MARAQLI SÖHBƏTLƏR – Rossini və şarmankaçalan Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Növbəti maraqlı söhbətim İtaliyadan və Fransadan olacaq. Özü də gülməli bir əhvalatdır.

Bir dəfə dünyaca məşhur İtaliya bəstəkarı Coakkino Rossini Parisə gəlir. Bəstəkar  məskunlaşdığı evin pəncərələri altında  bir nəfərin köhnə şarmanka ilə  dəhşətli dərəcə yanlış notlarla çaldığını eşidir. Bu köhnəlmiş küçə musiqi aləti cırıldayır, xırıldayır və sanki narazı bir ah çəkərək, heç bir nota belə uyğun gəlməyən səslər çıxarırdı...

 

Rossini  nə edir? O, şarmankanın çıxardığı bu dəhşətli “musiqi səsi”ni bir qədər dinləyir və növbəti dinləmədən sonra, melodiyanın onun öz əsərindən olduğunu tanıyanda, heyrətə gəlir.  Bu, onun məşhur “Vilhelm Tell” operasından  inanılmaz dərəcədə təhrif olunmuş uvertüra idi.

Həddindən artıq qəzəblənən bəstəkar pəncərəni açıb, şarmanka çalanın oradan  getməsini əmr etmək istəyir. Lakin birdən fikrini dəyişir və qışqıraraq, küçə musiqiçisini yuxarı çağırır. Yuxarı qalxan musiqiçini Rossini qapıda qarşılayır və ondan soruşur:

- De görüm, dostum, sənin ecazkar şarmankan Jak Qalevinin hansısa musiqi əsərini ifa edə bilərmi?

- Əlbəttə! – deyə şarmanka çalan qürurla cavab verir. - Məndə onun “Kardinalın qızı” operasından bir melodiya var.

- Əla! – deyə Rossini sevinir. - Bəs bəstəkar Qalevinin harada yaşadığını bilirsənmi?

- Əlbəttə. Parisdə, bunu kim bilmir ki?

- Əla! Bax, budur sənə bir frank verirəm. Get onun pəncərələrinin altında “Kardinalın qızı”nı ifa elə. Eyni melodiyanı, ən azı altı dəfə. Yaxşı?

Bununla məşhur bəstəkar Coakkino Rossini köhnə dostu olan Jak Qalevi üçün bir zarafat hazırladığını düşünürdü. Amma… Şarmanka çalan başını bir qədər yırğaladır və etiraf edir:

- Mən sizin istəyinizi yerinə yetirə bilməyəcəyəm. Axı məni sizin yanınıza müsyö Qalevi göndərib. Bununla belə, o, sizdən daha mərhəmətlidir: o, cəmi üç dəfə sizin “Vilhelm Tell” uvertüranızı çalmağı məndən xahiş edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.