Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi onun təşəbbüsü ilə yaradılıb Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün "Auditoriya" binasının açılış mərasiminin təşkilində Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov da fəal iştirak edib. "Zakavkaziye" qəzetinin 3 aprel 1912-ci il tarixli nömrəsində yazılıb:

"Müsəlman teatr cəmiyyətinin "Auditoriya" binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, Baratov və Belyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər…"

 

Hüseyn bəy "Auditoriya"da keçirilən tədbirlərdə iştirak edib, maarifləndirmə işi aparırmış. Professor Əziz Şərif "Keçmiş günlərdən" xatirə əsərində yazıb:

""Auditoriya"da və Zubalov teatrında tez-tez tamaşa və konsertlər verilir, bəzən də pulsuz mühazirələr oxunurdu. Bu mühazirələrdən biri 1912-ci il aprelin 29-da universitet tələbəsi Hüseyn bəy Mirzəcamalov və gimnaziyanın yeddinci sinif şagirdi Həbib Köçərlinski tərəfindən oxunmuşdu…"

"Baku" qəzetinin 3 may 1912-ci il tarixli sayında isə onunla bağlı belə bir xəbər verilib: "Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M. Əlibəyovun "Məhkəmələr qapısında tökülən göz yaşları" və Hüseyn Mirzəcamalovun birpərdəli "İşgilli Məmo" əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir"…

Bu qəzetin həmin il başqa bir sayında isə Hüseyn bəyin gürcü yazıçısı İosif Gedevanişvilinin "Xain" pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilib. Hüseyn bəy İosif Mçedlişvilinin "Qaçaq Kərəm" pyesini, İlya Çavçavadzenin də bir əsərini dilimizə tərcümə edib.

Bəli, haqqında danışdığım şəxs - Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov 20-ci əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin və ictimai fikrin oyanışında böyük xidmətlər göstərmiş bir şəxsdır.

O, 17 fevral (köhnə təqvimlə 5 fevral) 1890-cı ildə Şuşada kasıb bəy ailəsində anadan olub. 1906–1910-cu illərdə Şuşa şəhər real məktəbində, 1910-1911-ci illərdə Novoçerkas şəhərindəki Aleksey Don Politexnik İntitutunda (indiki Cənubi Rusiya Dövlət Texniki Universitetində) və 1913-1915-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub.

Fərqli ixtisasda təhsil alsa da, Hüseyn bəy şair, publisist, dramaturq kimi tanınıb.

H.Mirzəcamalov dönəmin ziyalıları ilə yaxın münasibətdə olub. Məhəmməd Əmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Sur kimi şəxslərlə dostluq edib.

Hüseyn Cavid gənc yaşda vəfat edən Abdulla Surun dəfni ilə bağlı yazdığı məqaləsində ("İqbal" qəzetinin 16, 17 və 18 may 1912-ci il tarixli sayları) ondan da bəhs edib:

"Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir.        "

Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra Hüseyn bəy milli hərəkata qoşulub, Müsavat firqəsinə üzv olub. Bakıda siyasi, iqtisadi, ədəbi, sosial mövzularda mühazirələr oxuyub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadə, müavinləri isə Hüseyn bəy Mirzəcamalov və Mirzəbala Məmmədzadə seçiliblər.

Fevral inqilabından sonra "Kaspi" qəzetinin 18 oktyabr 1917-ci il tarixli 233-cü sayənda Müəssislər Məclisinə seçkilərə hazırlıqdan söhbət gedən məqalədə Qafqazın müxtəlif bölgələrindən Məclisə 19 nəfər namizədin siyahısında Karyagin qəzasının komissarı Mirzə Hüseyn Mirzəcamalovun da adı çəkilib.

Cümhuriyyət dönəmində, 1 noyabr 1918-ci ildən 22 yanvar 1919-cu ilə qədər Ziraət və Dövlət Əmlakı Nəzarətində (Əkinçilik və Dövlət Əmlakı Nazirliyində) nazirinin şəxsi katibi olub. O, AXC Parlamentinin Dəftərxanasında Qanunvericilik (Ləvayihi-qanuniyyə) şöbəsinin müdiri olub.

1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Onların təşəbbüsünü dəstəkləyən "Azərbaycan" qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazıb:

"... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "Muzeyi-İstiqlal" olmasını əhəmiyyətli görürüz."

Ağaoğlu və Mirzəcamalovun yaxından iştirakı ilə hazırlanmış "Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən İstiqlal muzeyi adına müəssislər tərəfindən toplanmış şeylərin birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında şərait" adlı sənədi AXC Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə də imzalayıblar

Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub. Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verib və komissiya belə bir qərar çıxarıb: "Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır".

İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var olub.

"Yaşıl qələm" cəmiyyətinin fəal üzvü olan H. Mirzəcamalov muzeydə "Fransa və Rusiyada böyük inqilablar, onları doğuran amillər haqqında" və b. mövzularda məruzələr edib, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olunub.

Hüseyn bəy Mirzəcamalov AXC Xarici İşlər Nazirliyinin diplomatik korpusu içində 14 dekabr 1919-cu ildən "Cənubi Qafqazda rus siyasəti ilə bağlı materiallar" xüsusi komissiyanın üzvü olaraq işləyib və bu vəzifəni 27 aprel istilasınadək davam etdirib. Bu materiallar 1920-ci ildə Bakıda "Rusiyanın Zaqafqaziyada siyasətinə dair sənədlər. Birinci buraxılış" (rus. Документы по русской политике в Закавказье. Выпуск первый) adı ilə çap edilib.

Azərbaycan Cümhuriyyəti devrildikdən sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının Məktəbəqədər Tərbiyə Şöbəsinin müdiri olub. Həmin şöbədə onunla birgə Abbasqulu Vəlixanov, Şəfiqə Qaspıralı, Yusif Qazıyev, Gülməryəm Tahirova, Əsgər Axundov və başqaları çalışıb. Daha sonra Xalq Maarif Komissarlığının 22 iyun 1920-ci tarixli 84 saylı əmri ilə Arslan Kriçinski, Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu 24 may 1920-ci ildən XMK nəzdindəki abidələrin qorunması alt bölməsi Kollegiyasının üzvləri təyin ediliblər

Bakıda "Azərnəşr"də 1924-cü ildə "Müxtəsər istatistik: tarixçə və nəzəriyyəsi", 1926-cı ildə "Keçmiş günlər" kitabları çap edilib. 1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verərək onların dərhal yığışdırılmasını təklif edib.

 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən aralarında Hüseyn bəy Mirzəcamalovun da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılıb. Bolşevik işğalından bir müddət sonra bu quruluşu hem cür qəbul etməyən Hüseyn bəy də Azərbaycanı tərk edib, Türkiyəyə sığınıb. Hüseyn bəy bacısı Xeyransanı və onun üç qızı (Sürəyya, Qəmər, Dilşad) ilə bir oğlunu da özü ilə aparıb. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859–1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub. Mənbələr qeyd edirılər ki, Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlananın tədqiqatı ilə məşğul olub.

Eyni zamanda siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib. Mühacirətdə çap olunan "Azərbaycan" jurnalında yeni imzayla - Hüseyin Camal Yanar imzasıyla "Analara ithaf", "Yuxusuz bir gecənin məhsulu", "Söyləmə belə", "Həyat çeşməsi", "Neylərəm" kimi şeirləri dərc olunub.

Hüseyn bəy mühacirətdaxili qalmaqallardan uzaq bir həyat yaşayıb, fərqli baxışları olan liderləri daim birliyə səsləyib. Azərbaycan Milli Birliyinin Münxendə çap etdiyi "Azerbaycan" dərgisinin 1952-ci ildə çap olunan 6-7-ci qoşasayında "Bitərəf azərinin səsi" başlıqlı yazı dərc olunub. Yazıda Hüseyn Camal Yanarın İstanbuldan göndərdiyi 20 oktyabr 1952-ci il tarixli məktubu yer alıb. Məktubda yazıb:

Möhtərəm vətəndaşlarım,

Bu günə qədər bitərəf qalaraq bir çox səbəblərdən dolayı Vətən məsələlərində iştirak etməsəm də, əziz yurdumuz Azərbaycanın sevgi və ağrılarını bağrımda hifz etdim. Yurdumun qurtuluşu uğrunda çox ağır şərtlər daxilində fəraqətlə çalışmış və çalışan vətəndaşlarımı da təqdir etməkdən bir an ayrılmadım...

Azərbaycanın qurtuluş və istiqlalı üçün çalışmış və çalışanlar arasında xoşniyyətli, ideallarına sadiq və fədakarlıqları ilə tanınmış olanlar az deyildir. Hər yerdə, hər zaman olduğu kimi çalışanlar arasına fəna niyyətlə, fəna fitrətli əməkdaşlar da qarışa bilər, fəqət sağlam bünyəli təşəkkül belələrini həzm edə bilməz və içərisindən atar...

Partiya və zümrələrin üstündə bir Azərbaycan İstiqlal və Qurtuluş Mücadiləsi heyətinə bu gün hər zamandan daha çox ehtiyac var. Yalnız belə bir təşəkkül dünya demokratiya cəbhəsi ilə işbirliyi edər və dünya ilə birlikdə də arzusuna nail ola bilər.

Parol: "Hamımız birimiz üçün, birimiz də hamımız üçün" olmalıdır.

Hüseyn Camal Yanar

 

Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaracaəhməd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.