Türk ədəbiyyatının görkəmli xadimləri – Orxan Kamal Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə Türk ədəbiyyatının görkəmli xadimləri silsiləsindən bu gün görkəmli türk yazıçısı, “Yad qızı” romanı ilə bütün türk dünyası oxucularının qəlbini fəth etmiş Orxan Kamal barədə söz açacağıq. Axı bu gün onun anım günüdür.

 

Orxan Kamal 15 sentyabr 1914-cü ildə Adananın Ceyhan qəzasında dünyaya gəlib. Atası o zaman Çanaqqala cəbhəsində, Dardanosda topçu leytenantı olan advokat Abdulqədir Kamal bəy, anası isə Rüşdiyyə məzunu, iki il məmləkətində ibtidai sinif müəllimliyi etmiş Adanalı Əzimə xanımdır. Uşaqlığının ilk illəri Adanada keçib.

Orxan Kamal Suriyada olan atasının yanına gedəndə orta təhsilini öz istəyilə yarıda qoyub və Beyrutda qabyuyan və mətbəə işində çalışıb. Bir il sonra təkbaşına Türkiyəyə dönərək ata nənəsinin himayəsinə sığınıb. Adanada kombayn fabriklərində işçilik və katiblik edib. Bu illərdə üzləşdiyi hadisələr gələcəkdə “Ata evi”, “Avara illər” romanlarının yaranmasına səbəb olub.

Hərbi xidmətdə olarkən “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq”, “yad rejimlər lehində təbliğat və üsyana təşviq” cinayətindən dolayı 5 il həbs cəzasına məhkum edilib və Kayseri həbsxanasına göndərilib.  İlk şeirini Kayseri həbsxanasında yazıb. “Divarlar” adlı şeiri “Yeddigün” dərgisində Rəşad Kamal imzası ilə çıxıb.

Atası Abdulqədir Kamal bəy səkkiz illik sürgündən sonra 1939-cu ildə Adanaya dönüb. Orxan Kamal atasının dəstəyilə öncə Adana həbsxanasına, onun Berqama Ağır cəza bölüyünə keçməsindən sonra Bursa həbsxanasına köçürülüb. 1940-ci ildə Bursa həbsxanasında məşhur şair Nazim Hikmətlə tanış olub, onun sosial görüşlərindən təsirlənib.

Üç il yarım Nazim Hikmətlə otaq yoldaşı olan Orxan Kamal ondan fransız dili, fəlsəfə və siyasət dərsləri alıb. Orxan Kamalı şeir yerinə roman və hekayə yazmağa təşviq edən də Nazim Hikmət olub. İlk qələm təcrübəsi “On səkkiz yaş” adlı romanını Nazim Hİkmətin köməyi ilə yazıb. Bir təcrübə olaraq yazdığı, lakin yayınlamadığı bu romanın ardınca hekayə yazmağa başlayıb.

İlk hekayələrini “Bacaksız Orxan” təxəllüsü ilə yazıb. 1940-cı ildə “Yeni ədəbiyyat” dərgisində çıxan “Balıq” onun yayınlanan ilk hekayəsidir. İlk dəfə 1943-cü ildə “İkdam” qəzetində dərc olunan “Asma çubuğu” adlı hekayəsində Orxan Kamal təxəllüsünü işlədib. Rumın yazıçısı Panait İstrati və rus yazıçısı Maksim Qorkinin hekayələrindən təsirlənib. Orxan Kamal həyatdan alınan adi mövzuları səmimi bir dillə qələmə alıb.

İlk hekayə kitabı “Duyğu” 1948-ci ildə, ilk romanı “Ata evi” 1949-cu ildə çap olunub. 1949-cu ildə atası vəfat edib və həmin ildə doğulan övladına atasının adını qoyub. Bu dönəmdə ailəsi ilə birlikdə İstanbula köçüb, həyatının sonrakı illərində dolanışığını kitab, məqalə, film ssenarisi yazaraq təmin edib. 1952-ci ildə yayınladığı “Murtuz” və “Cəmilə” romanları ilə yazıçı kimi şöhrətlənib.

1954-cü ildə “Bərəkətli torpaqlar üzərində” romanı ilə torpaqsız becərmə işçilərinin dramını ədəbiyyat dünyasına gətirib. Eyni ildə “72-ci hissə” əsərini yazmağa başlayıb. 1957-ci ildə dördüncü övladı İşıq doğulub. 1958-ci ildə “Qardaş payı” əsəri ilə Səid Faiq hekayə ərmağanını alıb. Film üçün senarilər yazsa da çoxu senzuradan geri dönüb.

O senariləri “İlhan F. Dəmir”, “Yıldız Okur” imzalarıyla qələmə alıb.1964-cü ildə “Dövlət quşu” romanı əsasında hazırlanan “Alacəhrələr” tamaşası ilk dəfə teatra addım atıb. İstanbul şəhər teatrlarında səhnələşdirilən pyes iki ay yarımdan sonra bilinməyən bir səbəblə səhnədən qaldırılıb. 1965-ci ildə “Nazim Hikmətlə üç il” adlı xatirə kitabını nəşr etdirib.

Eyni il yayınlanan “Bir Filiz vardı” əsəri ilə avtobioqrafik romana qayıdıb. Burada 1960-cı ildə tanış olub duyğusal bir münasibətə girdiyi, ancaq əlaqələrinin aşkara çıxmağından qısa bir müddət sonra ayrılmaq məcburiyyətində qaldığı son eşqini qələmə alıb. Bəzi romanlarını pyes olaraq təkrarən qələmə alan yazar 1967-ci ildə “72-ci hissə” romanını dramlaşdırıb.

 Əsər Ankara sənət teatrı tərəfindən səhnələşdirilib. Orxan Kamal bu pyesi ilə Ankara sənətsevərlər dərnəyi tərəfindən ən yaxşı pyes yazarı seçilib. 1969-cu ildə “Türk Dil Qurumu mükafatı”nı və “Səid Faiq hekayə mükafatı”nı “Öncə çörək” adlı kitabı ilə alıb.

27 roman, 19 hekayə kitabı ilə yanaşı, dram əsərləri, memuar, ədəbi tənqidi və publisistik yazılar qələmə alıb.

 

Hekayələri

- Duyğu (1948)

- Bənövşə (1948)

- Çörək davası (1949)

- Pəzəvənglər (1950)

- Sərxoşlar (1951)

- Camaşırçının qızı (1952)

- 72-ci hissə (1954)

- Aksiya (1954)

 

Romanları

- Ata evi (1949)

- Avara illər (1950)

- Murtuz (1952)

- Cəmilə (1952)

- Bərəkətli torpaqlar üzərində (1954)

- Suçlu (1957)

- Dövlət quşu (1958)

 

Dramları

- Alacəhrələr (1965)

- 72-ci hissə (1967)

- Murtuz (1969)

- Köhnə əşyalar dükanı (1972)

- Qardaş payı (1968)

 

Azərbaycan dilində nəşr olunan kitabları

- Yad qızı

- Seçilmiş əsərləri

- Cəmilə

- Qürbət quşları

- Nazim Hikmətlə 3 il yarım.

 

Orxan Kamal Bolqar Yazarlar Birliyinin dəvətilə 1970-ci ildə Sofiyaya gedib. Bu səfərdən əsil məqsədi ata nənəsinin nəslinin olduğu yerləri gəzib qeydlər aparmaq və “93- dən bu yana” adıyla ailəsinin hekayəsini yazmaq olub.

Lakin bu istəyini gerçəkləşdirə bilməyib. Keçirdiyi beyin qanaması səbəbilə müalicə aldığı xəstəxanada 2 iyun 1970-ci ildə vəfat edib. Nəşi xüsusi bir maşın karvanı ilə birlikdə 5 iyun 1970-ci ildə vətənə gətirilib. İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.