İnsanlar yarımçıq qalan işlərini tamamlanmışlardan daha yaxşı xatırlayırlar Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

İnsanlar bəzən heç yaşamadıqları həyatlar üçün darıxırlar. İlk baxışda bu fikir qəribə səslənsə də, əslində hər kəs həyatında ən azı bir dəfə belə bir hiss yaşayıb. Hər həftə səbirsizliklə yeni bölümünü gözlədiyimiz serialın qəfil yayımdan qaldırılması, sevdiyimiz kitab seriyasının davamının heç vaxt yazılmaması, müəllifin yarımçıq qoyduğu əsərin sonunun naməlum qalması və ya uzun müddət izlədiyimiz bir hekayənin xəbərdarlıq edilmədən yoxa çıxması insanın daxilində qəribə bir boşluq yaradır.

 

Maraqlıdır ki, bu hiss real hadisələrdən qaynaqlanmır. Həmin insanlar gerçək deyil, həmin şəhərlər, küçələr, münasibətlər və talelər yazıçıların, ssenaristlərin və rejissorların təxəyyülünün məhsuludur. Buna baxmayaraq, bir gün həmin dünya yoxa çıxanda insan sanki həqiqətən nəyisə itirmiş kimi hiss edir.

Əslində bunun səbəbi insan beyninin hekayələrlə qurduğu xüsusi əlaqədə gizlənir. Min illərdir insanlar dünyanı hekayələr vasitəsilə anlamağa çalışırlar. Ən qədim miflərdən, dastanlardan və əfsanələrdən tutmuş müasir romanlara, filmlərə və seriallara qədər hekayələr insan təfəkkürünün ayrılmaz hissəsinə çevrilib. Hekayə bizim üçün sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda həyatı mənalandırmaq üsulu olub.  Məhz buna görə də sonluq gəlməyəndə narahatlıq yaranır. Beyin yarımçıq qalmış hekayəni bağlamaq, onun son nöqtəsini tapmaq istəyir, lakin bunu bacarmır. Psixologiyada bu vəziyyət "Zeigarnik effekti" adlanan nəzəriyyə ilə izah olunur. XX əsrin əvvəllərində sovet psixoloqu Bluma Zeigarnik müəyyən etmişdi ki, insanlar yarımçıq qalan hadisələri və işləri tamamlanmış hadisələrdən daha yaxşı xatırlayırlar. Çünki tamamlanmış hadisə beyində bağlanır və yaddaşın dərinliklərinə çəkilir, yarımçıq qalan hadisə isə açıq qapı kimi qalır və insan şüuru onu təkrar-təkrar düşünməyə başlayır. Bəlkə də buna görə illər əvvəl qəfil dayandırılmış bir serialın adını və qəhrəmanlarını hələ də xatırlayırıq, halbuki normal şəkildə final etmiş onlarla başqa serial artıq yaddaşımızdan silinib.

 

 

Xüsusilə televiziya dünyasında bu hadisə tez-tez yaşanır. Reytinq uğrunda amansız mübarizənin getdiyi televiziya sektorunda onlarla serial gözlənilmədən yayımdan qaldırılır. Tamaşaçılar aylarla, bəzən illərlə izlədikləri personajların taleyini heç vaxt öyrənə bilmirlər. Hadisələr ən maraqlı nöqtədə dayanır, sirlər açılmır, münasibətlər yarımçıq qalır və tamaşaçı həmin dünyanın sonunu görmək imkanından məhrum olur. Bir gün həmin insanlar ekranlarda yaşayır, öz problemləri, sevgiləri və mübarizələri ilə tamaşaçıların gündəlik həyatının bir hissəsinə çevrilirlər, növbəti gün isə sanki heç mövcud olmamış kimi yoxa çıxırlar. Lakin əslində onlar yox olmurlar. Həmin personajlar tamaşaçıların yaddaşına köçür, sosial şəbəkələrdə, internet forumlarında və fan səhifələrində yaşamağa davam edir. İnsanlar onların taleyi barədə nəzəriyyələr qurur, alternativ sonluqlar yazır və bəzən öz fantaziyalarında həmin hekayələri davam etdirirlər.

Bu vəziyyət təkcə seriallara aid deyil. Ədəbiyyat tarixi də yarımçıq qalmış əsərlərlə zəngindir. Məşhur yazıçı Çarles Dickens 1870-ci ildə vəfat edəndə son romanı olan The Mystery of Edvin Drood yarımçıq qalmışdı. O vaxtdan bəri minlərlə oxucu və tədqiqatçı əsərin sonunun necə olacağını anlamağa çalışır. Müxtəlif nəzəriyyələr irəli sürülüb, saysız-hesabsız məqalələr yazılıb, hətta romanı tamamlamaq cəhdləri də olub. Eyni vəziyyət Franz Kafka ilə bağlı da yaşanıb. Kafka ölümündən əvvəl dostu Max Broddan əlyazmalarını məhv etməsini istəmişdi. Lakin Brod bu vəsiyyəti yerinə yetirmədi və nəticədə yarımçıq qalmış əsərlər sonradan dünya ədəbiyyatının ən böyük nümunələri sırasında yer aldı. Maraqlıdır ki, bəzən məhz yarımçıq qalan əsərlər tamamlanmış əsərlərdən daha çox maraq doğurur. Çünki müəllif son nöqtəni qoymur və həmin nöqtə oxucunun xəyal gücünə həvalə olunur.

Tarixdə bunun kimi çoxsaylı nümunələr mövcuddur. Məşhur bəstəkar Volfqanq Amadeus Mozart özünün məşhur "Rekviyem" əsərini tamamlamadan dünyasını dəyişmişdi. Sonradan başqa musiqiçilər əsəri tamamlasalar da, bu günə qədər hansı hissələrin həqiqətən Motsarta aid olduğu barədə mübahisələr davam edir. İntibah dövrünün dahisi Leonardo da Vinci də arxasında çoxlu yarımçıq layihələr qoyub getmişdi. Onun bitməmiş ixtiraları, tamamlanmamış elmi araşdırmaları və sona çatdırılmamış sənət əsərləri əsrlərdir insanlarda maraq doğurmağa davam edir. Çünki tamamlanmamış işlərin ətrafında həmişə bir sirr pərdəsi qalır və insan təxəyyülü həmin boşluqları doldurmağa çalışır...

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.