Aynur İsmayılova.
”Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Səhər açılmadan gözlərim açılmışdı.
Nə günəş məni salamlayırdı, nə də gecə mənə layla çalırdı.
Divardakı saata baxdım — o da dayanmışdı. Nə səsi vardı, nə də hərəkəti.
Sanki zaman durmuşdu.
Əlimi atıb yanımdakı saata baxdım: yox, o dayanmamışdı. Saat dördə yaxınlaşırdı. Sanki bu yarımlıq mənə gizli qalmış yanımdan xəbər verirdi. Pərdə çəkib görməzdən gəldiyim, boylanmaq istəyəndə basdırmağa çalışdığım yadlığı xatırladırdı. Ortanı görməz olmuşdum. Mənim üçün ya səhər vardı, ya da gecənin qaranlığı. Həyat bu ikilinin arasında gəlib-keçirdi. Amma sən demə, bir boşluq da varmış. Və mənim oyandığım an bu boşluğun varlığından xəbər verirdi. Bu sakitlik, bu yarımlıq mənə çox şey anladırdı. Mən isə özümü anlamağa nə qədər yad olduğumu gördüm.
Mən var idim, amma bir o qədər də görünməz idim. Görünməyən tərəfim — boşluqda sıxılıb qalan həqiqi mən, varlığım isə gerçəyə bənzəyən bir illüziya…
Saat altıya yaxınlaşdıqca səma aydınlaşmağa başlayır. Səhər yeni bir illüziyanın başlanğıcıdır. Və mən artıq bu illüziyaya inanmıram. Çünki gerçəyi gördükdən sonra başqa cür yaşamaq mümkün deyil…
“Ədəbiyyat və incəsənət”
(14.04.2026)


