İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əgər haqqında rəsmi danışsaq, sənəd dili ilə qeydlər aparası olsaq, belə bir mənzərə yaranar: Aktrisa Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə Ağdaşda anadan olub. Bu gün yubileyidir, 35 yaşı tamam olur.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İlk dəfə "Qarabağnamə" filminə çəkilib. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilib. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol alıb. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynayıb. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynayıb. Həmin il "Gecə Qonağı" filminə çəkilib. "Ay Brilliant" adlı komedik filmində də çəkilib. 2017-ci ildə "Bacanaqlar" serialında Delya rolunu alıb. Hal hazırda "Dəmir Qazan" və "Gecə Qonağı 2" filmlərinə çəkilir.
Filmoqrafiya
1. Həyat varsa...
2. Qarabağnamə
3. İkinci bahar
4. 4.1 şəhər motivləri
5. Ay brilyant
6. Oğurlanmış arzular
7. Gecə qonağı
8. Tufanlı səma
İndi isə, necə deyərlər, maqazin xəbərlərinə keçid alaq. Bundan ötrü, onun müsahibələrinə nəzər salırıq.
Bir müddət əvvəl karyerası üçün Türkiyəyə köçən aktrisa Pərvin Abıyeva orada "Astral həyat" adlanan ekran işində rol alıb. Lakin o yenidən vətənə qayıdıb.
Pərvin Abıyeva şəxsi həyatı barədə belə danışır:
“Uşaq vaxtı müğənni olmaq istəyirdim. Amma 16 yaşıma gəldim, artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu. Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də, o nəyi qadağan edirdi, nəyə icazə vermirdi, onu elədim. Məşhur olmağımı istəmirdi, onun acığına oldum. İtirdiyim bir şey var - ailə. Yaxşı ki, onunla evlənməmişəm, çox şükür. Qohumlarım məşhur olmağımı istəmirdi. Amma sonra mən məşhurlaşdıqca bunu qəbullandılar, hətta deyirdilər ki, Pərvini göstərsəydilər, baxardıq”.
Bəs niyə ayrılıb?
“17 yaşında nişanlı qız idim. 19 yaşımda toyumun olacağını bilirdim. O şəxs mənim məhəbbətim deyil, ailəmin qərarıydı. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin alınmadı. Məlum oldu ki, həmin insan həm evil, həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə o, insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim, həyatım dəyişdi və ayrıldıq".
Sosial şəbəkələrdən nə qədər qazanc əldə edir?
“TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib.
Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib.
Niyə tənqid edilir?
Sosial şəbəkədə tez-tez tənqid və təhqir olunan Pərvin Abıyeva əsəbi statuslar yazır. O tənqid və təhqir olunmağının səbəbini nədə görür?
“Göz önündəyəm, reytinqim çoxdur. Sevənlərim qədər sevməyənlərim də var. Adətən, qadın qadına paxıllıq edir, gözü götürmür. Qadınlar qala-qala kişilər məni təhqir edirlər. Bu hallar mənə təsir edir. Bəzən isə tanınmış şəxslər bir-birini təhqir etdirir. Bir dəfə belə bir hadisənin şahidi oldum. Tanınmışlardan biri həmkarını başqa profillə təhqir edirdi. Ondan niyə bu addımı atdığını soruşanda susdu. O şəxsə dedim ki, mənim də başıma belə hadisə gəlsə, səndən şübhələnərəm. O olay məni şoka salmışdı.
Sosial şəbəkədə fotonu insanların rəyini öyrənmək üçün paylaşırsan. Lakin artıq-əskik şərhlər görəndə əhval-ruhiyyəm pozulur. Mənə deyilən sözlər təsir etmir, təhqir edən şəxsi əngəlləyirəm. Valideynlərimi, ailəmi təhqir edirlər, onlara toxunmaq qəbul edilməzdir. O şəxsləri bağışlamayacağam”
Pərvin Abıyevanın həyatında kimsə var?
“Şəxsi həyatım haqda danışmaq istəmirəm. Media nümayəndələrindən də xahiş edirəm ki, mənə belə suallar verməsinlər. Düzdür, nişanlımdan ayrılmışam. Hazırda həyatımda heç kim yoxdur. Bundan başqa heç nə deyə bilmərəm.
İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm”
Gündəmdə olmaq üçün açıq-saçıq şəkillər paylaşır?
“Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, Azərbaycanda tanınmış aktrisa olacaqsan inanmazdım. Bəlkə də, gülərdim”.
Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.
Pərvin Abıyevanın bacı-qardaşı var?
“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var”.
Harda yaşayır?
“Əvvəlcə torpaq alıb, sonra üzərində bağ evi tikmişəm. Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedim böyük bir məbləğ verim və o evi hazır alım... Mənim o gücüm olmayıb. Nə yalan deyim!? Əvvəlcə torpaq almışam. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu afişa etmirdim. Çünki niyə edim ki, ay millət baxın “Qarğa məndə qoz var” ev tikirəm. Bu bir az da görməmişlikdir. Onu da çıxardıb bəzi müğənnilərimiz, aktrisalarımız kimi... Onlar kimi birdən-birə çıxım deyim ki, baxın mən bağ evi almışam. Mən bu kimi şeyləri sevmirəm. Olanı və olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onlara mən başa sala bilmərəm ki, necə bunu, hansı əziyyətlərlə etmişəm və neçə müddətdə ərsəyə gəlib. Ona görə də bu şeyləri alışdıra-alışdıra, yavaş-yavaş çalışıram edim. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha da çox olmasın”.
Seriala neçəyə çəkilir?
“Gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm”
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)