Uşaqlara qayğı və sevgi ilə Featured

 

İmişlidə Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunub.

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İyun ayı təqvimlə yayın gəlişini özündə ehtiva edir, amma ilk iyun gününüdə ən çox sevinən, əlbəttə ki, uşaqlar olur. Axı həmin gün bütün dünyada uşaq bayramı – -Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Bu il bu günü tək paytaxtımız deyil, bölgələr də böyük çoşqu içində qeyd etdilər.

 

31 may və 1 iyun 2026-cı il tarixlərində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli Rayon Mədəniyyət Mərkəzi və İmişli Şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl qəhrəmanları bu gün” adlı əyləncəli musiqili tamaşa nümayiş etdirildi.

Mədəniyyət Mərkəzində səhnələşdirilən tamaşanın ssenari müəllifi və rejissoru Yeganə Gülalıyeva, tamaşanın rəhbəri və səs rejissoru Daşqın İsmayılov, rəssamı Namiq Mehtiyev, musiqi tərtibatçısı isə Tünzalə Qasımova idi.

Səhnə əsərində müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı və rəngarəng səhnələr təqdim olundu. Rolları Baxış Babaşov (Çoban), Elnur Məcidov (Canavar), Valeh Həşimov (Div), Nazlı Nəsirova (Ağca), Kamlı Qədir (Cırtdan), Yağmur Məmmədzadə (Tıq-tıq xanım), Röyal Məmmədzadə (Siçan) və Ümid Hacılı (Məlikməmməd) canlandırırdılar. Vüsalə Hüseynli isə əsl universal aktrisa missiyasını yerinə yetirib birdən-birə həm Kraliça, həm Nənə və həm də Tülkü obrazlarına can verdi.

Nağıl qəhrəmanlarının macəralarını əks etdirən tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənildi, onların sevinc və alqışları ilə qarşılandı. Musiqili və əyləncəli səhnələr balaca tamaşaçılara xoş anlar yaşadaraq bayram əhval-ruhiyyəsi bəxş etdi.

Elə düşünməyin ki, bölgələrdə mədəni həyat Bakıdakıdan cansıxıcıdır. Əsla elə deyil.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.