XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
25—Cİ DƏRC
Mən ilk gündən çalışdım ki, Sən özünü qonaq kimi hiss etməyəsən bu yeni evimizdə. İstəyirdim Sənə də doğma olsun bu ev. Qızım Mirvari bu işdə məndən geri qalmırdı. Bir otağı Sənə kabinet düzəltdik. Çox düşərli oldu bu ev Sənə. Yeni teletamaşalar, teatr üçün pyeslər, şeirlər yazdın. Sən bu evə tez alışdın. Mirvariyə isinişmişdin. Xüsusi həssaslıqla yanaşırdın ona. O da Sənə bağlanmışdı. Mirvarinin nəzakətli davranışı, ciddiliyi, məsuliyyətliliyi Sənin ürəyincə idi. “Nuşa, belindən gəlməyəni belə istəməkmi olar?” “Vaqif, o, Sənin ürəyindən gəlib...” Sənin yaman xoşuna gəldi mənim cavabım. “Nə qəşəng dedin, lap Balzak stilində...”.
“Bilməzdim, susuz dünyada səsinin bulağı varmış, Mirvarinin doğmalığı...”
Evlənəndən bir müddət sonra dedin: “Nuşa, mən istəyirəm Mirvari mənim adımı, soyadımı daşısın. Biz bir ailəyiksə, ailədə bir soyad olmalıdır. Əgər razı olmazsa, mənim ona münasibətim dəyişməyəcək...”. Mən başa düşürdüm ki, Sənə bir ata kimi də özünü təsdiq etmək vacibdir. Mirvari Sənin adını, soyadını götürən gün gündəliyində oxuyuram: “Üstümdən elə bil bir yük götürüldü”.
Gündəlikdən: “Qardaşlar bir atadan, anadan olanlar deyil, bir Allahdan olanlardır”.
Bizim münasibətlərin yeni bir mərhələsi başladı. Sənə dedim: “Vaqif, elə bil anam öz ölümünü tələsdirdi ki, Sən, Mirvari və mən bir yerdə, bir ailədə yaşayaq...”. Bu fikrim Səni çox duyğulandırdı: “Bu haqda gərək mütləq yazam...”.
- Vaqif, ailə nədir?
- Etibar, Qayğı, Arxa...
Bu evdə əlçatmaz bir sakitlik, rahatlıq vardı. Burada piano vardı. Musiqi vardı. Uşaqlıqdan xəmirim musiqiylə yoğurulub mənim. Violanın səsi pianoya qarışırdı qardaşım, bacım sayəsində. Sonradan mən də pianonun dillərini dindirməyə başladım. Xoşbəxtlikdən Sən də musiqiçi idin. Musiqinin bütün sahələrini gözəl bilirdin. Muğamatdan tutmuş caza kimi. Bir dəfə Sənə dedim: “Əgər Sən yalnız şair olsaydın, mənə o qədər də maraqlı olmazdın. Nə yaxşı ki, Sən professional musiqiçisən, həm də Şair...”.
Bizim musiqi zövqlərimiz də uyğun gəlirdi. Uşaqlıqdan evdə klassik, caz musiqisini eşidə-eşidə böyümüşəm. Çoxlu notlar, metronom aldın. Hər gün 2-3 saat çalırdın. Əllərin unutmamışdı, xatırlayırdı pianoçu olduğunu. Raxmaninovu, Şopeni, Skryabini... “Nuşa, hər gün saatlarla məşğul oluram, elə bil konsertə hazırlaşıram”. “Konsert” sözünü göydə tutdum: “Qaquş, bəlkə papanın muzeyində yarım saatlıq konsert təşkil edək?” Bir dəqiqəlik sükutdan sonra: “Yox”, – cavabını eşitdim. “Vallah, Vaqif, başqaları Sən çaldığının yarısı qədər çala bilsəydi, çoxdan filarmoniyada konsert vermişdilər”.
Başa düşürəm, Sənin özünə qarşı tələbkarlığından, çalmağına professional pianoçu kimi yanaşmağından gəlirdi “yox”cavabın. Səni nə qədər inandırmağa çalışsam da ki, bu konsertdə Sən pianoda şair qismində ifa edəcəksən, peşəkar pianoçu kimi yox. Faydası olmadı. Ancaq təsəvvür edirəm, necə böyük əks-səda doğurardı Sənin konsertin. Heç olmasa əlimizdə lent yazısı qalardı o günün.
Gündəlikdən: “...Məni hər şeydən əvvəl Musiqinin möcüzəsi heyran edir. Məncə, Allah insanı yox, Musiqini öz oxşarı kimi yaradıb. Bütün dinlərdə dualar musiqiyə boyanıb. Əminəm ki, Allah çox sözləri rədd edir, ancaq duaların musiqisini qəbul edir. Məhz bu səbəbdən də hələ dünyanın sonu yetişməyib...”.
Tələsmədən, həzin-həzin, pianonun dillərinə sığal çəkə-çəkə çalırdın. Gözəl caz ifaçısı, ustalığına pərəstiş etdiyin Bill Evans kimi yumşaq...
“Qoy incəsənətə xidmət sizdə həmişə təmizlikdən başlasın. Çalmazdan qabaq royalın dillərini spirtlə silin”. Amerika musiqiçisi İosif Qofman bu sözləri, deyəsən, Səninçün deyibmiş. Pianonun dillərini silməmiş oturmurdun onun arxasına. Sənə mane olmayım deyə barmaqlarımın ucunda otağa keçib, bir tərəfdə oturur, çalmağına qulaq asırdım. İçimə qəribə bir rahatlıq çökürdü. Sən var idin, musiqi var idi, həyat vardı... Keçirdiyim hisslər haqqında Sənə danışanda, həmişə tərifə ehtiyac duyan bir uşaq kimi soruşurdun: “Doğrudan deyirsən?” (İlahi, biz onda necə də xoşbəxt idik!) Sənin mənimçün nə qədər dəyərli olduğunu bildirməyimi, hiss etdirməyimi həmişə lazım bilmişəm. Özün haqda tərifləri tez-tez eşitməli idin məndən...
Bu gün Raxmaninova, Şopenə ya da caz musiqisinə qulaq asanda xəyalımda royal arxasında ancaq Səni görürəm...
Ağ qapıya kölgə düşüb.
İnsan kölgəsi.
Royal səsi gəlir
ağ qapının dalından.
Kimsə həzin-həzin
Şopenin valsını çalır
ağ qapıya düşmüş insan kölgəsinə...
Yağış kölgəsi çiləyir
payız kölgəsində duran
başıaçıq musiqiçinin üstünə...
Çiyni titrəyir
ağ qapıya düşmüş insan kölgəsinin.
Ağlayır insan kölgəsi.
Bir polyak oğlunu
dirilmək istəyən bir insanın
səsinə ağlayır insan kölgəsi.
Damır, damır
valsın açıq yaxasına
damla-damla
göz yaşının kölgəsi...
Bir gün qapı qonşumuz Əşrəf kişinin qızı mənə dedi ki, işdə hamıya demişəm ki, Vaqif Səmədoğlu gecələr pianoda mənə laylay çalır. “Olmaya yatmağa mane olur çalmağı?” “Yox, əksinə, musiqi altında yaxşı yatıram”. Xoş olsun deyə, evə gələn kimi qonşunun sözlərini Sənə çatdırdım. Ancaq Sənin belə narahat olacağını gözləmirdim. “Pedalla çalıram, yenə səs gedir. Daha gecələr çalmaram”. “Vaqif, o şikayət etmirdi, çalmağını tərifləyirdi...”.
Sonradan qulaqlıq aldın. Gecələr televizora baxanda, pianoda çalanda səs gəlməsin, narahatlıq olmasın deyə ondan istifadə edirdin.
Bir gün Sən evdən çıxanda mərc gəldim ki, qayıdana kimi Sənin bir şeirinə musiqi yazacam. Mərci uddum. Sən gələn kimi çalıb oxudum “Lay-lay, sevgilim, lay-lay” şeirinə yazdığım nəğməni. Xoşun gəldi melodiyadan. Məni qaldırıb özün oturdun piano arxasına. Sənin aranjimanında lap yaxşı səsləndi. İfa üçün kiməsə verməyi təklif etdim. Bu fikrimi dəstəkləmədin. Ertəsi gün evə əlində sintezator gəldin. “Səninçün aldım, indi nə qədər istəyirsən yaz, çal, oxu...”.
Anamın xatirəsinə bir melodiya yazmışdım. Dedin ki, ona mütləq söz yazacam. Melodiya sözsüz qaldı...
Biz öz həyatımızı yaşayırdıq. Ancaq bundan qıcıqlananlar az deyildi. Sən bir gün evə gələndə dedin: “Nuşa, başa düşə bilmirəm niyə mənim evə tələsməyim, içki məclislərinə getməməyim, sənə şeir yazmağım, ailəmi sevməyim adamları təəccübləndirir, əsəbiləşdirir?Bizim axı heç kimlə işimiz yoxdur...”. Hətta Yazıçılar İttifaqında bir neçə şair, yazıçı Sənə demişdi ki, Vaqif, bizi yaman işə salmısan, evə gedə bilmirik, arvadlar Səni misal gətirib, bizim də onlara şeir yazmağımızı istəyirlər... Sənin qədər daxilən azad, cəsarətli, öz məhəbbətini milyonların qarşısında bəyan etməkdən çəkinməyən, öz qadınına yazdığı şeirləriylə qürur duyan ikinci bir adam tanımıram mən Azərbaycanda. Sevgində də fərqlənirdin. Gənc jurnalist qızın: “Qoy tarixdə adım qalsın Nüşabənin qulu kimi” misrası nəyə işarədi?” sualına, cavabın konkret oldu: “Bu, etirafdı”.
Nərgiz Cəlilovanın verilişində: “Sizinçün həyatda azadlıq nədir?” sualına özünəməxsus tərzdə cavab verdin: “Həyatda azadlıq, təəssüf ki, mən bunu çox gec anladım – 50 yaşından sonra, intizamda, ailədə, ailə mehribançılığında, ev-eşikdədir. Bundan böyük azadlıq yox imiş insan üçün, əsl İstiqlaliyyət bu imiş yer üzündə. Bununçün Nazim Hikmətin o şeirini mən həmişə sevirdim, amma 50 yaşından sonra tamamilə dərk elədim ki, səadət nədir. “Səhər sevinərək evdən işə getmək, axşam sevinərək işdən evə gəlmək”. Bu azadlığı dərk etdim. Bax, bu azadlığı indi mən yaşayıram ailəmlə, quşlarımla. Mehribançılıq azadlıqdır. Etibar azadlıqdır...”.
Ailədə əsas meyar qadınla kişinin bir-birinə olan qarşılıqlı münasibətidir. Uşağın doğulması, ana, ata olmaq sevincini yaşamaq ali hissdir. Mən həmişə düşünmüşəm ki, uşaq kimisə özünə bağlamaq üçün doğulmamalıdır. Uşaq ailənin girovuna çevrilməməlidir. Həyat göstərir ki, dağılmaqda olan münasibətləri heç bir uşaqla saxlamaq mümkün deyil.
Biz Səninlə uşaq dünyaya gətirə bilərdik. Ancaq etmədik... İlk vaxtlar mövcud şərait, mənə elə gəldi, buna imkan vermədi. Qorxdum... Yeni doğulan körpəyə xüsusi diqqət, qayğı lazım olacaqdı gecəli-gündüzlü. Sənə az qalacaqdı istilik, nəvaziş. İki hissəyə bölməli olacaqdıq hisslərimizi. Bunu etmək isə çətin olur çox vaxt. Mən düşünürdüm həyatımızda illərlə yaranmış boşluqları bir-birimizə olan məhəbbətlə, qayğıyla doldurmalıyıq, bir-birimiz üçün yaşamalıyıq...
Biz kimisə bu dünyaya gəlmək haqqından məhrum etdik, günaha batdıq. Peşmanlıq hissi də oldu sonralar. Doğulmayan körpəyə şeir yazmaq istədin. Dedin: “Deyəsən, ən qəmli şeirimi yazacağam”. Kədəri Səndən uzaqlaşdırmaq üçün: “Vaqif, niyə təəssüflənirsən, əvəzində Səni doğmuşam. Sən milyon uşağa dəyərsən...”, – dedim. İlahi, bu sözüm necə də yerinə düşdü. Təbəssümündən üzün işıqlandı. Məni qucaqladın: “Nuşa, nə gözəl dedin...”.
İllər sonra dəftərində bu şeiri oxuyanda nədənsə təsirləndim:
O gün dəniz vardı,
sahil varıydı.
Bir gün bir yay ayı,
bir iz varıydı.
Nəm sahil qumunda
uşaq izləri,
hansısa körpənin
yalın izləri...
İlk dəfə eşitdim
mən iz səsini,
üzümə toxunan
iz nəfəsini.
O gün azadlığa
açıb buraxdım
qəfəsdə saxlanan
dəniz səsini...
Sənin necə narahat və mehriban baba olduğunu Mirvarinin qızı dünyaya gələndə gördüm. Doğum evindən zəng edib, qızın doğulduğu xəbərini Sənə verəndə səsindəki həyəcan məni də kövrəltdi. Adını Ayla qoydun. Doğum evindən onlar birbaş bizə gəldilər. Həmin gecə Sən canlı efirdə Nərgiz Cəlilovanın verilişində idin. Onun: “Sizinçün həqiqət nədir?” sualına son günlər keçirdiyin duyğuların təsiri altda cavab verdin: “Bu gün mənimçün əsl həqiqət odur ki, nəvəm dünyaya gəlib və bu gün o mənim evimdədir...”
Aylanın qırx günündə dedin: “Gecələr bələmək qurtardı. Qoy azad böyüsün”. Ayla azad ruhlu böyüdü. Tez dil açdı. Onun ilk sözü “baba” oldu. Sonradan mənim kimi “Qaquş” dedi, mənə də “Nuşa”. Çəkdiyi uşaq rəsmlərinin qəhrəmanı Sən oldun. Eynəkli və bığlı adam. Aylanın hər yeni sözü, fikri, cümləsi Səni sevindirir, heyrətləndirirdi. Bir gün Sən üzünü qırxıb, odekolonlanıb, saçını darayıb hamamdan çıxanda, qızcığaz üstünə yüyürüb səni qucaqladı: “Qaqu, bax oldun Səməd Vurğun”, – dedi. Ayla onda iki yaş yarımında olardı. O, Sənin fotomodelin oldu. Qürur duyurdu Səninlə. Şeir də həsr etmişdi Sənə 5 yaşında. Deyirdin, postmodernist şeir yazıb nəvəm.
Qaquş, mən Səni sevirəm, çox-çox-çox...
Qaquş, Sənə baxanda mən,
Sən yatanda görürəm Səni...
Qaquş, telefonu Sənə verəndə
Səni çox-çox sevirəm...
Qaquş, mən saata baxıram, vaxtı bilirəm,
Səni çox-çox sevirəm,
Ulduzlara kimi sevirəm...
Aylanın həyatında ən vacib insan oldun Sən. Onun sözlərindən şeir yazmaq istəyirdin. Mən isə “Aylanın sözləri” adında balaca bir kitab hazırlamaq arzusundaydım. Bu fikrim xoşuna gəldi. Təəssüf, istəklərimiz elə istək kimi də qaldı. Ancaq nə yaxşı ki, Aylanın dil açandan altı yaşına kimi hər gün dediklərini yazıb saxlamışam. Bəlkə nə vaxtsa...
Deyirdin, Nuşa çox yaşamaq istəyirəm, istəyirəm ki, Aylanın yadında qalım. Sənin kimi babanı unutmaq mümkündürmü? Özün də çox gözəl bilirsən ki, uşaq hafizəsi güclü olur. 11 il... gözünü açandan Sənin məhəbbətin, nəvazişin içində, qolların üstə böyüdü Ayla. Sən doğmadan da doğma oldun ona. Doğmalıq sevgiylə, ruh yaxınlığıyla gəlir... təkcə qanla yox.
Bu şeirini Ayla tez-tez oxuyur...
Heç olmasa, hər yüz gündən bir,
bir gündə bircə saat
yadınıza salın on bir yaşınızı,
yadınıza salın o günləri,
görün o günlərdə nə qədər yaxın, əziz,
doğma adamlarınız var idi...
Ayla Azərbaycan Dillər Universitetini bitirib.UNEC-də “Biznesin idarə edilməsi ali təhsil üzrə” fakültəsində təhsilini başa vuraraq magistr dərəcəsi almışdır.
“Ədəbiyyat və incəsənət”
(26.10.2026)


