Əsl nəğməkar şair Featured

XANIM İSMAYILQIZININ 70 İLLİYİNƏ

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şuşaya gəldiyimiz gündən çox qəribə hisslər yaşayırıq. Bu hisslər doğmadır. Biz bu qələbə hissini 44 günlük Vətən müharibəsindən sonra da yaşamışdıq. Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirakımı, Şuşanın, Cıdır düzünün ecazkarlığını, füsunkarlığını görməyimi sözlə ifadə edə bilmirəm. Şuşa həqiqətən də Qarabağın gözüdür, Azərbaycanın sərvətidir. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün Ordumuza, igid oğullarımıza təşəkkür edirəm. Bu gün artıq mədəniyyət beşiyi Şuşada şeir deyə bilir, hisslərimizi bölüşə bilirik” – nəğməkar şair Xanım İsmayılqızı Zəfərin il ilində Şuşada keçirilən Vaqif Poeziya günlərinə qatılarkən bu sözləri söyləyibdir, həm də nə qədər vətənpərvər olduğunu da izhar edibdir.

 

Xanım İsmayılqızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olub. Atası İsmayıl Qarayev Goranboylu, anası Pərizad Tağıyeva Xızılıdır. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. "Gənclik" Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq işləyib. Efiopiyada yaşaması ilə bağlı nəşriyyat işindən ayrılıb. Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıdıb.

 ADU-nun nəşriyyatında şöbə müdiri, Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini, direktor, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzivəsində işləyib

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub, ilk şeri "Yol" qəzetində dərc olunub (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlayıb, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunub. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də "Dünyam qəfil işıqlansa" adlı müəllif verilişi ilə çıxış edib

"Kimlər keçir bu dünyadan" ilk nəşr olunan publisistik kitabıdır. Vasili Şukşinin "İlan zəhəri" adlı hekayələr toplusunu, "İssumbosi" yapon nağıllarını tərcümə edib. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən "Ruhun da gözü var" adlı fəlsəfi-publisistik kitabı (1997) çap olunub.

"Bir məndim, bir də özüm" (1997), "Ağ və qara" (2006), "Dua yağışı" (2014), "Səni göyə bağışladım" (2020), "Adı olmayan fəsil" (2021), "İlahi, yerimi demə" (2022), "Səni göyə bağışladım" (2022), "Do və başlanır hər şey" (2024) şeir toplularının müəllifidir. Şeirləri rus, belarus, özbək, fars, polyak, türk, holland dillərinə tərcümə edilmiş, xarici mətbuatda dərc olunub, antalogiyalara daxil edilib.

Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq edib. F.Sücəddinovun onun sözlərinə yazdığı "Harda qaldın" ( Kaman) mahnısı şair kimi onun vizit vərəqinə çevrilib. Mahnı bəstəçisi kimi ilk işi "Sevgimizi qoruyaq" mahnısıdır. Efirdə ilk səslənən manhısı da məhz "Sevgimizi qoruyaq"dır. Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" pyesinə yazdığı musiqi bəstəkarın ilk irihəcmli əsəridir.

400-dən çox mahnının müəllifidir. Nəsimi, Mikayıl Müşfiq, Məmməd Araz, Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Davud Aslan, Paşa Qəlbinur, Rəşad Məcid, Tamara Vəliyeva, Elçin Mirzəbəyli, Elman Tovuz, Leyla Əliyeva və b. şairlərin şeirlərinə musiqi bəstələyib. 500-dən çox şerinə Polad Bülbüloğlu, Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov və b. bəstəkarlar musiqi bəstələyib.

Mahnıları İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Ağadadaş Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Nəzakət Teymurova, Səməd Səmədov, Zöhrə Abdullayeva, Gülyanaq və Gülyaz Məmmədovalar, Elçin Cəlilov, Sənubər İsgəndərli, Hacıbaba Bağırov, Cavan Zeynallı, Rəşad İlyasov, Könül Kərimova, Aygün Kazımova və b. müğənnilər tərəfindən ifa olunub.

 1999-cu ildə "Respublika" Sarayında, 2001-ci ildə Sumqayıtın "Kimyaçılar" Sarayında, 2024-cü ildə Heydər Əliyev Sarayında yaradıcılıq gecələri keçirilmişdir. Qocalar, Əlillər, Yetimlər evində xeyriyyə gecələri keçirib. Həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olub.

Xanım İsmayılqızı 2003-cü ildə "Planet dostları" adlı layihədə, Amerika bəstəkarı və söz yazarı Stan Slauqhter ilə birgə "Doğma diyar" adlı vətənpərvər mahnılardan ibarət albomun müəllifi olub. Bu alboma daxil olan 12 mahnıdan 7-sinin həm söz, həm də musiqi yazarı — Xanım İsmayılqızı, 5-nin həm söz, həm musiqi yazarı — Stan Slauqhter olub. Bu albom həm Amerikada, həm də Azərbaycanda yayımlanıb.

 

Bu layihədən məqsəd Azərbaycanla Amerika arasında mədəni dostluq, musiqinin, sözün dili ilə ölkələri bir-birinə yaxınlaşdırmaq və əlaqələr yaratmaq idi. Bütün mahnılar uşaq xoru, gənc solistlər tərəfindən ifa olunub. "Dünya quraq", "Unut məni", "Gözlər", "Qəm qalası" , "Doğma diyar", "Mənim ağ göyərçinim" və s. musiqi albomlarının müəllifidir

 

Əsərləri

1. "Kimlər keçir bu dünyadan" (publisistika)

2. "Mən Tanrının quluyam" (publisistika)

3. "Ruhun da gözü var" (publisistika)

4. "Bir məndim, bir də özüm" (şeirlər)

5. "Ağ və qara". (şeirlər)

6. "Dua yağışı". (şeirlər)

7. "Səni göyə bağışladım" (şeirlər)

8. V.Şukşin "İlan zəhəri" hekayələr toplusu (tərcümə) "Azərbaycan Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi"

9. Yapon nağılları "İssumbosi" (tərcümə) "Azərbaycan Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi"

10. "Adı olmayan fəsil" (şeirlər, nəğmələr, müsahibələr, məqalələr)

11. "İlahi, yerimi demə" (şeirlər) İran. Binab şəhəri.

12. "Do və başlanır hər şey" (şeirlər)

 

Mükafatları

- "Qrand" mükafatı (ilin mahnı şairi)

- "Zirvədəkilər" mükafatı

- "Bakı gecələri" müsabiqəsinin diplomantı. (ilin mahnısı)

- "Vətənpərvər mahnı" müsabiqələrinin qalibi

- İmarət fan-klubu "Azarkeşin sevimli bəstəkarı" mükafatı

- "Dədə Qorqud" mükafatı

- Prezident təqaüdü (bir illik)

 

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.