Lüksemburqda nəşr olunan “Pizzicato” musiqi jurnalında Azərbaycan və Avropa bəstəkarlarının fortepiano əsərlərinin yer aldığı kompakt disk (CD) haqqında məlumat dərc edilib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, disk komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniyada yaşayan azərbaycanlı pianoçu Gülçin Aslanova-Lutzun təşəbbüsü ilə buraxılıb.
Diskin hazırlanmasının əsas məqsədi Azərbaycan və Avropa bəstəkarlıq məktəbinin zəngin irsini eyni platformada təqdim etmək, bu iki musiqi mədəniyyəti arasında paralelləri və qarşılıqlı təsir imkanlarını göstərməkdir.
CD-yə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fortepiano üçün yazılan “12 miniatür” silsiləsi və alman musiqisinin görkəmli nümayəndəsi Robert Şumanın “Davidsbündlertänze” silsiləsi daxil edilib. Bütün əsərlərin ifaçısı Gülçin Aslanova-Lutzdur.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


