Super User
Şuşa musiqiçilərindən yeni nəsil nümayəndəsi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şəqrin musiqi konsevatoriyası Şuşa. Burdan çıxan dahi adları hamı bilir, sadalamağa ehtiyac yoxdur. Mənsə sizə Şuşa musiqiçilərindən yeni nəsil nümayəndəsi barədə danışacağam. Bu gün 44 yaşını qeyd edən Fuad İbrahimov barədə.
Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov 1982-ci ilin 2 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Şuşa şəhərində anadan olub. Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-studiyasında oxuyarkən başlayıb. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub.
Daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb.
1998-ci ildə o həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olub, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olub. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.
Fuad İbrahimov dirijor kimi gənc karyerasında Kral Filarmonik Orkestri (İngiltərə), Orchester Symphonique de Mulhouse (Fransa), Şimali Çexiya Filarmoniyası, MDR Leipzig Simfonik Orkestri, Staatskapelle Halle, Göttingen və Nurem, Berlin Filarmonik, Staatskapelle Berlin, Staatskapelle Drezden, Cənub-Vestfaliya Filarmoniyası (Almaniya), Vyana Kamera Orkestri və bir çox başqa orkestrlərin musiqiçilərindən ibarət olan "Das kritische Orchester Berlin®" Simfonik Orkestri kimi orkestrlərdə çıxış edib.
2012-ci ildə Gürzenich Orkestri (Almaniya) ilə Köln Operasında qonaq dirijor kimi ilk müstəqil opera əsərini götürüb. 2011-ci ilin iyun ayında o, Maestro Fabio Luisi tərəfindən Yaponiyada keçirilən “Sakit Okean Musiqi Festivalı”na dəvət olunub. 2006-cı ildə İbrahimov Köln Musiqi Akademiyasında professor Maykl Luiqlə dirijorluq təhsilinə başlayıb və 2008-ci ildən Köln şəhərində yerləşən “Sinfonietta” tələbə simfonik orkestrinin musiqi rəhbəri kimi fəaliyyət göstərib. 2010-cu ildə DAAD tərəfindən xüsusi istedadlı əcnəbi tələbələrə verilən xüsusi mükafata layiq görülüb.
2014-cü ilin noyabr ayından Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmonik Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijorudur. 2018-ci ildə Parisdə keçirilən Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin həmqalibi Fuad İbrahimov növbəti ilin aprelində keçiriləcək Rostropoviç Festivalında Monte-Karlo Filarmonik Orkestri, Sinfonia Varsovia və Orchester d’Auvergne dirijorluğu üçün dərhal dəvət olunub.
3 dəfə Prezident Mükafatına layiq görülüb. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü, 2017-ci ildən isə Azərbaycan Respublikasının Əməkdar artistidir. 2019-cu ildə "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(02.09.2026)
Əfsanəvi “Göy göl” ansamblının yaradıcısı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Nizami yurdu Gəncənin musiqi həyatından danışanda, əlbəttə ki ilk əvvəl yada “Göy göl” ansamblı düşür. Bu gün o ansamblın yaradıcısının doğum günüdür.
Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranıb. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedib. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edib.
13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olub. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlib. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb.
1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. Adil Gərayın sinfində təhsil alıb. 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla "Göy göl" xalq çalğı alətləri ansamblını yaradıb.
Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınıb. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunub. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.
Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib. Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayıb. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.
1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edib. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ ediblər. 1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alıb. 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində "Göy göl" mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edib.
Fikrət Verdiyev 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində "Neftçi" mahnı və rəqs ansamblını yaradıb. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Firuz Səxavət, Cabir Abdullayev, Teyyub Aslanov kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradıb. Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında uğurla çıxış ediblər.
Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 22 dekbar 2022-ci il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.09.2026)
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2023-cü ildə Əməkdar artist Ramil Qasımov tərəfindən təsis edilən və Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün yaratdığı vokal məktəbinin ənənələrini layiqincə davam etdirən Bülbül Vokal Məktəbinin fəaliyyəti və yetirmələrinin uğurları diqqət çəkir.
Bülbül Vokal Məktəbindən aldığımız növbəti şad xəbəri sizinlə bölüşürük.
Məktəbin tələbə və məzunları ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə, konsert proqramlarında və beynəlxalq festivallarda fəal iştirak etməklə yanaşı, vokal sənəti üzrə əldə etdikləri nailiyyətlərlə də seçilirlər. Məktəbin məzunları Azərbaycanın aparıcı ali təhsil müəssisələrində vokal sənəti üzrə təhsillərini davam etdirir, bununla da milli vokal ənənələrinin yeni nəsil ifaçılar tərəfindən inkişaf etdirilməsinə töhfə verirlər.
Bülbül Vokal Məktəbinin növbəti mühüm uğuru məzunu Fidan Sultanovanın Almaniyanın nüfuzlu Hochschule für Musik und Theater Hamburg – Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunmasıdır.
2025-ci ildə Bakı Musiqi Akademiyasının akademik vokal sinfinə qəbul olunan Fidan Sultanova yüksək ifaçılıq qabiliyyəti, özünəməxsus səs tembri və səhnə mədəniyyəti ilə seçilərək Bülbül Vokal Məktəbini bir sıra mühüm və böyükmiqyaslı tədbirlərdə uğurla təmsil edib.
Fidan Sultanovanın Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunması Azərbaycan vokal məktəbinin beynəlxalq səviyyədə təmsil olunması baxımından əhəmiyyətli hadisədir.
Qeyd edək ki, Fidan Sultanova Bülbül Vokal Məktəbində iki il müddətində Əməkdar artist İnarə Babayevanın sinfində vokal sənəti üzrə təhsil alıb. Gənc ifaçının beynəlxalq səviyyəli ali təhsil müəssisəsinə qəbul olunması Bülbül Vokal Məktəbində vokal sənətinin peşəkar əsaslarla tədrisinin və dahi Bülbülün sənət ənənələrinin müasir dövrdə uğurla davam etdirilməsinin göstəricilərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər
“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub.
Proqram çərçivəsində müasir texnoloji trendlər, ''ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib.
İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Azərbaycan-Amerika Təşkilatları Alyansının üzvləri ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanasını ziyarət ediblər. Ziyarət Alyansın təşəbbüsü və komitənin dəstəyilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, kitabxananın Yaxın Şərq bölməsinin müdiri və Türk Bölgəsi üzrə mütəxəssis Coan Uiks qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti və zəngin kolleksiyası barədə məlumat verib.
O, 1800-cü ildə yaradılan Konqres Kitabxanasında milyonlarla kitab, əlyazma, xəritə, fotoşəkil, qəzet, film, səs yazısı, musiqi əsəri və digər qiymətli materialların qorunduğunu bildirib. Qeyd edib ki, kitabxananın elektron kataloqu və rəqəmsal arxivi Azərbaycanın tarixi, ədəbiyyatı, dili, Qarabağ və Şuşa, eləcə də musiqi irsi ilə bağlı zəngin məlumat bazasına çıxış imkanları yaradır.
Qonaqlar Azərbaycanla bağlı qədim və müasir nəşrlərlə də tanış olub. Onların sırasında Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsəri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycan ədiblərinin yaradıcılığı haqqında nəşrlər, eləcə də ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən kitablar yer alıb.
Ziyarət çərçivəsində qonaqlara bir sıra nadir eksponatlar, o cümlədən ABŞ Konstitusiyasının ilk əlyazması nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova isə Azərbaycan mədəni irsini, tarixini əks etdirən 20-dən çox nəşri kitabxanaya hədiyyə edib. Bunlara Qarabağ və Şuşaya həsr olunan “Şuşanın irsi”, “İşğaldan əvvəl və sonra Qarabağ”, “Qarabağnamə”, “Qədim və gözəl Qarabağ”, “Zəfər salnaməsi” kitabları, həmçinin Xocalı faciəsindən bəhs edən “Xocalı” nəşri, eyni zamanda “Azərbaycan musiqisinin inciləri”, “Heydər Əliyevin sevimli musiqi inciləri”, Emin Sabitoğlunun “Simfoniya”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz” və Fikrət Əmirovun “Saçlı” əsərləri daxildir. Coan Uiks bu nəşrlərin kitabxananın Azərbaycanla bağlı kolleksiyasını daha da zənginləşdirəcəyini qeyd edərək, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Günahdan absurdluğa: İki dünya, iki fərqli həqiqət - ESSE
Jalə Hüseynzadə,
“Ədəbiyyat və incəsənət”
Fyodor Dostoyevskinin “Cinayət və cəza” və Albert Kamünün “Yad” romanlarını ilk baxışda birləşdirən əsas məqam hər iki əsərin mərkəzində qətl hadisəsinin dayanmasıdır. Lakin bu qətllər iki romanda tamamilə fərqli məna yaradır. Raskolnikov özünü hüququn və mənəviyyatın qəbul olunmuş normalarından üstün tutub-tuta bilməyəcəyini sınamağa çalışır. Meursault isə cəmiyyətin ondan gözlədiyi duyğu və davranışlara uyğunlaşmır. Hər iki qəhrəman sonda mühakimə olunsa da, onları əsas qarşıdurmaya gətirən yalnız məhkəmə deyil. Raskolnikov özünün yaratdığı ideyanın nəticələri ilə, Meursault isə cəmiyyətin ona verdiyi mənalar və dünyanın bu məna axtarışına cavab verməyən səssizliyi ilə üz-üzə qalır.
Bu qarşıdurmanın içində məsuliyyət, vicdan, qorxu, azadlıq və məna axtarışı kimi məsələlər ön plana çıxır. Hər iki əsərin taleyində insanın öz seçiminə və həmin seçimin nəticələrinə münasibəti mühüm yer tutur. Burada absurd anlayışını da yalnız “həyatın mənası yoxdur” kimi izah etmək düzgün olmaz. Daha çox insanın mənaya duyduğu ehtiyacla dünyanın və kainatın bu ehtiyaca hazır cavab verməməsi arasındakı gərginlikdən danışmaq mümkündür. Raskolnikov və Meursaultun yaşadıqları isə fərqli yollardan insanın öz seçiminin məsuliyyəti və həmin seçimin nəticələri ilə necə üzləşə biləcəyini düşündürür.
Hər iki əsərin baş qəhrəmanı – Raskolnikov və Meursault – cəmiyyətə müəyyən mənada yad olan insanlardır. Onlar ətrafdakı insanların qəbul etdiyi dəyərlərlə tam uyğunlaşa bilmirlər. Ancaq onların yadlaşmasının səbəbi eyni deyil. Raskolnikov öz yaratdığı “qeyri-adi insan” nəzəriyyəsinə inanır və bəzi insanların böyük məqsədlər naminə qanunu poza biləcəyini düşünür. Məhz bu düşüncə onu cinayətə aparır. Lakin cinayətdən sonra anlayır ki, insan vicdanından asanlıqla qaça bilmir. Bununla belə, onun daxilində hər şey dərhal aydınlaşmır. Qorxu, günah hissi, qürur və öz nəzəriyyəsinə bağlılıq arasında ciddi bir çaxnaşma başlayır. O, bir tərəfdən nəzəriyyəsinin doğru olduğuna inanmaq istəyir, digər tərəfdən isə yaşadığı daxili böhran həmin nəzəriyyənin əsaslarını sarsıdır. Onu narahat edən yalnız cinayət törətməsi deyil, özünün düşündüyü kimi “qeyri-adi insan” ola bilməməsi ehtimalıdır. Bu baxımdan onun yadlaşması təkcə cəmiyyətdən uzaqlaşmaq deyil; o, öz yaratdığı ideya ilə insan təbiəti arasında parçalanır. Raskolnikovun mənəvi dönüşü də buna görə ani görünmür; onun qürurunun və nəzəriyyəsinə verdiyi haqqın tədricən sarsılması ilə formalaşır.
Meursault isə tamamilə başqa cür yadlaşır. O, cəmiyyətin gözlədiyi emosional davranışları nümayiş etdirmir, özünü həmin gözləntilərə uyğunlaşdırmır və insanları razı salmaq üçün gözlənilən hissləri göstərməyə çalışmır. Buna görə də cəmiyyət onu yalnız törətdiyi əmələ görə deyil, necə insan olduğuna görə də mühakimə edir. Lakin Meursaultu bu xüsusiyyətlərinə görə ideal və tamamilə haqlı bir obraz kimi qəbul etmək çətindir. Cəmiyyətin bəzi normalarının saxta olması bir insanın həyatına son verməyə haqq qazandırmır. Deməli, burada başqa bir sual da yaranır: insan cəmiyyətin müəyyən etdiyi mənaları rədd etdikdə, bu ona başqa bir insanın həyatına son vermək haqqı verirmi? Meursaultun cəmiyyətə uyğunlaşmaması ilə törətdiyi cinayətin məsuliyyəti eyni məsələ deyil. Məhz bu ziddiyyət onun obrazını daha mürəkkəb edir və azadlığın sərhədləri haqqında düşünməyə vadar edir.
Bu yadlaşma yalnız qəhrəmanların düşüncəsində deyil, onların yazıçı tərəfindən təqdim olunma tərzində də hiss olunur. Dostoyevski Raskolnikovun daxilindəki gərginliyi daha dəyişkən və ağır psixoloji vəziyyətlər vasitəsilə göstərir; onun qorxusu, qüruru, günah hissi və ziddiyyətləri daim hərəkətdədir. Kamüdə isə Meursault hadisələri daha sakit və birbaşa nəql edir, hisslərini uzun şəkildə izah etməkdən və öz psixoloji vəziyyətini təhlil etməkdən uzaq görünür. Beləliklə, qəhrəmanların yadlaşması yalnız əsərlərin mövzusunda deyil, onların yazılma tərzində də özünü göstərir.
Əsərlərdəki digər obrazlar da bu əsas fikrə xidmət etdikləri qədər əhəmiyyət qazanırlar. “Cinayət və cəza” romanında Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Onun qüruru və öz nəzəriyyəsinə bağlılığı davam edir; Sonya ilə münasibət isə bu dəyişimin tədricən formalaşmasına təsir göstərir. Porfiri Petroviçlə söhbətləri də Raskolnikovun öz düşüncələri ilə üzləşməsini dərinləşdirir. Buna görə bu obrazların əhəmiyyəti onları ayrıca izah etməkdə deyil, Raskolnikovun daxili mübarizəsini necə açmalarındadır.
“Yad” romanında isə prokuror və hakim Meursaultun cəmiyyətin gözündə necə bir insana çevrildiyini göstərirlər. Rahib onun qarşısına başqa bir mənəvi və metafizik mövqe gətirir. Bu baxımdan köməkçi obrazlar sadəcə hadisələri irəli aparmır; onlar baş qəhrəmanların qarşısına müxtəlif seçimlər və mənalar qoyurlar.
Hər iki romanda mühakimə məsələsi fərqli şəkildə ortaya çıxır. “Yad” romanında məhkəmə daha çox ictimai mühakiməyə çevrilir. Meursault törətdiyi qətldən əlavə, anasının dəfnində ağlamadığına və cəmiyyətin gözlədiyi hissləri nümayiş etdirmədiyinə görə də mühakimə olunur. Sanki burada onun cinayətindən başqa, cəmiyyətin qəbul etdiyi “normal insan” obrazına uyğun olub-olmaması da müzakirəyə çıxarılır.
“Cinayət və cəza”da isə qarşıdurma daha çox psixoloji müstəvidə gedir. Porfiri Petroviçin söhbətləri bunun mühüm hissəsidir. Buradakı “məhkəmə” hüquqi prosesdən daha çox Raskolnikovun öz daxilində yaşadığı mühakiməni xatırladır. Onun ən ağır cəzası yalnız hüquqi hökm deyil; qorxu, günah hissi, qürur və daxili parçalanmadır. Beləliklə, “Yad”da mühakimə daha çox cəmiyyətin qarşısında qurulursa, “Cinayət və cəza”da onun ağırlığı insanın daxilində hiss olunur.
Sonya ilə “Yad”dakı rahibin müqayisəsi də iki qəhrəmanın sonda gəldiyi nöqtəni daha aydın göstərir. Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Raskolnikovun gəldiyi son nöqtəni yalnız cinayəti etiraf etməklə məhdudlaşdırmaq çətindir; burada özünü başqalarından üstün tutan düşüncədən uzaqlaşaraq mənəvi münasibət qurmağa başlama ehtimalı görünür.
Meursault isə rahibin təqdim etdiyi bu hazır mənanı qəbul etmir və onu öz vəziyyətinə verilmiş həqiqi cavab kimi görmür. O, ölüm qarşısında dünyanın cavabsızlığı ilə üz-üzə qalır. Beləliklə, hər iki qəhrəman sonda mənəvi və metafizik bir seçim qarşısında qalır, lakin onların gəldiyi nöqtə fərqlənir: Raskolnikov üçün bu qarşılaşma mənəvi dəyişməyə açılan bir imkan yaradırsa, Meursault üçün hazır mənanı qəbul etmədən öz vəziyyəti ilə üz-üzə qalmaq ön plana çıxır.
Meursaultun hazır mənaları qəbul etməməsi onun törətdiyi cinayətin məsuliyyətini aradan qaldırmır; onun vəziyyətində həm dünyanın cavabsızlığı ilə üzləşmək, həm də öz seçiminin nəticələrini daşımaq eyni anda mövcuddur.
Bu iki əsəri birlikdə oxuyarkən mənim üçün ən mühüm fərq onların eyni cinayət hadisəsindən tamamilə fərqli insan həqiqətlərinə çıxması oldu. Ayrı-ayrılıqda Raskolnikovu vicdan və günah, Meursaultu isə yadlaşma və absurdla əlaqələndirmək mümkündür. Lakin onları yanaşı oxuduqda məsələ yalnız bunlarla məhdudlaşmır. Birində insan ideyanın tələsində, digərində isə mənanın cavabsızlığında özünü itirir. Birində vicdanın səsi, digərində isə sükutun ağırlığı hökm sürür. Bu müqayisə mənə azadlığın yalnız seçim etməkdən ibarət olmadığını, seçimin məsuliyyətini də özü ilə gətirdiyini düşündürdü. Eyni zamanda, insanın öz həqiqətini axtarması başqa bir insanın həyatına toxunduğu anda daha ağır bir məsuliyyətə çevrilir. Bəlkə də bu iki əsəri birlikdə oxumağın mənə ən çox düşündürdüyü məsələ budur: insan cəmiyyətin verdiyi mənalardan uzaqlaşa, öz həqiqətini axtara bilər, amma öz seçiminin nəticələrindən tamamilə kənarda qala bilməz.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Hərdənbir Kürdəmirdən də ötə gərək adam
ŞAİR ƏLƏKBƏR SALAHZADƏNİN ANIM GÜNÜNƏ
Coşqun Xəliloğlu,
Azərbaycan Yazıçılar Birlyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Ələkbər Salahzadənin imzası ilə çoxdan tanış olsam da, onun doğulub boya-başa çatdığım Kürdəmirə həsr etdiyi şeiri tələbə olarkən oxumuşdum. Bu şeir mənim duyğularımı qəribə bir ovqat üstə kökləmişdi. Əsərin ilk iki misrası yaddaşıma elə hopdu ki, illər keçsə də, həmin sətirləri heç zaman unuda bilmədim:
Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...
Bu şeiri oxuduqdan sonra şairə qarşı qəlbimə yaxın, doğma bir hiss yarandı və onu daha çox sevməyə başladım. Harada şeirlərinə rast gəlsəydim, sevə-sevə, böyük həvəslə oxuyurdum. "Bir də gördün" şeiri isə insanı tamamilə fərqli düşüncələrə aparırdı:
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu.
Bir də gördün oddu adam,
Bir də gördün ot oldu.
Bir də gördün adamdı adam,
Bir də gördün ad oldu.
2003-cü ildə, heç zaman məndən xeyirxahlığını əsirgəməyən “Şirvannəşr”in direktoru, eyni zamanda “Cik-Cik” qəzetinin baş redaktoru, yazıçı Qəşəm İsabəyli hekayələrimi oxuyub bəyəndiyini bildirdi. Mənə yazılarımı “Ulduz” jurnalına təqdim etməyi məsləhət gördü: “Ələkbər Salahzadə obyektiv insandır, xoşuna gəlsə, dərc edəcək. Mən də ona deyərəm”, – əlavə etdi.
Bir neçə gün sonra “Ulduz” jurnalının redaksiyasına getdim. Ələkbər müəllim məni kabinetində xoş təbəssümlə qarşıladı. Qəşəm müəllimin salamını yetirdim. Köhnə tanışlar kimi mənimlə səmimi söhbət etməyə başladı. Kürdəmirin Mollakənd kəndindən olduğumu biləndə maraqla soruşdu:
– Xəlil İbrahimovu tanıyırsan? Yazılarını oxumuşam, vaxtilə respublika mətbuatında fəal çıxış edərdi. Son zamanlar imzasına rast gəlmirəm.
– Atamdır, 1999-cu ildə rəhmətə gedib, – dedim.
– Allah rəhmət eləsin! – dedi.
Qeyd edim ki, atam əvvəllər SSRİ Jurnalistlər İttifaqının, sonra da Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı Mollakənd kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, metodist-müəllim idi. 46 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, respublikanın demək olar ki, bütün mərkəzi qəzet və jurnallarında müxtəlif mövzularda, xüsusilə təhsil sahəsinə aid maraqlı məqalələr, oçerklər, hekayə və felyetonlarla çıxış etmişdi.
Ələkbər müəllim “Muradqulunun dərsi” adlı hekayəmin əlyazmasını alıb, bir az göz gəzdirdi və “Qoy qalsın, baxacağam”, – dedi.
Təxminən 20-25 gün sonra Ələkbər müəllimə zəng elədim. Hal-əhval tutduqdan sonra hekayəmin taleyini soruşdum. Mehriban və sevincli bir səslə cavab verdi:
– Hekayən çıxıb, jurnalı hələ almamısan?
Şairə dərin təşəkkürümü bildirib dəstəyi asdım.
Bir müddət sonra yenidən iki hekayəmi redaksiyaya apardım. Ələkbər müəllimlə foyedə qarşlaşdıq. Məni görüb salamlaşdıqdan sonra, əlimdəki kağızlara işarə edərək “Ver bura”, – dedi və əlavə etdi:
– Yazı dilin yaxşıdır. Amma çalış, daha çox oxu. Həm Azərbaycan yazçılarının əsərlərini, həm də dünya ədəbiyyatının nümunələrini mütaliə et.
Sonra isə Yazıçılar Birliyinin kassasını nəzərdə tutaraq gülümsədi: – Aşağı düşəndə qonorarını da alarsan, hər nədirsə...
Ə. Salahzadə “Ulduz” da redaktor olduğu dövrdə bir neçə hekayəm “Coşqun İbrahimli” imzası ilə jurnalın səhifələrində işıq üzü gördü. 2004-cü ildə o, “Qobustan” jurnalına baş redaktor təyin olundu. “Tar” adlı hekayəmi və müasir Azərbaycan aşıq ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Aşıq Əhməd Rüstəmova həsr etdiyim “Cavan ürəkli aşıq” adlı məqaləmi “Qobustan” toplusunun səhifələrində görmək sevincini mənə yaşadan məhz Ələkbər müəllim oldu. Ələkbər müəllim əsl ziyalı, saf və təmiz əqidəli, milli ruhlu şəxsiyyət idi.
İşlərimlə əlaqədar adətən onun yanına gec-gec gedə bilirdim. Amma hər dəfə görüşəndə sanki ən doğma insanla qarşılaşırdım. Mən onu indi də tez-tez xatırlayır, dünyasını dəyişmiş mənə ən əziz, ən yaxın insanlardan biri hesab edirəm. Azərbaycan poeziyasının parlaq, sönməz, əbədi ulduzlarından olan Ə. Salahzadənin bənzərsiz yaradıcılığı və şəxsiyyəti haqqında çox yazılıb, şübhəsiz ki, bu gözəl missiya həmişə davam edəcək.
Sentyabrın 1-də sadə, təvazökar, humanist, ədalətli insanın, böyük söz ustasının anım günüdür. Mən də bu münasibətlə həmin əziz xatirələri vərəqləyərək kiçik yazını qələmə alıb sizə təqdim etmək istədim. Ürək sözlərimi doğma vətənin tərənnümünə həsr olunmuş, hər misrasından sehr, qəribə bir doğmalıq və şirinlik süzülən şeirin tam mətnini mənə göndərən, şairin tədqiqatçısı və yaxın dostu olmuş, tənqidçi-ədəbiyyatşünas Zakir Məmmədə dərin təşəkkürümü bildirməklə, “Kürdəmir” şeiri ilə tamamlamaq istəyirəm:
Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...
Yara-yara adamı
İstisi gərək keçə.
Şərabının
başına vurub çıxan
tüstüsü gərək keçə.
Şitdənmiş yemişi,
şoran bircə qarışı,
duzu yuyulmuş torpaqları gərək keçə.
Kirpiyində od götürən
nar bağları gərək keçə.
Qatarların vaxtlı-vaxtsız
reysləri gərək keçə.
Fit səsləri altında
ekvator-relsləri gərək keçə.
Bir qocanın
“Hophop” şeiri kimi tünd sözləri,
Uşaqların
qatarlara baxmaqdan
iri-iri gözləri gərək keçə.
Yazbaşları
İşlənib-sökülmüş yol – palçığıyla,
aranıb-daranmış çol – paklığıyla gərək keçə.
Hər şey, hər şey
çılpağlığıyla gərək keçə.
Nəğməsindən gərək keçəsən
Ağacında quşun da.
Bu yurd hər bir yerindən
Gərək qala huşunda!
hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
Hərdən adamdan!...
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
“Biri ikisində” bu dəfə ədəbi tənqidlə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Vaqif YUSİFLİ
ƏDƏBİ FRAQMENTLƏR
ŞƏHİDLƏR - QƏHRƏMANLAR
Şəhid insan…
Şəhid şəhər…
Şəhidlər qəbristanı…
Şəhid ruhlar…
Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son otuz altı ildə belə çox işlənən sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. “Şəhid ailəsi”, “şəhid anası”, “şəhid atası”, “şəhid məzarı” -yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.
Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır. Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olub... “Hədiqətüs-süəda” əsərində o, əski çağlardan geniş yayılan Kərbəla vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir etmişdir. Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olmuşdur. Xüsusilə, qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur:
Qəhrəmanlıq nə yalnız
bir yüksəliş deməkdir.
Nə də yıldızlar kibi
parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
Qoşar adım getməli
onların arxasından.
Qəhrəmanlıq-içərək
acı ölüm tasından,
irəliyə atılmaq və
sonra dönməməkdir!
(Nihal Atsız)
Burada Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasını xatırlamamaq mümkün deyil. O da şəhidliyi qəhrəmanlıq kimi vəsf edir:
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
Şair-publisist Güləmail Murad həm şeirləri, həm də publisistik məqalələri ilə (bu yazıların əksəriyyəti kitab halına gətirilib) şəhidlik və qəhrəmanlıq mövzusuna ardıcıl şəkildə müraciət edir, hətta deyərdim ki, Azərbaycanda heç bir yazıçı həmin mövzuda bu qədər kitab çap etdirməyib. Əlbəttə, söhbət saydan, kəmiyyətdən getmir, söhbət ondan gedir ki, Güləmail xanım bu mövzuya öz vətəndaşlıq borcu və səlahiyyəti kimi yanaşır. Akademik Nizami Cəfərov yazır: “Güləmail Murad özünün vətənpərvərlik ruhlu kitabları ilə respublikamızda tanınır və sevilir. Onu tez-tez bölgələrə dəvət eləyir, onunla şəhid ailələri və qazilərin, eləcə də məktəblilərin görüşlərini keçirirlər”. Güləmail Muradın kitablarının adlarına baxın: “Qarabağ harayı”, “Vətən uğrunda”, “Döyüş yolları”, “Beş ulduz”, “Bir damla yaş”, “Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”, “Tovuz döyüşləri”, “Aprel döyüşləri” (trilogiya), “Günnüt zəfəri”, “Zəfərnamə”, “Qəhrəmanlıq yüksəkliyi”, ““Akula” ləqəbli kəşfiyyatçı”, “Cənnətim Şuşa”.
Əlbəttə, bu kitabların hər biri haqqında ayrıca söhbət açmaq olar, amma onun lap bu yaxınlarda çapdan çıxmış “Qan yaddaşımızdan” kitabından söhbət açmaq istəyirəm. Çünki bu kitabda da o, şəhidlik və qəhrəmanlıq mövzusunu davam etdirir:
Hünər səndə, qeyrət səndə,
Sən ey qəhrəman şəhidim!
Bir yenilməz qüvvət səndə,
Sən ey qəhrəman şəhidim!
Açıb şahin qanadını
Tarixə yazdın adını.
Dünya gördü inadını,
Sən ey qəhrəman şəhidim!
Unudarmı dövran səni,
Qoca, uşaq, cavan səni,
Anam Azərbaycan səni?!
Sən ey qəhrəman şəhidim!
Bu şeirdə Güləmail Murad şəhidliklə qəhrəmanlığı vəhdətdə düşünür. Bütün kitab boyu bu vəhdətə əməl olunur. Kitabda Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovun və gizir Elmidar Səlimxan oğlu Səfərovun qəhrəmanlıq və şəhidlik yolları vəsf olunur. Bəlkə də, buna vəsf, tərənnüm demək olmaz, çünki onların şəhidliyi ağrı, kədərlə də yad edilir.
Güləmail Murad Samid İmanovun keçdiyi ömür yoluna nəzər salır, onun uşaqlığından, ilk gəncliyindən ta şəhidliyinə qədər hər bir ili, ayı izləyir, mükəmməl obrazını yaradır. Bu ömür yolunda başlıca xətt – əsas istiqamət isə Samidin hərbçi həyatıdır. Müqayisə aparmaq lap yerinə düşər – bu yol iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun keçdiyi yolu xatırladır.
Samid İmanov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib, ardınca Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurub. Bundan sonra isə hərbi hissələrdə müxtəlif vəzifələr, pillə-pilə yüksəlişlər, bu müddət ərzində qüsursuz xidmətinə görə aldığı medallar, tərifnamələr... Amma Samid İmanovun bir insan, bir vətəndaş, bir qəhrəman kimi obrazını daha mükəmməl şəkildə ifadə etmək üçün müəllif onu yaxından tanıyan döyüş yoldaşlarına və ailə üzvlərinə müraciət edir. Qardaşı Sadiq, anası Xuraman, atası Gülağa, bacıları Gülbəniz və Aybəniz, döyüş yoldaşları Elşad Rüstəmov (polkovnik-leytenant), Anar Mahmudov, Kamal Hacızadə, İlkin Bayramov, Tahir Ağayev, Pərvin Əliyev ondan söz açırlar. Gözlərimiz qarşısında Samid İmanov canlı bir insan kimi görünür… Polkovnik-leytenant Nizami Əliyev deyir: “Onun şəxsi keyfiyyətləri: yüksək səviyyədə bir zabit idi, ailəsinə bağlı insan idi. Yəni zabitə-xüsusi təyinatlıya xas olan bütün xüsusiyyətlər onda var idi. Çox savadlı bir zabit idi”.
Qardaşı Sadiqin dediklərindən: “Bəzən tək olanda sənin məzarına gəlirəm. O səssiz daşın yanında oturub ürəyimdə, illərdir, içimdə yığılıb qalan bütün sözləri bir-bir sənə deyirəm. Mən danışdıqca, içim boşalır, amma sən susursan. Bil ki, sən bizim üçün, sadəcə, bir tarix deyilsən. Sən hər gün xatırladığımız, darıxdığımız bir insansan”.
Son günləri: əsgərlər aralanan kimi, ermənilərə əsir düşməmək üçün Samid çox çətinliklə yerini dəyişir. Mərmilər qurtardığı üçün əlində qumbara saxlayır. Əsgərlər səhərə qədər onu axtarırlar. Əvvəlcə, Samidin papağını, sonra isə əlində qumbara, üzüstə uzanmış halda nəşini tapırlar. Samdi qaldırarkən görürlər ki, qanı ilə böyük hərflərlə “Ana Vətən!” ifadəsini yazıb. Şəhidliklə böyük qəhrəmanlıq birləşir...
Güləmail Murad “Qan yaddaşımızdan” kitabında daha bir şəhid qəhrəmandan – Elmidar Səfərovdan da söz açır. Onun da hərbiyə olan marağı yüksək vətən sevgisiylə vəhdətdə olub. O da bir döyüşçü kimi hünər və qəhrəmanlıq yollarını keçib. Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Amma yaralı yoldaşlarını döyüş meydanından çıxararkən düşmən gülləsi ondan yan keçməyib. 24 yaşı vardı. “Hərbi xidmətdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. Neftçala rayonundakı Şəhidlər Xiyabanında onu hər gün yad edirlər.
Güləmail Murad çox həssas şairdir - hər hansı bir hadisədən bəhs edərkən öz kövrək duyğularını gizlədə bilmir. Hər iki şəhiddən söz açarkən onların analarını da yad edir: “Ananın fəryadına nə dağlar, nə dərələr cavab tapa bilirdi… Lal-kar dağlar od püskürür, sanki deyirdi: “Ana, dərdin mənə gəlməsin. Dərdin mənə gəlsə, Yer məhvərindən oynayar... Bu dərdi çəkə bilməz””...
Dərdini döndər gülə,
Şəhid məzarın bəzəsin.
Dərdini döndər yelə,
Xoş bir soraq gətirsin.
Qələbə müjdəsi yetirsin
Şəhid ruhuna!
Şəhid anası,
dərdini dağa döndərmə,
Çəkə bilməz…
Şəhid edərsən dağları,
Şəhid anası!
Kitabda Elmidarın anası Əminə xanımın nəvəsiylə şəkli yer alıb: “Nəvəmə Elmidarın adını qoymuşam. İndi Elmidarın qoxusunu ondan alıram”.
Güləmail Muradın “Qan yaddaşımızdan” kitabı bir sənədli romandır desəm, yanılmaram. Bu onun Şəhidlik və Qəhrəmanlıq haqqında silsilə kitablarınının hələlik sonuncusudur. Amma sonuncu olmayacaq.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
O, 10-dan çox qədim musiqi alətimizi bərpa edib
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qərbi Azərbaycandan olan mədəniyyət xadimlərimizin Azərbaycan mədəniyyətinin inkişafında danılmaz əməkləri olub. Belə xadimlərdən biri də Azərbaycan Respublikasının Xalq Artisti Məcnun Kərimov olub, bu gün mərhum sənətkarın dünyaya gəlişi günüdür.
Məcnun Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.
Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilən, dövrümüzə gəlib çatmayan, unudulan qədim musiqi alətlərinin öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.
1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.
"Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.
Məqalələri
1. "Musiqi dünyası" jurnalı — Azərbaycanın qədim musiqi alətləri
2. "Musiqi dünyası" jurnalı — Tənbur və onun müxtəlif növləri
3. "Musiqi dünyası" jurnalı — Azərbaycan qədim simli alətləri: səntur
4. "Musiqi dünyası" jurnalı — Muğam ifaçılığı sənətində xanəndə və sazəndə dəstələrinin rolu (Fuad Əzimli ilə birgə)
Filmoqrafiya
- Udun nağılı
- Sübhün səfiri
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Kərimov 2013-cü il oktyabr ayının 2-də 68 yaşında dünyasını dəyişib. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
İrəvan Dram Teatrının yükünü çiyinlərində daşıyan adam
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb.
Vidadi Əliyev barədə danışıram. O, Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988–2000-ci illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.
"Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A. Makayonok), "Əkizlər" (P. Paçev), "Qısqanc ürəklər" (M. Haqverdiyev), "Təklif" (A. P. Çexov), "Oğru" (M. Birkiyev) və s. 1988-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.
"1400 dəfədən çox oynanılan tamaşa"
Moskva şəhərində Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili aldıqdan sonra, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. "Mənim qayınanam" (G. Xuqayev) (bu tamaşa 1400 dəfədən çox oynanılıb), "3 kişi, 1 qız, 1 gecə" (T. Saakov), "Nəsrəddin" (Y. Əzimzadə, 1980), "Məhəbbət yaşayır hələ" (Hidayət, 1980) kimi tamaşalara verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verirdi.
İşində əsas gücü aktyor ifasına verən V. Əliyev, maraqlı və təkrarolunmaz yozumları ilə böyük rəğbət qazanan tamaşalar yaradırdı. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər və realistcəsinə poetik ifadələr verilir. Rejissor Nəsir Sadıqzadənin tələbəsi V. Əliyev ondan səhnə üçün mühüm olan ifa səmimiyyətinin əldə olunmasının sirrini öyrənib. Səhnə sadəliyinə, məkan genişliyinə üstünlük verən rejissor V. Əliyev, novatorluq axtarışlarını cəsarətlə səhnəyə gətirib
"Aktyorsuz, binasız qazanılan uğurlar…"
Simvolizmə böyük üstünlük verən rejissor, qurduğu tamaşaların simvolik obrazı kimi hansısa ifadə vasitələrindən (dekordan, musiqidən) istifadə edib, onu obraz kimi təqdim edib.Onun böyük uğuru kimi səhnə dilinin sadələşdirilməsi, adiləşdirilməsi uğrunda atdığı addımları qeyd etmək lazımdır. Səhnədə başqalaşmanı psixoloji çalarlarla, inandırıcılıqla gerçəkləşdirməyi aktyora təlqin edən rejissor, adi danışığı ciddi təkidlə tələb edib.
Onun quruluşlarında aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb sadə, səmimi və inandırıcı şəkildə ifa sərgiləyib. Bu cəhətlərinə görə onun quruluşları uğurlu alınıb. Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988–2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görən Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların gətirilməsi sahəsində ciddi cəhdlə çalışıb.
Öncə Mar Bayciyevin "Ər və arvad", Georgi Xuqayevin "Mənim qayınanam", Panço Pançevin "Əkizlərin nağılı", Yusif Əzimzadənin "Nəsrəddin" əsərləri əsasında qurulmuş tamaşaları bərpa edən rejissor, teatrın məhdud aktyor heyəti olmasını (teatra cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın heç bir texniki bazasının olmamasını nəzərə alaraq, səyyar göstəriyə yararlı və az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalıb. Onu da demək lazımdır ki, bu gün də, respublika teatrları içərisində ən az ştatı olan teatr məhz İrəvan teatrıdır.
Təbrizi titrədən yozum
Bütün bu çətinliklərə baxmayaraq, Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışıb. Rejissor dönəm üçün müasir olan Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" pyesinə quruluş verib. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, dini, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işlənib.
Rejissor şəhidlərimiz olan İlqarla Larisanın arzularını, milli-mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orijinal yozumla təqdim edib. Vidadi Əliyev bu obrazların psixoloji durumlarını, yaşantılarını çevik, sadə mizanlarla çatdırıb. Mərdan və Sənəm obrazlarının çalarları, koloritliyi ustalıqla işləndi və tamaşanın ümumi kompozisiyası ilə uyğunlaşdırılıb. Onun yozumunda dövrün ziddiyyətlərinin bədii inikası qabarıq duyulur.
Bir tərəfdə dininə, milli dəyərlərə qayıtmaq, hürr yaşamaq istəyən xalq, bir tərəfdə isə bu xalqı əsarətdə saxlayan imperiya və onun cəza mexanizmini hərəkətə gətirən məmurlar, əsgərlər. Bütün tamaşa boyu bu ziddiyyət inkişaf etdirilib və toqquşma anı yüksək bədiiliklə çatdırılıb. Əli silahlı əsgərlər günahsız insanları öldürüb, növbə anaya çatanda, o, oğlu İlqarın köksündə qana bulaşmış Quranı qoparıb onu hədəfə alan əsgərin üzünə tutub.
Epizod xalqın iradəsinin, inancının qələbəsi simvoluna çevrilib. Bu olaylardan keçən hər bir obrazın mənəvi xüsusiyyətləri aydın şəkildə göstərilir. Azadlıq savaşı hər bir qəhrəmanın taleyindən keçib. Kiminin şəhidlik zirvəsinə ucalmasına, kiminin azad yaşamasına, kiminin əbədi cəhənnəm odunda qovrulmasına gətirib çıxarıb.
Filmoqrafiya
- Ailə — İsmayılın qohumu
- Bayquş gələndə... (film, 1978)
- Bəsdir, ağlama! (film, 1999)
- Bulağıstan (film, 2009)
- Cavid ömrü (film, 2007)
- Dayanacaq (film, 2009)
- Doğma sahillər (film, 1989)
Teatr fəaliyyəti
Rejissor kimi
- "Ər və Arvad" (Mar Bayciyev. 1980)
- "Mənim qayınanam" (Georgi Xuqayev. 1980)
- "Əkizlərin nağılı" (Panço Pançev. 1980)
- "Nəsrəddin" (Yusif Əzimzadə. 1991)
- "Allah onlara rəhmət eləsin" (Süleyman Rəşidi. 1993)
- "Dəli Domrul" (Aydın Haqqarar. 1994)
- "Madam Badam" (Vidadi Əliyev. 1994)
- "Abbasqulu bəy Şadlınski" (İnqilab Vəlizadə. 1996)
Aktyor kimi
- Balaş («Sevil» Cəfər Cabbarlı)
- Yaşar («Yaşar» Cəfər Cabbarlı)
- Bəhram («Solğun çiçəklər» Cəfər Cabbarlı)
- Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah»,Mirzə Fətəli Axundzadə)
- Xan («Lənkəran xanının vəziri», Mirzə Fətəli Axundzadə)
- Areluizi («İki ağanın bir nökəri», Karlo Haldoni)
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 31 iyul 2019
- "Teatr Xadimi" qızıl medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 2007
- "Tərəqqi" medalı — 25 iyun 2013
- "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)


