Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə ədəbiyyatımıza və milli-mədəni irsimizə həsr olunmuş silsilə tədbirlər keçirildi.
“Ədəbiyyatvə incəsənət” portalına MirvaridDilbaziPoeziyaMəclisi İctimaiBirliyindən verilən məlumata görə, sərgi çərçivəsində əvvəlcə “Mirvarid Dilbazinin poeziya dünyası” mövzusunda ədəbi görüş təşkil olundu. Tədbirdə Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq yolu, Azərbaycan poeziyasında özünəməxsus yeri, vətənpərvərlik ruhu, mənəvi dəyərləri və insan sevgisi ilə yoğrulmuş poetik irsi haqqında geniş söhbət açıldı.
Tədbirdə çıxış edən şair, publisist Vaqif Osmanlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin üzvü Azadə Quliyeva, əməkdar jurnalistlər Şəmsiyyə Kərimova və Əntiqə Qonaq, şair Səringül Sadə, aşıq Aidə Gülzar və birliyin üzvü Səyalı Dadaşova Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun ölməz poeziyasının bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanmasından bəhs etdilər. Görüşdə şairin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşüldü, onun sevilən şeirləri səsləndirildi.
Sərgi çərçivəsində keçirilən digər tədbir isə “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı ədəbi-mədəni görüş oldu. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan kəlağayısının milli-mənəvi dəyərlərimizdəki yeri, tarixi, zəngin ənənələri və mədəni irsimizdəki əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbirin açılışında çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayı xalqımızın milli kimliyini, qadınlarımızın zərifliyini, adət-ənənələrimizi və estetik düşüncəmizi özündə yaşadan qiymətli irs nümunəsidir. O, rəhbərlik etdiyi qurumlar tərəfindən kəlağayının təbliği, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr, nəşrlər və maarifləndirici tədbirlər barədə məlumat verdi.
Sənaye və Texnologiya Kollecinin müəllimi, milli geyimlərimizin təbliğatçısı İlahə Nuriyeva Azərbaycan kəlağayısının tarixi, onun hazırlanma xüsusiyyətləri, milli geyim mədəniyyətimizdəki rolu və UNESCO tərəfindən bəşəri qeyri-maddi mədəni irs nümunəsi kimi tanınması barədə geniş məlumat verdi.
Hər iki tədbirdə çıxış edən ziyalılar, şairlər, sənət adamları və qonaqlar Azərbaycan ədəbiyyatının və milli-mədəni irsimizin qorunmasının, təbliğinin vacibliyini vurğuladılar. Tədbirlərdə kəlağayı mövzusunda nəşr olunmuş kitablar təqdim edildi, Mirvarid Dilbazinin yaradıcılığına və milli dəyərlərimizə həsr olunmuş fikirlər səsləndirildi.
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən bu görüşlər Azərbaycan ədəbiyyatının və mədəni irsinin tanıdılması, Xalq şairi Mirvarid Dilbazinin zəngin söz dünyasının, eləcə də Azərbaycan kəlağayısının milli sərvət kimi gələcək nəsillərə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıdı.
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


