən nə üçün yaşayırsan, Məni qınamayın, Məhv olmuş gündəliklər, Atayevlər ailəsi, Təklif, Hicran, Müsyo Jordan və dərviş Məstəli şah, Ər və arvad, Qarağaclar altında məhəbbət tamaşaları maraqla qarşılanmışdı
Ağlama yasəmən, salamat qal tut ağacı
1988-ci ilin payızında teatr Neftçala və Cəlilabad rayonlarına qastrol səfərinə yollandı. Geri qayıdarkən rastlaşdıqları mənzərədən əndişələndilər. Aktyor Şamil Dəmirçiyevin bağlı qapısının arasından benzin töküb mənzilini yandırmışdılar. Qorbaçov hakimiyyəti tarixən Azərbaycana kin bəsləmiş ermənilərin əl- qol açmalarına münbit şərait yaratmışdı. İrəvan meydanında qızışan mitinqlərdə Azərbaycan əleyhinə aqressiv şüarlar səslənir, İrəvanda yaşayan azərbaycanlıların şəhəri təcili tərk etmələri ilə bağlı ultimatum verilirdi.
"Teatrın normal fəaliyyətinə imkan vermirdilər, bağlanması üçün hər tərəfdən təzyiq göstərirdilər. Bunun qarşısını almaq üçün bütün qüvvə ilə çalışırdıq. Fəhlə işini də özümüz görürdük. Mitinqlərdən bir az öncə, uzun süründürməçilikdən sonra ev almışdım. Bayırda mitinqlər gedirdi, mən mənzilə oboy vururdum. İşin sonluğunu ağlıma belə gətirmirdim. Son anda qədim yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq. Qaldığım həyətdə yasəmən əkmişdim, bir də tut ağacı. Uzun müddət yuxumda ağlayan yasəmənləri görürdüm, budaqlarından ney səsi gələn tutun harayını eşidirdim"
Vidadi Əliyev
Dar günlər və dar günün dostları
Bakıda yerləşəndən sonra Vidadi Əliyev bir neçə həmkarı ilə birlikdə Azərbaycanfilm kinostudiyasının direktoru Ramiz Fətəliyevə müraciət etdi. Kinodramaturq onların vəziyyətini anladı. Dərhal aktyorları ştata götürdü. Maddi cəhətdən vəziyyət düzəlsə də, səhnə eşqi, teatr təşnəsi Vidadi müəllimi rahat buraxmırdı. O, yeni təşəbbüslə Mədəniyyət Nazirliyinə getdi. Həmkarlarının bir neçəsi Vidadi Əliyevi tək buraxmadı.
"Nazir Polad Bülbüloğlu, nazir müavini Ədalət Vəliyev və Akademik Dövlət Dram Teatrının direktoru, SSSİ Ali Sovetinin deputatı Həsənağa Turabov bizi anlayışlı qarşıladılar. Onlara dedim ki, düşmən içində qədim mədəniyyətimizi təbliğ etmiş, qorumuş teatrımızı qorumaq lazımdı. Söylədiklərimə şərik çıxdılar. Beləliklə, 1989-cu il, iyulun 4-də Xırdalanda bizə yer verildi. Elə ordaca qərara gəldilər ki, teatra rəhbərlik işini mən boynuma götürüm"
Vidadi Əliyev
Akademik Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Sumqayıt Dövlət Dram Teatrının köməyi ilə studiya rekvizit, əlbəsə, geyimlə təmin olundu. Altı aya qədər məvacibsiz çalışan fədailərə Qayğı cəmiyyətinin sədri, akademik İmam Mustafayev əl tutdu.
1989-cu il, noyabrın 4-də teatr-studiya ilk işini təqdimata çıxardı. Georgi Xuqayevin Elbrus evlənir əsəri maraqla qarşılandı.
Mədəniyyətimizin hamisi
1993-cü ilin yayında xalqın tələbi, ziyalıların müraciəti ilə görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Dövlət quruculuğu, ordu formalaşdırılması ilə bərabər ulu öndər ədəbiyyat və incəsənəti də diqqət mərkəzində saxladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşllaşdlrmaq barədə " 31 avqust, 1994 cü il tarixli, 320 sayll əmri verildi. Əmrə əsasən, sənət ocağı Nəsimi rayoni ərazisində, Hüseynqulu Sarabski adına Mədəniyyət evinə yerləşdi. Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyətini davam etdirdi. Yaradıcılıq ruhu artdı. Dramaturgiyadan seçmələr səhnəyə gətirildi. Muxtəlif teatrlardan tanınmış rejissorlar dəvət olundular.
"20 Yanvar faciəmizə həsr etdiyimiz tamaşanı Təbriz və Ərdəbil şəhərlərində oynadıq. Tehran televiziyası tamaşanı lentə aldı."
Vidadi Əliyev
Portretə cizgilər
"Çətin məqamlarda- hər kəs ağır psixoloji sarsıntıya, çıxılmaz vəziyyətə düşəndə Vidadi müəllim qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Bütün bunlar heç bir texniki - maddi bazası olmayan teatr üçün əvəzsiz xidmət idi. O, həm aktyor, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqq- sayı sonsuzdur. Vaxt olub ki, direktorluq dövründə fəhlə yerinə də iş görüb.
Elmira teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük zəhmət çəkib. O, teatrı son dərəcə sevən, teatrın önündə gedən, onun yükünü çiynində daşıyan sənətkarlardan biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır "
Almaz Ülvi,
filologiya elmləri doktoru
Vidadi Əliyev 1988-ci ildən 2000-ci ilə qədər rəhbər kimi bütün enerjisini teatrın inkişafı naminə sərf etdi, 14 nəfərlik məhdud aktyor ştatı ilə dəyərli tamaşaların ərsəyə gəlməsi üçün həm direktor- bədii rəhbər, həm də quruluşçu rejissor kimi əzmlə çalışdı.
"Verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verir. İşində əsas gücü aktyor ifasına verən Vidadi Əliyev maraqlı və təkrarolunmaz yozumları ilə tamaşaçı rəğbəti qazanmış səhnə əsərləri yaradıb. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər, realistcəsinə poetik ifadələr yer alıb. Vidadi Əliyevin quruluşunda aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb, sadə, səmimi və inandırıcı şəkildə ifa edir "
İlham Rəhimli,
professor, əməkdar incəsənət xadimi
Vidadi Əliyevin aktyorluq imkanları kino rejissorlarının da diqqətini çəkib. Bayquş gələndə, Küçələrə su səpmişəm, Doğma sahillərdə, Qəzəlxan, Təxribat, Yalan, Nabat, Girov, Cavid ömrü bədii filmlərində xarakterik obrazlar yaradıb.
"Bu yaxınlarda Yurd yeri filminə baxdım. İlahi, necə təsirli idi?! Onun baxışları atamın baxışlarını xatırlatdı. Qabarıb- çəkilən sinəsində Qubadlı deyə- deyə dünyadan köçən atamın Vətən ağrılarını hiss etdim. Həm də o baxışlarda, gözlərinin dərinliklərində Vətən nisgili, İrəvan həsrəti"
İlhamə Nasir, yazıçı
Sədaqət
Çətin zamanlarda Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırovdan Vidadi müəllimə də, Elmira xanıma da iş təklifi gəlib. Daha sonra Xalq artisti Afaq Bəşirqızı Elmira xanımı teatra dəvət edib. Hər ikisi dəvətə görə minnətdarlıq edib, doğma teatrı dar ayaqda qoyub getməyi özlərinə sığışdırmayıblar. Onlar üçün sədaqət önəmli prinsipdir. 2016-cı ildə Türkiyədə qastrol səfərində Abidəmin dastanı tamaşasında bir yerdə oynayıblar və bu, ömürlərini səhnəyə həsr etmiş fədakar cütlük üçün vida oyunu olub.
Qəfil zərbə
Dəmirçi dəmiri döyür,
saat zamanı,
ürəyim sükutu.
dəmir əyildi,
zaman əridi,
ürəyim hanı?!
Faiq İsmayılov
Mən bu ailəni rəhmətlik Oqtayla tanımışdım. Tələbəlik illərindən. Sonralar Azərbaycan televiziya sınayesinı mükəmməl menecer konsepsiyasını uğurla tətbiq edən peşəkar, böyük təşkilatçı, SOY-un yaradıcısı kimi daha yaxından tanıdım.
"Oqtayın qəfil gedişi sarsıtdı məni, qəddimi əydi. Dözməli dərd deyil. İçimdə ağlayıram. Göz yaşım ürəyimi yandırır. Yuxuma girir tez- tez. Həmişə də, həyatda olduğu kimi, qaynar, hay- küylü, haray- həşirli, tələsən, həm də zarafatcıl"
Vidadi Əliyev
Mustika
"Oqtay mənə bir telefon almışdı. O, haqqın dərgahına qovuşan gün telefon birdən birə işləmədi. Heç kimin də başı çıxmadı. Oqtayın üçü çıxan gün telefon özü özündən açıldı, işləməyə başladı"
Elmira İsmaylova
Ailənin ikinci övladı Elçinlə məni CNF production-da unudulmaz şairimiz Cabir Novruzun oğlu, rəhmətlik Müşfiq tanış edib. Fundamental əsərlərini, televiziyaşünaslıqla bağlı araşdırmalarını həvəslə oxuyuram. Elçin Əlibəyli böyük intellekt sahibidirə
"İrəvan teatrının baş rejissoru Tofiq müəllimin qurduğu tamaşaya daxili baxış keçirilirdi. Elçini də özümüzlə götürmüşdük. Hardasa, 5 yaşı olardı. Çıxışlar bitəndən sonra birdən Tofiq müəllim Elçinə tərəf döndü:
-Balaca, tamaşa xoşuna gəldi?
Elçin elə bir irad bildirdi ki, hamımız heyrətləndik. Və maraqlı burasıdlr ki, rejissor o iradla razılaşdı, düzəlişi etdi."
Vidadi Əliyev
74 gün
Onlar bir-biri üçün bu dünyaya gəliblər.
Tale onları İrəvanda görüşdürdü.
Sevgilərini etiraf edib ailə oldular.
Sevgi və sənət eşqi üzərində qurulmuş ailə modeli yaratdılar.
Azərbaycan incəsənətinə mühüm töhfə verən iki övlad böyütdülər.
Sərvət həvəsinə düşmədilər, var- dövlət dalınca qaçmadılar. İradələri, gözütoxluqları nəfsə qalib gəldi.
Ən böyük kapitalın intellektual övladların olması düşüncəsinə aksiom təntənəsi yaşatdılar.
Çətinliklərə birlikdə sinə gərdilər.
Faciənin, övlad itkisinin acısını da birgə yaşadılar. Bir-birinə hayan oldular, toxtaqlıq verdilər.
Və hər ikisinin 80 illik yubileyi ötən il oldu. Arada vur- tut 74 gün fərq var.
Sentyabrın 1-də əməkdar artist Vidadi Əliyev 81 yaşını qeyd edəcək.
Mübarəkdir!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Azərbaycan və Qırğızıstan: Sarsılmaz dostluqdan müttəfiqliyə
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı münasibətlərin durmadan inkişafı, dostluq və qardaşlıq birliyi ən əvvəl özünü birinci şəxslərin yüksək səviyyəli səfərlərində özünü göstərir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Bizim ailəmiz türk ailəsidir” söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana 2 dövlət səfəri (11–12 oktyabr 2022 və 30–31 iyul 2026) və 4 işgüzar səfər edib. Qırğız Respublikasının Prezidenti Sadır Caparov tərəfindən isə Azərbaycana 1 rəsmi səfər (19–20 aprel 2022), 1 dövlət səfəri (24–25 aprel 2024) və 6 işgüzar səfər edib ki bunlardan da ən sonuncusu 17 may 2026-cı iı tarixində WUF13-də iştirakına təsadüf edib.
İki ölkə arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulub. 2007-ci ildə Qırğız Respublikasında Azərbaycan səfirliyi açılıb. 2014-cü ildən isə ölkəmizdə Qırğız Respublikasının səfirliyi fəaliyyət göstərməkdədir.
İki ölkə arasında indiyə qədər ən müxtəlif sahələrdə əməkdaşlığa aid ümumilikdə 119 sənəd imzalanıb. Bunların içində xüsusi əhəmiyyət kəsb edənlər fərqlənməkdədur:
-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, 31 iyul 2026, Çolpon-Ata.
-“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”, 31 iyul 2026, Çolpon-Ata.
-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi”, 20 aprel 2022, Bakı.
-“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, 20 aprel 2022, Bakı.
Siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdəki yaxın münasibətlərin əməli nəticəsi olaraq:
-Azərbaycanın maliyyə dəstəyi ilə Bişkekdə Qırğız-Azərbaycan Dostluq Parkı yaradılıb. 11 oktyabr 2022-ci il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev parkın rəsmi açılış mərasimində iştirak edib.
-2022-ci il oktyabrın 12-də Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbin və Heydər Əliyev adına 20 nömrəli gimnaziya kompleksinin açılış mərasimində iştirak edib.
-Bakı şəhərinin 133 nömrəli orta məktəbinə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun adı verilib.
-Binəqədi rayonundakı bir parkda Çingiz Aytmatova abidə qoyulub.
-Bakı ilə Bişkek, Gəncə ilə Oş, habelə Göyçay ilə Kant şəhərləri arasında qardaş şəhər əlaqələri yaradılıb.
-Qırğız hökumətinin maliyyə dəstəyi ilə işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib.
İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan-Qırğızıstan müttəfiqliyi hər iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə möhkəmlənəcəkdir.
Münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi müstəvidə real layihələrlə (məsələn, yaradılmış birgə İnvestisiya Fondu vasitəsilə) möhkəmləndiyi xüsusən vurğulanmalıdır.
AZALhazırdaBakı–Bişkek–Bakı marşrutu üzrə həftədə dördplanlı uçuş, eləcə də Bakı–İsık-Kul–Bakı marşrutu üzrə həftədə birqeyri-planlı uçuş həyatakeçirir.
Ümumən, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursuTürk dünyasının birliyini və iki qardaş ölkənin strateji maraqlarını qorumağa xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Mistik çağırış və tarixi genofondun oyanışı
“Çingiz xanın əsgəri" və Dəmir Yumruq
Kəbutər Haqverdi,
“Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatının tanış imzası Oqtay Haçımusalının bu günlərdə “Çingiz xanın əsgəri” hekayəsi oxuculara təqdim olundu. Kiçik bir hekayədir. Amma hekayəni oxuyarkən mətnin içindən əsən rüzgar oxucunun qəlbini dəlib keçib keçir.
Öncə qeyd edək ki müasir Azərbaycan nəsri fərdin öz kimliyi, genetik yaddaşı və sosial reallıq arasındakı ziddiyyətləri ifadə etmək üçün tez-tez sehrli realizm və absurdizm elementlərinə müraciət edir. Fövqəltəbii və mistik olayın gündəlik reallıq kimi təqdim edildiyi, klassik absurd durumlara söykənən süjetlərlə hem dünya, hem de Azərbaycan ədəbiyyatında tez-tez karşılaşırıq. Oqtay Hacımusalının hekayəsində də Çingiz xanın müasir kəndə gəlib divanda oturması, idarə müdiri ilə danışması və hekayənin qəhrəmanı Teymurun buna qeyri-adi, qarabasma kimi deyil, qəbul edilən bir fakt kimi yaşaması məhz sehrli realizmin klassik təzahürüdür. “Çingiz xanın əsgəri” ilk baxışda məişət xarakterli, ironik bir hekayət təsiri bağışlasa da, əslində fərdin daxili silkələnməsini, genetik kodun müasir komfort-ətalət zonasını yarmasını və tarixi arxetiplərin bu günlə təmasını ön plana çəkən çoxqatlı bir mətndir.
Hekayənin süjet xətti: Dostları ilə balığa gedən Teymur gölün kənarında açılmış süfrədə bir qədəh araq içir və komaya düşür. Onun öldüyünü düşünən dostları kənddən molla gətirirlər, lakin bayğınlıq işində Teymur Çingiz xanla görüşür və ondan döyüşə hazırlaşmaq tapşırığı alır. Bir az sonra özünə gələn qəhrəmanının tezliklə qapısı döyülür.Çingiz xan hərbi maşınla gəlib Teymuru döyüşə aparır. Hekayə ilk cümləsindən sonuncu cümləyə qədər oxucu ilə kodlarla “danışır”. Eyni zamanda oxucuya verdiyi subliminal mesalar da mətnə fərqli bir yük yükləyir : əsəri ötəri bir hekayədən çıxarıb çox qatlı fəlsəfi təmsilə çevirir. Bu yük zahirən sakit görünən məişət ətalətinin arxasındasında yatan tarixi qisas, yatmış savaşçı geninin qəfil oyanışı və fərdin öz taleyindən qaça bilməyəcəyi həqiqətidir. Baş qəhrəman Teymurun (ilk kod: Əmir Teymur en qüdrətli fatehlər biri, Teymuriler İmperiyasının banisi və sərkərdəsi) yuxu ilə reallıq, qarabasma ilə həqiqət arasında çaşbaş qaldığı bir məqamda Böyük Sərkərdə — Çingiz xan tərəfindən “döyüşə çağırılması” və bu çağırışın sonda reallığa çevrilməsi mətndə iki xronotopu qarşı-qarşıya qoyur. Statik və laqeyd məişət məkanı ilə dinamik və qeyri-müəyyən tarixi-mistik məkan qarşılaşır. Göl kənarı, samavar çayı, içki məclisi, Abşeron- kənd koloriti (“əncir mürəbbəsi ilə qaynar çay”, “üzüm təhəngi”), “ölüm ayağında” mollanın Yasin oxuması və həyatın axarında monoton şəkildə davam edən çayxana vərdişləri. Çingiz xanın çadırı, taxt, zəhmli əmrlər və naməlum bir “döyüş” hazırlığı. Zaman burada insan ruhunun, yaddaşın və duyğuların ritmi ilə axır. Hekayədə başlanğıc və son qovuşur; qəhrəman eyni ağrının, eyni xatirənin və ya eyni duyğunun içində fırlanır. Çıxış yolu yoxdur, hər son yenidən başlanğıca aparır. Teymur dünyaya gəlişinin missiyası nədirsə icra etməlidir. O, döyüş alnına yazılmış bir qövümün fərdidir. Hekayənin fəlsəfi nüvəsini də məhz bu- genetik yaddaşın və nəsil şüurunun fərd üzərindəki hökmü təşkil edir. Müəllif bunu Teymurun daxili monoloqunda çox aydın kodlaşdırır: “...nəslimizdəki bütün kişilərin gözləri qıyıq olub. Özümüz də davakarıq... babam danışırdı ki, bizim nəslin adı Özbəklər olub.” Müəllif göstərir ki, müasir insanın bütün məişət çərçivələrinə (müdir, iş, ərizə, çayxana söhbətləri) baxmayaraq, onun daxilində yatan köçəri, döyüşçü ruhu heç vaxt tam yox olmur. Çingiz xanın gəlişi — qəhrəmanın öz kökünə, təbiətinə və tarixi missiyasına çağırışıdır. Və burada çox vacib bir məqamı qeyd etmək lazımdır və vacibdir. Bu gəliş 30 il işğal olunmuş Qarabağı əsarət altında qalan millətin Ali Baş Komandanının bir sabah reallaşan döyüş çağrışına bənzəyir. Toplumun ən kənarda qalan, faydasız bir fərdi olan qəhrəmanımız belə “niyə”, “hansı döyüşə” sullarını vermir. Hekayənin sonundakı “toplanın”, “Cay qaynadın” çağrışı da oxucuya 44 Günlük Qarabağ müharibəsinin ab-havasını yaşadır. Kimsə bir sual vermədən birləşdi, cəm oldu və müharibəyə bir vücud kimi atıldı. Burda müəllif çox ustalıqla sətiraltı şəkildə xalqımızın ən yaxın Qələbə tarixinin atmosferini mətnin içinə gətirir. Ədəbi-fəlsəfi baxımdan bu müqayisə mətndəki arxetipi milli-ictimai yaddaş səviyyəsinə qaldırmağa imkan verir. Ədəbiyyatda fərd üzərindən qurulan metaforalar çox vaxt bütöv bir xalqın psixologiyasını və tarixi taleyini əks etdirir. Hekayədəki süjetlə 44 günlük Vətən müharibəsi arasındakı paralelləri bir neçə mühüm nöqtədə görmək mümkündür: Teymurun gündəlik həyatı — çayxana söhbətləri, samavar tüstüsü, idarə müdiri və rutin vərdişlər — 30 il ərzində cəmiyyətin yaşamaq məcburiyyətində qaldığı status-kvonu, beynəlxalq danışıqların monotonluğunu və kənardan baxanda yaranan "sanki hamı bu vəziyyətlə barışıb" təəssüratını xatırladır. Lakin bu zahiri sakitlik daxildəki yaddaşın söndüyü anlamına gəlmirdi. Çingiz xanın qəfil gəlişi Teymurdakı "Özbəklər" nəslinin, yəni qədim köçəri-döyüşçü geninin oyanışına təkan verir. 44 günlük müharibədə də 30 il ərzində gündəlik həyatını yaşayan müxtəlif peşə sahibləri — müəllimlər, mühəndislər, tələbələr, həkimlər — bir anda daxillərindəki tarixi döyüşçü kimliyini xatırlayaraq cəbhəyə atıldılar. Bu, mətndəki "genetik yaddaş heç vaxt ölmür" tezisinin real tarixdəki təzahürü idi. Kulminasya nöqtəsində Çingiz xan obrazı hekayədə tarixi bir sərkərdə olmaqla yanaşı, həm də "hərəkətə keçmə əmri verən iradə"ni təmsil edir. O, Teymurun iki zaman arasında nə edəcəyini bilmədiyi bir vaxta gəlir və onu komfort zonasından çıxarıb hərbi maşına oturdur. Real tarixdə də Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" əmri və qətiyyətli siyasi iradəsi məhz illərlə yığılmış xalq enerjisini, ordu potensialını vahid bir tarixi missiyaya yönəltdi və 30 illik dözüm dövrünü zəfərlə yekunlaşdırdı. Teymurun hərbi maşınla uzaqlaşması məhz nəticəsiz müzakirələrdən və ətalətdən qopuşu simvolizə edir. 2020-ci ildə Azərbaycan da uzun illər davam edən səmərəsiz Minsk qrupu danışıqlarını geridə qoyaraq birbaşa döyüş meydanında öz tarixi ədalətini bərpa etdi. Bu baxımdan hekayə təkcə fərdi bir qarabasma və ya mistik hadisə deyil, həm də milli kimliyin sıxışdırılmış enerjisinin tarixi an yetişəndə necə partlayışla üzə çıxdığını göstərən güclü bir alleqoriyadır. Mətnin ən uğurlu tərəfi isə müəllifin seçdiyi incə ironiya və təbii absurdizm üslubudur: Çingiz xan kimi qüdrətli tarixi şəxsiyyət müasir bürokratik dil ilə danışır: «Müdürün İslam Hümmətova (İslam hümbəti ikinci koddu) diləkçəni yazarsan..”. Bu absurd detal oxucunu güldürsə də, eyni zamanda oxucuya 30 illik bir həqiqəti bir daha xatırladır: milləti dindaşlıq deyil, qandaşlıq xilas edəcək. Müəllif təhkiyədə canlı xalq danışıq dilindən və Abşeron-Bakı ləhcəsinin leksik layından ustalıqla istifadə edir: İfadələrin səmimiliyi “qıçın boyda uşaq”, “əyibdü, bala”, “qədeş”, “ulqumunu üzək”, “payatonnan”, “çor Faiq, boğma Faiq” oxucunu birbaşa hadisələrin içinə çəkir. Bu canlı dil personajların təbiiliyini təmin edir və mistik hadisələrlə kəskin kontrast yaradaraq hekayənin realizm təsirini artırır. Hekayənin sonluğu təsirli bir vizual və fəlsəfi ziddiyyətlə bitir: “Çingiz xanın sürdüyü hərbi maşınla kənddən uzaqlaşanda arxaya çevrilib baxdım ki, yaşıdlarım evimizə sarı gedirlər. Kəndin çayçısı Ayxan isə uşaqlara səslənirdi: — Ay bala, samavarı yandırın! Çay dəmləyək…” növbəti kod el birliyini təmsil edir: Savaş birlik doğurur. Eynən bizim 44 günlük Vətən müharibəsində olduğu kimi. “Çingiz xanın əsgəri” hekayəsi kiçik həcmli olmasına baxmayaraq, müasir insanın daxili təlatümü və etnik-tarixi köklərə qayıdış arzusunu lakonik və eyni zamanda dərin qatlı metaforalarla ifadə edən uğurlu nəsr nümunəsidir. Müəllif oxucuya sadə bir sual ünvanlayır: “Biz samavar çayının ətrafındakı rahat ətaləti seçəcəyik, yoxsa içimizdəki döyüşçünün çağırışına səs verəcəyik?”Bu sualın cavabını Azərbaycan xalqının 44 günlük müharibə ilə verdiyini müəllif subliminal gedişlə oxucunun şuuraltına ötürür. Onu da qeyd edək ki, Şərq və Qafqaz koloriti, Çingiz xan kimi qlobal bir tarixi fiqurun məişət səviyyəsində absurdla kəsişməsi dünya oxucusu üçün çox cəlbedici və yeni ədəbi gedişdir. Borxesin miniatür hekayələri, Bussatinin qısa alleqoriyaları və ya Etqar Keretin 1-2 səhifəlik hekayələri məhz bu strukturla dünya miqyasında şöhrət qazanıb. “Çingiz xanın əsgəri” lokal detallarla zəngin olsa da, daşıdığı ideya qlobaldır: “Müasir cəmiyyətin ətaləti, komfort tələsi və fərdin öz ilkin döyüşçü kimliyinə qayıdışı”. Bu mövzu istər Londonda, istər Nyu-Yorkda, istər Tokioda, istərsədə bizim Beləsuvar rayonunun əldən ayaqdan uzaq Ağəyri kəndində yaşayan oxucu üçün eyni dərəcədə aydın və təsirlidir.
Nəticə olaraq hekayənin ideyası və dili orijinal və dinamik olsa da, mətndə müəyyən struktur, xarakter və bədii balans nöqsanları mövcuddur: müəllif çox qısa bir mətndə bir-biri ilə tam qaynaşmayan fərqli gülüş və absurd elementlərini sıxışdırıb: Molla və Yasin oxunması, Tramp replikası. Bu qədər fərqli referansın kiçik bir mətndə ard-arda verilməsi hekayənin fəlsəfi nüvəsini (genetik çağırış və ekzistensial seçim) bir qədər arxa plana atır, mətni dərin mistik-metaforik hekayədən daha çox lətifəvari sketsə yaxınlaşdırır. İki əsas obraz- hekayənin qəhrəmanı və Çingiz xan daha dərindən işlənməlidir. Teymurun ciddi daxili qırılması və şüurlu seçimini, adi həyatından imtina edərkən nələr hiss etdiyini oxucu daha dərindən duymalıdır. Mətndə dialoqlara həddindən artıq üstünlük verildiyi üçün vizual boşluq yaranır və atmosfer quruculuğu zəif qalır. Çingiz xanın oturduğu çadır, hərbi maşının və kəndin ümumi tozu-torpağı və ya Abşeron bağının vizual detalları sönük təsvir edilir. Sehrli realizmin ən böyük gücü qeyri-adi hadisənin baş verdiyi fiziki məkanın inanılmaz dərəcədə canlı və toxunulası təsvir edilməsidir. Mətndə isə vizual lövhələr sanki pərdəarxası qeydlər kimi sürətlə ötüşdürülür. “Özbəklər” və tarixi-etnik izahın çox açıq verilməsi də mətnin təsir gücünə təsirsiz ötüşmür. Əslində müəllif Teymurun genetik kodunu oxucuya bədii detal və davranışlarla hiss etdirməlidir. Bunun əvəzində :“Hə, yadımdan çıxmamış deyim ki, orta boylu, kösə, tökməbədən, qıyıq gözlü babam danışırdı ki, bizim nəslin adı Özbəklər olub.” demək bir az daha » yazaraq birbaşa izahat yolunu seçir. Bu cür birbaşa məlumatlandırma hekayənin bədii sirrini və alt mətnin gücünü azaldır. Ədəbiyyatda “göstər, amma söyləmə” prinsipi baxımından bu keçid bir qədər kobud görünür. Sehrli realizmin qızıl qaydası personajların möcüzəyə qışqıraraq və ya lağ edərək deyil, soyuqqanlı bir təbiiliklə reaksiya verməsidir. Teymur və dostları vəziyyəti içki sərsəmliyi, məzələnmə kimi qarşılayırlar: “Zarafat da eləyir... Bayaq Tramp da gəlmişdi...” Bu, mətni lətifəyə yaxınlaşdırır. Çingiz xanın varlığı zarafat obyekti olmaqdan çıxarılmalı, ölüm və ya tale qədər labüd, danılmaz bir fakt kimi qəbul edilməlidir. Dostların lağlağısı yerinə onların Teymurun Çingiz xanla görüşündən qalan detalar ( məsələn at təri, səhra küləyi kimi) qarşısında sarsılmaları mistik təsiri qat-qat artırar. Çingiz xan müasir bürokrat kimi idarə müdiri və ərizə söhbəti etməkdənsə fərqli bir yanaşma sərgiləyər. Və ya müəllif daha absurd-ekzistensial bir forma axtarıb tapa bilərdi. Məsələn, Çingiz xan Teymura: “İdarədəki masanı boşalt, möhürünü təhvil ver, çölün qumu kağız qəbul etmir” deyə bilər. Tramp kimi gündəlik replikalar yerinə isə kənd sakinlərinin əsrlər boyu xatırladıqları əcdadlardan birinin nəhayət gəlib çıxması kimi sehirli bir aura yaradıla bilərdi. Bu kiçik mətində dialoqların sıxlığı hekayənin vizual gücünü boğur. Sehrli realizmin təməlində sözlər seyrək, fiziki toxunuşlar və duyğular isə kəskin olur. Mətndəki hazırkı vəziyyət uşaqla Teymur arasında uzun uzadı “dur da- durmuram” çəkişməsinin fonunda aydın görünür. Dialoqu lakonikləşdirib fiziki təfərrüatlara bağlamaq- məsələn Yavuzun (növbəti kod: qətiyyəti, sərt iradəsi, cəsarəti və döyüşkənliyinə görə "Yavuz" ləqəbi verilmiş ilk Osmanlı xəlifəsi və sultanı) qapını açması ilə otağa min illərin o üzündən çaparaq gələn at ayaqlarının tozunun dolmasını ustalıqla təsvir etmək mətnin gücünü daha da artırmış olurdu. Bu səhnə əslində daha ustalıqla işlənərsə mətni həmən sehrli realizm zirvəsinə qaldırar. Bundan başqa, mətndəki gülüş ucuz məzələnmədən deyil, insanın tarixi təbiəti ilə günlük qayğıları arasındaki acı təzaddan doğmalıdır. Məsələn, “Bayaq Tramp da gəlmişdi..” kimi publisistik replika yerinə “Gölün suyu bir qarış çəkilib, deyirlər atlar içib qurtarıb» və ya «Müdirinə dedim ki, sənin xidmətin artık bu divarlar için deyil» kmim detalların işlənməsi hikayənin milli duzunu qorumaqla yanaşı, onu intellektual oxucunun heyran qalacağı Borxesvari bir paradiqmaya yüksəldər."
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Ailənin neçənci övladı olmağımız xarakterimizə təsir edirmi?
Hamımız doğular-doğulmaz hansısa ailənin içində dünyaya ilk addımlarımızı atırıq. Ailəmizi seçə bilmədiyimiz kimi bacı-qardaşımızı, neçənci uşaq olduğumuzu seçə bilmirik. Bəziləri evin tək uşağı , bəziləri ilk , ortancıl və sonuncu övladıdır. Bəs ailənin neçənci övladı olmağımız xarakterimizə təsir edirmi?
“Ədəbiyyat və incəsənət” portalı psixoloq Aysu Əliyevanın yazısını təqdim edir.
5 barmağın 5-i də bir deyil – bunu ailədə doğulan uşaqlar barədə deyirlər.
Bununla bağlı araşdırmalar Alfred Adlerə məxsusdur. O müəyyən etmişdir ki, eyni ata-anadan doğulan , eyni ailədə böyüyən uşaqların xarakterləri bir-birindən fərqlənə bilər. Bioloji, sosial amillər , mühitin təsiri olduğu kimi Adlerin fikrincə, buna uşaqların doğulduğu sıra da təsir edir.
İlk övlad - ailədə heçbir qardaş, bacı olmadığı zamanda doğulduğu üçün ailənin maddi, mənəvi bütün imkanlarına sahib olur.Qayğı, diqqət, sevgi, maddiyyat sadəcə ona sərf edilir.Və nəinki ailənin, hətta nənə-babanın da diqqət mərkəzində olur.Ən yeni geyim, ən yeni əşyalar onun üçün alınır.Valideynlərin ilk ovladi olduğu üçün həyəcanlı, sevincli bir o qədər təlaşlı olurlar.Valideynlərin gərginliyi uşağa da sirayət edir.İkinci övladın doğulması ilə ilk övlad sanki taxtından endirilir.Valideynlər ilk övladlarını mükəmməl yetişdirməyə meyillidirlər.Bacı-qardaşları doğulanda anaya uşağın baxımında kömək etdiyi üçün ana məsuliyyəti ona da ötürmüş olur.Beləliklə, ilk övladlar uşaqlıqlarını yaşaya bilmirlər. Vaxtından qabaq böyüməyə, ananın təlimatlarını yerinə yetirməyə, ikinci uşağın baxımını üstlənməyə məhkum buraxılırlar. Bu səbəbdən daha yetişkin xarakterli, liderliyə meyilli, problemlərini tək həll etməyi bacara bilən uşaqlar olur.
Ortancıl uşaq - bu uşaq doğularkən ata və anasını digər övlad ilə paylaşdığının fərqindədir.Əsasən böyük bacı- qardaşı ilə rəqabət içərisində olurlar.Bu səbəbdən məqsədli, prinsipli olurlar.Böyük övladın liderliyi ilə balaca övladın təzyiqi altında qaldığından özünə məzlum olaraq yanaşır və acıyır.Beləliklə, o özünü ailədən xaric edilmiş, aldatılmış, unutulmuş kimi hiss edə bilərlər.Vicdanlı , mərhəmətli və ədalətli uşaqlar olur.
Balaca uşaq - ailənin heç böyüməyən, taxtından heç enməyən uşağıdır.Balaca olması səbəbilə bütün ailənin diqqət mərkəzindədir.Valideynləri tərəfindən Şah və Şahzadə kimi münasibət görürlər.Sonuncu övlad şəxsiyyətlərarası münasibətlərdə daha ünsiyyətcil, sosial olurlar.Ailənin ən əyləncəli uşağı olmaqla bərabər, asılılıq xüsusiyyətləri görülür.
Tək uşaq - ən çox əzizlənən, bütün qayğı və sevgi bölünmədən artığı ilə verilən uşaqdır. Ailədə bənzərsiz mövqeyi var. Özünə rəqib olacaq bir qardaş-bacısı yoxdur. Ana və atanın uşağı əzizləyərək böyüdən, qadağalar qoymayan bir yanaşma tərzi ola bilər. Paylaşmaq, birgə işlərdə iştirak etmək kimi yönlərdə zəif olabilər. Qısqanc, paxıl və ya asılı bir şəxsiyyətə sahib ola bilərlər. Böyüklərlə ünsiyyətə girmə və yaradıcılıq yönü inkişaf etmişdir.
Əziz valideynlər, uşaqlarınıza fərq qoymaqla, müqayisə etməməklə, hər birinə fərdi olaraq yanaşaraq bacı-qardaş münasibətlərini də daha sağlam hala gətirə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Günəşə ən yaxın Merkuri planetinin təsiri altında olan Narıngül Nadir
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Heç bilmirəm, məndən yaşlısınız, yoxsa cavan. İcazə verin, Allaha “Sən” deyə müraciət etdiyim üçün, sizə də “Sən” deyə müraciət edim. İstəmirəm, səmimiyyətimə bəzək vurub rəsmiləşdirim. Bilirəm, yazdıqlarımı oxuyub dodaqların qaçacaq, çöhrənə təbəssüm qonacaq, az da olsa sevinəcəksən. Və bu sevincin gücündən bir parça dönüb özümə qayıdacaq və mənə də sevinc yaşadacaq. Axı, Nyutonun üçüncü qanunu- təsir əks təsirə bərabərdir- adlanır...
Hansı ildə, həftənin hansı günündə dünyaya gəldiyindən xəbərsizəm, amma avqustun 28-də doğulduğunu bilirəm. Deməli, Günəşə ən yaxın olan Merkuri planetinin təsiri altındasan. Nizam və diqqətinlə ətrafdakıları özünə cəzb edə bilirsən. Güclü, iddialı, uğurlu, bir az da vasvası xanımsan. Səni zəka və gözəlliyin təsir edici kombinasiyası adlandırmaq da olar. Olduğun mühitdə ağıllı və məntiqi hərəkətlərinlə seçilirsən. Bunlarla yanaşı, zəhmətkeş və yardımsevər xarakterinlə daim ətrafdakıların rəğbətini qazanmağı bacarırsan. İstəsən bir neçə müsbət xüsusiyyətlərini də söyləyə bilərəm. Məsələn, praktik zəkan vasitəsilə problemlərin həllini dərhal tapa bilirsən. Həyatını planlaşdırmağı xoşlayırsan. Zərif və həssas ruhun var. Hər şeyə məntiqlə yanaşmağa çalışırsan. Məğrursan, Sənə uduzmaq anlayışı yaddır. Odur ki, uğursuzluğu heç cürə qəbul edə bilmirsən. Və həm də özünə çox əminsən. Əgər söz verdinsə, həmin işi mükəmməl şəkildə sona çatdırmağı sevirsən. Xoş niyyətindən istifadə edənlərə isə nifrət edirsən...
Nə isə, səhv etmirəmsə bir dəfə yazmışdın ki, mənim də ata-baba yurdum olan, sözü üzə deməyi bacaranların, mərdlərin yurdu Yardımlının gəlinisən. Yeni yaşın mübarək, gəlinbacı! Qoy adını da çəkim ki, kimlə danışdığımı hamı bilsin- Narıngül Nadir və ya Narıngül Babayeva.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
“Oğuz oykonimləri” kitabı çap olunmuşdur
S.Camıyev,
Coğrafiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə “Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC-də “Ədəbiyyat və İncəsənət” portalının Oğuz təmsilçisi İmran Verdiyevin yeni “Oğuz oykonimləri” kitabı çapdan çıxmışdır.
Oykonimlər toponimlərin bir növüdür. Yunanca “oikos” (ev) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ərazilərdəki şəhər, qəsəbə, kənd və digər yaşayış yerlərinin adlarını bildirən sözlər, xüsusi isimlərdir. Oykonimlərin tarixi Azərbaycan xalqının və Azərbaycan dilinin tarixi deməkdir. Onlar xalqın keçdiyi yolu əks etdirən güzgü, baş verən hadisələrin isə səssiz şahididir. Öz adları ilə gələcək nəsillərin istinad yerləridir. Təsadüfi deyil ki, tədqiqatçılar oykonimləri “tarixin möhürləri”, “torpağın dili” adlandırırlar. Digər xüsusi adlardan fərqli olaraq, oykonimlər ictimai-siyasi və tarixi proseslərlə sıx bağlı olub, müəyyən tarixi şəraitdə formalaşan ictimai-linqvistik hadisə kimi səciyyələnir. Onlar şüurlu fəaliyyətin, siyasi, içtimai-iqtisadi münasibətlərin nəticəsi kimi yaranan içtimai məhsuldur.
Bir çox qədim yer adlarının unudulmaq təhlükəsi ilə üz-üzə qaldığı; yeni salınan yaşayış massivləri, dəyişdirilən inzibati bölgülərin bəzən qədim oykonimlərin sıradan çıxmasına səbəb olduğu bir vaxtda Əməkdar müəllim, filoloq-araşdırmaçı İ.Verdiyevin “Oğuz oykonimıləri” kitabı böyük əhəmiyyət daşıyır. “Oğuz oykonimləri” əsəri dövrün aktual məsələlərini özündə ehtiva edir. Çox dəyərli araşdırma və maraqlı kitabdır. Kitab təkcə bir bölgənin yer adlarının toplusu deyil, həm də həmin bölgənin dil, tarix və mədəniyyət qatlarını üzə çıxaran sanballı elmi-tədqiqat əsərlərindən biridir.
Filologiya elmləri doktoru, dosent, AYB-nin üzvü Gülxani Şükürovanın (Gülxani Pənahın) elmi redaktorluğu ilə nəşr olunan kitaba AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışırinov; Almaniyada (Berlində) Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, Almaniya JB-nin üzvü Nuridə Qədirova (Nuridə Atəşi); siyasi elmlər doktoru, professor Vaqif Abdullayev və coğrafiyaçı-kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Sahib Camıyev rəy vermişlər.
Kitabda Oğuz rayonunun oykonimləri elmi-ədəbi publisist baxışla araşdırılır, onların mənşəyi, tarixi kökləri və milli kimliyimizin formalaşmasında oynadığı rol təhlil edilir. Rayon oykonimlərinin ümumi dilçilik mənzərəsi təsvir edilir. Ayrı-ayrı oykonimlərin leksik-semantik mənaları, qrammatik xüsusiyyətləri və əvvəlki etimologiyalardan fərqlənən bəzi açılımları təqdim edilir. Yeri gəldikcə kəndlərin coğrafi mövqeyi, tarixi, sosial-iqtisadi və mədəni həyatı; onların adı ilə bağlı olan qədim türk tayfa, etnos, qəbilə, qol və əşirətlər barədə yığcam tarixi informasiyalar verilir.
Kitabda oykonimlərin etimoloji təhlili xüsusi diqqətə layiqdir. Müəllif hər bir yaşayış məntəqəsinin adını tarixi mənbələr, dialekt faktları və müqayisəli-tarixi dilçilik materialları əsasında araşdırır. Bu yanaşma oxucuya göstərir ki, hər bir adın arxasında konkret tarixi reallıq dayanır – tayfa adı, şəxs adı, təbii-coğrafi xüsusiyyət və ya sosial hadisə. Oykonimlər təkcə ad və ünvan deyil, həm də yaddaş, kimlik və tarix kitabıdır.
Onlar tarixçilərin, coğrafiyaçıların, dilçi və etnoqrafların əlində açar rolunu oynayır. Yazılı mənbələrin az olduğu dövrlərdə oykonimlər ən etibarlı mənbəyə çevrilir, kollektiv identiklik funksiyası daşıyır.
Əsərin dəyərli cəhətlərindən biri də odur ki, burada oykonimlər yalnız linqvistik baxımdan deyil, həm də etnoqrafik və tarixi kontekstdə şərh olunur. Müəllif Oğuz rayonunun formalaşma mərhələlərini, bölgənin etnik tərkibini və köç proseslərini oykonimlərin dili ilə oxumağa çalışır. Bu isə kitabı dar ixtisas çərçivəsindən çıxararaq daha geniş oxucu auditoriyası üçün maraqlı edir.
“Oğuz oykonimləri” əsəri eyni zamanda milli yaddaşın qorunmasına xidmət edən bir tədqiqatdır. Qloballaşma və urbanizasiya şəraitində bir çox qədim yer adlarının dəyişdirilməsi və ya unudulması təhlükəsi fonunda belə araşdırmalar xüsusi əhəmiyyət kəsb edir. Müəllif bu kitab vasitəsilə oxucunu doğma torpağın adlarına diqqətlə yanaşmağa, onların mənasını dərk etməyə və qorumağa çağırır.
Elmi dəqiqliklə ədəbi üslubun vəhdəti kitabın oxunaqlılığını artırır. Qeyd etdiyimiz kimi, kitab həm mütəxəssislər – dilçilər, tarixçilər, coğrafiyaşünaslar üçün qiymətli mənbədir, həm də doğma yurdunun tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün anlaşıqlı və maraqlıdır.
İ.Verdiyevin bu əsəri Azərbaycan toponimika elminə sanballı töhfə olmaqla yanaşı, Oğuz bölgəsinin tarixi-coğrafi mənzərəsini sistemli şəkildə təqdim edən ilk geniş tədqiqatlardan biri kimi dəyərləndirilə bilər. İnanırıq ki, “Oğuz oykonimləri” gələcək araşdırmalar üçün etibarlı mənbə olacaq, gənc tədqiqatçılar üçün istiqamətverici rol oynayacaq və Oğuz oykonimlərinin daşıdığı tarixi-mədəni yükün daha dərindən dərk edilməsinə xidmət edəcəkdir.
Bu kitab oxucuya bir daha xatırladır ki, hər bir yer adı tarixdir, hər bir oykonim yaddaşdır. O tarixi qorumaq gələcəyi möhkəmlətmək, o yaddaşı oxumaq isə özünü tanımaq deməkdir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


