Qərbi Azərbaycanlı ziyalılar: Əli Məhzun Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Əli Hacı Zeynalabdin oğlu Rəhimov – Əli Məhzun (1886, İrəvan – 1934) mollanəsrəddinçi ədəbi mühitin nümayəndəsi, şair və publisist kimi tanınmış, yaradıcılığında “Məhzun” təxəllüsündən istifadə etmişdir. Geniş dünyagörüşünə və zəngin mütaliəyə malik olan Əli Məhzun hələ gənc yaşlarından ədəbiyyata ciddi maraq göstərmiş, qələm fəaliyyəti ilə diqqət çəkmişdir.

 

 Onun əsərləri “Molla Nəsrəddin”, “Məzəli”, “Babayi-Əmir” jurnallarında, eləcə də “İqbal”, “Sədayi-həqq” kimi qəzetlərdə dərc olunmuşdur.

Müəllif müəyyən dövrlərdə “Anaş qurbağa” və “Yetim cücə” imzalarından da istifadə etmiş, bununla özünü təzyiq və təqiblərdən qorumağa çalışmışdır. 25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundovla birlikdə İrəvanda “İslam Dram Şirkəti”nin yaradılması üçün rəsmi icazə almışdır. Onun təşəbbüsü ilə formalaşan bu teatr kollektivi qısa müddətdə “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha”, “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar”, “Səfalətin sonu” kimi əsərləri səhnələşdirmişdir.

1917-ci il yanvarın 1-də Əli Məhzunun redaktorluğu və müdirliyi, İrəvan ziyalısı Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə “Bürhani-həqiqət” məcmuəsinin ilk nömrəsi çapdan çıxmışdır. Ədəbi, siyasi, tarixi və elmi istiqamətli bu nəşrin meydana gəlməsi İrəvanın ictimai-siyasi və mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir. “Luys” mətbəəsində ayda iki dəfə nəşr olunan məcmuənin ümumilikdə 9 sayı işıq üzü görmüşdür. Əli Məhzun müxtəlif sahələr üzrə fəaliyyət göstərən ziyalıları, həmçinin İrəvan Müəllimlər Seminariyasının tələbələrini maarifçilik məqsədilə bu nəşrlə əməkdaşlığa cəlb etmişdir. Məcmuə cəhalətə qarşı mübarizə aparmaqla yanaşı, ictimai hadisələri obyektiv şəkildə izah etməyi, müxtəlif siyasi qüvvələrin məqsədlərini ifşa etməyi, qırğın və talanların arxasında dayanan amilləri üzə çıxarmağı, eləcə də İrəvandakı maddi-mədəni irsin tarixinin saxtalaşdırılmasına qarşı çıxmağı qarşıya məqsəd qoymuşdur.

 

1918–1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törədilən qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycana köçmüş və burada müxtəlif mətbuat orqanlarında fəaliyyətini davam etdirmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.