Super User
Xalq artisti Mobil Əhmədovun anım günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanmusiqixəzinəsinə çoxqiymətli, yüksək əyarlı daş-qaşlar bəxş edibdir ulu Gəncəmiz, Nizami yurdumuz.
Azərbaycan Respublikasının xalq artisti Mobil Əhmədov da belə birisidir.
Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Mədəniyyət onu çəkirdi, amma yolayrıcındaydı, bilmirdi hansı səmtə üz tutsun. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib.
Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, 40 valı var.
Aktyor-müğənni Azərbaycanın əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülüb.
Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar:
- Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov);
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov);
- Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəstəkar Oqtay Kazımov).
Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri:
- Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov);
- Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev);
- Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov);
- Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov);
Tərcümə əsərlərində oxuduğu partiyalar:
- Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava);
- Kote ("Keto və kote", Vladimir Dolidze);
- Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A. Ovanov).
Filmoqrafiya
- Qara daşlar (film, 1956)
- Aktrisanın təbəssümü (film, 1974)
- Üzeyir ömrü (film, 1981)
- Məkanın melodiyası (film, 2004)
- Cümhuriyyətə doğru üç addım (film, 2008)
- Yeni il gecəsində (film, 1958)
Mobil Əhmədov uzun sürən xəstəlikdən sonra tam 20 il əvvəl - 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Opponnenetlərim mənimlə mübahisə edə bilərlər ki, alpinistin mədəniyyət portalına nə dəxli. Dəxli var. Çünki mədəniyyət yeganə təmrindir ki, bütün digərlərinin tərkibində özünü göstərir. Nəzakət, əxlaq, davranış qaydaları hər bir sahədə dominantlıq təşkil etdiyindən, bunlar da yüksək dərəcəli mədəni insan kateqoriyasına aid olduğundan, mədəniyyətin rolu hədsiz və danılmazdır.
Beləliklə, alpinist mədəniyyəti...
Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın Elmira Aslanova 1982-ci il 3 iyun tarixində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinin Karpovo-Krepenko kəndinə köçmüşdür. Bir il sonra ailəsi bu dəfə Sverdolvsk (indiki Doljansk) şəhərinə köçməli olub.
2000–2005-ci illərdə Elmira Aslanova Xarkov Milli V. N. Karamzin Universitetində təhsil alıb və ingilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
Elmira Aslanova alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda Torong-La (5416 m) aşırımından keçməklə trekking yürüşü ilə başlayıb. Daha sonra Tibetə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının ətrafında koranı tamamlayıb.
Əsas yüksəlişləri
- Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m
- Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m
- Kazbek (Gürcüstan, 07.2021) — 5033 m
- Kilimancaro (Tanzaniya, 11.2021) — 5895m
- San-Fransisko (Çili, 01.2023) — 6018 m
- Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m
- Akonkagua (Argentina, 02.2023) — 6960.8m
- Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m
- Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m
- Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243m
8 avqust 2025-ci ildə – Dünya Alpinizm Günündə Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edən "Arzunun dalınca" sənədli filmi təqdim olunub. Film FICTS kinofestivalında Documentary – Individual Sport kateqoriyasında qalib olub.
25 dekabr 2025-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Elmira xanım “Tərəqqi” medalı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Gürcünün Azərbaycan sevgisi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qəmər Topuriya Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olub. "Qəmər" onun təxəllüsüdür.
15 avqust 1902-ci ildə dünyaya gələn Qəmər Topuriya uşaqlıqdan qəlbində teatr sevgisini daşıyıb, səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə - soyadsız Qəmər yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxıb.
O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq edib.Bəli, gürcü qızının Azərbaycan sevgisi böyük olub.
17 iyun 1943-cü ildə o, "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb.
İfa etdiyi əsas rollar
- "Arşın mal alan", Üzeyir Hacıbəyov — Gülçöhrə və Asya
- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Gülnaz
- "Ər və arvad", Üzeyir Hacıbəyov — Minnət xanım
- "Evliykən subay", Zülfüqar Hacıbəyov — Pərzad
- "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov — Gülcahan
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mələk xanım
- "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı və Zeynəb
- "Topal Teymur", Hüseyn Cavid — Olqa
- "Səyavuş", Hüseyn Cavid — Firəngiz
- "Dubrovski", Aleksandr Puşkin — Anna Sovişina və Anna Qlobova
- "Tufan", Aleksandr Ostrovski — Kabanixa
- "Cehizsiz qız", Aleksandr Ostrovski — Oqudalova
- "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Korinkina
- "Göy quş", Moris Meterlink — Gecə məlaikəsi
- "Məkr və məhəbbət", Fridrix Şiller — Ledi Milford
- "Fiqaronun toyu", Pyer Bomarşe — Qrafinya
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Bölgələrdə də 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektoru və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev parkında təşkil olunan tədbirdə məktəblilər, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib, gənc idmançılar və şahmatçılar öz bacarıqlarını təqdim ediblər. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, musiqili nömrələr və maraqlı təqdimatlar təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun müdiri Elvin Abbasov çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsili və rifahının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində uşaqların təhsili, istedadlarının üzə çıxarılması və sağlam mühitdə böyümələri üçün geniş imkanlar yaradılıb.
Bayram proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin fidanları və məktəblilər rəngarəng rəqs nömrələri ilə çıxış edib, Uşaq Musiqi Məktəbinin və ümumtəhsil müəsisələrinin şagirdləri tərəfindən şən musiqilər və xor kompozisiyaları təqdim olunub. Uşaqların hazırladıqları səhnəciklər, mahnılar və yaradıcı çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Uşaqlara unudulmaz anlar yaşadan bayram tədbiri yüksək əhval-ruhiyyə ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Günel Rəcəb və onun “Orfolənd”i
Hərflərin sehirli ölkəsinə xoş gəlmisiniz
İlahə Ümidli, Niderlanddan
“Ədəbiyyat və incəsənət” üçün
“– Biz nə uğrunda döyüşürük?
– Yazı.
– Niyə?
– Yazı yaddaşdır. Yazı itsə tariximiz itər…”
Hər il olduğu kimi bu il də may ayı mütaliəmi, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi olaraq uşaq ədəbiyyatına ayırdım. Seçimim müəllim, pedaqoq, uşaq yazıçısı Günel Rəcəbin “Orfolənd” əsəri oldu.
Günel Rəcəbin “Orfolənd” əsəri oxucunu hərflərin sehrli ölkəsinə aparan, yazının mənasını sadəcə texniki bacarıq deyil, yaddaş, şahidlik və varlıq kimi təqdim edən bənzərsiz bir uşaq romanıdır. Bu əsər yazının taleyə, xatirəyə və kimliyə çevrildiyi bir dünyanı qurur, elə bir dünya ki, orada hərf itərsə, tarix də itə bilər. “Yazı yaddaşdır” fikri bu kitabda sadəcə cümlə kimi yox, ideya, dəyər və fəlsəfə xüsusundadır.
Günel Rəcəbin yaratdığı “Orfolənd” həm uşaq təxəyyülünün sərhədsizliyinə, həm də yetkin müəllim müşahidəsinin dəqiqliyinə söykənir. Əsərdə hərflər obrazlaşır, səfər motivi ilə yol başlayır, mifoloji qatla pedaqoji baxış bir-birinə ilmə-ilmə hörülür.
“Orfolənd” yalnız uşaqlara xitab edən bir mətn deyil, o, valideynlər, müəllimlər və uşaq dünyasını anlamağa çalışan hər kəs üçün çoxsəsli bir çağırışdır. Elə buna görə də əsərin mərkəzində çox sadə, amma dərin bir sual dayanır: yazı itərsə, nə itər?
“Oxucu–yazıçı söhbətləşməsi” layihəm çərçivəsində bu dəfə uşaq dünyasına yaddaş və cəsarət prizmasından baxan Günel Rəcəbdən aldığım müsahibəni oxucularla paylaşmaqdan məmnunluq duyuram.
Günel xanım, Sizcə yazı nədir? Yazı zamanın izi ola bilərmi?
Yazı daha çox şahiddir. Zamanın şahidi. Ən gözəl anlarımızın şahidi Məsələn, övladlarımızın yazdığı məktubların, valideynlərin yazıb qoyduğu kiçik qeydlərin şahidi.
Necə oldu ki, “Orfolənd” kimi bir əsər yazmaq qərarına gəldiniz?
Bir ara məktəbəqədər uşaqlara dərs deyirdim. Qrupda bir qonşu qızı vardı, Nailə. Çox ağıllı qız idi. Dayanmadan sual verən, yüksəkdən danışan, hər şeylə maraqlanan. Xoşum gəlir belə uşaqlardan. Bircə xətti pis idi. Bir də çox cəsarətli idi. Cəsarətli olduğu üçün də uşaqlar onu sevməzdi. O qızın xəttinə görə cəzalandırılıb, əslində, cəsarətinə görə mükafatlandırıldığını təsəvvür edirdim.
Əgər “Orfolənd” yazılmasaydı, daxilinizdə hansı hiss yarımçıq qalardı?
Hər birini ayrı-ayrı düşünüb ağlımda qurduğum o dünya – Yazıstan yox olardı. Onunla birlikdə orda yaşayan sakinlər, qəhrəmanlarım yox olardı. Yaratdıqlarım yox olardı. Bu da məni məyus edərdi. Xatırladıqca oxucularımla paylaşmadığım üçün təəssüf hissi keçirərdim.
“Orfolənd”i yazarkən uşaq Günel, yoxsa yetkin Günel sizə yol göstərirdi?
Bir tərəfdən yetkin Günel. Çünki bu bir müəllimin müşahidələridir. Bu bir müəllimin dərs prosesində ağlına gələn maraqlı ideyalardır: Məsələn, “Ğ” hərfinin başında şlyapa gəzdirməsi, otağının başdan-başa şlyapa kolleksiyasından ibarət olması, saitlərin samitlərin soyadlarının “li” hissəciyi ilə bitməsi (Saitlilər, Samitlilər) və s. Bir tərəfdən də uşaq Günel. Hadisələrə onun gözü ilə baxmaq, onun anlayacağı dildə yazmaq. Hər ikisi bir-birinə kömək edib.
Bu kitabın dünyasını qurarkən Azərbaycan nağıl və mifoloji düşüncəsi sizə necə təsir etdi?
Nağılların, mifoloji mətnlərin təkraralanan motivləri var ki, bu əsərdə də ondan istifadə etmişəm. Xüsusən də, nağıllarda istifadə edilən başlanğıc motivlərindən biri “Səfər” motivindən. Qəhrəmanı səfərə təhrik edən qadağa və o qadağanı pozma. Ümumiyyətlə, qəhrəmanın yolunu nağıllarımıza xas motivlər əsasında qurmağa çalışdım. Orfo, əslində, sehrli köməkçi rolunu oynayır. Bundan başqa, “Til” adlı əjdahanı yaradarkən müəllimlərin şagirdlərə tez-tez dediyi “Bu hərfi niyə yemisən? Acmısan?” kimi ifadəsi hər dəfə yadıma düşəndə bir əjdaha obrazı gəlib dururdu gözümün qabağında. Amma qəddar obraz kimi təsvir etmək istəmədim onu. Ona görə də Qocanın cəzalandırdığı hərfləri udaraq xilas edir. Qədim türk dilinə istinad edərək adını “Til” qoydum.
Sizcə əsərdəki simvol və metaforaları uşaq oxucu hiss edə bilirmi, yoxsa bu daha çox böyüklər üçün gizli qatdır?
Həm böyüklər, həm kiçiklər üçündür. Balaca oxucular simvolları, motivlərin anlamını, matofaraları, bəlkə də, dərindən başa düşməzlər. Amma bu metaforalar şüuraltına təsir edir. Məsələn, adətən nağıllarda qəhrəmanlar binar oppozisiyaya uyğun olaraq ya mənfi, ya da müsbət qəhrəman tiplərinə bölünürlər. Amma bu əsərdə tam müsbət və ya tam mənfi obrazlar yoxdur. Mənfi obrazın belə “mənfi” olma səbəbləri var. Həyatda olduğu kimi insanlar müxtəlifdir.
Sizcə uşaq kitabı yazan müəllifin əxlaqi sərhədləri haradan başlayır və harada bitir?
Uşaq yazıçısı üçün əxlaqi sərhədlər uşağın dünyasını qorumaqdan başlayır. Mənim üçün bu sərhədlər uşağın təmiz duyğularına, təhlükəsizliyinə və inkişafına hörmətlə yanaşmaq deməkdir. Yazıçı fantaziyasını sərbəst işlədə bilər, amma zorakılığı, nifrəti, ayrı-seçkiliyi və ya uşağın psixologiyasına zərər verə biləcək mövzuları cazibədar göstərməməlidir. Əxlaqi sərhəd o yerdə bitir ki, müəllif uşağın düşüncə azadlığını, empatiya qabiliyyətini və ümidini gücləndirir. Yəni sərhəd qadağadan çox, məsuliyyət hissidir: uşağa həm maraqlı hekayə təqdim etmək, həm də onu sevgi, dostluq və dürüstlük kimi dəyərlərlə tanış etmək.
Uşaq oxucuya nəsihət vermədən dəyər aşılamaq nə qədər çətindir?
İndiki uşaqlara nəsihət vermək böyük ustalıq tələb edir. Çünki onlar açıq öyüd-nəsihəti tez hiss edir və çox vaxt da bu cür nəsihəti qəbul etmirlər. Əgər onlara nəyisə aşılamaq istəyiriksə, bu öyüd-nəsihəti hekayəyə toxumaq lazımdır. Qəhrəmanla empati quran kiçik oxucular qəhrəmanın hərəkətlərini təhlil edir, nəticələr çıxarır və sonda doğru olanı seçir. Yazıçının müdrikliyi birbaşa nəsihətlər şəklində hiss edilməməlidir, onun göstərdiyin yolun işığı hekayədə hiss edilməlidir.
Sizcə bugünki uşaqlar fantaziya ədəbiyyatından nə gözləyir və “Orfolənd” bu gözləntiyə cavab verirmi?
İlk öncə, “Bugünki uşaqlar” ifadəsində diqqətli olmaq lazımdır. Çünki indiki uşaqlar həddindən artıq çox informasiya ilə əhatələniblər və fantaziya kitabından gözləntiləri əvvəlkilərdən fərqlidir. Bugünki uşaqlar fantaziya ədəbiyyatından sadəcə sehrli dünyalar gözləmir. Onlar həm macəra, həm də öz həyatları ilə bağlı suallara cavablar axtarırlar. Fantaziya kitabı onların təxəyyülünü genişləndirməli, amma eyni zamanda gündəlik hisslərinə – dostluq, qorxu, ümid, cəsarət – toxunmalıdır. Uşaqlar fantastik hekayələrdə özlərini görmək, qəhrəmanlarla birgə böyümək və çətinlikləri aşmaq istəyirlər. Yəni onlar fantaziyadan həm qaçış, həm də güc gözləyirlər: bir tərəfdən reallıqdan uzaqlaşmaq, digər tərəfdən reallığa daha güclü qayıtmaq.
Sizcə uşaq ədəbiyyatı yazmaq böyüklər üçün yazılan ədəbiyyatdan daha məsuliyyətlidir, yoxsa fərqli cür məsuliyyət tələb edir?
“Daha çox” və ya “daha az” olduğunu deyə bilmərəm, sadəcə “fərqli”dir. Uşaq ədəbiyyatı yazmaq böyüklər üçün yazmaqdan fərqli bir məsuliyyət tələb edir. Böyüklər üçün yazıçı daha çox estetik, bədii və intellektual məsuliyyət daşıyır. Uşaq yazıçısı isə həm bunları, həm də uşağın psixoloji inkişafını, duyğularını və dünyagörüşünü nəzərə almalıdır. Yəni məsuliyyətin miqdarı deyil, mahiyyəti dəyişir. Uşağa yazmaq demək, onun gələcək düşüncə və dəyərlərinə toxunmaq deməkdir. Bu, yazıçını daha diqqətli, daha həssas və daha məsuliyyətli edir. Böyüklər üçün yazıda sərhədlər daha genişdir, uşaqlar üçün yazıda isə sərhədlər daha incədir.
“Orfolənd”i oxuyan valideynlər üçün gizli bir mesajınız varmı?
Əlbəttə. Övladlarınızı sevin, onlarla birgə vaxt keçirin. Bütün dünya onlara qarşı olsa da, onlara inanın, onların yanında olun, onlara dəstək olun. Necə ki, Aynurun anası qızına inanırdı, onu sevirdi.
Bir pedaqoq kimi fikriniz maraqlıdır: qırmızı xətti keçən uşaqlarla, o xətti keçə bilməyən uşaqların gələcək yolunda hansı fərqlər yaranır?
Qırmızı xətti keçmək cəsarət istər. Cəsarətli addımlar insana uğur gətirər. Bəzən biz kifayət qədər savadlı, kifayət qədər səriştəli olsaq da, öz yerimizi tapa bilmirik. Addım atmağa, yeni qərarlar verməyə cəsarət etmirik. Onda da öz sevmədiyimiz vəziyyətimizlə barışmalı oluruq. Odur ki, Aynur kimi qırmızı xətti keçmək lazımdır!
Sizcə müxtəlif ixtisaslar üzrə belə bədii əsərlərin yazılması həmin sahələrin öyrənilməsinə nə dərəcədə müsbət təsir göstərə bilər?
Bu istiqamət uşaq ədəbiyyatında aktualdır. Məsələn, türk uşaq ədəbiyyatında “Ege ile Ece”, elə bizdə də “Balabilgə nəşrləri”ndə seriya çap olunmuşdu: “Həkim Bilgə”, “Polis Bilgə” və s. Düşünürəm ki, bu cür kitablar həm peşə seçimi ilə bağlı uşaqlara kömək ola bilər, həm də dünyagörüşünün artırılmasında və ya fənnin tədrisində yardımçı vasitə kimi istifadə oluna bilər.
Doğrudanmı insanın “xətti” onun xarakterinin göstəricisidir?
Bu mövzuda elmi və ya psixoloji tədqiqatlar varmı? Bu əsəri yazarkən qrafologiya haqqında çox oxudum. Yazı həm şüurlu, həm də şüuraltı proseslərin təsiri altında formalaşır. İnsanın daxili xüsusiyyətlərini əks etdirə bilər. Lakin bu elmin nəticələri də mübahisəlidir. Amma hansısa şərq ölkəsində belə rəvayət edirdilər ki, məmur işə götürərkən onun xəttinə baxırdılar. Əgər xətti gözəldirsə, deməli, səbrlidir. Şeir yaza bilirsə, deməli, yaradıcı təfəkkürü var. Uşaqlarda da bu belədir. Məktəbəqədər təhsildə hərflər öyrətməzdən əvvəl qırıq-qırıq xətləri birləşdirmək öyrədilir, kiçik motorika inkişaf etdirilir. Bu həm də uşaqlarda diqqəti formalaşdırır. Diqqət, yaddaş, məntiq erkən inkişafın əsasını təşkil edir.
Bəs Sizcə insan öz taleyinin yazısını dəyişə bilərmi?
Dəyişə bilər. İstəmək, dua etmək, arzulamaq, o arzuya enerjiyə yükləmək, hətta o arzunu yazmaq belə onun gerçəkləşməsinə yardımçı olacaq. Hətta kitabı əldə edənlər əlavə bir vərəq əldə edir. Lələk muzeyindən gəlmiş mandala. Lələk şəkilli mandalanın arxasında arzunun gerçəkləşməsi üçün qeydlər də var. Əsas nə istədiyini bilmək, vəziyyət xoşuna gəlməyəndə bunu qəbul etmək, bu vəziyyəti dəyişmək istəməkdir. Hər şey anlamaqdan başlayır. İnsan nə istədiyini anlamalıdır. Bunun üçün insan özüylə danışmağı, özünü dinləməyi bacarmalıdır. Bu isə elə də asan deyil.
(31 may 2026-cı il)
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
“ASAN Viza”- 10 il
1 iyun 2026-cı il tarixində “ASAN Viza” sisteminin yaradılmasından 10 il ötür.
“ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli müvafiq Fərmanına əsasən yaradılıb və sistemin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, ötən 10 il ərzində “ASAN Viza” Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.
“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.
Sistemin yaradılmasının 10 illiyi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda reallaşan xüsusi təşəbbüs çərçivəsində “ASAN Viza” 10 illik fəaliyyətin sevincini xarici qonaqlarla bölüşüb.
Ölkəmizə gələn xarici vətəndaşlar da öz növbəsində əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, xidmətin fəaliyyətini yüksək qiymətləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Çində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
Çinin Suzhou şəhərində yerləşən Suzhou Singapore International School (SSIS) tərəfindən təşkil olunan ənənəvi Beynəlxalq Ailə Günü (International Family Day) tədbirində Azərbaycan da uğurla təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu il Azərbaycan stendi Suzhou şəhərində yaşayan azərbaycanlıların təşəbbüsü ilə təşkil edilib. Stendin hazırlanması və təqdimat işlərində Solmaz Əsədzadə, Rüfət Əsədzadə, Xədicə Qasımova, Fidan Qasımova və Çiçək Quliyeva fəal iştirak ediblər.
Tədbirin təşkilində və Azərbaycanın layiqli şəkildə təqdim olunmasında Azərbaycanın Çindəki səfirliyi də yaxından dəstək göstərib. Səfirliyin təqdim etdiyi milli atributlar, tanıtım materialları və digər dəstək vasitələri Azərbaycan guşəsinin daha zəngin və cəlbedici şəkildə qurulmasına mühüm töhfə verib.
Azərbaycan guşəsində ölkəmizin zəngin mədəni irsi, milli dəyərləri və kulinariya nümunələri xarici qonaqlara təqdim olunub. Stend Azərbaycan bayrağı, milli atributlar və ölkəmizin turizm potensialını əks etdirən materiallarla bəzədilib. Tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verilib, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı barədə təqdimatlar keçirilib.
Gün ərzində yüzlərlə xarici qonaq Azərbaycan stendini ziyarət edib, milli mətbəximizlə tanış olub və ölkəmiz haqqında məlumat əldə edib. Xüsusilə Azərbaycan mətbəxinə, milli musiqisinə və mədəniyyətinə böyük maraq göstərilib. Qonaqlar Azərbaycan haqqında məlumatlandırılıb, ölkəmizin qonaqpərvərlik ənənələri və zəngin mədəni irsi nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan milli musiqisi və rəqsləri də təqdim olunub. Məktəbin müxtəlif ölkələri təmsil edən şagirdləri, valideynləri və qonaqları Azərbaycan mədəniyyətini yaxından tanımaq imkanı əldə ediblər.
Təşkilatçılar bildiriblər ki, belə beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanıdılması, mədəniyyətimizin təbliği və müxtəlif xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təqdimat ölkəmizin müsbət imicinin formalaşdırılmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına öz töhfəsini verib.
Azərbaycan stendinin iştirakçılar tərəfindən böyük maraqla qarşılanması ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq mühitdə tanıdılması istiqamətində uğurlu addımlardan biri kimi qiymətləndirilir.
Qeyd edək ki, hər il minlərlə insanın iştirak etdiyi tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən ailələr öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəxlərini təqdim edirlər. Tədbirdən əldə olunan gəlir isə yerli və beynəlxalq xeyriyyə təşəbbüslərinə yönəldilir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
I Qax Kitab Sərgisi kitabı bölgəyə əlçatan etdi
Mayın 30-da Qax rayonunda I Qax Kitab Sərgisinin açılış mərasimi keçirilib. Sərgi iki gün ərzində Qax və ətraf rayon kitabsevərlərinin görüş məkanına çevrilibdir. Layihənin əsas məqsədi regionlarda mütaliə mədəniyyətinin təşviqi, kitabın təbliği, oxucuların nəşriyyatlar və müəlliflərlə bir araya gətirilməsidir.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyindən (ANAİB) verilən məlumata görə, açılış mərasimində ANAİB-in sədri, yazıçı-publisist Şəmil Sadiq, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, ANAİB İdarə Heyətinin üzvü, layihənin icraçısı Veysəl Məmmədov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və AYB Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli çıxış ediblər.
Çıxış edənlər kitab sərgilərinin regionlarda keçirilməsinin oxu mədəniyyətinin inkişafına, yerli ədəbi mühitin canlanmasına və gənclərin kitaba marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, belə təşəbbüslər kitabın təbliği ilə yanaşı, müəlliflər, nəşriyyatlar və oxucular arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir.
Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı iştirak edib. Ziyarətçilərə müxtəlif janrlarda nəşrlər endirimli qiymətlərlə təqdim olunub. Eyni zamanda, sərgi çərçivəsində yazıçılarla görüşlər, imza saatları, bədii səhnələr və digər mədəni proqramlar təşkil edilib.
Qeyd edək ki, I Qax Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, MÜTDA, AYB Şimal-Qərb Regional Bölməsi və ASAN Radionun tərəfdaşlığı ilə həyata keçirilir.
Sərgi BP şirkətinin dəstəyi ilə baş tutub və iyunun 1-dək davam edib.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)
Bir daha himnimiz haqqında – 5-Cİ YAZI
“Ədəbiyyat və incəsənət” portalı Kamil Şahverdinin Himnimiz barədə məqalələr silsiləsindən 5-ci yazısını təqdim edir.
Kamil ŞAHVERDİ
BİR DAHA HİMNİMİZ HAQQINDA
V yazı
Cümhuriyyət fədailəri "Azərbaycan marşı”nı unudulmağa qoymadılar. 70 il qürbətdə qorunandan sonra vətənə dönən "Azərbaycan marşı" haqqına qovuşdu. 20-ci yüzillikdə ikinci dəfə müstəqilliyini qazanan dövlətimizin himninə qədər "Azərbaycan marşı" qəlblərdə, yaddaşlarda yaşadı. Mühacir həyatı yaşayan cümhuriyyətçilərin pənahı oldu, onları sınmağa, əyilməyə qoymadı, yaralı qəlblərinə məlhəm oldu...
Əksər mənbələrdə 1919-cu ildə Üzeyir bəy Hacıbəyli tərəfindən yazıldığı qeyd olunan "Azərbaycan marşı"nın yazılma tarixinə aid mülahizələrimi sonrakı hissələrdə diqqətinizə çatdıracağam. "Azərbaycan marşı" haqqında ilk məlumata birbaşa olmasa da, dolayısı ilə "Azərbaycan" qəzetinin 30 may 1919-cu il tarixli nömrəsində şair Əli Yusifin "Pəncərə önündə yarım saat" adlı məqaləsində rast gəlinir. Cümhuriyyətin bir illiyi münasibəti ilə yazılmış məqaləni olduğu kimi təqdim edirəm:
"Azərbaycan cümhuriyyətinin paytaxtı milli bayraqlara qərq olaraq istiqlal gününü bayram edirdi. Hər müəssisə, hər kütlə, hər fərd kəndi iktidarınca bu şanlı bayramda iştirak edirdi.
Dəstə-dəstə vətəndaşlar Parlaman qarşısına toplanır, bir-birlərini, Parlamanı və hökuməti təbrik və təhniyət (mübarəkbazlıq) edirlərdi. Parlaman İdarə(si) şöbələrinin birisinin pəncərəsindən bu axın-axın gələn insanları, fərahfəza (fərəhli, sevincli) lövhələri iki arxadaşımla seyr edirdik. Hər kəs sevinc, bəşuş (şən), ümidli və haqlı bir vüqara müştəğrəq (qərq olmuş) idi. Bu aralıq 30 nəfərə qədər 10 yaşından 7 yaşına cocuqlar, bir coxu başıaçıq, ayaqyalın, əllərində taxtadan kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlarla kamali-ciddiyyətlə keçdilər. Bir çınqıraq (qumrov) sədası qədər lətif səslərlə marş oxuyurlardı.
Mən yalnız "Şanlı vətən!" dediklərini anlaya bildim. Pək müəssir (təsirli) bir mənzərə idi. Hazirun (orada olanlar) həpsi bunu hiss etmiş olmalıdır ki, hər tərəfdən bu mini-mini "vətəndaşcıqlar”ı alqış gürultuları qarşıladılar... Bilaixtiyar (qeyri-ixtiyari) arxadaşlarımın üzünə baxdım. Onlar da ziyadəsiylə mütəəssir olmuşlardı. Bir arxadaşımın qolundan tutaraq: "İndi inanalım ki, istiklal bir kaç xülyapərəstin fantezisi deyil də, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyacdır," – dedim. O da fikrimə şərik olaraq: "Əvət, – dedi, – həpimizin qəlbi bugünkü gün o cocukların qəlbi qədər səmimi, saf çırpınırsa, biz də bu bayramı bu məsumlar qədər sevirsək, inanalım ki, istiklalımız daimi və əbədi olacaqdır". Bu gün ordu əfradının (əsgərlərin) müntəzəm Avropa əsgərlərinə yaxışan bir tərzdə rəsmi-keçiddə Rəisi-vükala (Baş nazir) tərəfindən salamlanması, küçələrdən tarixi simaların keçirilməsi, Parlamentin tarixi iclası qədər böyük və möhtəşəm mənzərələr(ə) də şəhadət etdim. Fəqət nədənsə yenə ən gözəl xatirə, ən müəssir lövhə o cocuqların ciddiyyətlə istiqlal bayramına kəndi arzu və xahişləri ilə iştirak etmələridir.
Zira bu mənzərədə həm siyasi, həm də psixoloji bir məna olmaqla bərabər, həssas və qayət gözəl bir sekret (sirr) vardı. Gələcəkdə cümhuriyyətimizin ən qiymətdar, ən namuslu vətəndaşları da bu cocuklar olacağına heç şübhə yoxdur. Azərbaycan idealı, istiqlal məsləki bir müxtərenin (ixtiraçının) icadı, yaxud bir şairin xəyalı deyil, bəlkə, sənələrcə millət köksündə bəslənmiş və ən sonunda hüsula gəlmiş bir qayədir. Hətta Anadolu annələri belə cocuklarına layla çalarkən "Sən böyüyüb həm Türkiyəni məsud edəcəksən, həm də sair türk-islamların imdadına qoşacaqsan" deyir, onlara hənuz beşikdə ikən Qafqaz dağlarının vəhşi gözəlliklərindən, oradakı qardaşlarının əsarətindən bəhs edirlərdi. Yalnız böylə bir tərbiyə ilə böyüyən bir insan məslək sahibi ola bilər, vətən və millət uğrunda heç bir fədakarlıqdan çəkinməz. Onun üçün cürətlə deyə biləriz ki, bu gün istiqlal bayramını böylə fövqəladə sevinclə qarşılayan cocuqlar, yarın bir məmləkətin vətəndaşları olduqlarında onu sevəcək və müdafiə edəcəklər. Əvət, Rusiya siyasəti bizi ruslaşdırmağa qalxışarkən Azərbaycan evlərinin beşiklərində gələcək bir cümhuriyyətin vətəndaşları yetişdiyini bilməzdi. Azərbaycan Qafqaziyada doğulub Anadolu köksündən imdad aldı və nəhayət, ayağa qalxdı, dirildi. Cocuqluqda alınan təsirat unudulmaz. Onun üçün bu gün bizimlə bərabər, fəqət bizdən daha səmimi bir surətdə İstiqlal bayramına iştirak edən azəri türklərin yavruları əbədiyyən bu böyük günü xatırlayacaq. Bu, sarsılmaz bir həqiqətdir. Azərbaycan doğdu (doğuldu) və kəndini gələcək nəslə şimdidən sevdirdi. Bu gün taxta və nahəmvar (qaba, səliqəsiz) "silahlarla" Parlaman qarşısında bir yer tutmağa can atan "igidlər" yarın əllərində son sistem əslihə (silahlar), başlarında müasir düşüncələr, biliklər qəlblərində namuslu bir vətənpərvərlik hissi, kəndi hüquqlarını, istiqlallarını müdafiə edəcəklər. O vaxt onlar bu birinci bayramı xatırlayaraq cümhuriyyətlərinin nə qədər ağır şərait daxilində təşəkkül etdiyini düşünəcək və bu ağır qiymətə alınmış varlıqlarını, hüquqlarını daha əzəmətli bir həmiyyətlə qorumağa çalışacaqlar.
Əli Yusif"
(ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə nəşr edilən "1918-1920-ci illər "Azərbaycan" qəzetinin tam külliyatı". VIII cild. May 1919.
Transliterasiya edənlər: filolofiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu.
Elmi redaktor: akademik Teymur Kərimli.) Beləliklə, Əli Yusif uşaqların dəstə ilə parlament binası qarşısından keçərkən xorla oxuduqları zaman aydın eşitdiyi yalnız "Şanlı vətən!" sözlərini misal gətirir. O dövrə aid materialların araşdlrılmasından gəlinən nəticə budur ki, Əli Yusifin uşaqlardan eşitdiyi "Şanlı vətən!" sözləri "Azərbaycan marşı"na aid ola bilər. Hər halda, o günlərdə bu sözlərin işləndiyi başqa bir nümunəyə hələ ki rast gəlinməyib.
1919-cu ildə Bakıda "Milli məğmələr" toplusu dərc olunur. "Vətən marşı" adı ilə topluda yer alan şeirin müəllifi kimi Cəmo bəy göstərilib.
(Asif Rüstəmli. “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” səh. 104. "Elm və təhsil" Bakı-2024).
Professor Asif Rüstəmlinin bu kitabı qiymətli tarixi sənədlərlə və məlumatlarla zəngindir. O, ciddi araşdırma apararaq bir çox məsələlərin üzərinə işıq salmış və müxtəlif mənbələrdən topladığl məlumatları bir kitabda cəmləşdirmişdir. Lakin "Vətən marşı" ilə bağlı bəzi qeydlərdə uyğunzuzluqlar olduğu üçün xüsusi izaha ehtiyac duyulur. Ona görə də Asif Rüstəmlinin qənaətinə münasibət bildirmək üçün bu mövzunun üzərində daha ətraflı dayanmağa zərurət yaranır. Yazının növbəti hissələrində bu mövzuya qayıdaraq düşündüklərimi izah etməyə çalışaram.
1919-cu ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarif Nazirliyi Nazirlər Şurasına Dövlət gerbinin və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması təklifi ilə müraciət edir. Bu müraciət "Azərbaycan" qəzetinin 1919-cu il 14 noyabr tarixli (246 saylı) nömrəsində dərc edilir. Əfsuslar olsun ki, 1918-1920-ci illərdə cap olunan "Azərbaycan" qəzetinin bir neçə nömrəsi, o cümlıdən 246 saylı nömrəsi itmiş hesab olunur və bu günə qədər tapılmamışdır. Ona görə də Xalq Maarif Nazirliyinin təklifinin mətnini "Azərbaycan" qəzetinin rus dilində çap olunan 1919-cu il 20 noyabr tarixli (45 saylı) nömrəsindən tərcümə edərək diqqətinizə çatdırıram:
"AZƏRBAYCANIN DÖVLƏT GERBİ və MİLLİ HİMNİ.
Xalq Maarif naziri Azərbaycan Respublikasının Dövlət
Gerbinin və Milli Himninin hazırlanmasının təşkili haqqında düşüncələrini hökumətə təqdim etmişdir.
Ən yaxşı milli himn seçmək üçün müəyyən edilmiş qaydada müsabiqə elan olunması, 1920-ci il fevralın 1-nə qədər əsərlərin himn yarışmasına təqdim olunması təklif olunub. Ən yaxşı himn üçün 15.000 rubldan başlayan mükafat müəyyən edilsin. Müsabiqəyə daha çox iştirakçı cəlb etmək üçün Bakı və Tiflis qəzetlərində müsabiqə geniş işıqlandırılacaq..."
("Azərbaycan" qəzeti, (rus dilində) 1919-cu il, 20 noyabr. N 45).
Qəzetdə çıxan bu məlumatdan məlum olur ki, Xalq Maarif Nazirliyi hökumətə təkliflə çıxış edir. Bir çox araşdırmaçılar isə bunu himn haqqında müsabiqə elan olunması kimi təqdim edirlər. Əslində isə bu Maarif naziri tərəfindən hökumətə verilmiş təklif idi.
1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının Hökuməti Xalq Maarif Nazirliyinin təklifinə baxır və qərar qəbul edir. Qərarda belə idi:
"No 723
30 yanvar. Azərbaycan Respublilasının hərbi ordenlərinin, milli himninin, gerb və möhürünün layihələrinin hazırlanması haqqında Qərar.
1.Hərbi nazirə tapşırılsın ki, orden layihələrinin təqdim edilməsi üçün 25.000 rubl mükafatla müsabiqə elan etsin. Layihələrin əsas məqsədi isə Azərbaycanın müstəqillik simvoluna xidmət etməlidir.
2.Xalq Maarif nazirinə tapşırılsın ki, milli himn, dövlət gerbi və möhürü layihələrinin təqdim edilməsi üçün 50.000 rubl birinci, (milli himn üçün – K.Ş.) 25.000 rubl ikinci üçün (dövlət gerbi və möhürü üçün – K. Ş.) mükafatla müsabiqə elan etsin.
Azərbaycan Respublikası hökumətinin məlumatları. (rus dilində) 1920. 11 fevral, No 10."
Rəsmi dövlət qəzetlərində hökumətin bu qərarı geniş işıqlandırılır və müsabiqənin şərtləri haqqında məlumat verilir. Müsabiqə şərtlərinə görə, layihələr 1920-ci il 1 may tarixinə qədər bağlı zərfdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilməlidir. Eyni zamanda iştirakçılar qeyd olunan predmetlər üzrə təqdim etdikləri layihədə öz əsərlərinin yaradılmasına xidmət edən tarixi, siyasi səbəbləri və gerçəklikləri ətraflı izah etməlidirlər. ("Azərbaycan" qəzeti, (rus dilində) 1920, 19 fevral, No 33).
Məlumdur ki, elan olunmuş müsabiqəyə yekun vurmaq mümkün olmadı. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşeviklər tərəfindən işğal olundu. Cəmi 23 ay davam edən müstəqilliyimizə qəsb edildi. Cümhuriyyət qurucularına qarşı amansız təqiblər başladı.
Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarif Nazirliyinin dəftərxanasına müsabiqədə iştirak üçün təhvil verilən sənət nümunələrinin sonrakı taleyi bu günə qədər məlum deyil. Bu müsabiqədə kimlər iştirak etmək üçün müraciət edib, iştirakçıların sayı, onların təqdim etdikləri əsərlər haqqında hər hansı bir məlumat əldə etmək hələ ki mümkün olmayıb. Lakin bir fakt ümidimizi itirməmək üçün bizə əsas verir ki, nə zamansa Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilən əsərlərin sorağını ala biləcəyik.
İstedadlı jurnalust, araşdırmaçı Dilqəm Əhməd bir neçə il bundan əvvəl İstanbulda bir kolleksionerdən AXC gerbinin eskizinin orijinal nüsxəsini əldə edib. Bu fakt düşünməyə əsas verir ki, ölkəmiz bolşeviklər tərəfindən işğal olunanda cümhuriyyətçilər Xalq Maarif Nazirliyinin dəftərxənasından bəzi sənədləri özləri ilə apara bilmişlər. Əgər müsabiqəyə təqdim olunan gerbin orijinal eskizi İstanbulda bir kolleksionerdə aşkar olunubsa, demək, himn üçün təqdim olunan əsərləri də Türkiyədə axtarmaq lazımdır. Əgər bu məlumatlar əldə olunarsa, onda bir çox suallara cavab verilmiş olacaq.
Bir maraqlı faktı da qeyd etməyi vacib sayıram. Himn üçün elan olunmuş müsabiqədə kimlərin, neçə bəstəkar və şairin iştirakı haqqında dəqiq məlumat olmasa da, tanınmış türk bəstəkarı və musiqişünası İsmayıl Zühtü Kuşçuoğlunun müsabiqəyə öz əsərini göndərməsi haqqında bilgilər vardır.
İsmayıl Zühtü Bəy (1877-1924) Krım savaşından canlarını qurtarmaq üçün gəldikləri Bolqarıstanın Aydoş qəsəbəsinə köçmüş ailədə dünyaya gəlib. Hələ qundaqda ikən ailəsi İstanbula gəlmiş, lakin iki ildən sonra yenidən Bolqarıstana qayıtmışlar. İsmayıl üç yaşında olanda atası çiftçi (nalbənd) Əhməd Ağa Kuşçuoğlu vəfat edir. Bir müddət sonra anası Ayşə xanım ikinci dəfə ailə qurur. İsmayılın atalığı ona qarşı olduqca mərhəmətsiz davranır. 8-9 yaşında uşağı çobanlıq etməyə məcbur edir. İsmayıl 10 yaşında olanda atalığı vəfat edir və o, anası Ayşə xanımla Türkiyəyə, İzmirə köçür.
İzmirdə bugünkü Mithatpaşa Endüstri Meslek Liseyinin olduğu yerdə İzmir Sənaye Məktəbi fəaliyyət göstərirdi. İsmayıl Zühtü bəy bu məktəbə daxil olur və musiqi bölümündə təhsil alır. Həmin illərdə məktəbdə dərs deyən dövrünün məşhur pianoçusu, "Macar Tevfik" adıyla tanınan Alessandro Voltandan piano, harmoniya və kontrapunkt, Şem Tov Şikardan türk musiqi nəzəriyyəsi dərsləri alan İsmayıl Zühtü bəy peşəkar musiqiçi kimi formalaşlr. Ona görə də məzun olduğu məktəbdə yaradılan ansambla rəhbər təyin olunur. Şagirdlərdən ibarət Avropa tipli bu ansambl İzmirdə konsert proqramları ilə çıxış edən ilk ansambl sayılır. Onlar şəhərin bütün mədəni tədbirlərində iştirak edir və qısa zamanda tamaşaçıların rəğbətini qazanırlar. Hətta o dövrdə həftə sonu Torbalıdakı Sultan Çifliyindəki at yarışmaları zamanı konsertlərlə çıxış edirdilər. İsmayıl Zühtü bəyin rəhbətlik etdiyi ansamblın sorağı bütün Türkiyəyə yayılır.
İsmayıl Zühtü bəy 1913-cü ildə İzmirdə böyük bəstəkar Adnan Sayqunun atası Cəlal Bəyin tövsiyəsi ilə yeni açılan İttihat və Tərəqqi Məktəbinə dəvət alır və bu məktəbdə dərs deməklə yanaşı, dördsəsli xor yaradır.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda İsmayıl Zühtü bəy hərbi xidmətə çağırılır və Çanakkala döyüşlərində iştirak edir. Məşhur yazıçı və türk musiqi tarixinin araşdırıcısı Ahmet Say "...İsmayıl Zühtü, Çanakkaleden sağ çıkmışdır. Bu, bir möcüzədir..." yazır. (Ahmet Say. Sanattan yansımalar portalı. İsmail Zühtü bey. 18 oktyabr, 2015).
1920-ci ildə İsmayıl Zühtü bəy Qurtuluş Savaşında işğalçılara qarşı döyüşmək üçün könüllü olaraq yenidən çəbhəyə yollanır. Eskişehirə gələn bəstəkar Qərb Cəbhəsi Komandanlığı tərəfindən Qərb Cəbhəsi hərbi orkestrinə rəhbər təyin edilir. Daha sonra bəstəkar Ankarada Türkiyə Böyük Millət Məclisinin orkestrinə rəhbərlik edir. İsmayıl Zühtü bəy Böyük Millət Məclisi orkestrinə dirijorluq edən ilk türk bəstəkarı idi. Dirijorluqla yanaşı, böyük bəstəkar eyni zamanda Ankara məktəblərində musiqi dərsləri verirdi.
İsmayıl Zühtü bəy Ankarada BMM-nin bağcasında hər axşam simfonik orkestrin konsertlərini təşkil edirək müharibə səbəbindən ruh düşkünlüyü yaşayan soydaşlarının əhvalını yüksəltməyə çalışlrdı. Bu konsertlər tamaşaçıların böyük rəğbətini qazanmışdı. Belə konsertlər Qurtuluş Savaşı zamanı böyük əhəmiyyət kəsb edirdi. Bəstəkarın vətənpərvərlik ruhunda yazdığı marşlar insanlarda ruh yüksəkliyi yaradırdı. Milli düşüncəyə sahib olan İsmayıl Zühtü bəy bütün yaradıcılığı boyu, istər uşaqlar üçün yazdığı 100-dən artıq mahnıları ilə, istərsə də vətəndə baş verən hadisələrə həsr etdiyi əsərləri ilə türk insanının milli özünüdərkinə xidmət göstərirdi. İzmirin yunanlar tərəfindən işğalına həsr etdiyi "Fəryad" (Feryat), Əskişəhərdə bəstələdiyi "Türkün duası", "Türk ocağı marşı", "İzmir yurdu marşı", "Hamidiyanın akını", "Türk Donanma marşı", "Hürriyətin səsi", "Koroğlu", "Selanik marşı" onun ən məşhur əsərlərindəndir. Bəstəkarın gənc şair Kemalettin Kamunun sözlərinə yazdığı "Türkün duası" əsəri İzmirin işğalı səbəbindən matəm içində olan millətin duası idi.
Türkün duası
Sarmış matem boroları,
Saz benizli ovaları,
Boynu bükük yuvaları.
Sen himaye et, ya Rabbi.
Bir gün sabah olur diye,
Katlandık her işkenceye,
Bu nihayetsiz geceye
Bir nihayet ver, ya Rabbi.
12 mart 1921-ci ildə Birinci Türkiyə Böyük Millət Məclisində Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi iclasda "Çanakkale şehitlerine", "Bülbül" kimi dillər əzbəri olan şeirlərin müəllifi Mehmet Akif Ersoyun Türk Ordusuna həsr etdiyi şeiri İstiklal marşı olaraq qəbul edildi. Ölkə savaş içində olduğu üçün İstiklal marşına musiqi yazmaq iki il ertələndi. Lakin bir çox bəstəkarlar, İsmayıl Zühtü bəy də daxil olmaqla, İstiklal marşı üçün musiqi müsabiqəsini gözləmədən Mehmet Akif Ersoyun sözlərinə musiqi bəstələmişdilər. Ölkənin müxtəlif yerlərində eyni sözlər fərqli bəstələrlə oxunmağa başlandı. Ədirnədə Ahmet Yekta bəyin, İzmirdə ve Əskişəhərdə İsmayıl Zühtü bəyin, Ankarada Osman Zeki bəyin, İstanbulda Ali Rifat bəyin və Zati bəyin bəstələri oxunurdu.
12 fevral 1923-cü ildə İstanbul Maarif Müdirliyinə bəstə yarışması keçirmək tapşırığı verildi. 24 bəstəkarın iştirak etdiyi müsabiqədə qalib elan olunmadı.
1924-cü ildə münsiflər heyəti Ali Rifat Çağatayın bəstəsini İstiqlal marşı kimi qəbul etdi. 6 ildən sonra İstiqlal marşının musiqisi dəyişdirildi. 1930-cu ildə Cümhurbaşkanlığı Simfonik Orkestrin dirijoru Osman Zeki Üngörün 1922-ci ildə yazdığı və bu günə qədər səslənən musiqi İstiqlal marşının musiqisi kimi təsdiq edildi.
1877-1924-cü illər arasında yaşamış İsmayıl Zühtü bəy qardaş Türkiyə musiqi tarixinin ən önəmli simalarındandır. O, ilk operanın, ilk simfoniyanın, ilk sonatanın, kamera instrumental janrının yaradıcısıdır. İsmayıl Zühtü bəy Türkiyə Cümhuriyyətinin ilk dövlət sənətçisi adına layiq görülsə də, sonrakı illərdə adı unudulmuş, əsərləri it-bata düşmüşdür. Bəstəkarlıqla yanaşı, İsmayıl Zühtü bəy pedaqoji fəaliyyəti, musiqi tədrisinin təşkili sahəsində də misilsiz xidmətlər göstərmişdir. Türkiyənin ən görkəmli bəstəkarlarından olan Adnan Sayqunun da ilk müəllimi İsmayıl Zühtü bəy olmuşdur.
Böyük bəstəkar, dərin düşüncə sahibi İsmayıl Zühtü bəy Türkiyə Cümhuriyyəti öncəsi dönəmində qardaş Azərbaycan xalqının öz müstəqilliyini elan etməsini ürəkdən alqışlamış və AXC-nin 1920-ci ildə elan etdiyi Dövlət Himni müsabiqısinə qoşularaq "Azərbaycan marşı" yazaraq Bakıya göndərmişdir.
İsmayıl Zühtü bəyin bəstələdiyi "Azərbaycan marşı" ilə əlaqədər olduqca maraqlı məqamları qeyd etməyi vacib hesab etdiyim üçün bu əsərin yazılması,
Azərbaycana göndərilməsi, illər sonra necə, hardan və kim tərəfindən aşkarlanması haqqında topladığım məlumatları diqqətinizə çatdırmaq idtəyirəm.
İlk dəfə bu əsər haqqında 2001-ci ildə hörmətli alimimiz, tarix üzrə fəlsəfə doktoru, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova məlumat vermişdi. "Elmi araşdırmalar" jurnalının 2001-ci il 3-4-cü sayında (səh. 192-194) "Ədəbi qayıdışa ölüm imkan vermədi" adlı məqaləsində Firdovdiyyə xanım AMEA Əlyazmalar İnstitutunun arxivində görkəmli dövlət xadimi Nəriman Nərimanova aid bir neçə sənədin aşkarlanması haqqında maraqlı yazı ilə çıxış etmişdi. Tarixçi alim qeyd edir ki, Əlyazmalar İnstitutunun arxivində əski əlifba ilə yazılmış dörd kağız vərəqi (şeirin üçü oxşar, biri fərqli xətt formasındadır) saxlanılır. Oxşar xəttlə yazılmış sənədlərdən biri Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl, 1925-ci ilin yanvar ayında 5 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətnamə-bitməmiş məktubudur. Məktub nəzmlə yazılmış, dörd bəndlik şeir formasındadır. Fərqli görünən xətlə yazılmış iki bəndlik şeir ASSR Xalq Komissarları Soveti sədrinin şəxsi katibi vərəqində yazılıb.
Bu arxiv sənədini mən də əldə edib diqqətlə baxdım. ASSR Xalq Komissarları Soveti sədrinin səxşi katibinin vərəqində yazılmış iki bəndlik şeirin 1922-ci ildə qələmə alındığı qeyd olunur. Bu olduqca maraqlı fakt çox diqqətçəkəndir və bəzi mülahizələrə yol açır. Yuxarıda qeyd olunduğu kimi, İsmayıl Zühtü bəy 1920-ci ildə AXC Hökumətinin Dövlət Himni haqqında elan etdiyi müsabiqədə iştirak etmək üçün əsər yazır və Azərbaycana göndərir. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə XI qırmızı ordunun ölkəmizi işğalı nəticəsində Dövlət Himni üçün elan olunmuş müsabiqəni yekunlaşdırmaq mümkün olmur. Müsabiqədə iştirak etmək üçün AXC Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim olunmuş əsərlərin sonrakı taleyi haqqında isə bu günə qədər heç bir məlumat əldə olunmayıb. Ona görə də Nəriman Nərimanovun səxsi arxivində saxladığı, daha sonra AMEA-nın Əlyazmalar İnstitutuna təhvil verilən bu sənəd böyük əhəmiyyət kəsb edir.
Firdovsiyyə Əhmədovanın üzə çıxartdığı bu sənəddə qeyd olunmuş şeirin əvvəlcə Nəriman Nərimanova aid olduğu bildirilirdi. Çünki şeirin müəllifi göstərilməyib (Bu məqamı yadda saxlamaq lazımdır. Daha sonra bu haqda düşündüklərimi qeyd edəcəyəm). Nəriman Nərimanova məxsus sənədlərin arasında tapıldığına görə ona aid olduğu iddia olunurdu. Bu hal 2020-ci ilə qədər davam etmişdi. Nəhayət, 2020-ci ildə jurnalist Rəşad Sahil türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabında (Atilla Oral, "Nuri Killigil" səh. 121) həmin şeirə rast gəlir. Burada şeirin müəllifi İsmayıl Zühri göstərilir (əslində, İsmayıl Zühtü bəy olmalıdır). Atilla Oral şeirin istinadı kimi "Yeni Kafkasiya" dərgisini göstərir. Bunu görən Rəşad Sahil tarixçi-alim Firdovsiyyə xanımla əlaqə saxlayır və Nəriman Nərimanova aid edilən şeirin başqa müəllifə aid olduğu haqda ona məlumat verir. Firdovsiyyə xanım da "Yeni Kafkasiya" dərgisini nəşrə hazırlayan türkiyəli alim, professor Yavuz Akpinarla əlaqə saxlayaraq dərgidə belə bir şeirin olması barədə sorğu göndərir. Bir müddət sonra Yavuz Akpinar Bakıya gəlir və Firdovsiyyə Əhmədova Rəşad Sahillə birlikdə türkiyəli alimlə görüşür. Bu görüş haqqında Rəşad Sahil 26.02.2020-ci ildə "admiral.az" saytında yazı dərc edir. Yavuz Akpinar və Firdovsiyyə Əhmədova ilə aparılan müsahibədən məlum olur ki, bu şeirin müəllifi İsmayıl Zühtü bəydir. Yavuz Akpinar "Yeni Kafkasiya" dərgisinin 28 may 1925-ci il tarixli sayından sitat gətirir:
– Sizə "Yeni Kafkasiya" dərgisindən bir yazı oxuyum. Dərginin 28 may 1925-ci il tarixli sayında İsmayıl Zühtü ilə bağlı çox aydın şəkildə yazılıb: "Yuxarıda dərc etdiyimiz şeir məşhur bəstəkar, izmirli mərhum Zühtü bəyindir. Azərbaycanımızın istiqlalı elan olunmasından cuşə gələn qiymətli sənətkar, bu şeiri yazaraq bəstələyib. Bəstəni də İzmirdə və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə öyrədib".
Yavuz Akpinarın bu müsahibəsindən sonra Azərbaycanda bu şeirin Nəriman Nərimanova deyil, İsmayıl Zühtü bəyə aid olması təsdiqini tapmış oldu. Türkiyə mənbələrinin çoxunda da "Yeni Kafkasiya"ya istinad olunaraq şeirin İsmayıl Zühtü bəyə aid olması mübahisə doğurmurdu.
Əslində isə İsmayıl Zühtü bəy bu şeirə musiqi bəstələyərək "Azərbaycan marşı"nı yazmışdı. Şeirin müəllifi isə böyük türk yazıçısı, ədəbiyyat tarixçisi, ədəbiyyatşünas, jurnalist, siyasətçi İsmayıl Həbib Sevükdir.
Mən uzun müddət İsmayıl Zühtü bəyin "Azərbaycan marşı" ilə bağlı məlumatları araşdırmaqla məşğul olmuşam. Bu əsərin notlarını hələ də əldə edə bilməsəm də, marşın söz müəllifinin tanınmış ədəbiyyatçı İsmayıl Həbib Sevükün olması haqqında danılmaz faktlar toplamışam.
İsmayıl Həbib Sövük bu əsər haqqında öz xatirələrinə yazır:
"1920-ci ilin ilk ayları. Müzəffər müttəfik dövlətlər Türk Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etdilər. Qatı qaranlıqda bir kibrit işığının belə bir lampa parıltısından daha qüvvətli görünməsi kimi, işğal altındakı İzmirdə də bu xəbər bizi, bəlkə də, öz mahiyyətinin haqqı olan səadət payından qat-qat çox sevindirmişdi.
Hələ daima coşğun yaşayan İsmayıl Zühtü; xəbəri nərə çəkən bir əda ilə hayqıraraq liseydəki otağıma girdiyi zaman, ustadı, ruhu qanadlanaraq ayaqları yerdən qalxmış sanmışdım. Xoş-beşə belə vaxt buraxmadan "Haydı mənə dərhal bir marş sözləri yaz" dedi. "Nə marşı?" deyirəm. "Azərbaycan üçün, canım" deyir. "Sənə mənim şeir yazdığımı kim söylədi? Mən şair deyiləm". Ustadda partlayıcı bir qəzəb: Vay, qırx ildə bir kiçik xahişdə bulunmuş, zatən hiz... Baxdım söyüşləri sıralayacaq, "Yaxşı, yaxşı" deyirəm.
Marşın sözləri səkkiz hecalıq iki qitədən mürəkkəb olacaqmış, misralar çox uzun olarsa, marşa gəlməzmiş; hər iki qitənin nəqərat mahiyyətində ayrıca birər beyti də tapılacaq. "Dərziyə ölçülü-biçili paltarmı sifariş edirsən?" deyirəm. Boşboğazlığı burax" deyir. Can adamı qırmaq əlimizdə deyil. "Bunun adı nə olacaq?" dedim. "Qardaş salami, canım, anlamadınmı?" dedi. Bu söz yazılacaq şeyin bütün ruhunu ilhamlandırmışdı:
Hilal artıq söndü deyə
Sevinmişdi düşmən niyə?
Hilal birkən iki oldu,
Salam bizdən ikinciyə!
Gerisinə lüzum yox. "Allah səni həməncik müvəffəq etdi, məni də inşallah bir həftəyə edər" deyərək kağızı qapdığı kimi çıxıb getdi.
Bir həftə deyil, üç gün, sanki heç çıxmayacaqmış kimi evinə qapandı. Dördüncü gün, çöhrəsində bayram sevinci ilə otağıma girdi: "Oldu, oldu, həm də gözlədiyimdən daha yaxşı oldu!" – deyərək not vərəqindən marşı oxumağa başladı.
Xüsusilə dördüncü misra: "Salam bizdən, salam bizdən, Salaaam bizdən ikinciiiyə!" – deyə "salam bizdən" ifadəsinin üç dəfə ard-arda təkrarlanması, üçüncüdə isə tamamilə uzanaraq "ikinci" sözünün üzərinə yüklənməsi, onu da bu üçlü dalğanın sürəti ilə üç-dörd qat uzadıb Əbdülhəmid marşındakı oynaqlığı
xatırladan bir səs əzəmətinin yaranması... Ustadı təkcə qollarımla deyil, bütün qəlbimlə sarılaraq təbrik edirəm.
Növbəti il, 1921-ci il oktyabrın 8-i. Azərbaycanın Ankara Səfirliyinə təyin edilən İbrahim Əbilov; 27-si kişi, 9-u qadın olmaqla, böyük bir heyət ilə vəzifəsinin icrasına getmək üçün Kastamonuya gəldi. Baş redaktoru olduğum gündəlik "Açıq söz" qəzetində bu gəlişi şərəfləndirmək üçün "Qardaş hökumətin səfiri" başlıqlı bir yazım çıxmışdı.
Səfirin şərəfinə verilən və bölgənin bütün irəli gələnlərini toplayan ziyafətdə qarşılıqlı nitqlər söyləyirik. Salon çox səmimi bir ab-hava ilə doludur. Əbilovun şirin bir Azərbaycan şivəsi ilə danışması hamımızın xoşuna gəlirdi. Söhbət əsnasında: "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" – deyərək "Salam bizdən, salaaaam bizdən..." deyə bizim o məlum marşı oxumağa başlamasınmı?
Bir dostumun həmin marşın sözlərinin mənə aid olduğunu söyləməsi üzərinə səfirin nəzərində qiymətim artmış olacaq ki, növbəti gün Kastamonudan ayrılarkən, o vaxt orada İstiqlal Məhkəməsi sədri olan Nəcati bəydən başqa, mənə də bir papaq dərisi hədiyyə etdi; qıvrım-qıvrım, qızılı parıltılı bir Astraxan dərisi..."
(İsmayıl Həbib Sevük "Milli mücadele hatıralarından" Bir marş hikayesi. Cümhuriyyət, səh. 2. 15 nisan (aprel), 1948).
Yazıqlar olsun ki, bu "Qardaş salamı" – "Azərbaycan marşı"nın musiqisini eşitmək, onu yenidən ifa etmək hələ ki mümkün deyil. İsmayıl Həbib Sevük xatirələrində Azərbaycan SSR-in Türkiyədə ilk səfiri İbrahim Əbilovun "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" deməsi sübut edir ki, bu əsər ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Hətta Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası İttifaqının sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri, görkəmli dövlət xadimi Nəriman Nərimanovun da diqqətini cəlb etmiş və o bu marşın sözlərini köçürtdürərək özündə saxlamışdır. Əslində, elə tarixçi-alim Firdovsiyyə Əhmədova bu əsəri Nərimanovun Əlyazmalar İnstitutuna təhvil verilmiş arxivindən üzə çıxarıb. Nəriman Nərimanovun müəmmalı ölümündən sonra onun iş otağında və evində aparılan axtarışlara, müsadirə olunan çoxsaylı sənədlərə rəğmən, bu şeirin necə qorunub günümüzə çatması haqqında maraqlı məlumatları bir qədər sonra diqqətinizə çatdıraram. İndi isə böyük bəstəkar İsmayıl Zühtü bəyin türkçülüyə xidmətləri haqqında məlumatlara nəzər salaq.
Türkiyəli musiqişünas alim Seymen Özdeniz İsmayıl Zühtü bəyin həyat və yaradıcılığına həsr olunmuş araşdırma yazılarından olduqca maraqlı məlumatlar toplamışdır. Bu akademik yazılar Dokuz Elül Araştırma Universitesi 3. Uluslararası Sanat-Tasarım Konfransı, Perfomans və Sergisi. 14-15 Kasım 2023. İzmir., (Seymen Özdeniz. "Türk müzik tarihinin kayıp besteçisi: İsmail Zühtü. səh. 85-104) və Konya Selcuk Universitesi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci Uluslararası Sosyal ve Ekonomik Araştırmalar Ögrenci Kongresi. 2-3 mayıs, 2024. Bakü / Azerbaycan. Tam metin bildiri kitabında (Seymen Özdeniz "Kardeş ülke Azerbaycana marş armağan eden bestekar: İsmail Zühtü bey". seh. 99-111) çap edilmişdir. Bu yazılarda olduqca qiymətli məlumatlar yer alıb. Diqqətimi çəkən bəzi tarixi məlumatları sizin də nəzərinizə çatdırmaq istəyirəm:
"Türk ocağının 1912-ci ilin martında İstanbulda qurulmasından sonra həmin ilin avqustunda rəsmən açılmış İzmir şöbəsinin ilk rəhbəri dövründə ustad qəbul edilmiş fikir adamlarından Nəcib Türkçü idi. II Meşrutiyet dövrü İzmirin ən önəmli mədəniyyət mərkəzkərindən olan Türk Ocağı şöbəsində Türk gəncləri tez-tez toplanır, burada təşkil olunan konfrans və konsertləri izləyirdilər. Misal olaraq 1913-cü ilin iyulunda İstanbuldan gələn Əhməd Ağaoğlu, Hamdullah Suphi, Fuat Köprülü, Ali Canip, Aka Gündüz və Kazım Nami kimi tanınmış isimlərin verdiyi konfranslar və Köprülünün “Türkün duası” adlı şeirinin İsmayıl Zühtünün bəstələrinin müşayiəti ilə bir pyes şəklində təmsil edilməsi İzmirdə uzun zaman danışılan bir hadisə idi. Bundan başqa, milli teatrların da göstərildiyi Türk Ocağı, Barışıq və Yunan işğalı təhlükəsi qarşısında xalqı maarifləndirmək və dirənişə təşviq etmək kimi bir çox məsələlərdə də önəmli rol oynamışdır. Bu ocağın aktiv gənclərinin daha sonra Cümhutiyyət Türkiyəsində önəmli vəzifələr daşıdıqları da qeyd olunmalıdır" (Karahan T. Tokadizade Şekip Beyin Derviş Sözleri adlı eseri. Akademik Dil ve Edebiyat dergisi, cilt: 4, sayı: 1, s. 27-58.)
Seyfeddin Pamuk "Türk ocağı marşları ne oldu?" məqaləsində (Türk yurdu, cilt: 28, sayı: 256, s. 64-65) Türk ocağı üçün bir çox marşların yazıldığını qeyd edir. 1918-ci ildə İsmayıl Zühtü bəyin "Türk ocağı marşı"nı bəstələdiyi və bu marşın Türk ocağının toplantılarında oxunduğu bildirilir. Marşın sözlərinin müəllifi və nə zaman yazıldığı bəlli deyil. "Türk ocağı marşı"nın sözləri aşağıda verilmişdir:
Türküz, ederiz daim iftihar,
Hilkatle başlar tarihimiz var.
Kalplerde türklük aşk ile çarpar,
Yok bize başka yar...
Önde sancak, elde süngü, kalpde Tanrı biz,
Dünyaya hakim olmak isteriz.
Mektebimiz Türk ocağı, mefkuremiz yüce, parlak
Turandır hep ancak.
(Seymen Özdeniz. "Türk müzik tarihinin kayıp besteçisi: İsmail Zühtü". III. Uluslararası Sanat-Tasarım Konferansı.
İzmir. 2023, s. 96-97).
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İsmayıl Zühtü bəy dövrünün görkəmli fikir adamları ilə əqidə dostluğunda olmuş və türkçülüyün, Turan ideyasının təbliğinə xidmət etmişdir. Ona görə də onun "Kardeş salamı" – "Azərbaycan marşı" yazıb ölkəmizə göndərməsi bir təsadüf deyil, əqidəsinin təzahürü idi.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Azərbaycan Texniki Universitetində "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən icra olunan "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı layihə çərçivəsində Azərbaycan Texniki Universitetində görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələri, Universitetin pedaqoji kollektivi və tələbələr iştirak edib.
Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev tədbir iştirakçılarını salamlayaraq layihənin önəmi və Universitetdə təşkil olunmasının faydası haqqında fikirlərini bölüşüb.
Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri, şair-publisist İntiqam Yaşara verilib. O çıxışı zamanı layihə haqqında geniş məlumat verib, layihə çərçivəsində çap olunmuş kitab və kitabda yer alan müəlliflər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
DGTYB başqan müavini şair Ayşən Rəhimin aparıcılığı ilə baş tutan tədbir, günün fəxri qonağı, görkəmli şair-publisist Rüstəm Behrudinin çıxışı ilə davam edib. Oədəbiyyatın cəmiyyətdə vacib yerindən, şeirin önəmindən bəhs edən geniş çıxış edib, tədbir iştirakçıları üçün şeirlərini səsləndirib.
Layihənin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı şair-publisist Əkbər Qoşalı çıxış edərək ədəbiyyat, ədəbi görüşlər, layihə çərçivəsində çap olunmuş kitab haqqında fikirlərini bildirib.
Azərbaycan Texniki Universiteti Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Akif Nağı çıxış edərək layihənin önəmindən bəhs edib.
Görüşün davamında layihə çərçivəsində çap olunmuş kitabda yaradıcılıq nümunələri yer alan şair-publisistlər Yusif Nazim və Ayşən Rəhim layihə haqqında fikirlərini bölüşüb, şeirlərini səsləndiriblər.
Sonra Universitetin tələbələri Canpolad Quliyev və Sevinc Əhmədova təqdim olunan kitabda yer alan şeirlərdən bir neçəsini səsləndiriliblər.
Görüşün sonunda Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən layihədə yer alan müəlliflərə plaketlər və diplomlar təqdim olunaraq kollektiv foto çəkilib.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


