Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə qardaş Türkiyənin dəyərli yazıçılarından və yazıçı koçlarından biri olan Ayşe Ayan xanımla olan müsahibəmizi təqdim edirik. Bu müsahibə, ədəbiyyata və yazıçılığa marağı olan hər kəs üçün ilhamverici, eyni zamanda praktik tövsiyələrlə dolu bir mənbədir.
Oxucularımızı Ayşe Ayanın düşüncə dünyasına və yaradıcı prosesinə yaxınlaşdıracaq bu müsahibəni diqqətlə izləməyi tövsiyə edirik.
-Salam Ayşe xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
-Salam, mən yazıçı və redaktor Ayşe Ayan. Ədirnəliyəm və Bursa şəhərində yaşayıram. Müstəqil olaraq kitab layihələri, köşə yazıları və digər mətnlərin çap öncəsi işlərini həyata keçirirəm. Türkiyə Xəbər Kanalında əsasən tədqiqatlarımdan topladığım yazılarımı yayımlayıram; həmçinin ədəbiyyat jurnalları və oxşar platformalarda hekayə və kitab analizlərim çıxır. Bu işlərimdə və ədəbiyyat yolçuluğumda rəhbərim, yazıçı Ahmet Zeki Yeşil müəllimə minnətdarlığımı bildirirəm.
İlk kitabım olan “Çizgi” 2024-cü ilin avqust ayında nəşr olunub.
Öz kitab layihələrim üzərində işləyirəm, amma redaktoru olduğum digər layihələrin çoxluğu səbəbindən öz kitablarıma çox vaxt ayıra bilmirəm. Buna baxmayaraq, 2026-cı il bitmədən, öz kitablarımı da çap üçün göndərməyi hədəfləmişəm.
-İlk qələm təcrübənizi necə xatırlayırsınız?
-İbtidai sinifdə Türk dili müəllimim ilin sonunda hekayə yazmaq tapşırığı vermişdi. Birinci yer tutan hekayəyə verilən mükafat isə İstanbulda muzey turuna getmək idi. Mən yazdığım hekayəni A4 kağızında saxlamayıb, dəftərxana ləvazimatları mağazasından aldığım kiçik bir dəftərə yazmış və çəkdiyim şəkillərlə onu gücləndirmişdim. Birinci olmaq, mükafatı qazanmaq və həmin səyahətə getmək çox gözəl idi. Lakin məni daha çox xoşbəxt edən, kitaboxuma sevgimlə yanaşı, yazma qabiliyyətimi kəşf etməyim olmuşdu.
-Əsərlərinizi yazarkən əvvəlcədən plan qurursunuz, ya əksinə?
-Zaman ən qiymətli xəzinəmizdir. Plan olmadan yazmıram, hekayənin necə bitəcəyini bilmədən səyahətə çıxmıram, amma yol boyunca obrazlara istiqamət verir, hadisələrə müdaxilə edirəm. Planlaşdırılmamış kitab yazmaq əvvəlcə daha asan görünə bilər. Lakin proses irəlilədikcə qarışıqlıq özünü göstərir. Aydın bir əsas xətt olmadıqda, süjet yayılır, obrazlar uyğunsuzlaşır və mətn istiqamətini itirir. Yazıçı daim geri qayıdıb düzəlişlər etməli olur. Bu vəziyyət həm vaxtı, həm də motivasiyanı tükədir.
Planı yaradıcılığı məhdudlaşdıran bir qəlib kimi yox, mətnin ayaqda qalmasını təmin edən skelet kimi görürəm. Sağlam bir quruluş olmadan uğur və davamlılıq mümkün deyil.
-Obrazlarınızı yaradarkən real həyatdan götürürsünüz?
-Bəli, mən adətən reallıq payı yüksək olan mövzuları işləməyi üstün tuturam.
-Hansı yazıçılar yaradıcılığınıza təsir edib və ən çox sevdiyiniz əsərlər hansılardır?
-“Bəyaz zanbaqlar ölkəsi”, Yaşar Kamalın “İnce Memed”, Səbahəddin Əli əsərləri mənim sevimli kitablarımın başında gəlir.
Təbii ki, iz qoyan yazıçılar var. Yazarkən oxuduğum müəlliflərdən təsirlənməməyə diqqət edirəm. Hər yazıçının öz üslubu, öz tərzi olmalıdır.
-Türkiyəli yazıçıları oxumaqdan zövq alırsınızmı?
Bəli, bundan həzz alıram. Mədəni müxtəliflik, akademik mühit və fərqli baxış bucaqları mənə çox şey qatır. Təbii ki, bəzi çətinliklər var, amma inanıram ki, onlar da insanı inkişaf etdirir.
Türk yazıçılarının düşüncəlilik və estetik dərinliyi oxumağı mənalı edir. Məsələn, Yaşar Kamal ictimai reallığı güclü bir anlatımla qurarkən, Səbahəddin Əli fərdin daxili aləmini incəliklə işləyib. Oğuz Atay müasir insanın varoluşsal problemlərini sorğularkən, Sezai Karakoç düşüncə ilə estetikliyi birləşdirir. Bu təcrübə Türk ədəbiyyatını yalnız ədəbi bir sahə kimi yox, həm də ictimai, mədəni və fəlsəfi bir yaddaş məkanı halına gətirir.
Buna görə də, bu qədər möhkəm təməli olan Türk ədəbiyyatı günümüz yazıçılarının da oxuculara keyfiyyətli əsərlər təqdim etməsinə imkan verir.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatı hər dövrdə öz öncülünü yaratmışdır. Mirzə Fətəli Axundov müasir ədəbiyyatın təməlini qoymuş bir yazıçıdır. Cəlil Məmmədquluzadə qələmi ilə ictimai tənqidi cəsarətlə ifadə etmişdir.
Şeirdə isə, milli ruhu ən güclü şəkildə hiss etdirən isimlərdən biri olan Bəxtiyar Vahabzadənin misralarını çox bəyənirəm. Müasir nəsrdə isə Anar Rzayev və Elçin Əfəndiyev mənim bəyəndiyim yazıçılardandır.
-Yazıçı koçu olmaq ideyası necə yarandı?
-Yazıçı koçu olma fikri birdən-birə yaranmamışdır. Uzun müddət müşahidə etdim ki, yazı yalnız ilhamla deyil, həm də intizam, quruluş bilikləri və düzgün geri bildirimlə güclənir.
Çox istedadlı qələmlərin uğur və tərifə layiq olmasına baxmayaraq, texniki çatışmazlıqlar səbəbindən, təəssüf ki, istiqamətsizlik ucbatından yarımçıq qaldıqlarına şahid olmuşam.
Mən də təcrübəmi yalnız yaratmaq üçün deyil, başqalarının yaradıcılığını aydınlaşdırmaq üçün istifadə etməyə qərar verdim. Yazıçı koçluğu mənim üçün mətnləri düzəltməkdən ibarət deyil; yazıçını öz səsinə yaxınlaşdırmaq, potensialını sistemli şəkildə ortaya çıxarmaq deməkdir. Çünki yaxşı bir mətn təsadüf deyil, düzgün rəhbərlik və zəhmətlə qurulur.
-Müştəriləriniz daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
-Müştərilərimin ən çox verdiyi ilk sual belədir: düşüncə dünyamda qurduğum hekayəni yazıya köçürərkən hansı yolu izləməliyəm? Çünki güclü bir fikir tək başına kifayət etmir; fikrin intizamlı bir planla irəliləməsi vacibdir. Süjet necə dərinləşəcək, obrazlar necə inkişaf edəcək, mətn nə vaxt tamamlanmış sayılacaq? Bu mərhələlər çox önəmlidir.
Fayl necə təqdim olunmalıdır, şərtlər nələrdir, kitab çıxdıqdan sonra görünürlük necə təmin ediləcək? Nəşriyyat prosesi və çap sonrası da tez-tez qarşılaşdığım suallardandır. Yazıçı yalnız yazmaqla kifayətlənmir; yazdıqlarını düzgün oxucuyla görüşdürmək istəyir. Mənim etdiyim iş isə, bu xəyali prosesi aydın və konkret bir yol xəritəsinə çevirməkdir.
- Yazı blokunu aşmaq üçün hansı metodlardan istifadə edirsiniz?
-Mən yazı bloklanmasını ilham çatışmazlığı kimi görmürəm; çox vaxt məsələ istiqamət itkisidir. Mətnə yox, suala dönürəm: bu hekayə nəyi anlatmaq istəyir? Obraz nəyin izində? Məqsəd aydınlaşdıqda axın yenidən başlayır. Texniki olaraq kiçik və idarə edilə bilən hədəflər qoyuram. Bir bölüm və ya səhnə saxlayır, dialoqlar yazıram. Düşüncə dünyamı rahatlatmaq üçün sərbəst yazı məşqləri edirəm, mətni müvəqqəti olaraq fərqli bir baxış bucağından yenidən qururam. Bəzən də qəsdən fasilə verirəm; oxumaq, gəzinti, qeydlər aparmaq və s. kimi fəaliyyətlərlə məşğul oluram.
Bloklanmanı mətni daha dərinliyə getmək istəməsinin işarəsi kimi qəbul etmək olar; problemi düzgün baxış bucağından qiymətləndirəriksə, yol yenidən görünür.
-Sosial media və rəqəmsal platformalar yazıçılıq karyerasına necə təsir edir?
-Mən sosial media və rəqəmsal platformaları yazıçılıq karyeramda alternativ deyil, tamamlayıcı bir sahə kimi görürəm.
Bu gün yazıçı mətni yaradarkən görünürlüğünü təmin etmək və oxucuya çatmaq üçün sosial və rəqəmsal platformalardan istifadə edir. Bu mühitlər fikirləri ani paylaşmaq, oxucuyla birbaşa əlaqə qurmaq və geri bildirim almaq baxımından güclü imkanlar təqdim edir.
Lakin rəqəmsalı mətni önə çıxaran bir vitrin kimi deyil, mətni dəstəkləyən kommunikasiya sahəsi kimi mövqeləndirmək daha məqsədəuyğundur. Görünür olmaq vacibdir, amma qalıcı olan hələ də mətinin keyfiyyətidir. Sosial media sürət tələb edir; ədəbiyyat isə dərinlik. Bu iki sahə arasında tarazlığı qurmaq zəruridir.
Rəqəmsal platformalar düzgün istifadə edildikdə yazıçılıq yolunu strateji şəkildə gücləndirən bir vasitədir.
-Uğurlu nəticə əldə etdiyiniz maraqlı bir təcrübəni bölüşə bilərsinizmi?
-Bu, illərdir yazmağı təxirə salan bir müştərimlə işlədiyim proses idi. Güclü bir hekayəsi var idi, amma faylı çox qarışıq idi və yazıçı özünəinamını tamamilə itirmişdi. Mətn üzərində əvvəlcə onun zehnindəki qarışıqlığı nizamladıq; əlbəttə ki, bu çətin bir mərhələ idi. Hekayənin əsas xəttini aydınlaşdırdıq, obrazların motivasiyalarını sadələşdirdik və yazma intizamını davamlı hədəflərlə qurduq.
Buna baxmayaraq, yazıçı davamlı olaraq vaz keçirdi. Bu vəziyyət məni də qıcıqlandırdı, çünki qələmə almaq istədiyi hekayə həqiqətən güclü idi və mütləq yazılmalıydı. O, “mükəmməl yazmalıyım” təzyiqini buraxıb “tamamlamalıyam” prinsipini qəbul etməli idi. Çətin olsa da, bu problemi də dəf etdik.
Fayl tamamlandığında mükəmməl bir kitab ortaya çıxmışdı. Nəşriyyat prosesini strateji şəkildə idarə etdik və kitab çap olundu.
Kitabın rəflərdə yer alması əlbəttə böyük uğurdur, amma yazıçının öz potensialına inanmağı öyrənməsi ən dəyərli nailiyyətdir.
“Ədəbiyyat və incəsənət”
(16.02.2026)


