XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
26—CI DƏRC
Gündəliyində bu yazı diqqətimi çəkir: “Vurğunun oğlu olmasaydım, mütləq sirk məktəbinə gedib, kloun olardım. Usta sənətkar çıxardı məndən”.
Kabinetini səfərlərdən gətirdiyin klounlar bəzəyirdi. Rəngarəng geyimli klounlar. “Köhnə yəhudi mahnısı” kinopovestindəki kloun Əsədə vurulmamaq mümkün deyil. Çox təəssüf ki, 1971-ci ildə yazdığın bu bənzərsiz kinopovest Moskvada məzmunsuz Dövlət Kinemotoqrafiya Komitəsinin yaramaz məmurunun yeşiyində ilişib qaldı.
Alabəzək, qurama,
zınqırovlu papağı başında
dar ağacından asılmış təlxək kimi
görünür mənə
bu günlərin hər gülüşü, hər sevinci...
Uşaqlıqda kim əlvan geyimli klounları sevməyib ki. Mən də uşaqlıqda sirkə getməyi çox xoşlayırdım. Bakıya qastrola gələn bütün sirk tamaşalarına mütləq getməliydim. Atam sirkə bilet alan gün mənim üçün bayrama çevrilirdi. Yenidən sirkə məxsus o spesifik qoxunu duymaq, dövrün məşhur illüziyanisti – Kionu, jonqlyor Xosrov Abdullayevi, məşhur klounlar “Karandaş”ı, Oleq Popovu, Nikulini sirk arenasında görmək... Güldürən və düşündürən klounların çıxışı həmişə səbirsizliklə gözlənilib. Kloun sənəti ən demokratik, eyni zamanda mürəkkəb sənətlərdən biridir. Onlarlın ifasında improvizə çox güclüdür. Güldürən insanın çox vaxt gülüşünün arxasında yalqız insan, onun qəmli gözləri gizlənir. Sənin də daxilində o tənha insan oturur...
İyirmi üçüncü il olaydı.
Olaydım Çikaqoda.
bir kafedə
qəlyan çəkə-çəkə oturaydım.
Və mütləq
bir svinq çalınaydı orda.
Çalınaydı
kökdən düşmüş qəhvəyi royalda.
Çalanı özüm,
həm də zənci olaydım mütləq...
Afrika ritmlərinin, Avropa musiqisinin əsasında, afroamerika folklor elementlərinin təsiri altında yaranan cazı “dünyanın xalq musiqisi” adlandırmısan. Cazda azadlıq, sərbəstlik var. Caz improvizədir. Həm də özünüifadədir. Buna görə də totalitar rejimlər həmişə cazdan qorxub. Ona yad münasibət həmişə hiss olunub...
-Caz mənimçün nədir? 40-50-60-cı illərin özünəməxsus, təkrarsız mədəni həyatı. Xüsusi musiqi davranışı olan Bakı. Və, nəhayət, Azadlıq həsrəti. Gizli, özümün də, əlbəttə ki, o vaxt dərk etmədiyim bir həyat tərzi. Bakının diktaturaya qarşı yönəlmiş musiqi etirazı.
Babək Qurbanov Sənin gənclik çağlarında caza olan marağın haqda danışırdı ki, Vaqifin caz sənətinin ölkəmizdə düşkün sənət nümunəsi kimi qəbul edildiyi, yasaqlandığı bir zamanda bu sənətə olan marağı və onun bir çox örnəklərini məharətlə ifa edə bilməsi, bu baxımdan olduqca səciyyəvi görünməkdədir. Onun bu sahədə bir çoxlarına olan təsirindən, o cümlədən, tanınmış caz ustası və bəstəkar Vaqif Mustafazadəyə olan təsirindən danışmaq mümkündür. Belə ki, mən Vaqifin Mustafazadə Vaqiflə (o zamanlar o musiqi texnikumunda məşhur pedaqoq Şaroyevin tələbəsi idi) olan yaradıcılıq söhbətlərinin şahidi olmuşam. Onun göstərişlərinin və məsləhətlərinin (müxtəlif müasir caz akkordları, ifa üsulları, forma xüsusiyyətləri və s.) Vaqif Mustafazadə tərəfindən məmnuniyyətlə qarşılandığını görmüşəm. O dönəmdə Vaqif Səmədoğlu caz ustalarına və onların əsərlərinə yaxşı bələd idi.
Gündəliyində oxuyuram: “İndi Amerika radiosundan Uillis Konoverin apardığı “Caz vaxtı” verilişinə qulaq asıram. Rəhmətlik Vaqif Mustafazadə düşdü yadıma. Fağırın qulağı onun-bunun maqnitofonunda qalmışdı. Gözünə öz evində içindən caz çıxara biləcək bir şey dəymirdi. Əlbəttə ki, öz barmaqlarından, öz royalından savayı... Sten Hats indi elə bil saksafonda caz yox, mərsiyə çalır yazıq Vaqifə...”.
- 50-ci ilin ortalarında Bakının klublarında, mədəniyyət saraylarında caz musiqisi sel kimi axmağa başlamışdı. Dəmiryolçular klubunda ən yaxşı caz orkestrimiz özünə yuva qurdu. Mən özüm də yığma musiqiçilər dəstəsiylə belə rəqs axşamlarında caz çalmışam. Pianoçu kimi.
- Evdə bilirdilər?
- Məktəbin son sinfində oxuyarkən Rauf Hacıyevin rəhbərlik etdiyi “Vətən” kinoteatrının caz orkestrində işləyəcəkdim. Bir yandan atam, o biri yandan musiqi müəllimim qoymadılar.
- Axı o zaman cazın nə maqnitofon yazısı, nə də not yazısı var idi.
- Caz üstündən qadağan götürüləndən sonra Bakıya qastrola caz kollektivləri də gəlməyə başladı. On konsert verirdilərsə, hamısına gedərdik. Bundan əlavə müharibədən sonra “trofeyni” adlanan xeyli amerikan filmləri göstərilirdi. Hansında ki, caz musiqisi oldu, o musiqini ertəsi gün musiqi məktəbində hər kəs öz bacarığına görə qulağında qaldığı kimi çalmağa çalışırdı. Hər təzə eşitdiyimiz musiqini bir-birimizi əvəz eləyə-eləyə pianoda çalardıq. Məşq etmədən, bəzən heç bir-birləri ilə tanış olmayan musiqiçilər... Poeziyada da improvizə prinsipindən qorxmaq lazım deyil. Musiqidəki kimi.
İstedadlı aktyor, teatr rejissoru Cahangir Zeynalov danışırdı ki, biz Vaqiflə görüşəndə onun söylədiyi şeirlərin heç birini şeir kitablarında görmədim. O şeirləri Vaqif ekspromt, bədahətən söyləyirdi.
- Yeniyetmə vaxtı Sən yaxşı meyxana deyirmişsən. Özün də meyxana yazmısan. Meyxana da improvizədir. Sovetlər dönəmində siyasi mövzulu, duzlu-məzəli, xalqın ovqatını əks etdirən meyxanalar çox populyar idi. Onunçün də o zaman bu janr arzuolunmaz sayılırdı.
- Sabir bağında İçərişəhərin ceyilləri yığışıb, mənə, Vaqif Mustafazadəyə, Rəfiq Zəkaya pul verib, meyxana dedizdirirdilər. Hamımızdan yaxşı Vaqif Mustafazadə deyərdi.
Bu üç sənəti – cazı, meyxananı və kloun sənətini daxili azadlıq və improvizə, spontanlıq birləşdirir. ( Sənin bu üç sənətə marağın çox təbiidir.) Və bu üç sənəti Sən özündə birləşdirirsən.
Sənə improvizədə yaşayan insan da demək olar – improvizə insan.
Gündəliklərini oxuyuram. 80-cı illərin yazıları. Səliqəylə günbəgün, aybaay, ilbəil yazdığın yazıları. Ömrünün səhifələridir. Yaşadığın real həyat. Gündəliklərini çap etmək qismət olsa, adı belə olacaq yəqin: “Kağız üzərində yaşanılan ömür”. Əslində, Sən bütün ömrünü kağız üzərində yaşamısan. Şeirlərində, pyeslərində. Sənin yanında həmişə bloknot və karandaş olub. Yanında da pozan. Pozanı vaxtaşırı təmizləyərdin.
Gündəlikdən: “Pozanı spirt yaxşı təmizləyir. Amma qorxuram öz əlimlə öz pozanımı alkoqolik eləyim”.
Sənin monoloqundur gündəliklər. Özünlə söhbətin, dərdləşməyindir. Gün ərzində etdiklərin, gördüklərin, düşündüklərin haqdadır. Həyat tərzin haqdadır. Əslində, bizim ömrümüz elə içimizlə söhbətdə, dərdləşməkdə keçir. Yəni ömrümüz monoloqlardan ibarətdir. Bir dəfə Səndən soruşdum: “Öz içiylə söhbət edən adama boşboğaz demək olarmı?” Gülümsündün...
Gündəlikdə yazmaq istədiyin şeirlərin misralarını, pyeslərdən dialoqları, pritçalardan hissələr oxuyuram. Burada xatirələrə dalırsan, arzularını dilə gətirirsən. Bəzən dostların biganəliyindən sarsıldığını da yazırsan...
Yenə həyata qaytarmaq istəyirəm
köhnə dostları.
Xatirəmdə külə dönmüş ötən günləri
dirildib,
keçirtmək istəyirəm yenə
“Metropol” restoranının qapısından...
Aman Allah,
necə tanışdır mənə
bu sözləri yazan əl...
Bir-iki həftə yaşayıb o günlərdə,
yenə bu evə qayıtmaq istəyirəm.
Kömək umuram o köməksiz zamandan...
Ancaq bir-bir getdi o dostlar...
Kimi qapıdan, kimi özündən,
kimi yadımdan çıxıb...
Deyirdin: “Vaxt baxımından seytnotdayam... Vaxt, Zaman çatışmazlığı”. Əslində, insan daim seytnot vəziyyətindədir. Bir də görürsən həyat əldən gedir, etmək istədiklərin isə qalır, nə çata bilirsən, nə də ayaqlaşa bilirsən Vaxtla, Zamanla...
Bəlkə biz Vaxt, Zaman xaricində yaşayırıq?
Gündəlikdən: “Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq...”.
Neçə-neçə yazılmamış romanların, povestlərin, pyeslərin qaldı. Onların siyahısını gündəliyində oxuyuram...
Gündəlikdən:“Bədii əsər də mənim üçün canlı məfhumdur. Onlar da bəzən körpə çağında, südəmər vaxtında ölürlər. Doğulmamış ölən yazılar da var bu dünyada...”.
Sənin beynin ideyalar xəzinəsi idi. Düşündüklərini yazsaydın...
“Beynimdəki fikirləri kaş bir kəs tapılıb, yaxşı qiymətə özəlləşdirəydi. İşlədib mənə də pul-para verəydi...”.
“Mənim işim yazmaqdır” – deyirdin. Bəs sonra? Yox, sonrasını fikirləşmirdin.
1999-cu ildə mən “Uzaq yaşıl ada” kitabını nəşrə hazırlayanda evə əlində qovluq gəldin. İçində saralmış vərəqlərdə yazı makinasında çap edilmiş şeirlərin. Dedin: “Nuşa, mən bu şeirlərimi ölmüş hesab edirdim. Elə bilirdim ki, onlar da 70-ci illər yaradıcılığımın aqibətinə uğrayıb. Anar öz arxivində saxlayırmış, mənə qaytardı...”.
Gənclik illərində Anar Sənin bəzi şeirlərini, poemalarını makinada çap edib, özündə saxlamasaydı, onlar da itib-batacaqdı...
Kitaba girişdə yazdın: “...Xoşbəxtlikdən yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət və Etibar varmış. Anar varmış yer üzündə. Dost şeirlərini öz arxivində saxlayan, özünün yaradıcılıq, ictimai fəaliyyət, ailə qayğıları vaxtından kəsib, bu yazıları makinada köçürən, sahmana salan Anarım varmış...
Kitabın tərtibatçısı və redaktoru ömür-gün yoldaşım Nüşabə xanımdır. Bu işi gördüyü üçün, əziz oxucum, sənin gözlərinin qabağında diz çöküb, sevgilimin əllərini öpürəm...”.
Yaxşı ki, yazdıqlarını bir yerə yığıb, çap edə bildim. Axı mən gəlməyə də bilərdim Sənin həyatına (İndi bunu təsəvvür etmək belə mümkün deyil). Axı bu nə biganəlikdir yazdıqlarına? Ağayana arxayınçılıqdırmı bu?
Bununla bağlı yadıma 1994-cü ildə alman dilinə tərcümə edilmiş şeirlərini Berlində Ədəbiyyat evində qoymağın, onların aqibətiylə maraqlanmamağın düşdü: “Mənim 43 şeirimi alman dilinə tərcümə etdilər. Dinləyiciləri əsasən orta yaşlı almanlardan ibarət 150-200 adamlıq bir zalda keçirilən gecədə auditoriyanı şeirin orijinalda səslənməsiylə tanış etmək üçün Azərbaycan dilində bir şeirimi oxudum və düşündüm ki, bu kifayət edər. Tərcüməçiyə də dedim ki, şeirlərimi almanca oxumağa davam etsin. Gecənin aparıcısı Tomas təəccüblə mənə baxaraq: “Nayn, nayn”, - dedi. Yəni bütün şeirləri orijinalda oxumaq lazımdır. Mən elə də etdim. Məni heyrətləndirən auditoriya oldu. Almanların mədəniyyəti, səbri... Onlar nəinki mənə diqqətlə qulaq asırdılar, hətta ayrıca sözləri başa düşürlərmiş kimi qarşılayır, dəfələrlə əl çalırdılar. Sonra isə şeirlərin almanca tərcüməsi səsləndi. Mən başa düşdüm ki, Almaniya dünyada yeganə ölkədir ki, burada dünyanın başqa ölkələrindən fərqli olaraq Rixard Vaqnerin operaları ixtisarsız, bütöv şəkildə qoyula bilər. Gecədən sonra mənə orta yaşlarda bir alman yaxınlaşdı. Velvet gödəkçədə, sürtülmüş cins şalvarda. O, şeirlərə görə öz minnətdarlığını bildirdi və almanca kitabımın olub-olmadığını soruşdu. Mən deyəndə ki, yoxdur, öz vizit kartını verdi və xahiş etdi ki, kitabım çıxanda öz imzamla ona göndərim, o da dərhal onun dəyərini mənə ödəyəcək. Sonradan məlum oldu ki, bu adam Almaniyanın varlı, nüfuzlu iş adamlarından biridir”.
Gündəliyində oxudum ki, oradakı cənubi azərbaycanlılardan kimsə Sənin almanca kitabını çıxarmağa boyun olub. Lakin nəinki alman dilində kitabın çıxdı, üstəlik tərcümələrin də orada qaldı. Təəccüblənmərəm, nə vaxtsa o şeirlər alman şairi, səyyahı Bodenştedt kimisinin imzasıyla çıxsa, Mirzə Şəfi Vazehin başına gələn Sənin də başına gəlsə...
“Bu dünyanın nəyi var, nəyi yox? Bir yatmağı var, yatıb yuxu görməyi, yuxu qara gələrsə, diksinib oyanmağı, oyanıb dünyanı görməyi var, yəni özü ilə üz-üzə durmağı var. İnsan da eləcə. Mənimki də belə gəldi, beləcə gətirdi. Nə az, nə çox, gəlib durdum öz qabağımda, dirəndim taleyimə...”.
Bəlkə belə başlayacaqdı yazmaq istədiyin xatirələr? Təəssüf ki, bunu heç vaxt bilməyəcəm. Ancaq onu dəqiq bilirəm ki, Sən xatirələrini bir neçə variantda yazmışdın beyninə. Saf-çürük də etmişdin onları. Qalmışdı onları vərəqə köçürmək. Nə özün etdin, nə məni qoydun, nə də kiminsə bu işdə Sənə yardımçı olmasına razılıq verdin. Dedin: “Nuşa, bunu ancaq özüm yazmalıyam. Diktə edib, yazdırmaq mənlik deyil”.
Ad da fikirləşmişdin xatirələrinə – “Sınıq güzgünün qırıntıları”...
2011-ci ildə Bakıda Səni müayinə edən alman həkiminə verdiyin: “Beş il yaşayacağam?” sualını o cavabsız qoyudu və sualına sualla cavab verdi: “Beş il Sizə nə üçün lazımdır?” “Xatirələrimi yazmaqçün...”.
Xatirələr yazılmadı. İki ay sonra ürəyindən əməliyyat keçirdin, iki il sonra xərçəng və ...
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


