“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İctimai Radioda yayınlanan “Can Azərbaycan” proqramının növbəti qonağı Norveçdə yaşayan soydaşımız, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri, bəstəkar və musiqiçi Arzu Rzayeva idi və onunla söhbət o qədər diqqətimi çəkdi ki... Eşidəndə Beynəlxalq Muğam Mərkəzində Arzu xanımın “Arzuların melodiyası” adlı konserti keçiriləcək, mütlqə orada iştirak edəcəyimi qət etdim. Və etdim də.
Beynəlxalq Muğam Mərkəzi tamaşaçılarla dolmuşdu. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə baş tutdu. Konsertdən əvvəl isə rəsmi hissə oldu.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov gecəni açaraq milli-mədəni dəyərlərimizin və musiqimizin beynəlxalq səviyyədə tanıdılmasında Arzu Rzayeva kimi yaradıcı şəxslərin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Milli musiqimizin, dilimizin və mədəni irsimizin qorunmasında diaspor nümayəndələrinin rolunu yüksək qiymətləndirdi.
Daha sonra Əməkdar incəsənət xadimi, sevimli şairimiz Baba Vəziroğlu söz aldı, belə layihələrin Azərbaycan mədəniyyətinin təbliğində, gələcək nəsillərə ötürülməsində əvəzsiz olduğunu diqqətə çatdırdı.
Daha bir nüfuzlu qonaq - Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Arzu xanıma gələcək fəaliyyətində uğurlar arzuladı.
Növbəti çıxışçı - məşhur dirijor, Xalq artisti Ağaverdi Paşayev tələbəsi Arzu Rzayevanın uğuruna çox sevindiyini bildirib, bu cür konsertlərin davamlı təşkilinin vacibliyini söylədi.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən, Əməkdar artist Sahib Paşazadə bu cür konsertlərin milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verdiyini dilə gətirdi.
Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva isə Arzu Rzayevanın bəstələrində vətənə və torpağa sevginin xüsusi yer tutduğunu bildirdi.
Nəhayət, bəstəkar Arzu Rzayeva özü söz aldı, konsertin ərsəyə gəlməsinə göstərilən dəyərli dəstəyə görə minnətdarlığını ifadə etdi. Soyuq Norveçdə Bakı günəşi olmasa belə, Azərbaycan musiqisi ilə isinməyin mümkünlüyünü dilə gətirdi.
Nəhayət, tamaşaçıların səbirsizliklə gözlədikləri konsert başladı. Konsertdə Azərbaycan musiqi ənənələrinə əsaslanan bəstələr böyük maraqla dinlənildı və gur alqışlarla qarşılandı. Qeyd edim ki, ifaçılar tək azərbaycanlılar deyildi, norveçlilər də bu möhtəşəm gecəyə rəng qatmağa gəlmişdilər.
Foto dəstəyinə görə Diasporla İş üzrə Dövlət Komitəsində minnətdarlığımızı bildiririk.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


