“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Cavad Heyət (1925-2014) – türkoloq-alim, publisist
İranda 30 ildən çox İran türklərinin mənəvi varlığının – Azərbaycan-türk dilinin, ədəbiyyatının, mədəniyyətinin qorunub yaşadılması doktor Cavad Heyətin adı ilə bağlı olub.
Onun fəaliyyəti həm İranda, həm də Şimali Azərbaycanda yaşayan azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm amillərdən biri kimi qiymətləndirilməlidir.
Cavad Mirzə Əli oğlu Heyət Tehran Universitetinin tibb fakültəsinin üçüncü kursunda oxuyarkən atası Mirzə Əli Heyətin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində İrandan Türkiyəyə gedən ilk tələbə qrupu ilə birlikdə Türkiyəyə göndərilmiş və İstanbul tibb fakültəsində oxumuş, sonra Cərrahiyyə Klinikasında ixtisaslaşmışdır. Daha sonra Parisə gedərək təcrübəsini artırmışdır.
İrana döndükdən sonra o, türk dilini, tarixini və ədəbiyyatını araşdırmaqdan və yaymaqdan heç vaxt yan keçmədi. Onun öz ifadəsi ilə desək, həm həkimlik sənətinə, həm də ana dilinə böyük eşqi var idi və bu eşq zamanla daha da dərinləşirdi. O, İranda elmi uğurlarla tanınan bir cərrah olmaqla yanaşı, türk dünyasına qarşı olan sistemli etinasızlığı və tarixi saxtalaşdırmaları da müşahidə etmiş, bu xüsusda xüsusilə Pəhləvi dövrünün tarix yazımını sərt şəkildə tənqid etmişdir. Türklərin çoxəsrlik mədəniyyət və tarixini görmədən onların, yarıvəhşi xalq kimi təqdim olunması alimin ləyaqət hissinə toxunurdu.Cavad Heyətin təhsili onu sırf bir həkim olaraq deyil, çoxyönlü sahələrdə ziyalı kimi yetişdirən mühitlə izah olunur. Paris və İstanbulda aldığı tibbi təhsil onun peşəkar səviyyəsini yüksəltməklə yanaşı, ona Avropa və Türkiyə ziyalıları ilə birbaşa təmas qurmağa da imkan yaratmışdı. Eyni zamanda ədəbiyyat və tarix sahələrinə marağı onu sadəcə cərrah deyil, həm də mədəniyyət daşıyıcısı və ideoloq səviyyəsinə yüksəltmişdi.
Bu da maraqlıdır ki, məşhur fransalı general Şarl de Qollun xüsusi həkimi, professor Lişvitz, tələbəsi doktor Heyət 27 yaşında ikən İran şahına yazdığı məktubda onu bir “əllamə” olaraq xarakterizə edir, böyük nailiyyətlər və kəşflərə layiq olduğunu söyləyirdi.
Doktor Cavad Heyət 1963-cü ildən etibarən Dünya Cərrahlıq Cəmiyyətində İranı Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru təmsil edirdi.
Cavad Heyət yalnız həkim deyildi, həm də ürəyində parçalanmış Vətən həsrəti gəzdirən bir aydın idi.
Heyət yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə bağlı məsələlərdə də həssas mövqe tuturdu.
Doktor Bakını ilk dəfə ziyarət edəndə ölkəmizə yalnız həkim qiyafəsində deyil, qəlbində böyük bir ədəbi missiyanın yükü ilə gəlmişdi. O, Azərbaycan ədəbiyyatını bütöv görür və bütöv yaşamağı arzulayırdı. Odur ki, bu arzunu reallığa çevirmək üçün gecə-gündüz işlədi, yazdı. Quzeyli-güneyli Azərbaycan şair və yazıçılarını böyük coşqu və ruh yüksəkliyi ilə bir araya gətirdi, onların həyat və yaradıcılıqlarını qələmə alıb təhlil etdi, əsərlərindən nümunələr təqdim etdi.
Orta çağ alimlərinə xas olan ensiklopediklik, universallıq kimi keyfiyyətlər Cavad Heyətin şəxsiyyətinə tamlıq gətirən cizgilər idi. O, tanınmış türkoloq olmaqla yanaşı, həm də bir tarixçi, folklorçu, dilçi, filosof və ilahiyyatçı idi.
C.Heyətin İrandakı bir çox türk aydınlarının: Ə.Oxtayın, M. Şəhriyarın, R. Bərahəninin, Q. Saidinin və başqalarının boynunda haqqı az olmamışdır. Yeri gələndə onlara təbib kimi yardım etmiş, sağaltmış, bəzən də onları türkcə yazıb- yaratmağa həvəsləndirmişdir.
Cavad Heyət 1978-1979-cu il İran İslam İnqilabının verdiyi fürsətdən yararlanaraq bir qrup demokratik ruhlu ziyalı ilə Tehranda “Varlıq” jurnalını təsis edib nəşrinə başladı. Bu toplu vasitəsilə o, 60 ilə yaxın bir müddətdə mənsub olduğu xalqının əlindən alınmış mədəniyyətini, dilini özünə qaytarmağa çalışdı.
Cavad Heyət dünya şöhrətli cərrah kimi böyük nüfuz qazanmış güclü şəxsiyyət, hərtərəfli savadı, geniş erudisiyası olan ziyalı-vətəndaş kimi öz imkanlarını “Varlıq” da ifadə edə bildi. “Varlıq” dərgisi və onun ətrafında toplanan ziyalıların fəaliyyəti Güney Azərbaycanda türk dilinin, ədəbiyyatının və kimliyinin qorunması və inkişafı naminə görülmüş ən sistemli işlərdən biridir. Cavad Heyətin bu prosesdəki rolu isə yalnız redaktor və təşkilatçı kimi deyil, həm də bir elm adamı, strateq və mədəniyyət müdafiəçisi kimi qiymətləndirilməlidir. Bu dərgi İran türkünün “varlıq” məsələsini təkcə adla deyil, həm də konkret elmi və mədəni fəaliyyətlərlə yaşadan bir tribunaya çevrilmişdi.
Cavad Heyətin yaradıcılığında aparıcı mövzu kimi, əsasən, şahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma böyük ehtiyacı olan Cənubi Azərbaycan mədəni həyatının bütün sahələr üzrə inkişafı üçün çalışmaq öndə gəlirdi.
Dr. Cavad Heyət cərrahlıqla bağlı üç cildlik dərslik kitabı yazmışdır. İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabının müəllifidir. Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.
Ensiklopedik biliyə malik olan Cavad Heyət Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrənilməsinə böyük əmək sərf etmişdir. Bu sahədə əldə etdiyi nəticələri bir neçə monoqrafiyasında qələmə almışdır.
“Azərbaycan ədəbiyyatına bir baxış” (1980, 1990) adlı əsərində C.Heyət XIII əsrdən müasir dövrədək Azərbaycan ədəbiyyatı yazarlarının həyat və yaradıcılığından bəhs edir. Müəllif bu kitabı, əsasən, Azərbaycan ədəbiyyatını cənublulara yığcam şəkildə təqdim etmək məqsədi ilə yazmışdır. Onun iki cildlik “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” əsəri yalnız ədəbi mətnləri ardıcıllıqla təqdim etməklə kifayətlənmir, həm də Azərbaycan ədəbiyyatının tarixi inkişafını, onun formalaşması mərhələlərini elmi əsaslarla izah edir. Əsər poetik nümunələrlə zənginləşdirilmiş, Azərbaycan ədəbiyyatının əsas simalarının yaradıcılığı təhlil olunmuş və bu prosesdə sosial mühit, ədəbi çevrə, siyasi faktorlar da nəzərə alınmışdır. Beləliklə, Heyət yalnız fərdi şairlərin poetikasını deyil, onların ədəbi şəxsiyyətlərini dövrün ictimai kontekstində də təqdim etmişdir.
Doktor Cavad Heyət həm də istedadlı türkoloq olub, İranda Həmid Nitqi ilə birlikdə türkologiyanın banisi sayılır. C.Heyət "Türk dilinin tarixi və ləhcələri"(1987) əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elmi və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdı. Əsər Azərbaycan dilinin tarixi haqqında fars ziyalılarına və digər təbəqələrə, həmçinin farsca təhsil görmüş və ana dilini mükəmməl bilməyən azərbaycanlılara ətraflı və elmi məlumat vermək məqsədi daşıyırdı. Bu kitabla İranda türkologiyanın təməli qoyulmuşdur.
Cavad Heyət müqayisəli dilçilik sahəsində tarixi ənənələrə söykənən “İki dilin müqayisəsi” (1989) adlı əsərini “Mühakimətül-lüğəteyn” əsərinin davamı kimi yazmışdır. Əsər doktorun dilçiliklə bağlı ikinci kitabıdır. Əsər türkcənin fonetik və morfoloji xüsusiyyətlərini fars dili ilə müqayisə etməklə yanaşı, eyni zamanda türkcənin söz ehtiyatının zənginliyini də ortaya qoyur. Əsərin sonunda yalnız türkcədə işlənən və fars dilində qarşılığı olmayan sözlərin siyahısı verilmişdir, bu da dilin müstəqilliyini və ifadə imkanlarını göstərmək məqsədi daşıyır.
Onun “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1988, 1990) əsərində qədim türk mifologiyasından, dastanlardan, əfsanə və mərasimlərdən tutmuş, bayatı və manilərə qədər geniş folklor materialı tədqiq olunmuşdur. Heyət, “Əfrasiyab”, “Şu”, “Hun-Oğuz”, “Manas”, “Kutadğu-Bilik”, “Divanü Lüğat-it-türk” kimi mənbələrə istinad edərək türklərin dastan dünyasını müqayisəli şəkildə analiz etmiş, ümumtürk mifoloji motivlərinin sistemli şəkildə araşdırılmasına zəmin yaratmışdır.
Eyni zamanda onun “Ədəbiyyatşünaslıq” (1996) adlı əsəri də ciddi elmi yanaşmaları ilə seçilir. Bu kitabda ədəbiyyatın struktur və forma məsələləri, ədəbi cərəyanlar, janrlar və tənqid meyarları, strukturçuluq və formalizm kimi nəzəri yanaşmalar araşdırılır. Heyət burada həm özünün tədqiqat metodunu nümayiş etdirir, həm də müasir ədəbiyyatşünaslıqla klassik türk ədəbiyyatının qovuşma nöqtələrini müəyyənləşdirir.
Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1987, 1993) əsəri türklərin İslamdan əvvəlki və sonrakı mədəni irsini araşdıran geniş miqyaslı bir tədqiqatdır. O, əsərdə türklərin siyasi və ədəbi müstəvidə qarşılaşdığı çətinlikləri göstərmiş, xüsusən də İran rejimi tərəfindən tətbiq edilən dil və mədəniyyət qadağalarının yaratdığı boşluqları doldurmaq məqsədilə zəngin qaynaqlara əsaslanaraq məlumatları ümumiləşdirmişdir. Əsər türklərin mədəni özünüdərkinin və kimlik axtarışının izlərini daşıyan ciddi nümunədir.
Nəhayət, Cavad Heyət “Göytürklərdən uygurlara qədər” olan tarixi dövrü əhatə edən mədəniyyət və dil araşdırmalarında da göstərmişdir ki, o, hər bir dövrü və bölgəni ayrı-ayrılıqda qiymətləndirərək türklərin tarixini XVI əsrə qədər gətirib çıxarmağa nail olmuşdur. Əsərdə yalnız tarix yox, həm də siyasi və sosial durum, sənət və ədəbiyyat da bütöv şəkildə təqdim edilmişdir. Bu yanaşma onu göstərir ki, Cavad Heyət türkologiyanı yalnız filoloji məsələ kimi deyil, həm də ümummədəni və tarixi bir konsepsiya kimi dərk edirdi.
Dr. Cavad Heyətin tədqiqatları sırasında “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı, “Ədəbiyyatşünaslıq”, “Türk dili və ləhcələrinin tarixinə bir baxış”, “Müqayisətül-Lüğəteyn”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və bu kimi elmi əsərləri də Azərbaycan ədəbiyyatına və türkologiyaya bəxş etdiyi töhfə hesab olunur. Bu əsərlərin əksəriyyəti həm İran və Azərbaycanda, həm də Türkiyədə dəfələrlə nəşr olunmuş və tədqiqatçılar tərəfindən etibarlı mənbə olaraq istifadə edilmişdir.
Professor Cavad Heyətin ədəbiyyat tarixçiliyi sahəsində apardığı tədqiqatlar Azərbaycan yazılı ədəbiyyatının sistemli tədqiqi baxımından əhəmiyyətlidir.
Zaman-zaman görkəmli ədəbiyyatşünaslar, türkoloq alimlər, mədəniyyət xadimləri Cavad Heyətin yaradıcılıq yolu, əsərləri, şəxsiyyəti haqqında öz qənaətlərini bildirmiş, bəzən də əzəmətli portretinin sözlə aydın cizgilərini çəkmişlər. P. Məmmədli onun həyat və yaradıcılığını tədqiqata cəlb edib ayrıca monoqrafiya nəşr etdirmişdir.
Cavad Heyət türkologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və tibb sahəsində paralel və səbatlı fəaliyyəti ilə çağdaş Azərbaycan və türk dünyasının görkəmli simalarından biri kimi tanınır. Onun irsi yalnız klassik dövrün ədəbi, tarixi şəxsiyyətlərinin araşdırılması və dəyərləndirilməsi ilə tamamlanmır, bu türk sevdalısının həyatı daim dilimiz, ədəbiyyatımız, milli kimliyimiz uğrunda mübarizədə keçib.
Cavad Heyət 2014-cü il avqustun 12-də Bakı şəhərində dünyasını dəyişib,avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2026)


