Super User

Super User

Çərşənbə axşamı, 19 Avqust 2025 16:37

VAQİF SƏMƏDOĞLU, “Şikəst pencəyinin boş qolu...”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

Şikəst pencəyinin boş qolu...”

 

Şikəst pencəyinin

boş qolu

gecəylə dolu...

Ürəyin yeganə yeridir

içimizin gecəsi

İnsan səsi

qaranlıqdan çıxır.

Bulaq

yer altının gecəsindən axır.

Qarı süd sağır

inək əmcəyinin qaranlığından.

Ana bətninin

gecəsindən gəlir dünyaya insan.

Bəlkə elə yaşayırıq

bir gecədən

o birinə keçmək üçün.

Sona gecikmək üçün.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

Çərşənbə axşamı, 19 Avqust 2025 16:13

Zərif cinsin hüquqları niyə pozulur?

ANALAR DÜNYAYA QIZ UŞAĞI GƏTİRMƏKDƏN İMTİNA ETMƏKDƏDİRLƏR

 

“Ədəbiyyat və incəsənət” portalı Könül Cəfərlinin günümüzün çox aktual bir probleminə toxunan yazısını diqqətinizə çatdırır. Gözəllik bölümündə gedən yazı təbii ki, gözəllik simvolu olan qadınlar barədədər. Amma bəri başdan deyək ki, heç də ürəkaçan mövzu barədə danışmayacağıq.

 

 

Qadınların özünəgüvəni uşaq yaşlarından formalaşmalıdır: Qız-oğlan övladı seçilmədən, qızların üstünlükləri əlindən alınmadan, xanımlığı, dəyəri kiçildilmədən. Kişilərlə qadınlar arasında əksər hallarda ayrı-seçkilik qoyulur: istər hələ cinsiyyəti bəlli olmadan ana bətnində, istərsə də cəmiyyətdə müxtəlif statuslarda qərarlaşdıqlarında.

Cəmiyyət olaraq ev öhdəliklərinin, əsas yükün qadınların üzərinə düşməsi onların əksəriyyəti üçün zaman və enerjinin böyük bir qisminin tükənməsi deməkdir. Kişilərdə isə bu yük bəlli bir yaşdan sonra formalaşır. Cəmiyyət olaraq oğlanlara "kişidir, gücü buna çatır, bunu edir" deyib bəraət qazandıra bilirik. Amma qadınların yükü hətta "pul gətirən" işlərlə məşğul olduğu hallarda belə dəyişməz olaraq qalır.

Bütün bunlar cəmiyyətdə gender əsaslı çətinliklərin formalaşmasına gətirib çıxarır.

Bununla belə, yetkinlik yaşlarında psixoloji təzyiqə məruz qalan, yanlış anlaşılma nəticəsində, ailə münaqişəsi zəminində qətlə yetirilən yenə də qızlar olur. Bunun səbəbi nədir?

Ucu-bucağı bilinməyən dünyada qızlar üçün rahat yaşayacağı mühit yaratmaq, özünü inkişafına şərait yaradaraq dəstək olmaq nə üçün çətindir?

Görün nə vəziyyətdir ki, Azərbaycan doğulanların cins nisbətinin pozulduğu ölkələr arasında birincidir. Bu ayrı-seçkilikdə əsas səbəblərdən biri isə selektiv abortlardır. Belə davam edərsə, bu, gələcəkdə ciddi demoqrafik problemə səbəb olacaq.

Statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü.

2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə hər doğulan 100 qıza 102-106 oğlan düşür.

Selektiv abortlar bu məsələnin sadəcə bir hissəsidir. Qadınların gender əsaslı çətinliklərə məruz qalması yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir.

Bütün dünyada iş yerlərində belə cinsi qısnama əsasən qadınları hədəfləyir. Avropa İttifaqında (Aİ) qadınların 40-50 faizi iş yerində arzuolunmaz hərəkətlərlə, fiziki təmas və ya cinsi qısnamanın digər formaları ilə üzləşir. Aparılan araşdırma göstərir ki, qısnama qorxusu özəl sektorda çalışan qadın respondentlər arasında mövcuddur. Həmçinin, bu problem ailələr tərəfindən qadınların özəl şirkətlərdə çalışmasına etirazın səbəbi kimi tez-tez qeyd edilirdi.

 

"Günahkar qadın" obrazı yaratmaq…

 

İctimaiyyət düşüncəsi "qurbanı günahlandırmağa" çevrildikdə qadınlar bəzi  hallarda gender əsaslı ayrı-seçkiliklə üzləşirlər və yaşadıqları xoşagəlməz halları gizlətməyə üstünlük verirlər.

Hətta bəzən cəmiyyətdə zorakılığa, şiddətə və xəyanətə məruz qalan qadınların özlərini belə günahkar çıxarmağa çalışan ifadələr səsləndirilir. Bir çox hallarda şiddət görən qadınlar bənzər problemləri, yəni yoldaşlarının içib, çəkib, onları döydüyünü, xəyanət etdiklərini dilə gətirirlər. Problemin həlli üçün çıxış yolu axtaran bəzi "psixoloqlar" və "sosioloqlar" isə "niyə bəs o kişini seçmişdiniz?" sualını verərək səhvin qadında olduğuna onları bir növ inandırmağa çalışırlar. Təbii ki, heç kim şiddət göstərən kişini həyatında istəməz. Cavab da şikayət kimi bir qədər standart olur. Bəzi qadınlar "yoldaşım əvvəl normal insan idi" deyirlər.

Cəmiyyətdə bir qrup insan qadına "günahkar sənsən" deməyin daha üslublu formasını tapır. Məsələn, "öz özünə sual ver, sən normal insanın başına nə oyunlar açdın ki, yazıq içməyə, döyməyə və xəyanət etməyə başladı?"

Həyatdakı uğursuzluqların səbəbinin özünün ola biləcəyinə dair fikirlər yavaş-yavaş qadının şüuraltısına yeridilir.

"Bəlkə səbəb sənsən, amma bunu etiraf etməkdən qorxursan?" - Bu psixoloji təzyiq sevgisizliyə, özünəinamsızlığa, intihara gətirib çıxarır.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında bildirib ki, bütün bunlara səbəb Azərbaycanda ailə institutunun düzgün formalaşmamasıdır.

Belə ki, metodoloji cəhətdən bu məsələ kökündən yanlış gedir:

"Biz qadınların, qızların hüquqlarının pozulması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Amma görürük ki, nə insanlardan, nə də aidiyyəti qurumlardan lazımı reaksiya gəlmir. Gərək məsələni ailə modeli üzərindən qabardıb, çıxış yolu tapasan. Qadını, kişini yox, ailəni qorumaq lazımdır. Bu zaman ahəng qorunur və hər iki tərəf özünü normal aparır. Uzun illər qadınları müdafiə məqsədilə kişiləri vəhşi, kobud, zorakı kimi, qadınları isə zəif, məzlum, zorakılığa məruz qalan biri kimi qələmə verdik. Biz əslində bununla da müəyyən mənada səhv etmişik.

Bilirsiniz necədir? Ailədə münaqişə yaranıbsa, qadının qohumu qadını, kişinin qohumu kişini müdafiə etdi. Nə ailələr, nə də aidiyyəti qurumlar düzgün tərəf tuta bilmədi. Bu, hədsiz dərəcədə yanlış oldu. Beləliklə bu məsələlər də müəyyən mənada özbaşına qaldı".

 

Azərbaycanda ailələrin 80%-i gərginlik içindədir…

 

Sosioloqun sözlərinə görə, bu gərginlik gələcəkdə daha çətin və çıxılmaz problemlər yarada bilər:

"Bu məsələdə laqeydlik göstərmək, kənardan müşahidə etmək olmaz.2014-cü ildən bu günə qədər boşanmaların sayı artaraq gedir.Bu, çox təhlükəlidir.Cəmiyyət mürəkkəbləşir, insanların sinir sistemləri gərginləşir.Boşanmalar artır, amma bu, təkcə onlarla bitmir.

Boşanmayan ailələr onlardan 2 dəfə çoxdur. Ailələrin 80 faizində xoşbəxtlik yox, gərginlik hökm sürür. Bu ailələrdə isə görün necə gənclik böyüyür.Yeni nəsil bu qədər mürəkkəb, gərgin mühitdə nə qədər sağlam fərd kimi yetişə bilər?

Düşünün ki, bu gərginlik ailədə uşaqların səhhətinə, insanlara qarşı münasibətinə, həyata baxışına, problemlərlə mübarizə formasına, təhsilinə, şəxsiyyət kimi formalaşmasına və s. mənfi təsir edir. Cəmiyyətin tələblərinə uyğun ailə institutu ilə bağlı ciddi fəaliyyət proqramları hazırlanmalıdır.Biz bu qədər zorakılığı görürük, amma məsələyə yenə də günlük, saatlıq reaksiyalar göstəririk.Həmin o zorakılığa gətirib çıxaran səbəblə mübarizə aparılmalıdır ki, o neqativ hallar, cinayətlər, zorakılıqlar baş verməsin.

Ölkənin ən böyük sərvəti onun əhalisinin keyfiyyətidir. Ən güclü silahımız əhalinin sağlam təfəkkürlü fərdlər kimi yetişməsidir. Bu məsələyə ya aidiyyəti qurumlar vaxtında diqqət etməlidir, ya da bu dəhşət böyüyərək cəmiyyəti məhvə doğru aparacaq".

Artıq gender əsaslı çətinliklə qarşılan və hüquqları tapdanan qadınları müdafiə edən, onlar üçün mübarizə aparanların sayı günbəgün artır. Bizi dünyaya gətirən bir qadındır, bunu unutmaq olmaz. Çox təəssüf ki, elə hər gün bir qadın digər qadının dünyaya gətirdiyi şəxs (kişi) tərəfindən zorakılığa məruz qalır və ya qətlə yetirilir.

Psixoterapevt Elmir Əkbər mövzuya münasibət bildirərkən deyib ki, problemlər valideynlərin övladlarından öncə özlərini düşünməsindən yaranır və yaşa, mühitə, situasiyaya görə şaxələnir:

"Valideynləri zorakılıq, şiddət görən övladlarının ailə durumundakı çətinliyi görmək istəmirlər. Bəzən bu, əlavə məsuliyyəti öz üzərinə götürməkdən irəli gəlir. Azərbaycan mentalitetinə sırınmış, manipulyasiya edilən bir məsələ var. Valideyn öz övladını mənfəətinə uyğun düşünür və buna görə də evlənəndə də dinc qulağını fikirləşir. Qadının boşanması ailəsi üçün yükdür.

Digər problem isə qadınların öz günahıdır. İqtisadi cəhətdən qadınların əksəriyyəti əziyyət çəkmək, iqtisadi cəhətdən özünü, övladını təmin etməkdən qorxur. Bu səbəbdən də istər öz ailəsində, istərsə də ata evində onu maddi cəhətdən təmin edən şəxs və ya şəxslərin diktəsinə, yeri gələndə zorakılığına, təzyiqinə də boyun əyməli olur. Əgər qadın öz ayaqları üzərində dayana bilmirsə, daim o kimdənsə maddi cəhətdən asılı qalacaq.Bu zaman da təzyiqlər, zorakılıqlar qaçılmaz olacaq".

 

Bakalavr təhsili qızlar üçün imtahansız olsun…

 

Elmir Əkbər düşünür ki, qızların hüquqlarını bilməsi üçün onların bakalavr səviyyəsində ali təhsil müəssisəsinə qəbulu imtahansız keçirilməlidir:

"Ailələr şərait yaratmırlar ki, qızlar oxusun, hazırlaşsın. 21 əsrdə yaşasaq da, bu məsələ hələ də aktualdır. Tibb Universiteti və hüquq fakültələri istisna olmaqla, digər ixtisaslar üzrə bu şəraiti yaratmaq mümkündür. Qızlar hamısı bakalavr təhsili almalıdırlar.Onlar oxumağa davam etməsələr də, dünyagörüşləri olacaq.

Mən Avstriyada təhsil almışam. Orada ali təhsil müəssisəsinə daxil olmaq çox asandır, çətin olan orada oxumaq, qiymət almaq, məzun olmaqdır. Bizim təhsil oradakı təhsildən üstün ola bilər? Səmimi deyək ki, xeyr. Dünyanın ən inkişaf etmiş ölkələrində - Yaponiyada, İsveçrədə təhsil bu formadadır.

Baxın bu məsələləri ayrı-ayrı müzakirə edəndə görürük ki, zorakılığa məruz qalan qadın hara müraciət etsin, kimə sığınsın?Ailə geri qəbul etmir, ər şiddət göstərir, sığınacaqlar məhdud sayda, öz ayaqları üzərində də dayana bilmirlər.Nəticə?Bu çıxılmazlıq gətirir ölümə çıxarır. Bir insanın digərini öldürməsi üçün heç bir səbəb ola bilməz. Həmin insan sadəcə psixopatdır.Bu da şizofreniyadan fərqlidir. Şizofreniya psixozda olan insan anlaqlı deyilsə, nə etdiyini dərk etmirsə, manyak, xəstə etdiyi hərəkətlərə görə cavabdehdir. Amma qadın öldürüldükdən sonra artıq heç bir mənası yoxdur ki, cinayətkarın şizofren, ya psixopat olduğu dəqiqləşsin. Ölünü geri qaytarmaq olmur".

 

Qızlar bərabər hüquq əldə etməlidir…

 

Elmir Əkbər onu da əlavə edib ki, maarifləndirmə ilə əlaqədar heç bir qurum, təşkilat qız övladları olan ailələrə və ya zorakılıq görən qadınların evlərinə bir-bir baş çəkə bilməz. Ona görə də bu məsələdə beynəlxalq təşkilatlar, media mütəmadi materiallar hazırlamalıdır.

 

Affekt vəziyyətində törədilən cinayətin qurbanları…

 

Tez-tez cinayət motivlərində eşitdiyimiz "affekt vəziyyətində olub" ifadəsidir. Niyə affekt vəziyyətində törədilən cinayətlərin qurbanları çox hallarda məhz qadınlar olur?Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri affekt, digər adı ilə güclü ruhi həyəcan vəziyyətində cinayət törədilməsidir. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır. Nə etdiyini anlamayan insan affekt vəziyyətdə elə özünü bıçaqlasın, özünü pəncərədən atsın, özünəqəsd etsin də. Nə üçün qadına, uşağa qəsd edir? Demək ki, bu, heç də affekt vəziyyətin nəticəsi deyil…

Psixoterapevt məsələyə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyətdə olan insanlar özünə yox, başqasına xətər yetirir:

"Affekt vəziyyətindəki insan özgəsinə zərər yetirir, yaralayır, hətta qətlə yetirə bilir. Onlar o halda özlərinə ziyan vurmur.Bu, məsələnin bir tərəfidir. Amma daha ağır problem odur ki, bizim cəmiyyətdə insanlar affekt vəziyyətinin nə olduğunu bilmirlər.İ nsan sadəcə əsəbiləşir, şüurlu şəkildə cinayət törədir, sonra da affekt vəziyyətində olduğunu deyir. Əsəbiləşmək affekt vəziyyəti deyil.Emosional nəzarəti itirmək onsuz da problemdir. Amma affekt hər adamda olmur. Affekt vəziyyətində olan insan ancaq düşmənini, sevmədiyi insanı yox, ən əziz adamını da öldürə bilər. Bir müddət sonra özünə gələndə heç nədən xəbərsiz cinayət törətdiyini görə bilər. Yəni, affekt vəziyyətində cinayət motivi ola bilməz.

Affekt vəziyyəti müəyyən patologiyası olan insanlarda rast gəlinir. Təəssüf ki, bəzən ekspertizalarda rüşvət alınaraq emosional problemləri bu adla qeyd edirlər.Xeyr, əzizim, affekt vəziyyətində olan insan heç nəyi anlamaz. Bu, çox spesifik bir haldır. Canilərə haqq vermək üçün affekt vəziyyətindən istifadə edirlər. Bu, mənə görə heç doğru bir şey deyil".

 

Analar, qayınanalar qadınların ilk düşmənləridir…

 

Gender əsaslı çətinlikləri, qadınların məruz qaldığı zorakılıqları aradan qaldırmaq üçün böyük çevrilişə ehtiyac olmadığını deyən psixoterapevt xırda-xırda dəyişikliklərin edilməsinin vacibliyinə toxunub:

"Qadınların bu vəziyyətdə istismara məruz qalmasının səbəbi də məhz özləri olurlar. Mütəmadi, stabil şəkildə anaları, qayınanaları, eləcə də hər kəsi maarifləndirmək lazımdır.İnsan səhv edə bilər. Bir fikri başa düşün ki, qəhrəmanları hamı alqışlayır.İnsanın əzizi səhv etdiyi anda yanında olmalıdır.Bütün intiharların, cinayətlərin məsuliyyəti ölən insanların yaxınlarının günahıdır. Vaxtında insana arxa çıxsalar, heç kim ölməz. Ölüm bir anda gəlmir.Nə qədər qadının hüquqları öz yaxınları tərəfindən tapdalanır. Qadın var ki mənəvi olaraq hər gün qətlə yetirilir. Şüuraltına yeridilən belə bir misal var ki, yuxuda qız uşağı görsən, şərə, oğlan uşağı görsən, xeyirə yozulur.Görün bu nə deməkdir? Mən çox təəssüf hissi keçirirəm.Bu mövzu mənim çox həssas nöqtəmdir. Cəmiyyətdə bu mövzu ilə bağlı mübarizə aparan hər kəsə hər zaman əlimdən gələn dəstəyi verməyə hazıram".

Sizi dünyaya gətirən qadınlara qarşı mərhəmətsiz olmayın. Bir insan səhv edə bilər, amma bunun cəzası ölüm ola bilməz. Bir insanı sevməyə bilərsiniz, amma onu ölümə sürükləməməlisiniz. Bir insanın fikrini bəyənməyə bilərsiniz, amma ona hörmətlə yanaşmağı bilməlisiniz. Ən azından bu mövzuda bərabərhüquqlu olmağa çalışın, ardı mütləq gələcək...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Sürəyya Xəliq Xiyavlıdır.

 

 

Sürəyya Xəliq Xiyavlı

Xiyav

 

ŞEİR DƏSMALI

 

Mikrofonların ürəyi

Çirkinləşir

Çırpınır yalanlarla...

 

Ah!

Mikrofonların dalında gizlənən qaranlıq!

Qan tər içində çalışan canların

Əllərinin cığırlarından;

Yol çəkilməz cənnətə!

 

Kim asfalt tökəcək

Çapıq əllərin, caddələrinə?!

 

Can verdikcə bu caddələr

Niyə çörəyə yetişmirlər?

 

Açıqla!

Ac insanların

Ürəklərinin cığırlarında nə var?

Qan

Dilək

Od

Öfkə?

 

Ah! Mən kiminlə danışıram!

Qaranlıq, qanların çiyinlərində oynayır.

 

Qanı yaşadan səsdir

Mikrofonları,

Şeir dəsmalı ilə

Silmək gərək

Silmək

Gərək...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

Çərşənbə axşamı, 19 Avqust 2025 15:06

Hər ömür bir nağıl imiş…- Rövşən Behçəti anarkən

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün əslən Güney Azərbaycanından olan xanəndə Rövşən Behcətin anım günüdür. Rövşən Behçət 13 mart 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb.

Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.

Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb. Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da vəfat edib.

Allah rəhmət eləsin!

 

Həmidə Nizamiqızının mərhum xanəndəyə həsr etdiyi “Hər ömür bir nağıl iimiş” adlı yazısını təqdim edirik.

 

 

  Hər ömür bir nağıl imiş…

 

   Ötən illərin mahnıları

  

   Yəqin, bu nağıllar, yəni hərəmizin həyatının bir az uydurulmuş, bir az gerçək nağılı biz doğulmazdan öncə yaranıb. Sonra şirin dilli, bəmbəyaz saçlı nənələrimizin dilində dönə-dönə təkrarlanıb. Bəlkə elə bu nağılların sonunu da onlar daha gözəl bilirmişlər. Belə olmasaydı, acı-şirin sonluqdan asılı olmayaraq, hər dəfə bizi «Burda nağıl sona yetdi, göydən üç alma düşdü. Biri» -, deyə ovutmazdılar, aldatmazdılar, üç almadan biri ilə könlümüzü almağa çalışmazdılar...

    Onun da ömrü bir nağıl idi. Amma həsrətlərlə, nisgillərlə, ağrılarla dolu nağıl. Bir zamanlar şövqlə, sonrakı nisgillərdən bixəbər oxuduğu «Xatirəsən, yar» mahnısında dediyi kimi “Bir sən idin ömrün bəzəyi, dərdimə dərman dağ çiçəyi. Bu halımı, əhvalımı bir biləsən, yar”.

   Beləcə, çox keçmədən o da xatirəyə çevrildi. Bir az kədərli, bir az nisgilli, bir az da şirin Rövşən Behçət xatirəsinə. Hər nağılın sonundakı üç almanın röyasına qapılıb ömrün sonunu ağrılar, əzablar, məşəqqətlə yaşayan sənətkarı da elə ölümünün birinci ildönümündə bu məqsədlə xatırladıq. Amma üç almanı heç kimə vəd etmədən.

  

   Rövşən Behcət nağılı

  

   Behcətin ömür nağılını bir zamanlar özünün yazdığı məktubdan və oğlunun xatirələrindən düzüb-qoşdum. Açığı, həm məktubdan, həm də ata itkisini birinci ilində yepyeni kədər və köks ötürməklə müşayiət edən oğulun dediklərindən sarsıldığım anlar da oldu. Amma hər halda, o da bir ömür idi və yaşandı.

   Onun əsli Cənubi Azərbaycandandır. Behcət soyadı da ordan gəlmədir. Atasıgil 1938-ci ilə qədər Gəncədə yaşayıb. Ölkədə məşum repressiya “maşını” işə düşdükdə Təbrizə köçmək məcburiyyətində qalıblar. Atası orada evlənib. 1945-ci il martın 17-də isə ailənin ilk övladı - Rövşən Behcət dünyaya göz açıb. Ondan sonra daha 3 qardaş və 2 bacı. Ancaq ailə İranda da çox qala bilməyib və çox böyük çətinliklə də olsa, 1961-ci ildə gecə gizli yolla yenidən Arazın bu tayına qaçıblar. Gəncəyə gəliblər. Çünki atasının bacıları, dayıları burada qalmışdılar. Beləliklə, ailə yenidən Gəncədə məskunlaşır. Uşaqlar məktəbə gedir. Ancaq çoxuşaqlı ailənin dolanışığı o qədər də yaxşı olmur. Ona görə də İranda 9-cu sinfə qədər fars dilində oxuyan Rövşən Gəncədə təhsilini gecə məktəbində davam etdirməli olur. Ailəsinə kömək etmək məqsədilə Alüminium Zavodunda işləməyə başlayır. Gündüzlər işə, gecələr məktəbə gedir. Görünür, bu da bir qismət idi. Çünki məhz o zavod Rövşən Behcətin müğənni kimi tale yolunu müəyyənləşdirir. Zavodun bədii özfəaliyyət kollektivinə üzv olur. Bir gün gənclərin yığışdığı məclisdə o zamanın məşhur mahnılarından olan “Ya Mustafa”nı oxuyur. İfası hamı tərəfindən o qədər bəyənilir ki, bundan sonra təşkil olunacaq bütün tədbirlərə onu dəvət edirlər.

   Həmin gün gənc Rövşənin həyatının ən unudulmaz anlarından birinə çevrilir. Məhz həmin gün bilir ki, onun bənzərsiz səsi var. O vaxta qədər isə bundan bixəbər idi...

  

   Bununla da sənət yolu başlandı

  

   Fərqli ifa, gözəl səs və maraqlı improvizələr sayəsində Rövşən get-gedə tanınmağa başlayır. Bir qədər sonra respublika üzrə özfəaliyyət baxışında iştirak edir. Ancaq üzləşdiyi bir problem vardı. Azərbaycan dilində mahnı bilməməsi və ifa tərzinin fars boğazlarına, cənub ladına köklənməsi, təbii ki, sonradan ona maneə olacaqdı. Məlum rejimin senzurası mütləq əngəl törədəcəkdi. Azərbaycan dilində danışmasına baxmayaraq, mahnı öyrənməməsi onu çox narahat edirdi. Çünki o vaxtadək fars musiqiləri eşitmişdi, onları əzbərləmişdi. Elə ona görə baxışda lirik fars mahnısı oxuyur. Amma buna baxmayaraq, çıxışı böyük maraqla qarşılanır. Hətta tərcüməçi gətirib “Vışka” qəzeti üçün ondan müsahibə alırlar. Qəzet işıq üzü görəndə isə təəccübdən gözlərinə inanmır. Ona böyük bir məqalə həsr olunmuşdu. Və yazılmışdı - “O, peşəkar deyil, amma peşəkarcasına oxuyur”.

   Bu məqalə ona bir ruh verir. Musiqiyə, sənətə olan həvəsi, marağı daha da artır. Tədricən Gəncədə tanınmağa, sevilməyə başlayır. Gəncə şəhər mədəniyyət evinə dəvət olunur. Artıq toylara, şənliklərə, festivallara da çağırılır. 1967-ci ildə keçirilən festivalda “Dəşti” təsnifinin ifasına görə qızıl medal qazanır. 1968-ci ildə Ümumdünya Gənclər Festivalının onluğuna düşür. Ona ən böyük uğur gətirən çıxışı isə Bakıda keçirilən “Gəncə günləri” zamanı olur. Həmin günləri dünənin anı kimi xatırlayan müğənninin yazısından bir məqam: “Yeddi günlük tədbirin “Azdrama”da keçirilən son konserti televiziya vasitəsilə canlı nümayiş olunurdu. Hərə bir mahnı oxuyurdu. Mənə icazə verdilər, dedilər, sən ikisini oxu. Birinci mahnıdan sonra zal bir-birinə dəydi. Alqışların ardı-arası kəsilmədi. İkinci dəfə fars mahnısı oxudum. Bu ifamdan da sonra alqış səsləri qulaq batırırdı. Düz 15 dəqiqə çıxış etdim. O 15 dəqiqə ərzində məni Azərbaycanda demək olar ki, çoxları tanıdı. O vaxt indiki kimi deyildi. Bircə televiziya vardı, hamı da onu izləyirdi. Məni camaata sevdirən əsas cəhət heç kimə bənzəməməyim oldu. Əlibaba Məmmədov, Teymur Mustafayev, İslam Rzayev kimi sənətkarların ifasını dinləyirdim, onlardan öyrənirdim. Amma səhnəyə çıxanda özüm kimi oxuyurdum. Hamı da gördü ki, bu, yeni səsdir”.

  

   «Göygöl»ün şirin səsi

  

   Onun da sənət uğurları, tamaşaçı ordusu tərəfindən tanınıb sevilməsi bir çox gözəl sənətkarlarımızın yoluna işıq saçan məşhur «Göygöl» ansamblının adı ilə bağlıdır. Belə ki, Rövşən Behcət 1969-cu ildə Əməkdar artist Fikrət Verdiyevin yaratdığı ansamblda çalışmağa başlayır. Az müddətdə repertuar təşkil olunur. Televiziyada çıxış edir. Filarmoniyada konsert vermək təklif olunur. Təbii ki, artan şöhrət, fərqli görünüş və yeni səsli gənc oğlan hər kəsdə maraq oyadır. Xatirələrdən daha bir məqam: “Birinci konsertə gələn tamaşaçıları görəndə gözlərimə inanmadım. Zal bütünlüklə dolmuşdu. Tanınmış müğənnilər də gəlmişdi. İlk konsert çox böyük uğurla keçdi. Bir neçə həftədən sonra daha bir konsert verdik. Üçüncü dəfə isə bizi üçgünlük konsertə dəvət etdilər. Bu konsertlərin də hər üçü anşlaqla keçdi”.

   Həyat onun üzünə gülməyə başlamışdı. Artıq hər şey yaxşılığa doğru, yüksələn xətt üzrə gedirdi. “Göygöl” 1977-ci ildə dövlət mahnı və rəqs ansamblı statusu alır. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə, xarici ölkələrə də gedə bilirdi. İttifaq respublikalarında, Almaniyada, Meksikada konsertlərdə iştirak edirdi.

   Görkəmli bəstəkar Cahangir Cahangirov məxsusi onun üçün «Göygöl» mahnısını yazmışdı. «Çahargah» və «Dəşti»yə özünəməxsus ifa tərzini, “Gəl, inad etmə”, “O yana döndər məni”, «Dözə bilmirəm», «Cavab gözləyirəm», «Hacıkəndə gedən yollar» mahnılarına şirin səsini, xoş avazını qatan sənətçi tamaşaçılar tərəfindən sevilirdi. Artıq kifayət qədər məşhurlaşmışdı. Bu məşhurluqdan istifadə edib asanlıqla Bakıya gələ, böyük şəhərin zəngin mədəni həyatında özünə yer tapa bilərdi. Özünün xatirələrində qeyd etdiyi kimi, bir dəfə bu arzuya düşsə də, Fikrət Verdiyev onu fikrindən daşındırır.

  

   Xəbərsiz xəstəlik hər şeyi alt-üst etdi

  

   Gəncədə də hər işi yaxşı gedirdi, ansamblın tərkibində xaricdə qastrollarda olurdu, məclislər, konsertlər ara vermirdi. Ailə qurmuşdu, övladları dünyaya gəlmişdi. Bir sözlə, həyatından şikayəti yox idi. Lakin birdən hər şey dəyişdi, sanki qara rüzgar əsdi. 1993-cü ildə iflic oldu. Müğənni bununla da hər şeydən əlini üzdü. Sanki həyatdan, hər kəsdən küsdü, özünə qapıldı. Bir neçə il musiqidən, sənətdən uzaqlaşdı, “Göygöl” ansamblında da fəaliyyətini dayandırdı. “Göygöl”dən ayrılan ifaçı bir müddət sonra Gəncədə fəaliyyət göstərən başqa bir ansamblda çalışmağa başlayır. İki il sonra onu yenidən “Göygöl”ə dəvət edirlər. Ancaq bu qayıdış da uğurlu olmur və 2000-ci ildə yenidən ansamblı tərk edir.

   Uzunmüddətli fasilə, maddi sıxıntılar, ailə qayğıları onu sənətdən uzaqlaşdırsa da, o yenidən qəlbinin səsinə qulaq verib musiqi, çox sevdiyi sənətinə qayıdır. Bu dəfə Azərbaycan Dövlət Neft Şirkətinin "Azərneftyağ" neft emalı zavodunun direktoru, mərhum Ramiz Mirzəyevin təklifi ilə müəssisənin nəzdində yaradılan “Neftçi” ansamblına işə düzəlir. Amma bu ansamblın da ömrü uzun olmur. Oradan da ayrıldıqdan sonra müğənni ümidsizliyə qapılır. Bütün bunlara rəğmən o, yaşamaq istəyirdi. Bunu məlum məktubundakı bəzi sətirlərdən də sezmək olar. Görünür, ağır xəstəliyə, acı sonun yaxınlaşmasına rəğmən o, ümidlərini hələ tam üzməmişdi. Sağalacağına ümid edir, yaşamaq istəyirdi.

  

   Sonu kədərli nağıl

  

   Ötən ilin elə bu günlərində informasiya agentlikləri, telekanallar, qəzet səhifələri bu xəbərlə silkələndi: «Tanınmış müğənni, “Göygöl” ansamblının keçmiş solisti Rövşən Behcət uzun sürən ağır xəstəlikdən sonra Bakıdakı evində vəfat edib. 66 yaşında dünyasını dəyişmiş sənətkarla vida mərasimi avqustun 19-da Gəncə Dövlət Dram Teatrında keçiriləcək. Xanəndə Gəncədəki İmamzadə məzarlığında dəfn olunacaq...”.

   Beləcə, iki-üç cümlə ilə bir ömrün nağılı da sona yetdi. Nağılçıya və ona qulaq asanlara isə Rövşən Behcət sənətkarlığının yaddaşlardan silinməyən səsi qaldı. Daha əbədi və daha gözəl ərməğan kimi...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

 

 

Çərşənbə axşamı, 19 Avqust 2025 14:36

Qaranlığın bünövrəsi..- ESSE

 

Quliyeva Pərvanə Cavanşir qızı Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasının fəal oxucusu, 28 nömrəli məktəbin məzunudur.

Utana- utana bir yazısını göstərdi, düşüncələrimdir,- dedi.

Düşüncə trayektoriyası,paralelgəzişmələri marağımı çəkdi. Kövrək addımlarını atan Pərvanənin essesini hər zaman istedadlı gənclərə yol verən “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirəm.

                                                                Hafiz Ataxanlı

 

Bir günah işləndi… Bütün bəşəriyyət bundan nəsibini aldı. Geriyə yalnız qaranlıq qaldı – bəlkə də cəhənnəm.

Bəziləri geridə qaldı, hər zamankı kimi. Digərləri arxasına baxmadan qaçdı – yenə də hər zamankı kimi. Birini öldürərək həyatdan qopardılar, digəri isə qaçaraq ruhunu şeytana təslim etdi. Dünya, geridə qalanların və qaçanların cəhənnəminə çevrildi. İnsanlar bir sual qarşısında qaldı: Şeytan olacaqlarmı, yoxsa yenə susaraq hər şeyə gözmü yumacaqlar?

Ruhunu iblisə satmış hər kəs başqalarına cənnətdən bəhs etsə də, reallıq tamamilə fərqli idi. Reallıq bəzən bir bıçaq olub insanı kəsirdi, bəzən də bütöv bir cəmiyyətin ölüm səbəbinə çevrilirdi. Dünya həqiqətə ağladı, insanlar isə yaşananlara güldü.

Bir cinayət işləndi… Qabil Habili öldürdü. Bu, sadəcə bir qardaşın qardaşına qıyması deyildi. Bütün aləm buna səssiz qaldı. İblislər insanların itaətkar varlıq olmadığını gördülər və hakimiyyətlərini onların üzərində qurmağa davam etdilər. Əsrlərdir ki, bu belədir və görünür, hələ də bitmir. Qabilin Habili öldürməsi ilə qısqanclıq doğruluğu, ədaləti məhv etdi. Bəlkə də, bütün pisliklərin bünövrəsi o an qoyuldu.

Həyat, əslində, iradəsi zəif olanların imtahan meydanıdır. Hüseyn Cavid “İblis” əsərində çox gözəl qeyd etmişdi:

   – İblis nədir?

   – Cümlə xəyanətlərə bais…

   – Bəs hər kəsə xain olan insan nədir?

   – İblis!

Bəli, iblis yalnız bir mifoloji varlıq deyil. O, insanın içində gizlənən, hər zəif anında qələbə çalmaq istəyən bir qüvvədir. Tarixin əvvəlində qoyulan bu qaranlıq bünövrə əsrlər boyu dəyişmədən davam edir. Qabilin cinayətindən bu günümüzə qədər insanlıq gah sükutla, gah da biganəliklə iblisin hökmranlığını gücləndirib.

Və sual hələ də açıqdır: İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi, yoxsa hər dəfə yeni bir Qabil doğulacaq?..

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

“Ədəbiyyat və incəsənət” portalı Lirika dəftəri rubrikasında sizlər üçün Əvəz Qurbanlının şeirlərini dərc edir.

 

 

 

YOLAM – YOLÇULARDAN BEZƏN ŞAİRƏM

 

Mən dövrün sözünü deməyə gəldim –

Bu gizli hikməti sezən şairəm.

Mən yolçu deyiləm, yollardan bezəm,

Yolam – yolçulardan bezən şairəm.

 

Çox gördüm canını yol üzən şair,

Küsüb bu dünyadan əl üzən şair.

Sən ey söz bağından gül üzən şair,

Mən söz dənizində üzən şairəm.

 

Ruzimi verən var əl bəhrəsindən,

Yoxdu umacağım Yer kürəsindən.

Minnət götürmərəm el süfrəsindən,

Heybəsi çiynində gəzən şairəm.

 

Əyrilər düzümün qabağındadı,

Min qoşun sözümün qabağındadı.

Dar qəbrim gözümün qabağındadı,

Gen səbrim ondandı – dözən şairəm.

 

Kimi istəyirlər, alqışlasınlar,

Kimi istəyirlər, qarğışlasınlar.

Qoy məni yamanlar bağışlasınlar,

Nəfsi yaxşılıqla əzən şairəm.

 

Məni küsdüyümlə barışdırmayın,

Yanaşı qoymayın, yarışdırmayın.

Başqa şairlərlə qarışdırmayın,

Mən yazan deyiləm, düzən şairəm.

 

Elə bir cihaz qur, tərəzi burax:

Məndə cövhəri tut, ərəzi burax.

A kişi, gördüyün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...


KÖRPÜ MƏSƏLƏSİ...

 

Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcığa tay” məsələsi?..

 

Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...

 

Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...

 

Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...



GİZLƏDİRƏM 


Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sifətim var,
Demə, həyalıyam, üz gizlədirəm.

Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.

Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.

Təbin ürəyində döyünə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.

Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...



ÖPÜRƏM, “ABİ...”


Gözümü açandan qaçaqaçdayam,

Ömrümü yollara səpirəm, abi!

Bəlkə də, bir yana çıxmadım özüm

Baxma kimlərəsə ləpirəm, abi...

 

Dərdimi dillərdən yan gəzdirirəm,

Dilimdə bir ovuc qan gəzdirirəm.

Bir-iki xurmaya can gəzdirirəm,

Mən ki nə dərvişəm, nə pirəm, abi!

 

Hayana üz tutum? Nə umacam ki?

Elə bağlanmayıb qapım-bacam ki...

Yaxşılıq görməyə elə acam ki,

Görəndə gözümə təpirəm, abi...

 

Yalan otururlar, yalan dururlar,

Haqqı büt başına dolandırırlar.

Elə ürəyimi bulandırırlar,

Az qalır hər şeyə tüpürəm, abi!

 

Harda dolaşıq var, rastıma çıxır,

Çözürəm, bir ucu sistemə çıxır.

Zibil qalaqlanıb üstümə çıxır,

Bilmirəm, hansını süpürəm, abi!..

 

...Dünənin işləri sabaha qalıb,

Ümid nə gədaya, nə şaha qalıb.

Sən get yat, mənimki Allaha qalıb,

Gecən xeyrə qalsın... öpürəm, abi...

 


BASABAS

 

Burda bu təzə hamamı,

köhnə libası kim qoyub?

Bapbalaca adamlara

bu boyda tası kim qoyub?

 

Mən bu şəhəri seçməzdim,

bu şəhər məni seçsə də...

Mən bu küçədən keçməzdim,

bu küçə məndən keçsə də...

 

Ey tak-tuk oyaq səsləri!

Ey tək-tük ayaq səsləri!

Bu üç adamlıq küçədə,

Bu üç addımlıq küçədə

Bu basabası kim qoyub?!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

 

 

Çərşənbə axşamı, 19 Avqust 2025 13:29

Bura zibil atanın... - AKTUAL

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Son zamanlar ən çox rastlaşdığımız yazılı şuarlardan biri də budur: “bura zibil atanın...” Gəlin etiraf edək ki, elə ilk zibil atanlardan biri o sözü yazan adamlardır. Bir qrup adam da var ki, bu sözdən sonra acığa düşüb zibil atmağa başlayır. Və beləcə başlayır həmin ərazidə zibil qəbristanlığı yaranmağa. Bir tərəfdə inkişaf etməkdə olan mədəniyyət hadisələri, digər tərəfdə qalaq-qalaq, topa-topa zibil dağları.

 

Əsasəndə binaların və yaşayış sahələrinin ətrafında. Məhlələr əzələn və əbədən uşaqların oyun meydançası, qonşuların görüş yeri olub. İndi bu ərazilərin yaxınlığında zibil qəbristanlıqları yaranıb. Bura hər gün təzə meyitlər gətirirlər. Bir yanda xoş ətirli güllər, digər tərəfdə üfunət dolu torbalar. Əslində mədəniyyət və zibil təbii simbioz qismində bir-birinə sıx bağlıdırlar. Təxminən insan hər gün 1-1.5 kiloqram tullantının yaranmasına səbəb olur. Bunun aradan qaldırılma yollarından biri də zibilin utilizasiyasıdır. 

Son zamanlar zibilliklərin həcmi daha da artaraq kütləvi hal alıb. Yollarda, meşələrdə, şəhər kənarlarında, kənd yollarında acınacaqlı vəziyyət müşahidə olunur. Hələ dolub-daşan zibil yeşiklərini demirəm. Hər kəsi demək olar ki, bu mövzu narahat etdiyi kimi hər kəs də bir cür narahat yaşayır. Bizi daha çox narahat edən, əslində yandıran, göynədən, ağrıdan məslələrdən biri də istirahət mərkəzlərində, meşələrdə, piknik edən kütlə psixologiyalı insanlardı. İstirahət yerinə çatandan geri dönənə qədər bütün qida tullantılarını əraziyə atır, hətta bununla da ürəkləri soyumur, uzaqdan zibil qutularını tuşlayıb atmağıda öyrənirlər. Sanki basketbol yarışıdı. Artıq bu anlayış yox vərdiş məsələsidi.  

Zibil təbiət ekosistemində əsas da meşələrdə çox önəmli komponentdir. Bu zibillərin təsirindən təbiətdə hər gün nə qədər heyvan tələf olur. Düşünmürük ki, fauna, flora, təmiz hava, təmiz su canlı təbiət sayəsində yaşayır, nəfəs alır.

Təbiətin qorunmasını dəstəkləyən siyasətlər var, bu siyasət proqramları sayəsində Avropada qorunan meşələrin sahəsi son 10 ildə yarım milyon hektar artıb. Biz real baxasaq görərik ki, meşələr fabrikə bənzəyir. Meşələr həm də, iqtisadiyyatı dəstəkləyən  qeyri iqtisadi sərvətdir. Həmçinin meşələrin digər sərvətlərdən fərqi ondadır ki, onlara doğma münasibət olanda yenidən böyüyür. İnsanın həyat tərzini və spesifik şüurunu mədəni mühit formalaşdırdığına görə zibili onun xüsusi məhsulu sayılılır. Beləliklədə bir mədəniyyətin zibil qismində tulladığı şeyi digər mədəniyyət yığır və yenidən istehsal edir. Cəmiyyətin elit təbəqəsi zibil istehsal etdiyi halda digər təbəqə isə bu zibildən kifayət qədər yararlı məhsul istehsal edir. Bu baxımdan da «mədəniyyətin güzgüsü» qismində zibilin kolliziyalarında insanların özünəməxsus həyatı və o cümlədən onların mədəniyyətə və zibilə mental münasibəti koloritli şəkildə özünü büruzə verir. Azərbaycan mentalında da zibil mədəniyyətin çöküntüsüdür. Biz ev zibilini küçəyə süpürüb atdıqda bu zibil hesab olunmur. Bu baxımdan da şəhərlərlə müqayisədə kəndlə daha mühafizəkardır bu məsələyə qarşı.

İnsan üçün təbiət həmişə mədəni missiyasının obyekti qismində təsəvvür olunur. Yeyib-içməyin qalıqları isə haraya gəldi atılır, süfrənin hüdudlarından kənarda yiyəsiz ərazi – mədəni yeyib-içməyin sahəsi başlayır. Əgər hər kəsdə yalnız evinin yox, bütün ətraf mühitin təmizliyi üçün cavabdehlik hissi olsaydı dünyamız cənnətə dönərdi.

Gəlin birlik olub həyətyanı ərazilərimizi “zibil qəbristanlığı” yox “təmizlik parkı” edək. Zibil qabları dolmamış xidmətə zəng edib məlumat verək. Zibili qutunun yanına yox, içinə ataq. Yediyimiz hər hansı bir şokaladın kağızını yerə yox zibil qutusuna daşıyaq.

Lakin hələlik bizim zibil qutularının ətrafı olimpiya kəndidir. Çempionlarımız isə hər gün zibil torbası ilə qutuya uzaqdan penaltı vururlar. Mənsə bu oyunun həm aktyoru, həm də tamaşaçısıyam.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Çərşənbə axşamı, 19 Avqust 2025 13:03

Şəfiqə Axundovanın bədbəxt taleli bəstəkar oğlu

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəstəkar Taleh Hacıyev. Bu ad yəqin sizə heç nə demədi. Amma söyləsəm ki, o, 1959-cu il, avqustun 19-da Bakıda, Azərbaycan bəstəkarı, şərqin ilk opera yazan qadını Şəfiqə Axundovanın ailəsində anadan olub, onda artıq fikirləriniz toparlanacaq.

 

Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb.18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb.

İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat, sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olub. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət edib.

Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırıb.  Bu o deməkdir ki, Taleh Hacıyevin bir tək piano ifası böyük bir orkestri əvəz edə bilib.

Onun ən uğurlu işlərindən biri isə anası Şəfiqə Axundovanın "Həsrətindən" mahnısının pifano ifasıdı. Taleh Hacıyevin bəstəkar olduğu ən uğurlu iş isə hələ gənc yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" mahnısı olub və elə ilk dəfə 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib.

Mahnıları xalq artistləri Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib. Bir çox dövlət tədbirlərində konsertmeystr kimi çalışıb. Yaradıcılığının ən parlaq vaxtında gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edib. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, o, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.

Bax belə bir acı tale.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Çərşənbə axşamı, 19 Avqust 2025 12:31

BİRİ İKİSİNDƏ Günel Şamilqızının şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Günel Şamilqızının şeirləri təqdim ediləcək.

 

 

ŞEİR VAXTI

Günel ŞAMİLQIZI

 

***

 

Salam, özüm, necəsən? 

Xatirələrin necədi? 

Papağın, əlcəklərin,

düymələrin necədi?

 

Hayandadı əsl ay?

Görsən, bizdən salam de,

Kənddən gəlib-gedən yox,

ulduzsuzdur komam, de.

 

Salam de duz gölünə,

dağdakı ilk qəbirə.

Uçuq dayanacağa,

quyulara, tinlərə.

 

Salam dəyirmanlara,

çuval ağızlarına.

Salam oymaq gəlinə,

yumaq baldızlarına.

 

Salam, nənəm canamaz,

Salam, atam qapısı,

Salam, anam yorğanı,

ev ətri, cəftə pası...

 

Necədi təsbeh əmi,

zər kimi cüt qonşular?

Övladdan, nəvədən bol,

dövlətdən lüt qonşular.

 

Susub qaz sayğacları

hər gün qəpik güdəcək.

Qışı peşman elədiz,

qara həsrət gedəcək.

 

Orda səma böyükdü...

Doludurmu sinəsi? 

Bu qıza pay göndərin,

sevinsin yurd küpəsi...

 

...Baxdığım filmlərin

ən gözəliydi o kənd.

Kədəri pürrəngi, tünd,

sevinci qənd kimi sərt.

 

Salam, özüm, necəsən?

Günəşi görürsənmi? 

Görsən, bizdən salam de,

gedim bitirim filmi.

 

 

YAMAQLI ŞEİR

 

Biz yamağın nə olduğunu bilən, 

əslini görən,

istisindən pay alan, 

xəritəsi bədənimizə iz salan son nəsildik.

 

Nənəm birinci qar düşməmiş 

qışın bağrın yarardı 

yaraşdırdığı, 

yarışdırdığı rənglərlə.

Hamının ayrıydı onda

ev paltarı, çöl geyimi.

O çöl geyimi ki, eviçi olardı,

yamaqlılara qarışardı günlərin bir günü...

 

Nənəm ən çox corab yamayardı,

birləşdirərdi köhnəliklə yeniliyi,

gecikdirərdi köhnəlməyini yenilərin.

Dabanlarımızı möhkəm basardıq yerə 

ağır-ağır yeriyərdik,

yamağımız qalın olardı nəfsimiz kimi;

hər təzəyə umsunmazdıq.

Ayaqlarımızın altında düyün-düyün 

xallanardı yollar...

 

Nənəm ən çox corab yamayardı,

iynəsini həmişə biz saplayardıq,

o qədər sevinərdik ki

sanki böyük bir iş görmüşük.

Sonra da gözləyərdik 

hansımızın canını isidəcək növbəti yamaqlı.

 

Nənəm ən çox corab yamayardı,

yamaq vura-vura danlayardı

uşaqdan-böyüyə hamını,

yamaq vura-vura

barışdırardı küsənləri,

yamaq vura-vura qapayardı

soyuq gələn dəlmə-deşiyi,

qırılsa da, yenidən birləşdirərdi bağları,

möhkəm vurardı düyünləri.

Bağlar yumşaq, ləngərli,

düyünlər ağır, zəhərli olsa da, 

öyrəşərdik.

Öyrəşərdik qopmamağa,

saplanmağa,

bağlanmağa,

könüllü yamanmağa,

yamaq olmağa...

 

Nənəm ən çox corab yamayardı,

bilirdi, bizi bilənlər başa, bilməyənlər ayağa baxar –

Ayıb olar yalın çıxsaq qışların, qarların qarşısına...

 

Sonra yamaq dəb oldu, 

ala bilmədiyimiz kostyumların dirsəyinə qondu.

Sadəcə, “qondu”,

çünki o dirsəklər hiss edə bilməzdilər

damar-damar kəsikləri, ona qonşu tikişləri,

birinci və sonuncu düyünü...

 

 

HİSLİ ŞEİR

 

Yaddaşımın kar küncündə

kimsə qışı söyür yenə.

Yaddaşımın kor küncündə

kimsə baca döyür yenə.

 

Bu qış his qoxuyur, elli,

qarışıb, itib öz qoxum.

Baca vururlar birəlli,

o səsə bürünüb qorxum.

 

Uzaqdan görünmür üzü,

tanımadım bir baxmaqla.

Baca döyən, kimsən axı?

Azan verilir, əl saxla!

 

Bəlkə, Tanrı səssiz, sakit,

keçib gedər bu küçədən.

Götürüb atar bu qızı

uşaqlığa qırxneçədən.

 

Məni görüb susmur külək,

kəndə ayaq basdığımdı.

Qar yağmış evlərin damı

ağ pişiyin yastığıdı.

 

Qonağam e, icazə ver,

buralar xoşuma gəlsin.

Baca döyən, bir bəri bax,

yorğun qolların dincəlsin.

 

Cığır açsın ləpirlərim

bu, ağ yoldu, bu, qara yol.

Uzansın ta buludlardan

bu yağışa bu qara yol.

 

Əllərimi qoşalayıb

“ho” eləsin babam yenə.

Bir qənd batırsın çayıma,

“Mumu” doldursun cibimə.

 

Nənəm bizə qutab versin,

qatığa batırıb yeyək.

Qatlayanda ləpələnsin,

üstümüzdən göy dənləyək.

 

Anam yuyub pərdələri,

heyif olmasın, ay əmi.

Çəkici at, fasilə ver,

təmizləyim ətəyimi.

 

Bağışla, düzün deyəcəm,

gözü dolub o ocağın.

Buralarda çox qaldıqca

buz, buz kəsəcək qucağın.

 

Bir çəkic alıb əlinə

çıxacaqsan öz çölünə

yağış tökəcək başına,

nəm hopacaq yaddaşına...

 

Dilinin bildiyi adlar

hamısı yoxa çıxacaq.

Döyəcəksən o bacanı,

sədası sonra çıxacaq.

 

Bu gün səndən uzaqdırsa,

keçmiş ondan da o yana.

Bəs xatirələr his olub

necə uçurlar bu yana?

 

Toxunsan, qaralar əlin,

üstün-başın xal-xal olar.

Bu qışdan başqa bahara

Inanmıram, macal ola.

 

O ocağın gözü haqqı,

qızarmayan közü haqqı,

bu qəmləri qədim yurdda

kimsə yaşamır sən adda.

 

Keçmiş ləpirsiz, yol azıb,

Sən çoxdandı sən deyilsən.

Başqa ocaqdan köz umub

başqa bacanı döyürsən.

 

Sən axı içindən küsdün,

bu ki evin bayırıdır.

Qaranlıq günlər həmindi,

işıqlı günlər ayrıdır.

 

Təkcə ömrün fəsilləri

yaddaşında bütün qalıb...

Bacadöyən, sən bilərsən,

Novruza neçə gün qalıb?

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

Rəqsanə Babayeva, rejissor, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün

 

Bir vaxtlar xalqı düşündürən, xalqla danışan, xalqın dilində danışan Azərbaycan kinosu indi niyə bu qədər səssizdir?

Zaman dəyişib, texnologiya irəliləyib, cəmiyyət dinamikləşib. Bəs kino niyə buna ayaq uydura bilmir? Niyə biz bu gün ekran qarşısında “bizim filmimiz budur” deyə biləcəyimiz əsərləri az görürük?

Əgər kino bir millətin aynasıdırsa, biz o aynada özümüzü görürükmü? Yoxsa, sadəcə bir zamanlar çəkilən filmlərlə nostalji dolu bir susqunluqda yaşayırıq?

 

Kino millətin yaddaşıdır – amma yaddaş təzələnmir

 

Azərbaycan kinosunun qızıl dövrü olan 1950–1980-ci illər bu sənətin həm ideya, həm forma baxımından ən məhsuldar illəri idi. “Bəxtiyar”, “Dədə Qorqud”, “Arşın mal alan”, “İstintaq”, “Nəsimi”, “Yeddi oğul istərəm” kimi filmlər mədəniyyətin daşıyıcısına çevrilmişdi.

Amma indi...

İndi tamaşaçılar ya xarici seriallara qaçır, ya da nostalji kanallarda köhnə Azərbaycan filmlərinə baxır. Yeni filmlər ya azdır, ya zəifdir, ya da kinonun ruhunu itirmiş kommersiya məhsuludur.

 

Problemin kökü – ssenarisizlik və məqsədsizlik

 

Bugünkü Azərbaycan kinosunun əsas problemi ssenari problemidir. Güclü ideya, orijinal süjet, dərin dialoq, sosial-fəlsəfi alt qat – bunlar azdır, ya da heç yoxdur.

Ən acınacaqlısı odur ki, bəzi filmlər sanki “görünsün ki, çəkmişik” deyə ərsəyə gəlir. Tamaşaçı isə süjetin yarısından sonra ekran qarşısından uzaqlaşır, çünki filmdə həyat yoxdur.

Əgər ssenari – kinonun ürəyidirsə, biz bu gün o ürəyin döyüntüsünü eşitmirik.

 

Bəzən elə olur ki, texnika var – amma ruh yoxdur

 

Müasir kino avadanlıqları, rəqəmsal montaj proqramları, işıqlandırma sistemləri – hamısı var.

Amma film yalnız texnika ilə yaranmır. Film insanın içindən çıxmalıdır.

Məsələnin texniki deyil, ideoloji və mənəvi böhranla bağlı olduğunu etiraf etməyin vaxtıdır.

Çünki kino sadəcə vizual sənət deyil – o, düşüncədir, zamanla dialoqdur, xalqla ünsiyyətdir.

Əgər bu ünsiyyət yoxdursa, texniki mükəmməllik tamaşaçını aldada bilmir.

Gənc rejissorlar, ssenaristlər var. İstedadlı, cəsarətli, fərqli baxışa sahib gənclər. Amma onların çoxu ya imkan tapmır, ya dəstək görmür, ya ...

Təəssüf ki, bəzi hallarda film çəkmək istedadla yox, tanışlıqla, dəstəklə, inzibati resursla bağlı olur. Bu isə sənətin mahiyyətinə ziddir.

 

Kommersiya filmləri: Əyləncəmi, yoxsa süstlük?

 

Son illər “kommersiya məqsədli” filmlər artıb. Əsasən gülüş üzərində qurulmuş, bəzən bayağı, bəzən isə tamam mənasız olan bu filmlər kinonu sənət yox, biznes kimi təqdim edir.

Əyləncəyə ehtiyac var – bu, doğrudur. Amma bayağılıqla əyləncə eyni şey deyil.

Xalqın gülmək haqqı var, amma gülərkən düşünmək də onun haqqıdır.

 

Kino Vətəndir: Qarabağ mövzusuna sənətcənsə yanaşma lazımdır

 

2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra Qarabağla bağlı bir çox sənədli və bədii filmlər çəkildi.

Cəmiyyət bu gün Qarabağ haqqında sadəcə hadisə yox, insan taleləri, psixoloji portretlər, azadlığın mənəvi yükü ilə bağlı filmlər gözləyir. Vətən mövzusu –, insanın ruhuna toxunmaqla ekranlaşdırılmalıdır.

Bu sahə həm bədii cəsarət, həm də mədəni məsuliyyət tələb edir.

 

Bəs nə etməli?

 

Azərbaycan kinosunun nəfəs alması üçün yalnız maliyyə dəstəyi yox, həm də ideya dəstəyi, azad sənət mühiti, professional ssenari məktəbi vacibdir.

1. Ssenarist yetişdirmə proqramları

2. Gənc rejissorlar üçün açıq müsabiqələr

3. Klassik ədəbiyyatın ekranlaşdırılması yenidən gündəmə gəlməsi halı genişlənməlidir.

 

 

Kino danışacaqmı?

 

Kino susursa, deməli biz danışmırıq. Kino dirçəlmirsə, deməli bizim düşüncəmiz də kütləşir.

Film – millətin ruhunun ekranlaşdırılmış formasıdır.

Bu ruhu oyatmaq üçün yeni nəfəs lazımdır.

Və bu nəfəsi gətirmək – yalnız rejissorların deyil, cəmiyyətin ortaq vəzifəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

35 -dən səhifə 2408

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.