Super User
“Çeşmə” ədəbi məclisinin növbəti yığıncağı keçirilib
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Çeşmə” ədəbi məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan məkanda keçirilib.
Tədbiri giriş sözü ilə adı çəkilən məclisin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lilpar Cəmşidqızı tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsinin poeziyaya olan sevginin və ədəbi mühitə bağlılığın göstəricisi olduğunu qeyd edib.
Yığıncaqda ilk söz iki “Divan” müəllifi, tanınmış şair-qəzəlxan və bəstəkar Hüseyn Sözlüyə verilib. Şair çıxışında Aşıq Ələsgərin yaradıcılığından bəhs edib, onun adını daşıyan məkanda belə bir məclisin keçirilməsinin əhəmiyyətini vurğulayıb və şeirlərindən nümunələr təqim edib. Məclis rəhbəri bu yaxınlarda 80 illik yubileyini qeyd edən Hüseyn Sözlünü bir daha təbrik edib.
Sonra Xəzər bölməsinin üzvü, ustad şair-qəzəlxan Əşrəf Pirşağılı qəzəllərini təqdim edib. AYB-nin üzvü, şair Vahid Çəmənli isə tədbir iştirakçılarına uğurlar arzulayaraq belə ədəbi məclislərin milli ədəbiyyatın inkişafına mühüm töhfələr verdiyini bildirib və öz şeirlərini səsləndirib.
Tədbirdə həmçinin peşəkar tənqidçi, AYB və AJB-nin üzvü, şair Xaqani Abbasəli Öztürk ədəbiyyatın inkişaf istiqamətləri, mövcud problemlər və sözün mədəni tərəqqidəki rolu barədə fikirlərini bölüşüb, şeirlərini söyləyib.
Daha sonra şairlər İldırım Əlişoğlu, Əliyar Mərdiyev, Bəradər Səməndərli, Xəlil Mirzə və ilk dəfə məclisdə iştirak edən Vətən müharibəsi qazisi, şair Qafqaz Eyvazov “Çeşmə” Ədəbi Məclisinin fəaliyyətini yüksək qiymətləndirib, şeirlərini diqqətə çatdırıblar.
Jurnalist Cəmil Zəbhulla Dadasov da çıxış edərək məclisin fəaliyyətinə uğurlar arzulayıb və gənclik illərində qələmə aldığı şeirlərdən bir neçəsini deyib.
Yığıncaq maraqlı müzakirələr şəraitində başa çatıb.
Sonda “Çeşmə” ədəbi məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin təşkilinə göstərilən dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Biri ikisində - İlqar Rəsulun hekayələri
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə İlqar Rəsulun 2 hekayəsi
təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
İLQAR RƏSUL
“HAVA LİMANI”
Anası dedi, axşam saat səkkizdə gəl məni apar hava limanına. O, – yaxşı, ana, gələrəm, – deyib, getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb başqası ilə getdi, uşağı tək böyütdü, əsgərə yola saldı, işinin başına qayıtdı, bütün günü yeni layihələr üzərində çalışdı. Axşama doğru işdən çıxdı, saat səkkizdə gedib anasını hava limanına apardı. Özünə bilet alıb evə gəldi. Oğlu əsgərlikdən qayıtmışdı. Sevindi. Məclis düzəldib, qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər. Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə çay içəndə oğluna dedi ki, sabah günorta saat üçdə gəlib məni hava limanına apararsan...
Oğul, – yaxşı, ata, gələrəm, – deyib, getdi. Ali məktəbə qəbul olundu, oxuyub yaxşı cərrah oldu, məşhur klinikada işə düzəldi, həkim qızla evləndi. Səhəri günorta saat üçdə getdi gördü atası geyinib qapıda gözləyir. Kişini evə qaytardı, oturub çay içdilər, çoxlu söhbət elədilər. Oğul atasını hava limanına aparmadı. Sabah axşama doğru gələcəyəm, – deyib, getdi öz evinə, xanımının yanına. Övladı olmurdu deyə, xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar qadını tək qoymurdu. Səhəri xanımını götürüb dünyanın məşhur məbədlərinə, ziyarətgahlarına apardı. Birlikdə dua etdilər, Tanrıdan övlad dilədilər. Həkim idilər deyə, anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək. Ona görə üz tutmuşdular göylərə...
Axşam saat səkkizdə gedib atasını hava limanına apardı. Özünə sabah günorta saat üçə bilet alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah onu hava limanına aparsın. Gecə səhərəcən çoxlu ağır əməliyyat edib xeyli adamın biletini əlində qoydu. Təqaüdə çıxıb günorta saat üçə yaxın evə gəldi. Gördü masada qatlanmış kağız var. Açıb oxudu. Xanımı yazmışdı ki, məni bağışla, saat üçdə hava limanında olmalı idim, səni gözləyə bilmədim...
Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs uçuş zolağı görünən yerə qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib axşam saat səkkizə aldı. Qayıdıb evini, maşını satdı, bankdakı pullarını da çıxartdı. Özünə beş-üç manat saxlayıb, qalanını “Valideyn himayəsindən məhrum olmuş uşaqlar fondu”na keçirtdi. Ödənişin qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər yaşda çoxlu oğlan və qız. Hamısının da adını bilir. Tez-tələsik bir neçəsinin adını pıçıldadı öz-özünə. Atasının, xanımının, bir də qızı olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə çıxıb uçuşan adlar. Bankdan çıxıb şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı atasının onu yellətdiyi yelləncəyə oturdu. Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri itələyib özünü göyə qaldırdı. Külək qulaqlarını batıranda sürücüdən pəncərəni bağlamağı xahiş etdi. Küçənin səsi şüşənin arxasında qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı. Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına aparan kimsəsi olmadığına təəssüfləndi. Bankın qəbzi ilə gözlərinin yaşını yığıb cibinə qoydu. Arxanı göstərən güzgüdə özünə baxdı. Xanımı ilə atası yanında oturmuşdular. Güzgüdən ona əl edib gülümsünürdülər. Eybi yox – düşündü – yola salan olmadısa da, qarşılayan olacaq. Üzünə təbəssüm qondu. Sürücünün səsini eşitdi: çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi. Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...
“MAMAM”
– Kəs o telefonun səsini, – cərrah əlcəyin qana bulaşmayan tərəfi ilə alnının tərini silib tibb bacısına çəmkirdi.
– Bu kimdir belə dar macalda? – tibb bacısı bir az aralıdakı masanın başında deyinib əlləri əsə-əsə on səkkiz yaşlı əsgərin ciblərini eşələyirdi.
Zəng ara vermirdi. Nəhayət, tapdı. Şalvarın diz cibində idi.
– Bura niyə qoyub bu evi tikilmişin balası telefonu? Demir, düşər, itər o vurhavurda?
– Nə donquldanırsan orada? Demirəm, kəs o telefonun səsini, beynimi deşdi! – cərrah bu dəfə səsini boğmadı, az qala bağıraraq dilləndi.
Tibb bacısı telefonu çıxarıb söndürmək istəyəndə haradasa yaxınlıqda top mərmisi partladı. Telefon qızın əlindən düşdü.
– Kəsəcəksən o zəhrimarın səsini, ya yox?! – cərrah gözlərini qarşısında huşsuz uzanmış zabitin qaraciyərinə sancılmış qəlpədən ayırmadan yenə çəmkirdi.
Qız tələsik telefonu yerdən götürdü. Söndürmək istəyəndə gözləri telefonun ekranına sataşdı: “MAMAM”
– İlahi! – inləyib cərraha baxdı tibb bacısı, – Aliyə xanım, anasıdır zəng edən. Necə söndürüm, axı...
– Onda aç, danış!
– Açım, nə deyim? – qız böyümüş gözlərini başı əməliyyata qarışmış cərraha zillədi.
Cərrah duruxdu, bir anlıq başını qaldırıb qıza baxdı:
– Onda səsini al, ta uzatma, – səsi titrədi qadının, gözlərindən axan yaş zabitin bağırsaqlarına damcıladı. Bu dəfə az qala dirsəyi ilə gözlərinin yaşını, alnının tərini sildi, – Hə, nə oldu? Kəssənə o səsi, əllərim sözümə baxmayacaq, belə getsə!
– Aliyə xanım, nə qədər edirəm, səsi azalmır telefonun, vallah, azalmır!
– Onda apar, at çölə. Ömrümü gödəltdin sən mənim, indi işim yarımçıq qalacaq!.. Hara gedirsən?!
– Telefonu bayıra atmağa!
– Qayıt geri, ağılsız qız. Nəyəsə bük, qoy uşağın yanına!
Tibb bacısı ağlaya-ağlaya geri qayıdıb telefonu ağ mələfəyə bükdü, yandakı masanın üstünə qoydu, ləyəndəki qanlı suyu dəyişdi, əsgərin bədənini silib təmizləyən sanitarlara pambıq, cuna verməkdə davam etdi.
– Kəsin o telefonun səsini, nə olar. Heç olmasa beş dəqiqəlik kəsin, heç olmasa bu zabitin xətrinə, – cərrah artıq ağlayırdı, – barı zəng edənin kim olduğunu deməyəydin, ay zalım qızı, indi ürəyim partlayacaq.
Yaxınlıqda dalbadal iki top mərmisi partladı. Tibb bacısı diksindi, elə bildi, cərrahın ürəyi partladı. “Aliyə xanım”, – deyə qışqırıb geri çevrilərək cərrah masasına doğru cumdu, qadının partlayışı eyninə almadan işini davam etdirdiyini görüb utandığından pörtdü, sanitarların yanına döndü.
– Qədrimi elə bilənsənsə, kəs o telefonun səsini, lütfən, kəs, daha taqətim qalmadı, – cərrah yalvarırmış kimi deyindi öz-özünə.
– Vallah, səsi alınmır telefonun, Aliyə xanım. Səbirli olaq, bəlkə, tezliklə enerjisi bitər, sönər, – tibb bacısı haldan düşmüş vəziyyətdə ləyəndəki suyu təzələdi...
Sanitarlar işi bitirdilər. Tibb bacısı cərraha səsləndi:
– Aliyə xanım, hər şey hazırdır. Bəs telefonu neyləyək?
– Qoyun sinəsinin üstünə! – cərrah zabitin yaralarını bağlamış, qanlı əlcəkləri çıxarmış, gedib açıq qapının çərçivəsinə söykənərək günlərdir o üzündə top-tüfəng səsi ara verməyən Qarabağın dağlarına baxıb ağlayırdı...
Həmin gün yük maşınında arana yollanan bayrağa bükülü tabutların birinin içindən aramsız telefon zəngi eşidilirdi: “MAMAM”.
(Bakı – 05.09.2024)
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
10-CU DƏRC
Gecikmiş görüşlər də sağalda bilir...
Onuncu hissə
Axtardığım, həyat hekayəsini dinləmək istədiyim insan qarşımda idi. Amma bu dəfə söz tapa bilməyən mən idim. Adətən belə hallar pasiyentlərimdə baş verirdi – ilk dəfə gələndə danışmağa çətinlik çəkirdilər. Bəzən həyəcanlanır, bəzən utanır, bəzən isə yaralarını yenidən xatırlamaqdan qorxurdular.
Cəsarətimi toplayıb danışmaq istəyirdim ki, Rüstəm bəy məni qabaqladı.
- Humay xanım, Əli bəy mənə sizin məni axtardığınızı deyəndə və ən əsası dediyim sözü unutmadığınızı biləndə təəccübləndim. Düzünü desəm, elə ilk tanışlığımızdan sizin əzmkar və işində məsuliyyətli bir insan olduğunuzu hiss etmişdim. Amma dəniz kənarında təsadüfən rast gəldiyiniz bir insanı unutmamağınız, onu axtarmağınız…
Başa düşürəm ki, bu, sadəcə təsadüf deyil. Əminəm ki, siz mənim yaralarımı hiss etdiyiniz üçün, mənə kömək etmək istəmisiniz. Amma düşünürəm ki, bu, yalnız işinizə olan sevginizdən irəli gəlmir. Bu, eyni zamanda mərhəmətli biri olmağınızın göstəricisidir. Əlidən bunu eşidəndə çox duyğulandım. Mənimlə heç bir qan bağı olmayan birinin, həyatımı aydınlatmağa çalışması, məni həm sevindirdi, həm də təsirləndirdi. Açığı, sizin yanınıza gəlməyi düşünürdüm, amma belə tez yox…
Onun son cümləsi məni çaşdırdı.
- Necə yəni? Yəni siz mənim psixoloq olduğumu bilirdiniz? Axı mən sizə yazıçı olduğumu demişdim…
- Düzdür, siz elə demişdiniz. Hətta həqiqəti öyrənəndə, mən, niyə bu yalanı söylədiyinizi də anlamışdım. Axı, mən əvvəlcədən demişdim ki, psixoloqlarla söhbət etməyi sevmirəm.
- Aha elədir, məhz buna görə sizə belə bir yalan danışdım. İndi qarşınızda bunun üçün utanıram. Amma sizin yaralarınızı öyrənmək, az da olsa sizə kömək etmək istəyirdim.
- Başa düşürəm, Humay xanım. Səmimiyyətinizə inanıram. Əksinə, buna görə sizə təşəkkür edirəm.
Başımı tərpədərək minnətdarlığımı bildirdim:
- Bəs, mənim psixoloq olduğumu necə öyrəndiniz?
- Açığı, bunu ilk görüşümüzdən hiss etmişdim. Sual vermə tərziniz, diqqətlə dinləməyiniz, reaksiyalarınız – bunlar sizin peşəkar olduğunuzu göstərirdi. Amma tam əmin olmaq üçün bir az da müşahidə etdim.
Mən bir anlıq düşündüm. Rüstəm bəyin sözlərində həqiqət var idi. Uzun illər insanları dinləmək, onların davranışlarını analiz etmək mənim üçün adi bir vərdişə çevrilmişdi. Artıq bu, həyatımın bir parçası idi. Qarşımda əyləşən insanın danışığından, jestlərindən hətta baxışlarından belə, daxili dünyasını hiss edə bilirdim. Amma indi dayandım və düşündüm: Görəsən, özüm də kiminsə müşahidə obyekti olmuşammı?
Onun bunu bu qədər tez anlaması məni təəccübləndirdi. Bəlkə də, illərlə başqalarını incələdiyim üçün, artıq özümü gizlətməyi öyrənmiş olduğumu düşünürdüm. Görünür bu elə də uğurlu alınmamışdı.
- Deməli, mən özümü bu qədər büruzə vermişəm? – deyə zarafatla dedim.
Rüstəm bəy də gülümsədi.
- Humay xanım, siz nə qədər gizlətməyə çalışsanız da, gözləriniz danışır. Bəzən insan, özünün də fərqinə varmadığı xırda şeylərlə ələ verilir.
Onun nə demək istədiyini yaxşı başa düşdüm. Çünki eyni şeyi mən, dəfələrlə başqaları haqqında demişdim. İnsan bəzən elə bilir ki, hər şeyi gizlədə bilər, amma gözlər… Onlar hər şeyi açıb deyir. İllərdir mən də insanları gözlərindən oxumağa öyrəşmişdim. İndi isə eyni şey mənim başıma gəlirdi.
Bu məni bir az düşündürdü. Nədənsə, bu dəfə müşahidə olunmaq mənə rahatlıq verdi.
- Yaxşı müşahidəçisiniz, Rüstəm bəy.
- Bu, bir az da risklidir. Çox insan öz şəxsi dünyasına başqasının toxunmasını istəmir. Hətta bəzən bu, onlar üçün qorxulu da, ola bilər. Çünki, insanın ən zəif tərəfləri məhz daxili dünyasında gizlənir.
- Düzdür, – başımı tərpədərək razılaşdım. – Amma bəzən insanın sağalması üçün kimsə onun dünyasına toxunmalıdır…
Seansın vaxtı çoxdan bitsə də, söhbətimiz elə axıcı idi ki, saatın necə keçdiyini hiss etmədik. Rüstəm bəy pəncərədən baxıb, havanın qaraldığını görüb dedi:
- Sizin seansınızın bitmə vaxtını çoxdan keçmişik, deyəsən.
Saata baxdım və onun haqlı olduğunu anladım. Əli bəyin seans vaxtı hələ tam başa çatmadığı üçün, Rüstəm bəylə sərbəst danışmaq fürsətimiz oldu. Ancaq növbəti görüşlərin vaxtını dəqiq müəyyənləşdirmək lazım idi. Bunun üçün onu Tavat xanıma yönləndirdim. Daha sonra Rüstəm bəy sağollaşıb getdi.
İnsan nəyi ürəkdən istəyirsə və şüur altında möhkəmləndirirsə, bir gün mütləq ona çatır. Bu gün də bunun şahidi oldum.
Həyatımıza daxil olan heç bir insan səbəbsiz deyil. Hər kəsin öz missiyası var. Rüstəm bəylə görüşüm də səbəbsiz deyildi. Ola bilsin, onun hekayəsini dinlədikcə, bu qarşılaşmanın mənim üçün əslində nə demək olduğunu daha yaxşı anlayacağam.
Qələmimi götürüb not dəftərimin səhifələrini araladım. Bəzən mən də ürəyimdəkiləri bölüşmək istəyirəm. Lakin pasiyentlərim kimi danışmaq yerinə, düşüncələrimi yazmağı üstün tuturam.
Bu, mütləq keçmişimdə iz buraxan hadisələr haqqında olmalı deyil. İnsanlarla söhbət etdikcə, onların dünyasını daha dərindən kəşf etdikcə, haqlarında ümumi bir təsəvvür formalaşdırıram. Bir-biri ilə zəncirvarı bağlılığı olan pasiyentlərimlə apardığım söhbətlər mənə bir həqiqəti daha aydın göstərdi.
İnsan cəmiyyətdə öz yerini tapmalı və doğru bir həyat yaşamaq üçün, ilk növbədə, kim olduğunu dərk etməlidir.
Bir qadının öz kimliyini tapması, xüsusən cəmiyyətin təsiri altında olan bir mühitdə, çətin, amma dəyərli bir prosesdir. Öncəliklə özünü tanımalıdır. Özü ilə dürüst söhbətlər etməli, güclü və zəif tərəflərini, dəyərlərini, inanclarını araşdırmalıdır.
Sual verməlidir: “Mən nəyi sevirəm? Hansı dəyərlər mənim üçün vacibdir?”
Daha sonra, cəmiyyətin gözləntilərini kənara qoyaraq öz arzularına və məqsədlərinə fokuslanmalıdır. Başqalarının fikirlərinə görə deyil, öz istəklərinə görə qərarlar verməyə çalışmalıdır. Öz dəyərlərinə uyğun olan sahələrdə fəaliyyət göstərməli, özünə uyğun maraq dairələri taparaq şəxsi inkişafınıza dəstək olmalıdır. Bu minvalla özünü inkişaf etdirərək biliklərini artıra bilər. Yeni məlumatlar əldə etmək, dünyagörüşünü genişləndirir və seçimləri daha aydın görmək imkanı verir.
Özünü tanımaq və daxili travmalarını həll etmək üçün bir psixoloqdan dəstək almaq da faydalı ola bilər. Daxili sakitlik və balans əldə etmək, kimliyi tapma yolunda mühüm addımdır. İnkişafına töhfə verən və dəstəkləyən insanlarların əhatəsində olunmalı, dəyərlərini sorğulayan insanlardan uzaq durmağa çalışılmalıdır. Xəyallara doğru kiçik addımlarla getmək, öz kimliyinə daha yaxın edəcək.
Hər kəs tərəfindən anlaşılmaya bilər, amma əsl kimliyiniz sizi daha xoşbəxt edəcək. Buna görə də, hər zaman özünüz olmaqdan çəkinməyin. Cəmiyyət, müxtəlif rollar və qaydalar təyin edə bilər, amma unutmamalıyıq ki, kim olduğumuzu yalnız özümüz müəyyən edə bilərik.
Bir kişinin isə öz kimliyini tapması, qadınlar üçün olduğu kimi, dərin və şəxsi bir prosesdir. Cəmiyyətin yaratdığı gözləntilər və stereotiplər kişinin əsl kimliyini dərk etməsini çətinləşdirə bilər.
Cəmiyyət bəzən kişilərdən sərt, duyğusuz, yalnız təminatçı olmağı “tələb” edir. Amma əslində kişi də hiss edir, incinir, dəstəyə ehtiyac duyur.
Kişilər, özünə həqiqətən mənalı gələn işlə məşğul olmalıdır. Kimlik axtarışında duyğularını ifadə etməkdən qorxmamalıdır – kədər, sevinc, qorxu və ümidlər insanı insan edən əsas hislərdir.
Bəzən cəmiyyət və ailə kişidən müəyyən şəkildə davranmağı tələb edir. Amma əgər bu narahat edirsə və kimliyinə ziddirsə, onu sorğulamaqdan çəkinməməlidir. Əsl kimlik bəzən uşaqlıq arzularında gizlənmiş ola bilər. Cəmiyyətin, “bu sənə uyğun deyil” deməyinə baxmayaraq, özünə sadiq qalınmalıdır. Kimi sevəcəyinə, necə yaşayacağına, hansı dəyərlərə sahib olacağına yalnız özü qərar verməlidir.
Əslində, kişi və qadın kimliyini tapmaq baxımından çox oxşardır. Fərq ondadır ki, cəmiyyət kişidən “güclü və sərt” olmağı gözləyir. Amma əsl güc özünü olduğu kimi qəbul edib, cəmiyyətin qəliblərindən qorxmamaqdadır.
(İyunun 3-də sizlərə 11-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Tələbə yaradıcılığı – NDU-dan Aytac Quliyevanın essesi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün söz Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi Aytac Quliyevanındır. O, sizlərə “Həyat həssas qəlblər üçün cəhənnəmdir” adlı essesini təqdim edir.
AYTAC QULİYEVA
“HƏYAT HƏSSAS QƏLBLƏR ÜÇÜN CƏHƏNNƏMDİR”
Bəzən insana elə gəlir ki, dünya çox böyükdür. Küçələr, şəhərlər, insanlar… Hamısı bir-birinə qarışıb. Amma illər keçdikcə anlayırsan ki, dünya əslində çox balaca bir yerdir. Çünki hara gedirsənsə get, insanların içində eyni soyuqluq yaşayır. Sadəcə üzlər dəyişir, ağrılar yox.
İnsanlar qəribədir. Sən onların bir “necəsən?” sualına saatlarla sevindiyin halda, onlar sənin susqunluğunu günlərlə görməməzlikdən gələ bilir. Sən birinin səsinin tonundakı yorğunluğu hiss edib gecə yata bilmirsən, amma onlar sənin gözünün içində ölən bir şeyi görüb yenə mövzunu dəyişirlər. Və zamanla anlayırsan ki, bu dünyada ən ağır şey tək qalmaq deyil. Ən ağır şey yanlış insanların yanında özünü tənha hiss etməkdir.
Bir vaxtlar insanlara inanırdıq. Elə bilirdik ki, kiminsə qəlbi bizimki kimi ola bilər. Elə bilirdik ki, hamı gecələr öz vicdanı ilə danışır. Sonra böyüdük. Və böyümək dedikləri şeyin əslində yavaş-yavaş çirklənmək olduğunu gördük.
Bir insan sənə ən gözəl sözləri deyib, eyni anda səni ən dərin yerindən yaralaya bilərmiş. İnsan həm “yanındayam” deyib, həm də səni ən çətin günündə tək qoya bilərmiş. Ən pisi də odur ki, bunu edəndən sonra həyatlarına heç nə olmamış kimi davam edə bilirlər. Sanki birinin içini dağıtmaq onlar üçün stəkanı yerə salmaq qədər adi bir şeydir.
Biz isə fərqliydik. Hər şeyi çox düşündük. “Birdən qəlbi qırılar” deyə susduq. “Birdən pis olar” deyə özümüzdən keçdik. Öz ehtiyaclarımızı boğazımızda düyün edib başqalarının rahatlığına çevirdik. İnsanların içindəki qaranlığı görməmək üçün gözümüzü yumduq. Çünki qəbul etmək istəmirdik… Bəzi insanlar doğrudan da sevgini bilmir.
Bu dünya ən çox yaxşı insanları yorur. Çünki onlar həyatı ağılla yox, ürəklə yaşayırlar. Ürəklə yaşamaq isə bu dövrdə silahsız döyüşə girmək kimidir. Sən kiminsə dərdinə görə gecəni səhərə qədər oyaq qala bilərsən, amma həmin insan sənin yoxluğunu bir həftəyə unuda bilər. Bax, insanı məhv edən şey də budur -sevginin qarşılıqsız qalması yox, səmimiyyətin ucuz adamlarda israf olması.
Zaman keçdikcə içində qəribə bir soyuma başlayır. Artıq heç kimə əvvəlki kimi bağlana bilmirsən. Çünki bilirsən ki, insanlar dəyişmir, sadəcə əvvəl gizlətdiklərini sonra göstərirlər. Hər kəsin içində bir eqo, bir vecsizlik, bir qəddarlıq yatır. Sadəcə şərait lazımdır ortaya çıxması üçün.
Ən qəribəsi də odur ki, bu dünyada ən çox sevən insanlar ən çox aldanan insanlar olur. Çünki onlar hər kəsi özləri kimi bilir. Öz qəlblərində xəyanət olmadığı üçün başqasının da edə biləcəyinə inanmırlar. Sonra bir gün gəlir, ən güvəndikləri insanın belə yadlaşdığını görürlər. Bax o an insanın içində bir şey qırılır. Və o qırılan şey bir daha əvvəlki kimi olmur.
İnsanlar sevgini də yanlış anlayıb. Çoxu sevmir əslində. Sadəcə tək qalmaqdan qorxur. Ona görə “səni sevirəm” deyirlər. Çünki bəzi insanlar üçün sevgi bir liman deyil, sadəcə boşluqlarını dolduracaq bir vasitədir. Sən onları həyatının mərkəzinə qoyursan, onlar isə səni darıxanda açdığı bir mahnı kimi istifadə edir.
Sonra bir gün aynaya baxırsan və özünü tanımırsan. Bir vaxtlar içində dünyaları daşıyan o insan gedib. Yerində isə hər şeyə gec reaksiya verən, heç nəyə tam sevinə bilməyən biri qalıb. Çünki insan çox incidikdən sonra artıq hiss etməyə də yorulur.
Və həyat sənə ən acı şeyi öyrədir: İnsanları xilas etməyə çalışdıqca, özünü itirirsən.
Sən kimlərinsə yarasını sarımaq üçün öz əllərini qanatdın. Kimlərinsə getməməsi üçün özündən vaz keçdin. Kimlərinsə səni anlaması üçün özünü didib tökdün. Amma sonunda başa düşdün ki, insanlar ən çox özlərini sevirlər. Sən onlar üçün gecələr ağlayanda, onlar bəlkə də rahat yata bilirdilər.
Nə qəribədir… İnsan bir vaxtlar uğrunda öldüyü şeylərdən sonra sağ qalmağa davam edir.
Amma əvvəlki insan kimi yox. Daha səssiz. Daha yorğun. Daha inamsız.
Və bəlkə də böyümək dedikləri şey budur: İnsanların sevgisizliyinə alışmaq. Onların vecsizliyini normal qəbul etmək. Və bir gün heç kimə içini tam açmamağı öyrənmək…
Çünki bu dünyada bəzi qapılar var — bir dəfə yanlış insanın üzünə açdınsa, ömrünün qalan hissəsi içəri dolan soyuğu qovmaqla keçəcək.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
“1 şair, 1 şeir”də Əfrahim Abbas və "Özüməm" qəzəli...
İlqar İsmayılzadə,
“Ədəbiyyat və incəsənət”
"Ədəbiyyat və incəsənət” portalının “1 şair, 1 şeir” rubrikasında bu gün Əfrahim Abbasın "Özüməm” adlı qəzəli təqdim edilir.
Əfrahim Abbas Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, veteran pedaqoq, yazıçı-publisist və şairdir.
ƏFRAHİM ABBAS,
ÖZÜMƏM
Düşüb eşqin toruna, göz yaşı ümman özüməm,
Çəkərək həsrətini, dərdlərə mehman özüməm.
Çəkdi, bayquş kimi hicran, məni viranələrə,
Yıxılan eşq sarayı, dünyası viran özüməm.
Dağıdıb mən vüsalın şölə saçan tonqalını,
Kül ilə oynayıram, gör necə, peşman özüməm.
Kimdi Məcnun, öyünə, verməyə eşq dərsi mənə?
Cismi ruhsuz yaşayan, ruhu laməkan özüməm.
Yoxdu eşq dünyası məntək dağılan, fani olan
Gəzmə məndən kənara, ey gözü giryan, özüməm.
Dalğası qoynuna aldı, böyük eşqin qayığın,
Dəryada arzuları qərq olan insan özüməm.
Az-az aşiq tapılar, canı verə yarı üçün,
Mən fəda eyləmişəm, bir belə qurban özüməm.
Bu ürək örnəyidir, eşqidə divanələrin,
Yüz belə dərdkeş ola, dərdlərə sultan özüməm.
Əfrahim, çoxdu yazan, qan ilə eşq dastanını,
Çox demə, lovğalanıb, təkcə qəzəlxan özüməm.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Onu yaman tutub şeir havası…
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Şair Ramiz Qusarçaylı çağdaş Azərbaycan poeziyasında milli yaddaşın, bayraq təəssübünün, vətənkeşlik duyğusunun təsirli poetik daşıyıcılarından biridir. Onun “Azərbaycan bayrağı” şeiri müstəqillik illərimizin bayraq himni kimi səslənmiş, dərs vəsaitlərinə düşmüş, sonrakı illərdə “Vətən” və “Zəfər” poetik xətti ilə bütöv bir milli-poetik salnaməyə çevrilmişdir.
Hətta, onun ünvanına “Bayraq şairi”ni ilk dəfə, bu sətirlərin yazarı, 2012-ci ildə Qubada demiş olmalı… Həmin vaxt “Teleqraf”a müsahibə verən şairin üzləşdiyi “Sizin təxəllüsünüz Qusarçaylıdır, özünüz Qubada doğulmusuz, bəs Qudyalçay sizdən inciməzmi?” kimi “xoş çətin sual”ın meydana çıxmasında da fikir payımız vardır.
Qusarçaylı ilə Qoşalının qiyabi tanışlığı daha öncəki illərə dayansa da, ~20 ilə yaxındır doğmalığımız, dostluq-qardaşlığımız vardır. Nə yaxşı vardır!
Bəli, ünlü “Azərbaycan bayrağı” şeirində şair bayrağı “İstiqlalın əbədiyyət sancağı”, “and yeri”, “iman yeri” kimi tanıdır; o, Şuşada bayrağın qonduğu daşı “pir” sayacağını söyləyirdi. Bax, bu misralar, haqlı olaraq sonradan Zəfər poeziyasına keçidin mənəvi başlanğıcı kimi görünür.
Yeni kitab – “İki gül” isə – Ramiz Qusarçaylının poetik dünyasında iki ana xətti birləşdirir: biri Vətən, tarix, bayraq, Zəfər xətti; digəri isə təbiət, sevgi, muğam, saz, kənd yaddaşı və insanın iç aləmi...
Bu kitabda şairin Vətən anlayışı coğrafi sınırları aşaraq, taleyin özünə çevrilir.
“Öz göyüm var, öz mələyim,
Öz xəttim var, öz lələyim…” –
-misralarında Vətən həm göy, həm yazı, həm məzar, həm də mənlik kimi görünür – elə deyilmi? –Yəni şairin xəyalı öz göyündə, öz qanadında uçub… Ardınca gələn
“Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı…”
misraları isə fərdi ağrını milli məsuliyyətə çevirir. Bu baxımdan, Ramiz Qusarçaylıda vətəncanlılıq bir varlıq biçimidir; şair Vətəni yazmır, Vətənin içindən danışır, Vətəni könlündən keçirir, Vətənini köksündə bəsləyir.
Şairin
“Səni Şuşa-Şuşa qaytardım, Vətən,
Qarabağ-Qarabağ qaytardım səni”
misraları artıq Zəfərdən sonrakı Azərbaycan insanının mənəvi hesabatı kimi gəldi mənə...
“İki gül”ün kulturoloji dəyəri ondadır ki, Ramiz Qusarçaylı milli kimliyi yalnız siyasi qavram olaraq poetikləşdirmir, onu dil, muğam, saz, təbiət, kənd, dağ, bulaq, gül, balaban, segah, təcnis və qoşma yaddaşı ilə birlikdə təqdim edir. “Yastı balaban”, “Yetim Segah”, “Mahur-hindi”, “Şəddi-Şahnaz”, “Bəstənigar” kimi şeirlərdə muğam adları xalq ruhunun səs yaddaşı təsiri bağışlayır. Örnək versək,
“Muğam Rəbbin səs rəngidi,
Səs də ruhun ahəngidi”
misraları bu baxımdan kitabın estetik açarlarından biri sayıla bilər.
“İki gül”də təbiət də, necə deyərlər, dekorasiya kimi çıxış etmir; o, şairin mənəvi özkeçmişidir. “Gəl oxuyaq saz dilində”, “Gilanar”, “Yaşıl”, “Gül, adam belə”, Tovuzun eyniadlı kəndinə ismarladığı “Qandallar” kimi şeirlərdə təbiət insanın iç səsi ilə danışır. Dağ, çay, gül, bənövşə, bulaq, yağış, qaya… – hamısı Ramiz Qusarçaylı poeziyasında milli duyğunun canlı elementləridir. Şair torpağı (və ayağı bu torpaqda, başı ağ buludda olan hər doğma təbiət hadisəsini…) ana dili kimi eşidir, duyur, dinləyir və şeirə çevirir.
“İki gül”ün, qərənfilin və xarıbülbülün dialoqunun – can ətri alış-verişinin fəlsəfi mərkəzində iki böyük duyğu dayanır: gözəllik və məsuliyyət. Gözəllik və məsuliyyət bir cümlədə və ilk baxışda qəribəmi görsənir? – Əslində, dərində belə deyil. Gözəllik – gülün, sazın, muğamın, təbiətin, sevginin, məsuliyyət isə bayrağın, şəhidin, Vətənin, tarix qarşısında cavabdehliyin içindədir. Ona görə “İki gül” bir poetik toplu olmaq etibarıyla, çağdaş Azərbaycan insanının ruh xəritəsidir: bir gül yaddaşdır, bir gül ümiddir; bir gül Vətənin şəhid nəfəsidir, bir gül Zəfərdən sonra açan sabahdır.
Beləliklə, Ramiz Qusarçaylı poeziyasında bayraq göydə dalğalanan rəmz olmaqdan çıxır, insanın vicdanında dalğalanan mənəvi ölçü-ülgüyə çevrilir.
“…Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı...
Hər adi ölçüyə, ülgüyə gəlsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!” –
-Vaxtilə Məmməd Araz Xudu Məmmədova ünvanladığı şeirdə belə deyirdi…
Bəli, mənəvi ölçü-ülgüyə çevrilmədən danışırdıq.
“İki gül” bu ölçünün yeni kitab halıdır – Vətənin, sözün, sazın, muğamın və Azərbaycan ruhunun iki ləçəkli, amma çoxqatlı poetik çiçəyi…
Ramiz Qusarçaylı poeziyasında Vətən insanın ruh yaddaşı, yığvalı və mənəvi kimliyidir.
Ramiz Qusarçaylı poeziyasında Şuşa qutsal estetik məkandır:
“Hər daşın üstündə şəhid nəfəsi,
Hər daşın altında şəhid qanı var.” –
Bu misralar eynən “Şəhidlər ölmədi, Vətən bölünmədi!” aydınlığıdır. Şuşa burada həm tarixdir, həm vicdan, həm də milli yaddaşın metafizik ünvanı…
Ramiz Qusarçaylının təbiət şeirləri sanki milli ruhun ekologiyasıdır:
“Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.”
və ya:
“Şəhərin zərində üzən lək kimi
Düzəsən sətrinə gül adlarını…”
Bu poetik örnəklərdə təbiət və söz arasında mistik bağlılıq yaranır. Gül artıq botanikadan çıxır, poetikanın yaddaşına əkilir... Musa Yaqubda, Zəlimxan Yaqubda olduğu kimi. – Budur, Qusarçaylı hər iki Yaqubun ruhunu şad edir:
Tənha bir çiçəyin yuxusu şehli,
Şehli yuxulardan keçirəm mən də.
Nəmli yovşanların qoxusu şehli,
Yovşan qoxusunu içirəm mən də…
Kitabın ən maraqlı kulturoloji qatlarından biri isə bu sətirlərin yazarına da xas (və çox doğma!) Turan duyğusudur. “Saxalar-Yakutlar” şeirində Ramiz Qusarçaylı çağdaş Türk dünyasını poetik coğrafiya kimi düşünür:
“Mənə gəl-gəl deyir Turan elləri,
Səsləyir Saxalar – Yakutlar məni.”
Burada Turan romantik şüar təsiri bağışlamır; Turan – dillərin, coğrafiyaların, yaddaşların ruh birliyidir.
Beləcə, “İki gül” Azərbaycan ruhunun poetik xəritəsidir. Bayraqdan başlayan yol burada muğama, Şuşaya, Turana, bulağa, segaha, şəhid nəfəsinə, gül qoxusuna qədər uzanır. Ramiz Qusarçaylı isə bu yolun həm şairi, həm yolçusu, həm də sazlı salnaməçisidir… Nə yaxşı, belədir!
“Məni yaman tutub şeir havası,
Göyləri qanımla silməyim gəlir.
Davam gül davası, çiçək davası
Düşüb bir çəmənə ölməyim gəlir…”
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Argentinada Beynəlxalq Yazıçılar İşçi Qrupunun Azərbaycan üzrə səfiri təyin edilib
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində növbəti mühüm uğur əldə olunub. Azərbaycanlı yazıçı, publisist və ədəbiyyatşünas alim Prof.Dr. Təranə Turan Rəhimli Argentinada fəaliyyət göstərən Beynəlxalq Yazıçılar İşçi Qrupunun (Grupo Internacional de Trabajo de Escritores) Azərbaycan üzrə səfiri təyin edilib.
Bizimlə söhbətində Təranə xanım qeyd etdi ki, təyinat haqqında qərar təşkilatın direktoru və təsisçisi, beynəlxalq mədəniyyət layihələrinin rəhbəri, Prof.Dr. Mirta Liliana Ramirez tərəfindən imzalanmış sertifikatla rəsmiləşdirilib. Sertifikata əsasən, Təranə Turan Rəhimli Beynəlxalq Yazıçılar İşçi Qrupunun Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərəcək, təşkilatın həyata keçirdiyi beynəlxalq layihələri ölkəmizdə təmsil və təşviq edəcək.
Sənəddə qeyd olunur ki, yeni səfirə Argentinadan idarə olunan layihələr üzərində müstəqil işləmək, onları Azərbaycanda tətbiq etmək və inkişaf etdirmək səlahiyyəti verilib. Eyni zamanda, o, təşkilatın “Birgə Məktublar Üçün” layihəsi çərçivəsində fəaliyyət göstərən 71 saylı Baş Qərargahın rəhbəri kimi də çalışacaq.
Beynəlxalq Yazıçılar İşçi Qrupu dünyanın müxtəlif ölkələrindən yazıçıları, şairləri, rəssamları və digər mədəniyyət nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Təşkilatın əsas məqsədləri sırasında dünya yazarları və sənətçiləri arasında əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və qlobal mədəni mühitin formalaşdırılmasına töhfə vermək dayanır.
Səfirlik sertifikatında təşkilatın fəaliyyət istiqamətləri də öz əksini tapıb. Buraya dünya yazıçı və sənətçilərinin ümumi rifahı naminə çalışmaq, bütün layihələrdə pulsuz iştirak, redaktə və yayım prinsiplərini qorumaq, yeni mədəniyyət nümayəndələrinin yetişdirilməsini dəstəkləmək, beynəlxalq əməkdaşlıq mühitini genişləndirmək və daha savadlı qlobal cəmiyyətin formalaşmasına töhfə vermək kimi məqsədlər daxildir.
Bu təyinat Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələrinin genişlənməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Təranə Turan Rəhimlinin yeni vəzifəsi ölkəmizin ədəbi və mədəni potensialının beynəlxalq müstəvidə daha geniş tanıdılmasına, Azərbaycan yazarlarının xarici ölkələrdə təbliğinə və beynəlxalq ədəbi əməkdaşlığın güclənməsinə yeni imkanlar yaradacaq.
Təranə Turan Rəhimli ona göstərilən yüksək etimada görə Beynəlxalq Yazıçılar İşçi Qrupunun sədri, professor Mirta Liliana Ramirezə təşəkkürünü bildirib və bu məsuliyyətli missiyanın Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına xidmət edəcəyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Yazıçılar İşçi Qrupu Argentinanın Çako əyalətində fəaliyyət göstərir və müxtəlif beynəlxalq ədəbi, mədəni və maarifləndirici layihələr vasitəsilə dünyanın fərqli ölkələrindən olan müəllifləri və sənət adamlarını ortaq platformada birləşdirir. Bu platformada Azərbaycanın təmsil olunması ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Ağdam kollecində keçirilən unudulmaz görüş
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu günlərdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin akt zalında"İmarət" İntellektual Klubunun təşkilatçılığı və GİKM Qarabağ Regional nümayəndəliyinin dəstəyi ilə Azərbaycanın tanınmış detektiv yazıçısı Elxan Elatlı ilə gəncləringörüşü keçirilib.
Müstəqilliyimizin tarixi əhəmiyyətinə və işıqlı gələcəyin rəmzi olan savadlı gəncliyin roluna həsr olunmuş tədbirdə ədəbiyyat, mütaliə və məntiqi təfəkkürün insan formalaşmasındakı müstəsna yeri barədə səmimi dialoq qurulub. Tələbələrin böyük coşqusu ilə qarşılanan yazıçıöz yaradıcılıq sirlərini, əsərlərinin pərdəarxası məqamlarını bölüşüb və gənclərin suallarını cavablandıraraq onların intellektual potensialını yüksək qiymətləndirib.
Kollecin ictimai-mədəni həyatında mühüm iz qoyan və böyük maraq doğuran bu yaddaqalan görüş gənclərin mənəvi dünyasının zənginləşməsinə xidmət edən kitab imzalanması və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd edilib
1 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş rəngarəng və yaddaqalan bayram tədbiri keçirilib. Uşaqların sevinc və gülüş dolu anlar yaşadığı tədbir onların yaradıcılıq qabiliyyətlərinin inkişafına, mütaliəyə maraqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə “Kaspi” liseyinin şagirdləri və “Fidan-2” uşaq bağçasının məktəbəqədər yaşlı uşaqları iştirak ediblər. Bayram proqramının xüsusi qonaqları uşaqların sevimli yazarları Gülzar İbrahimova və Elvira Məmmədova olublar. Müəlliflər xeyirxahlıq, dostluq, mərhəmət və humanist dəyərləri aşılayan, uşaqların təxəyyülünü və xəyal dünyasını zənginləşdirən yeni nağıllarını balaca oxuculara təqdim ediblər. Uşaqlar yazıçıların səsləndirdiyi nağılları böyük maraq və diqqətlə dinləyərək müəlliflərlə səmimi ünsiyyət qurublar.
Bayram tədbiri çərçivəsində kitabxana əməkdaşları tərəfindən maraqlı master-klas da təşkil olunub. Yaradıcılıq məşğələsində iştirak edən uşaqlar müxtəlif material və rəngarəng kağızlardan istifadə edərək əl işləri hazırlayıb, öz bacarıq və fantaziyalarını nümayiş etdiriblər. Təlim xarakterli məşğələlər uşaqların həm yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də praktik bacarıqlarının inkişafına müsbət təsir göstərib.
Tədbirin sonunda balaca qonaqlara kitabxana tərəfindən “Göy qurşağı” uşaq jurnalı və müxtəlif məzmunlu nağıl kitabları hədiyyə olunub. Hədiyyələr uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanıb.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların mənəvi inkişafına dəstək olmaq, onların mütaliəyə marağını artırmaq, kitab və oxu mədəniyyətini təbliğ etmək, eyni zamanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini diqqətə çatdırmaq olub. Səmimi və xoş ovqatda keçən tədbir iştirakçıların yaddaşında unudulmaz təəssüratlar yaradıb, uşaqların kitaba və mütaliəyə olan sevgisinin daha da güclənməsinə töhfə verib.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “Bir bayraq altında doğulan Azadlıq” adlı biblioqrafik e-yaddaş hazırlanaraq istifadəçilərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron resurs Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixi, qəbul olunması ilə bağlı mühüm dövlət sənədləri, eləcə də milli bayrağımızın keçdiyi tarixi inkişaf yolu haqqında dolğun məlumatları özündə əks etdirir. Vəsaitdə dövlət rəmzlərimizin mahiyyəti və əhəmiyyəti barədə görkəmli dövlət xadimlərinin, elm adamlarının, ədəbiyyat və mədəniyyət nümayəndələrinin dəyərli fikirlərinə də yer verilib.
Biblioqrafik yaddaşın hazırlanması zamanı 35 adda kitab, 165 adda dövri mətbuat materialı, həmçinin müxtəlif elmi və publisistik mənbələr araşdırılıb. Aparılmış geniş biblioqrafik təhlil nəticəsində formalaşdırılan resurs tədqiqatçılar, kitabxana mütəxəssisləri, müəllimlər, tələbələr və mövzu ilə maraqlanan bütün oxucular üçün etibarlı informasiya mənbəyi kimi nəzərdə tutulub.
“Bir bayraq altında doğulan Azadlıq” biblioqrafik yaddaşının hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi keçmişini, milli-mənəvi dəyərlər sistemində tutduğu mühüm yeri və dövlətçilik ənənələrimizdəki rolunu geniş oxucu auditoriyasına çatdırmaqdır. Eyni zamanda, resursun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli rəmzlərimizə hörmət hissinin gücləndirilməsinə və dövlətçilik tariximiz barədə məlumatlılığının artırılmasına töhfə verəcəyi nəzərdə tutulur.
Biblioqrafik yaddaş ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


