Super User
Bu gün Xalq artisti Nəriman Əzimovun 90 illiyidir
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Uzun sürən ürək çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat etdi və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edildi... Azərbaycan musiqi mədəniyyətində daha çox dirijor, bəstəkar və xalq çalğı alətləri orkestrinin rəhbəri kimi tanınan, yüzlərlə mahnı və musiqi əsərinin müəllifi olan böyük sənətkar dünyaya gözünü açdığı Gəncədə də əbədi torpağa tapşırıldı...
Dəfn mərasimində tanınmış tenor Ramil Qasımov Nəriman Əzimovu "Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan böyük sənətkar" kimi xarakterizə etdi. O, həmçinin vurğuladı ki, Nəriman Əzimov yüzlərlə mahnı və musiqi əsərinin müəllifi olub.
Fikrət Verdiyev isə bildirdi ki, uzun illər Nəriman Əzimovla dostluq edib. Verdiyevin sözlərinə görə, Nəriman Əzimov qırx ildən artıq müddətdə Üzeyir Hacıbəyli məktəbinin ənənələrini davam etdirib, Gəncənin mədəni həyatında mühüm rol oynayıb və burada musiqi kollektivlərinin formalaşmasına böyük töhfə verib.
Anım gecəsində çıxış edən sənət adamları və musiqi xadimləri onu Azərbaycan xalq çalğı alətləri orkestr sənətinin görkəmli nümayəndələrindən biri, milli musiqinin böyük təbliğatçısı kimi dəyərləndirdilər.
Bu günsə böyük sənətkarın doğum günü – anadan olmasının 90 illiyidir.
Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirib. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr edib.
Nəriman Əzimov Azərbaycan Teleradiosunun Xor kollektivində xormeyster işləyib. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Həmçinin AzTV QSC səs rejissoru işləmişdir. N.Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanıb.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- Azərbaycan Respublikasının Xalq artisti
- 7 noyabr 2016-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
“Az tanınanlar”dan Ziyadxan Cəbrayılov
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınanlar” rubrikasında bu gün sizlərə bir kino və teatr xadimi, rejissor, aktyor barədə danışacağam. Cəbrayılov Ziyadxan Azad oğlu barədə.
Ziyadxan Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. Oranı bitirər-bitirməz Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləməyə başlayıb. Bu, 1973-cü ildə baş verib..
1975-ci ildən Ziyadxan Cəbrayılov Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışıb. 1977-ci ildə ali təhsil almaq qeydinə qalaraq İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. 1985-ci ildə "İrs" folklor ansamblında aktyor kimi fəaliyyətə başlayıb.
Onun istedadını tam olaraq üzə çıxaran isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı olub. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək kimi obrazları özünəməxsuz ustalıqla oynayıb.
Aktyorun kino fəaliyyəti də olub.
Filmoqrafiya
- Oyun
- Yeni həyat
- Balqabaq
- 3 bacı (rol: Ağırı döyən kişi)
- Qayınanamız
46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyor heç bir fəxri ad verilməyib.
Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat edib və doğulduğu Şamaxı rayonunda dəfn olunub.
Mən bilmirəm, Şamaxıda xalq teatrı varmı. Barı onlar aktyorun adını yaşadaydılar...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Redaksiyanın poçtundan – Gürcüstandan dürlü-dürlü şeirlər
İBRAHİMXƏLİL TAMIYEV,
“BU KƏNDİN ADINI DƏYİŞDİRDİLƏR...”
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasından təqdim edəcəyimiz növbəti məktub bizə Gürcüstandan gəlibdir. İbrahimxəlil Tamıyev öz şeirlərini göndəribdir. Klassik ədəbiyyatımızın gözəlliyi ilə çağdaş modern poeziyanın müdrikliyinin miksindən ibarət bu şeirləri bəyənəcəyinizə əminliyimiz böyükdür.
Ulu Borçalı elinə salamlar göndərir və şeirləri diqqətinizə çatdırırıq.
DİLBƏR DODAQLARI HAQQINDA DASTAN
İstanbulda –
canım İstanbulda
“Titanik”dən tanıdığım Keyt Vinsletin
22 yaşındakı puçurlu-cazibəli görünüşünə
çox bənzəyən bir xanımdan
hələ adını tanımadığım
bir şirniyyat növünün
adını
və qiymətini soruşdum.
və adını tanımadığımdan
əlimlə göstərdim
Osmanlı mətbəxinə aid
türü-növü
şərbətli-dadlı olan
şirniyyatı.
– Bəy əfəndi, – dedi, –
“Titanik”dən tanıdığım Keyt Vinsletin
22 yaşındakı puçurlu-cazibəli görünüşünə
çox bənzəyən bu xanım,
dodaqlarını ballı çaya toxundururmuş kimi –
bəy əfəndi, bu “dilbər dodağı”dır;
paxlava xəmirindən yoğrulan, -dedi.
Və incə əlləri ilə
bir ayrı şirniyyatı da göstərdi:
– Bu isə “xanım göbəyi” adlanır.
Və utana-utana gələn alıcıya döndü ədəblə;
“Titanik”dən tanıdığın Keyt Vinsletin
22 yaşındakı cazibəli-puçurlu görünüşünə
çox bənzəyən bu xanım...
...sonra çıxırsan Şirniyyat Evinin
hələ hər hüzndən uzaq həyətindəki kiçik bağa;
və görürsən Tanrı
iki ən şehli tumurcuğu
ən yaşıl budağa verib.
Sonra görürsən şair qəlbində
həmqafiyə adı altında
misralar dodaq-dodağa verib...
İBRAHİMXƏLİL XANIN ŞEŞPƏRİ
Üstü nəbati naxışlı,
qızıl ilməli şeşpərim!
Bir Qarabağ amanatı,
Dövlət simvolu şeşpərim!
Gürzüm, əmudum, toppuzum,
yağı gözünü qıranım!
Qoruğumu yamanlardan
yaxşı-yaxşı qoruyanım!
Qalxsın Xan qızı Natəvan,
yerisin Araza sarı.
Çiçəklədik qar içindən,
yollarımız – yaza sarı!
Çıxıb Tarix muzeyindən
məcbur hərbə qoşulanım!
Heç dostlar da gözləmirdi –
təzdən doğum, yaşıllanım!
Orda salxım söyüdlər də
daha sevincdən ağlayar.
Səni tutan əllərimdə
göyərçinlər balalayar!
...Üstü nəbati naxışlı,
qızıl ilməli şeşpərim!
Bir Qarabağ amanatı,
Dövlət simvolu şeşpərim!
BORÇALI QARABAĞNAMƏSİ
Nə bir poçt qutusu, nə bir poçtalyon,
bilir könüllərin lilparı səni.
Sən elə naməsən – eşq muncuq-muncuq;
elə badi-səba aparır səni!
Namələr naməsi Qarabağnamə! –
budur, ovsun tutur yüz bir həyəcan!..
Səni birinci kəz Araz oxuyub? –
canın “Azərbaycan” sözündəki can!..
Namələr naməsi Qarabağnamə! –
daha şər vaxtına şeirin qalmamış!
Hətta ilk məhəbbət məktubu belə,
vallahi, bu qədər şirin olmamış!..
***
Nizami Paşa Saraclıya
Bu kəndin adını dəyişdirdilər...
...bu kəndin adında “sarac” varıydı,
bu kəndin adında “turac” varıydı...
...bir qulac saçıydı – Bağdaddan gələn.
Saraclı Söyünün qəlyanı kimi:
dumanla, çiskinlə əzabın qoşa.
Şüşələr üstündə... Şuşadan uzaq
dağlara nə yazaq, Nizami Paşa?..
Nə yazaq Gəncəli Nizamiyə biz? –
yazaqmı dəsti-xətt dərdimiz nədi?
Ustadlar: adını unutma! – deyib...
...unutma, unutma – adımız nədi!
Bu kəndin adında “sarac” varıydı,
bu kəndin adında “turac” varıydı...
SƏNƏ BAXMAQ
Sənə kitabdan baxıram...
...bax – qara daxmalı yerlər.
Bağlayıblar hər tərəfi;
bağlanıb baxmalı yerlər.
Sənə kitabdan baxıram,
ayan olsun duyanlara.
Dünya ki bir Kitab idi –
katiblərdən o yanlara!
Baxıram şam işığında,
dərdlər günə sərilməmiş.
“Kitabları – tonqallara!”
əmri hələ verilməmiş...
Bağlanıb baxmalı yerlər,
baxımlı ağlama, nolar.
Sənə kitabdan baxıram,
kitabı bağlama, nolar!
Rüzgarların çatdırdığı
nədi sürgündən, yatabdan?
Sənə kitabdan baxıran –
sizdə qadağan kitabdan.
Bütün ötən əsrlərtək
bizim əsr də ötüşər.
Hər dəfə də mənə – səndən,
sənə – kitabdan od düşər...
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Bir "Zərrə"dən min yerə: Gənc şair Mustafa Məhərrəmov oxucularla görüşür
Nail Zeyniyev,
“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi
Ədəbiyyat və incəsənət portalımızın əziz oxucuları, bu gün sizinlə xüsusi bir paylaşım etmək istəyirəm. Tanıdığım, ədəbi mühitimizin ümidverici gənc simalarından biri olan şair Mustafa Məhərrəmovun ilk şeir və qəzəllər kitabı "Zərrə" artıq oxucuların ixtiyarındadır.
Mustafa 2007-ci il may ayının 15-də Neftçala rayonunun Aşağı Surra kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kəndin Şəhid Zabil Əsgərov adına tam orta məktəbində alıb. Hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi sürücülüyü fakültəsində "Dəniz naviqasiyası mühəndisliyi" ixtisası üzrə II kurs tələbəsidir.
Şeirə olan marağı məktəb illərindən — cəmi 12-13 yaşlarından başlayıb. Təbiətin gözəlliklərindən ilhamlanaraq qələmə aldığı ilk misralar, zamanla əsl yaradıcılıq eşqinə çevrilib. Mustafa üçün poeziya sadəcə sözlər deyil; gördükləri, yaşadıqları və ilahi bir vergi sayəsində qəlbindən kağıza köçən duyğulardır. Öz qəzəlindəki misralar bunu çox gözəl ifadə edir.
"İlahi vergidir gəlib düşüb damarda qanıma,
Nə cür yazıb-yaratmayım bu söz hopubsa canıma."
2025-ci il dekabrın 18-də isə Mustafanın ədəbi həyatında əlamətdar bir an yaşandı. O, Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən "Poeziyada Sən" Respublika şeir müsabiqəsində I yerə layiq görüldü. Bu uğur onun üçün böyük bir motivasiya oldu və yaradıcılığına yeni güc qatdı.
Məktəb illərindən bu yana qəlbinə süzülən misraları topladığı ilk kitabı "Zərrə" bu gün oxucularla görüşür. Sevindirici olan odur ki, kitabın oxuculara çatdırılması ilə bağlı bütün proseslərdə Mustafa birbaşa özü iştirak edir.
Gənc şairimizə yaradıcılıq yolunda uğurlar arzulayır, "Zərrə" kitabını oxucularımıza ürəkdən tövsiyə edirik.
Gənc müəllifin kitabını əldə etmək istəyənlər birbaşa əlaqə saxlaya bilərlər; 0504598902
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
“Yaman küsüb incimişəm, nədir verib, almadığın?” - Kölgə
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Ədəbiyyata duyduğu sevgi və fərqli düşüncə tərzi ilə seçilən gənc qələm sahiblərini tanıtmaq hər zaman xüsusi önəm daşıyır. Bu gün sizə yaradıcılığı ilə diqqət çəkən daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
Kölgə (Alıyeva Bəsdi Məzahir) 4 yanvar 1995-ci ildə Tovuz rayonunda anadan olub.
Ali təhsillidir - Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi fakültəsinin, eyni adlı ixtisasını bitirib (2012-2016).
Yaradıcılığına 11 yaşında şeirlər yazmaqla başlayıb və daha sonra özünü təkmilləşdirib. Hal - hazırda üç kitabı mövcuddur:
1) "Ölənlə Ölünmür" romanı
2) "QələmimdəSən" esse və şeirlər toplusu.
3) "Balaca" romanı.
Çox yaxında yeni şeir kitabı işıq üzü görəcək.
İncimişəm səndən, Həyat!
İncimişəm səndən, Həyat!
Nədir sənin mənlə dərdin?
Bir dənə dərd, bəs deyil ki,
Hamsını önümə sərdin?
Çox qırılıbqəlbim səndən
Sankibaşqa bir işin yox.
Pis günlərdə yanımdasan,
Xoş günlərdəgəlişin yox.
Yaman küsüb incimişəm,
Nədir veribalmadığın?
Bəs deyilmi xoşbəxtliklə
Məni yada salmadığın?
İnciməyim, neyləyim bəs?
Varam, yoxam nə fərqi var?
Heç yadına düşmürəm də,
Düşəndə də, ancaq qubar.
Axı niyə inciməyim?
Ürəyimi qovurursan.
Küləyin heç dayanmayır,
Sağa-sola sovurursan.
İncimişəm, səndən Həyat!
Sanki sənə yükəm, çoxam.
Bax, beləcə davam eylə,
Elə bil ki, daha yoxam.
Unudacağam!
Sən elə bilmə ki, unudulmazsan
Səni gülə - gülə unudacağam!
Ehtimal olsa da qayıtmağına,
Yenə bilə - bilə unudacağam!
Nə qədər olsan da xəyallarımda
Ağlımda, fikrimdə, gümanlarımda
Hər gecə yuxumda, röyalarımda
Sənə gələ-gələ unudacağam!
Yada salmayacam, köhnə illəri
Səninlə yaşanan, nələr-nələri
Səndən geri qalan nişanələri
Hər gün silə-silə unudacağam!
Çox çətin olacaq bilirəm bunu
Amma ki, tapacam, mən bir yolunu
Sözümü deyəcəm tutub qolunu:
- "Səni elə-belə unudacağam!"
Nə qədər sevsəm də səni dəlicə
Dolsan da ruhuma lap əməllicə
Qoymaram, sirr qala, ola gizlicə
Salıb dildən-dilə unudacağam!
Dəli-divanə
Dəyişən mən deyil, sən oldun, gülüm,
Mən həmin ürəkdə, həmin candayam.
Axtarsan, arasan, yerimi sorsan,
Mən həmin nömrədə, o ünvandayam.
Getdiyin zaman da çıxıb yadımdan,
Baxmıram o keçən, aya, ilə də.
Qayıtsan, bəlkə də bağışlayaram,
Mən sənin eşqinlə, koram hələ də.
Sənə yarmı deyim, yaramı deyim?
Yarımı almısan, yarımcanam mən.
Dönüşü olmayan yarın yolunu
Səbrlə gözləyən o insanam mən.
İstəyən qınasın, istəyən gülsün,
Mən onun eşqindən, dəli-divanə.
Əvvəllər şeir də oxumazdım heç
İndi şeir yazıram, mən şairanə.
Çox sevmək adamı edirmiş dəli,
Ürəyi zəbt edib, cana dolurmuş.
Hekayə sanırdım, hər oxuyanda,
Sən demə çox sevən - Məcnun olurmuş.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Biri ikisində - Aybəniz Əliyarın özüylə söhbəti və şeirləri
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Aybəniz Əliyarın özüylə söhbəti və şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Aybəniz ƏLİYAR
özüylə söhbəti...
AY danışır
(sevgi, xəyal və susqun davam edən bir həyatın hekayəsi)
Ağrıdan sonra ümiddən danışmaq insanın içində bir pəncərə açmaq kimidir. Ümid qəribə bir şeydir. Bəzən insanın heç nəyi qalmır – nə gücü, nə də səbri. Amma yenə də içində balaca bir işıq qalır. O işıq ümiddir.
Ümid bəzən belə olur: qaranlıq gecədə səhərin gələcəyini bilmək.
İnsanın yenə də yaxşı insanlara rast gələcəyinə inanmaq.
Ürək qırılsa belə, yenə də sevginin mümkün olduğuna inanmaq.
Mən şair olduğum üçün bunu, bəlkə, daha yaxşı hiss edirəm:
Ümid çox vaxt səssiz olur, amma insanı ayaqda saxlayan elə odur.
Şeir və hisslər – İnsan niyə yazır? Hisslər haradan gəlir? Bəzən şeir insanı xilas edir, yoxsa daha da həssas edir?
Kaş kilər və taleyin yolu – Həyatda “kaş ki”lər olmasaydı, insan yenə də eyni insan olardımı?
Dünya və insanlar – Niyə müharibələr olur, niyə insanlar bir-birini incidir, halbuki hamı, sadəcə, sakit yaşamaq istəyir?
İnsanın içindəki ikinci səs – Bəzən insan özünə ən doğru sualları verən yeganə varlıqdır. Özünə sual verərdim: “Sən, həqiqətən, kim olmaq istəyirsən?”
Ümid – Hər şeyə baxmayaraq, insan niyə yenə də ümid edir?
İnsan qəlbinin ən dərin yerində gizlənən söz hansıdır ki, hələ heç kim onu yazmayıb?
Əgər sən özünlə söhbət etsəydin, özünə hansı sualı verərdin?
Əgər cavabını artıq bilirsənsə, o sualı özünə verməyin çox da mənası yoxdur. Amma bəzən insan cavabını bildiyini düşündüyü sualları da yenə özünə verir. Çünki cavab dəyişmiş ola bilər. İnsan dəyişmiş ola bilər.
Ya da cavab eyni qalsa belə, onu yenidən demək insanı sakitləşdirir.
Şairlərdə isə bu daha çox olur. Bəzən şair sualı cavab üçün yox, hissin səsini eşitmək üçün verir. Bu dəfə içindəki hisslərin səsi sənə hansı hekayəni danışacaq, bir dinləsənə...
***
Şəhərin kənarında köhnə bir ev var idi. O evin pəncərələri həmişə açıq qalardı. Sanki içəridə yaşayan qadın hər an kiminsə gələcəyini gözləyirdi.
Onun adı indi çox az adamın yadında qalmışdı. Bir zamanlar şeir yazardı, məktublar yazardı, uzun-uzadı dəftərlər doldurardı. Amma zaman keçdikcə insanlar onun adını unutdu, yazdıqları isə saralmış kağızların içində qaldı.
O qadın gəncliyini bir sözə qurban vermişdi: Xəyal.
Bu, bəlkə də, bir insanın adı idi. Bəlkə də, yox.
Amma o qadın hər dəfə həmin sözü deyəndə sanki bir adamı çağırırdı.
– Xəyal...
Bu söz onun dilində dua kimi səslənirdi.
Gənc vaxtlarında o, sevginin insanı xilas etdiyinə inanırdı. Bir gün gələcək, qapı döyüləcək, illərlə gözlədiyi adam qarşısında dayanacaqdı.
O illər keçdi.
Ümid əvvəlcə səsli idi. Sonra pıçıltıya çevrildi. Sonda isə susdu.
Qadın bir gün başa düşdü ki, Xəyal, bəlkə də, heç vaxt gəlməyəcək.
Amma qəribədir – o sevgini ürəyindən çıxarmağa da qıymadı.
O sevgini öldürmədi. Sadəcə, içində basdırdı. İnsanlar onu görüb deyirdilər:
– Çox sakit qadındır. – Heç kim bilmirdi ki, o sakitliyin altında bütöv bir gənclik yatır. Bir qadının ən işıqlı illəri, ən saf ümidləri xəyala çevrilib. Bəzən axşamlar o qadın pəncərənin qarşısında oturur, uzağa baxırdı. İndi o artıq heç kimi gözləmirdi. Amma gözləri yenə də yollarda qalırdı. Bəlkə də, bu, vərdiş idi.
Bəlkə də, sevginin son forması. Bir dəfə köhnə dəftərlərindən birini açdı. Orada cavan qızın yazdığı cümlələr vardı: "Bir gün Xəyal gələcək".
Qadın uzun-uzadı o cümləyə baxdı. Sonra qələmi götürüb aşağısına bir söz yazdı: "Gəlmədi". Amma dəftəri bağlayanda qəribə bir şey oldu. Onun üzündə kədər yox idi. Çünki insan bəzən başa düşür ki, bəzi sevgilər yaşanmaq üçün yox, insanı dəyişmək üçün gəlir. O qadın artıq əvvəlki qız deyildi.
Sevgi onu yandırmışdı, amma eyni zamanda böyütmüşdü. İndi o yaşayırdı. Sakit, ağır, amma dözümlü. İçində bir qəbir vardı – orada Xəyal yatırdı. Amma həmin qəbrin üstündə bir ağac bitmişdi. O ağacın adı isə Həyat idi.
“Xəyal…Uzaqdan Sevilən Adam”
Mən indi bunu sakitcə deyə bilirəm.
Vaxt var idi, bu sözləri demək üçün insanın içi parçalanmalı idi.
Mən onu uzaqdan sevmişəm. Sevgim onun özünə yox, onun uzaqdan görünən kölgəsinə idi. Mən o kölgənin içinə öz xəyallarımı doldurmuşdum. Mən onun yerinə düşünürdüm. Mən onun yerinə hiss edirdim. Mən onun içində olmayan dünyanı öz içimdən ona verirdim. O isə… sadəcə, yaşayırdı.
Bəzən bir insanı yaxından tanıyanda sanki bir evə girirsən. Qapını açırsan, otaqları gəzirsən və birdən anlayırsan ki, ev demək olar ki, boşdur.
Mən də bir gün o evin içində dayandım. Divarlar vardı. Amma həyat yox idi.
O an başa düşdüm ki, mən bir insanı yox, öz xəyalımı sevmişəm.
Xəyal… Adı nə qədər doğru imiş.
Mən onu yenə də uzaqdan xatırlaya bilirəm.
Çünki bəzi adamlar yaxınlıq üçün deyil, uzaqdan sevilmək üçün yaranır.
...və şeirləri
KƏND ADAMLARI
Mövsümlər ötüşər, fəsillər dönər,
Çaylar aşıb-daşar, sellər sevinər.
Zümzümə üstündə bulaqlar dinər,
Gülər gözlərindən kənd adamları.
Bənövşə boyunlu kənd qızlarına,
Elçilər tez düşər, bu da bir adət.
Cehiz tədarükü eyləyər ana,
İsməti ən gözəl cehizdir, əlbət.
Sevgisinə inan, qəlbinə sığın,
Hissinə həmdəm ol, qoynunda qarı,
Kəndin təmizliyin, kəndin saflığın,
Daşıyar üstündə kənd oğulları.
Payızda köç edən quşlar da bir gün,
Dönər yuvasına bir yaz səhəri.
Bəzəyər kənd evin yenə toy-düyün,
Artar obaların barı-bəhəri.
Nənələr anaya, analar qıza,
Cehiz eyləyərlər həyanı, arı.
Oğullar düşməni gətirər dizə,
Dönər al bayrağa ata vüqarı.
***
Yenə ürəyimi çəkib tarıma,
Asıram divardan şəkil əvəzi.
Divarlar tab etmir duyğularıma,
Bir yerdə asılıb qalmaqdan bezir.
Bu şəhər hamını yuxuya verib,
Mən təzə gəlmişəm, təzə elçiyəm.
Məni bu şəhərə Tanrı göndərib,
Sözün elçisiyəm, sözə elçiyəm.
Ayağım altından yer qaçar olub,
Hər şey var əlimin qabarlarında.
Əlimdən ürək də çar-naçar olub,
Dağılır üstümə divarlarım da.
Zülmətə minvallı yola düzəldim,
Gecə mənim ilə durubdu qəsdə.
Gözümün acısın almağa gəldim,
Başım bu şəhərin dizinin üstə.
Dərdim söz göyərdir, hər an bir buğum,
Ruhum pillə-pillə göyə yüksəlir.
Mənim dərvişanə yuxusuzluğum,
Deyəsən, gecənin xoşuna gəlir.
***
İnsan çox sevəndə duyğusallaşır,
Qəlbində güc artır, gözlərində nur.
Sevinci sayrışan ulduzlar kimi,
Uçub yanağına, üzünə qonur.
Ürəyi fəth edir ağlını yenə,
Fikrinin ümmanı dupduru olur.
Ruhu dönüşdükcə can fitilinə,
Bədəni bir isti mumdan yoğrulur.
İnsan çox sevəndə, lap çox sevəndə
Sanki gerçək olur ruhuna daman.
Döyülən qapıya, çalınan zəngə
Bir ayrı duyğusal olur o zaman.
Məhəbbət – əlçatmaz bir xəyal indi,
Onun xiffətiylə iç-içə döyün.
Məhəbbət – hardasa rast gəldiyindi,
Hardasa yanından ötüb keçdiyin.
Ömrün hər fəslinə tuş gələ bilər,
Baharda gələrsə, nə xoş halına.
Çəmənlər, çiçəklər üzünə gülər,
Quşlar nəğməsini səpər yoluna.
Payızda gələrsə, ürkər, duruxar,
Gecikmiş qonaqdı, qisməti yarı.
Sevməsə darıxar, sevsə darıxar,
Kaşki aşa bilsə "daş divarları".
Ruh ayrı, can ayrı, bədən ayrı yük,
Yükü daşıyana qismətdi sevgi.
Bəzən birgəliyə sevgi deyirik,
Bəzən çəkdiyimiz həsrətdi sevgi.
Bəzən təntənədi, bəzən qınaqdı,
Bəzən çağrılmamış qəfil qonaqdı.
Nə zaman gələrsə, açıqdı qapım,
Nə zaman gələrsə, qapım açıqdı.
***
Mən xoşbəxt imişəm, sən də bəxtəvər,
Dünyanı qolboyun yaşayırmışıq.
Sanki bu dünyaya Günəş hər səhər
Bizim ruhumuzdan doğurmuş işıq.
Yaşıldan yaşıldı, göydən göy idi,
Bəyazdan bəyazdı, sarıdan sarı.
Dünya axı onda belə deyildi,
Dünya qoruyurdu yaşanmışları.
Hər günün bir ətri, bir rəngi vardı,
Nurda islanırdı tül pərvanələr.
Dünyanın nə gözəl ahəngi vardı,
Tükənməz deyildi hər kəs bu qədər.
Bir gün çiçək idi, bir gün gül idi,
Ətri cənnət kimi bihuşdarıydı.
Dünya axı onda belə deyildi,
Dünyada sevgidən hər şey varıydı.
Dağ idi, ələnib ətək oldumu?
Ağacdı, budanıb kötük oldumu?
Belə deyil idi,
deyildi belə...
***
Mən ölsəm, karıxma, özünü tox tut,
Baharla gələnəm, payızla gedən.
Mənli günlərini əlbəəl unut,
San ki, bu dünyada olmamışam mən.
Bax, həyat gözündən ötüb keçməsin,
Pəncərəndə budaq, budaqda sərçə.
Qoy hamı “buz imiş, daş imiş" desin,
Gözlərinə qurban, ağlama bircə.
Yandır qalaq-qalaq şeirlərimi,
Yandırsan, bilirəm, dünya isinər.
Xatırla həmişə bu bir deyimi,
"Hər insan öləndə bir ulduz sönər".
Ağlın nə deyərsə, çıxma sözündən,
Darıxsan, sevgilim, göy üzünə bax.
Bir ulduz sönəcək göyün üzündə,
Demək ki, itirən göylər olacaq.
***
Məni tək buraxmaz indi bu payız,
Yağan yağışların yar edər mənə.
Ruhum qara qələm, könlüm ağ kağız,
Dünyanı yenə də dar edər mənə.
Xəyal düzəltmişəm uzaq kölgədən,
Bu qədər tənhayam, təkəm, bir düşün.
Əridər qəlbimin buzun, bəlkə də,
Nə bilmək olar ki, taleyin işin.
Ağac da yaşayır yarpaq çəkəni,
Canından, qanından yoğrulmuş məgər.
Bilirəm, bu payız tək qoymaz məni,
İlham ağacımın yarpağın döyər.
İndi xatirən də yadigar kimi,
Salıb itirmişəm bilib-bilmədən.
İçimdə bir dolu bulud var kimi,
Dünyada tək-tənha dolanıram mən.
***
İnsafa gəlmədim, dinə gəlmədim,
Bəlkə, inanmırdım peşiman ollam.
Necə qazanmışdım səni, bilmədim,
İndi itirmişəm, yanıb-yaxıllam.
Özünü qərq etdi sükuta keçmiş,
Sanki vaxtdan kənar fırlanırıq biz.
Demə, xəbərsizəm, atəşkəs imiş,
Demə, dala qalıb müharibəmiz.
Sən də boynuna al, bilmirsən düzün,
Daha aramızda sərhədlər yanıb.
Əlimdəki silah döndərib üzün,
İndi sənə deyil, mənə tuşlanıb.
Nə qədər günah var, boynuma mindir,
İtirən mənəmsə, günahkar da mən.
Axtarsam, tapmaram, bilirəm indi,
Axtarsan, bəlkə sən tapa bilərsən.
***
Ömrümə yolları eylədim kəmər,
Sevgidən pay umdum, arzudan nəmər.
Hələ nəfəsi tər, ağzı südəmər
Bir eşqi özümə yoldaş götürdüm.
Mənlə iməklədi, böyüdü mənlə,
Gəldi yaz ömrümə güllə, çəmənlə.
Getdi payızımda saçımda dənlə,
Yerinə bir qucaq xəzan gətirdim.
Bu dərdi adlaya bilmədim yenə,
Dizini qatlaya bilmədim yenə,
Tapıb arıtlaya bilmədim yenə,
Qəmin ürəyimə salıb itirdim.
Sevgi bitməsə də, ömür bitərmiş,
Qalanı-qalmazı ağır kədərmiş.
Bu ömür, demək ki, bura qədərmiş,
Eşqi bitirdimsə, ömrü bitirdim.
İNFARKT SAATI
Bəzən bir an çəkir, bəzən bir ömür,
Dinməzcə əlləşir canıyla insan.
Bəzən diri-diri hisslərin gömür,
Bəzən də ölümə can verir asan.
Sükutla sınayar susan səbrini,
Səbir ağla yemdir, ürəyə təpər.
Yaş ötər, ötdükcə bir köpük kimi,
Bu ölüm qorxusu şişər, böyüyər.
Şişirdər ürəyi belə çək-çevir,
Ürəyin hər gecə qurar bir divan.
Hər kəs toparlanar bir sayaq, bir cür,
Narahat qalarsan doğmalarından.
Zəngli saatların dünyaya asi,
Susdurar özündə əbədi nə var.
Üç balan – üç yorğun pişik balası,
Gecənin bağrını cırmaqlayarlar.
Düşünə bilməzsən, nə baş verər, nə?
Qızların ağlının ucundan keçər.
Biri darağını çəkər telinə,
Biri paltarından qoxunu içər.
Üzülüb qırılar, qalar yarıda,
Tanrı yazdığıdır... belə yozular.
Oğlunun əsgərlik məktubları da,
"Ana" kəlməsindən məhrum yazılar.
***
Vətən, bir bu balanı gör,
Daş olum, al qalana hör.
Mənə tapılmasa bir yer,
Öldüm, ya qaldım, fərqi yox...
Sevirəm, dilimdə deyil...
Sevməmək əlimdə deyil.
Gözlərim zülümdə deyil,
Boşaldı, doldu, fərqiyox...
Dərdinibilə bilmədim,
Bir çarə qılabilmədim.
Şəhidinolabilmədim,
Şahidinoldum, fərqiyox...
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Qurbanlıq qoyun, depuatatın corabı və uşaq bayramı
Sərtyel,
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu bələdçisi
QURBANLIQ QOYUN
Ondan başlayaq ki, Qurban bayramında dörd nəfərə atışıb münasib qiymətə bir qoyun aldıq, hərəmizə 940 qram ət düşdü.
ELAN
Bakı küçələri üçün ən uyğun nəqliyyat vasitəsi lodkadır. Nə qədər ki, işbazlar qiymətləri qalldırmayıblar, almağa tələsin!
DEPUTAT NARAZILIQ EDİR
Milli Məclisin məşhur deputatı bu dəfə süni intellekti kəskin tənqid etdi. O, növbəti iclasda bildirib ki, bu səhər parlamentə gələndə nə illah eləyib, corablarını tapa bilməyib. Axırda onların yerini chat gpt-dən soruşub. Lakin süni intellekt corbların yerini deyə bilməyib.
Deputatın fikrincə, “bu cür tupoy aparat bizim dövlətimizə lazım deyildir”.
UŞAQPULU MƏSƏLƏSİ
Günay Ağamalı, Mir Şahin və Tolik uşaqpulu tələb edənlərə qarşı keçirdikləri söyüş və təhqir kompaniyasını daha geniş müstəviyə keçirmək, daha kreativ vəziyyətə çatdırmaq üçün müsabiqə elan ediblər. Məsələn, uşaqpulu istəməyin siyasi, iqtisadi, sosial, dini, mədəni və fiziki fəsadları barədə ən yaxşı esse yazan şəxsə xüsusi mükafatlar vəd olunur.
DİALOQ
-Sevgilim, kartda yenə pul yoxdur.
-Mələyim, mən axı ora səhər-səhər pul yükləmişəm.
-Eh, bəs sən bilmirsən bu bahar günləri çox uzun olur?
EYNŞTEYN YAZAN
2018-ci ildə Qüdsün Yəhudi Universiteti Eynşteynin 80000 səhifəlik arxivini üzə çıxarıb. Orada dahi çəxs yazıb: “Gözəl qızla keçən bir saat 1 dəqiqə kimi gəlir. İsti plitədə keçən bir dəqiqə isə əbədiyyət kimi görünür. Bu da sizin üçün nisbilik nəzəriyyəsi”.
ZƏMANƏ ADAMI OLUN
Hər zəmanənin adamı onun trendlərinə əməl edəndir. Bu günün trendlərinə görə, ən aktual şeylər nədir? Tik-tok, şərab dükanları, apteklər. Odur ki, zəmanə adamı olmaq üçün siz tik-tokdakı cinsi bəlli olmayanlara baxıb onlara şir atmalı, alkoqolun küpünə girməli və ovuc-ovuc dərman qəbul etməlisiniz.
P.S.
Az qala yadımdan çıxmışdı, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlarınızı mütləq pis vərdişlərdən – kitab oxumaqdan, ictimai nəqliyyatda böyüklərə yer verməkdən, insanlara təəssübkeşlikdən uzaq tutaraq müdafiə edin.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Bayramların birləşdirdiyi dəyərlər
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Yaz fəsli insanların ruhuna qəribə bir yüngüllük gətirir. Günəşin daha uzun görünməsi, məktəblərin bağlanması, küçələrdə uşaqların səsinin çoxalması, insanların bayram hazırlıqları ilə məşğul olması cəmiyyətə başqa bir nəfəs verir. Elə bu günlərdə ard-arda gələn xüsusi tarixlər də insanı düşünməyə vadar edir: Qurban bayramı, Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü. İlk baxışda fərqli məna daşıyan bu günlərin ortaq bir nöqtəsi var — insanlıq.
Bayramlar sadəcə təqvimdə qeyd olunan tarixlər deyil. Onlar bir xalqın yaddaşı, mənəviyyatı və gələcəyə baxışıdır. Hər bayram cəmiyyətə müəyyən bir mesaj verir. Qurban bayramı paylaşmağı, mərhəməti və ehtiyacı olanı unutmamağı xatırladırsa, Müstəqillik Günü azadlığın təsadüf olmadığını, böyük fədakarlıqlar hesabına qorunduğunu yada salır. Uşaqların Beynəlxalq Müdafiəsi Günü isə bütün bu dəyərlərin kimə miras qalacağını düşünməyə məcbur edir.
Qurban bayramının əsas mənası təkcə dini ayinlərlə məhdudlaşmır. Bu bayram insanın öz nəfsinə qalib gəlməsi, başqasının ağrısını hiss etməsi və paylaşmağı bacarması deməkdir. Müasir dövrdə texnologiya inkişaf etsə də, insanların bir-birinə qarşı mənəvi məsuliyyəti daha vacib məsələyə çevrilib. Çünki güclü cəmiyyət yalnız iqtisadi göstəricilərlə deyil, insanların bir-birinə münasibəti ilə ölçülür. Ehtiyac sahibinin qapısını döymək, bir uşağın üzündə təbəssüm yaratmaq, yaşlı bir insanı unutmamaq bəzən ən böyük ibadət qədər qiymətli olur.
Müstəqillik isə yalnız siyasi anlayış deyil. O, milli kimlik, dil, mədəniyyət və gələcək üzərində qurulan böyük məsuliyyətdir. Azad yaşamaq istəyən hər xalq əvvəlcə öz mənəvi dayaqlarını qorumağı bacarmalıdır. Çünki dövlət yalnız sərhədlərlə yaşamır; onu ayaqda saxlayan əsas qüvvə vətəndaşların düşüncəsi, milli yaddaşı və mənəvi birliyidir. Bu səbəbdən müstəqillik günü təkcə bayraq və rəsmi tədbirlərdən ibarət olmamalıdır. O gün insan öz-özünə sual verməlidir: “Mən bu ölkənin gələcəyi üçün nə edirəm?”
Bu sualın cavabı isə bizi uşaqlara gətirib çıxarır. Çünki gələcək haqqında danışarkən uşaqları unutmaq mümkün deyil. Uşaqlar bir ölkənin sabahıdır. Onların necə böyüməsi cəmiyyətin gələcək simasını müəyyənləşdirir. Əgər bir cəmiyyət uşaqlara yalnız bayram günlərində diqqət göstərirsə, bu yetərli deyil. Uşağın təhlükəsizliyi, təhsili, mənəvi inkişafı və sağlam mühiti gündəlik məsuliyyətə çevrilməlidir.
Bu gün dünyanın bir çox yerində uşaqlar müharibənin, yoxsulluğun və laqeydliyin qurbanına çevrilir. Halbuki uşağın qorxusuz böyüməsi ən böyük humanist dəyər hesab olunmalıdır. Kitab oxuyan, musiqi dinləyən, ana dilində düzgün danışan, öz tarixini tanıyan bir uşaq gələcəkdə cəmiyyət üçün daha faydalı vətəndaşa çevrilir. Ona görə də uşaqları qorumaq yalnız onları təhlükədən uzaq saxlamaq deyil; onların ruhunu, düşüncəsini və milli yaddaşını da qorumaqdır.
Yaz fəslində küçələrdən gələn uşaq səsləri insana həyatın davam etdiyini xatırladır. Bəlkə də bütün bayramların ən böyük ortaq cəhəti budur — insanı həyata bağlamaq. Bayramlar insanları bir süfrə ətrafında birləşdirir, onları bir-birinə yaxınlaşdırır və unutduqları dəyərləri yenidən xatırladır. Mərhəmət olmayan yerdə bayramın ruhu yaşaya bilməz. Azadlıq olmayan yerdə insan özünü təhlükəsiz hiss etməz. Uşaqların gülüşü olmayan cəmiyyət isə gələcəyini itirmiş sayılar.
Cəmiyyətin gücü bəzən böyük binalarla, texnologiya ilə və ya iqtisadi rəqəmlərlə ölçülür. Halbuki bir xalqın həqiqi gücü onun vicdanında gizlənir. İnsanların bir-birinə dayaq olduğu, uşaqların qorunduğu, milli dəyərlərin yaşadıldığı ölkələr daha möhkəm olur. Çünki belə cəmiyyətlərdə yalnız bu gün deyil, gələcək də düşünülür.
Bəlkə də bu yazın bizə ən böyük mesajı məhz budur: mərhəməti unutma, azadlığın dəyərini bil və gələcəyi qorumağı bacar. Çünki gələcək yalnız sabah deyil — bu gün böyüyən uşaqların gözlərində yaşayır.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Türk xalqlarında mədəni inteqrasiya və UNESCO irs siyahısına daxil olan elementlər -SİYAHI
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalın ilə birgə layihəsində bugünkü mövzumuz “Türk xalqlarında mədəni inteqrasiya və UNESCO irs siyahısına daxil olan elementlər”dir.
Türk xalqları minilliklər boyu geniş coğrafiyada – Orta Asiyadan Anadoluya, Qafqazdan Sibirə qədər uzanan ərazilərdə yaşamış, bu məkanlarda özünəməxsus, amma bir-birinə yaxın olan mədəniyyətlər formalaşdırmışdır. Tarix, din, dillə bağlı oxşarlıqlar, eyni həyat tərzi və adət-ənənələr bu xalqlar arasında mədəni inteqrasiyanın təbii şəkildə formalaşmasına səbəb olmuşdur.
Mədəni inteqrasiya dedikdə, fərqli dövlətlərdə yaşayan, lakin ortaq etnik-mədəni köklərə sahib toplumların bir-biri ilə mədəni baxımdan yaxınlaşması, bənzər adətlərin, sənət növlərinin və dəyərlərin paylaşılması nəzərdə tutulur. Türk xalqlarında bu inteqrasiya, xüsusilə folklor, musiqi, dini və dünyəvi bayramlar, dil və sənət sahələrində özünü daha qabarıq şəkildə göstərir.
Türk xalqları arasında inteqrasiyanın ən güclü təzahürlərindən biri şifahi xalq ədəbiyyatı sahəsində müşahidə olunur. Məsələn, “Dədə Qorqud” dastanı təkcə Azərbaycan türklərinə deyil, eyni zamanda Türkiyə, Qazaxıstan və Türkmənistan türklərinə də mənsub sayılır. Dastandakı obrazlar, motivlər və əxlaqi qaydalar bütün Türk coğrafiyasında ortaq anlayışlarla üst-üstə düşür.
Bundan başqa, Novruz bayramı da Türk dünyasının demək olar ki, bütün xalqlarında qeyd olunan qədim və ortaq bir bayramdır. Baharın gəlişi, təbiətin oyanması, ailə və icma daxilindəki münasibətlərin yenilənməsi ideyaları Türk xalqlarının dünya görüşünün ümumi köklərindən xəbər verir.
Bir çox Türk xalqlarına aid olan mədəni dəyərlər beynəlxalq səviyyədə də tanınmış və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu siyahıya daxil olan elementlər, həmin dəyərlərin sadəcə milli deyil, həm də bəşəri irsin bir hissəsi kimi qəbul edildiyini göstərir.
UNESCO siyahısında yer alan bəzi ortaq Türk irsi nümunələri aşağıdakılardır:
- Dədə Qorqud irsi – Azərbaycan, Türkiyə və Türkmənistan tərəfindən birgə təqdim olunmuşdur. Bu dastan qəhrəmanlıq, ailə dəyərləri, şifahi ənənənin ötürülməsi kimi universal dəyərləri özündə birləşdirir.
- Novruz bayramı – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə tərəfindən təqdim olunmuş ortaq bayram ənənəsidir. Onlar bu bayramı yaşatmaqla keçmişi və gələcəyi birləşdirən mədəni körpü qururlar.
- Aşıq və ozan sənəti – Bu sənət növü musiqi, poeziya və hekayətçiliyin vəhdətidir. Hem aşıqlar, həm də ozanlar müxtəlif Türk xalqlarında eyni vəzifəni – xalqın yaddaşını qoruyan və ötürən rolunu oynayırlar.
- Xalçaçılıq – Qafqazdan Orta Asiyaya qədər geniş coğrafiyada ortaq naxış və texnikalara rast gəlmək mümkündür. Xüsusilə simvolik motivlər – həyat ağacı, qoç buynuzu, su və günəş işarələri – xalqlar arasında estetik və mənəvi bağlılığı sübut edir.
- Yurt və köçəri mədəniyyət – Qırğızıstan, Qazaxıstan və Türkmənistan kimi ölkələrdə yurt ənənəsi hələ də simvolik mənaya malikdir. Bu yaşayış forması Türk xalqlarının tarixdəki həyat tərzinin əyani təzahürüdür.
Son illərdə Türk Dövlətləri Təşkilatı və ona bağlı mədəni qurumlar (məsələn, Türksoy) vasitəsilə mədəni inteqrasiyanı gücləndirmək üçün ciddi addımlar atılır. Ortak mədəniyyət günləri, festivallar, sənətkar mübadiləsi və folklor konfransları bu inteqrasiyanı daha da möhkəmləndirir.
UNESCO çərçivəsində bu əməkdaşlıq daha rəsmi səviyyədə baş tutur. Mədəni irsin birgə təqdim edilməsi, ortaq nominasiya sənədlərinin hazırlanması və eyni dəyərlərin bir neçə ölkə tərəfindən sahiblənilməsi Türk xalqları arasında qarşılıqlı etimad və mədəni həmrəyliyin artmasına xidmət edir.
Türk xalqları arasında mədəni inteqrasiya tarixdən gələn ortaq köklərə əsaslansa da, bu proses bu gün də davam etməkdədir. UNESCO-nun irs siyahısına daxil olan elementlər yalnız bir xalqın deyil, ümumi bir mədəni coğrafiyanın zənginliyini əks etdirir. Bu inteqrasiya, təkcə mədəniyyət sahəsində deyil, gələcəkdə təhsil, turizm və diplomatiya sahələrində də ortaq uğurlara zəmin yarada bilər. Mədəniyyət vasitəsilə formalaşan bu birlik, Türk dünyasının qlobal səviyyədə daha güclü və koordinasiyalı çıxış etməsinə imkan verir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Son məktub - ESSE
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan bəzən elə anlara çatır ki, söz danışıq vasitəsi olmur, sadəcə izə, zamandan qalmışa çevrilir. Həmin anda yazılan bir neçə cümlə, nə ədəbiyyat, nə də məktubun klassik formasıdır. O, sadəcə “son”un özüdür. Bəlkə də buna görə son məktublar oxunanda insanın ürəyində qəribə bir ağırlıq yaranır. Elə bil ki, kiminsə həyatına gecikmiş şahidlik edirsən, peşmançılıq da yaxanı buraxmır.
Hər zaman insanlar vidanı müxtəlif formalarda ifadə edib: bəziləri susub, bəziləri baxışla, bəziləri isə kağızla. Amma kağızın üstünlüyü həmişə eyni qalıb. Belə ki, o, insanın səsini ölümündən sonra da saxlaya bilir. Bir neçə cümləyə sığan bir ömür, bəzən bütöv bir həyatın yerini tutur.
Əslində “son məktub” anlayışı sadəcə romantik və ya ədəbi bir mövzu deyil. Sosial şəbəkələrdə psixoloqlar bunu insanın “bağlanma ehtiyacı” ilə izah edirlər. İnsan ölümün yaxınlığını hiss etdikdə içində iki güclü istək yaranır: getmədən əvvəl bağlamaq və getdikdən sonra qalmaq. Yəni sevdiklərinə vidalaşmaq, eyni zamanda yaddaşlarda yaşamağa davam etmək. Buna görə də son məktub sadəcə vida deyil, həm də bir növ özünü qoruma cəhdidir.
Tarixdə bunun çox kədərli nümunələri var. Titanik faciəsi zamanı bəzi sərnişinlər yaxınlarına məktublar yazmışdı. O məktubların çoxu heç vaxt ünvanına çatmadı. Amma illər sonra tapıldıqda artıq onlar bir ailənin şəxsi xatirəsi yox, insanlığın dərdinə çevrilmişdi. Kağız üzərində yazılmış sadə bir “narahat olma” cümləsi belə, əslində ölüm qorxusu ilə ümid arasında qalan bir insanın son sığınacağı idi.
Müharibə tarixində isə son məktublar daha sərt və incidicidir. Birinci Dünya Müharibəsi dövründə səngərlərdə yazılan məktublarda tez-tez eyni cümlə təkrarlanırdı: “Əgər geri dönməsəm…” Bu cümlə həm vida, həm də taleylə razılaşmadır. İnsan sanki döyüşə getməzdən əvvəl artıq nəticəni qəbul edir, amma yenə də sözlə özünü qorumağa çalışır. Çünki söz insanın əlində qalan son nəzarət formasıdır. Son məktubların gücü onun səmimiyyətindədir. Orada nə bəzək var, nə də süni ifadə. İnsan son anda rol oynamır. O, necədirsə, elə yazır. Bəzən bir üzr, bəzən bir təşəkkür, bəzən də sadəcə “səni sevirəm” cümləsi… Amma həmin sadə cümlə bəzən bir ömrün yekunu olur.
Anne Frank gündəliyində insanın ən böyük ehtiyacının başa düşülmək olduğunu yazırdı. Son məktublar da əslində bu ehtiyacın gecikmiş formasıdır. İnsan artıq danışa bilməyəndə yazır, artıq cavab gözləməyəndə iz buraxır. Bu baxımdan son məktub bir dialoq deyil, bir tərəfli, amma çox dərin bir çağırışdır.
Lev Tolstoy insanın daxili dünyasını vicdanla ölçürdü. Onun əsərlərində ölüm anı sadəcə fiziki son deyil, mənəvi hesabatdır. Son məktublar da həmin hesabatın kağız forması kimidir. İnsan sanki özü ilə və geridə qoyduqları ilə hesablaşır.
Maraqlıdır ki, insanlar çox vaxt ölümə yaxınlaşdıqca daha aydın danışmağa başlayır. Sanki həyat boyu deyilə bilməyənlər son anda sıxılıb bir neçə cümləyə çevrilir. Bəlkə də buna görə son məktublar uzun olmur. Çünki insanın içindəki ən ağır hisslər çox söz tələb etmir. Əslində hər son məktubun içində üç əsas istək gizlənir: bağışlanmaq, xatırlanmaq və iz buraxmaq. İnsan bilir ki, gedir, amma tam yox olmaq istəmir. Yazmaqla özünü gələcəyə kiçik bir iz kimi göndərir. Bu gün isə bu anlayış artıq dəyişib. Son məktublar kağızdan ekranlara köçüb. İnsanlar vidalarını mesajlarda, e-maillərdə, bəzən isə heç göndərilməmiş qaralamalarda saxlayır. “Son dəfə online olmaq”, “son dəfə baxılıb” kimi ifadələr belə yeni dövrün səssiz vidalarına çevrilib. İllər keçsə də insan yenə də getməzdən əvvəl nəsə demək istəyir. Bəlkə də gələcəkdə tarixçilər arxivlərdə məktubları yox, göndərilməmiş mesajları araşdıracaq. O mesajların içində eyni insan duyğuları qalacaq: qorxu, sevgi, peşmanlıq və ümid.
Son məktubların ən ağır tərəfi isə onların gec oxunmasıdır. Oxuyan insan artıq cavab verə bilmir. Bu, sözün ən kəsici halıdır, gecikmiş həqiqət. Bütün bunların sonunda bir sual yaranır ki, əgər insanın son sözü əvvəldən bilinmirsə, biz niyə bəzən deməli olduqlarımızı bu qədər gec deyirik?
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


