Müşfiqin Dilbəri Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                            Dilbər Axundzadə

 

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Dilbərin doğmaca əmisi İdris Axundzadə bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu olur. Həmin gün Müşfiq onun arxasında oturur və   onların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub".

Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində.

 

 

Həyat yoldaşı 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox”.

Dilbər Axundzadə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. Və bu həbs Azərbaycan Tibb İnstitutunda aldığı iki illik təhsilini yarımçıq qoymağa məcbur etmişdir.

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuşdur.

Müşfiqi aparanda masanın üzərində “Dibərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab -  əziyyətlər görmüş Dilbər Axundzadə  Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkmişdi. Leyla xanımın dilindən : Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi...

Qızı Leyla Axundzadənin dilindən:

Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.

"Müşfiqli günlərim" əsərinin müəllifidir. Dilbər Axundzadə daha sonra dini nikahla yenidən evlənmiş və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı olmuşdur. Oğlu 60 yaşında ölmüşdür. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 21 oktyabr 1990-cı ildə Bakı şəhərində vəfat edib

 

Xatirəsi

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.