İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım şəxs çox keşməkeşli həyat yaşayıb. Çingiz Ələkbərzadəni deyirəm. Məşhur yazıçı Əbülhəsənin oğlunu. Müğənnilər Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasını..
O, 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olub. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Musiqini, mahnı ifaetməyi çoxsevirmiş, gözəlsəsiolub. Ailəsində qurduğuməclislərinhamısında şeirvə musiqilərifaetməyixoşlayıb. “Leylivə Məcnun” poemasındanxeylihissəni əzbərsöyləyərmiş.
ADU-nun filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunub. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb.
Ailədə iki qardaş olublar. Qardaşı otuz yaşında rəhmətə gedib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləyib. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri, Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir olub.
Elə həbsxana həyatına səbəb də jurnalistika fəaliyyəti olubdur.
Özü isə 49 yaşında şərlənərək həbs olunub. Qızı Sevda Ələkbərzadə müsahibələrinin birində belə deyir: “Nə qədər ki, babam sağ idi, atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi. Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirik”.
Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o, iki ildən sonra azadlığa çıxıb. Gözlədiyi bəraəti alıb. Lakin, o, həbsdən sonra tamamilə dəyişib, əsəbi, qapalı insana çevrilib. Stressdən, əsəbdən səhhətində problem yaranıb, parkinson xəstəliyinə tutulub.
Məhkəmə zamanı onun üzünə durmaq üçün on altı yalançı şahid tuturlar. Ən yaxın dostlarından biri, uzun illər onun operatoru kimi işləmiş, ailə üzvlərindən birinə çevrilmiş insan da həmin şahidlərin içərisində olur və yazıçının əleyhinə ifadələr verir. Çingiz Ələkbərzadə həbsdən çıxandan sonra isə həmin adam onlara gələrək yazıçının qarşısında diz çöküb bağışlanmasını istəyərək deyir: “Məni bağışla, başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim?”Bu sözlərdən sonra Çingiz Ələkbərzadə keçmiş dostunu bağışlayır.
Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.
Qızı Sevdanın müğənni olmasını istəməyib. Buna görə ailə daxilində xeyli mübahisələr yaşanıb. Lakin, o, nəhayət qızının müğənni olmasına razılıq verib. Xasiyyətcə kövrək olan Çingiz bir dəfə hamıdan xəbərsiz qızının ifasında "Laçın" mahnısını dinləyib ağlayır. Qızı Sevda atasının ağlamağını görsə də, bu barədə ona heç vaxt heç nə deməyib.
Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam artıq yoxdur”.
Kitabları
1. Yarpaqlar töküləndə
2. Güllələr dənizdə sönür
3. Qızıl yəhərli at
4. Çılpaqlı (roman)
5. Vulkan (povest və hekayələr)
6. Öndən
7. Qumarbaz.
8.“Türmə mənim ahımdır” (şeirlər)
9.“Zindan”
Filmoqrafiya
1. Günlərin bir günü...
2. Vulkana doğru
Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalıb. O, kitabdan yalnız bir neçə səhifə yaza bilib.
Ömrünün son günlərində yaddaşını itirib. Ölənə yaxın isə gözlərini açaraq övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".
7 yanvar 1999-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)