”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Mədəniyyət Mərkəzində uşaqlar üçün maraqlı və yaddaqalan tədbir təşkil edilib. Bayram münasibətilə “Nağıl qəhrəmanlarının sərgüzəştləri” adlı nağıl-tamaşa təqdim olunub.
Tədbirin əsas məqsədi uşaqlara dostluq, yoldaşlıq, həmrəylik və qarşılıqlı hörmət kimi mühüm əxlaqi-mənəvi dəyərləri aşılamaq, onların asudə vaxtını səmərəli təşkil etmək olub. Tamaşa Beyləqan Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrının yaradıcı kollektivi tərəfindən hazırlanaraq səhnələşdirilib.
Rəngarəng səhnə tərtibatı, maraqlı süjet xətti və uşaqların sevimli nağıl qəhrəmanlarının iştirakı ilə təqdim olunan tamaşa məktəblilər, məktəbəqədər təhsil müəssisələrinin körpə fidanları və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Şən personajların çıxışları, əyləncəli oyunlar və müxtəlif səhnə nömrələri tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbir boyunca uşaqların üzlərindəki sevinc və təbəssüm bayram ab-havasını daha da yüksəldib. Nağıl-tamaşanın sonunda balaca tamaşaçılar sevdikləri qəhrəmanlarla xatirə şəkilləri çəkdirərək unudulmaz anlar yaşayıblar.
Qeyd edək ki, uşaqların mənəvi inkişafına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına xidmət edən belə tədbirlər gələcək nəslin milli və ümumbəşəri dəyərlər ruhunda formalaşmasında mühüm rol oynayır.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


