Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Ulu Naxçıvan! Böyük Mirzə Cəlillər, Cavidlər, Məmməd Səid Ordubadilər, Məmməd Arazlar diyarı. Burada ədəbiyyata, sözə, kitaba verilən dəyər hədsizdir, necə deyərlər, məmə yeyəndən pəpə deyənədək, 7-dən 77-yə hamı kitab oxuyur. Daim kitabla, ədəbiyyatla bağlı tədbirlər, aksiyalar keçirilən ulu diyarın mədəniyyət sferasında bugünlər canlanma bir qədər də artıbdır, səbəbi isə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədovun yeni vəzifəsinin icrasına bol enerji ilə başlamasıdır.
Ötən gün sizləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən nazirlik sistemində fəaliyyət göstərən kitabxanalar üzrə “Ən fəal oxucularımızı tanıyaq” layihəsinə start veridiyi barədə məlumatlandırmışdıq. Xatırladaq ki, layihənin məqsədi cəmiyyətdə mütaliə mədəniyyətini təşviq etməkdən və oxucu fəallığını stimullaşdırmaqdan, eləcə də kitabxanalardan mütəmadi istifadə edən və mütaliəyə xüsusi maraq göstərən oxucuları müəyyənləşdirməkdən ibarətdir.
Layihə çərçivəsində ən fəal oxuculara kitablar hədiyyə olunur və onlar mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında özləri və ailə üzvləri ilə birlikdə ödənişsiz iştirak etmək imkanı əldə edirlər.
Xəbər vermişdik ki, Fazil Məmmədov layihənin azyaşlı iştirakçısı - Naxçıvan şəhəri Əliabad qəsəbə sakini, 2018-ci il təvəllüdlü Şükürlü Fidan Yasin qızı ilə görüşübdür, ona Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və kitablar təqdim edibdir. Üstəlik, Fidan Şükürlü və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənşsiz iştirak etmək imkanı da əldə ediblər.
Xatırladaq ki, Fidan Şükürlü Naxçıvan Şəhər Kitabxanasının və Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının fəal oxucularındandır. O, 2025-ci ildə kitabxana fondlarındakı 97, 2026-cı ilin ötən dövründə isə 48 kitabı oxuyub.
Bu gün isə sizləri Naxçıvanın ən fəal yaşlı kitab oxucusu ilə tanış edəcəyik. O, Kəngərli rayonunun Qarabağlar kənd sakini, 92 yaşlı şəhid atası Abbas Məhərrəm oğlu Bağırovdur.
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov Abbas Bağırovun evində olub, layihənin məqsədindən bəhs edib, təbriklərini çatdırıb, ona Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını və kitablar təqdim edib. Həmçinin Abbas Bağırov və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənişsiz iştirak etmək imkanı əldə ediblər.
Qeyd edək ki, “Ən fəal oxucularımızı tanıyaq” layihəsinin iştirakçısı Abbas Bağırov 2025-ci ildə kitabxanalardan istifadə edərək 53, 2026-cı ilin cari dövründə isə 63 kitab oxuyub.
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


