Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Böyük Mirzə Cəlillər, Cavidlər, Məmməd Səid Ordubadilər, Məmməd Arazlar diyarı olan Naxçıvanda ədəbiyyata, sözə, kitaba verilən dəyər hədsizdir. Burada, necə deyərlər, məmə yeyəndən pəpə deyənədək, 7-dən 77-yə hamı kitab oxuyur. Daim kitabla, ədəbiyyatla bağlı tədbirlər, aksiyalar keçirilən ulu diyarın mədəniyyət sferasında bugünlər canlanma bir qədər də artıbdır, səbəbi isə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədovun yeni vəzifəsinə bol enerji ilə başlamasıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən nazirlik sistemində fəaliyyət göstərən kitabxanalar üzrə “Ən fəal oxucularımızı tanıyaq” layihəsinə start verilib.
Layihənin məqsədi cəmiyyətdə mütaliə mədəniyyətini təşviq etməkdən və oxucu fəallığını stimullaşdırmaqdan, eləcə də kitabxanalardan mütəmadi istifadə edən və mütaliəyə xüsusi maraq göstərən oxucuları müəyyənləşdirməkdən ibarətdir.
Layihə çərçivəsində ən fəal oxuculara kitablar hədiyyə olunur və onlar mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında özləri və ailə üzvləri ilə birlikdə ödənişsiz iştirak etmək imkanı əldə edirlər.
Oktyabrın 22-də Fazil Məmmədov “Ən fəal oxucularımızı tanıyaq” layihəsinin azyaşlı iştirakçısı - Naxçıvan şəhəri Əliabad qəsəbə sakini, 2018-ci il təvəllüdlü Şükürlü Fidan Yasin qızı ilə görüşüb.
Bu görüşdə Fazil Məmmədov şagirdlərin mənəvi dünyasının zənginləşməsində və dünyagörüşlərinin formalaşmasında mütaliənin əhəmiyyətini vurğulayıb, Fidan Şükürlüyə təbriklərini çatdırıb, ona Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və kitablar təqdim edilib.
Bildirilib ki, Fidan Şükürlü və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənşsiz iştirak etmək imkanı da əldə ediblər.
Qeyd edək ki, Fidan Şükürlü Naxçıvan Şəhər Kitabxanasının və Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının fəal oxucularındandır. O, 2025-ci ildə kitabxana fondlarındakı 97, 2026-cı ilin ötən dövründə isə 48 kitabı oxuyub.
Növbəti söhbətimizdə isə sizləri Naxçıvanın ən fəal yaşlı kitab oxucusu – 92 yaşlı Abbas Bağırovla ilə tanış edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(26.10.2026)


