Super User

Super User

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun müstəqillik illərinin başlanğıcına, 1990-cı illərin xaotik ictimai-siyasi ab-havasına təsadüf edən ən fərqli və intellektual ekran əsərlərindən biri “Etiraf” filmidir.

 

1992-ci ildə “AMAfilm” kinoşirkəti tərəfindən istehsal olunan bu film, quruluşçu rejissor Şamil Əliyevin tammetrajlı debütüdür. Dünya şöhrətli yazıçı Nəcib Məhfuzun əsərinin motivləri əsasında ərsəyə gələn ekran işi, 90-cı illərin Azərbaycan cəmiyyətindəki mənəvi böhranı, satqınlığı və idealların itməsini psixoloji-kriminal prizmadan təhlil edir.

 

Filmin əsl mövzusu: Söhbət nədən gedir?

Filmin süjet xətti, cəmiyyətdə gedən böyük dəyişikliklər fonunda dostluq və etibar anlayışlarının necə heçə sayıldığını ortaya qoyur.

 

Təhrik və pul oğurluğu 

Hadisələrin mərkəzində dayanan baş qəhrəman Azad (Elşən Rüstəmov) adlı gəncdir. Onun ən yaxın dostları, dövrün siyasi dalğasından istifadə edərək yeni bir ictimai-siyasi təşkilat yaratmaq iddiasına düşürlər. Bu məqsədlə onlara böyük məbləğdə pul lazımdır. Dostları Azadı bu təşkilatın gələcəyi naminə pul oğurlamağa təhrik edirlər.

 

Bütün günahı üzərinə götürmək 

Oğurluq planı uğursuzluqla nəticələnir və Azad hüquq-mühafizə orqanları tərəfindən həbs olunur. Lakin o, dostluq andına sadiq qalır. Digər dostu Qabilin (Rasim Balayev) xahişi və təkidi ilə Azad cinayəti təkbaşına törətdiyini deyir və bütün günahı öz üzərinə götürərək həbsxanaya yollanır.

 

 

Həbsdən sonrakı acı həqiqət və xəyanət 

Azad uzun illər həbs həyatı yaşadıqdan sonra azadlığa çıxır. O, vaxtilə uğrunda gəncliyini fəda etdiyi dostlarının tam fərqli bir həyat qurduğunu görür. Azadın həbsdə olmasından istifadə edən dostları, oğurlanan pullar və siyasi oyunlar sayəsində cəmiyyətdə yüksək mövqelər qazanıb, varlanıblar. Ən acısı isə odur ki, Azadın sevdiyi, güvəndiyi qadın da artıq ona xəyanət edib.

 

Kor intiqam və faciəvi sonluq 

Azad ideallarının iflasa uğradığını, dost dediyi insanların onu sadəcə bir alət kimi istifadə etdiyini anlayır. Qəzəb və intiqam hissi ilə alışıb-yanan qəhrəman, satqınlarla hesablaşmaq qərarına gəlir. Lakin bu qisas prosesində hadisələr idarəolunmaz həddə çatır; o, heç bir günahı olmayan iki günahsız insanın ölümünə səbəb olur. İstəmədən amansız bir qatilə çevrilən Azad, vicdan əzabına və törətdiyi əməlin psixoloji ağırlığına dözməyərək çıxış yolunu özünə qəsd etməkdə görür.

 

Yaradıcı heyət və aktyor oyunu

Şamil Əliyev və Cəmil Quliyevin birgə ssenarisi əsasında çəkilən filmdə dövrün ən istedadlı aktyor heyəti toplanmışdı:

Azad (Elşən Rüstəmov): İdealist bir gəncin xəyanətlə qarşılaşdıqdan sonra necə qatilə və psixoloji dağıntıya məruz qalan insana çevrildiyini yüksək dramatik ustalıqla ifa edib.

Qabil (Rasim Balayev): Azadı manipulyasiya edən, öz maraqları üçün dostunu qurban verən praqmatik və soyuqqanlı obrazı canlandırıb.

Nuriyyə (Nara Nağıyeva / Gülnarə Nağıyeva: Filmdəki əsas qadın obrazlarından birinə həyat verib.

Filmdə həmçinin  Axund Əli (Süleyman Ələsgərov), Kəmalə Hüseynova, Şamil Süleymanov, Ələkbər Hüseynov və  Muxtar Maniyev kimi ustad sənətkarlar yer alıb.

Ekran əsərinin gərgin və boğucu ab-havasını operator Rövşən Quliyev görüntülərlə, tanınmış bəstəkar Cavanşir Quliyev isə psixoloji musiqi tərtibatı ilə tamamlamışdır.

 

Beynəlxalq qiymətləndirilməsi

"Etiraf" sıradan bir kriminal-detektiv filmi deyil, Azərbaycan kinosunda intellektual triller janrının ilk uğurlu nümunələrindəndir. Məhz bu fəlsəfi dərinliyinə görə film 1996-cı ildə Aşqabadda, Türkmənistan, keçirilən VII Beynəlxalq “Firuzə Baharı” Kino Festivalında “Kinematoqrafda intellektual istiqamətə görə” xüsusi mükafatı ilə təltif olunmuşdur.

 

Nəticə

Şamil Əliyevin “Etiraf” filmi, post-sovet məkanında idealizmin süqutunu və kapitalist münasibətlərin gətirdiyi mənəvi aşınmanı bir insanın faciəsi üzərindən açan güzgüdür. Dostluğun satqınlığa, ədalət axtarışının isə kor qisasa çevrilməsini göstərən bu ekran əsəri, bu gün də Azərbaycan kino tarixinin ən dəyərli psixoloji dramlarından biri hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu maraqlı olay İngiltərədə baş verib. IBM işçisi Ed Tutant iştirak etdiyi "Milyonçu olmaq istəyirəm" şousunda uduş məbləği - cekpot 1 860 000 dollara çatıbmış.

 

 Növbəti - 16 000 dollarlıq sual belə idi: İngiltərədə su çatışmazlığı olanda genetik olaraq dəyişdirilərək parıldayan hansı tərəvəz yetişdirilib?

Cavab variantları isə bunlar idi: A) Kartof    B) Pomidor   C) Kələm   D) Yerkökü.

 Ed sualın cavabında çətinlik çəkdiyi üçün tamaşaçıların köməyindən istifadə edir. Tamaşaçılarlar cavab olaraq pomidoru seçirlər.  Düzgün cavab isə kartof idi. Buna görə Ed cəmi 1000 dollar qazanaraq, yarışdan kənarlaşdırılır.

Amma maraqlısı bundan sonra olur. Prodüserlər mənbəni araşdıraraq, sualın səhv ifadə edildiyini aşkar edirlər. Çünki kartofla bağlı  təcrübə İngiltərədə deyil, Şotlandiyada aparılmışdı. Həmin vaxt isə Oksford universitetinin professoru həqiqətən də parıldayan pomidorlar üzərində işləyirdi. Buna görə də hər iki cavab düzgün hesab edilə bilərdi. Bundan sonra Ed Tutantı yenidən şouya dəvət edirlər və cekpotu əvvəlki məbləğə - 1 860 000-ə qaldırırlar. Bu dəfə Ed yarışı uğurla sona çatdırır və bütün məbləği götürür.

 

“Ədəbiyyat və incəsənət”

 

(11.09.2026)

Cəlal Qurbanov, 

ictimai xadim.

“Ədəbiyyat və incəsənət”

 

İki gündür bəzi saytların və sosial şəbəkə səhifələrinin şəhidimiz Xudayar Yusifzadənin anası Radə xanıma qarşı apardığı kampaniyanı böyük təəssüf hissi ilə izləyirəm. Elə bir mənzərə yaradıblar ki, sanki bir şəhid anası dövlətə xəyanət edib! Nə baş verib, nə olub sizə? Bir az insaflı olun, məsələni bu qədər şişirdərək şəhid anasını hədəfə çevirməyin!

 

Əvvəla, Şuşanın qayalarına adların bu böyüklükdə və bu formada yazılmasını mən də doğru hesab etmirəm. Şuşanın hər daşı, hər qayası qorunmalıdır. Şəhidlərimizin adları orada əbədiləşdiriləcəksə, bu, qayalara səliqəsiz şəkildə yazılmaqla deyil, Zəfər Muzeyində olduğu kimi, xüsusi hazırlanmış yaraşıqlı lövhələr üzərində həyata keçirilməlidir. Həm də yalnız 44 günlük Vətən müharibəsində deyil, 1992-ci ildən bu günədək Şuşa və Qarabağ uğrunda qan tökərək şəhid olmuş bütün qəhrəmanlarımızın adları orada yer almalıdır. Çünki Şuşanın azadlığına gedən yol onların qanından və canından keçib.

Ancaq həmin yazıları nə şəhidlərimiz Xudayar və Turqut yazıb, nə də onların anaları! Elə isə bu yazılara görə bir şəhid anasını günlərlə hədəfə çevirməkdə,haqqında alçaldıcı başlıqlar paylaşmaqda və onu cəmiyyət qarşısında nüfuzdan salmağa çalışmaqda məqsəd nədir?

Bu məsələni gündəmə gətirən möhtərəm jurnalistə və onun ətrafında birləşərək şəhid anasına qarşı bu kampaniyanı aparan şəxslərə üzümü tutub deyirəm: şəhid anasına qarşı hər hansı iradınız varsa, gedib onun qapısını döyün, özü ilə üzbəüz danışın. Əgər indiyədək o ananın qapısını açmamısınızsa, evində bir stəkan çayını içib dərdini dinləməmisinizsə, əvvəlcə gedib onu yaxından tanıyın. Bəlkə bilmədən hansısa yanlışlığa yol verilib. Bunu onun evində, hörmət və ehtiramla həll etmək olar.

Bir şəhid anasını sosial şəbəkələrdə günlərlə müzakirə mövzusuna çevirərək cəmiyyətə təqdim etmək düzgün deyil. Bu, övladını Vətənə qurban vermiş bir ananın yaralı qəlbinə yenidən dağ çəkməkdir! Şəhid anası sosial şəbəkələrdə hədəfə çevrilməməli, onun qapısı ehtiramla döyülməli, sözü hörmətlə dinlənilməlidir!

Mən şəhid analarını heç zaman öz anamdan ayırmamışam. Onların hər birini öz anam qədər əziz və doğma bilir, sevinclərini sevincim, ağrılarını isə öz ağrım hesab edirəm. Buna görə də hansı şəhid anası olmasından asılı olmayaraq, ona qarşı edilən haqsızlığı və hörmətsizliyi öz anama edilmiş kimi qəbul edirəm!

Onu da açıq şəkildə deyim ki, bəzi şəhid ana və atalarının sosial platformalarda, xüsusilə TikTok-da adlarını çəkmək istəmədiyim dırnaqarası “məşhurlarla” canlı yayımlar açmasını, oyunlar oynamasını və şəhid valideyni adına yaraşmayan davranışlar nümayiş etdirməsini mən də qəbul etmir və bunun qəti əleyhinəyəm.

Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda özüm şəxsən şahidi olmuşam: şəhid qardaşı olduğunu əsas gətirərək xəstəxanalarda qapı-pəncərə sındıran, başqa yerlərdə dava-dalaş salanlar olur. Bu, yolverilməzdir! Şəhid qardaşısınızsa, ilk növbədə həmin şəhidimizin müqəddəs adına hörmət qoyun. Şəhid adı heç kimə qanunu pozmaq, kimisə təhqir etmək, alçaltmaq və ya döymək haqqı vermir. Xahiş edirəm, belə hallara da yol verməyin!

Şəhid adı hər yerdə uca tutulmalı, onun müqəddəsliyi qorunmalıdır!

Boykot etməyə bu qədər həvəsiniz və cəsarətiniz varsa, necə ki, bir şəhid anasına qarşı birləşmisiniz, eləcə də gedin sosial şəbəkələrdə xalqımızın milli-mənəvi dəyərlərinə və Azərbaycan qanunlarına yaraşmayan hərəkətlər edənlərə qarşı birləşin!

Canlı yayımlarda xalqı aldadaraq, insanların saf duyğularından sui-istifadə edib pul dilənənləri, əxlaqsızlığı və tərbiyəsizliyi təbliğ edənləri boykot edin!

Şəhidlərimizin müqəddəs adından şəxsi şöhrət, reklam və qazanc üçün istifadə edənləri araşdırın! Heç bir peşəsi, savadı və cəmiyyət qarşısında nəzərəçarpacaq xidməti olmadığı halda, hansısa bir qitənin “Şərəf ordeni”ni sinəsinə taxdıraraq özünə saxta nüfuz və dırnaqarası “qəhrəman” obrazı yaradanları boykot edin!

Keçmiş həyat tərzi ilə bu gün cəmiyyətə təqdim etdiyi dırnaqarası “mənəviyyatlı və əxlaqlı” obraz bir-birini tamamilə təkzib edən, dünənini süni müqəddəslik pərdəsi arxasında gizlədərək özünə dırnaqarası “müqəddəs ana” statusu verdirənləri araşdırın və boykotunuzu onlara qarşı aparın, şəhid analarına qarşı yox!

Şəhid analarına, şəhid xanımlarına və bütövlükdə şəhid ailələrinə iftira atanları, onların fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq insanlara söydürənləri, onları təhqir və linç obyektinə çevirənləri boykot edin! Şəhid ailələrinin müqəddəs adını ləkələməyə və onları xalqın gözündən salmağa çalışanlara qarşı birləşin, şəhid analarına qarşı yox!

Möhtərəm jurnalist və onun ətrafında bu kampaniyanı aparan şəxslər! Araşdırma aparmaq və boykot çağırışı etmək istəyirsinizsə, buyurun, ən yaxşısı, bunları araşdırın və boykotunuzu onlara qarşı edin. Gücünüz bir şəhid anasına çatmasın!

Radə ana hər zaman deyib ki, Xudayarın səsi təkcə Xudayarın deyil, 44 günlük Vətən müharibəsində şəhid olmuş üç minə yaxın qəhrəmanımızın səsidir. O şəhidlərin səsi Xudayarın səsi ilə bizlərə gəlib çatdı.

Amma unutmayaq ki, Xudayar yalnız gözəl səsi ilə yadda qalmayıb. O, döyüş meydanındakı mərdliyi, qorxmazlığı, Vətən sevgisi və qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Xudayarın səsi xalqımızın ruhuna toxundu, döyüşü və şəhadəti isə onun adını Vətənin tarixinə əbədi həkk etdi!

Unutmayın şəhid anası müqəddəsdir!

Onunla danışanda da, haqqında yazanda da əvvəlcə Vətənə qurbam verdiyi şəhid balasınım ruhundan utanmaq lazımdır!

Boykot etməyə adam axtarırsınızsa, şəhid anasından uzaq durun! Gücünüzü övladını Vətənə qurban vermiş anaya deyil, şəhidlərimizin müqəddəs adını şəxsi mənafeyinə alət edənlərə göstərin!

Şəhid anasının yaralı qəlbini bir də siz yaralamayın!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün Gülüş klubu lətifə təqdim etmir, amma çoxlu lətifə bilən və bu lətifələrlə hamını güldürən, üstəlik də ampluası komedik aktyor kimi insanlara təbəssüm bəxş etmək olan bir şəxsi təqdim edir.

55 yaşını qeyd etdiyi bir gündür bu gün.

 

Rusca abreviaturasından KVN adlandırılan Şən və Hazırcavablar Klubunun – Sovetlər dönəminin məşhur telekomediya və intellektual brendinin vaxtı ilə ölkəmizdə milyonlarla pərəstişkarı olub. Və əlbəttə ki, rəhmətlik Anar Məmmədxanovun yaratdığı, Bəhram Bağırzadənin, Cabir və Tahir İmanovların inkişaf etdirdikləri “Bakılı oğlanlar” hələ də aktualdır, hələ də sevilir.

Azər Məmmədzadə də bu sıradadır.

Tamaşalarda adətən o, xəbər proqramlarının oxucusu rolu ilə yadda qalır. Bir də yaratdığı ən mükəmməl obraz keçmiş parlament spikeri Oqtay Əsədov obrazı olubdur.

Aktyor Azər Məmmədzadə 11 sentyabr 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 23 saylı məktəbdə oxuyub. 1988-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və 1993-cü ildə həmin universiteti bitirib. 1995 – 1996-cı illərdə informasiya texnologiyaları üzrə təhsil alıb.

1991-ci ildən "Parni iz Baku" (“Bakılı oğlanlar”) ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. 2009-cu ildən “Planet Parni iz Baku” KVN Teatrının yönəldici prodüseridir.

 

Filmoqrafiya

1. Bir dəfə Qafqazda

2. Bir kəndin sevinci

3. Qorxma, mən səninləyəm! 1919

4. Ölülər XXI əsr

5. Ağanatiq

6. Məhəllə 3

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

 

Cümə, 11 Sentyabr 2026 08:29

Doğum gününüz mübarək, ölümsüzlər!

Əfsanəyə çevrilən 19 yaşlı qəhrəman: Şəhid  Cəbrayıl Dövlətzadə

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran, cəsarəti ilə dastanlar yaradan 44 günlük Vətən müharibəsinin ən gənc və unudulmaz simalarından biri Cəbrayıl Dövlət oğlu Dövlətzadədir. O, cəmi 19 illik qısa ömründə göstərdiyi qeyri-adi şücaətlə bütün Azərbaycan xalqının qəlbində əbədi yaşamaq hüqu qazanmışdır.

 

Şəxsi həyatı

Doğum tarixi: 11 sentyabr 2001-ci il

Doğum yeri: Sumqayıt şəhəri, Corat qəsəbəsi. Əslən Zəngilan rayonundandır.

Şəhadət tarixi: 28 sentyabr 2020-ci il, 19 yaşında, Murovdağ istiqaməti

Dəfn yeri: Bakı şəhəri, II Fəxri Xiyaban, general Polad Həşimovun yanında

Rütbəsi: Əsgər, Xüsusi Təyinatlı Qüvvələr

 

Erkən illəri və şəxsiyyəti

Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. Uşaq yaşlarından çətinliklərlə böyüyüb. Valideynləri o, 8 yaşında olarkən ayrıldığı üçün erkən yaşda ailənin məsuliyyətini üzərinə götürüb, 12 yaşından etibarən həm işləyib, həm də təhsil alıb.

Cəbrayıl çoxşaxəli istedada malik idi: 9 il peşəkar şəkildə cüdo ilə məşğul olmuş, yarışlarda uğurlar qazanmışdı. Eyni zamanda o, rəsm çəkir, musiqi bəstələyir və həvəskar rep ifa edirdi.

 

Hərbi xidmət və böyük qisas andı

2019-cu ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Cəlilabaddakı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlayıb. Xidmət zamanı nizam-intizamı ilə seçilən Cəbrayıl, öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələrin kurslarına qatılıb və müvəffəqiyyətlə keçib.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri və general-major Polad Həşimovun şəhid olması gənc əsgərə çox ağır təsir edir. Həmin gün o, ürəyinə dağ çəkilmiş bir Vətən oğlu kimi özünə və ətrafındakılara mütləq "Polad Həşimovun qisasını alacağam" andını verir.

 

Murovdağda yazılan tarix və şəhidlik

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Cəbrayıl ön cəbhəyə, Murovdağ istiqamətinə yollanır. 28 sentyabrda strateji əhəmiyyətli mövqelərin və xüsusi postların ələ keçirilməsi əməliyyatında iştirak edir.

Döyüşün ən kritik və təhlükəli anında düşmən mühasirəsini yarmaq üçün misilsiz cəsarət nümayiş etdirir. Silahdaşlarının ailəli olduğunu əsas gətirərək onlara "Siz qayıdın, ailəniz sizi gözləyir, mən tək irəliləyəcəyəm" deyərək təkbaşına irəli atılır.

Qarşısına çıxan düşmən hərbçilərini and içdiyi komandirin qatili kimi görən 19 yaşlı Cəbrayıl, qeyri-bərabər döyüşdə böyük rəşadət göstərir. O, əməliyyat zamanı general Polad Həşimovu şəhid edən erməni generalını məhv edir, ardınca isə digər bir erməni polkovnikini əlbəyaxa döyüşdə yalın əlləri ilə boğaraq cəzalandır.

Ümumilikdə 11-ə yaxın yüksək rütbəli düşmən hərbçisini təkbaşına zərərsizləşdirən qəhrəmanımız, minomyot qəlpəsindən ağır yaralanır və çoxlu qan itirmə səbəbindən 28 sentyabrda şəhidlik zirvəsinə ucalır. Şəhid olmadan öncə anasına zəng edərək "Ana, sentyabrın 28-i tarixini unutma..." demişdi.

Prezident İlham Əliyevin xüsusi göstərişi ilə Cəbrayıl Dövlətzadə Bakıda, II Fəxri Xiyabanda, qisasını aldığı komandiri general Polad Həşimovun bir neçə addımlığında dəfn edilmişdir.

 

Təltifləri və əbədi xatirəsi

Göstərdiyi qeyri-adi igidliyə görə Cəbrayıl Dövlətzadə ölümündən sonra yüksək dövlət mükafatlarına layiq görülmüşdür:

"Azərbaycan Bayrağı" ordeni

"Vətən uğrunda" medalı

"Kəlbəcərin azad olunmasına görə" medalı

Onun xatirəsini əbədiləşdirmək üçün yazıçı Azad Qaradərəli tərəfindən "Cəbrayıl əfsanəsi" adlı roman qələmə alınmış, Sumqayıtda barefyefi ucaldılmış və Xəzər dənizində onun adını daşıyan böyük bir gəmi istifadəyə verilmişdir. 19 yaşlı bu gənc, öz canı bahasına millətin qürurunu və əyilməz ruhunu bütün dünyaya sübut edən əsl Vətən fədaisidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Əli bəy Azəri ilə görüşdürəcəyik, təqdim olunan onun “Messi” adlı hekayəsidir.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 

ƏLİ BƏY AZƏRİ

 

“MESSİ”

 

Həcc ziyarətindən qayıdandan sonra bir neçə gün özümə gələ bilmədim. Yol yorğunluğu canıma necə hopmuşdusa, çıxmırdı. Yanıma gəlib-gedənlərin əlindən dincələ də bilmirdim. Nəhayət, ziyarətçilərin əl-ayağı evimizdən yığışsın deyə, həftənin tamamında qonum-qonşu, dost-tanış üçün ziyafət vermək qərarına gəldim. Məqsədim xudmani bir süfrə açmaq idi, lakin son qadağalardan ehtiyatlanırdım. Ehsan süfrələri yavaş-yavaş sıxışdırılıb aradan qaldırılırdı. İndi biz hacı-mollaların adı vayqanlıydı. Harda ehsan süfrəsi görürdülər, tutub molla-hacını döyürdülər. Elə bil ki, dədə-babalarının min dörd yüz ildən bəri davam etdirdikləri bir ənənənin günahkarı biz idik.

Əlqərəz, düşünüb-daşınıb çay süfrəsinin üzərində dayandım. Xurmalı, ləbləbili, şorqoğallı zəngin bir çay süfrəsi açdırdım. Qonaqlar gəldi. Oturduq, söhbətləşdik. Adamlar məni maraqla dinləyir, asta-asta çay içir, süfrədəki nemətlərdən dadırdılar. Mən də onların marağından cuşa gəlirdim. Həcc səfərimdən, yolda gördüklərimdən, eşitdiklərimdən elə həvəslə danışırdım ki, özümün də xoşum gəlirdi. Yola salındığımız gündən ta qayıdıb gələnə kimi, nə görmüşdümsə, hamısını danışdım. Dağın başında ilişib qalmış dəvə ilə şəkil çəkdirməyimiz, şeytanı daşa basmağımız, yeddi təpənin birinin başından o birisinin başına qədər uşaq kimi qaçmağımızdan o qədər danışdım ki, axırda yoruldum. Gedənlərin hərəsinə bir fincan zəm-zəm suyu içirdib, əllərinə təsbeh verib yola saldım.

Qonaqların arasında Daxıl adında bir adam da vardı. Daxıl uşaqlıq tanışımıydı, mənimlə bir sinifdə oxumuşdu. Heyvərənin biriydi, dərsə-zada marağı olmadığı kimi din-iman da qanmazdı. İndi onun gəlib məni tapmağı möcüzə kimi görünürdü. Orta məktəbdən sonra nə bir-birimizi axtarmışdıq, nə də rastlaşmışdıq. Heç marağında da olmamışdım. İnanmağım da gəlmirdi ki, Daxıl gəlib çənəmin altını kəsdirib, Həcc söhbətlərinə belə maraqla qulaq asır. Dedim bəlkə, qəlbində hidayət çırağı yanıb, adam dinə-imana gəlib. Hamı dağılışandan sonra Daxılla daha yaxından hal-əhval tutdum. Evləndiyini, üç qız atası olduğunu dedi.

– Allah səni imtahana çəkir, – dedim: – Bilirsən də, üç qızı ədəb-ərkanla böyüdüb ev-eşik eləyən atalar sorğu-sualsız cənnətə düşürlər.

Nəsə, Daxıl dediklərimdən xumarlandı, bir az qımışdı və irişə-irişə dedi:

– Nolar, ay Hacı, Allah məni belə sevirsə, bircə dənə oğul payı da verib sevindirsin də, nolar...

– Nə deyim? – Quruyub qaldım: – Biz onun işlərinə qarışa bilmərik. Özü bilən məsləhətdir.

– Yenə də, ay Hacı... – Daxıl əl çəkmədi: – Sən indi Hacısan, Allaha bir köynək yaxınsan. Namaz qılanda dua elə, bəlkə, səni eşidə, mənə bir oğlan payı verə.

– Hə, nə olar. Dua eləməyinə, eləyərəm. Bundan asan nə var ki...

– Bax, Hacı, getdiyin o Kəbə haqqı deyirəm, Allah mənə bir oğlan payı versin, qulağına duanı sənə oxutduracağam, nəmərini də adına layiq verəcəyəm.

Daxıl o gedən getdi. Daha mənimlə əlaqə saxlamadı. Mən də bir müddət verdiyim sözə əməl elədim. Hər dəfə namaz qılanda dua elədim ki, Daxıla bir oğlan payı versin, onları sevindirsin. Sonralar iş-güc başımı necə qatdısa, o da yaddan çıxdı.

Bilmirəm, bir il keçmişdi, ya bir az artıq olardı, bir axşam Daxıl mənə zəng elədi. Özü deməsəydi, səsindən tanımayacaqdım, çünki heç adını da telefonuma yazmamışdım.

– Hacı, muştuluğumu ver, oğlum olub!

Daxılın birbaşa mətləbə keçməsi məni karıxdırdı. Həm sevindim, həm də təəccübdən quruyub qaldım:

– Ay maşallah! Ay maşallah! Böyük oğlanlardan olsun! Atasını, anasını, bacılarını sevindirsin.

– Hacı, sözümüz sözdü, sabah gəl, süfrə hazırlatdıracağam, duasını qulağına oxu.

Səhərisi gün onlara getdim. Həqiqətən də, Daxıl xudmani bir süfrə hazırlatdırmışdı. Oturduq. Allahın verdiyi nemətlərdən doyunca yedik. Uşağı gətirdilər. Durub qucağıma aldım. Ay parçası kimiydi. Başladım duasını oxumağa. Oxudum, oxudum, sonda adını deməliydim axı, onu da soruşmamışdım. Duanı dayandırıb üzümü Daxıla tutdum:  

–Adı-sanı yaşasın. – dedim: – Uşağa nə ad qoymusunuz?

– Messi. – Hazırcavablar kimi Daxıl fəxrlə səsləndi, heç orta məktəbdə oxuyanda belə hazırcavablıq eləmirdi, müəllim sual verəndə, başını partanın altına soxurdu ki, onu görməsinlər.

– Heç olmasa, Ronaldo qoyardınız. – Mən də atmacamı atdım, hirsimi birtəhər boğmaladım: – İndi axı Ronaldo daha məşhurdu.

– Ronaldonu o biri nəvəmə qoymuşuq. – Otağın o başında, yerə salınmış saçaq yunlu qoyun dərisinin üstündə oturmuş yaşlı qarı əlindəki çubuqla iki-üç dəfə yerə döyəclədi ki, ona tərəf baxım: – Heç Messi də Ronaldodan zəif ad deyil. İndi ikisi də dəbdədir.

Birtəhər özümü cəmləşdirdim, duamı oxuyub yekunlaşdırdım. Uşağı anasına verib çıxmaq istədim. Daxıl da ayağa qalxdı ki, məni yola salsın. Maraq üstün gəldi, soruşdum:

– Bəs qızların adı nədir?

– Laura, Liza, Lia. – Daxıl yenə də hazırcavablar kimi dilləndi, üçünün də adını birnəfəsə söylədi.

Daha heç bir şəkk-şübhəm qalmadı. Sinif yoldaşım Daxılın qəlbində hidayət çırağı, həqiqətən də, şölələnirdi. Özü də elə şölələnirdi ki, istisi aralıdan sifətimi qarsdı. Di gəl ki, bu hidayət çırağını kim yandırmışdı, bax, onu ayırd edə bilmədim.      

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2026)

 

 

 

 

Cümə, 11 Sentyabr 2026 12:13

Yollar və “Uzaq adamlar”

“Ünvanımı tapan kitablar” silsiləsindən ...

 

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”

 

Gedişlər möhtəşəmdir, 

Yola salan sağ olsun... 

 

Gədəbəyin  Qalakəndinin içindən bir yol keçir. O yolun gəlib Şəkinin Yuxarıbaşına çatması qədər gerçəklikdir zehnimdəki yelləncək. Gözümdə bir gilə yaş üzünü tutub Qazaxdakı Damcılı mağarasına. Və mən yenə başlamışam zehnimdəki yelləncəkdə görünüb yox olan xatirə-insanları yolçu etməyə. 

Hamımızın uzaqda adam(lar)ı var. O uzaqdakının xətrinə saçımızdan bir tel ayırıb sinəmizə basırıq bəlkə də... Çiynimizi çəkib gülümsəyirik kirpiyimizin ucunda bir gilə yaş titrəyərkən. Yazırıq axı...

“Ay uzaqdakı, hey!” bağırırıq gündə neçə dəfə, səsimiz özümüzə də çatmır. Oradakılar olduqları yerdə xoşbəxtdirlərsə, haraylayıb geriyə-bizə çağırmağa dəyməz, bilirik. Bildiyimizlə bədbəxtik... Yazığıq axı... 

 

...Gədəbəyin Qalakəndinin içindən bir yol keçir. O yol yastıca bir dağın aşağısından burulub gedir. Dağ öz yaşını unudub. Lap çoxdan unudub. Mənsə o dağı elə bircə dəfə görmüşəm. Mənim yaddaş təqvimimdə o dağın 16 yaşı var.  Qalakəndə çatmamış, yolun üzüaşağı olan hissəsində dayanırsan, yastıca dağa baxırsan. Bircə ağaclı yastanasında bircə də qapqara boşluq görünür. Kiçik, göz qıyılınca görünən o boşluğun adı “Koroğlu qalası”dır. O boşluğa yolu saatlarla axtarmışam 16 il bundan əvvəl. Sonra yerin altına girmişəm və orada belə, hamının uzaq adamları olduğunu dərk etmişəm. Dağın bağrından qaynayan, içəri gün işığı sızan o bircə boşluqdan dünyaya “mən də varam” deyə səslənən şipşirin suyun üzündə kağız gəmi üzürdü. İki daşın arasında ilişib qaldığından su onu axarına alammırdı. Əyilib kağız gəmiyə diqqətlə baxdım. Bir məktəblinin “Ana dili” dəftərindən cırılmış vərəqdən hazırlanmışdı. Üstündə yazı yox idi, “Ana dili” dəftəri olduğunu fəhm eləmişdim. “Düzcızıqlı dəftərlər  tutun “Ana dili”nə!” deyə  eşitmişdim məktəbli olanda. 

...Şəkinin Yuxarıbaşında bir balaca dalan var. Bir ucundan maşın girir, amma o biri ucu addım-addım nazilir, meşəyə çatanda təkadamlıq cığır olur. Həmin cığırla azacıq yuxarı qalxırsan, qarşına quşburnu (elmi adı itburnu) kollarının arasında bir heyva ağacı çıxır. Heyvanın dibində əyri-üyrü budaqlardan hazırlanmış oturacaq var. Oturacağa çatmaqçün ocaq yerinin başına dolanmalısan. İlk dəfə görəndə düşünmüşdüm: “Ocaq daşlarını kim aparıb divarına hörüb, görəsən?” Küllər belə, küsüb orada insanlardan. Bilirlər ki, heç kim “başına kül!” qarğışnı edəndə, yaxud “başıma haranın külün töküm?” ilə çarəsizliyini dilə gətirəndə onları xatırlamır. O küllər heç kimin xatirəsində yoxdur, bəlkə də, məndən savayı... 

...Qazaxın Damcılı mağarası Avey dağın qoynundadır. Avey mağarası var üstündə. O mağaraya qalxmaq olmur. Bəlkə də, olur. 16 il əvvəl ilk dəfə ora gedəndə məni mağaraya çıxmağa qoymamışdı qazaxlılar. “Daş pırtar ayağından, özün də hayıf olarsan, başına daş düşən də!”-deyib qorxutmuşdular məni. Damcılı mağarasında damcılayan bulaq qədər hüznlü və məğrur olan qadınlardır dünyanı hələ də yaşamağa dəyər edən. Uzaqdakılara ən gözəl şeiri də, ən gözəl hekayəni də  ruhundan damcılayan kədəri təbəssümü ilə dənə-dənə toplayan qadınlar yazır... 

Üç yol da bir-birindən uzaqdadır. Üç yol da haradasa bir özəyə bağlıdır. Üç yol da tarixi danışır. Üç yolla da kiminsə uzaq adam(lar)ı gedib.  Gedib... Sonrası? Qalanlar bilir. Bilirəm... Bilir Hədiyyə Şəfaqət...

 

***

Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı ünvanımı tapanda yaz yeni-yeni “gəlirəm” deyirdi. Kitabın mənimlə yoldaş olduğu yol Şəkidən Bakıya uzanırdı. Hər abzasında özümü tapırdım “Uzaq adamlar”ın... Hər abzasında itirdim. İnsanın öz-özünə itik olması qədər xəyalidir romandakı qərhəmanlar. 

İyul ayıydı. Bir oxucu ilə romanı müzakirə edirdik. “Nəsə gizlidir o romanda” dedi, “Şəkinin yollarını keçməsən, o romanı anlaya bilməzsən” dedim. 

Avqust ayıydı. Romanı oxuyub bitirdim. Başladım  xəyalımdakı yollardan keçməyə... Türk dünyasının görkəmli folklorşünası Sədnik Paşa ilə söhbətlərimizi yığsam, bir kitab olar. Ondan öyrəndiyim  çox şey oldu... Özünün dediyinə görə, ona öyrətdiklərim də vardı. Bir gün Şəmkirin İrmaşlı kəndinə getmişdik Pirsultan Abdalın şəcərəsinin iziylə... Kəndə çataçatda Sədnik Paşa dedi: 

-Bilirsən, Şadlıq, yollar yaman şeydi ha! 

-Bilirəm. Yoxsa şair yazmazdı ki: “Özümdən keçir bu yollar, Sözümdən keçir bu yollar...” 

-Yaxşı şair imiş.  O da qocaldı ta! 

Gülümsəmişdik ikimiz də... Mən onun şeir kitabını gizlincə vərəqlədiyimin sirrini açmışdım, o da bunun onunçün sirr olmadığını təbəssümüylə anlatmışdı.  

Hədiyyə Şəfaqətin romanındakı xəyali obrazlardan biri də Sədnik Paşadır mənimçün: 

“Qoca çölün ortasında özünü xəyalən yolun gah o, gah  bu üzünə keçirib sağın da, solun da yoxa çıxdığını yəqinləşdirdi. Heç bir tərəf yoxdu, hara getsə həm irəli, həm geri getmiş olacaqdı”. 

Ömrünün həm irəliyə, həm geriyə uzandığı bir zamanda  rast gəlmişdim Sədnik Paşaya... 

 

***

“Uzaq adamlar”da insandan insana doğru uzanan yolun yolçusu hamımızıq...  Nə olsun, ayağımız  çoxdan kəsilib o yoldan?! Xəyalımızda bütün gedişlər pulsuz, bütün yollar keçiləndir. 

...Koroğlu qalasındakı o şipşirin suyun azacıq yuxarısında-mamırlı daşın üstündə mavi tabaşirlə yazılmışdı: “A+Y”.  Bir sevginin ən gözəl etirafıydı adımızın əvvəlindəki “+” işarəsi bir zamanlar. Biz bundan utanırdıq, buna hirslənirdik. İndi isə, sadəcə, xatırlayıb gülümsəyirik. Sevilməyin ən saf halının qədrini bilməmişik... Heç bilməmişik... 

Hədiyyə Şəfaqət romanında bircə cümlə ilə o çağımızı, yanaqlarımızın çəhrayılığını anladıb: 

“İndi mən ona inanırdım, hamının inandığı kimi yox, öz bildiyim kimi...”

Öz bildiyimiz kimi inandıq sevgiyə, öz bildiyimiz kimi yaşamağa çalışdıq həyatda. Axırı?  Yollar gəlib ürəyimizin üstündə kəsişdi, adını qoydular “ürəyin zəifdir”. Sonra anladıq hamılıqla yanıldığımızı: biz sevginin dərinliyinə baş vurduq, həkimlər qan qrupumuzun əvvəlinə “nadir” sözünü yazdılar. Yenə gülümsədik... Qarşıda yol çox idi... 

“Yolçuluq boyu zamanımı həm də onu fikirləşib özüm üçün yaratmağa sərf edirdim. Ayağıma dəyən daşın, üstümə yağan yağışın, sinəmdə yaranan göynərtinin, gözümdə düyünlənən yaşın...-hər şeyin səbəbi o idi...” 

Səbəb o idi! O! Gəncliyimdə hansısa essemdə yazmışdım: “Ən çətin sual “niyə?”dir”.  Yaş ötüb, ömrün yarı yaşı geridə qalıb, indi anlayıram ki, “kim?” “niyə?”dən betərmiş! Hədiyyə Şəfaqət o betəri  mətnin bətnində gizlətməyib: 

“Mən özümü ona söykəyib öldürmüşdüm və o məni yenidən tapıb özümə qaytarmışdı.” 

 

***

...Yuxarıbaşdakı o kiçik yolun daşlarının arasını sel yuyub. Yazağzı daşların  aralarından bənövşə yarpaqları, “dəli süpürgə” şüvülləri boylanır. Çəkinə-çəkinə  yolçulara pıçıldayırlar: “Biz daşlardan əvvəl də burada idik... Sonra başımıza daş düşdü insan əliylə...” Pıçıltıları belə, onların tərəddüdünü ələ verir. Onlar başlarına düşən daşlara qarğış tökə bilmirlər. İndi daşlar onların ən gözəl qoruyucularıdır.  Ayağını daşa qoyan yolçu bənövşə  yarpaqlarını da, “dəli süpürgə” şüvüllərini də əzmir. 

“Uzaq adamlar”da bu özünədönmənin izahı var: 

“Bəlkə də, bunu, məni özümə qaytarması kimi adlandırmaq yanlışdı, çünki mən daha çox gedib onda daldalandığımı fikirləşirdim. Ev kimi, yuva kimi, qın kimi...” 

Əsas məsələ qındır, hə... Dünyanın, həyatın bizi itirməyini istədiyimizdə kimdə yoxa çıxmaq istəyirik? Kim olsun istəyirik qınımız?  Bizimlə faniliyin yollarından keçəcək olan o yolçu kimdir, kimimizdir? Cavab gözləməyən suallar... Sual verənin yalnız özünün cavabını bildiyi suallar... 

“Öpdü və dayandı. Qadından iy gəlirdi. Qadının boynu nəsə qoxuyurdu. Burnunu saçlarının arasına salıb gözlərini yumdu, diqqətini cəmləşdirib iyi xatırlamağa çalışdı. 

Xatırlamadı.

Tanımadı. 

Ürəyindən qəribə bir gizilti keçdi. Qısqanclıqla sevinc arasında anlaşılmaz bir hissin yaratdığı gizilti”. 

Hə... Şəkinin Yuxarıbaşındakı yollar qədər iç-içə, sərhəddibilinməzdir insan hissləri. Ən böyük sevginin ondan da böyük nifrətin başlanğıcı olduğu nöqtədədir hamımızın evi. 

 

***

...Bazarda “Avey daşı” adıyla sutəmizləyən satılır. Ağ daşları üçbucaq formasına salıblar. Mən Aveyin rəngini xatırlamağa çalışıram o daşı görəndən bəri. Rəngsizdir Avey dağı... Rənglidir Damcılı bulağının suyu. Ovcunu tutursan damcıların altına, o suyu içməmişdən əvvəl özünə baxırsan bircə anlığa ovcunun içində... Hər rəng var orada-insanın hər halı var. Yaşanmışların, hətta xəyalını qurduqların belə, o sehirli suyun bircə ovucunda səninlə həmsöhbət olur. Bu da olur, “yola nərdivan salmaq”. Hansı yol? Təbii ki,  ömür yolu! Düşüncə yolunun sonu yoxdur... 

Hədiyyə Şəfaqət romanında bu sonsuzluğu yoğurub, bişirib, gətirib qoyub oxucunun “pay daşı”nın üstünə: 

 

“Onun üçün nə fərqi vardı, yoldur, gedir özü üçün, qocanın nə zamandan bəri yolu düz tutub dolam-dolam dolandığı çöldə yol da bir tərəfə gedib çıxmayacaqdı”. 

 

Roman boyu öz içinə olan yolçuluqda insanın hər addımda təmizləndiyi, durulandığı da var.  Qarı oğlana buyurur ki, su töksün, qonaq ayağını yusun. Oğlan vedrədəki suyu ləyənə əndirəndə deyir: 

 

-“Sənin ayağın məndən təmizdi, yaxala çıx.” 

 

...Oğlanın hər günü eynidir... Qarı isə hər ikisinin-düşünməyi unudan və düşünən insanın arasındakı körpüdür... 

 

***

Hədiyyə Şəfaqətin romanının qəhrəmanları zamandır - həmişə yolda olan, amma heç yerə gedib çata bilməyən qoca, uğurdur-hərdən gələn, kitab götürüb gedən kişi, həyatdır - baş qəhrəman qadın... Üç obrazın yan-yana, iç-içə olması, bir də görünməz sərhədlər var romanda. Bir də, həyatımızda seçimlərimizin yerini anladır müəllif: yol gedir, gedir, baxırsan, dirənir ucu-yoxdur yol, qayıt geri, ayrı döngəyə, ayrı cığıra burul... 

...Üç yolun ayrıcındadır “Uzaq adamlar”: Qalakəndin içindən keçən yol, Avey dağına aparan yol, Yuxarıbaşdakı kiçik yol.  Hədiyyə Şəfaqətin kitabı  ünvanımı tapmaqçün sonuncusundan keçdi. 

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

 

 

 

Cümə, 11 Sentyabr 2026 15:19

Dedilər, get basketbolçu ol

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Boyu təxminən 1,83 metr olan Tayleri uşaq vaxtı hamı basketbola yönəldirdi. Axı bu idman növü Amerikada çox populyardır, gəlir gətirən, yaxşı məvacibli sahədir. Amma Tayler heç kəsə qulaq asmadı, düzdür, idman sevgisi az da olsa var idi onda. Basketbola yox, beysbola getdi, amma sonda özünü kinematoqrafiyaya həsr etdi. Basketbolçu kimi Maykl Cordan ola bilməzdi yəqin ki. Amma kino sahəsinin məhz Tayler Höklini ola bildi…

 

Tayler Höklin (Tyler Hoechlin) xüsusilə Derek Hale (Teen Wolf) və Clark Kent/Superman (Superman & Lois) rolları ilə tanınan amerikalı aktyordur. O, həm kino, həm televiziya, həm də videooyun səsləndirməsi sahəsində fəaliyyət göstərib. Tyler Lee Hoechlin 11 sentyabr 1987-ci ildə ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində anadan olub. Valideynləri Don və Lori Hoechlin, bacı-qardaşları isə Tanner, Travis və Carrie Hoechlin-dir.

Hoechlin çox erkən yaşlarından kamera qarşısına çıxmağa başlayıb. Uşaq vaxtı reklam çarxlarında çəkilib və sonradan aktyorluq təhsili alaraq peşəkar fəaliyyətə keçib. Hoechlinin aktyorluq karyerasında ən mühüm dönüş nöqtələrindən biri 2002-ci ildə çəkilmiş Road to Perdition filmi olub. Sam Mendesin rejissoru olduğu filmdə o, Michael Sullivan Jr. obrazını canlandırıb və məşhur aktyor Tom Hanks ilə birlikdə oynayıb.

Maraqlıdır ki, Hoechlin bu rol üçün 2 mindən çox gənc aktyor arasından seçilib. Onun filmdəki performansı diqqət çəkib və müxtəlif mükafatlara namizəd göstərilib, Saturn və Young Artist mükafatlarından da qazananlar arasında olub.Bu film onun Hollywood-da ciddi aktyor kimi tanınmasına böyük təsir göstərib. 2003-cü ildə Hoechlin məşhur televiziya serialı 7th Heaven-də Martin Brewer rolunu alıb.

Əvvəlcə onun serialda yalnız bir neçə epizod görünməsi nəzərdə tutulub. Lakin obraz tamaşaçıların diqqətini çəkdiyi üçün aktyor serialın əsas heyətinə daxil olub və 2003–2007-ci illərdə layihədə iştirak edib. Bu rol ona geniş televiziya auditoriyası qazandırıb və gənc aktyor kimi karyerasını möhkəmləndirib. Tyler Hoechlin haqqında ən maraqlı faktlardan biri onun yalnız aktyor deyil, həm də ciddi şəkildə beysbol oynayan idmançı olmasıdır.

 

O, təxminən 7 yaşından beysbol oynamağa başlayıb. Orta məktəb və universitet illərində bu idmanla peşəkar səviyyəyə yaxın şəkildə məşğul olub. Arizona State University-də beysbol təqaüdü qazanıb, daha sonra UC Irvine komandasında da oynayıb. Hətta aktyorluq karyerasının müəyyən mərhələsində idmana daha ciddi yanaşıb. Ona Twilight film seriyasında Emmett Cullen rolu təklif edilib, lakin o vaxt universitet beysbol karyerasına üstünlük verdiyi üçün bu roldan imtina edib.

Sonradan aldığı zədə onun beysbol karyerasına ciddi təsir göstərib və aktyorluğa daha çox diqqət ayırmağa başlayıb. Hoechlinin dünya miqyasında məşhurlaşmasının əsas səbəblərindən biri 2011-ci ildə başlayan Teen Wolf serialıdır. Burada o, Derek Hale obrazını canlandırıb. Derek Hale serialın ən mürəkkəb və populyar personajlarından biridir. O, canavar ailəsindən gələn, ciddi, soyuqqanlı, sirli və bəzən aqressiv xarakterli bir obrazdır.

Serialın başlanğıcında Derek daha çox qaranlıq və təhlükəli təsir bağışlasa da, hadisələr inkişaf etdikcə onun keçmişi, ailəsi və daxili mübarizəsi daha geniş şəkildə göstərilib. Hoechlinin performansı xüsusilə onun sakit, sərt və emosiyalarını çox büruzə verməyən aktyorluq üslubu ilə seçilib. O, serialın ilk mövsümlərində əsas aktyor heyətinin mühüm üzvlərindən biri olub.

Sonrakı illərdə Derek Hale obrazı onun ən tanınmış rollarından birinə çevrilib. Hoechlin 2011–2017-ci illərdə Teen Wolf layihəsində iştirak edib və 2023-cü ildə çıxan Teen Wolf: The Movie filmində Derek Hale roluna qayıdıb. Filmdə o, həmçinin prodüser kimi də iştirak edib. Tyler Hoechlin müxtəlif janrlarda filmlərdə rol alıb.

 

Əsas filmlərindən bəziləri:

- Road to Perdition (2002) — Michael Sullivan Jr.

- Grizzly Rage (2007) — Wes Harding

- Solstice (2008) — Mark

- Hall Pass (2011) — Owen

- Undrafted (2016)

- Everybody Wants Some!! (2016) — McReynolds

- The Domestics (2018) — Mark West

- Fifty Shades Freed (2018) — Boyce Fox

- Bigger (2018) — Joe Weider

- Can You Keep a Secret? (2019) — Jack Harper

- Palm Springs (2020) — Abe

- Teen Wolf: The Movie (2023) — Derek Hale

 

Xüsusilə Everybody Wants Some!! və Palm Springs kimi filmlər onun yalnız televiziya seriallarının aktyoru olmadığını, komediya və dram janrlarında da işləyə bildiyini göstərib. Tyler Hoechlinin karyerasında ikinci böyük dönüş nöqtəsi Superman obrazıdır. 2016-cı ildə o, Supergirl serialında Clark Kent/Superman kimi təqdim edilib. Sonrakı illərdə The Flash, Arrow, Batwoman və digər Arrowverse layihələrində də Superman obrazında görünüb.

Bu rol onun aktyor kimi əvvəlki obrazından tamamilə fərqli tərəfini göstərib. Derek Hale daha qaranlıq, sirli və sərt xarakter idisə, Clark Kent daha humanist, mərhəmətli, məsuliyyətli və nikbin personajdır. 2021-ci ildə Tyler Hoechlin özünün ən mühüm televiziya rollarından birinə — Superman & Lois serialında Clark Kent/Superman obrazına keçib. Serialda onun tərəf müqabili Elizabeth Tulloch tərəfindən canlandırılan Lois Lane idi. Bu layihədə Superman yalnız superqəhrəman kimi deyil, həm də:

həyat yoldaşı,

ata,

jurnalist,

Smallville sakini,

ailəsini qorumağa çalışan adi insan

kimi təqdim olunur. Bu baxımdan Hoechlinin Clark Kent obrazı əvvəlki Superman təsvirlərindən daha çox ailə və insan münasibətləri üzərində qurulmuş versiya idi. Superman & Lois 2021–2024-cü illərdə yayımlandı və Hoechlin serialın baş rolunda 53 epizodda çıxış edib. Hoechlin yalnız kino və televiziyada deyil, videooyun dünyasında da fəaliyyət göstərib.

O, Final Fantasy VII layihələrinin ingilisdilli versiyalarında məşhur Sephiroth obrazını səsləndirib. Onun səsi: Crisis Core: Final Fantasy VII Reunion (2022), Final Fantasy VII Rebirth (2024)

kimi layihələrdə istifadə olunub. Sephiroth videooyun tarixinin ən məşhur mənfi personajlarından biri hesab olunur və bu rol Hoechlinin aktyor diapazonunun başqa bir nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

Cümə, 11 Sentyabr 2026 08:10

Kino operatoru, nömrə bir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanincəsənətində əhəmiyyətliyertutmuş bir şəxsdən – Muxtar Dadaşovdan danışanda ilk olaraq ağla gələn onun çəkdiyi sənədli filmlər olub. Bu ünlü şəxs həqiqətən də kino operatorluğu sahəsində Azərbaycanın bir nömrəliləri sırasındadır.

 

Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır.

1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda tamaşalarda kiçik rollar oynayıb.

1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlib. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edib. Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönüb, kinostudiyada operator işinə qayıdıb.

Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutub. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış edib. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilib.

Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıb. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Muxtar Dadaşovun "Bakıda küləklər əsir" filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film çəkib.

O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov" sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb.

 50 ildən çox kinoya xidmət edib. Muxtar Dadaşov 1977–1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.

 

Operator assistenti kimi

- 26 komissar (film, 1932)

- Köçərilər (film, 1933)

 

Operator kimi

- Lökbatan (film, 1933)

- Neft simfoniyası (film, 1933)

- Rəqs edən bağalar (film, 1935)

- Ordenli Azərbaycan (film, 1938)

- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)

 

Rejissor kimi

- Samur-Dəvəçi kanalı (film, 1940)

- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)

- Bakı döyüşür (film, 1944)

- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)

- Axşam konserti (film, 1948)

 

Ssenari müəllifi kimi

- Samur-Dəvəçi kanalı (film, 1940)

- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)

- Bakı döyüşür (film, 1944)

- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)

 

İkinci operator kimi

- Sualtı qayıq "T-9" (film, 1943)

 

Haqqında çəkilən film

- Zirvəyə gedən yol. Muxtar Dadaşov (film, 2016)

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960

3. Azərbaycan SSR Dövlət mükafatı — 1980 ("L. İ. Brejnev Bakıda" filminə görə)

4. "Şöhrət" ordeni

5. Azərbaycan Respublikasının Fəxri fərmanı — 18 sentyabr 1993

6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 22 fevral 1998-ci ildən

7. "Sovet Azərbaycanı" sənədli filminə görə Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafat — 1951

8. "Səadət yolu ilə" filminə görə ÜİKTS-in Qızıl medalı — 1956

9. "Nəriman Nərimanov" filminə görə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-67" zona kinofestivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizi — 1967

 

Muxtar Dadaşov 7 may 1998-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Teatrımızda nəsil dəyişməsi həmişə ağır gedən bir proses olub. Yəni, gənclər gəldi, qocalar dərhal getsin kimi bir anlayış heç zaman mövcud olmayıbdır. Əlbəttə ki, ən azından ona görə ki, teatr həyatı göstərən bir nəsnədir, həyatda isə gənclər və qocalar birgə yaşayırlar. Yaşlıları səhnədən çıxarmaq yaşlı insan obrazlarını ssenaridən götürmək demək olardı...

Haqqında danışacağım aktyor iki nəslin keçidində yer alıbdır, bu gün özünün 45 illik yubileyini qeyd edir. Çox maraqlı və unikal adamdır. Elə başlığa çıxardığım sözlər buna işarədir.

 

Elnur Kərimov 1981-ci il sentyabr ayının 11-də Bakı şəhərində doğulub. Atası Umbay Kərimov Bakıda, 2 nömrəli avtobus parkında işləyib. Anası Solmaz Kərimova isə 1969-cu ildən Azərnəşrdə korrektor vəzifəsində çalışıb. 3 yaşından bacı və qardaşları ilə birlikdə Yuri Qaqarin adına Pionerlər Sarayında rəqs və xüsusi ilə nağara dərnəyində musiqi ilə məşğul olub.

 1986 ci ildə Yuri Qaqarin adına Pionerlər Sarayının 50 illik yubileyində Heydər Əliyev Sarayında nağarada solo "çırtma qaytağı" ilə çıxış edib. 1988-ci ildən "Dənizçilər Klubu" Mədəniyyət Sarayının ansamblına ən gənc nağara ifaçısı kimi dəvət alıb. 1989-cu ildə Krasnovodsk və Şevçenko şəhərlərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri"ndə iştirak edib.

1989-cu ildə xüsusi istedadına görə indiki Əfsər Cavanşirovun qərarı ilə İncəsənət Gimnaziyasına imtahansız qəbul edilib. Burada "simli alətlər", "nəfəs alətləri", "vokal", "aktyorluq" kimi müxtəlif sənət dərsləri alıb. Gimnaziyada təhsil aldığı müddətdə "Şəhriyar" yubiley tamaşasında, Şəhriyar, "Məhəmməd Füzuli" yubileyində Füzuli, Məmmədkamal Kazımovun quruluş verdiyi Sultan Məcid Qənizadə "Xor-Xor" tamaşasında "Rüstəm bəy" rollarını ifa edib.

Ənvər Əblucun quruluş verdiyi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında "Qoçu Əsgər" rolunu oynayıb. Gimnaziya şagirdlərinin ifasındakı "O olmasın, bu olsun" tamaşası AzTV-nin qızıl arxivində saxlanılır. Gimnaziyada təhsil aldığı müddət ərzində Kunq Fu To`A idman növü ilə məşğul olub və paytaxt birincisi olub. İncəsənət Gimnaziyasında aktyorluq təhsili aldıqdan sonra 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Universitetdə Gülşad Baxşıyevadan teatr sənətinin, Ənvər Vəliyevdən səhnə danışığının və Ənvər Əblucun kino incəliklərini öyrənib. Bir il sonra 2000-ci ildə Gənc Tamaşaçılar Teatrına dəvət alıb. 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında təcrübə keçən Elnur həmin ildən aktyorluq fəaliyyətinə başlayıb. 2001-ci il fevral ayının 14-də "Qarışqa şıllaq atdı" tamaşasında Elbənd rolunda uğur qazanaraq, teatrın kollektivinə qəbul edilib.

Sonralar teatrda bir çox tamaşalarda həm epizodik, həm də baş rollarda çıxış edibr. Teatrda oynadığı rollar silsiləsinə Xeyir ("Xeyir və Şər"), Ərköyün qaz balası ("Ana qaz"), Məmməd ("Cənnətin üç alması"), Tülkü ("Tıq-tıq, tuk-tuk"), Əlibala ("Əlibala və qırx quldur"), Mirzədadaş ("Dələduz") və s. obrazlar daxildir.

İlk dəfə 2003-cü ildə İsi Məlikzadənin əsəri əsasında hazırlanmış, quruluşçu rejissor Nicat Feyzullayevin "Küçələrə su səpmişəm" filmində Bəhmən rolunda çıxış edib. 2007-ci ildə isə Oqtay Mirqasımovun quruluşu əsasında "Günaydın, mələyim" filmində Rəhman obrazını canlandırıb. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının Bədii Şurasına üzv seçilib.

Müxtəlif televiziya kanallarında "Bərəkətli olsun" (Space TV), "Düşərgə" (İctimai TV), "Səhər görüşləri" (AzTV), kimi verilişlərin aparıcısı kimi fəaliyyət göstərib. 2021-ci ildən Bakı Dövlət Sirkində çalışır. Çalışdığı müddətdə "Zəfər Sərgisi", "Dəmir Yumruq" kimi layihələrdə yaxından iştirakçı olub

Layihələrin uğurla keçirilməsində töhfələri var. Bakı Dövlət Sirkində keçirilən "Hünər Meydanı" layihəsində həm aparıcı həm də təşkilatçı kimi fəaliyyəti olub. 2022-ci il Beşinci Xarıbülbül Musiqi Festivalı nın aparıcısı olub.

 

Filmoqrafiya

- Mən sənin dayınam

- Dronqo

- Küçələrə su səpmişəm

- Yol yoldaşları

- Ana qaz

- Günaydın, mələyim!

- Qardaşımdan yaxşısı yox idi

- Əzizim Fellini

- Əlavə təsir

- Buta

- Qaynana

- Həddən artıq uyğunluq

 

Əsas rolları

1. Aqil — ("Mənim ağ göyərçinim" T. Vəliyeva)

2. Ömər İtməz — ("Məhəbbət br bəladır" Ə. Orucoğlu)

3. Əlibaba — ("Əlibaba və qırx quldur" Ərəb x.nağılı)

4. Vəzir — ("Ələddinin sehrli çırağı" Ərəb x.nağılı)

5. Tuk-tuk — ("Tık-tık və Tuk-tuk" A. Şaiq)

6. Əlləz — ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)

7. Elbənd — ("Qarışqa şıllaq atdı Q. İlkin)

8. Təbriz — ("Büllur sarayda" İ. Əfəndiyev

 

Mükafatları

2009–2019 Teatrların inkişafı dövlət proqramı çərçivəsində, "ASSİTEJ" milli mərkəzinin xətti və Gənc Tamaşaçılar Teatrının truppası ilə Rusiya Federasiyası Kalmıkiya Respublikasına qastrolunda "İki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə" Kalmıkiya Respublikasının ölkə rəhbərliyinin xüsusi, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən mükafat, diplom və döş nişanı ilə təltif olunub.

İki ölkə arasında Teatr sahəsindəki uğurlarına görə "Stanislavski" 150 illik yubiley medalına layiq görülüb. Şimali Osetiya "Txapsayev adına Milli Dram Teatrı"nın diplomu ilə təltif olunub. Hal-hazırda Gənc Tamaşaçılar Teatrı Həmkarlar Komitəsinin "Gənclərlə iş üzrə" katibidir. Mədəniyyət işçiləri Həmkarlar İttifaqının mükafatına, 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına, 3 dəfə Prezident Mükafatına layiq görülüb

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

26 -dən səhifə 3107

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.