Super User
İnsanlar yarımçıq qalan işlərini tamamlanmışlardan daha yaxşı xatırlayırlar
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsanlar bəzən heç yaşamadıqları həyatlar üçün darıxırlar. İlk baxışda bu fikir qəribə səslənsə də, əslində hər kəs həyatında ən azı bir dəfə belə bir hiss yaşayıb. Hər həftə səbirsizliklə yeni bölümünü gözlədiyimiz serialın qəfil yayımdan qaldırılması, sevdiyimiz kitab seriyasının davamının heç vaxt yazılmaması, müəllifin yarımçıq qoyduğu əsərin sonunun naməlum qalması və ya uzun müddət izlədiyimiz bir hekayənin xəbərdarlıq edilmədən yoxa çıxması insanın daxilində qəribə bir boşluq yaradır.
Maraqlıdır ki, bu hiss real hadisələrdən qaynaqlanmır. Həmin insanlar gerçək deyil, həmin şəhərlər, küçələr, münasibətlər və talelər yazıçıların, ssenaristlərin və rejissorların təxəyyülünün məhsuludur. Buna baxmayaraq, bir gün həmin dünya yoxa çıxanda insan sanki həqiqətən nəyisə itirmiş kimi hiss edir.
Əslində bunun səbəbi insan beyninin hekayələrlə qurduğu xüsusi əlaqədə gizlənir. Min illərdir insanlar dünyanı hekayələr vasitəsilə anlamağa çalışırlar. Ən qədim miflərdən, dastanlardan və əfsanələrdən tutmuş müasir romanlara, filmlərə və seriallara qədər hekayələr insan təfəkkürünün ayrılmaz hissəsinə çevrilib. Hekayə bizim üçün sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda həyatı mənalandırmaq üsulu olub. Məhz buna görə də sonluq gəlməyəndə narahatlıq yaranır. Beyin yarımçıq qalmış hekayəni bağlamaq, onun son nöqtəsini tapmaq istəyir, lakin bunu bacarmır. Psixologiyada bu vəziyyət "Zeigarnik effekti" adlanan nəzəriyyə ilə izah olunur. XX əsrin əvvəllərində sovet psixoloqu Bluma Zeigarnik müəyyən etmişdi ki, insanlar yarımçıq qalan hadisələri və işləri tamamlanmış hadisələrdən daha yaxşı xatırlayırlar. Çünki tamamlanmış hadisə beyində bağlanır və yaddaşın dərinliklərinə çəkilir, yarımçıq qalan hadisə isə açıq qapı kimi qalır və insan şüuru onu təkrar-təkrar düşünməyə başlayır. Bəlkə də buna görə illər əvvəl qəfil dayandırılmış bir serialın adını və qəhrəmanlarını hələ də xatırlayırıq, halbuki normal şəkildə final etmiş onlarla başqa serial artıq yaddaşımızdan silinib.
Xüsusilə televiziya dünyasında bu hadisə tez-tez yaşanır. Reytinq uğrunda amansız mübarizənin getdiyi televiziya sektorunda onlarla serial gözlənilmədən yayımdan qaldırılır. Tamaşaçılar aylarla, bəzən illərlə izlədikləri personajların taleyini heç vaxt öyrənə bilmirlər. Hadisələr ən maraqlı nöqtədə dayanır, sirlər açılmır, münasibətlər yarımçıq qalır və tamaşaçı həmin dünyanın sonunu görmək imkanından məhrum olur. Bir gün həmin insanlar ekranlarda yaşayır, öz problemləri, sevgiləri və mübarizələri ilə tamaşaçıların gündəlik həyatının bir hissəsinə çevrilirlər, növbəti gün isə sanki heç mövcud olmamış kimi yoxa çıxırlar. Lakin əslində onlar yox olmurlar. Həmin personajlar tamaşaçıların yaddaşına köçür, sosial şəbəkələrdə, internet forumlarında və fan səhifələrində yaşamağa davam edir. İnsanlar onların taleyi barədə nəzəriyyələr qurur, alternativ sonluqlar yazır və bəzən öz fantaziyalarında həmin hekayələri davam etdirirlər.
Bu vəziyyət təkcə seriallara aid deyil. Ədəbiyyat tarixi də yarımçıq qalmış əsərlərlə zəngindir. Məşhur yazıçı Çarles Dickens 1870-ci ildə vəfat edəndə son romanı olan The Mystery of Edvin Drood yarımçıq qalmışdı. O vaxtdan bəri minlərlə oxucu və tədqiqatçı əsərin sonunun necə olacağını anlamağa çalışır. Müxtəlif nəzəriyyələr irəli sürülüb, saysız-hesabsız məqalələr yazılıb, hətta romanı tamamlamaq cəhdləri də olub. Eyni vəziyyət Franz Kafka ilə bağlı da yaşanıb. Kafka ölümündən əvvəl dostu Max Broddan əlyazmalarını məhv etməsini istəmişdi. Lakin Brod bu vəsiyyəti yerinə yetirmədi və nəticədə yarımçıq qalmış əsərlər sonradan dünya ədəbiyyatının ən böyük nümunələri sırasında yer aldı. Maraqlıdır ki, bəzən məhz yarımçıq qalan əsərlər tamamlanmış əsərlərdən daha çox maraq doğurur. Çünki müəllif son nöqtəni qoymur və həmin nöqtə oxucunun xəyal gücünə həvalə olunur.
Tarixdə bunun kimi çoxsaylı nümunələr mövcuddur. Məşhur bəstəkar Volfqanq Amadeus Mozart özünün məşhur "Rekviyem" əsərini tamamlamadan dünyasını dəyişmişdi. Sonradan başqa musiqiçilər əsəri tamamlasalar da, bu günə qədər hansı hissələrin həqiqətən Motsarta aid olduğu barədə mübahisələr davam edir. İntibah dövrünün dahisi Leonardo da Vinci də arxasında çoxlu yarımçıq layihələr qoyub getmişdi. Onun bitməmiş ixtiraları, tamamlanmamış elmi araşdırmaları və sona çatdırılmamış sənət əsərləri əsrlərdir insanlarda maraq doğurmağa davam edir. Çünki tamamlanmamış işlərin ətrafında həmişə bir sirr pərdəsi qalır və insan təxəyyülü həmin boşluqları doldurmağa çalışır...
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Şərqin sönməyən ulduzu: dövrün epik siyasi dramı – "Ulduzlar sönmür"
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kino tarixində elə ekran əsərləri var ki, onlar sadəcə bir şəxsiyyətin bioqrafiyasını deyil, bütöv bir dövrün xaosunu, sarsıntılarını və ictimai-siyasi mənzərəsini özündə daşıyır. 1971-ci ildə "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının müştərək istehsalı kimi işıq üzü görən "Ulduzlar sönmür" tammetrajlı bədii filmi məhz belə epik ekran əsərlərindəndir.
Görkəmli dövlət xadimi, yazıçı, dramaturq və həkim Nəriman Nərimanovun ziddiyyətli, faciəvi və fədakar ömür yoluna həsr olunan bu film, sovet dövrünün sərt senzura çərçivələrinə rəğmən milli kinomuzun ən cəsarətli nümunələrindən biri kimi qəbul edilir.
İki nəhəng imzadan doğan ssenari: rejissor və yazıçı tandemi
Filmin bu qədər dərin və təsirli alınmasının əsas səbəbi onun yaradıcı nüvəsində dayanan sənətkarlardır. Filmin quruluşçu rejissoru – həm SSRİ-də, həm də beynəlxalq miqyasda, xüsusilə Vyetnam milli kinosunun formalaşmasında böyük nüfuza malik olan Əjdər İbrahimov idi. Onun miqyaslı təfəkkürü filmə epik nəfəs gətirmişdi. Ssenari müəllifi isə Azərbaycan ədəbiyyatında fəlsəfi-tarixi nəsrin banilərindən olan, hər cümləsində milli təəssübkeşlik gizlənən İsa Muğanna (Hüseynov) idi.
Onların birgə fəaliyyəti sayəsində film sadəcə sovet ideologiyasını tərənnüm edən bir xronika olmadı. Müəlliflər Nərimanovun daxili çırpıntılarını, Şərq dünyasını cəhalətdən qurtarmaq istəyən bir ziyalının fərdi dramını ön plana çıxarmağı bacardılar.
Rolların bölüşdürülməsi: riskli və uğurlu kastinq seleksiyası
"Ulduzlar sönmür" filminin aktyor heyəti həm Moskva, həm də Bakı kino məktəbinin ulduzlarını bir araya gətirmişdi. Baş rola – Nəriman Nərimanov obrazına rus aktyoru Vladimir Samoylovun dəvət edilməsi əvvəlcə yerli mühitdə birmənalı qarşılanmamışdı. Lakin Samoylovun nümayiş etdirdiyi yüksək aktyorluq məharəti, xarakterin daxili əzəmətini və kədərini vizual olaraq tamaşaçıya ötürməsi bu seçimin nə qədər doğru olduğunu sübut etdi.
Filmdə digər diqqətçəkən xətt Hacı Zeynalabdin Tağıyev obrazı idi. Sovet rejiminin burjuaziyaya mənfi münasibət bəslədiyi bir dövrdə, görkəmli aktyorumuz İsmayıl Osmanlı böyük mesenatı elə bir ləyaqət, təmkin və aristokratizmlə canlandırdı ki, obraz filmin ən yaddaqalan xarakterlərindən birinə çevrildi. Dünyanın tanınmış bəstəkarı Arif Məlikovun film üçün bəstələdiyi simfonik musiqi və milli muğam elementlərinin sintezi isə kadrlardakı dramatik gərginliyi ikiqat artırırdı.
Süjetin coğrafiyası və tarixi həqiqətlər
Ekran əsəri Nərimanovun həyatının ən müxtəlif dönəmlərini – onun gənclik illərini, Bakıdakı həkimlik və maarifçilik fəaliyyətini, Həştərxan sürgününü, Moskvada Leninlə apardığı çətin siyasi müzakirələri və Şərq xalqlarının azadlığı uğrunda apardığı mübarizəni əhatə edir.
Filmin çəkilişləri geniş bir coğrafiyada – Bakı, Həştərxan çölləri, Volqa çayı sahili və Moskvada aparılmışdı. 70 mm-lik xüsusi genişformatlı lentlərə köçürülən bu kadrlar dövrün vizual keyfiyyət standartlarını üstələyirdi. Rejissor minlərlə insanın iştirak etdiyi kütləvi xalq səhnələrini lentə almaqla dövrün oyanış və inqilab ab-havasını tam dolğunluğu ilə bərpa edə bilmişdi.
"Ulduzlar sönmür" filmi, Nəriman Nərimanovu sadəcə sovet rəhbəri kimi deyil, öz xalqının və Şərq dünyasının taleyi üçün hər anını fəda edən böyük bir ideoloq kimi gələk nəsillərə tanıdan, zamanın sınağından keçmiş unudulmaz bir ekran incisidir.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Birlikdə sanki dünya daha işıqlı görünürdü…
Aynur İsmayılova.
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Balaca qızcığaz güzgünün qarşısında özünə baxaraq gülümsəyirdi. Axı valideynləri onu çox sevirdi. Bu sevgi onun sahib olduğu ən dərin duyğu idi. Onların yanında həyatın qollarına cəsarətlə, qorxmadan atılırdı. Bilirdi ki, tutunacaq bir dayağı var.
Bilirdi ki, yıxılsa belə onu qaldıracaq əllər var. Bir uşaq üçün bundan böyük xoşbəxtlik ola bilməzdi.
Güzgüdəki gülümsəmə də buna işarət idi. O, təkcə sevmirdi — sevildiyini bilirdi.
Balaca qızcığazın anası gülümsəyərək onun saçlarını hörürdü. Otların arasından dərdiyi çiçəkləri hörüyün ucuna bağladı. Güzgüdə bunu görən qızcığaz sevincək saçlarını yellədi.
Elə o an atası qapının kənarından onlara baxırdı. Yaxınlaşıb qızcığazın yanağından öpdü.
— Mənim ən gözəl çiçəyim, — dedi asta səslə.
Hər üçü bir-birinə baxıb gülümsəyirdi. Birlikdə sanki dünya daha işıqlı, daha təhlükəsiz görünürdü.
Və o anda… oyandı.
Gözlərini açanda qarşısında o güzgü yox idi. O anlar da yox idi. Hər tərəf səssiz idi. Amma bu səssizlik sakitlik deyil, içini sıxan bir boşluq idi.
Çünki heç nə əvvəlki kimi deyildi.
O an anladı — hamısı sadəcə bir yuxu imiş.
Güzgü qarşısında gülümsəyən o qızcığaz…
əslində heç vaxt o qədər xoşbəxt olmamışdı.
Çünki o, heç vaxt sevildiyini hiss etməmişdi.
O aynanın qarşısında isə…
sadəcə buna inanmaq istəyən biri vardı.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru arasında görüş keçirilib
1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfər çərçivəsində UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru Krista Pikkat ilə ikitərəfli rəsmi görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş fövqəladə hallar və böhran vəziyyətlərində mədəni mülkiyyətin təxirəsalınmaz mühafizəsi, bərpası və bu sahədə regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş çərçivəsinddə, mədəni irs obyektlərinin bərpası və mühafizəsi, eləcə də mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Fondun təşəbbüsü ilə keçirilən regional ekspert proqramlarının və təlimlərin səmərəliliyi yüksək qiymətləndirilib.
Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə UNESCO-ya bir sıra yeni və praktiki təkliflər təqdim edib.
UNESCO rəsmisi Krista Pikkat öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal mədəni irsin mühafizəsi və regionda mədəni diplomatiyanın gücləndirilməsi istiqamətindəki fəal rolunu yüksək qiymətləndirib. O, təqdim olunan təşəbbüslərin dəstəklənməsində və fövqəladə hallara hazırlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bəyan edib.
Görüş, humanitar hədəflər naminə tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Uşaqlara qayğı və sevgi ilə
İmişlidə Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunub.
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İyun ayı təqvimlə yayın gəlişini özündə ehtiva edir, amma ilk iyun gününüdə ən çox sevinən, əlbəttə ki, uşaqlar olur. Axı həmin gün bütün dünyada uşaq bayramı – -Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Bu il bu günü tək paytaxtımız deyil, bölgələr də böyük çoşqu içində qeyd etdilər.
31 may və 1 iyun 2026-cı il tarixlərində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli Rayon Mədəniyyət Mərkəzi və İmişli Şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl qəhrəmanları bu gün” adlı əyləncəli musiqili tamaşa nümayiş etdirildi.
Mədəniyyət Mərkəzində səhnələşdirilən tamaşanın ssenari müəllifi və rejissoru Yeganə Gülalıyeva, tamaşanın rəhbəri və səs rejissoru Daşqın İsmayılov, rəssamı Namiq Mehtiyev, musiqi tərtibatçısı isə Tünzalə Qasımova idi.
Səhnə əsərində müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı və rəngarəng səhnələr təqdim olundu. Rolları Baxış Babaşov (Çoban), Elnur Məcidov (Canavar), Valeh Həşimov (Div), Nazlı Nəsirova (Ağca), Kamlı Qədir (Cırtdan), Yağmur Məmmədzadə (Tıq-tıq xanım), Röyal Məmmədzadə (Siçan) və Ümid Hacılı (Məlikməmməd) canlandırırdılar. Vüsalə Hüseynli isə əsl universal aktrisa missiyasını yerinə yetirib birdən-birə həm Kraliça, həm Nənə və həm də Tülkü obrazlarına can verdi.
Nağıl qəhrəmanlarının macəralarını əks etdirən tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənildi, onların sevinc və alqışları ilə qarşılandı. Musiqili və əyləncəli səhnələr balaca tamaşaçılara xoş anlar yaşadaraq bayram əhval-ruhiyyəsi bəxş etdi.
Elə düşünməyin ki, bölgələrdə mədəni həyat Bakıdakıdan cansıxıcıdır. Əsla elə deyil.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair strateji görüş keçirilib
1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo ilə ikitərəfli rəsmi görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş qlobal səviyyədə türk mədəni və təbii irsinin qorunması, öyrənilməsi və beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova UNESCO-ya əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması məqsədilə - təcrübə mübadiləsi, institusional əməkdaşlıq və rəqəmsal texnologiyalar sahələrini əhatələyən bir sıra strateji təkliflər təqdim edib.
UNESCO rəsmisi Lazare Eloundou Assomo öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal irsin qorunması istiqamətindəki fəal rolunu və beynəlxalq konvensiyaların hədəflərinə verdiyi praktiki töhfələri yüksək qiymətləndirib. O, təqdim olunan yeni təşəbbüslərin aparılmasında maraqlı olduqlarını ifadə edib.
Görüş, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi naminə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Türk ədəbiyyatının görkəmli xadimləri – Orxan Kamal
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə Türk ədəbiyyatının görkəmli xadimləri silsiləsindən bu gün görkəmli türk yazıçısı, “Yad qızı” romanı ilə bütün türk dünyası oxucularının qəlbini fəth etmiş Orxan Kamal barədə söz açacağıq. Axı bu gün onun anım günüdür.
Orxan Kamal 15 sentyabr 1914-cü ildə Adananın Ceyhan qəzasında dünyaya gəlib. Atası o zaman Çanaqqala cəbhəsində, Dardanosda topçu leytenantı olan advokat Abdulqədir Kamal bəy, anası isə Rüşdiyyə məzunu, iki il məmləkətində ibtidai sinif müəllimliyi etmiş Adanalı Əzimə xanımdır. Uşaqlığının ilk illəri Adanada keçib.
Orxan Kamal Suriyada olan atasının yanına gedəndə orta təhsilini öz istəyilə yarıda qoyub və Beyrutda qabyuyan və mətbəə işində çalışıb. Bir il sonra təkbaşına Türkiyəyə dönərək ata nənəsinin himayəsinə sığınıb. Adanada kombayn fabriklərində işçilik və katiblik edib. Bu illərdə üzləşdiyi hadisələr gələcəkdə “Ata evi”, “Avara illər” romanlarının yaranmasına səbəb olub.
Hərbi xidmətdə olarkən “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq”, “yad rejimlər lehində təbliğat və üsyana təşviq” cinayətindən dolayı 5 il həbs cəzasına məhkum edilib və Kayseri həbsxanasına göndərilib. İlk şeirini Kayseri həbsxanasında yazıb. “Divarlar” adlı şeiri “Yeddigün” dərgisində Rəşad Kamal imzası ilə çıxıb.
Atası Abdulqədir Kamal bəy səkkiz illik sürgündən sonra 1939-cu ildə Adanaya dönüb. Orxan Kamal atasının dəstəyilə öncə Adana həbsxanasına, onun Berqama Ağır cəza bölüyünə keçməsindən sonra Bursa həbsxanasına köçürülüb. 1940-ci ildə Bursa həbsxanasında məşhur şair Nazim Hikmətlə tanış olub, onun sosial görüşlərindən təsirlənib.
Üç il yarım Nazim Hikmətlə otaq yoldaşı olan Orxan Kamal ondan fransız dili, fəlsəfə və siyasət dərsləri alıb. Orxan Kamalı şeir yerinə roman və hekayə yazmağa təşviq edən də Nazim Hikmət olub. İlk qələm təcrübəsi “On səkkiz yaş” adlı romanını Nazim Hİkmətin köməyi ilə yazıb. Bir təcrübə olaraq yazdığı, lakin yayınlamadığı bu romanın ardınca hekayə yazmağa başlayıb.
İlk hekayələrini “Bacaksız Orxan” təxəllüsü ilə yazıb. 1940-cı ildə “Yeni ədəbiyyat” dərgisində çıxan “Balıq” onun yayınlanan ilk hekayəsidir. İlk dəfə 1943-cü ildə “İkdam” qəzetində dərc olunan “Asma çubuğu” adlı hekayəsində Orxan Kamal təxəllüsünü işlədib. Rumın yazıçısı Panait İstrati və rus yazıçısı Maksim Qorkinin hekayələrindən təsirlənib. Orxan Kamal həyatdan alınan adi mövzuları səmimi bir dillə qələmə alıb.
İlk hekayə kitabı “Duyğu” 1948-ci ildə, ilk romanı “Ata evi” 1949-cu ildə çap olunub. 1949-cu ildə atası vəfat edib və həmin ildə doğulan övladına atasının adını qoyub. Bu dönəmdə ailəsi ilə birlikdə İstanbula köçüb, həyatının sonrakı illərində dolanışığını kitab, məqalə, film ssenarisi yazaraq təmin edib. 1952-ci ildə yayınladığı “Murtuz” və “Cəmilə” romanları ilə yazıçı kimi şöhrətlənib.
1954-cü ildə “Bərəkətli torpaqlar üzərində” romanı ilə torpaqsız becərmə işçilərinin dramını ədəbiyyat dünyasına gətirib. Eyni ildə “72-ci hissə” əsərini yazmağa başlayıb. 1957-ci ildə dördüncü övladı İşıq doğulub. 1958-ci ildə “Qardaş payı” əsəri ilə Səid Faiq hekayə ərmağanını alıb. Film üçün senarilər yazsa da çoxu senzuradan geri dönüb.
O senariləri “İlhan F. Dəmir”, “Yıldız Okur” imzalarıyla qələmə alıb.1964-cü ildə “Dövlət quşu” romanı əsasında hazırlanan “Alacəhrələr” tamaşası ilk dəfə teatra addım atıb. İstanbul şəhər teatrlarında səhnələşdirilən pyes iki ay yarımdan sonra bilinməyən bir səbəblə səhnədən qaldırılıb. 1965-ci ildə “Nazim Hikmətlə üç il” adlı xatirə kitabını nəşr etdirib.
Eyni il yayınlanan “Bir Filiz vardı” əsəri ilə avtobioqrafik romana qayıdıb. Burada 1960-cı ildə tanış olub duyğusal bir münasibətə girdiyi, ancaq əlaqələrinin aşkara çıxmağından qısa bir müddət sonra ayrılmaq məcburiyyətində qaldığı son eşqini qələmə alıb. Bəzi romanlarını pyes olaraq təkrarən qələmə alan yazar 1967-ci ildə “72-ci hissə” romanını dramlaşdırıb.
Əsər Ankara sənət teatrı tərəfindən səhnələşdirilib. Orxan Kamal bu pyesi ilə Ankara sənətsevərlər dərnəyi tərəfindən ən yaxşı pyes yazarı seçilib. 1969-cu ildə “Türk Dil Qurumu mükafatı”nı və “Səid Faiq hekayə mükafatı”nı “Öncə çörək” adlı kitabı ilə alıb.
27 roman, 19 hekayə kitabı ilə yanaşı, dram əsərləri, memuar, ədəbi tənqidi və publisistik yazılar qələmə alıb.
Hekayələri
- Duyğu (1948)
- Bənövşə (1948)
- Çörək davası (1949)
- Pəzəvənglər (1950)
- Sərxoşlar (1951)
- Camaşırçının qızı (1952)
- 72-ci hissə (1954)
- Aksiya (1954)
Romanları
- Ata evi (1949)
- Avara illər (1950)
- Murtuz (1952)
- Cəmilə (1952)
- Bərəkətli torpaqlar üzərində (1954)
- Suçlu (1957)
- Dövlət quşu (1958)
Dramları
- Alacəhrələr (1965)
- 72-ci hissə (1967)
- Murtuz (1969)
- Köhnə əşyalar dükanı (1972)
- Qardaş payı (1968)
Azərbaycan dilində nəşr olunan kitabları
- Yad qızı
- Seçilmiş əsərləri
- Cəmilə
- Qürbət quşları
- Nazim Hikmətlə 3 il yarım.
Orxan Kamal Bolqar Yazarlar Birliyinin dəvətilə 1970-ci ildə Sofiyaya gedib. Bu səfərdən əsil məqsədi ata nənəsinin nəslinin olduğu yerləri gəzib qeydlər aparmaq və “93- dən bu yana” adıyla ailəsinin hekayəsini yazmaq olub.
Lakin bu istəyini gerçəkləşdirə bilməyib. Keçirdiyi beyin qanaması səbəbilə müalicə aldığı xəstəxanada 2 iyun 1970-ci ildə vəfat edib. Nəşi xüsusi bir maşın karvanı ilə birlikdə 5 iyun 1970-ci ildə vətənə gətirilib. İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
SSRİ-nin və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dahi rəssamımız, adı rəngkarlığımızın, ümumən incəsənətimizn qızıl səhifələrində yer almış Toğrul Nərimanbəyov çox keşməkeşli bir həyat yaşayıb. Azərbaycanlı atası və fransız anasına sovet hökumətinin tutduğu divan uşaq yaşalrından onu da hədsiz məhrumiyyətlərə düçar edib. Tale işidir ki, sonradan dahi bir rəssam olub və onun ailəsinə bir vaxtlar qənim olmuş sovet dövləti indi onu ən ali mükafatları ilə təltif edib, onun qarşısında ikiqat olub...
Ondan başlayaq ki, atası Fərman Nərimanbəyov Cumhuriyyət dönəmində Avropada – Fransada təhsil almışdı və fransalı İrma xanına könül vermiş, evlənmişdilər. Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1930-cu ilin sonlarında atası Avropada təhsil alan digər azərbaycanlılar kimi represiyyaya məruz qalıb və Sibirin Marinski şəhərinə sürgün edilib. Daha sonra anası İrma xanım da həbs edilərək sürgün edilib. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayıb. Daha sonra məktəbə başlayıb və səhərlər dərsə gedib, axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alıb.
1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması, əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya, daha sonra Səmərqəndə sürgünə göndərilib. Valideynləri həbsdə olarkən Toğrul və qardaşı Vidadiyə polyak əsilli dayələri Anna Andreyevna baxıb. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını verib.
1946-cı ildə - müharibədən sonra Bakıya qayıdışı mümkün olduqda 16 yaşlı Toğrul əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. 1955-ci ildə buradan məzun olub. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayıb. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşüb. Yalnız 1961-ci ildə anası bəraət alıb Bakıya qayıdıb. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdıb.
1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayıb. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilib və burada fərdi sərgilər açıb. 1992-ci ildə Lüksemburq şəhərinə köçüb. 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirib.
Burada bir neçə salonda sərgiləri keçilib və böyük rəğbət toplayıb. 1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçüb. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldan dövrlərindən biri hesab edilib.
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm də qeyd etdik, vokal sənətçisi, üstəlik, həm də şair olub. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa edib. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər verib.
Rəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub.
Rəssam 1950-ci ildə “Türkiyənin küçəsi” adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulub. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi “Qardaşımın portreti”, “Venera gecələri” əsərlərini ərsəyə gətirib. O ən uğurlu rəsmlərindən biri olan “Yaylaqdan dönüş” əsərini 1954-cü ildə tamamlayıb. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan “Baltikyanı balıqçılar” əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.
Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənib. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri “Bakıda bağ (qapı önü)” (1955), “Bayıl mənzərəsi” (1955), “Bakı günorta vaxtı” (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi “Ağaclar və qayalar” əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə “Meyvələr”, “Qabaqla natürmort”, “Narlar və armudlar” əsərləridir.
Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilib. Cəsur neftçilərdən bəhs edən “Fırtınadan da güclü” (1960), “Xoşbəxtlik” (1961), “Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edib.
O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzib, “Göyçay bağlarında” (1965), “Bolluq” (1968), “Bərəkət” (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxıb. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə “Köhnə Bakı” (1964), “Bakıda bahar” (1964), “Bakı” (1965), “Bakıda küləkli gün” (1977) tablolarını ərsəyə gətirib. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərib.
Mükafatları
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. SSRİ Dövlət mükafatı
5. "Qırmızı əmək bayrağı" ordeni
6. "SSRİ xalq rəssamı" fəxri adı
7. "İstiqlal" ordeni
8. "Şərəf" ordeni
Filmoqrafiya
- Toğrul Nərimanbəyov
- Qobustan
- Əllər və rənglər
- Dədə Qorqud
- Dantenin yubileyi
- Rənglərin melodiyası
- Salam, Zeynəb!
- Yeddi gözəl
- Toğrul
Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Beyləqanda “Nağıl qəhrəmanlarının sərgüzəştləri” nağıl-tamaşası təqdim olunub
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzində uşaqlar üçün maraqlı və yaddaqalan tədbir təşkil edilib. Bayram münasibətilə “Nağıl qəhrəmanlarının sərgüzəştləri” adlı nağıl-tamaşa təqdim olunub.
Tədbirin əsas məqsədi uşaqlara dostluq, yoldaşlıq, həmrəylik və qarşılıqlı hörmət kimi mühüm əxlaqi-mənəvi dəyərləri aşılamaq, onların asudə vaxtını səmərəli təşkil etmək olub. Tamaşa Beyləqan Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrının yaradıcı kollektivi tərəfindən hazırlanaraq səhnələşdirilib.
Rəngarəng səhnə tərtibatı, maraqlı süjet xətti və uşaqların sevimli nağıl qəhrəmanlarının iştirakı ilə təqdim olunan tamaşa məktəblilər, məktəbəqədər təhsil müəssisələrinin körpə fidanları və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Şən personajların çıxışları, əyləncəli oyunlar və müxtəlif səhnə nömrələri tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbir boyunca uşaqların üzlərindəki sevinc və təbəssüm bayram ab-havasını daha da yüksəldib. Nağıl-tamaşanın sonunda balaca tamaşaçılar sevdikləri qəhrəmanlarla xatirə şəkilləri çəkdirərək unudulmaz anlar yaşayıblar.
Qeyd edək ki, uşaqların mənəvi inkişafına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına xidmət edən belə tədbirlər gələcək nəslin milli və ümumbəşəri dəyərlər ruhunda formalaşmasında mühüm rol oynayır.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Bəylərlə bolşeviklərin amansız savaşında çarəsiz qalan sevgi: "Gözlə məni" filmi
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kinosunun qızıl fonduna nəzər saldıqda elə əsərlər tapırıq ki, onlar sadəcə keçmişin mənzərəsini çəkmir, həm də dövrün insanının ruhundakı sarsıntıları, daxili parçalanmaları bütöv çılpaqlığı ilə ortaya qoyur. Rejissor Kamil Rüstəmbəyovun 1920-ci illərin ağrılı fırtınasından bəhs edən, görkəmli dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında ərsəyə gətirdiyi "Gözlə məni" (1980) filmi məhz belə bir ekran əsəridir.
İdeologiyaların toqquşmasında çırpınan insan taleləri
Filmdə hadisələr XX əsrin əvvəllərində, Azərbaycanın ən mürəkkəb dönəmində – sovet hakimiyyətinin yenicə qurulduğu, köhnə dünya ilə yeni nizamın amansızcasına toqquşduğu Qarabağda cərəyan edir. Süjetin mərkəzində dayanan Nicat (Rasim Balayev) və Şahnazın (Tamilla Əhmədova) sevgisi sıradan bir eşq hekayəsi deyil. Bu, fərqli cəbhələrdə yer almağa məhkum edilmiş iki dünyagörüşünün, iki fərqli sosial sinfin ortasında qalan çarəsiz bir duyğunun manifestidir.
Nicat yeni qurulan sovet sisteminin inamlı nümayəndəsi, bolşevikdir; Şahnaz isə əsrlərlə bu torpaqlarda söz sahibi olan, lakin indi varlığı təhlükə altına düşən zadəgan bir bəy ailəsinin qızıdır. Müəlliflər tamaşaçıya çox ağır bir sual verirlər: "İnsan mənsub olduğu sinfin, yoxsa qəlbinin səsinə qulaq asmalıdır?"
Senzura sərhədlərini aşan ləyaqətli "düşmən" obrazı
1980-ci illərin sovet kinosunda bəylər və mülkədarlar adətən mənfi, qəddar və xalq düşməni kimi qələmə verilirdi. Lakin "Gözlə məni" filminin ən böyük cəsarəti və uğuru bu şablonları sındırmasındadır. Şahmar Ələkbərovun böyük ustalıqla canlandırdığı Kamran bəy obrazı sadəcə sovetə qarşı vuruşan bir "qaçaq" deyil. O, öz torpağını, babalarının irsini, milli şərəf və ləyaqətini qorumağa çalışan, prinsiplərindən dönməyən kübar bir Azərbaycan kişisidir.
Filmdəki qarşıdurma ağ-qara rənglərdə deyil, hər iki tərəfin daxili haqlılığı və faciəsi üzərində qurulub. Həsənağa Turabov (Böyük bəy) və Məlik Dadaşovun (Bahadır) ifaları bu xarakterlər qarşıdurmasını daha da dramatikləşdirir, filmi sadəcə bir siyasi dram olmaqdan çıxarıb dərin fəlsəfi müstəviyə qaldırır.
Emin Sabitoğlu nisgili: Dağlarda qalan mahnı
"Gözlə məni" filmini unudulmaz edən və onun emosional yükünü zirvəyə daşıyan ən böyük qüvvə dahi bəstəkar Emin Sabitoğlunun musiqisidir. Filmdə səslənən həzin, nisgilli və eyni zamanda üsyankar melodiyalar qəhrəmanların daxili monoloquna çevrilir. Hər notda sanki bir dövrün bitməsinin, parçalanan ailələrin və yarımçıq qalan sevgilərin ağrısı gizlənib. Bu musiqi tamaşaçını heç bir söz olmadan belə hadisələrin birbaşa iştirakçısına çevirə bilir.
Zamanın sınağından keçən irs
"Gözlə məni" sadəcə bir retro film deyil; o, milli kinomuzun tariximizə, insanımıza və daxili mənəviyyatımıza tutduğu güzgüdür. Ekranlaşdırılmasından uzun illər keçməsinə baxmayaraq, aktyor oyunu, rejissor yozumu və ssenari daxili ilə hələ də aktualdır. Çünki ideologiyalar gəlib-gedir, quruluşlar dəyişir, lakin insanın ləyaqət, sevgi və vətən uğrunda apardığı daxili mübarizə əbədi olaraq qalır.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


