Heydər Əliyevin sensasion çıxışı yayıldı: onun bu inadı olmasaydı, tarix başqa cür yazılacaqdı Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1996-cı il.

Azərbaycan zəifdir.

Torpaqlar işğal altındadır.

Təzyiqlər isə güclüdür.

Və məhz bu vaxt Heydər Əliyev Şuşa və Laçın sakinləri qarşısında danışır.

Açıq danışır.

Riskləri gizlətmir.

Tarixi qərarın məsuliyyətini üzərinə götürür.

 

Sosial mediada yayılan bu video parça bir daha göstərir ki, əgər Heydər Əliyev o dövrdə Laçın və Şuşa məsələsində, eləcə də "Dağlıq Qarabağ" adlı qondarma qurumun statusu məsələsində azacıq belə güzəştə getsəydi, bu gün Azərbaycanın Qarabağ zəfəri bəlkə də mümkün olmayacaqdı. Video, illər öncə aparılan böyük siyasi oyunun mahiyyətini və həmin oyunda Azərbaycanın hansı təhlükələrlə üz-üzə qaldığını aydın şəkildə ortaya qoyur.

Heydər Əliyev həmin çıxışında beynəlxalq dairələrin və vasitəçilərin Azərbaycana təqdim etdiyi planı açıq şəkildə izah edir və niyə bu plana razılaşmadığını xalqın qarşısında əsaslandırır. O deyirdi:

“Onlar deyirlər ki, Laçın, Şuşa məsələsi Dağlıq Qarabağın statusu müzakirə olunan vaxt müzakirə olunsun. Siz niyə razılıq vermirsiniz, niyə inadkarlıq edirsiniz, deyirlər mənə? Bəziləri deyirlər ki, bəlkə mən düz eləmirəm, çünki inadkarlıq edirəm. Axı bu məsələni mərhələ-mərhələ əldə etmək olar.”

Heydər Əliyev bu “mərhələli həll” planının mahiyyətini də açıqlayır. Plan ondan ibarət idi ki, əvvəlcə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları azad edilsin, həmin rayonlara sakinlər qayıtsın, bununla da müəyyən “müsbət atmosfer” yaransın. Ermənistan tərəfi və beynəlxalq vasitəçilər iddia edirdilər ki, bu, qarşılıqlı etimadı artıracaq, gərginliyi azaldacaq və bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşdiriləcək.

Heydər Əliyev həmin çıxışında bu yanaşmanı da sitat gətirərək belə izah edirdi:

“Onlar da deyirlər ki, bu, müəyyən atmosfer yaradacaq. Ermənistan tərəfi də deyir ki, bu, qarşılıqlı inam yaradacaq, etimadsızlıq aradan qalxacaq. İkinci mərhələdə Dağlıq Qarabağa hansı status verilərsə, onda Laçınla Şuşa məsələsi müzakirə olunacaq. Mən isə buna razı olmuram...”

Məhz bu nöqtədə Heydər Əliyev məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyurdu. O, Şuşa və Laçının taleyinin gələcəyə saxlanılmasının nə demək olduğunu çox dəqiq anlayırdı. Buna görə də çıxışını belə yekunlaşdırırdı:

“İndi görün Şuşa və Laçın nə qədər əhəmiyyətlidir və nə qədər əzizdir.”

Həmin dövrdə Azərbaycan ən zəif vəziyyətdə idi. Ermənistan güclü xarici himayədarlara arxalanaraq ölkəmizin torpaqlarının təxminən 20 faizini işğal etmişdi. Beynəlxalq aləmdə isə Azərbaycandan israrla tələb olunurdu ki, “sülh naminə” güzəştlərə getsin və status məsələsində geri çəkilsin. Əslində isə bu tələblər Dağlıq Qarabağ adlı ərazidə yaradılmış qondarma separatçı qurumun status alaraq faktiki dövlətə çevrilməsinə xidmət edirdi.

Heydər Əliyev bu təhlükəni vaxtında gördü və prosesi tormozladı. O, Şuşa və Laçını Qarabağ məsələsində açar ərazi, əsas nöqtə, həlledici amil kimi qiymətləndirdi və bu mövqedən bir addım da geri çəkilmədi. Məhz buna görə də o dövrdə beynəlxalq missiyalar, hətta daxildəki bir sıra müxalif qüvvələr tərəfindən ittiham olundu, “inadkarlıqda” günahlandırıldı. Bir çoxları isə bu siyasətin gələcəkdə nəticə verəcəyinə inanmırdı.

Lakin zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O, Azərbaycanın zəif dövründə xarici təzyiqləri neytrallaşdırdı, vaxt qazandı, dövlətin güclənməsini təmin etdi, ordunun formalaşmasının əsasını qoydu. Özünün fiziki-bioloji ömrü bu missiyanın tamamlanmasına çatmayanda isə bu yolu yarımçıq qoymadı, siyasi xəttin davamını İlham Əliyevə tapşırdı. O isə bu yolu zəfərə qədər apara bildi və bu gün artıq Azərbaycan bütövdür, Qarabağ tamamilə azaddır. İkinci erməni dövlətini qurmaq istəyənlər isə indi Qarabağdan qaçan erməniləri geri qaytarmaq üçün gülməli demoqojilərdən o tərəfə keçə bilmirlər...

Bu gün Qarabağ zəfəri artıq tarixi reallıqdır. Şuşa və Laçın azaddır. İndi geriyə baxanda 1996-cı ildə deyilən sözlərin, göstərilən inadın və aparılan diplomatik gedişlərin əsl qiyməti daha aydın görünür.

Bugünkü mənzərə onu göstərir ki, Azərbaycan bu zəfəri məhz Ümummilli lider Heydər Əliyevin o vaxtkı prinsipial mövqeyinə və strateji uzaqgörənliyinə borcludur.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.