Elnur Ənvəroğlu, jurnalist. “Ədəbiyyat və incəsənət” üçün
Qısa, amma mənalı bir intizardan sonra yazıçı, publisist və jurnalist Solmaz Məmmədovanın növbəti kitabı oxucularla görüşüb. Bu kitab sadəcə yeni bir nəşr deyil – 48 illik jurnalistika yolunun, 75 illik bir ömrün yaddaşında toplanan ağrıların, acıların, sevinc və kədərin sözə çevrilmiş halıdır. Solmaz Məmmədova bütün yaşanmışlıqları qələm süzgəcindən keçirərək bu dəfə də oxucunu qaranlıqda saxlamır, əksinə, onu işığa, sabaha kökləyir.
Yeni kitabında müəllif sevdiyi üçün susan, xiffətə çəkilən, lakin realist düşüncədən, mənəvi dərinlikdən və dövrün mənfi ünsürlərinə qarşı barışmaz mövqedən vaz keçməyən bir ruhu təqdim edir. Şeirlər, hekayələr və publisist yazılarla zəngin olan bu topluda hər gələn gün, hər açılan səhər müsbət bir dəyər kimi ön plana çəkilir. Elə buna görə də kitab “Sabahın İşığı” adlanır – çünki bu işıq ümidsizliyə qarşı yazılmış bir müqavimətdir.
Solmaz xanım etiraf edir ki, kitab tamamlandıqdan sonra onun adı üzərində uzun-uzadı düşünüb. Bu topluda yaxın zamanlarda dünyasını dəyişən həyat yoldaşına həsr olunmuş kövrək şeirlər, gənclik çağlarında həyatın qarşısına çıxardığı çətin sınaqları əks etdirən hekayələr yer alıb. İlk baxışda oxucuya elə gələ bilər ki, həyat yalnız qəm və ağırlıqdan ibarətdir. Amma müəllif bir həqiqəti aydın şəkildə dərk edib: insanı gələcəyə aparan, ayaqda saxlayan məhz işıqlı sabahlardır. Hər yeni açılan səhər dünyaya nur çiləyir, yaşamaq, yaratmaq və irəli getmək üçün bizə güc verir.
Oxucular Solmaz Məmmədovanın əvvəlki “Onu gözləyən var” kitabından da tanış olduqları həyat hekayələrinin izlərini burada da hiss edirlər. Həmin kitabda illərin süzgəcindən keçmiş həm acı, həm də şirin hadisələr ardıcıllıqla, bir xronologiya daxilində təqdim olunurdu. Üstəlik, ötən ilin sentyabr ayında Cəlilabad rayonunda, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən Solmaz Məmmədovanın 75 illik yubiley tədbirində “Onu gözləyən var” kitabının təqdimatı da baş tutmuş, bu nəşr müəllifin yaradıcılıq yoluna bir növ yekun baxışı kimi dəyərləndirilmişdi.
“Sabahın İşığı”nda isə yazıçı daha da geriyə – jurnalistikaya ilk addımlar atdığı illərə qayıdır. O dövrlərdə qələmə aldığı şeir və hekayələr bu kitabda bir araya gətirilərək zamanla üz-üzə dayanır. Bu mətnlər təkcə keçmişin xatirəsi deyil, həm də bu günə daşınan mənəvi yükdür.
Solmaz Məmmədova öz şeirlərini həyatının bütöv bir düsturu adlandırır. Bu misralarda Vətən sevgisi, ana məhəbbəti, dosta sədaqət və ən səmimi şəkildə ömür-gün yoldaşına ünvanlanan duyğular dillənir. Hekayələrində isə həyatın bütün çalarları var: acı da, yumor da, sərt reallıq da. Hər biri yaşanmış hisslərin, dərin müşahidələrin və zamanın yaddaşımızda buraxdığı izlərin ifadəsidir.
Bəli, “Sabahın İşığı” oxucunu yaxşılığı qorumağa, zamanın qədrini bilməyə çağırır. Çünki zaman bəzən bizdən ən əziz insanları alır, bəzən ayaqda durmağı öyrədir, sonra isə gücümüzü sınağa çəkir. Amma bütün bunlara rəğmən, zaman hər yeni səhəri ilə ruhumuzu oxşayır, bizi yenidən həyata bağlayır və qəlbimizdə tükənməz ümidlər oyadır. Solmaz Məmmədovanın kitabı da məhz bu ümidlərin işığında yazılıb…
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)


