“Arzuya bax, sevgilim, tellərindən incəmi?” Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Öncə ondan başlayım ki, bu gün anım gününü qeyd etdiyimiz görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədov olduqca gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. Xüsusilə, Hacı Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdan "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və s. gözəl örnəklərdir. Bu mahnıların əlsəriyyəti dillər əzbəridir.

 

Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynayıb. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olub və Səid Rüstəmovun tar sinfində təhsil alıb.

1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edib. 1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov olub.

1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak edib və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olub. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunub.

 İkinci Dünya müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşan "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyib.

1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirib. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçib. H. Xanməmmədov Qara müəllimin məsləhəti ilə diplom işi kimi tar ilə orkestr üçün "Konsert" əsərini yazıb.

Bu əsər Dövlət Imtahan Komissiyası tərəfindən əla qiymətləndirilib və gənc bəstəkarın istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edib. O vaxtlar hamı Azərbaycanın qüdrətli bəstəkarlar dəstəsinə öz sözü, öz nəfəsi olan bir bəstəkarın gəlişini çox yüksək qiymətləndirib.Bu əsərdəki işıqlı cəhətlər solo tar aləti sahəsindəki müvəffəqiyyətli axtarışlar və tapıntılar onun 2,3,4 və 5 saylı Konsertlərində də davam etdirilib.

Bu konsertlərin ilk ifaçıları Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev kimi görkəmli ustad tarzənlərimiz olub. Əlamətdardır ki, H. Xanməmmədovun tar konsertləri nəinki Respublikamızda, habelə Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında müvəffəqiyyətlə səslənib, tədris repertuarına daxil edilib.

Onun ardınca bir çox tanınan bəstəkarlarımız – S. Rüstəmov, S. Ələsgərov, C. Cahangirov, T. Bakıxanov, R. Mirişli və b. bu janra müraciət edib və sanballı əsərlər yaradıblar. Onu da xatırladaq ki, 2 saylı "Konsert" görkəmli dirijor V.Fedoseyevin idarəsi ilə Ümumittifaq Radiosunda lentə yazılıb, həmçinin Mərkəzi Televiziyada videoyazısı var.

1990-cı ildə H.Xanməmmədov yenə də musiqimizdə ilk dəfə olaraq kamança və orkesrt üçün "Konsert" bəstələyib və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olub. H. Xanməmmədovun istedadı digər janrlarda da özünü bariz şəkildə nümayiş etdirib.

Keçən əsrin 60-cı illərində bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilən "Bir dəqiqə" (librettosu Məhərrəm Əlizadənin), "Bütün ərlər yaxşıdır" (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyalarını yaradıb. Diqqətəlayiqdir ki, "Bir dəqiqə" musiqili komediyası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında uğurla göstərilib.

Bəstəkarın Xalq Çalğı Alətləri Orkestri ilə yaradıcılıq əlaqəsi də geniş olub. Onun orkestr üçün "Azərbaycan eskizləri", "Kolxoz", "Bayram" süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını nümunə göstərə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun "Azərbaycan eskizləri" süitasında və "Simfoniyetta"da bariz nəticəsini verib.

Hacı Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq, hami tərbiyəçi olub. Onun peşəkar musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışıb. O, "Xalq çalğı alətləri" kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının məsləhətçisi olub.

1951-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan H.Xanməmmədov 1956-cı ildən – yəni Azərbaycan Bəstəkarlar Ittifaqının I Qurultayından etibarən onun İdarə Heyətini üzvü olub. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışıb, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görüb.

Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), Azərbaycan SSR xalq artisti (1988) fəxri adlarına, "Rəşadətli əməyə görə" medalına (1985), "Şöhrət" ordeninə (2000) və Prezident təqaüdünə (2002) layiq görülüb.

Hacı Xanməmmədovla ünsiyyətdə olanlar bəstəkarın nə qədər alicənab və təvazökar, sadə insan olduğunu yüksək qiymətləndiriblər.

 

Əsərləri

Kamança və simfonik orkestr üçün Konsert; Ə.Cəfərzadənin sözlərinə "Əlimdə sazım ağlar", solist və xalq çalğı alətləri orkestri üçün Poema /Qarabağ şəhidlərinə həsr olunub/ (1991); Tar və simfonik orkestr üçün 5 saylı Konsert (1993). S.Vurğun, Ş.Qurbanov, R.Rza, M.İsmayıl, H.Abbas, M.Əsgərli, B.Azəroğlu, Aşıq Alı, Q.İsabəyli, Ş.Manafov və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).

 

 Mükafatları və fəxri adları

- Azərbaycan SSR əməkdar incəsənət xadimi

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

- Azərbaycan SSR xalq artisti

- Professor

- "Şöhrət" Ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru Hacı Dadaş oğlu Xanməmmədov 2005-ci il aprelin 7-də ömrünün 87-ci ilində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.