ƏLİŞİR NƏVAİ – N.GƏNCƏVİNİN DAVAMÇISI, GÖRKƏMLİ DİLÇİ və TÜRKÇÜ
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Böyük özbək şairi, N.Gəncəvinin davamçılarından biriƏlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində doğulmuşdur. O, zamanının bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri olmuşdur.
Nəvai yalnız elm və sənət sahəsində deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində Nəvainin elmi və dini baxışları, sənəti xüsusi yer tutur.
Ancaq onun ən böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir. Əlişir Nəvai ərəbcə və farscanı ana dili kimi bilir, öz dövründə bu dillərdə ən gözəl əsərləri yaza biləcək qədər incəliklərə vaqif idi. Əsrlərə örnək olacaq əsərləriylə bunu sübuta yetirmişdi. Ancaq o dövrün dəbinə uyaraq ərəb, xüsusilə fars dilində yazan türk şairlərinə qarşı çıxır, Türk dilinin əcnəbi dillərin kölgəsində qalmasına qarşı üsyan edirdi. Nəvai türk dilinin bir məcazlar, cinaslar, qafiyələr və fellər dili olduğunu, səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının fars dilindən üstün olduğunu bilir, bunu sübut etmək istəyirdi. "Mühakəmət-ül-Lüğəteyn" adlı əsərini bu məqsədlə meydana gətirmişdi.
Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır. O, türkcə yazdığı əsərlərini “Nəva", farsca yazdığı əsərlərini isə "Fani" təxəllüsü ilə möhürləmişdi.
Əsərləri:
Onun əsərlərinin hamısı məşhurdur, amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn", "Məcalisün-Nəfais" adlı əsərləri ilə beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır.
Ədib “Mühakəmət-ül Lüğəteyn" adlı əsərində türk və fars dillərini qarşılaşdırır. Türk dilinin və türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. O, həmin əsərdə yazır: “…fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün elə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz".
"Məcalisün-Nəfais" isə şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və burada XV əsrdə Türküstan və İranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir.
"Xəmsə"sində "Fərhad və Şirin", "Leyli və Məcnun" kimi mənzum romanları, makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir.
Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şerlər Orta Asiya türk dilinin ən gözəl nümunələridir.
“Xəmsətul-mütəhəyyirin" əsərində yaradıcılığının qızıl dövrünü yaşayan dahi sənətkarın dahi Əbdürrəhman Cami ilə ustad-şagird münasibətləri; "Mizanul-əvzan" əsərində onun ədəbiyyat nəzəriyyəçisi - əruzşünas alim kimi xidmətləri ilə tanış oluruq.
"Səbat-abhur"da "Qurani-Kərim"in yazıldığı ərəb dili lüğətçiliyini anlamaqla yanaşı, onun ərəb dilini də gözəl bildiyi haqda məlumat əldə edirik.
"Nəsaimul-məhəbbət" təzkirəsində şairin zəngin mütaliə mədəniyyəti sayəsində əldə etdiyi Şərq dünyasının şeyxləri, vəliləri, şair və övliyaları barədə verdiyi məlumatlarla tanış oluruq.
"Münşəat" əsərində türk dilində rəsmi dövlət yazışmalarının - məktublaşmaların örnəkləri, sənədləşmə tarixi haqqında aydın təsəvvür alırıq.
"Vəqfiyyə" əsərində bu dahi və imanlı şəxsiyyətin nəhayətsiz miqyasda olan xeyriyyəçilik işləri ilə tanış oluruq; məsələn, şairin fikrincə, hər bir kəs Həcc ziyarətindən əvvəl o yola aid bütün məsrəfləri əvvəl xalqının məzlum insanlarına, ölkəsinin abadlığına xərcləməli, bundan könlü rahat olunca, Həcc ziyarətini tamamlamalıdı, "Vəqfiyyə"də şair bu humanist və insani düşüncəsini ortaya qoyur.
"Zubdətut-təvarix" başlığı ilə təqdim etdiyi iki tarixi əsərdə - "Tarixi-ənbiya və hükəma" və "Tarixi-müluki əcəm" əsərlərində onu tarixçi alim kimi tanıyırıq.
"Nəzmul-cəvahir", "Hədisi-ərbəin", "Məhbubul-qülub", "Siracul-müslimin", "Risaleyi-tiyr andoxtan" və "Minacat" əsərləri ilə islam dininin xalq arasında türkcə anladılması sahəsindəki tarixi xidmətləri ilə tanış oluruq. Ömrünün sonuna yaxın yazdığı "Lisanut-teyr" əsəri ilə dahi insanın kamillik dövrünə dolduğuna şahid oluruq.
Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş, çox məşhur türk şairləri onu örnək bilmiş, təriflər yazmışdır.
Əlişir Nəvai 3 yanvar 1501-ci ildə Heratda vəfat etmişdir.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)


