Sərt illərdə yaşayıb yaradan aktyor Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

30-cu 40-cı illər ağır illər idi, xalq düşmənlərinin axtarışında olan Stalin qırmızı terroru mədəniyyət sahəsində də istənilən şəxsə çamur atıb qurban etməyə hazır idi. O illərdə teatr və kino sənətimizi inkişaf etdirən sənətkarların gözləri qapıda idi, hər an ardlarınca enkevedeçilərin gələcəyini gözləyirdilər...

 

Əjdər Sultanov 1909-cu il dekabrın 8-də Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları ilə də çıxışlar edib.

Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də Gəncə şəhərinə köçürüləndə Əjdər Sultanov da kollektivlə gedib. Teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib. Kollektivin nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov burada rejissorluqla məşğul olmağa başlayıb.

1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu səhnədə Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz), "Aydın" (Surxay), "Almaz" (Balarza və Hacı Əhməd), "Dönüş" (Qüdrət Arslan), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun "Xanlar" (Mamuliya), "İnsan" (Şahbaz), "Xosrov və Şirin" (Şapur və Xosrov), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb.

 

Filmoqrafiya

- Lətif (film, 1930) - Hacı Səmədin oğlu

- Bəxtiyar (film, 1942) - alman əsgəri

 

Əjdər Sultanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Aktyor 53 yaşına təzəcə qədəm basanda, 10 yanvar 1962-ci ildə qəfildən, ürək xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.