Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SONUN SONSUZLUĞU
Vaqif Səmədoğluna
Ömrün o uzaq vaxtı,
İlk gənclik çağımızda
“Son yelkəni dolduran
son küləkdir”, – demişdin.
Nə bileydik küləklər
Hələ çox əsəcəkmiş.
Dünya da çox genişdi,
Zaman da çox dəyişdi.
Bəlkə ağ yelkənlər də
dalğaların üstündə
təslim bayraqlarıdır.
Ya bəlkə çılğın eşqin
izlərini saxlamış döşəyin ağlarıdır.
Ağlarmı yelkən olub,
Yelkənlərmi ağ olub?
Son külək susan zaman
Ütülənmiş dənizlər
Hamarlandığı təkin,
Tarım yelkən də bəlkə
Başqa bir yaşantının
Qəmin-qüssəsin çəkir.
Belədir, belə deyil?
Bilmirəm, unutmuşam
bütün bildiklərimi.
Bu il bildiklərimi,
Həm də bildirkiləri.
O “son yelkən”, “son ağac”,
“son fələk” dünən idi,
...ya yüz il bundan əvvəl...
Qatar pəncərəsindən
vida üçün sallanıb
son yarpaq kimi son əl.
Qatar keçir ömürtək,
Gəncliktək uzaqlaşır
Qatarın son fit səsi.
Bu, son ümiddir bəlkə,
Payızın qürubunda
Çıxdı bir gün qarşıma
Son eşqin möcüzəsi.
12 noyabr 1992
“Ədəbiyyat və incəsənət”
(21.10.2025)