Şövkət Ələkbərovanın 103 ili Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun səsi o qədər gözəldir, vəsf etdib qurtarmaq olmur. Bulaq kimi saf, duru səsi var. Təsadüfi deyil ki, musiqi tariximizdə özünə əbədi yer edibdir.

 

Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam olub. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranıb. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. 

 

Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

 

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.

 

"Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olub. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa edib. Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapıb. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Repertuarı

- Axşam (Qaş qaralır)

- Ayrılıq

- Aldatmayaq bir-birimizi

- Ay Qız

- Ağlaya-ağlaya

- Bir könül sındırmışam

- Bakı

- Dərələr

- Gəl səhərim

- Gedək üzü küləyə

- Oxu gözəl

- Neylərəm (İmaməddin Nəsimi / Süleyman Ələsgərov)

 

Filmoqrafiya

- İştirak etdiyi filmlər

1. Doğma xalqıma 

2. Payız konserti 

3. Oxuyur Şövkət Ələkbərova 

4. Azərbaycan elləri 

5. Səs 

 

Mahnı ifa etdiyi filmlər

- Görüş 

- Mahnı belə yaranır 

- Qızmar günəş altında 

- Kölgələr sürünür 

- Ögey ana 

- Aygün 

 

Unudulmaz müğənni 7 fevral 1993-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.