ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Osmanlının məşhur tarixçisi Əbdürrəhman Şərəf bəy Qalatasaray litseyində tarix dərsi keçirmiş. Bir dəfə sinifdə hamının yanında dərs oxumayan cahil və mədəniyyətsiz bir məmurun oğluna:

- Adam ol, atan kimi eşşək olma!-deyir.

Uşaq müəllimin bu sözünü dərhal atasına çatdırır. Məmur bərk hirslənir. Müəllimə həddini bildirmək üçün məktəbə gedir. Müəllimi müdirin otağına çağırırlar. Məmur hiddətlə:

- Hoca əfəndi, mən paşayam. Mənə eşşək deməyə nə haqqınız var? Bu nə cəsarətdir?!, - söyləyir.

Əbdürrəhman Şərəf bəy aramla cavab verir:

- Mən sizi heç tanımıram. Belə bir şey də deməmişəm.

Paşa:

- Bəli, demisiniz. Tələbəniz olan oğluma "Adam ol, atan kimi eşşək olma" demisiniz.

Əbdürrəhman Şərəf bəy heç nə olmamış kimi davam edir:

- Həəə... Bəli. Oğlunuz dərsdə nadinc və çalışmadığı üçün onu danldım. Lakin sözlərimlə sizi təhqir etməmişəm. Əksinə, sizi nümunə göstərdim. Mən ona "Adam ol, atan kimi eşşək olma" yox, "Adam ol atan kimi, eşşək olma" demişəm.

Bunu eşidən məmur duruxub qalır. Bir söz tapa bilmir. Sonda müəllimə təşəkkür edərək məktəbdən uzaqlaşır.

Bir vergülün hikmətinə baxın!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Cümə axşamı, 04 İyun 2026 10:44

Donald Trampın İlham Əliyevə məktubu - AÇIQLAMA

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Ağ Evdən göndərilən məktubda Bakı ilə Vaşinqton arasında enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyəti vurğulanır, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair mesajlar yer alır. Sənəddə iyun ayında keçiriləcək sülh müzakirələrinin əhəmiyyəti qeyd olunaraq, bu danışıqların regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ olacağı bildirilir.

 

"Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram".

 

Sözügedən məktubla bağlı politoloq Oktay Qasimov "Ədəbiyyat və İncəsənət" portalına fikirlərini bildirib:

“Trampın prezidentimizə göndərdiyi məktubda bir neçə məqam xüsusi diqqət çəkir. Belə ki, bu məktubla Tramp Amerikanın Cənubi Qafqaza verdiyi önəmi nümayiş etdirir. Digər tərəfdən, sənəd ötən il 8 avqustda Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş və əldə olunan razılaşmalara ABŞ-nin sadiqliyini də ifadə edir. Eyni zamanda gələcəyə yönəlik mesajlar da ehtiva olunur. Həmin razılaşmalarda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin edilməsi xüsusi məqam kimi qeyd olunub. Bu məktubda da iyun ayında sülh və müzakirələrin davam etdirilməsi vurğulanır. Yəni mesaj ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qələbə qazanacağı və sülh tərəfdarlarının hakimiyyətdə qalacağı təqdirdə Azərbaycanla münasibətlərin daha da dərinləşməsi istiqamətində konkret addımlar davam etdiriləcək. Bunun müqabilində, Paşinyanın qələbəsi halında referendumun keçirilməsi, müvafiq dəstəyin əldə olunması və daha sonra sülh müqaviləsinin imzalanması nəzərdə tutulur”.

Politoloq bildirib ki, Trampın sülh məsələsinə həssas yanaşması məlumdur və o, hakimiyyətə gələrkən də sülh vədləri ilə çıxış edib:

“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Trampın daxili siyasi maraqlarına da uyğundur. Çünki gələcək aralıq seçkilərdə bu, vacib təbliğat tezisi kimi seçicilərə təqdim oluna bilər. Bundan başqa, enerji sahəsində əməkdaşlıq və onun sülh prosesinə təsiri də xüsusi əhəmiyyət daşıyır. Gələn aydan etibarən Zəngəzur dəhlizi və ‘Tramp marşrutu’ ilə bağlı real işlərin başlanması gözlənilir. Bu layihələrin həyata keçirilməsi Ermənistanın blokadadan çıxmasına şərait yarada bilər. Eyni zamanda həmin dəhlizlərdən keçəcək enerji xətlərinin Ermənistan tərəfindən istifadəsi mümkün olacaq ki, bu da sülh prosesinə ciddi töhfə verəcək”.

O.Qasımovun fikrincə, əməkdaşlıq, qarşılıqlı iqtisadi əlaqələr və sabitliyin bölgədə sülhə töhfə kimi qiymətləndirilməsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:

“ABŞ administrasiyası bu istiqamətdə müəyyən addımlar atmaqda maraqlıdır və xüsusilə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasını diqqətdə saxlayır”.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

Cümə axşamı, 04 İyun 2026 11:00

Danışan baxışlar

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

O, hər gün gəlirdi. Hər səhər yuxulu-yuxulu, bəzən səssiz, bəzən gülərüz. Amma baxışları heç zaman dəyişmirdi. Çox məsum və gerçək idi. Özünü sevdirmək üçün bir səbəb verməmişdi. Lakin gerçək olan bu idi :sevmək üçün hər zaman bir səbəbə ehtiyac yoxdur. Nə bir ehtimal vardı, nə də bir gözlənti.Onu niyə sevdiyimi özümə belə izah edə bilmirdim. Bəlkə də bəzi hisslərin səbəbi olmur.

 

Yollarımız çox zaman bir kəsişərdi. Bir - birimizi baxışlarda salamlayaraq günə başlardıq. Gün sonunda isə yenə həmin baxışlarla ayrılardıq.

Bu səhər o yenə gəldi, amma bu dəfə yad bir səslə,yad bir baxışla. Bədənim titrədi. Nə olduğunu anlamamışdım. Onu heç vaxt belə görməmişdim. Bu dəfəki gəliş hər zamankı kimi deyildi. Sakitcə yanına yaxınlaşdım. Əlini tutdum. Sakitləşmək istəmirdi. Gözlərində kədər vardı. Hər gün məsum görünən o baxışlar indi yaşla dolmuşdu. İncinmişdi. Kimdən, nədən bilmədim. Amma ilk dəfə idi ki onu qoruma istəyi sevməkdən güclü idi. Onu sakitləşdirmək üçün əlimdən gələni etməyə çalışdım. Amma çox çətin idi. Otaqda əlinə keçən hər şeyi yerə atırdı. Sanki içində yığılanları sındırmaq istəyirdi. Biraz sonra hər şey susdu. O daha ağlamırdı. Amma bu susqunluq baxışlarda sözə çevrilə bilməyən bir sirr kimi qalmışdı. Çünki o, hələ uşaq idi — və bəzən uşaqlar ən çox susanda ağlayır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Nail Zeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bir müddət əvvəl sizinlə gənc şairimiz Mustafa Məhərrəmovu və onun ilk kitabı "Zərrə"ni tanış etmişdim. Bu gün isə Mustafanın qələmindən süzülən şeirləri birbaşa sizə çatdırmaq istəyirəm.

 

Mustafanın şeirlərinə nəzər salanda ilk hiss olunan şey budur: bu misralar yaşanmış duyğuların qəlbdən kağıza axmasıdır. O, bir tərəfdən klassik qəzəl ənənəsinə sadiq qalaraq sözün sehriylə dost sədaqəti, vəfa, zamanın qədribilməzliyi kimi əbədi mövzulara toxunur. Digər tərəfdən isə şairin özünün iç dünyası — sənətə olan bağlılığı, ilhamın ilahi bir vergi olduğuna inamı, aldatmış dostlara duyduğu kədər misraların arasından açıq oxunur.

Xüsusilə diqqət çəkən odur ki, Mustafa hələ çox gənc yaşda olmasına baxmayaraq, həm forma, həm də məzmun baxımından yetkin bir səs ortaya qoyur. Şeirlərindəki ağrı süni deyil yaşanmış, hiss edilmiş və sözə dönüşmüş bir ağrıdır.

Oxuyun, duyun:

 

* * *

İlahi vergidir gəlib düşüb damarda qanıma,

Nə cür yazıb yaratmayım bu söz hopubsa, canıma?

 

Könül büsatı, saqiya, sözün meyiylə şənlənər,

İçib şərabı dəmbədəm dəyər verim zamanıma.

 

Dəyər taparsa, sözlərim qanadlanıb uçar göyə,

Gələrsə, qorxu sözlərim qaçar yəqin nihanıma.

 

Nihani aləmim mənim tamami sirdi incitək,

Bu inci sirri gör nədir nəzər salıb süxanıma.

 

Bu şad günümdə dost tanış gəlib gedər məkanıma,

Vəfalı yar odur gəlib yaman günümdə yanıma.

 

Yazar, daşımda söz yazın qoyun mənim məzarıma,

Gələndə siz də söyləyin şeir mənim məkanıma.

 

* * *

Göz yaşım qan dolu dəryaya dönüb, ağlamışam,

Dost gülüb halıma, hərdəm məni məyus eləyib.

Açmışam sirrimi mən, sözlə ürək dağlamışam,

O da gülməkdə davam etdisə, məxsus eləyib.

 

Dəyişib cümlə cahan, qanmaz olubdur, ay aman,

Və cəhalət dənizi içrə olub halı yaman.

Onları məhv eləyib, şairi sıxmaqda zaman,

Çəkərək qəm-kədərə, şairi məhbus eləyib.

 

Bir zaman "dost" dediyim hörməti qoymuş kənara,

Bu gedişlə, nə bilim, çatmalıdır sonda hara?!

Dost olan düşmən özü pak adıma saldı qara,

Mən günah etməz ikən, dost isə əfsus eləyib.

 

Mən gözəl günlərə həsrət gəzən aciz Yazaram,

Bu ağır günləri mən nəzmə salıb, hey yazaram.

Düşmənim sandı: asan yolla mən haqdan azaram,

Sanmasın aciz adam röyamı kabus eləyib.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun 1950-ci illər dövrü bir-birindən səmimi, real insan talelərini əks etdirən ekran əsərləri ilə zəngindir. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Əsl dost" tammetrajlı bədii filmi də məhz həmin illərin neft bumu fonunda Bakı neftçilərinin fədakar əməyini, eyni zamanda gənclər arasındakı saf məhəbbət və dostluq münasibətlərini işıqlandıran dəyərli bir dramdır.

 

 Yaradıcı heyətin uğurlu tandemi

Filmin ssenari müəllifi, dövrün cəmiyyət və məişət problemlərini dərindən bilən yazıçı Süleyman Vəliyevdir. Quruluşçu rejissor Tofiq Tağızadə isə "Görüş", "Uzaq sahillərdə" kimi filmlərlə artıq özünü peşəkar bir ustad kimi təsdiqləmişdi. O, bu filmdə də hadisələrin daxili dinamikasını və Xəzər dənizində işləyən neftçilərin ağır, lakin şərəfli həyatını çox təbii kadrlarla tamaşaçıya çatdıra bilib.

Ekran əsərinin uğurlu olmasının əsas səbəblərindən biri də aktyor seçimidir. Filmdə əsas rolları Azərbaycan kinosunun unudulmaz simaları canlandırıblar:

  *Rəşid Atamalıyev (Fərman):* Aktyorun ifasında Fərman obrazı həm işində, həm də şəxsi həyatında prinsiplərinə sadiq qalan, dostluğun qədrini bilən mərd bir neftçi gənc kimi yadda qalır.

  *Səyavuş Aslan (Gənclik rolu):* Azərbaycan teatr və kino sənətinin korifeyi Səyavuş Aslanın bu filmdəki kiçik, lakin koloritli rolu onun kinoda ilk addımlarından biridir.

  *Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli və digərləri:* Filmdə həmçinin dövrün ən ustad sənətkarları çəkilərək filmin bədii yükünü və xarakterlərin dolğunluğunu təmin ediblər.

 

 Filmin süjet xətti və mənəvi mesajı

Filmdə hadisələr dəniz neft mədənlərində cərəyan edir. Süjetin mərkəzində iki gənc neftçinin dostluğu, onların işə olan münasibəti və eyni qıza qarşı bəslədikləri təmiz duyğular dayanır. Hadisələr inkişaf etdikcə personajların xarakterləri sınağa çəkilir; eqoizm, şöhrətpərəstlik və düzgünlük qarşı-karşıya gəlir.

Filmin əsas fəlsəfəsi adından da göründüyü kimi, çətin anlarda insanın arxasında dayana bilən, heç bir mənfəət güdmədən fədakarlıq edən əsl dostun qiymətini göstərməkdir. Dənizdə baş verən tufan və qəza səhnələri sadəcə vizual gərginlik yaratmır, həm də personajların daxili dünyasını, kimin əsl dost, kimin isə zəif iradəli olduğunu üzə çıxarır.

 

 Qara qızıl və ağ melodiyaların vəhdəti

"Əsl dost" filmini unudulmaz edən detallardan biri də bəstəkar Qara Qarayevin tələbəsi, görkəmli bəstəkar Rauf Hacıyevin film üçün yazdığı musiqidir. Neft estakadalarının, Xəzərin dalğalarının fonunda səslənən lirik və dramatik melodiyalar Bakının dəniz ab-havasını tam dolğunluğu ilə bərpa edir.

Bu gün baxarkən həm Bakının və Xəzərin tarixi simasını görmək, həm də köhnə nəslin mənəvi saflığına şahid olmaq üçün "Əsl dost" filmi hələ də aktual və maraqlı bir ekran əsəridir. Portalın oxucuları üçün bu nostalji neftçi dramı Azərbaycan kinosunun qızıl dövrünü xatırlamaq baxımından gözəl bir material olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Cümə axşamı, 04 İyun 2026 14:04

Unudulmaq qorxusu

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan həyatının ən böyük paradokslarından biri budur ki, o, faniliyini bildiyi halda əbədiyyət arzusundan heç vaxt əl çəkmir. Hər bir insan bir gün bu dünyadan köçəcəyini anlayır. Lakin bu həqiqəti qəbul etmək nə qədər çətin olsa da, əslində insanı daha çox düşündürən ölümün özü deyil. İnsan üçün ən ağır düşüncə bəzən ondan sonra heç nə qalmayacağı, adının, xatirələrinin və həyatının zamanın dərinliklərində itib gedəcəyi ehtimalıdır. Məhz buna görə də unudulmaq qorxusu bəşəriyyətin ən qədim və ən güclü hisslərindən biri hesab olunur.

 

Tarix boyu insanlar öz varlıqlarını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif yollar axtarmışlar. Bəziləri kitablar yazmış, bəziləri şəhərlər qurmuş, bəziləri isə sənət əsərləri yaratmışdır. Min illər əvvəl yaşamış hökmdarların tikdirdiyi saraylar, şairlərin qələmə aldığı misralar və alimlərin ortaya qoyduğu kəşflər bu gün də onların adlarını yaşadır. Bu fakt göstərir ki, insan təkcə yaşamaq deyil, həm də yadda qalmaq istəyir.

Psixoloqlar hesab edirlər ki, unudulmaq qorxusunun kökündə insanın öz varlığını mənalı hesab etmək ehtiyacı dayanır. İnsan hiss etmək istəyir ki, onun həyatı təsadüfi olmayıb, müəyyən bir məqsədə xidmət edib. Bir insanın çəkdiyi zəhmətin, qazandığı uğurların və ya göstərdiyi fədakarlıqların tamamilə yox olub getməsi fikri daxildə narahatlıq yaradır. Çünki insan yalnız fiziki deyil, mənəvi varlıqdır. O, öz həyatının bir hekayə olduğunu düşünür və bu hekayənin tamamən silinməsini qəbul etməkdə çətinlik çəkir.

Bu qorxu uşaqlıq illərindən başlayır. Uşaq valideynlərinin diqqətini cəlb etməyə çalışır, məktəbdə müəllimindən tərif gözləyir, dostları arasında seçilmək istəyir. İnsan böyüdükcə bu ehtiyac fərqli formalarda davam edir. Kimisi yaxşı mütəxəssis olmaqla, kimisi sənət yaratmaqla, kimisi isə cəmiyyətə xidmət etməklə özünü təsdiq etməyə çalışır. Əslində bütün bunların arxasında bir istək dayanır: “Mənim varlığımın mənası olsun.”

Tarixə nəzər saldıqda görürük ki, böyük şəxsiyyətlərin əksəriyyəti öz dövrlərini aşaraq zamanın yaddaşına çevrilmişlər. Şairlərin misraları, bəstəkarların musiqiləri və alimlərin əsərləri onları fiziki ömürlərindən daha uzun yaşatmışdır. Lakin burada maraqlı bir sual meydana çıxır: Hər kəs tarixdə qalmalıdırmı? Əgər insanın adı dərsliklərə düşmürsə, bu onun həyatının əhəmiyyətsiz olduğu anlamına gəlirmi?

Bu suala cavab axtararkən anlayırıq ki, yadda qalmağın müxtəlif formaları vardır. Bir müəllim öyrətdiyi yüzlərlə şagirdin həyatında iz buraxa bilər. Bir ana və ya ata övladının xarakterinin formalaşmasında mühüm rol oynaya bilər. Bir həkim yüzlərlə insanın sağlamlığına qovuşmasına səbəb ola bilər. Onların adları tarix kitablarında yazılmasa da, gördükləri işlər insanların həyatında yaşayır. Deməli, əbədi olmaq yalnız məşhur olmaq demək deyil.

Müasir dövrdə isə unudulmaq qorxusu yeni bir forma almışdır. Sosial şəbəkələr insanlara özlərini göstərmək üçün geniş imkanlar təqdim edir. İnsanlar hər gün şəkillər paylaşır, fikirlər yazır, həyatlarını nümayiş etdirirlər. Bir çox hallarda bunun arxasında sadəcə ünsiyyət ehtiyacı deyil, həm də görünmək arzusu dayanır. Bəyənilmək və izlənilmək müasir insan üçün müəyyən mənada yadda qalmağın simvoluna çevrilmişdir. Lakin rəqəmsal dünyanın yaddaşı çox vaxt qısamüddətli olur. Bu gün böyük maraq doğuran bir hadisə sabah unudula bilir. Ona görə də virtual şöhrət həmişə insanın mənəvi boşluğunu doldura bilmir.

Əslində insanın aradığı əbədiyyət çox vaxt şöhrətdə deyil, mənada gizlənir. İnsan həyatı boyunca yaratdığı xeyirxah əməllərlə, verdiyi biliklərlə, paylaşdığı sevgi ilə yadda qalır. Bəzən bir insanın dediyi bir cümlə başqa bir insanın həyatını dəyişdirə bilir. Bəzən kiçik görünən bir yaxşılıq illər sonra belə xatırlanır. Məhz buna görə də insanın geridə qoyduğu mənəvi iz onun ən böyük mirası hesab oluna bilər.

Unudulmaq qorxusu insanı narahat edən hiss olsa da, eyni zamanda onu yaradıcılığa, zəhmətə və inkişaf etməyə sövq edən güclü bir motivasiyadır. Əgər insanlar unudulmaqdan qorxmasaydılar, bəlkə də bir çox kitablar yazılmaz, sənət əsərləri yaradılmaz, elmi kəşflər edilməzdi. Bu mənada unudulmaq qorxusu bəşər mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.

İnsanın ən böyük arzusu adının daş üzərində yazılması deyil, həyatının mənasız olmamasıdır. Hər bir insan öz əməlləri, düşüncələri və insanlara göstərdiyi münasibətlə bir iz qoyur. Bu iz bəzən böyük tarix kitablarında, bəzən isə yalnız bir insanın qəlbində yaşayır. Lakin həqiqi dəyər də məhz bundadır. Çünki insanı əbədi edən onun şöhrəti deyil, başqalarının həyatına qatdığı işıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən bir şey səni düşündürmək üçün çox ciddi olmağa ehtiyac duymur. Bəzən sənə həyatın ən sərt həqiqətlərini yumşaq animasiya cizgiləriylə göstərir. Və sən... gülərkən içində nəsə çatlayır.

Rick and Morty məhz bu çatlaqdan içəri girir. Bu yazılar bir seriyadır.

Sadəcə bir animasiyanı yox, onun içində gizlənmiş fəlsəfəni, psixologiyanı, sarkazmı, insanın daxili fırtınalarını, modern dünyanın absurdluğunu, ailənin dağılmasını, sevginin mövcud olub-olmadığını, əxlaqın parçalanmasını — qısası, insanı anlamağa yönəlmiş bir seriya.

 

Biz artıq sadəcə izləyici deyilik. Biz artıq o portalın içindəyik.

Və bu portaldan keçmək, ekranda deyil, öz içimizdə baş verir. Burada izah olunanlar cizgi film deyil, bəşərin qırılmış tüküdür.

Rik, sən demə, sadəcə alim deyilmiş. O, Tanrıyla vuruşmuş, ailəsindən qaçmış, özünü hər versiyada yenidən tərk etmiş travmatik bir insan imiş. O, şüşədə gizlənən utancaqlığımız, sevilmək istəyib də “mənə toxunma” deyən tərəfimiz imiş. O, istedadın içində boğulan kimsə imiş. Və ən betəri, hər şeyi anlamış, amma heç nə edə bilməyəcək qədər gecikmiş biri imiş.

Morti isə sən demə sadəcə qorxaq yeniyetmə deyilmiş. O, içimizdəki uşaq imiş. Dəyişmək istəməyən, dəyişdikcə çirklənən tərəfimiz. Rikin yanında qalaraq, özünü itirən, amma Rikin də içini saxlayan güzgü imiş.

 Bəli, "Rick and Morty" çox əyləncəlidir. Amma bəzən bu əyləncə səni gecənin bir yarısı köhnə mesajlara baxmağa, sevdiyin insanı niyə itirdiyini düşünməyə, ya da özünü niyə bu qədər tənha hiss etdiyini soruşmağa vadar edir. Çünki bu serial bizimlə zarafat etmir. O, bizə zarafatla həqiqəti deyir.

 

Bu yazı sadəcə bir serial analizi olmayacaq. Hər bölüm, hər personaj, hər portal içimizdəki bir məsələdir. Bəzən bir insanın sevgidən necə qaçdığını, bəzən ailə bağlarının necə pozulduğunu, bəzənsə sadəcə “mən kiməm?” sualının içində boğulmağı danışacağıq. Bunu oxuyarkən sən Rik ola bilərsən.Yaxud Morti.

Yaxud Samer, Bet, Bördperson... Amma sonunda hamımız bir şeyi anlayacağıq, biz bu hekayədə varıq. Çünki bu animasiya yox, bu xatırlamadığımız xatirələrimizdir.

 

Rick bir obraz deyil. O, bir diaqnozdur. O, bir insanın ağlının sərhədini keçdikdən sonra qarşılaşdığı boşluğun cizgisidir. Elmdə ən yüksək zirvəyə çatmış, zaman və məkanla oynaya bilən bir adam... amma tək. Dərin, içi bomboş bir təkliyin içində boğulan, süni gülüşlərlə örtülmüş, daimi sarkazmın içində gizlənmiş bir faciə. Çünki Rick çox şey bilir. Bəlkə də həddən artıq çox. Və bu dünyada, ya da milyardlarla paralel kainatlarda bir həqiqət dəyişmir:

Bilən insan daha çox əziyyət çəkir.  Sən də hiss etmisən, deyilmi? Bəzən səhər durursan, hər şey öz yerindədir. İşin, dərsin, ailən, telefonun, planların... Amma içində qəribə bir hiss var. Boşluq. Nə qədər insanla əhatə olunsan da, sanki sən o insanların arasında yoxsan. Danışırsan, amma səni heç kim eşitmir. Gülürsən, amma o gülüş sənin dodaqlarından yox, maskandan gəlir. İçindəki səs sakit dayanır: “Sən artıq bir obrazsan. Və bu serialın rejissoru belə deyilsən.”

 Rik də bir obrazdır, amma çoxumuzdan fərqli olaraq o, bu obrazda qapalı qalmayacaq qədər ağıllıdır. O, maskanı çıxarır. Gülür, amma gülüşünün içində ölüm var. Söyür, amma o söyüş, bütün kainatın mənasızlığına üsyandır. Sevir, amma sevgisinin hər formasında özünü itirir. Və sən bu adamın özünü necə hiss etdiyini başa düşürsənsə, demək sən də az da olsa “Rick”sən. Sadəcə fərq ondadır ki, sənin portal silahın yoxdur. Sən paralel kainata keçib hər şeydən qaça bilməzsən. Sən səhər durub metroya minirsən. Rick isə ulduzlara tüpürüb içki içir. Biraz mənim kimi.. Bizim portal silahımız təslim olmamaqdır.

 Rik bunu bacarmır. O, çoxdan təslim olub. Həyatın içindəki məntiqsizlik, axmaq qaydalar, sistemin saxtalığı, insan münasibətlərindəki səthilik onu içdən çürüdüb. Və o qərara gəlib ki, "Əgər dünya bu qədər mənasızdırsa, mən niyə onu ciddi qəbul etməliyəm?"  Bax, bu cümlənin içində bir inqilab yatır. Bu cür bir düşüncə insanı azad edə bilər, ya da məhv edər.  Rikin faciəsi bundadır, o azad olub... amma hədsiz azadlıq insanı zəncirdən çox daha çox ağrıdır.  İndi sən düşün dostum, sən həqiqətən də azad olsaydın, hər şeydən, sosial rollardan, ailənin gözləntilərindən, öz qorxularından azad olsaydın...Nə edərdin? Hara gedərdin? Kimi sevərdin? Kim olardın?  Bəlkə də cavabın yoxdur. Və bu da səni Rikdən ayıran tək şeydir. Çünki Rik cavab tapıb. Və o cavab: heç nədir.

 O, kainatın ən ağıllı adamıdır. Bir zərrə hissəciklə bütün fizika qanunlarını tərsinə çevirə bilər. Ölümü dondura, həyatın molekulyar şifrəsini yenidən yaza bilər. Amma hər səhər oyananda, əlində bir şüşə içki var. Və hər gecə yatmazdan əvvəl, gözləri dolur... heç kimin görmədiyi bir şəkildə. Rikin özünü məhv etmə səbəbi, sadəcə depressiya deyil. O, öz ağlının yaratdığı cəhənnəmdə yaşayır. Bax, bu cəhənnəm nədir, bilirsən? Hər şeyi bilmək, amma heç nəyə inanmaq istəməmək. Çünki əgər hər şeyin bir izahı varsa, sevgi də, ailə də, inam da sadəcə kimyəvi reaksiyalardırsa, onda niyə yaşayaq? Əgər həyatın sonunda hər şey sıfırlanırsa, niyə bu qədər "doğru" olmağa çalışaq? Əgər bir paralel kainatda sənin ailən səni tanımırsa və başqa birində sənin uşağın belə mövcud deyilsə,onda sən kimə və nəyə görə yaşayırsan? Rik cavab tapmır. O, hər şeyin mənasızlığını dərk etdiyi üçün içir. Öz beynindən, öz düşüncəsindən qurtulmaq üçün. Hər axşam sanki öz “varlıq şüurunu” öldürür. Çünki bu şüur, ona ağrı verir. Və bu ağrı, bəlkə də ən ağır olanıdır.. Heç nəyə inanmamaq.

 Bəziləri deyəcək: “Əgər belədirsə, niyə intihar etmir?” Çünki Rik hələ də bir ehtimalın arxasınca qaçır. O, bəlkə də hər şeyin boş olduğuna inansa da, bir parıltı axtarır. Bəzən bunu Mortidə görür, bəzən Betdə, Bəzən də... keçmiş eşqində. Bax bu çox vacib məqamdır.

Rik bir vaxtlar sevmişdi. Həqiqətən. Və onun həyat yoldaşı öləndə, bütün kainatlar onun üçün dondu. Ən ağıllı adam olmaq, həyatını xilas etmədi. Portal silahı belə onu sevdiyi qadının itkisindən qoruya bilmədi.Ən dəhşətlisi də budur, o qadını o qədər sevirdi ki, onun öldüyü anda öz hisslərinə nifrət etməyə başladı. Və həmin andan sonra Rik bir qərar verdi,mənəvi cəhətdən ölmək. Hər içki qurtumu ilə bir hissəsini daha boğmaq. Hər sarkazmla bir az daha uzaqlaşmaq. Heç kimə bağlanmamaq. Çünki bağlanmaq, zəiflidir. Və Rick zəif olmaq istəmir.

Bu animasiya, cəmiyyətə də bir güzgüdür. Bəlkə sən, mən, biz Rik qədər ağıllı deyilik. Amma çoxumuz eyni yolu seçmişik. Özümüzü gündəlik qaydalarla, sosial şəbəkələrlə, karyera planlarıyla, zarafatlarla boğuruq. Əslində isə içimizdə bir "Rick" oturub, soruşur:“Bunların nə mənası var?” Amma Rikin hekayəsi bizi həm qorxudur, həm təsəlli verir. Çünki onunla özümüzü tanıyırıq. O, hər şeydən qaçır, amma hər dəfə yenidən geri qayıdır. Morti üçün, Bet üçün... bəzən isə sadəcə bir səbəb tapmaq üçün. Bax, bu da onun ən böyük paradoksudur: Hər şeyin mənasız olduğunu bilir, amma hələ də səbəb axtarır.

Və bir də, Morti var.. Səhnəyə ilk baxışda Morti, tipik yeniyetmədir. Utancaq, səsini çox yüksəltməyən, bəzən qorxaqlığı ilə adamı əsəbiləşdirən bir uşaq. Rikin yanında demək olar ki, daim arxa planda qalır. Ətrafında portallar açılır, zaman çökür, kainatlar yox olur. Morti isə sadəcə “Riiiiikk!” deyə qışqırır. Amma... bu səthi görüntünün altında bir dəyişən şüur yatır. Və bu şüur bir gün partlayacaq. Çünki Morti qorxaqlığının içində vicdan daşıyan bir obrazdır. O, bəzən “yox” deməyi bacarır. Rikə qarşı çıxmaq üçün əllərində lazer silahı olan yadplanetlilərə ehtiyac yoxdur. Mortinin “Riiiik, bu doğru deyil!” deməsi bəzən bütün kainatı silkələyir. Bu da vacibdir. Rik dünyanı dəyişə bilər, amma Morti onu sorğulaya bilər. Bu sorğu isə çox vaxt, dünyanı dəyişməkdən daha təhlükəlidir.

  Cəmiyyətlərdə də belədir, dostum. İnqilabları çox vaxt ağıllılar yox, vicdanlı orxaqlar başlayır. Onlar əvvəlcə qorxurlar, çəkinirlər... sonra birdən görürsən ki, sistemə qarşı ilk daşları onlar atır. Morti də bir metaforadır. Zəif görünənlərin içində gizlənmiş güc.

 

 Bir epizodu var. Morti bir nöqtədə başqa kainatdan gələn öz "alternativ versiyasını", daha güclü, daha amansız, daha “Rikləşmiş” bir Mortini görür. “Evil Morty”. Bu versiya Rikə qarşı çıxır, sistemi dağıdır, planlar qurur, və ən qorxulusu, inanmır. O, artıq sevgi, ailə, həqiqət kimi anlayışlara gülür. Yəni… Rikin klonudur.

 Bu da sualı doğurur. Zəiflikmi daha yaxşıdır, yoxsa ağrının içində gücə çevrilmiş qaranlıqmı? Morti zamanla seçir, qorxaq olmaq, amma insan qalmaq. Yəni bəzən “yox” deməyi, “getmirəm” deməyi seçir. Bu cəsarətdir. Bəlkə də Rikin belə edə bilmədiyi bir cəsarət.  Rik beyni ilə hökm edir. Morti qəlbi ilə. Və hər ikisi bu dünya üçün lazımdır. Çünki biri olmadan digəri ya vəhşiləşir, ya da boğulur.

 Cəmiyyətə mesa isə məncj burdadır: Sən zəif ola bilərsən. Sən qorxa bilərsən. Amma sən “yox” deyə bilirsənsə,dünyanın ən güclü silahına maliksən. Vicdana.

  Rikin bütün kainatları gəzdiyi portal silahı var. Amma heç bir portal onu keçmişindəki o qadına qaytara bilmir. Rik bir qadını sevmişdi. Həqiqətən. Dərindən. Fəlsəfi və fiziki qanunları pozacaq qədər. Onu itirəndən sonra isə heç bir paralel kainat onu tamamlaya bilmədi.

 O qadın kim idi? Biz adını çox eşitmirik. Hətta bəzi epizodlarda onun varlığı belə şübhə altına alınır. Bəzilərinə görə, bu qadın, Rikin həyat yoldaşıdır. Bəzilərinə görə isə, Rikin içində yaratdığı bir xatirə illüziyasıdır. Çünki insan bəzən itirdiyi adamı yaşatmaq üçün, onu artıq özü uydurur. Və Rik kimi bir dahi, bunu ən yaxşı şəkildə bacarar.

 Onu unuda bilmir. Çünki...O qadın Riki hələ insan ikən sevmişdi. Yəni o qadın, Rikin içkiyə başlamadığı, qızına nifrət etmədiyi, əqidəsini itirmədiyi dövrdə, yəni Rikin ruh sahibi olduğu bir dövrdə yanında idi. Bu qadının ölümü (və ya yoxluğu) ilə Rikin içindəki ruh da ölməyə başladı. O vaxtdan bəri Rik sevməyi dayandırdı. O, bəlkə də sevir amma bunu qəbul etmir. Çünki qəbul etsə, yenidən itirmək riski var. Və o, bir dəfə dağıldı. İkinci dəfə dağılsaydı... bəlkə də kainatlar dağılardı. Onun həmin qadına olan eşqi, sadəcə bir romantik hekayə deyil. Bu, onun sonuncu inamıdır. Rik çox şeyə inanmır, Tanrıya, sevgiyə, ailəyə, dostluğa… Amma bəlkə də içində bir parça, o qadının gülüşünə hələ də inanır. Hər dəfə boş otaqda oturub içkisini qaldıranda, sanki onunla “fövqəltəbii” bir kədər paylaşır. Sözsüz bir dialoq. Hər cümləsi içkini bir az da acılaşdıran... O qadın, Rik üçün qayıtmaq istədiyi tək zamandır. Amma nə qədər ağıllı olsa da, zaman maşını belə tikmir. Çünki Rik bilir, zamana qayıtmaq, o qadını qaytarmaz. Çünki bəzən insan birini itirəndə, sadəcə onu yox, özünün bir hissəsini də itirir. 

 Bu, cəmiyyət üçün də bir simvoldur. Bəzən birini sevirik və itiririk. Sonra uzun illər özümüzü dəyişirik, sərtləşirik, “mən indi daha güclüyəm” deyirik. Amma gecənin bir vaxtı, otaqda tək qalanda, onun səsi yenə də beynimizdə əks-səda verir. Çünki bəzi insanlar unudulmur. Onlar bir şəxs olmur, bir zaman olur. Ən gözəl, ən həzin, ən yarımçıq zaman.

 Rik bu eşqin altında əzilib, amma bu eşq onu insan da saxlayıb. Daxilindəki o yanıq, onu içkidən qoruyur, onu dağıtsa da, yenidən qurulmaq üçün səbəb verir. Rik və Morti kainatında ən sarsıdıcı anlardan biri "Evil" Morti ilə tanışlıqdır.

Çünki bu obraz sadəcə bir alternativ Morti deyil, bir ideologiyadır. Qarşısında dayanan sistemin içindən çıxmış bir üsyan. Əzilmiş, idarə edilmiş, istismar olunmuş, təkcə Rik tərəfindən yox, bütün bir sistem tərəfindən formalaşdırılmış bir Morti..

 Mortilər bu kainatda zəifdir. Riklər güclü.

Mortilər qorxur. Riklər idarə edir.

Və bütün "Rick and Morty" kainatı da bu sistemin üzərinə qurulub.

 

Evil Morti bu nizamı sındırmaq üçün gəlir. O, yalnızca güc istəmir, azadlıq istəyir. Amma azadlığın dəyəri dəhşətli dərəcədə bahadır.

 O, Riklərə nifrət edir. Hətta Mortilərə də. Çünki o, insanlara deyil, şəxsiyyətsizliyə, sürü olmağa nifrət edir. Evil Morti deyir: "Əgər hər kəs eyni taleyi yaşayacaqsa, fərq yaratmağın nə mənası var?”

Bu sual cəmiyyətlərə də tanışdır. Eyni məktəb, eyni iş, eyni həyat... Sonda isə "sən" yoxsan, sadəcə "onlardan biri" var. Sistemin bir nömrəsi. Evil Morti bu nömrədən imtina edəndir. Amma... Onun azadlıq uğrunda savaşı, empatiya hissini öldürüb. O, dünyanı dəyişmək istəyərkən öz içindəki insanı itirib. Əgər Rik ağlın tiranıdırsa, Evil Morti azadlığın zalımıdır. Bu bizi ekzistensial bir dilemmanın ortasına gətirir:  Azadlıq üçün nə qədər pis ola bilərik? Və bəzən sistemdən çıxmaq, bizi daha yaxşı edir, yoxsa daha qəddar?

 Bax, dostum, məncə, burada çox dərin bir məsaj yatır. Bəzən sistemə qarşı çıxanlar, sistemin yaratdığı travmalardan o qədər zədələnir ki, özləri yeni sistemə çevrilirlər. Evil Morti Rikin zülmünə qarşı çıxır, amma sonda Rikdən daha soyuq, daha amansız olur. Çünki nifrət, çox zaman azadlığın yan təsiridir. Əgər sevgiylə tarazlaşdırılmasa. Evil Morti, bu cəmiyyətin radikallaşmış vicdanıdır. Əvvəlcə həssas idi. Əzilmişdi. Sonra içindəki duyğuları silib yerinə soyuq riyaziyyat və üsyan yerləşdirdi. Bu da onu sistemin tənqidçisi yox, sistemin əksi elədi.

O, bizi bir sualla daha baş-başa qoyur: "Ədalət istəyən biri, zalım olmağa başlayanda, biz kimin tərəfindəyik?*

Bəzən cəmiyyətlər də belə dəyişir;

Azadlıq deyib tiranlığa çevirənlər…

Ədalət deyib diktatura quranlar…

Hiss deyib hər kəsi yandıranlar…

Evil Morti bu sualların bədən tapmış halıdır.

Rikin nihilizmi səssiz bir təslimiyyətdirsə, Evil Mortinin nihilizmi aktiv bir intiqamdır. İkisi də ruhunu itirib, biri içkidə, biri müharibədə.

Rik və Mortiyə baxarkən çoxları sadəcə gülür. Portal silahı, axmaq növlər, ağlasığmaz səhnələr… Amma bir az dərinə baxanlar üçün bu serial bir güzgüdür. Bəli, gülürük. Amma bəlkə də... öz halımıza.

Bəs yaxşı, cəmiyyət içindəki Riklər kimlərdir?

Ağıllı, sarkastik, lakin dərin bir yorğunluq daşıyanlar. Hər şeyə ironiya ilə yanaşanlar. Ümidlərini itirmiş, lakin hələ də gözləməyə davam edənlər. Onlar sevə bilmir, çünki sevdikləri hər şey bir gün ya dəyişir, ya da ölür. Ona görə də Riklər sevməyi özlərinə lazımsız zəiflik kimi göstərirlər. Halbuki hər gecə içdikləri şey içki yox, öz vicdanlarıdır.

Bəs Mortilər kimlərdir?

Əvvəlcə sadəlövh, inanmağa meyilli. Dəyərləri var, lakin çox zaman bu dəyərlər güc qarşısında əzilir. Morti cəmiyyətin ortalama gəncidir, istismar olunan, istifadə olunan, amma içində daha yaxşı biri olmaq istəyən. Əgər Rik təslimdirsə, Morti hələ də dirənişdir.

Evil Morty isə…

Bizim içimizdəki radikal təbiətdir. Uşaqlığımızda bizə edilən haqsızlıqlardan doğan böyük qəzəb. Bəzən bu qəzəb bizi haqlı edir, bəzən haqsızlara çevirir.

Rik və Morti kainatı, əslində bizim gündəlik həyatımızın ekstremallaşdırılmış versiyasıdır. Səhər yuxudan duran, amma niyə durduğunu bilməyən Riklər.

Dərsə və ya işə gedən, amma əslində hara getdiyini bilməyən Mortilər.

Azadlıq deyə-deyə ürəyi buz tutan Evil Mortilər.

Yumorla bəzədilmiş bir depresiya içində yaşayırıq.

Rik deyir: “Kainatda heç nəyin mənası yoxdur. Ona görə də narahat olmağa dəyməz.”

Biz isə deyirik: “Əgər heç nəyin mənası yoxdursa, bəs niyə hələ də hiss edirik?”

Rik və Mortiyə gülmək bir növ müdafiə mexanizmidir. Çünki hər həqiqət ağrıdır, və yumor ağrını yüngülləşdirən maskadır. Serial bizi tənqid edir, amma zarafatla. Yəni deyir: “Sən gülürsən, amma bilirsən ki, danışdığım səndən gedir…” Bu, Dostoyevskinin də toxunduğu məsələdir. İnsan hər şeyə alışa bilər. Hətta mənasızlığa da. Rik isə alışanlardan biridir. Morti isə hələ də etiraz edənlərdən.

Bu hissədəki sual budur: "Biz Riklə zarafat edirik, yoxsa Rik bizə gülür?"

Rik Sançez, kainatlararası səyahət edə bilən, tanrını inkar edən, ölümdən qorxmayan bir məfhumdur. Amma eyni zamanda bir stəkan içki ilə ağlayan, sevdiklərini uzaqlaşdıran, tənhalıqdan çürüyən bir adam. O qəhrəmandır, çünki hamını xilas edə bilər. O günahkardır, çünki heç kimi xilas etmək istəmir. O yalnızdır, çünki özünü belə sevməyə cəsarət etmir.

 Rik bütün kainatı anlasa da, özünü anlaya bilmir. Ona görə də elmə sığınır, özünü "ən ağıllı" adlandırır. Çünki bu, onu "ən hissiz" olmağa məcbur edir. Hər şeyi bilmək, hiss etməməyə bilet kimi işləyir onun üçün. Halbuki əsl bilik, hiss etməklə başlayır. Rikin bütün kainatı gəzməsinin səbəbi, bir yerə çatmaq deyil. Heç yerdə qala bilməməkdir. Çünki dayansa, düşünsə, hiss etsə… Öz içindəki boşluqla üz-üzə qalacaq. O boşluq ki, nə Bet, nə Samer, nə də başqa bir varlıq onu doldura bilməz. Rik sevir. Sadəcə bu sevgini tanıya bilmir. Övladını, nəvəsini, hətta bəzən cizgi pişiyini belə... Amma hər dəfə bu sevgini ağlın süzgəcindən keçirir.Çünki zəif görünməkdən qorxur. Çünki zəiflik, insan olmaqdır. Və o, insan olmaq istəmir. Amma bəzən bir anlıq susur. Gözləri dolur. Nə deyəcəyini bilmir. Orada Rik yox, yalnız bir adam dayanır. Adı Rik olsa da, o sənin atan, qardaşın, dostun, bəlkə də özünsən.

Rikin hekayəsi, insanın hekayəsidir. Düşünən, dağıdan, yaradan, qorxan... Hər şeyə güldüyü halda, içində həmişə ağlayan. O bizə deyir:

“Ən ağıllı olmaq heç nəyi dəyişmir. Əgər ürəyində sevgi yoxdursa, sən də yoxsan.” 

Sonda bizə bir sual qalır.  Rick əslində bizdən biridir, yoxsa biz onsuz da Rikin bir versiyasıyıq?

Və ya bəlkə hər kəsin içində bir Rick yatır. Sadəcə kimimiz onu gizlədirik, Kimimiz isə portalı açıb, onu azad buraxırıq. Bütün bu sözlər, epizodlar, güldüyümüz səhnələr və Rikin içkili halı... Əslində bunların heç biri sadəcə bir animasiya deyilmiş. "Rick and Morty"  rəngli, qarmaqarışıq, ironiyaya bürünmüş bəşəriyyətin manifestidir. O, bizə kainat haqqında nəsə öyrətmək istəmir. O, bizi öz içimizdəki kainatla üzləşdirmək istəyir.

 Sən Rikə baxanda əyləndiyini zənn edirsən, dostum. Amma bəlkə də beynindəki bir hüceyrə səssizcə sənin qulağına pıçıldayır ki, "bu adama niyə belə simpatiya hiss edirsən? Niyə onun bədbinliyində özündən bir şey tapırsan?” Çünki Rik, özünü anlamış, amma qəbul etməmiş insandır. Və əslində hamımız bir gün o nöqtəyə gəlirik.

Bütün cavabları tapdığımız, amma niyə axtardığımızı unutduğumuz yerə.

 Rikin içki şüşəsi bir simvoldur. O, sadəcə alkoqol içmir. O, öz xatirələrini boğur. Əvvəlcə sevdiklərini itirib. Sonra özünü. Ən sonda isə ümidi. Bax, əsl faciə də buradadır. Rik hər şeyi edə bilər. Kainatları yarada, zamanla oynaya, tanrıları aşa bilər. Amma bir qadına, yalnız bir qadına, "qal" deyə bilməz. Çünki qorxur. Çünki hər ayrılıq onun üçün bir yenidən yox olmaqdır.

 

İndi gəl, bu hekayəyə bir də başqa yöndən baxaq. Morti bizim saflığımızdır. Rik o saflığın əzik, qırılmış gələcəyidir. Yəni bu hekayə bir neçə nəfərin yox, bir insanın daxili savaşıdır. Və hər dəfə portal açıldıqda, sən ya keçmişinlə qarşılaşırsan, ya da özünü tərk edirsən. Hər versiya sənə daha da yad gəlir. Çünki... sən dostum, mənim kimi özünə yadlaşmısan. "Rick and Morty" bizə bunu demir. Amma baxaraq hiss etdirir. Bəzən sənin ən böyük düşmənin sənin ən yaxın versiyandır. Sən özünə qarşı çıxırsan, sən özünlə vuruşursan, sən özünü alt-üst edən bir gücə çevrilmisən. Multik versiyalar, variantlar, əvəzedicilər...  Bütün bunlar sənin öz üzünə baxmaqdan qaçdığın yollardır.

Və sonra gəlirik o suallara. Azadlıq nədir? Ailə nədir? Sevgi nədir?

 Mən kiməm? Rik bu sualları cavablamır. Çünki heç bir cavab yetmir.

Çünki bəzən doğru sual vermək, cavab tapmaqdan daha çox insan edir bizi.

 O gülüşlərimizin altında bir sarsıntı gizlidir. Çünki gülürük, amma dodaqlarımızın kənarında həmişə bir “kaş…” qalır. Kaş Rik özünü bağışlaya biləydi. Kaş Morti o saf halını qoruya biləydi. Kaş Evil Morti yalnız intiqamdan ibarət olmasaydı. Kaş biz... bu qədər içimizdə yalnız qalmasaydıq. Axı bəlkə də portal silahı heç vaxt mövcud olmayıb. Bəlkə də bu serial, qapıları açan silah deyil, güzgüdür. Sənə özünü göstərən, səndə gizlənən Riki, ağlayan Mortini, dirəniş edən Sameri ortaya çıxaran bir güzgü. Və bu güzgü bizə bir şeyi fısıldayır:

 “Gəzmədiyin kainatlar qalmaya bilər. Amma hələ də gəzə bilmədiyin bir yer var… Öz için.”

 "Rick and Morty" uydurma bir dünyadır, bəli. Amma içində gəzdirdiyi duyğular, bizim reallığımızdır. Düşüncənin sərhədsizliyi ilə hissin boşluğunu eyni anda yaşadan,çox güldürüb, azca ağladan və səssizcə ürəyimizə deyən:

 “Əgər hər şey mənasızdırsa, bəs niyə hələ də bu qədər hiss edirik, ha?”

İndi portal bağlandı. Əsl sual budur:

  “Bu səfərdə Rik dəyişdi? Yoxsa sən?”

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

 

 

NÖVBƏTİ DƏFƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜ QEYD ETDİK

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATININ TANITIMI layihəsində bu gün sizlərə Türkiyənin tanınmış uşaq yazarı Nur Dombayçı ilə müsahibə təqdim ediləcək. Söhbətləşir: Cavid Qədir.

 

IX Beynəlxalq Kitab Sərgisində dünyanın müxtəlif ölkələrindən naşirlər, mədəniyyət xadimləri, yazıçılar və şairlər iştirak edirdilər. Bu yazıçılardan biri də “BookZone” şirkətlər qrupunun dəvəti ilə sərgidə iştirak edən uşaq yazıçısı Nur Dombaycı idi. Onunla kitab industriyasından, Azərbaycan və Türkiyə kitabçılığının oxşar və fərqli cəhətlərindən və əlbəttə, ədəbiyyatdan danışdıq.

 

– Nur xanım, Azərbaycanla bağlı təəssüratlarınız maraqlıdır...

 

– Hər türk kimi, lap uşaqlığımdan Azərbaycanla bağlı məlumatım var. Qardaş ölkə kimi tanıyır, qəbul edirik. Bayrağımız hər yerdə qoşa dalğalanır. Məktəbdə, dərs prosesində digər ölkələrdən daha fərqli, daha doğma münasibət göstərilir. Bu, mənim birinci növbədə vətəndaş mövqeyimdir. İkincisi, bir yazıçı kimi ölkənizlə tanışlığım “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabımın birinci hissəsi Azərbaycanda çap olunandan sonra başladı. Qardaş ölkədən çox gö zəl mesajlar, rəylər almağa başladım. Oxu cularım o qədər maraq göstərirdilər ki... Özü də mesajlar azərbaycanca yazılırdı. Çox fərqli duyğu idi. Üstəlik, yazılanların çoxunu başa düşmürdüm. Məsələn: “Necəsən?” – yazırdılar. Türkcə: “Nasılsın?” – demək imiş. Onlara cavab vermək üçün Azərbaycan dili, Azərbaycanla bağlı daha ciddi araşdırma apardım, müəyyən sözlərin qarşılığını öyrəndim. Daha sonra “Bookzone” nəşriyyatının rəhbəri Seymur Tağıyev məni ölkənizə dəvət edəndə çox həyəcanlandım. O gündən bəri həyat yoldaşımla birgə mütəmadi olaraq youtube-da Azərbaycanla bağlı videolar izləyir, nələriniz məşhurdur, hansı yeməklər yeyilir, hansı gözəl guşələriniz var kimi məsələlərlə maraqlanır, hər şeyi öyrənməyə çalışırdıq. Ölkənizdə də bizi çox gözəl qarşıladılar. Nəşriyyatın əməkdaşlarının münasibəti də çox mehribandır, istər qarşılama, istər qonaqlama... Oxucular da çox yüksək diqqət göstərirlər. Uşaqların əksəri məni tandığına görə, məxsusi mənim kitabıma görə gəlmişdi. Aralarında birinci kitabı oxuyan, ikincisini səbirsizliklə gözləyənlər də vardı. Hətta bəziləri dözə bilməyib ikinci kitabı türkcə alıb oxumuşdular. Həqiqətən, çox gözəl qarşılandım. Azərbaycanın nə qədər xoşuma gəldiyini deməyim üçün sözlər azlıq edir. Gərək bununla bağlı ayrıca kitab yazam (gülür).

 

– Bir qədər Azərbaycan və Türkiyə kitab industriyasının fərqli və oxşar cəhətləri barədə danışmağınızı istərdim.

 

-Azərbaycan ədəbiyyatı ilə yeni tanış olmağa başlamışam. Dərin araşdırma aparmağa macalım olmayıb. Amma sərgiyə marağın böyük olduğunu görürəm. Naşirləriniz çox əhatəlidirlər, özlərini çox yaxşı inkişaf etdiriblər. Kitabların təbliği üçün can yandırırlar. Müəllifləriniz də eyni şəkildə. Az qala hamısı sərgiyə qatılıb. Bu işə ürək qoyduqları ortadadır. Türkiyədə də naşirliyə, kitabçılığa, eləcə də müəlliflərə çox diqqət göstərilir. Bu siyahıya illüstratorları da əlavə etmək olar. Öz aralarında təşkilatlanır, platformalar yaradırlar. Mənim Azərbaycana səfər edəcəyimi öyrənən rəssamlar buranın da kitab industriyası ilə maraqlanır, onlar üçün bazaar olub-olmadığını, illüstratorlara ehti yac duyulub-duyulmadığını öyrənmək istəyirdilər.

Türkiyə və Azərbaycan kitab bazarına müqayisə obyektindənsə, çox gözəl əməkdaşlıqlara imza atmağın mümkün olacağı iki ayrı nəşriyyat sahəsi kimi yanaşmağın daha doğru olacağı fikrindəyəm.

 

– Bəs əsas fərqlərin nə olduğunu düşünürsünüz?

 

– Klassiklər, dünyaca məşhur əsərlər sizdə də var. Amma uşaq yazıçılarına çox da rast gəlmədim. Əsas fərq bu ola bilər. Bizdə xeyli uşaq yazıçısı var. Xüsusən də son illərdə. Hətta uşaq kitabları yazmaq, uşaq yazıçılığı, rəssamlığı ilə bağlı təlimlər də keçirik. Bu təlimlər uşaq yazıçıları, illüstratorlarının sayına ciddi təsir edib.

Bir məsələ var ki, bu sayın azlığının, yaxud çoxluğunun yaxşı olmağına qərar verə bilmədim.

 

– Az olmağı, əlbəttə, yaxşı deyil. Amma bu sahənin inkişafına cəhd göstəririk. Az-

çox alınır da.

 

– Sizdə bu sahənin çox sürətlə inkişaf edəcəyinə əminəm. Naşirləriniz, həqiqətən, bunda istəklidirlər. Uşaq nəşriyyatları açır, uşaq kitabları nəşr edirlər. Hətta sərgidəki bəzi stendlərin məhz uşaqlar üçün dizayn edildiyini gördüm; balacaların diqqətini cəlb etsin, oxumağı sevsinlər...

 

– Ədəbiyyata, yazıçılığa marağınızı necə kəşf etdiniz? Necə oldu ki, “Mən yazmalıyam!” – dediniz?

 

-Qələmlə ilk tanışlığımdan danışa bilərəm (gülür). Hər uşaq kimi, qələmi birinci dəfə əlimə götürəndən etibarən yazmağı, şəkil çəkməyi çox sevdim. Daha doğrusu, şəkil çəkəndə daha rahat oluram. Rəssam kimi özümü daha yaxşı ifadə etdiyimi düşünürəm.

Qələm ilk oyuncaqlarımdan biri idi. Qonaq gedəndə, yaxud evdə başqa oyuncağa ehtiyacım olmazdı. Qələmimin olmağı kifayət idi. Məktəb dövründə dəqiq elmlərlə yanaşı, hu manitar fənlərə də xüsusi marağım vardı; özümü daha yaxşı ifadə edə bilirdim. Türk dili dərsini çox sevirdim.

Böyük bacı kimi bacılarımın dərslərinə kömək edir, onlarla oyun oynayır, hekayələr oxuyub-yazırdım. Bir gün müəllim-müəllim oynayırdıq. Oyun əsnasında bacılarım üçün xırda-xırda hekayələr yazmışdım. Jan de La fontendə olduğu kimi, heyvanların di lindən qələmə almışdım. Kağızları səliqə ilə qatlayıb hekayələri yazdım, altından da illüstrasiya cızma-qara etdim. Guya mən müəlliməm, bacılarım da şagirdlərim. Oyun qurtarandan sonra kağızları atdıq. Anam təsadüfən bu cızma-qaraları gördü. Məndən “Bunları öz beynindən yazmısan, yoxsa haradansa köçürmüsən?” – soruşdu. Mən də “Özüm yazmışam”, – deyəndə anam çox bəyəndiyini söylədi. Sonra da mənə bir dəftər aldı. “Sən hər gün bu dəftərə hekayələr yaz, şəkillər çək, naşirlərə göstərək”, – dedi.

Yeri gəlmişkən, onda cəmi səkkiz yaşım vardı. Anam “Naşirlər səkkiz yaşlı uşağın hekayə yazdığını, rəsm çəkdiyini görsələr, təsirlənərlər”, – düşüncəsində idi. Mənim yazmaq macəram belə başladı...

Bir məsələ də var ki, kitab sərgilərində, kitabxanalarda gördüyüm tərcümə uşaq kitablarının əksəriyyətinin müəllifi və rəssamı eyni adam idi. Mən də yazıçı olmaq üçün rəssamlıq öyrənməyin lazım gəldiyi düşüncəsinə qapılmışdım.

Beləcə, özümü rəssamlıq sahəsində sına mağa başladım. Liseydə kompüter mühən disliyi ixtisasında oxuyurdum. So nuncu kursda mütləq praktika keçməli idim.

Beləcə, on altı yaşında Türkiyənin ən bö yüş nəşriyyatılarından birində təc rü bə proqramına başladım. Kitabxanada kitabların arxasındakı ünvanlara baxdım; evimizə ən yaxın olanını seçdim (gülür). Beləcə, nəşriy yatagetdim və yazıçı, illüst rator olmaq, qrafik dizayn öyrənmək istədiyimi dedim.

Arzularıma, xəyallarıma qulaq verəndən sonra “Sabah gəl başla!” – dedilər. Ertəsi gün Qrafik dizayn şöbəsində praktikaya başladım. Düz üç il orada təcrübə keçdim. Bu müddət ərzində tanınmış yazıçılarla tanış ol dum. Tez-tez nəşriyyata gəlirdilər. Məsələn, dünyaca məşhur alim İlber Ortaylı ora gəlirdi. Mən də ona çay aparırdım. Arzum onun kimi məşhur müəllif olmaq idi. Ora gələn rəssamların texnikasına fikir verir, öy rənirdim; necə çəkirlər, hansı üsullardan is tifa də edirlər... Həmin nəşriyyat mənim üçün bir növ universitet rolunu oynadı. İşi nəzəri cəhətdən çox praktiki şəkildə öy rəndim. Sonra planşet alıb evdə yavaş-yavaş öz layihələrimi reallaşdırmağa start verdim. İlk gördüyüm iş bir taxta oyuncaq firması üçün bu oyuncaqların üstünə şəkillər çəkmək olmuşdu. Sonra da uşaqlar üçün interaktiv kitablar hazırlamağa başladım. İyirmi yaşım olanda isə “Damla” nəşriyyatında ilk –“İxtiraçı nəvəsi olmaq asan deyil” kitabım çapdan çıxdı.

 

– Səhv etmirəmsə, bu, beş kitablıq dəst olmalıdır.

 

– Elədir, beş kitabdan ibarət dəst idi.

 

– Sizin üçün yazıçı olmaq daha rahatdır, yoxsa rəssam?

 

– Bu sualı illərdir, mənə verirlər və həmişə dilemmaya düşürəm ki, görəsən, hansı cavabı verim? İki il əvvəl məni Qazaxıstana dəvət etmişdilər. Orada da kitablarımın xeyli oxu cusu varmış... Uşaqların əksəri rus və qazax idi. Üstəlik, dillərini qətiyyən bilmirdim. Onlar da ingiliscə başa düş mür dülər. Hətta “hello” sözünü belə anlamırdılar.

Təşkilatçılardan böyük bir yazı lövhəsi istədim və şəkil çəkməklə uşaqlara sözləri izah etməyə çalışdım. Məsələn, “tıs bağa” deyirəm, uşaq başa düşmür. Mən də “tısbağa” sözünü təsvirlə izah etməyə başladım. O hadisədən sonra bir məsələni anladım ki, rəssamlığın dili qlobaldır. Heç bir xarici dil biliyim olmasa da, dünyanın istənilən yerində şəkil çəkməklə ünsiyyət qurmağı bacararam.

 

– Elədir, Çarli Çaplinin də səssiz filmlərlə bağlı bənzər yanaşması var.

 

– Bəli, mən də rəsmlərimlə hamı ilə ünsiyyət qura bildiyimi düşünürəm. Kitab-larım bir çox dillərə tərcümə olunur. Amma rəssam kimi də neçə ölkənin nəşriyyatları ilə əməkdaşlıq edirəm. Dillərini bilməsəm də, rəsmlərimi görmələri ünsiyyət üçün kifayət edir.

Sualınızın cavabına gəlsək, rəssamlığı özümə daha yaxın hiss edirəm.

 

– Əslində, bu suala cavab verdiniz, amma daha ətraflı cavab istərdim: Müəllif olmaqdan əlavə rəssamlığın hansı avantajları var?

 

– Ən gözəl cavabımı deyim. Bunu normalda yazıçı dostlarım mənə deyirlər. Heyif deyil, kitabına rəssam axtarmırsan (gülürük). Bəli, rəssam axtarmıram. Hansısa hekayəni yazanda “Görəsən, bunu hansı rəssam daha yaxşı çəkər?” – düşünmürəm. Yazı prosesində obrazlar xəyalımda canlanır onsuz da. Bəzən birinci rəsm formasında ağlıma gəlir. Mən də “Bu rəsmi hekayəyə çevirim”, –düşünüb sonradan yazmağa başlayıram.

 

– Görmək istədiyiniz kimi çəkirsiniz...

 

– Elədir. Rəsmləri başqası çəkəndə bəzən bəyənmir, yaxud obrazın yazdığımızdan fərq liolduğunu görürük.

 

– Filmlər və kitablarda olduğu kimi. Rejissor baxışı müəllif baxışından həmişə fərqli olur.

 

– Elədir. Məsələn, mən “Haydi” kitabını çox sevərək oxumuşdum. Amma cizgi filminə baxanda məyus olmuşdum. Çünki qətiyyən beynimdə canlandırdığım kimi deyildi...

 

– Uşaqlar üçün yazmağın hansı çətinlikləri var?

 

– Uşaqlar üçün yazmağın heç bir çətinliyi yoxdur. Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm. Əksinə, böyüklər üçün yazmaq daha çətindir. Böyüklər hər mətni bəyənmir, tənqid edirlər; məmnun etmək çətin məsələdir. Amma uşaqları xoşbəxt etmək, həqiqətən, asandır. Onların dili ilə danışıb, onların gözlərinin içinə baxmaq, həyəcanlarını hiss etmək... Yazıçı olduğumu eşidəndə ürəkləri çırpınır. Amma hansısa yetkin şəxsi “Mən yazıçıyam”, – deməklə həyəcanlandıra bilmərəm. Uşaqlar isə həyə canlanırlar, tanış olmaq, imza almaq istəyirlər.

Bir məsələ də var ki, uşaqların sevəcəyi üslubda yazmaq, onların dilini tutmaq çə tindir. Böyüyürük, uşaqlığımız arxada qalır. Amma böyüsək də, uşaqların dünyasından əl götürməmək lazımdır.

 

– Belə baxıram, bir xeyli çətinlik varmış (gülürük).

 

– Hazırkı cizgi filmlərindən xəbərdar olmaq, indiki nəslin dilində danışa bilmək lazımdır. Çox müxtəlif animasiya filmləri var. Qısası, uşaqla uşaq olmaq lazımdır. Məsələn, “Haker nənə” kitabım var, bu yaxınlarda siz də də çap olunacaq... Yaxud “Minecraft” (“Maynkraft”) oyunu ilə bağlı hekayə yazdım. Uşaqlar bu oyunu çox sevirlər. Hansısa oyunu uşaqlar üçün zərərli hesab edirsinizsə, “Bunu oynama”, – deməkdənsə, hekayənin içinə girib zərərlərini göstərmək daha doğru yanaşmadır. Uşaqlarla daha yaxşı ünsiyyət qura bil mək üçün mənim də oyun oynamağı sev- diyimi göstərməyin faydalı ola biləcəyini anladım. Üstəlik, onlara dərs keçirmiş kimi yox, onların müəllimi, böyükləri kimi deyil, öz yaşıdları kimi xitab etməyə çalışıram. Azərbaycan dilində çıxan “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabında olduğu kimi... Necə deyərlər, uşaq qalmağa, böyüməməyə çalışıram...

 

– Nur xanım, hansı mövzular sizə daha doğma gəlir?

 

– Elmi fantastika janrını çox sevirəm. Filmlər olsun, kitablar olsun... Hətta yuxu larım da elmi fantastika üzərində qurulur. Bəzən elə yuxu görürəm ki, öz-özümə deyirəm: “Bunu “Vorner-Broz.” görsə, çox gözəl film çəkər” (gülür). Bu janrı çox sevdiyimdən dolayı yazdıqlarımdan başqa – hətta yuxularıma qədər işləyib. Ən ra- hat olduğum, xəyal qura bildiyim, xəyal q randa, belə demək mümkünsə, cəfəng şeylərdən yaza biləcəyim şeylərdən yazmağı xoşlayıram. Əlbəttə, realistik mövzulara da toxunuram. Duyğu dolu mətnləri sevirəm.

“Hər şey mütləq xoşbəxt şəkildə cərəyan etməlidir”, – deyə bir şey yoxdur. Əzab, itki, müharibə kimi anlayışlar var. Obrazlarımı işləyəndə bunları da nəzərə alıram. Məsələn, “Saçaqlı qızın pasaqlı gündəliyi”nin ikinci kitabında qəhrəmanım qocalar evinə gedir, yaş lıları ziyarət edir. Bunlar hamısı həyatın gerçəkləridir. Mən də hekayələrimdə real hadisələrdən, yaşanmış iztirablardan söz açıram. Uşaqlara çox xoşbəxt, tamamilə utopik bir dünya təqdim etmirəm. Fantastika olsun, amma reallığı da qələmə almağı sevirəm. Yəni hər ikisi – realistik janr da, fantastika da mənim üçün doğmadır.

 

– Bayaq yuxulardan film çəkilməsi ilə bağlı zarafat etdiniz. Bizim yazıçılardan Şəmil Sadiq bu barədə “Yuxu maşını” adlı əsər yazıb. Romanın qəhrəmanı yuxuları filmə çevirə bilən bir maşın ixtira edən mühəndisdir.

 

– Həyat yoldaşıma tez-tez deyirəm ki, kaş yuxu maşını olaydı, yuxularımızı qeydə ala biləydi.

 

– Belə bir maşın Azərbaycanda olmasa da, ədəbiyyatında var.

 

– Çox gözəl (gülür).

 

– Nur xanım, yazanda özünüzə hansısa sərhədlər qoyursunuz?

 

– Əlbəttə. Ümumiyyətlə, insan yazanda da, yaşayanda da müəyyən konturlara əməl edir. Mənim də sərhədlərim var: əxlaqi, etik, uşaqların xarakterlərinə görə, inancıma görə sərhədlər... Bu mövzularda çox diqqətli davranmağa çalışıram. Xüsusilə onlayn mühitdə təzyiq və yönləndirmə var. Son zamanlarda mən də öz incə cizgimi çəkib içərisində dayanmağa, uşaqlara əxlaqi mə sələləri yaxşı formada təqdim etməyə çalışıram.

 

– Bəs ən ciddi sərhədiniz hansıdır?

 

– Ən ciddi sərhəd... (düşünür) Xeyir və şər. Çox qısa cavab oldu? İstəyirsiniz, bir az da geniş danışım (gülür).

 

– Yox, məncə, kifayət qədər konkret cavab oldu (gülürük). Yaxşı, bəs sizcə, ən uğurlu kitabınız hansıdır?

 

– “Saçaqlı qızın pasaqlı gündəliyi” on üç dilə tərcümə edilib. Oxucular tərəfindən çox sevilir. Mənim üçün xüsusi yeri var. Özüm də çox sevirəm. Amma “Qəmgin oğlan” kitabımın yeri bir ayrıdır. Çünki onu fantastik, elmi-fantastik janrda yazmışam: ən çox sevdiyim janrda. Uşaq vaxtı da qorxu filmlərinə baxmağı xoşlayırdım. Sərgilərdə uşaqlar tez-tez qorxu janrında nəsə yaz mağımı istəyirdilər. Qorxulu hekayələr uşaqlara maraqlı gəlir. Biz də balaca olanda bir-birimizə qorxunc şeylər danışardıq. Bunu bir hekayənin içərisində, onları çox qorxutmadan verməyə, dəyərlərimizi aşılamağı da yaddan çıxarmamağa çalışdım. Məsələn, bu kitabın qəhrəmanlarının başla rına vahi məli bir meşədə qorxulu hadisələr gəlir.

Amma hekayənin sonunda meşəni, ağacları xilas edirlər. Yaxşılıq toxumlarını əkməklə qor xulu hekayə yaza bildiyim üçün “Qəmgin oğlan” kitabımı çox sevirəm.

 

– Nur xanım, bəs sizin üçün dünya ədəbiyyatındakı ən yaxşı əsər hansıdır? Bö-yüklər üçün də ola bilər, uşaqlar üçün də.

 

– Həm işimlə bağlı, həm də sevdiyim üçün çox kitab oxuyuram. Evdə xeyli kitabım, hətta kitabxanam var. Amma lap uşaqlıqdan bəri dəfələrlə oxuyub, həqiqətən, sevdiyim – bəlkə də, ailələrin çoxu içərisində sehr, tilsim var deyə, narahat olduğu – Coan Ketlin Roulinqin “Harri Potter” seriyasıdır. Dostluq, sevgi kimi mövzular işləndiyi üçün də bir ayrı xoşlayıram. Kimisə özünə qəhrəman seçmədən də hər insanın öz qəhrəmanlıq yolçuluğuna çıxa biləcəyini göstərə bilən çox gözəl bir hekayəsi var. Con Ronald Ruel Tolkinin “Üzüklərin hökmdarı” seriyası isə ən sevdiyim, ən yuxarı pilləyə qoya biləcəyim klassiklərdəndir. Ümumiyyətlə, dünya klassiklərini də sevərək oxuyuram. Ceyms Barrinin “Piter Pen” əsərini də çox sevirəm. Bir çox klassik əsərləri sevirəm, amma əvvəl də dediyim kimi, birinci yerdə “Üzüklərin hökmdarı” gəlir.

 

– Yaxşı, bəs hekayə yazanda, oxuyanda, öz yolunuzu cızanda hansı yazıçılardan,

rəssamlardan təsirlənmisiniz?

 

– Dünyaca məşhur rəssamların əsərlərini həmişə araşdırır, gözdən keçirirəm. Çünki mən incəsənətlə bağlı təhsil almamışam, ixtisasca kompüter mühəndisiyəm, türk dili və ədəbiyyatı üzrə də oxumuşam. Söh bətimizin əvvəlində də vurğuladığım ki mi, işi praktikada öyrənmişəm. Bunun üçün də həddən artıq çalışmışam. Hansısa müəl limdən dərs almamışam, amma bütün sənətkarları müəllim kimi görmüşəm. “Onlar dan nə öyrənə bilərəm?” sualı həmişə ön planda olub.

Yaxşı, “Üzüklərin hökmdarı”nı mütaliə edirdim, amma ona oxucudan daha çox müəllim kimi yanaşır, necə yazdığını, texnikasını öyrənməyə çalışırdım.

Yeri gəlmişkən, hələ də “Üzüklərin hökmdarı” kimi bir əsər yazacağımın xəyalını qururam.

Rəssam kimi isə bir çox əcnəbi rəssamlardan onlayn şəkildə dərs alır, özüm də dərs keçirəm. Amma ad çəkməkdənsə, təbiətdən ilham aldığımı demək daha doğru olar. Təbiəti, buludları, ağacları seyr etməyi, meşədə gəzməyi sevirəm. Bunlar mənə daha çox ilham verir.

 

– Nur xanım, istəyirəm, bir az da yaradıcılıqla bağlı planlarınızdan danışaq.

 

– Böyüklər üçün heç nə yazmamışam. Bir dəfə də olsa, böyüklər üçün nəsə yazmağı sınamaq istəyirəm (gülür). “Görəsən: “Böyüklər üçün yazmaq daha çətindir” – stereotipimi qıra biləcəklərmi? Bəyəndirə biləcəyəmmi?” – düşünürəm.

 

– Məncə, uşaqlar üçün yazmaq daha çətindir. Mən bədii redaktoram, daha çox böyüklər üçün nəzərdə tutulan kitabları redaktə edirəm. Uşaq kitablarını redaktə edəndə bir qədər çətinlik çəkdiyimi düşünürəm. Çünki uşaq kimi baxmaq, uşaq kimi yazmaq, uşaq kimi düşünmək asan deyil.

 

– Bir məsələ var, uşaqlara nəyisə uzun-uzadı cümlələrlə danışanda sıxılırlar. Onları yormadan, daha axıcı cümlələrlə ünsiyyət qurmaq lazımdır. Böyüklər üçün yazanda: “İstədiyimə qədər – uzun-uzadı dərdimi danışa bilərəm”, – düşüncəsindəyəm (gülür). Den Braunun üslubunu da çox sevirəm, təxminən o cür üslubda nəsə yazmağı planlaşdırıram.

 

– Nur xanım, əslində, son sualımı artıq vermişdim. Amma bir sual da əlavə etmək istəyirəm. Kitablarınızı oxuduqca başqa yazı çıları görürsünüz, yoxsa mətniniz bü-tövlükdə Nur Dombaycıdır?

 

– Bir üslub yarada bildiyim fikrindəyəm. Oxucular da bu fikirdədir. Kitabı bitirəndən sonra “Gözəl alınıb”, – deyirəm. Amma içdəniçə “Bəlkə, alınmayıb?” düşüncəsi olur. Bu da, əslində, yaxşıdır. İnsanı inkişafa aparır. “Mən artıq peşəkaram”, “Çox yaxşı yazıram”, “Xarüqələr yaradıram”, – düşünən insan inki- şaf edə bilməz. Belə olanda nəsə problem, eqoizm var deməkdir. Həyat yoldaşıma həmişə şikayət edirəm ki, yaxşı alınmayıb, daha yaxşı yaza bilərdim və s. “Hamı oxuyur, neçə dilə tərcümə edilib”, – deyəndə “Olsun, amma burasını filan cür yazsaydım, daha yaxşı alınardı”, – deyirəm.

Başqa ədibin təsirinin hiss olunması barə də heç düşünməmişdim. Amma bəlkə, Tolkinin təsirini hiss edə bilərəm. Əlbəttə, kitablarda bu görünməyə bilər: onun üslubun da yazmıram. Daxilən isə kitablarımı san ki Tolkin yazmış kimi tənqidi baxışla oxuyuram. “Kitablarımı Nur Dombaycı yazıb”, – deyə bilərəm (gülür).

 

– Nur xanım, maraqlı söhbət üçün sizə təşəkkür edirəm! Ümid edirəm, daha uca pillələrə qalxarsınız.

 

– Mən təşəkkür edirəm! Tanışlıq çox xoş oldu. Uca pillələrlə bağlı dediyinizə cavab kimi demək istəyirəm ki, hazırda elə ən uca pillədəyəm: Azərbaycanda olmaq mənim üçün ən uca pillədə dayanmaqdır. Burada olduğum üçün çox xoşbəxtəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

 

Cümə axşamı, 04 İyun 2026 15:02

Sizə elçi gələn gün, daş düşəydi başıma...

“Ədəbiyyatvə incəsənətportalınınGülüş klubunda bu gün sizlərə ənənəvi lətifələr, duzlu-məzəli söhbətlər deyil, satirik çalarlı bir şeir təqdim ediləcək. Şeirin müəllifi Mehman Nəriman oğlu İmanovdur. O, 1992-ci ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. Həvəskar olaraq poeziyaya maraq göstərir. "Bəlkə də" "Bir qız vardı" şeir kitablarının müəllifidir.

 

 

MEHMAN İMANOV

“SİZƏ ELÇİ GƏLƏN GÜN”

 

Kaş çıxmazdın qarşıma,
Zəhər qatdın aşıma,
Daş düşəydi başıma,
Sizə elçi gələn gün. 

Pozulaydı sözlərim,
Kor olaydı gözlərim,
Tutulaydı dizlərim,
Sizə elçi gələn gün. 

İşığımız yanmadı,
Tək səbir dayanmadı,
Xoruzlar oyanmadı,
Sizə elçi gələn gün.

Kaş buludlar dolaydı,
Kaş yollar buz olaydı,
Məni maşın vuraydı,
Sizə elçi gələn gün.   

Boran oldun yayıma,
Hay vermədin hayıma,
Duz qataydın çayıma,
Sizə elçi gələn gün. 

Saçıma saldın dəni,
Mən necə sevdim səni?
Kaş it qapaydı məni,
Sizə elçi gələn gün. 

Alma yanaq, sürmə qaş,
Məni yaman saldı çaş,
Evdə olmazdınız kaş, 
Sizə elçi gələn gün.
 
Kaş halımı qataydım,
Xəstə olub yataydım,
Kaş korona tutaydım,
Sizə elçi gələn gün. 

Dama bayquş qonmuşdu,
Güzgü düşüb sınmışdı,
Məhlənizdə yoluma,
Qara pişik çıxmışdı,
Sizə elçi gələn gün.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

2 iyun 2026-cı il tarixində, Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

 

Açılış mərasiminə Türk, Monqol və Tibet araşdırmaları kafedrasının müdiri Dr. Yan Roqalanın təqdimatı və moderatorluğu ilə start verilib.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə,  tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bareya-Stajinska, Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasındakı müşaviri Saule Turqinbekova, Türkiyə Respublikasının Polşa Respublikasındakı müşaviri Sinem Turqut Bingöl, Özbəkistan Respublikasının Polşa Respublikasındakı müşaviri Rovşanbek Jabborov çıxış ediblər. Çıxışlarda mərkəzin qurulmasında Türk Mədəniyyəti və İrsi Fondunun səyləri və maliyyə dəstəyi, eləcə də qurumlararası əməkdaşlığın önəmi qeyd olunub. Bildirilib ki, bu təşəbbüs həm elmi, həm də mədəni-diplomatik əlaqələrin güclənməsinə, gələcəkdə isə Avrasiya məkanında dialoqun genişlənməsinə mühüm töhfə verəcək.

Açılışda həmçinin Polşanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş mütəxəssisi Aqneşka Bereza, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərasimdə fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Professor Aktotı Raimkulova mərkəzin açılışını tarixi bir hadisə kimi qiymətləndirib. O, bu mərkəzin sadəcə bir məkan deyil, Şərqlə Qərb arasında mədəni körpü olduğunu vurğulayıb.

Professor Aktotı Raimkulova qeyd edib ki, bu mərkəz Fond ilə Varşava Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun, həmçinin tərəflərin qarşılıqlı etimada əsaslanan birgə səylərinin real bəhrəsidir. Mərkəzin tələbələr üçün türk dünyasının zəngin dillərinə, tarixinə, incəsənətinə və ənənələrinə açılan bir qapı olacağını bildirən Fondun prezidenti, göstərilən dəstəyə görə Varşava Universitetinin rəhbərliyinə, həmçinin layihənin ilk günündən etibarən göstərdiyi şəxsi diqqət, fədakarlıq və səmərəli əməkdaşlığa görə Nərgiz Qurbanovaya və Azərbaycan Respublikası səfirliyinin kollektivinə dərin minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində rəsmi lentkəsmə mərasimi keçirilib. Fondun prezidenti, Professor Aktotı Raimkulova, Dekan, professor Aqata Bareya-Stajinska və Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova mərkəzin rəsmi açılışını reallaşdırıblar.

Daha sonra türk dövlətlərinin səfirlikləri və tərəfdaş qurumlar tərəfindən yeni yaradılmış mərkəzə xatirə hədiyyələri, elmi nəşrlər, mədəni eksponatlar və tədris materialları təqdim olunub.

Qeyd edilib ki, təhsil, emalatxana və sərgi məkanı kimi fəaliyyət göstərəcək mərkəz türk xalqlarının mədəni irsinin və müxtəlifliyinin Polşada tanıdılmasına, elm və mədəniyyət xadimləri ilə geniş ictimaiyyət arasında dialoqun güclənməsinə xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)


 

 

13 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.