Super User
Aktyor Fazil Salayevin 95 illiyidir
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzən bir aktyorun tanınmasına cəmi bir rol kifayət edir. Azərbaycanın teatr və kino aktyoru Fazil Salayev də belələrindən olub, "Şərikli çörək" filmində yaratdığı Qırçı Məhəmməd obrazı filmdəki braza real həyatdakı xüsusiyyətləri pərçimləmək kimi istedadın mükəmməl göstəricisi olub.
Bu gün aktyorun oğum günüdür, yubileyidir.
Fazil Salayev 1 sentyabr 1931-ci ildə Bakı şəhərində, İdris Salayevin ailəsində anadan olub. Onun əsli Abşeron rayonunun Fatmayı kəndinə dayanır. Erkən yaşlarından yazıya və təsviri sənətə maraq göstərib. Orta təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul oluub və təhsilini müvəffəqiyyətlə tamamlayıb.
Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərib, Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının da təhsil aldığı sinfə rəsm dərsi verib. Bununla yanaşı, "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunub və bu ali təhsil müəssisəsini bitirib.
Məzuniyyətdən sonra Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul edilib, burada müxtəlif səhnə obrazları yaradıb. Lakin yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib. İlk rolunu 32 yaşında ifa etsə də, geniş tamaşaçı auditoriyası onu məhz kinoaktyor kimi tanıyıb.
Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. Bir il sonra rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində o, müxbir obrazını canlandırıb. Daha sonra "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" filmində Fazil, "Dərviş Parisi partladır" filmində isə Qulaməli obrazlarını yaradıb. Akademik Milli Dram Teatrından ayrıldığı dövrdə "Mozalan" satirik kinojurnalında müxtəlif xarakterik rollar ifa edib.
Qeyd etdiyim kimi, 1969-cu ildə Şamil Mahmudbəyovun rejissorluğu ilə çəkilmiş "Şərikli çörək" filmində canlandırdığı Qırçı Məhəmməd obrazı aktyorun istedadının fərqli aspektlərini üzə çıxarıb. Bu psixoloji rol onun amplua məhdudiyyətinin olmadığını nümayiş etdirib, Azərbaycan kinosunda sükutla emosiyaların ifadəsi baxımından diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilib.
Bundan əlavə, televiziya ekranlarında yayımlanan "Komediyalar aləminə səyahət" verilişində müxtəlif səhnəciklərdə çıxış edib.
Filmoqrafiya
- 777 №-li iş
- Axırıncı aşırım
- Alma almaya bənzər
- Araşdırın
- Arvadım mənim, uşaqlarım mənim
- Arzu
- Bir cənub şəhərində
- Bizim Cəbiş müəllim
- Dərviş Parisi partladır
- Günlərin bir günü...
- İyirmialtılar
- Möcüzələr adası
- Ögey ana
- Rəqiblər
- Sən niyə susursan?
Fazil Salayev çox az yaşayıb, 20 iyun 1978-ci ildə ömrünün 46-cı baharında dünyaya gözlərini qapayıb.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Özünə doğru üzən gəmi
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər gecə üfüqə açılan gəminin limanıdır. Günəş doğmadan öncə qaranlıq sahillərdə yalnız dolaşarsan. Gah səmaya baxaraq qütb ulduzundan xəbər alarsan, gah küləyə qarışıb bütün ruhunla təslim olarsan, gah da dərin dalğaların arasında ahəstə-ahəstə addımlarla üfüqə boylanarsan.
Bu uzun yolçuluqda gəmini idarə edən kapitan sənsən. Sükan çarxını hansı tərəfə döndərsən, yolun da səni o istiqamətə aparacaq. Bir sözlə, bu gəminin Cek Sperrousu sənsən. Sükanı hara döndərsən, macəran da səni ora aparacaq.
Bu yolçuluqda qarşına hər şey çıxa bilər. Bəzən dəniz sakit qalacaq. Sanki dünya sənin üçün susub. Bəzən dalğalar yolunu çaşdıracaq, səni sağa-sola sürükləyəcək, yolunu dəyişməyə məcbur edəcək. Bəzən isə sahildə dayanıb geri qayıtmaq istəyəcəksən. Çünki bilmədiyin yollar insana həmişə çətin görünər.
Amma unutma, bu yolda sən sadəcə bir yolçu deyilsən. Gəminin kapitanısan. Kapitan sakit havalarda yox, fırtınalarda tanınır. Sükanı möhkəm tutduğun, qorxuna baxmayaraq yoluna davam etdiyin hər an səni olduğun sənə bir az daha yaxınlaşdıracaq.
Bu yolda arxada qalanlar da, səninlə bərabər üzənlər də olacaq. Gedənlər həyatı daha aydın göstərəcək, qalanlar isə yolunu işıqlandıracaq. Bütün bunların sonunda sükan yenə sənin əlində olacaq. Və sən bir gün üfüqə baxıb anlayacaqsan ki, bütün yolçuluq boyunca sən, əslində, özünə doğru üzürmüşsən.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Qətərdə 2022 FIFA Dünya Kubokunun açılış mərasimində oxuyan müğənni
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün çağdaş dünyanın yeni nəsil ulduz müğənnilərindən birinin - Jeon Jungkook-un doğum günüdür. Vur-tut 29 yaşı tamam olur, amma bu 29 ildə o nələr edib, nələr! Ən azından, Qətərdə 2022-ci ildə FIFA Dünya Kubokunun açılış mərasimində çıxış etməsi elə hər şeyə dəyər.
Jeon Jungkook 1 sentyabr 1997-ci ildə Koreya Respublikasının Busan şəhərində anadan olub. Ailəsi valideynlərindən və böyük qardaşından ibarətdir. Busanda Bekyan İbtidai və Orta Məktəbində oxuyub. Stajyer olduqdan sonra Seuldakı Sinqu Orta Məktəbinə köçüb. Conquk kiçik yaşlarında badminton oyunçusu olmaq arzusunda idi, lakin G-Dragon-un televiziyada "Heartbreaker" mahnısını ifa etdiyini gördükdən sonra bu, onun müğənni olmaq istəyinə təsir edib.
2011-ci ildə Conquk Cənubi Koreyanın "Superstar K" istedad şousu üçün Tequda keçirilən dinləmələrdə iştirak edib. O, seçilməsə də, yeddi əyləncə şirkətindən kastinq təklifləri alıb. O, hazırda qrup üzvü və BTS-in lideri olan RM-in çıxışını gördükdən sonra Big Hit Entertainment altında stajyer olmağı seçib. Debütə hazırlaşarkən rəqs bacarıqları üzərində işləmək üçün 2012-ci ilin yayında "Movement Lifestyle"-dan rəqs təlimi almaq üçün Los Ancelesə gedib.
2012-ci ilin iyun ayında o, Co Kvonun "I'm Da One" musiqi videosunda göründü və debütdən əvvəl Glam üçün ehtiyat rəqqas kimi də çalışıb. O, 2017-ci ildə Seul İncəsənət Məktəbini, incəsənət liseyini bitirib. 2016-cı ilin noyabrında o, Koreyanın ümummilli universitetlərinə qəbul imtahanı olan CSAT-dan imtina etmək qərarına gəlib. 2022-ci ilin mart ayında o, Qlobal Kiber Universitetinin Yayım və Əyləncə Departamentində elmi dərəcəsi alıb. O, məktəbin ən yüksək mükafatı olan Prezident Mükafatına layiq görülüb.
12 iyun 2013-cü ildə Conquk "2 Cool 4 Skool" adlı sinqlın buraxılması ilə BTS üzvü kimi debüt edib. BTS altında o, üç solo mahnı oxuyub,2016-cı ilin "Wings" albomundan olan ilk pop treki "Begin" ilə gənc yaşda idol olmaq üçün Seula köçmdüyü dönəmin hekayəsini danışdı və bu müddət ərzində ona qayğı göstərdikləri üçün qrup yoldaşlarına minnətdarlığını ifadə edib.
İkinci, "Euphoria" adlı gələcək bas mahnısı, 5 aprel 2018-ci ildə BTS-in "Love Yourself" seriyasının üçüncü hissəsinin təqdimatı olaraq doqquz dəqiqəlik qısametrajlı filmlə birlikdə buraxılıb. DJ Svivel tərəfindən hazırlanan mahnı Billboard "Bubbling Under Hot 100"-də beşinci yerdə qərarlaşıb. Onun tam studiya versiyası BTS-in 24 avqustda buraxılmış "Love Yourself: Answer" kompilyasiya albomuna daxil edilib.
Qrupun 2020-ci il studiya albomu "Map of the Soul: 7"-dən olan üçüncü solo, "My Time" karyerasına görə keçmiş yeniyetmə təcrübələrindən bəhs edən parlaq R&B mahnısıdır və ABŞ Billboard Hot 100-də 84-cü yerdə qərarlaşıb. "Euphoria" " və "My Time" Billboard Dünya Rəqəmsal Mahnı Satışları cədvəlində K-pop müğənniləri arasında birinci və ikinci ən uzun qrafikə malik solo treklərdir və sıralamada müvafiq olaraq rekord 90 və 85 həftə keçiriblər.
Conquk BTS-in iki mahnısının əsas prodüseri kimi qəbul edilib: "Love Is Not Over" və "Magic Shop". 25 oktyabr 2018-ci ildə Conquk (BTS-in qalan üzvləri ilə birlikdə) Cənubi Koreya Prezidenti tərəfindən beşinci dərəcəli (ing. Hwagwan) Hvavan Mədəni Xidmət Ordeni ilə təltif edilib. 2021-ci ilin iyul ayında o, "davamlı inkişaf kimi gələcək nəsillər üçün qlobal gündəmə rəhbərlik etmək" və beynəlxalq ictimaiyyətdə "Cənubi Koreyanın diplomatik səylərini və qlobal mövqeyini genişləndirmək" məqsədi ilə BTS-in digər üzvləri ilə birlikdə Prezident Mun Çe-İn tərəfindən gələcək nəsillər və mədəniyyət üzrə xüsusi elçi təyin edilib.
2015-ci ilin sentyabrında Conquk Koreya Müharibəsinin xatirəsinə çoxsaylı koreyalı sənətçilərlə birlikdə mahnı əməkdaşlığında iştirak edərək "Bir yuxu, bir Koreya" (ing. "One Dream, One Korea") kampaniyasında iştirak edib. Mahnı sentyabrın 24-də buraxıldı və oktyabrın 15-də Seulda One K konsertində təqdim olunub. 2016-cı ildə Conquk "Flower Crew" serialının pilot epizodunda rol alıb.
O, həmçinin "Celebrity Bromance"-də görünüb və 72-ci bölümdə görünən "Qılıncoynadan Adam" adı altında "King of Mask Singer"-də yarışıb. 6 noyabr 2018-ci ildə Conquk MBC Plus X Genie Musiqi Mükafatları zamanı orijinal müğənni Çarli Put ilə xüsusi əməkdaşlıq mərhələsində "We Don't Talk Anymore" mahnısını ifa edib. Bundan əvvəl o bu mahnını solo və BTS üzvü Çimin ilə iki dəfə cover edib.
2022-ci ilin fevralında Conquk BTS-ə əsaslanan yeni vebtoon olan "7Fates: Chakho" üçün soundtreki oxuyub. "Stay Alive" adlı və həmkarı BTS üzvü Suga tərəfindən prodüserlik edilmiş mahnı Conquka 95 nömrə ilə debüt edərək Billboard Hot 100-də ilk solo girişini və ilk dəfə Billboard Global Excl. Top 10 ABŞ cədvəlində səkkizinci sıranı qazanıb.
Böyük Britaniyada o, tarixdə OCC-nin Rəsmi Siqllar cədvəlində debüt edən ilk koreyaca soundtrek olub və 89-cu sıraya daxil olub. Conquk, 24 iyunda yayımlanan "Left and Right" sinqlı ilə yenidən Çarli Put ilə əməkdaşlıq edib. Noyabrın 20-də Conquk, elə həmin gün Qətərdə 2022 FIFA Dünya Kubokunun açılış mərasimindəki çıxışından əvvəl "Dreamers" sinqlı buraxıb — sinql turnirin rəsmi soundtrack albomuna daxil ediləcək.
O, Əl Bayt Stadionunda keçirilən tədbirə rəhbərlik edib və mahnını Qətər müğənnisi Fahad Al Kubaisi ilə birlikdə ifa edərək, Dünya Kuboku üçün rəsmi mövzu oxuyan və tədbirin açılış mərasimində çıxış edən ilk koreyalı sənətçi olub. Conquk, 2023-cü ilin mart ayında Calvin Klein üçün ən yeni qlobal səfir olaraq elan edilib, o Calvin Klein Jeans və Calvin Klein Underwear üçün kampaniyalarda görünəcək.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
“Maraqlı söhbətlər”də Xruşşov və Azərbaycan
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1960-ci ilin aprel ayında sovet Azərbaycanın 40 illiyi münasibədilə SSRİ rəhbəri Nikita Xruşşovun Azərbaycana səfəri başlayır. O,Bakıya qatarla gəlir. Qarşılanma mərasimindən sonra vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirən ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşur:
- Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?
Xruşşovun qəfil sualı Axundovu çaşdırsa da o, suala dərhal cavab tapır:
- Nikita Sergeyeviç, bu daxmalarda sakinlər əsasən ev heyvanları saxlayırlar.
Xruşşov başını bulayaraq gülümsəyir:
- Sizin heyvanlarınız, deyəsən, çox savadlıdır. Daxmaların hamısının üstündə antenlər var.
P.S. N. Xruşşov haqqında nə deyilsə də,nə yazılsa da, amma bir şey aydındır ki,o hakimiyyəti dövründə Qarabağ mövzusunda Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirib və ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkliflərini qətiyyətlə rədd edib. Anastas Mikoyanla yaxın dostluq əlaqələrinə baxmayaraq,tarixi ədalətsizliyə yol verməyib.
Belə ki, 1964-cü ilin yanvar ayında Nikita Xruşşov Qarabağ məsələsi ilə bağlı Mikoyanın layiqli cavabını verib: “Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim.”
Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə birdəfəlik münasibətini bildirib.
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
O, ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etdi
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun ardıcıl və müntəzəm şəkildə irihəcmli akvarel silsilələrinə qüvvətli meyl etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunan "Xınalıq" akvarellər silsiləsindən "Yağışdan sonra" lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil edib.
Bu gün Azərbaycan SSR xalq rəssamı Yusif Hüseynovun anım günüdür. O, 1928-ci il oktyabr ayının 15-də Bakıda anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirib. Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr edən Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaradıb.
Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyillər rəssamın yaratdığı portretlərdə də öz əksini tapıb. Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olub. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərib. "Göyərçin" uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr verib.
Respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib, 1987-ci ilə qədər ittifaqa rəhbərlik edib.
Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunub. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri olub. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışıb. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf edib.
Rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat edib. Allah rəhmət eləsin!
Təltifləri
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Göylərin əfsanəsi: "Atəş ramı" ilə tarix yazan Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan hərb tarixinə adını əbədi həkk etmiş pilot, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin HHQ polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyev, 44 günlük Vətən müharibəsinin ilk günlərindən göylərdə dastana çevrilmiş bir simadır. O, idarə etdiyi "Su-25" hücum təyyarəsi ilə düşmənə endirdiyi sarsıdıcı zərbələr və ömrünün son saniyəsində qəbul etdiyi fədakar hərbi qərarı ilə İkinci Dünya müharibəsindəki əfsanəvi pilotların fədakarlığını müasir dövrümüzdə yenidən canlandırmışdır.
Göylərə bağlanan ömür: Bakıdan asimanlara
Zaur Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarından səmaya, təyyarələrə olan sevgisi onu hərbi təhsilə yönəldir:
Təhsili: 1985–1992-ci illərdə Bakı şəhərinin 192 nömrəli tam orta məktəbində, 1992–1995-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Ali peşə hazırlığı: 1995-ci ildə Türkiyə Respublikası Hava Hərbi Məktəbinə Hava Harp Okulu qəbul olub və 2000-ci ildə bu ali təhsil müəssisəsini uğurla başa vuraraq hərbi təyyarəçi kimi doğma vətənə qayıdıb.
Zaur Nudirəliyev Azərbaycan HHQ-də xidmət etdiyi illər ərzində ən təcrübəli pilotlardan birinə çevrilir. O, hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini uçuş planlaşdırma şöbəsinin rəisi vəzifəsinə qədər yüksələrək polkovnik rütbəsini daşıyırdı. "Su-25" hücum təyyarəsinin peşəkar pilotu olan Zaur, gənc təyyarəçilərin yetişdirilməsində də əvəzsiz rol oynamışdı.
Vətən müharibəsi və səma döyüşləri
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda polkovnik Zaur Nudirəliyev hərbi təyyarəçi kimi dərhal ön xəttə atıldı. O, düşmənin illərlə qurduğu və "keçilməz" adlandırdığı hava hücumundan müdafiə HHM sistemlərini sıradan çıxarmaq və yerüstü canlı qüvvəsini məhv etmək üçün təhlükəli uçuşlar həyata keçirirdi.
Müharibənin ilk günlərində onun idarə etdiyi təyyarə düşmənin sığınacaqlarını, komanda məntəqələrini və ağır texnika karvanlarını darmadağın etdi. Təcrübəli pilot kimi səmada etdiyi manevrlər erməni ordusunun radiolokasiya sistemlərini iflic vəziyyətinə salırdı.
4 oktyabr: Müasir hərb tarixinin "atəş ramı" Qastello fenomeni
4 oktyabr 2020-ci ildə polkovnik Zaur Nudirəliyev növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl rayonu istiqamətində havalanır. Tapşırıq uğurla icra edilir və düşmənin mühüm hədəfləri vurulur. Lakin geri qayıdarkən, onun "Su-25" təyyarəsi düşmənin zenit-raket kompleksi tərəfindən hədəfə alınır və vurulur.
O kritik saniyələrdə baş verənlər:
Katapult imkanı: Təyyarə zədələnsə də, polkovnikin katapult edərək paraşütlə atılaraq sağ qalmaq şansı var idi. Lakin hadisə düşmən mövqelərinin üzərində baş verirdi və atılacağı təqdirdə o, ermənilərə canlı əsir düşəcəkdi. Yüksək rütbəli kəşfiyyat və uçuş məlumatlarına malik bir polkovnikin əsir düşməsi hərbi qanunlara görə yolverilməz idi.
Tarixi qərar: Zaur Nudirəliyev katapult etməkdən qətiyyətlə imtina edir. O, alovlanan təyyarəni yerə doğru deyil, aşağıda qaçışan və cəm halda dayanan erməni hərbçilərinin və hərbi texnikasının düz mərkəzinə istiqamətləndirir.
Nəticə: "Su-25" böyük bir sürətlə düşmən səngərinə çırpılır. Güclü partlayış nəticəsində onlarla düşmən əsgəri və çoxlu sayda hərbi texnika yerindəcə məhv edilir. Zaur Nudirəliyev öz canı bahasına düşmənə ağır zərbə vuraraq qəhrəmancasına şəhid olur.
Hərb elmində bu fədakarlıq "atəş ramı" odlu taran adlanır. Zaur Nudirəliyev bu addımı ilə özünü fəda edərək Azərbaycan əsgərinin düşmənə təslim olmayan ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ali mükafatlar və əbədi ehtiram
Polkovnik Zaur Nudirəliyevin bu unikal rəşadəti dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra aşağıdakı ali mükafatlara layiq görülmüşdür:
"Vətən Müharibəsi Qəhrəmanı" adı — Azərbaycanın ən ali hərbi təltifatı
"Vətən uğrunda" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı
Şəhid polkovnik Bakı şəhərində, İkinci Fəxri Xiyabanda hərbi ehtiramla dəfn olunub. Onun xatirəsini əbədiləşdirmək üçün vaxtilə oxuduğu Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbə və paytaxtın mərkəzi küçələrindən birinə Zaur Nudirəliyevin adı verilmişdir.
Göylərin hakimi, yerdə isə düşmənin qənimi olan bu böyük komandirin və pilotun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Xəzərin günbatar qıyısında bir ad…
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Deyir, siyasi təşkilatların ömrünü yalnız müqavilələr uzatmır.
Mədəniyyətin olmadığı yerdə geopolitika çox zaman mexaniki xarakter daşıyır.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanındakı varlığının çox anlamlı rəmzlərindən biri Nizami Gəncəvinin büstünün Pekində – təşkilatın mənzil-qərargahında ucalmasıdır. Büst 2021-ci ildə Nizaminin 880 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulub.
Bu fakt ilk baxışda sırf mədəni hadisə təsiri bağışlayır; dərin qatda isə tamam başqa anlamlar daşıyır.
Nizaminin mənəvi coğrafiyası da bugünkü Avrasiyanın böyük hissəsini birləşdirirdi. Onun düşüncə dünyasında türk, fars, ərəb, çin, yunan, hind mədəni qatları eyni bəşəri təfəkkür müstəvisində görüşürdü.
Bəli, Nizami xəritə çəkmirdi – mənəvi coğrafiya yaradırdı.
Yüzillər sonra həmin geniş coğrafiyada başqa vasitələrlə – dəmir yolları, limanlar, enerji xətləri, rəqəmsal şəbəkələr, siyasi platformlarla yeni bağlantılar qurulur.
Deməli, bir vaxtlar mədəniyyətin birləşdirdiyi coğrafiyanı indi iqtisadiyyat və diplomatiya yenidən birləşdirir.
Azərbaycanın isə hər iki yaddaşı vardır: Nizaminin mədəni yaddaşı və Orta Dəhlizin strateji iradəsi!
Bu ikisini bir-birindən ayırmaq heç lazım da deyil.
Əksinə, Azərbaycanın Avrasiyadakı fərqli mövqeyi elə bundadır.
Qədim çağlarda yollar şəhərlər doğururdu. İpək Yolu üzərində şəhərlər böyüyür, bazarlar yaranır, dillər qarşılaşır, mədəniyyətlər bir-birindən öyrənirdi…
Yolun qəribə fəlsəfəsi vardır: o yalnız bir yerdən başqa yerə aparmır;
getdiyi yerləri bir-birinə tanıdır.
Karvanın yükü ipək, ədviyyat, metal, daş-qaş ola bilərdi, amma karvanla birgə söz də gedirdi, düşüncə də, musiqi də, inanc da, sənət də…
Bir sözlə, yol maddi sərvətlə yanaşı, mədəniyyət daşıyırdı.
Tarixi İpək Yolunda Azərbaycan da yalnız yol üstündə yerləşən məkan olaraq qalmırdı; bura mədəniyyətlərin bir-birini gördüyü, fərqli düşüncə və yaşam biçimlərinin qovuşduğu, Gündoğarla Günbatarın bir-birini tanıdığı önəmli ünvanlardan idi.
Ona görə bugünkü yollarımıza yalnız iqtisadi statistikanın gözü ilə baxsaq, böyük mənzərənin bir hissəsi görünməz qalar.
Yeni İpək yolları da yalnız konteyner daşımayacaq.
Onlar ideya, texnologiya, yatırım, enerji, mədəniyyət və siyasi təsir daşıyacaq.
Əsas məsələ yalnız yüklərin Azərbaycandan keçməsi ola bilməz.
Yollar Azərbaycandan keçdikcə Azərbaycan özü də yol yaradan, yön verən, bağlantıya siyasi, iqtisadi və mədəni məzmun qazandıran dövlət olaraq, töhfələrini zənginləşdirir.
Bax, tranzitlə strateji bağlantı arasında fərq də burada başlayır.
Tranzit ölkənin ərazisindən yük keçir.
Bağlantı dövləti isə o yükün keçdiyi coğrafiyalar arasında güvən yaradır.
Tranzit – yol təqdim edir; bağlantı – dövləti yolun gələcəyini qurur.
Tranzit – məsafəni qısaldır; bağlantı isə coğrafiyaları yaxınlaşdırır.
Ona görə Azərbaycanın qarşısındakı vəzifəni yalnız “tranzit ölkə olmaq” kimi müəyyənləşdirsək, mövzunun mahiyyətini daraltmış olarıq.
Tranzit başlanğıc mərhələdir; növbəti mərhələ logistik mərkəzə çevrilmək, daha sonrakı mərhələ istehsal və yatırım qovşağı olmaq, daha yüksək mərhələ isə geosiyasi, geoiqtisadi bağlantı mərkəzinə çevrilməkdir.
Azərbaycan məhz həmin yöndə irəliləyir.
Buradan başqa bir sual doğur:
Azərbaycanın ŞƏT məkanına ehtiyacı olduğu kimi, ŞƏT məkanının Azərbaycana ehtiyacı varmı?
Cavab: Əlbəttə, var!
Çün təşkilatın böyük iqtisadi və demoqrafik ağırlığa malik üzvlərinin bir çoxu üçün Günbatara doğru ən səmərəli istiqamətlərdən biri Xəzər–Azərbaycan–Qafqaz–Türkiyə xəttindən keçir.
Ona görə də məsələni yalnız “Azərbaycan ŞƏT-dən nə qazanır?” sualına bağlamaq doğru olmazdı.
Bəzən bir dövlətin beynəlxalq çəkisini onun hansı quruma daxil olmaq istəməsindən ziyadə, həmin qurumun o dövlətin imkanlarına nə qədər ehtiyac duyması daha dəqiq göstərir.
Bu baxımdan belə bir fikir söyləmək, məncə, tam yerinə düşür:
ŞƏT-in Azərbaycana ehtiyacı Azərbaycanın ŞƏT-ə marağı qədər strateji önəm daşıyır.
Böyük coğrafiyalar yalnız böyük dövlətlərlə qurulmur.
Böyük coğrafiyalar onları bir-birinə bağlayan güvənli dövlətlərlə qurulur.
Azərbaycan belə dövlətlərdəndir.
Burada yenidən mədəniyyət məsələsinə qayıdaq.
Mədəniyyət siyasətdən daha uzunömürlü yaddaşdır.
Dövlətlərarası münasibətlərin siyasi məzmunu zaman-zaman dəyişə bilər, iqtisadi modellər yenilənə, yeni təşkilatlar yarana, başqa təşkilatlar tarixə qarışa bilər.
Lakin xalqların yaddaşında yaranmış yaxınlıq daha dərin qatlarda yaşayır.
Azərbaycanla Orta Asiya arasında dastan, saz-söz, dil, düşüncə, adət-ənənə ortaqlığı heç bir çağdaş yükdaşıma dəhlizinin çəkilməsini gözləmirdi.
Bugünkü siyasətin böyük üstünlüyü ondadır ki, mədəni yaddaşla geosiyasi gerçəklik getdikcə bir-birinə yaxınlaşır.
Bir zamanlar sözün keçdiyi yollarla indi qatarlar keçir.
Bir zamanlar dastanların dolaşdığı coğrafiyadan indi yük axını keçir.
Bir zamanlar şairlərin mənəvi üfüqündə qovuşan şəhərlər bu gün dəmir yolu, hava yolu, enerji xətti, rəqəmsal şəbəkələrlə bir-birinə bağlanır.
Beləcə, tarix özünü təkrarlamır – özünü yeni biçimdə davam etdirir.
Bəlkə, Azərbaycanın Avrasiyadakı yeni rolunun kulturoloji anlamı da elə budur.
Biz yalnız Gündoğarla Günbatarın arasında yerləşmirik; biz yalnız Quzeylə Güneyi birləşdirmirik.
Biz dünənlə sabahın da arasında dayanmışıq:
qədim İpək Yolunun yaddaşı ilə çağdaş Orta Dəhlizin iradəsi;
Nizaminin söz coğrafiyası ilə yeni Avrasiyanın siyasi coğrafiyası;
mədəniyyətin yüzillər öncə yaratdığı yaxınlıqla dövlət siyasətinin bu gün qurduğu bağlantı bir-birinə qovuşur.
Belə bir qovuşmada Azərbaycan sadəcə “arada yerləşən” ölkə sanıla bilərmi? – Azərbaycan aranı birləşdirən ölkədir.
Bu iki anlayış arasındakı fərq, əslində, bütöv bir dövlətçilik fəlsəfəsinin fərqidir. Birincidə coğrafiya taledirsə, ikincidə coğrafiya iradədir.
Birincidə yol səndən keçir, ikincidə yolu sən qurursan.
Azərbaycanın çağdaş siyasi tarixinin özəlliyi də budur: biz coğrafiyanın verdiyi imkanı dövlət ağlının yaratdığı üstünlüyə çeviririk.
Şanxaydan başlayan, Səmərqənddən, Astanadan, Tiencindən keçib Bişkekə uzanan siyasi yolun xəritəsinə diqqətlə baxanda Xəzərin günbatar qıyısında bir ad getdikcə daha aydın görünür:
AZƏRBAYCAN!
Respublikamızın adı artıq yalnız xəritədəki yerimizin adı olaraq oxunmur; o, getdikcə Avrasiyadakı rolumuzun adına çevrilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
İlk milli baletimizin — "Qız qalası"nın libretto müəllifi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizə bir aktyor-rejissorumuz barədə danışmaq istəyirəm.
Bu gün onun anadan olmasının 125-ci ildönümüdür.
Amma o, tək rejissorluqda ad çıxarmayıb. O həm də ilk milli baletimizin — "Qız qalası"nın libretto müəllifidir.
İndisə daha geniş.
İsmayıl Hidayətzadə 1 sentyabr 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. İsmayıl 1909-cu ildən etibarən "İttihad" məktəbində oxuyub. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirib. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadıb. Uşaqlıqdan canında olan aktyorluq həvəsi gündən-günə qüvvətlənib. Gənc həvəskar aktyor az keçmir ki, "balaca Ərəblinski" adı ilə şöhrətlənib.
O vaxt sənətə gələn gənclərin əksəriyyətini bu adla çağırıblar. Hüseyn Ərəblinskinin təsiri altına düşən bu gənclər hər vəclə ona oxşamağa, səhnədə onu təqlid etməyə çalışıblar. İsmayıl Hidayətzadə də belə gənclərdən biri olub.
İsmayıl, eyni zamanda rejissorluq sənətinə də maraq göstərib. Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında asissent işləyib. 1926-ci ildə arabir özünü rejissorluqda sınayıb. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdıb. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona tapşırılıb. Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirib. Rus Dram Teatrında "1905-ci ildə", "Vaqif" tamaşalarını qoyub.
İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin — "Qız qalası"nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb.
Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində də çəkilib. 2001-ci ildə altyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Filmoqrafiya
1. Qız qalası əfsanəsi
2. Bismillah
3. Altıncı hiss
4. Almaz
İsmayıl Hidayətzadənin 11 noyabr 1951-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Fədakar ömrün 8 anı - 8 pərdəli sənət və sevgi dramı üçün sinopsis
Hafiz Ataxanlı,
“Ədəbiyyat və incəsənət” üçün
Proloq
Hüseyn kişi tarladan arğın- yorğun dönmüşdü. Sazı götürdü. Bəsti xala çay gətirmək istədi.
- Yox, çayı bir azdan verərsən,- eyvanda oturub sazı köklədi,- yorğunluğumu ancaq sazla çıxarıram, bu gün əldən düşmüşəm.
Sazı sinəsinə basıb ayrıldı bu dünyanın qayğılarından,beynini gündəlik məşğul edən taxıl planından,əməkgünü cədvəlindən,sədrlik məsuliyyətindən.
Qazaxda, Yuxarı Göycədə o qədər qəm yiyəsi tanıyırdı, onları düşünürdü, ikinci cahan savaşının başsız qoyduğu ailələri, atasız uşaqları göz önünə gətirirdi, kədərli duyğuları ürəyindən barmağına, ordan da dərdə simsar simlərə ötürürdü. Bir də başını qaldırdı ki, İbrahim, İsrafil əmioğlanları dayanıblar qarşısında, ona baxırlar
-Ağrın aleym, tanımasaydım səni, elə bilərdim ki, Qori seminariyasını yox, aşıqlar məktəbini bitirmisən, - İbrahim heyranlıqla gülümsədi
İsrafil də zarafata qoşuldu:
- Əmioğlu, öleym, ta sənin yanında əlimə saz götürmərəm.
-Bəsdirin, məni çox tərifləməyin, sonra sizin çalğınızı bəyənmərəm ha,- Hüseyn müəllim ürəkdən güldü, sonra Bəstiyə səsləndi:
-Vidadi hardadır, a Bəsti, bayaqdan gözümə dəymir axı.
-Harda olacaq, teatr çıxarır, - Bəsti çayları gətirdi.
İbrahim sevincək dilləndi:
-Hə, Hüseyn qağa, doğrudan ha, Allah saxlasın, dünən biz də baxdıq, əminəvəsi əməlli- başlı oyun çıxarır.
-Yaxşı, balam, bəs tamaşa nədən bəhs edir? Bildiyimə görə pal- paltar, müəyyən əşyalar- filan lazım olur tamaşa üçün. Bəs onları hardan tapıb?
-İndiyəcən kəndimizdə nə qədər məzəli hadisə baş veribsə, yığırmış çinədanına, özü yazıb- pozub, internat məktəbdən də döşəkağı gətirib, soyunma otağı, bir də səhnə düzəldib. Maşallah, fərasətli uşaqdır, yaxşı gələcəyi var.
İbrahim əmioğlusunun sözünə qüvvət verdi:
-Hə, dünən əslində yığışdırmaq istəyirdi, camaat əl çəkmədi. Daha iki gün oynayacaqlar.
-Onda sabah vaxt tapıb mən də gəlib baxaram. Amma kənardan. Mənim orda olduğumu deməyəsiniz ha! Uşaq məni görəndə çəkinər, karıxar.
Bakı- İrəvan qatarı
Vidadi Əliyev arzularının ardınca yüyürdü, İncəsənət institutunun aktyorluq fakültəsinə qəbul olundu. Kursun rəhbəri Tofiq Kazımov, müəllimi Nəsir Sadıqzadə idi. İstedadı, zəhmətsevərliyi, öyrənmək təşnəsi, fəallığı və şübhəsiz ki, iki böyük sənətkardan öyrəndikləri tələbəlik illərindən onun uğur hekayəsinin yazılmasına rəvac verdi. Azərbaycan Dövlət Televiziyasında çəkilən "Birincilər və sonuncular" teletamaşasına dəvət aldı. Ünlü aktyor Səməndər Rzayevlə tərəf- müqabil oldu Təyinatını Akademik Dövlət Dram Teatrına ayırmışdılar. Amma hələlik kurs yoldaşları ilə birlikdə "Sevil" tamaşasını diplom işi üçün hazırlayırdılar. Yenicə fəaliyyəti bərpa olunmuş İrəvan Azərbaycan Dövlət Dram Teatrından gəlmiş nümayəndənin çıxışı onun və həmkurslarının taleyini dəyişdirdi.
Arayış
1882-ci ildən başlayaraq qədim İrəvan şəhərinin aydınları bir truppa təşkil edirlər. Beləliklə, Qafqazın mədəni mərkəzlərindən biri tarixə düşür. Ədəbiyyatşünas alim, görkəmli ictimai xadim Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə İrəvan truppası Mirzə Fətəli Axundovun " Müsyo Jordan və dərviş Məstəli şah" komediyasını hazırlayır. Sovet hakimiyyəti qurulduqdan sonra,1928-ci ildə teatr dövlət statusu alır, 1935 ci ildə isə sənət ocağına Cəfər Cabbarlının adı verilir.
SSRİ rəhbərinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 27 dekabr və " Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il,10 mart tarixli qərarları ilə azərbaycanlıların ulu yurdlarından kütləvi deportasiyası, Mərkəzi hakimiyyətin və Ermənistan rəhbərliyinin qərəzli siyasəti teatra da öz zırbəsini vurdu: teatr bağlandı.
1967-ci ildə Qərbi Azərbaycan ziyalılarının gərgin səyləri, davamll müraciətləri, Şıxəli Qurbanovun milli təəssübkeşliyi sayəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa olundu.
Qərar
Milli qürur hissi, sənət sevdası on bir tələbəyə təyinatdan imtinanı, İrəvana yollanmağı diktə etdi. Vidadi Əliyev, Mərziyyə Məmmədbəyova, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Sara Əliyeva, Nəsimi Eminov dərslərdən azad olunaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərildilər.
Bakı- İrəvan qatarının sərnişinləri arasında tələbə- aktyorlar yol gedirdilər. Şirin xəyallarla, böyük arzularla, romantik duyğularla yollara baxırdılar. Onlar şərəfli, amma çətin bir yola çıxmışdılar. Düşmən hikkəsinin qurbanı olmuş milli mədəniyyətin bərpası uğrunda böyük fədakarlıq, ağrılı, acılı günlərlə dolu yol düşmüşdü qismətlərinə.
1967-ci il martın 16-da boyunlarına şərəfli bir missiya götürmüş gənclər İrəvana çatdılar.
Doğma yurdda qəriblik
Nəsir Sadıqzadə tələbələrini tək buraxmadı. Teatrın şəraitsiz məkanında "Sevil"in məşqləri davam etdi. Aprelin-28 də tamaşanın premyerası Ermənistan Dövlət Akademik Dram Teatrında keçirildi.
Bir ildən sonra istedadlı şair- publisist Hidayət Orucov teatra direktor təyin olundu
"Təkcə sənətkar kimi yox,həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman- Böyük Adam: Vidadi Əliyev"
İlhamə Nasir, yazıçı
21 il ərzində Vidadi müəllim aktyorluqla bərabər uğurlu rejissor fəaliyyəti də göstərdi. Yazı- pozu bacarığı, dünya və Azərbaycan dramaturgiyasına bələdçiliyi, nəzəri bilikləri ona ədəbi hissə müdiri işləmək imkanı da verdi. Bir də tale Vidadi Əliyevin yolunun üstünə Elmira xanımı çıxartdı.
Xatırlatma
Elmira Məhərrəm qızı İsmayılova 1945-ci il, noyabrın 1- də İrəvanda ziyalı ailəsində dünyaya göz açıb. Şəcərəsi İrəvan xanına bağlanır. 1968-ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Elə həmin ildən İrəvan teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Humay (Əliqulu evlənir), Afət (Qaynana), Dilarə (Şəhərin yay günləri), Dilbər (Hacı Qənbər), Böyükxanım (Aydın), Xala (Arşın mal alan), Nazik (Ulduz) və s. onun obrazlar qalereyasında mühüm yer tutur. "Ömürdən uzun gecə" və " Əkizlərin nağılı" televiziya filmlərində çəkilib. Beş il televiziyada fəaliyyət göstərib.
Teatr naminə
Yaradıcı heyət var qüvvəsi ilə çalışırdı. Tamaşalar hazırlanırdı, amma şəraitsizlik ucbatından premyeralar İrəvan Dövlət Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Ermənistan Dövlət Dram Teatrında, Zabitlər evində təşkil edilirdi. Bəzən də ətraf kəndlərə qastrollara çıxırdılar. Soğlun çiçəklər, Sənsiz, Hacı Qənbər, Aydın, Nəsrəddin, Məşədi İbad, İkinci səs, Molla İbrahimxəlil kimyagər, Arşın mal alan, Toy kimindir, Ulduz, Toy, Qaynana, Tribunal, Şərəfin sandığı, Sən nə üçün yaşayırsan, Məni qınamayın, Məhv olmuş gündəliklər, Atayevlər ailəsi, Təklif, Hicran, Müsyo Jordan və dərviş Məstəli şah, Ər və arvad, Qarağaclar altında məhəbbət tamaşaları maraqla qarşılanmışdı
Ağlama yasəmən, salamat qal tut ağacı
1988-ci ilin payızında teatr Neftçala və Cəlilabad rayonlarına qastrol səfərinə yollandı. Geri qayıdarkən rastlaşdıqları mənzərədən əndişələndilər. Aktyor Şamil Dəmirçiyevin bağlı qapısının arasından benzin töküb mənzilini yandırmışdılar. Qorbaçov hakimiyyəti tarixən Azərbaycana kin bəsləmiş ermənilərin əl- qol açmalarına münbit şərait yaratmışdı. İrəvan meydanında qızışan mitinqlərdə Azərbaycan əleyhinə aqressiv şüarlar səslənir, İrəvanda yaşayan azərbaycanlıların şəhəri təcili tərk etmələri ilə bağlı ultimatum verilirdi.
"Teatrın normal fəaliyyətinə imkan vermirdilər, bağlanması üçün hər tərəfdən təzyiq göstərirdilər. Bunun qarşısını almaq üçün bütün qüvvə ilə çalışırdıq. Fəhlə işini də özümüz görürdük. Mitinqlərdən bir az öncə, uzun süründürməçilikdən sonra ev almışdım. Bayırda mitinqlər gedirdi, mən mənzilə oboy vururdum. İşin sonluğunu ağlıma belə gətirmirdim. Son anda qədim yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq. Qaldığım həyətdə yasəmən əkmişdim, bir də tut ağacı. Uzun müddət yuxumda ağlayan yasəmənləri görürdüm, budaqlarından ney səsi gələn tutun harayını eşidirdim"
Vidadi Əliyev
Dar günlər və dar günün dostları
Bakıda yerləşəndən sonra Vidadi Əliyev bir neçə həmkarı ilə birlikdə Azərbaycanfilm kinostudiyasının direktoru Ramiz Fətəliyevə müraciət etdi. Kinodramaturq onların vəziyyətini anladı. Dərhal aktyorları ştata götürdü. Maddi cəhətdən vəziyyət düzəlsə də, səhnə eşqi, teatr təşnəsi Vidadi müəllimi rahat buraxmırdı. O, yeni təşəbbüslə Mədəniyyət Nazirliyinə getdi. Həmkarlarının bir neçəsi Vidadi Əliyevi tək buraxmadı.
"Nazir Polad Bülbüloğlu, nazir müavini Ədalət Vəliyev və Akademik Dövlət Dram Teatrının direktoru, SSSİ Ali Sovetinin deputatı Həsənağa Turabov bizi anlayışlı qarşıladılar. Onlara dedim ki, düşmən içində qədim mədəniyyətimizi təbliğ etmiş, qorumuş teatrımızı qorumaq lazımdı. Söylədiklərimə şərik çıxdılar. Beləliklə, 1989-cu il, iyulun 4-də Xırdalanda bizə yer verildi. Elə ordaca qərara gəldilər ki, teatra rəhbərlik işini mən boynuma götürüm"
Vidadi Əliyev
Akademik Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Sumqayıt Dövlət Dram Teatrının köməyi ilə studiya rekvizit, əlbəsə, geyimlə təmin olundu. Altı aya qədər məvacibsiz çalışan fədailərə Qayğı cəmiyyətinin sədri, akademik İmam Mustafayev əl tutdu.
1989-cu il, noyabrın 4-də teatr-studiya ilk işini təqdimata çıxardı. Georgi Xuqayevin Elbrus evlənir əsəri maraqla qarşılandı.
Mədəniyyətimizin hamisi
1993-cü ilin yayında xalqın tələbi, ziyalıların müraciəti ilə görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Dövlət quruculuğu, ordu formalaşdırılması ilə bərabər ulu öndər ədəbiyyat və incəsənəti də diqqət mərkəzində saxladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşllaşdlrmaq barədə " 31 avqust, 1994 cü il tarixli, 320 sayll əmri verildi. Əmrə əsasən, sənət ocağı Nəsimi rayoni ərazisində, Hüseynqulu Sarabski adına Mədəniyyət evinə yerləşdi. Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyətini davam etdirdi. Yaradıcılıq ruhu artdı. Dramaturgiyadan seçmələr səhnəyə gətirildi. Muxtəlif teatrlardan tanınmış rejissorlar dəvət olundular.
"20 Yanvar faciəmizə həsr etdiyimiz tamaşanı Təbriz və Ərdəbil şəhərlərində oynadıq. Tehran televiziyası tamaşanı lentə aldı."
Vidadi Əliyev
Portretə cizgilər
"Çətin məqamlarda- hər kəs ağır psixoloji sarsıntıya, çıxılmaz vəziyyətə düşəndə Vidadi müəllim qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Bütün bunlar heç bir texniki - maddi bazası olmayan teatr üçün əvəzsiz xidmət idi. O, həm aktyor, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqq- sayı sonsuzdur. Vaxt olub ki, direktorluq dövründə fəhlə yerinə də iş görüb.
Elmira teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük zəhmət çəkib. O, teatrı son dərəcə sevən, teatrın önündə gedən, onun yükünü çiynində daşıyan sənətkarlardan biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır "
Almaz Ülvi,
filologiya elmləri doktoru
Vidadi Əliyev 1988-ci ildən 2000-ci ilə qədər rəhbər kimi bütün enerjisini teatrın inkişafı naminə sərf etdi, 14 nəfərlik məhdud aktyor ştatı ilə dəyərli tamaşaların ərsəyə gəlməsi üçün həm direktor- bədii rəhbər, həm də quruluşçu rejissor kimi əzmlə çalışdı.
"Verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verir. İşində əsas gücü aktyor ifasına verən Vidadi Əliyev maraqlı və təkrarolunmaz yozumları ilə tamaşaçı rəğbəti qazanmış səhnə əsərləri yaradıb. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər, realistcəsinə poetik ifadələr yer alıb. Vidadi Əliyevin quruluşunda aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb, sadə, səmimi və inandırıcı şəkildə ifa edir "
İlham Rəhimli,
professor, əməkdar incəsənət xadimi
Vidadi Əliyevin aktyorluq imkanları kino rejissorlarının da diqqətini çəkib. Bayquş gələndə, Küçələrə su səpmişəm, Doğma sahillərdə, Qəzəlxan, Təxribat, Yalan, Nabat, Girov, Cavid ömrü bədii filmlərində xarakterik obrazlar yaradıb.
"Bu yaxınlarda Yurd yeri filminə baxdım. İlahi, necə təsirli idi?! Onun baxışları atamın baxışlarını xatırlatdı. Qabarıb- çəkilən sinəsində Qubadlı deyə- deyə dünyadan köçən atamın Vətən ağrılarını hiss etdim. Həm də o baxışlarda, gözlərinin dərinliklərində Vətən nisgili, İrəvan həsrəti"
İlhamə Nasir, yazıçı
Sədaqət
Çətin zamanlarda Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırovdan Vidadi müəllimə də, Elmira xanıma da iş təklifi gəlib. Daha sonra Xalq artisti Afaq Bəşirqızı Elmira xanımı teatra dəvət edib. Hər ikisi dəvətə görə minnətdarlıq edib, doğma teatrı dar ayaqda qoyub getməyi özlərinə sığışdırmayıblar. Onlar üçün sədaqət önəmli prinsipdir. 2016-cı ildə Türkiyədə qastrol səfərində Abidəmin dastanı tamaşasında bir yerdə oynayıblar və bu, ömürlərini səhnəyə həsr etmiş fədakar cütlük üçün vida oyunu olub.
Qəfil zərbə
Dəmirçi dəmiri döyür,
saat zamanı,
ürəyim sükutu.
dəmir əyildi,
zaman əridi,
ürəyim hanı?!
Faiq İsmayılov
Mən bu ailəni rəhmətlik Oqtayla tanımışdım. Tələbəlik illərindən. Sonralar Azərbaycan televiziya sınayesinı mükəmməl menecer konsepsiyasını uğurla tətbiq edən peşəkar, böyük təşkilatçı, SOY-un yaradıcısı kimi daha yaxından tanıdım.
"Oqtayın qəfil gedişi sarsıtdı məni, qəddimi əydi. Dözməli dərd deyil. İçimdə ağlayıram. Göz yaşım ürəyimi yandırır. Yuxuma girir tez- tez. Həmişə də, həyatda olduğu kimi, qaynar, hay- küylü, haray- həşirli, tələsən, həm də zarafatcıl"
Vidadi Əliyev
Mustika
"Oqtay mənə bir telefon almışdı. O, haqqın dərgahına qovuşan gün telefon birdən birə işləmədi. Heç kimin də başı çıxmadı. Oqtayın üçü çıxan gün telefon özü özündən açıldı, işləməyə başladı"
Elmira İsmaylova
Ailənin ikinci övladı Elçinlə məni CNF production-da unudulmaz şairimiz Cabir Novruzun oğlu, rəhmətlik Müşfiq tanış edib. Fundamental əsərlərini, televiziyaşünaslıqla bağlı araşdırmalarını həvəslə oxuyuram. Elçin Əlibəyli böyük intellekt sahibidirə
"İrəvan teatrının baş rejissoru Tofiq müəllimin qurduğu tamaşaya daxili baxış keçirilirdi. Elçini də özümüzlə götürmüşdük. Hardasa, 5 yaşı olardı. Çıxışlar bitəndən sonra birdən Tofiq müəllim Elçinə tərəf döndü:
-Balaca, tamaşa xoşuna gəldi?
Elçin elə bir irad bildirdi ki, hamımız heyrətləndik. Və maraqlı burasıdlr ki, rejissor o iradla razılaşdı, düzəlişi etdi."
Vidadi Əliyev
74 gün
Onlar bir-biri üçün bu dünyaya gəliblər.
Tale onları İrəvanda görüşdürdü.
Sevgilərini etiraf edib ailə oldular.
Sevgi və sənət eşqi üzərində qurulmuş ailə modeli yaratdılar.
Azərbaycan incəsənətinə mühüm töhfə verən iki övlad böyütdülər.
Sərvət həvəsinə düşmədilər, var- dövlət dalınca qaçmadılar. İradələri, gözütoxluqları nəfsə qalib gəldi.
Ən böyük kapitalın intellektual övladların olması düşüncəsinə aksiom təntənəsi yaşatdılar.
Çətinliklərə birlikdə sinə gərdilər.
Faciənin, övlad itkisinin acısını da birgə yaşadılar. Bir-birinə hayan oldular, toxtaqlıq verdilər.
Və hər ikisinin 80 illik yubileyi ötən il oldu. Arada vur- tut 74 gün fərq var.
Sentyabrın 1-də əməkdar artist Vidadi Əliyev 81 yaşını qeyd edəcək.
Mübarəkdir!
“Ədəbiyyat və incəsənət”
(01.09.2026)
Azərbaycan və Qırğızıstan: Sarsılmaz dostluqdan müttəfiqliyə
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı münasibətlərin durmadan inkişafı, dostluq və qardaşlıq birliyi ən əvvəl özünü birinci şəxslərin yüksək səviyyəli səfərlərində özünü göstərir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Bizim ailəmiz türk ailəsidir” söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana 2 dövlət səfəri (11–12 oktyabr 2022 və 30–31 iyul 2026) və 4 işgüzar səfər edib. Qırğız Respublikasının Prezidenti Sadır Caparov tərəfindən isə Azərbaycana 1 rəsmi səfər (19–20 aprel 2022), 1 dövlət səfəri (24–25 aprel 2024) və 6 işgüzar səfər edib ki bunlardan da ən sonuncusu 17 may 2026-cı iı tarixində WUF13-də iştirakına təsadüf edib.
İki ölkə arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulub. 2007-ci ildə Qırğız Respublikasında Azərbaycan səfirliyi açılıb. 2014-cü ildən isə ölkəmizdə Qırğız Respublikasının səfirliyi fəaliyyət göstərməkdədir.
İki ölkə arasında indiyə qədər ən müxtəlif sahələrdə əməkdaşlığa aid ümumilikdə 119 sənəd imzalanıb. Bunların içində xüsusi əhəmiyyət kəsb edənlər fərqlənməkdədur:
-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, 31 iyul 2026, Çolpon-Ata.
-“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”, 31 iyul 2026, Çolpon-Ata.
-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi”, 20 aprel 2022, Bakı.
-“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, 20 aprel 2022, Bakı.
Siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdəki yaxın münasibətlərin əməli nəticəsi olaraq:
-Azərbaycanın maliyyə dəstəyi ilə Bişkekdə Qırğız-Azərbaycan Dostluq Parkı yaradılıb. 11 oktyabr 2022-ci il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev parkın rəsmi açılış mərasimində iştirak edib.
-2022-ci il oktyabrın 12-də Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbin və Heydər Əliyev adına 20 nömrəli gimnaziya kompleksinin açılış mərasimində iştirak edib.
-Bakı şəhərinin 133 nömrəli orta məktəbinə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun adı verilib.
-Binəqədi rayonundakı bir parkda Çingiz Aytmatova abidə qoyulub.
-Bakı ilə Bişkek, Gəncə ilə Oş, habelə Göyçay ilə Kant şəhərləri arasında qardaş şəhər əlaqələri yaradılıb.
-Qırğız hökumətinin maliyyə dəstəyi ilə işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib.
İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan-Qırğızıstan müttəfiqliyi hər iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə möhkəmlənəcəkdir.
Münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi müstəvidə real layihələrlə (məsələn, yaradılmış birgə İnvestisiya Fondu vasitəsilə) möhkəmləndiyi xüsusən vurğulanmalıdır.
AZALhazırdaBakı–Bişkek–Bakı marşrutu üzrə həftədə dördplanlı uçuş, eləcə də Bakı–İsık-Kul–Bakı marşrutu üzrə həftədə birqeyri-planlı uçuş həyatakeçirir.
Ümumən, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursuTürk dünyasının birliyini və iki qardaş ölkənin strateji maraqlarını qorumağa xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


