ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 05 İyun 2026 18:11

Dumanlı Albionda Yusuf Güney rüzgarı

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Qardaş ölkədə - Türkiyədə musiqi olimpinə yüksəlmək çox çətindir. Orada bayağı musiqi təbliğ edilməz, bozbaşlar reytinq yığıb milyon baxış əldə etməz. Tələbkar mühit var. Və bu mühitdə kimlər parlaya bilirsə, demək, əsl sənətçilərdir.

 

Türkiyə pop ifaçısı və bəstəkarı Yusuf Güney həmin o diqqətçəkən ifaçılar sırasındadır. Özü də, yeni dalğa ifaçılarındandır, bu gün 42 yaşı tamam olur.

Yusuf “Bir Sevda Masalı” mahnısı ilə sevildi və populyarlıq qazandı. Ölkəmizdə də onun heyranları az deyil. Əminəm ki, Bakıda solo konsert versə Konqress Mərkəzini doldura bilər.

 

Yusuf Güney5 iyun 1984cü ildə Trabzonda dünyaya göz açmışdır. Müxtəlif illərdə yazdığı və oxuduğu mahnılarla ən müxtəlif pley-listlərdə yer almış, çəkdirdiyi kliplərin süjetliliyi və zövq oxşaması ilə bir ayrı məşhurluq qazanmışdır.

 

Diskoqrafiya

Albomları

 

Bir Sevda Masalı 

Aşka İnat 

Kader Rüzgarı 

Sevgi Arsızı 

Hazin 

 

Duetləri

 

Aşk-ı Virane (Rafet El Roman ilə)

Aşka İnat (Rafet El Roman ve Eren Atsoy ilə)

Değilsin (Şeyma Erdoğan ilə)

Kendine İyi Bak (Semra San ilə)

 

Vidyo klipləri

 

Heder Oldum Aşkına

Aşkım Aşklarından Bulasın

Git Bedenim Buralardan

Aşka İnat

Serserin Oldum

Unut Onu Kalbim

İki Romantik Deli

Kader Rüzgarı

Bunalım

Ördü Kader Ağlarını

Melekler Seni Bana Yazmış

Hazin.

 

Yusuf hazırda Londonda yaşayır. 2008-ci ildə Rafet el Romanla birgə oxuduqları Aşk-ı Virane mahnısı 16 həftə türk çartlarında nömrə bir olmuş, rekord qırmışdır. Düzdür, bundan sonrakı illərdə müğənni bənzər uğur qazana bilməmişdir. Olsun ki, İstanbuldan getməsi də burada müəyyən rol oynamışdır. Amma onun fitri istedadı deyir ki, o yenidən Olimpə qayıdacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində türk dünyasının qürur və iftixar rəmzi sayılan “Divanü lüğət-it Türk” barədə danışacağıq.

 

Mahmud Kaşğarinin XI əsrdə ərsəyə gətirdiyi “Divanü lüğət- it Türk” əsəri türk dilinin ilk sistemli lüğəti olmaqla yanaşı, eyni zamanda türk xalqlarının mədəni, sosial və etnoqrafik həyatını əks etdirən qiymətli mənbədir. Bu əsər sadəcə leksik vahidlərin izahı ilə kifayətlənməyib, onların hansı türk boylarına məxsus olduğunu, hansı bölgələrdə istifadə edildiyini, müəyyən sözlərin fonunda həyat tərzi, inanc sistemi, adət-ənənələr, qida mədəniyyəti və sosial münasibətləri də geniş şəkildə təqdim edir.

Araşdırmamızda əsas məqsəd “Divanü lüğət- it Türk” əsəri əsasında türk xalqlarının dil və etnoqrafik xüsusiyyətlərini ortaya çıxarmaq, dövrün ictimai-mədəni mənzərəsini bu əsərin dili vasitəsilə şərh etməkdir.

1. Mahmud Kaşğari və əsərin məqsədi

 Mahmud Kaşğari “Divanü lüğət- it Türk” əsərini Bağdadda ərəb dilində qələmə almış və bu əsəri əsasən Abbasi sarayında türklərə qarşı formalaşmış yanlış təsəvvürləri aradan qaldırmaq məqsədilə hazırlamışdır. O, türk dilini ərəb dilinə bərabər səviyyədə təqdim etməyə çalışmış, türklərin zəngin dil və mədəni irsə malik olduqlarını sübuta yetirmişdir.

2. Türk dillərinin təsnifatı və dialekt fərqləri

 Əsərdə oğuz, qıpçaq, qarluq, çiğil, yağma, uyğur, peçenək kimi müxtəlif türk boylarına aid sözlər verilir. Mahmud Kaşğari bəzi sözlərin hansı tayfada necə tələffüz edildiyini, sinonim və dialektal fərqlərini qeyd edir. Bu fakt əsərin sadəcə bir lüğət deyil, ilk dialektoloji mənbə olduğunu göstərir. Məsələn:

  • “Sub” (su) – bəzi bölgələrdə “suv”
  • “Yaylaq” – bəzi bölgələrdə “yazlıq”

Bu fərqlər türklər arasında regional dil fərqlərinin artıq formalaşdığını göstərir.

3. Etnoqrafik məlumatlar

Mahmud Kaşğarinin təqdim etdiyi sözlər yalnız leksik mənada deyil, onların izahı zamanı verilən şərhlər, atalar sözləri və şeirlər etnoqrafik baxımdan da çox dəyərlidir. Aşağıda bu məlumatların əsas sahələr üzrə təsnifatını təqdim edirik:

a) Geyim və məişət

  • “Ton” – xəz kürk
  • “Yağlıq” – baş örtüyü
  • “Çatma” – kəmər
    Bu sözlər türklərin iqlim şəraitinə uyğun geyim tərzlərini və gündəlik məişət avadanlıqlarını göstərir.

b) Qida və içki

  • “Et” – ət
  • “Yağ” – yağ
  • “Qımız” – at südündən hazırlanan içki
    Bu sözlər köçəri həyat tərzində ət və süd məhsullarının əsas qida olduğunu göstərir.

c) Silah və hərbi terminlər

  • “Kılınç” – qılınc
  • “Yay” – ox atan silah
  • “Nezek” – mizraq
    Bu terminlər türklərin döyüşkən və hərbi təşkilatlanmış toplum olduqlarını göstərir.

d) Sosial quruluş

  • “Beg” – tayfa başçısı
  • “İl” – dövlət
  • “Qan” – ali rəhbər
    Bu anlayışlar türk tayfa sistemində mövcud olan sosial iyerarxiyanı və dövlət quruculuğunu əks etdirir.

e) Dini və inanc sistemi

  • “Tengri” – Tanrı
  • “Qut” – ilahi bəxşiş, müqəddəs güc
  • “Yalavaç” – peyğəmbər
    Bu sözlər göstərir ki, türklər hələ İslamdan öncə təbiətə bağlı inanclar sisteminə (tengrizm və şamanizm) malik olublar.

4. Folklor və mədəniyyət

Əsərdə yüzlərlə atalar sözü və şeirlər də təqdim olunur ki, bunlar da xalq hikmətini, həyat tərzini və dünyagörüşünü əks etdirir. Məsələn:

  • “Yigidi ata tərbiyə edər.” – Sosial tərbiyənin ailə və ata rolunu vurğulayan atalar sözüdür.

Bu nümunələr türk xalqlarının şifahi mədəniyyətinə dair dəyərli məlumatlar təqdim edir.

 Mahmud Kaşğarinin “Divanü lüğət- it Türk” əsəri yalnız türk dillərinin ilk sistemli lüğəti deyil, həm də geniş miqyaslı etnoqrafik qaynaqdır. Əsərdə verilmiş sözlər və onların izahları vasitəsilə XI əsr türk toplumlarının dil, mədəniyyət, adət-ənənə, dini inanclar və sosial həyatları barədə ətraflı məlumat əldə etmək mümkündür. Bu baxımdan əsər həm dilçilik, həm də antropologiya və etnologiya sahələri üçün əvəzolunmaz bir mənbədir.

 Araşdırmanın nəticəsi olaraq demək olar ki, “Divanü lüğət- it Türk” əsəri türk xalqlarının mədəni kimliyini, dil zənginliyini və ictimai-mədəni həyatını öyrənmək üçün əsaslı və çoxşaxəli bir qaynaq kimi dəyərləndirilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

                                                                            

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O Rusiyada da, Azərbaycanda da çox məşhurdur. Gənc, perspektivli və zəngin. İnsana daha nə lazımdır ki? Amma səbr edin. Qazandıqlarını qorumaq şox vacibdir. Bəzən illərdə qazandıqlarını bircə gündə itirə bilərsən.

Sizə Azərbaycan əsilli rusiyalı video bloger Hüseyn Həsənovdan danışıram. O Hüseyn Həsənovdan ki, 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Və bu gün onun doğum günüdür.

 

Məktəbi bitirdikdən sonra Hüseyn Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhvil verib. Etiraf edir ki, çətin olub, hətta bezdirici olub. Amma tədricən alışıb və bacarıb.

Təhsil aldığı müddətdə KVN-də çıxış edirdi, bundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayıb. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.

2018-ci ildə Cosmopolitan-a görə Runet-də ən nüfuzlu 10 insan sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol alıb. İnstaqramda baxış sayına görə də rekord vurub, blogerin videosuna 12 milyondan çox izləmə olub. 

 

Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar vermiş, 2019-cu ildə "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Baş sənlə dolu" adlı treklərini, 2020-ci ildə "Sən yox" mahnısını buraxmışdır. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimi də tanınır.

 

Hüseyn Həsənovun iştirak etdiyi musiqi klipləri

 

1. DONI və Lusya Çebotina - "Görüş"

2. Natan - "Mənə sevgini göstər"

3. Klava Koka - "MDK-ya aşiq (Kişi versiya)"

4. Anet Sey - "Güvə"

 

Anons vermişdim axı. Hüseynlə bağlı xoşagəlməzliklər var. O, 2025-ci ilin may ayında çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə Rusiyada axtarışa verilib. Gizlincə adına olan hər şeyi, xüsusən milyardçı “Banda Fuds” Səhmdar Cəmiyyətini sataraq ölkədən çıxmağa müvəffəq olub. Hazırda Rusiya onun ovu ilə məşğuldur, o isə gərək ki, ABŞ-dədir. Bax belə. Allah köməyi olsun deyək.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, rusdilli Azərbaycan nəsrinin ən parlaq simalarındandır. Əsərləri oxunur, sevilir.

Söhbət Xalq Yazıçısı Natiq Rəsulzadədən gedir. Bu gün onun doğum günüdür.

 

Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 

 

40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Keçmiş Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.

1984-cü ildə N. Ostrovski adına Ümumittifaq Mükafatına layiq görülüb. 

 

"İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir.

 

 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub. 200-dən çox hekayənin və 50-dən artıq kitabın müəllifidir

 

Kitabları

 

1. Uşaqlıq lövhələri

2. İşıqlı toran

3. Bayramda yağan yağış

4. Gecədə atlı

5. Ruhlar arasında

6. Intihar edənin qeydləri

7. Kabusların arasında

8. Ulduzların altında yol

 

Filmoqrafiya 

 

Bayramda yağış 

Biz qayıdacağıq (film, 2007)

Biz qayıdacağıq (veriliş, 2007) (ll)

De ki, məni sevirsən! 

Dünən, bu gün, sabah 

Epizod 

 

Mükafatları 

 

Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, daha sonra Xalq Yazıçısı adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi " xatirə nişanı ilə, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

 

Yazıçını təbrik edir, yeni əsərlər gözləyirik. Oxumayanlara isə tövsiyyə edirik ki oxusunlar. Natiq Rəsulzadəni haradasa Maqsud İbrahimbəyovun davamçısı adlandırmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan kinosunun tarixinə adı qızl həriflərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanızadə olub. O, parlaq istedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb.

 

Cəmi qırx səkkiz il ömür sürüb. Amma bu qırx səkkiz ildə elə uğurlara imza atıb ki, bu uğurlar ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı hələ də ehtiramla yad olunur, ruhuna rəhmətlər dilənilir. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqətindən kənərda qalmayıb, hər biri yaddaşlarda dərin iz buraxıb...

 

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb.O, təkcə istedadlı aktyor deyildi, həm də Azərbaycanın qeyrətli oğullarından biri idi. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölməyə belə hazır olan aktyor, əslində 20 Yanvar faciəsinin qurbanı oldu. 1990-cı ilin yanvar hadisələri onu çox sarsıtmışdı. Tez-tez “Şəhidlər Xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi...


Növbəti dəfə fevralın 2-sində, çəkilişdən sonra dostlarıyla birlikdə Şəhidlər Xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları əvvəlcə onu evinə gətirirlər. Sonra da özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinib. Hətta şəhidlərimizin 40 mərasimini görmək belə ona nəsib olmadı…


Yaşasaydı bu gün - iyunun 5-də əməkdar artistin 85 yaşı tamam olacaqdı. Yəqin ki, ad gününü həmkarları ilə birlikdə qeyd edəcəkdi. Amma heyf, çox heyf ki, 36 ildir aramızda yoxdur...
Ruhun şad olsun!


“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

 

 

AYXAN AYVAZ

“KÜÇƏDƏKİ MONOTAMAŞA”

 

1.

         Hekayəmə lap balacalıqdan başlayım. Uşaqlığım çox zülmlü keçib. Atamın içib anamı döydüyünü görmüşəm. Başını qapıya çırpdığını da. Arada anamı xilas etmək üçün irəli atılsam da, xeyri yox idi. Axı balaca uşaq nə edə bilərdi?

         Hə, o illər atam işdən qovuldu, ancaq içir, gəlib anamı döyürdü. Bir gün anam dözmədi, məni də götürüb dədəsi evinə getdi. Amma orada heç kim ona qayğı göstərmədi. Hamı dedi ki, geri qayıt. Atam da gəlib çıxdı, yalvardı, yaxardı, axırda arvadı da, məni də qabağına qatıb evə apardı.

         Mən universitetə hazırlaşanda evimizdə qıtlıq oldu. Yemək yox, içmək yox. Axırda atam oğurluğa başladı. Bir gün kiminsə evini soyanda ev yiyəsini də bıçaqladı. Atama on il verdilər. Anam nə gedəndə, nə də qayıdanda ağladı. İşləməyə, bazarda paltar satmağa başladı. Türmə ziyarətində atama qəbul olunduğumu deyəndə yaman sevindi. Sonra elə burada qalıb işlədim. Atam da türmədən çıxdı, bizə gəldi, toyumuzda iştirak elədi. Aradan bir az keçdi, qapımızdakı it öldü. Anam deyirdi ki, kişi mehrini itə salmışdı. Gözünü itdən qırağa qoymurdu. Hara gedirdi, it də bunun böyrüncə. İt öləndən iki gün keçmədi, atam da keçindi...

         Qoy adımı da deyim. Mənim adım Ulduzədir. On bir uşaq anasıyam. Bir oğlum vərəmdən ölüb, 18 yaşında. Beş uşağımı baldızım aparıb özü ilə, dördü də türmədədir. Biri də harasa qaçıb gedib, bilmirəm. Səkkiz oğlan, iki qız. Göyçək uşaqlardı hamısı. Uşaqlarımın çoxusu çıxıb getdi. Nə gəlirlər, nə yerlərini bilirəm ki, hardadırlar, nə iş görürlər. Əvvəl onlara yaxşı baxırdım. Ayaqlarım şikəst olandan sonra uşaqlarımın bir neçəsini veriblər uşaq evinə.

         Hər şey yoldaşım rəhmətə gedəndən sonra başladı. Cavan vaxtında ömrünü tapşırıb getdi. O da vərəmdən öldü. Oğlum ona çox oxşayırdı, vərəmdən ölən oğlum. Mən tək başına baxdım o uşaqlara ərimin ölümündən sonra. Xalça yuyurdum. Təndirdə çörək yapırdım. Qonu-qonşunun paltarlarını yuyurdum. Hər işə qaçırdım. Onları mən o cür böyütmüşəm, min bir zülmlə.

         Bilirsiniz, məni yandırmaq istəyiblər. Hə, hə, yandırmaq. Özü də diri-diri! Limonka” atıb yandırıblar məni, zorla xilas olmuşam. Ümnisə adında qadın vardı orada, günü 20 qəpiyə “çiqan” saxlayırdı. Məni də öz caynağına keçirmək istədi, daş atıb başımı tutdum.

         Ömrümün çoxu, 30 ili küçədə keçib. Məni televizorda da göstəriblər. Gözlərim həmişə yaşlı olur, amma ümidliyəm, hər şeyin yaxşı olacağına inamım böyükdür.

         2.

         Köhnə bakılıyam. Atam İçəri Şəhərdəndir. O vaxt Sovetskidə çoxuşaqlı ailə olduğumuza görə o vaxtın rəhbəri mənə ev vermişdi. Yanımda balalarım Nizami küçəsində eləcə durmuşduq. İndiki kimi yadımdadır, saatın kəfkiri 3-ü vururdu. Əlimi yuxarı qaldırıb dua elədim ki, ey pərvərdigar, elə et ki, buradan məni evə aparsınlar, köhnə ev də olsa razıyam. İnanırsınız, bir limuzin maşın dayandı. Başında silindr, əlində çəlik bir kişi çıxdı içindən. Dedi, sən niyə oturmusan burada. Mən də dedim ki, çoxuşaqlı qadınam, ərim də yoxdur, mənə ev versinlər deyə oturmuşam burada. Dedi, anaya kömək edin, uşaqları da götürün. Şofer uşaqları da götürdü, oturduq maşına, gəldik Mərkəzi Komitəyə, rəhbərin yanına. Yadımdadır, o kişi yuxarıda var-gəl eləyirdi, popiros da damağında. Uşaqlarımı aşağıda saxladılar, əmzik-zad tapıb sakitləşdirdilər. Hamısı çığırışırdı. Birtəhər onların başını aldatdılar. Məni də apardılar yuxarı.

         Rəhbər rusca məndən soruşdu:

         – Nə olub?

         – Növbədəyəm, amma mənim evimi vermirlər.

         O da harasa zəng elədi, dedi ki, bu söhbəti qurtarın, Ulduzə xanıma evini verin...

         Hə, indi 70 yaşım var. Sovetskini də dağıtdılar. Bu saat da orada qeydiyyatdayam. Sovetski dağılıb, o evim də əlimdən çıxıb. Amma mənə ev verən o kişini unutmuram. İndi hər gün dağılmış, evləri uçulmuş Sovetskiyə gedib gecələyirəm. Hər yerə səpələnmiş daşların arasında öz evimi axtarıram...

3.

         Mən yaxşı gün görməmişəm. Uşaqlığımı oradan-buradan danışdım, bildiniz. Ondan sonrası da heç yaxşı olmadı. Ərim öldü, elə o gündən bədbəxt günə qaldım. Onda qaynanam sağ idi.

         Ərə gedəndə 20-21 yaşım var idi. Əslində, ailə qurmaq niyyətində deyildim. Məni zorla ərə verdilər. Toyumu görərdiniz, əməlli-başlı dəm-dəsgah idi. Di gəl, mən mısmırığımı sallayıb oturmuşdum.

         Mən heç yoldaşımın üzünü görməmişdim. Atam məni küçəyə buraxırdı ki, onun üzünü də görəm? Biz beş bacı olmuşuq. Atam qapıdan qırağa ayağımızı qoymağa icazə vermirdi. Əli də bərk, bazburtlu kişi idi, qorxurduq ondan. Sevgi nə olan şeydi, bilməmişik.

         Hə, nə deyirdim, mən varlı adamın gəlini olmuşam. Üç yerdə mülküm olub. O vaxt yolda tapdığım bir uşağa baxmışam. Bir dəfə pilləkəndən yıxılıb, qollarından tutmuşam. Yemək vermişəm, su içdirmişəm. Xeyirxah olmuşam, hamı çox istəyib məni. Süpürgəçi ilə süpürgəçi, alverçi ilə alverçi olmuşam.

         Restoranım olub, 28 mayda, yuxarısı kafe, aşağısı xaşxana. İki taksim var idi, gecə biri gəlirdi məni götürməyə. Bilmirəm, xasiyyət mənə atamdan keçmişdi, ya yox. Amma içən adamdan zindeyi-zəhləm gedirdi. Ərim də elə xeyirə-şərə yarayan biri deyildi. Bir də görürdüm, gecənin gec vaxtı qapı döyülür, qapı gözcüyündən baxırdım, görürdüm ki, ərimdi, özü də lül-piyandı, qoymurdum evə.

         4.

         Mirmövsüm ağanın türbəsinə aparırlar məni, yemək bişirirəm, kartof soyuram, qocalara Quran oxuyuram, bir də görürsən uşaq saxlamağa çağırırlar.  Ayaqlarım şikəstdir indi, xəstəyəm. Belə kökdə kimdi mənə baxan? Böyük balığın bir başıdır, bir də quyruğu. Özüm özümə baxa bilməsəm, heç kim mənə baxan deyil.

         İndi küçənin ortasında qalıram. Sovetskidə. Axşamlar ora gedirəm, əlimdə ədyal, pal-paltar. 24 saat küçədəyəm mən. Gecə də Sovetskiyə qayıdanda itlər qabağımı kəsir. Ancaq elə onlar da, deyəsən, artıq evsiz olduğumu bilirlər, neçə vaxtdır yoxa çıxıblar. Daha üstümə cuman itlər də yoxdur.

         Hərdən çağırırlar, gedib evlərdə işləyirəm. Qocalar üçün xörək bişirirəm.

Həmişə otururam bu bahalı restoranın yanında. Baxın, görürsünüz, bu kasinkam”dı, axşam atıram başıma. Jaketimdi, soyuq olanda geyinirəm.  Hələ bir azdan nə təhər külək qopacaq burada. Buranın havasına bələdəm.

         Küçə ilə dost olmuşam artıq, ən yaxın dostum olub bu küçə.

         5.

         Mənim 13 yaşımdan vergim var, özü də ayağım yüngüldür. İndi bir azdan aşağıdan, Manqal”dan məni çağıracaqlar: Ay bibi, gəl sənə çay verim”. Ayağım düşərli olur. Mən oturan kimi də sabahısı gün banket olur, boğaza qədər adam yığılır içəridə.

         Bir də görürsən Sovetskidə bir mağazaya girirəm. Uzaqdan bir oğlan əl eləyir ki, ay xala, dayanginən, pul-zad lazım döyül, götür nə istəyirsən. Mat qalıram ki, bunlar simicin biridilər, niyə belə eləyirlər, görən.

         Allahın vergisi var məndə. O vergi olmasaydı, mən çoxdan ölərdim.

         Bizim bir uzaq qohumumuz var idi. Detdom”da olmuşdu yazıq. Sovetskidə bir oğlan bunu ələ salırdı. Adı da Fidan idi. Deyirdim, Fidan, o oğlan sənnən ancaq gəzmək istəyir. Deyirdi yox, Hüseyn məni alacaq. Dedim, yox, almayacaq, amma sənə uzaq ellərdən, uzaq bir ölkədən elçi düşəcək. Qız çöndü getdi, inanmadı mənə. Üstündən bir az keçdi, qız gəldi ki, uzaq eldən elçi var. Tay bilmədim Amerikadan gəlib bu oğlan, yaxud Rusiyadan, onu heç cür bilə bilmədim. Gözləri işıq saçırdı qızın, sevincək olmuşdu. Sonra dedim ki, sənin yanına biri gələcək, sən onu görəndə çox xoşbəxt olacaqsan. Sən demə, bunun qardaşı uzaq bir ölkədə işləyirmiş, bunu demişdim ki, səhərisi gün qardaşı qızın qapısını döydü.

         Elə bilməyin falçıyam, cadu-piti eləyirəm ha! Məndə fala baxmaq deyil, ürəyimə gəlir eləcə. Hiss eləyib deyirəm. Məsələn, deyirəm ki, ey İlahi, yağışı dayandır, mən küçədə yağışın altındayam. Bir də görürəm yağış dayandı.

         6.

         20 yanvar vaxtları idi. Mən mühafizəçi işləyirdim. Belimdə də tapança olurdu. Nə qədər adamı xilas elədim onda. Neçə il mühafizə işləmişəm e... Oradan da təqaüdə çıxmışam. Mənəerkək Fatma” deyirdilər.

         Çox yerdə işləmişəm. Saçımı süpürgə eləmişəm uşaqlarıma görə. İndi heç biri axtarıb eləmir. Elə bil mən adda biri yoxdur. Qohumlarım da it-bat olub. Ölüblər, deyəsən. Sağ adamlar məni niyə axtarmasın ki? Artıq öyrəşmişəm belə yaşamağa. Küçə doğma evim kimidir.

         Ev demişkən, yaxşı yadıma düşdü. Uşaq yandırmışdı evimizi birinci dəfə. Böyümüşdü, bığı-zadı çıxmışdı. Deyirdi, mənə rahatlıq ver, evlənmişəm, sığışa bilmirəm.

         Deyə bilmirdim, bu evin nəyinə gəlirsən, ocaqda yemək bişirirəm.

         Harada mən sənə yer verim? Yoxdu da. Neyləyim mən?

         Hə, bax belə. Oğlumun birini də pullu bir qız götürüb aparıb. Vallah. Göyçək oğlandı da, xoşuna gəlib. Gəlib otururdu evimizin qabağında, deyirdim, ağız, nə oturmusan burada. Deyirdi, oğlunuza vurulmuşam, yaman göyçək oğlandı. Ay qız, sənin mənim oğlumla nə işin var? Hələ gör mən sənə icazə verəcəm oğlumla evlənəsən. Deyir, yox, vurulmuşam.

         Eh, hansı birini danışım? Hamı atıb getdi məni. Bircə bu küçədən başqa...

         7.

         Köhnə tanışlarımın uşaqları gəlib deyirlər, sənə bir balaca yer düzəldəcəyik, qalarsan orada. Ümidim bircə bunadır, görək nolur. Sovetskidə dağılan evlərin daşlarından balaca bir ev düzəldəcəklərini söz veriblər.

         Həmişə burda, Manqal”ın aşağısında, ya da məsciddə otururam.

         Restoranda uşaqlara dua edirəm, yemək verirlər. Səid adlı bir oğlan olur burada, restoranı var. Ona dua elədim ki, maşını olsun. Allah yetirdi. O da deyir, haçan gəlsən, sənə qurbandır yemək.

         Bu restoranın qabağında oturmağıma baxmayın. Bunlarla aram yoxdur. Bir pişiyi var idi bunların, iri gözlü, iri quyruqlu. Onu mən tapıb gətirmişdim, xeyri olmadı. Burada oturduğuma baxmayın, zəhləm gedir bunlardan. Dua elədim, o dəqiqə pişik çıxdı ortaya. Qədrimi bilmədilər.

         Kaş keçən günlərimi də dua eləyib geri qaytara bilsəydim. İndi buradan getməliyəm Sovetskiyə, bir azdan axşam düşəcək. Şey-şüyümü də götürüb yola düzəlməliyəm. Ürəyimə damıb ki, ayın işığı düşəcək yoluma...

         8.

         Onu həmişə bu küçədə görürəm. Gəlib keçəni söhbətə tutur, onlarla danışmağa çalışır. Hərdən onun söhbətinə qulaq asılan da tapılır. Çox keçmir həmin adam bezir, əlini yelləyib gedir. Ulduzə xanım bir mövzudan o birinə elə adlayır ki, heç cür hadisələrin axarını tutmaq olmur. Məni tanıyır. Görən kimi əlini yelləyir.

         – Mənim həyatımı yaz, – deyir.

         Mən də ona həmişə söz verirəm.

         – Yazacam, – deyib hər dəfə cibimdən 20 qəpik tapıb onun qırışlı ovcuna qoyuram.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

1991-ci ilin dekabrında Sovet İttifaqı dağılanda dünya təkcə bir dövlətin süqutuna şahidlik etmədi. Həmin günlərdə eyni zamanda XX əsrin ən böyük maliyyə sirlərindən birinin də əsası qoyuldu. Aradan 35 ilə yaxın vaxt keçməsinə baxmayaraq, SSRİ-nin son illərində Kommunist Partiyasının, dövlət strukturlarının, xaricdəki şirkətlərinin və müxtəlif fondlarının nəzarətində olmuş milyardlarla dollar dəyərində vəsaitin taleyi hələ də tam aydınlaşdırılmayıb. Tarixçilər, jurnalistlər, iqtisadçılar, keçmiş kəşfiyyatçılar və siyasətçilər illərdir eyni suala cavab axtarırlar: Sovet imperiyasının sərvəti hara yox oldu?

 

Bu mövzunun ətrafında illər ərzində yüzlərlə kitab yazılıb, araşdırma aparılıb, sənədli filmlər çəkilib. Bəziləri hesab edir ki, söhbət sadəcə şişirdilmiş mifdən gedir. Digərləri isə əmindi ki, SSRİ dağılan zaman dünyanın ən böyük maliyyə əməliyyatlarından biri həyata keçirilib və bu gün postsovet məkanında milyardlarla dollarlıq sərvətə sahib olan bəzi oliqarxların yüksəlişinin kökləri məhz həmin dövrə gedib çıxır. Məsələni anlamaq üçün əvvəlcə SSRİ Kommunist Partiyasının əslində nə olduğunu başa düşmək lazımdır. Bir çox insanlar Kommunist Partiyasını sadəcə siyasi təşkilat kimi təsəvvür edir. Halbuki Sovet İttifaqında partiya dövlətdən ayrı qurum deyildi. Faktiki olaraq bütün hakimiyyət onun əlində cəmləşmişdi. Nazirliklər, zavodlar, kolxozlar, ordu, təhlükəsizlik strukturları və dövlət idarəçiliyinin bütün əsas qolları partiyanın nəzarəti altında fəaliyyət göstərirdi. Bu isə o demək idi ki, partiya təkcə siyasi gücə deyil, həm də nəhəng maliyyə resurslarına sahib idi.

1980-ci illərin sonlarında Kommunist Partiyasının təxminən 19 milyon üzvü vardı. Hər bir üzv müntəzəm üzvlük haqqı ödəyirdi. Bundan əlavə partiyanın minlərlə binası, sanatoriyası, istirahət mərkəzi, nəşriyyatı, qəzet və jurnal şəbəkəsi, tədris müəssisələri mövcud idi. Xarici ölkələrdə müxtəlif kommunist partiyalarına maliyyə yardımları göstərilir, müxtəlif fondlar vasitəsilə vəsaitlər dövr etdirilirdi. SSRİ-nin xarici ticarət əməliyyatlarının bir hissəsi də partiyaya yaxın strukturlar vasitəsilə həyata keçirilirdi. Nəticədə onilliklər ərzində nəhəng maliyyə sistemi formalaşmışdı. Məhz buna görə SSRİ dağılanda bir çox ekspertlər düşünürdülər ki, Kommunist Partiyasının sərəncamında milyardlarla dollar olmalıdır. Ancaq Sovet İttifaqı süqut etdikdən sonra aparılan araşdırmalar göstərdi ki, gözlənilən vəsaitlərin əhəmiyyətli hissəsini tapmaq mümkün deyil. Rəsmi sənədlərdə görünən rəqəmlərlə real vəziyyət arasında böyük fərq vardı. Bu da müxtəlif ehtimalların yaranmasına səbəb oldu.

Ən məşhur nəzəriyyələrdən birinə görə, Sovet rəhbərliyinin müəyyən hissəsi sistemin dağılacağını əvvəlcədən hiss etmişdi. 1980-ci illərin sonlarında SSRİ artıq ağır iqtisadi böhran yaşayırdı. Neft qiymətlərinin düşməsi, istehsalın azalması, mağazalarda qıtlığın yaranması, milli respublikalarda separatizm meyillərinin güclənməsi dövlətin gələcəyini sual altına qoymuşdu. Bu şəraitdə bəzi yüksək vəzifəli şəxslərin gələcək üçün plan qurmağa başladığı iddia olunur.

Ən çox rast gəldiyim məlumat isə, SSRİ dağılandan əvvəl partiya və dövlət strukturlarına bağlı şəxslər müxtəlif xarici şirkətlər yaradır, vəsaitləri həmin şirkətlər vasitəsilə xaricə çıxarırdılar. O dövrdə Qərbdə, xüsusilə Kiprdə, İsveçrədə, Avstriyada və digər maliyyə mərkəzlərində qeydiyyatdan keçirilən müəssisələrin bir hissəsinin arxasında sovet kapitalının dayandığı barədə iddialar səsləndirilirdi. Bəzi jurnalist araşdırmalarında qeyd olunur ki, SSRİ-nin son illərində yaradılmış çoxsaylı birgə müəssisələr sonradan böyük biznes imperiyalarının təməlinə çevrilib.

Mövzunun daha da sirli görünməsinə səbəb olan hadisələrdən biri isə Kommunist Partiyasının maliyyə sisteminə yaxın olan bir neçə şəxsin müəmmalı ölümü idi. 1991-ci ilin avqustunda Sovet İttifaqında baş vermiş uğursuz çevriliş cəhdindən dərhal sonra partiyanın maliyyə işlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərdən biri Nikolay Kruçina yaşadığı binanın pəncərəsindən yıxılaraq həlak oldu. Rəsmi versiya intihar idi. Lakin cəmi bir neçə həftə sonra onun sələfi Georgi Pavlov da oxşar şəkildə öldü. Ardınca daha bir yüksək vəzifəli şəxs eyni aqibətlə üzləşdi. Təsadüf, yoxsa susdurulma əməliyyatı? Bu sual bu günə qədər tam cavablandırılmayıb.

Bu ölümlərdən sonra "partiya qızılı" ifadəsi geniş yayılmağa başladı.

Maraqlıdır ki, burada söhbət həqiqi mənada qızıl külçələrdən getmirdi. "Partiya qızılı" anlayışı daha çox Kommunist Partiyasının nəzarətində olmuş maliyyə resurslarının ümumi adı kimi işlədilirdi. Lakin zaman keçdikcə bu anlayış əfsanələşdi və müxtəlif şayiələr yarandı. Bəziləri hesab edirdi ki, milyardlarla dollar dəyərində qızıl ehtiyatları gizli bunkerlərdə saxlanılır. Digərləri isə vəsaitlərin xarici hesablara köçürüldüyünü düşünürdü.

1990-cı illərin əvvəllərində yeni Rusiya hökuməti bu pulların izinə düşmək üçün ciddi səylər göstərdi. Hətta məşhur beynəlxalq araşdırma şirkəti Kroll da prosesə cəlb edildi. Şirkətin qarşısına qoyulan əsas məqsəd Kommunist Partiyasının xaricə çıxarılmış aktivlərini müəyyənləşdirmək idi. Kroll dünyanın müxtəlif ölkələrində bank hesablarını, şirkət əlaqələrini və maliyyə axınlarını araşdırdı. Lakin gözlənilən nəticə əldə olunmadı. Hesabatların bir hissəsi məxfi saxlanıldı, bir hissəsi isə ictimaiyyətə açıqlanmadı. Bu isə şübhələri daha da artırdı.

Bir çox tədqiqatçılar hesab edir ki, SSRİ dağılan zaman baş verənlər sadəcə pulun oğurlanması deyil, daha mürəkkəb proses idi. Sovet nomenklaturası adlanan yüksək vəzifəli təbəqə dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində böyük üstünlük qazandı. Dövlət müəssisələrinin dəyəri sürətlə aşağı düşdü, qanunvericilik boşluqları yarandı, nəzarət mexanizmləri zəiflədi. Nəticədə əvvəllər dövlətə məxsus olan nəhəng müəssisələr çox ucuz qiymətə müəyyən şəxslərin nəzarətinə keçdi. Sonrakı illərdə Rusiyada meydana çıxan bir çox oliqarxların sərvətinin təməlində məhz həmin proseslərin dayandığı qeyd olunur.

Bəzi tarixçilər isə fərqli mövqe sərgiləyirlər. Onların fikrincə, "itən milyardlar" barədə deyilənlərin bir hissəsi mifologiyadır. Çünki SSRİ son illərində ciddi maliyyə böhranı yaşayırdı. Xarici borclar artırdı, qızıl-valyuta ehtiyatları azalırdı, ərzaq idxalı üçün böyük məbləğlər xərclənirdi. Buna görə də nəzəri olaraq mövcud olduğu iddia edilən vəsaitlərin əhəmiyyətli hissəsinin əslində çoxdan xərcləndiyi ehtimal edilir. Başqa sözlə, insanlar dağılan imperiyanın sərvətini olduğundan daha böyük təsəvvür edirlər.

Ancaq bu arqument belə bütün sualları cavablandırmır. Çünki SSRİ dağıldıqdan sonra bir çox keçmiş partiya funksionerlərinin, dövlət idarəçilərinin və onlara yaxın şəxslərin qısa müddətdə böyük biznes strukturlarının sahiblərinə çevrildiyi faktdır. 1990-cı illərin əvvəllərində adi sovet vətəndaşı maaşını ala bilmədiyi, inflyasiya səbəbindən əmanətlərini itirdiyi halda bəzi insanlar nəhəng maliyyə imkanları əldə etmişdilər. Bu kapitalın mənşəyi ilə bağlı mübahisələr isə bu gün də davam edir.

Əslində, SSRİ-nin yoxa çıxan milyardları mövzusu yalnız maliyyə məsələsi deyil. Bu, həm də bir imperiyanın dağılmasının necə baş verdiyini göstərən hekayədir. Dövlətlər bir gündə dağılmır. Onlar uzun illər ərzində zəifləyir, institutlar gücünü itirir, sistem daxilindəki qruplar öz gələcəklərini düşünməyə başlayırlar. SSRİ-nin son illərində də məhz belə olmuşdu. Bir tərəfdə ölkənin gələcəyini xilas etməyə çalışan insanlar vardı, digər tərəfdə isə dağılmanın qaçılmaz olduğunu anlayıb yeni şəraitə hazırlaşanlar.

Bu gün arxivlərin bir hissəsi açılıb, çoxsaylı sənədlər üzə çıxıb. Lakin hələ də qaranlıq qalan məqamlar az deyil. Bəzi sənədlər məxfi qalır, bəzi iştirakçılar artıq həyatda deyil, bəzi maliyyə əməliyyatlarının izləri isə çoxdan itib. Məhz buna görə "partiya qızılı" mövzusu postsovet tarixinin ən böyük sirlərindən biri olaraq qalır.

Bəlkə də sualın cavabı heç vaxt tam tapılmayacaq. Amma bir həqiqət danılmazdır: SSRİ dağılanda təkcə siyasi sistem yox olmadı. Həm də nəhəng sərvətlər yenidən bölüşdürüldü. Bu bölüşdürmənin bütün detalları tarix kitablarına düşməsə də, onun nəticələri bu gün də postsovet məkanının iqtisadi və siyasi həyatında hiss olunur. Elə buna görə də "SSRİ-nin yoxa çıxan milyardları" mövzusu sadəcə keçmişin sirri deyil, bu günün də cavab gözləyən suallarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Cümə, 05 İyun 2026 14:35

Pəncərədən görünən dünya

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bəzən insan ömrünün ən dərin düşüncələri böyük hadisələrin içində deyil, ən sadə anlarda doğulur. Bir pəncərənin qarşısında dayanarkən, yağış damcılarının şüşə üzərində süzülüşünü izləyərkən, qatarın pəncərəsindən uzaqlaşan kəndləri seyr edərkən və ya təyyarə havaya qalxarkən şəhərin işıqlarının kiçilib yoxa çıxmasına baxarkən insan həyat haqqında uzun-uzadı kitabların deyə bilmədiyi həqiqətləri anlayır.

 

Pəncərə sadəcə baxış nöqtəsi deyil. O, insanla dünya arasındakı sərhəddir. Həm ayırır, həm birləşdirir. Həm qoruyur, həm də həsrət yaradır. İnsan bəzən pəncərədən dünyaya baxır, bəzən isə dünyadan öz daxilinə.

Uşaqlıqda pəncərə bizim üçün marağın məkanı idi. Küçədən keçən insanlar, uzaqda görünən yollar, qışın ilk qarı, yazın ilk yağışı – hamısı pəncərədən görünən dünyanın bir hissəsi idi. O zaman həyat sonsuz görünürdü. Heç kim zamanın nə qədər sürətlə keçəcəyini düşünmürdü. Heç kim bir gün həmin küçələrdən, həmin evlərdən və həmin insanlardan uzaq düşəcəyini təsəvvür etmirdi.

İllər keçir.

İnsan böyüyür.

Bir gün o, ilk dəfə təyyarənin pəncərəsi qarşısında əyləşir.

Təyyarə hərəkət etməyə başlayır. Hava limanının işıqları geridə qalır. Sonra sürət artır. Bir neçə saniyə sonra təkərlər yerdən ayrılır. Həmin an qəribə hiss yaşanır. Sanki insan yalnız torpaqdan deyil, həyatının müəyyən bir mərhələsindən də ayrılır.

Şəhər getdikcə kiçilir.

Yollar nazik xətlərə çevrilir.

Evlər oyuncaq kimi görünür.

Bir vaxtlar həyatın mərkəzi hesab etdiyin küçələr gözlə görünməyəcək qədər balacalaşır.

Və insan anlayır ki, yerdə qalan hər şey əslində nə qədər kiçikdir.

Təyyarə yüksəldikcə insanın baxışı da dəyişir. Yuxarıdan baxanda sərhədlər görünmür. İnsanların bir-biri ilə bölüşə bilmədiyi torpaqlar görünmür. Nə siyasi mübahisələr, nə gündəlik çəkişmələr seçilir. Görünən yalnız bütöv bir mənzərədir. Dağlar, çaylar, dənizlər və sonsuz üfüq...

Bəlkə də insanın ən böyük problemi budur: o, çox vaxt həyata həddindən artıq yaxın baxır.

Yaxınlıq detalları göstərir, amma bütövlüyü gizlədir.

Məsafə isə bütövlüyü göstərir.

Təyyarənin pəncərəsi qarşısında oturarkən insanın ağlına çox vaxt geridə qalanlar gəlir. Hava limanında əl edən insanlar. Ayrılıq zamanı deyilə bilməyən sözlər. Qucaqlaşarkən gizlədilən göz yaşları. Bir müddət sonra həmin insanlar buludların altında qalır. Onları görmək mümkün olmur. Amma qəribədir ki, insan uzaqlaşdıqca onları daha çox düşünməyə başlayır.

Bəlkə də məsafə sevginin görünən formasıdır.

İnsan yaxınında olanların dəyərini həmişə tam hiss etmir. Uzaqlaşdıqca isə xatirələr aydınlaşır. Bir vaxtlar adi görünən söhbətlər qiymət qazanır. Hər gün eşidilən səs üçün darıxmağa başlayırsan. Hər gün gördüyün küçə birdən-birə xüsusi məna kəsb edir.

Təyyarə pəncərəsindən baxan insan yalnız şəhərləri deyil, öz keçmişini də seyr edir.

Buludların üzərində uçarkən bəzən uşaqlığını xatırlayır.

Bir vaxtlar böyük hesab etdiyi problemləri.

İlk uğursuzluqlarını.

İlk sevinclərini.

İlk ayrılıqlarını.

İlk arzularını.

Həyat qəribə şəkildə təyyarə səyahətinə bənzəyir. İnsan doğulduğu gündən etibarən bir istiqamətdə hərəkət edir. Yol boyu müxtəlif insanlar onun həyatına daxil olur. Bəziləri qısa müddət qalır, bəziləri uzun illər. Sonra stansiyalar dəyişir. İnsanlar ayrılır. Yeni insanlar gəlir.

Lakin heç kim bütün yolu birlikdə getmir.

Bu həqiqət bəzən kədərli görünür.

Amma həyatın gözəlliyi də elə bundadır.

Əgər hər şey əbədi olsaydı, heç nəyin dəyəri qalmazdı.

İnsan məhz faniliyin içində mənanı axtarır.

Buludların arasında uçarkən aşağıda görünməyən şəhərlərdə milyonlarla insan öz həyatını yaşayır. Kimsə sevinir. Kimsə ağlayır. Kimsə yeni həyata başlayır. Kimsə hansısa hekayəni bitirir.

Və birdən insan anlayır ki, onun həyatı da bu böyük dünyanın yalnız kiçik bir hissəsidir.

Bu düşüncə bəzilərinə qorxulu görünə bilər.

Amma əslində azadlıq da burada başlayır.

Çünki insan hər şeyin mərkəzi olmadığını qəbul etdikdə daha sakit yaşayır.

Daha çox bağışlayır.

Daha az inciyir.

Daha çox sevir.

Daha az nifrət edir.

Təyyarənin pəncərəsindən baxarkən bəzən günəş buludların üstündən doğur. Həmin mənzərəni ilk dəfə görən insan heyrətlənir. Çünki yerdə hava qaranlıq və yağışlı ola bilər, amma buludların üstündə günəş parlayır.

Bu mənzərə həyatın özünə bənzəyir.

Bəzən insan yaşadığı çətinliklərin bütün dünyanı əhatə etdiyini düşünür. Halbuki bir qədər yüksəklik, bir qədər zaman və bir qədər səbir lazım olur ki, buludların arxasındakı işıq görünsün.

Pəncərədən görünən dünya hər yaşda fərqlidir.

Uşaqlıqda maraqdır.

Gənclikdə arzudur.

Yetkinlikdə düşüncədir.

Qocalıqda isə xatirə.

Lakin bütün hallarda pəncərə eyni missiyanı daşıyır: insana dayanıb baxmağı öyrətmək.

Müasir insanın ən böyük problemlərindən biri də məhz budur. O, baxır, amma görmür. Dinləyir, amma eşitmir. Yaşayır, amma hiss etmir. Həyatın sürəti insanın müşahidə qabiliyyətini əlindən alır. Halbuki bəzən bir neçə dəqiqəlik səssizlik, bir pəncərənin qarşısında dayanmaq və üfüqə baxmaq uzun illərin düşüncəsindən daha çox həqiqət göstərə bilər.

Bəlkə də buna görə pəncərələr həmişə insan həyatında xüsusi yer tutur. Onlar bizə dünyanın necə dəyişdiyini göstərir. Daha önəmlisi isə özümüzün necə dəyişdiyimizi göstərir.

Təyyarə enməyə başlayanda insan yenidən yerə yaxınlaşır. Şəhərlər böyüyür. Yollar aydın görünür. İnsanlar yenidən görünməyə başlayır. Həyat davam edir.

Lakin həmin səyahətdən sonra insan artıq əvvəlki insan olmur.

Çünki o, bir müddət də olsa, dünyaya yuxarıdan baxmağı öyrənmiş olur.

Və bəzən insanın bütün ömrü boyu ehtiyac duyduğu şey elə budur — həyata bir az uzaqdan baxmaq, geridə qalanları qiymətləndirmək və qarşıda uzanan yola daha böyük anlayışla davam etmək.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Sevinc Qəribin şeirləri təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

SEVİNC QƏRİB

 

SONRA...

Sonra kirpiklərim yükünü atdı, 
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü  o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu... 

Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
"çiçəyi çırtladı" ümidlərimin... 

Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də, üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma. 

Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri Günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
...sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb... 



ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ

 

Bəzən tanımıram heç özümü də,

Ruhuma yad gəlir hissim, həvəsim.

Hərdən qınayıram bu dözümü də

Sıxdıqca köksümü ölüm nəfəsi. 

 

Əynim iztirabın təzə donunda,

Kirpiyim yuyunur köhnə yağışda.

Bəlkə də, işıq var yolun sonunda,

Sönür ümidlərim yanlış naxışda. 

 

Kimsə əl uzadır duama sarı,

Göy üzü doludu qırıq diləklə.

Bəxtim cadar üzlü zavallı qarı,

Özüm hələ körpə qızdı bələkdə. 

 

Biçənək kimidi arzumun üzü,

Bir-iki dən düşüb ümid yerinə.

Təsəlli seçmişəm könlümə sözü,

Ömür də sığınıb Tanrı şeirinə. 

 

 

ADINI PIÇILDAYIRAM...

 

Adını pıçıldayıram, duyursanmı?

Çatırmı bu həzin eşq nəğməsi qulaqlarına?

Ruhun titrəyirmi dodaqlarımın atəşindən?

Kəpənək duyğular sarırmı ürəyini?

Arayırsanmı mən adlı səadətini? 

 

Yuva əllərini ciblərində gizlət, əzizim,

əllərim elə hey uçunur evinə sarı.

Yenə baxışlarım qovur darıxan kölgəmi,

nəm gözümdən sökülür həsrətinin divarı...

 

Külək haray çəkir pəncərəmin önündə, 

bəlkə, ağacların ahını alır,

bəlkə, "ağacla" gəzənlərin günahını.

Bəlkə də, dərdini çırpır şəhərin küçələrinə,

mən də ortaq oluram küləyin sərsəriliyinə... 

 

Adını pıçıldayıram dua kimi,

xəyalın keçir Tanrıyla aramda olan körpüdən.

Hasil olmuş dilək kimi isidirsən ürəyimi,

unuduram ayrılıq fəslinin soyuqluğunu,

atıram özümü havanın qollarına...

 

Adını pıçıldayıram...

Dəli külək qoparır adını dodaqlarımdan,

qonur pıçıltılarım küləyin qanadına,

uçur ruhumun kəşf etdiyi ünvana –

– dur, aç pəncərəni, səsim sənə  qonaq gəlir...

Adını pıçıldayıram, duyursanmı?! 

 


SƏN GƏL, DİRİ QALSIN SON SAATLARIM


Sən susduqca, mən özümə çəkildim.

içimdəki o tənha qız danışdı.

Sənsiz ömrün qəm üzünə büküldüm,

sükut adlı bu dərd mənə tanışdı. 

 

Alışdıqca içimdəki söz odu,

ürəyimi nişan aldı ağrılar.

Vüsalın kəm, ayrılığın tez oldu,

həsrətimin səbri geniş, bağrı dar. 

 

Niyə çəkim bu bədənin yükünü,

ruhumda ötürsə əcəl kəlməsi?!

Yandırsam da xeyri yoxdu "tükünü",

nağıl olar ta Sənimin gəlməsi... 

 

Neçə dərdə qucaq açdı qollarım,

əskik qaldı bala sözü dilimdə.

İzə düşdüm sənə gəldi yollarım,

balam oldun, bala batdı dilim də... 

 

Eşqin dua kimi yetdi könlümə,

ümid geydi ürəyimin çatları.

Qayıt, ömrüm, əzrayılı önləmə!

Sən gəl, diri qalsın son saatlarım...

 

 

DUALARIM NƏM…


İndi boşluq adlı ağrı
hakim kəsilib ruhuma,
içim də uçurum kimidi,
hər gün bir əsrlik
boşluğa yuvarlanıram.
Bilirsən, qaçmaq şansım yoxdu,
ayaqlarım beynimin əmrini dinləmir,
qollarım da asi çıxdı, 
əllərimi utandırdı göylərdən...
Gözlərimdəki selin 
dayanacaq yeridi qucağım.
Dualarım nəm, dilim titrək...
çatmır göyə dilədiklərim.
Bəlkə də, ölmüşəm, 
sinəmdəki göynərti cəhənnəm odudu...
İndi tam uçurumun kənarındayam, 
əlsiz-ayaqsız ümidimi asmışam andan,
ya uzat əlini, 
qurtar məni qorxularımdan,
ya ölümə tərk elə...

 

 

HƏLƏ

Hələ yağışlardan səs-soraq yoxdu,
hələ toz uduruq quru havadan. 
Hələ dalğalar da öz rəngindədi,
qayalar sağ çıxır sulu davadan. 

Hələ meh darayır güllərin telin,
hələ küləklərin boyu gödəkdi.
Günəş geniş açıb pay verən əlin,
hələ şəfəqlər də dolu yedəkdi... 

Hələ ürəyimin yanğısı sönük,
hələ qollarımda sızlamır ağrı.
Hələ dərd verməyir bir üzüdönük,
hələ öz eşqinə yuvadı bağrım. 

Hələ düz yeriyir ayaqlarım da,
hələ əsalara bağlıdı yollar.
Durur kürəyimdə dayaqlarım da,
hələ qucaqlayır məni o qollar. 

Özümü görürəm hələ güzgüdə,
Hələ əllərimin sahibi mənəm.
Hələ ögeyləşmir ruhum özgədə,
Hələ vətəniməm, hələ ölkəməm.

 

 

***

 

Bomboş küçə kimidi

ruhumda avazıyan şəkillər,

nə ağac var söykənəcək,

nə divar var yapışacaq.

Ümidsizdi səhra tənhalığına

uzanan yollar,

gedilmədikdən sonra

nə anlamı var...

Uzaqların isti cazibəsi

daha çox təsəllidir.

 

 

YUXUDA GÖRDÜM Kİ…


Yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
gözümdəki sevincin 
balaları doğulur üzümə 
gülüş şəklində...
ruhum bədənimi çəkir
göydəki doğma evinə.

 

– ay ana, bax, mən uçuram,
uçuram, ana, vallah, uçuram...
bax qollarım necə açılıb, 
gör havanı necə qucuram.

İlahi, o necə sevinc idi,
o necə gülüş idi,
mələk idi, ya mən idim 
qanadı eşq geyinən.

tut ağacının gülüşü
ağappaq çiçək açmışdı.
yuxuma Tanrının gəlişin
görüb dərd hara qaçmışdı?!
 
uçdum boyu boyunca
budaq-budaq ucaldım.
tellərimi doyunca
sığalladı göy üzü...
güzgü oldu gözlərim
qanadlanan könlümə.

yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...

 

 

BOŞA ÇIXIR TANRININ ƏLLƏRİ

 

Qollarım ağlamaqdan yorulsaydı,

dizlərimi təsəlli edərdi,

hasar olardı köksümdəki ağrılara,

qucaqlayardı tənhalığımı...

Ehh... yanmaq alova sarılmaqdı,

kül olmaq közdən ayrılmaq.

Arzuların sürükləndiyi edam kötüyü

kiminsə hegomonluq taxtıdı,

kiminsə ölüm vaxtı.

İşıq qaranlığı boğa bilmir,

yenilir zülmətin çirkin xislətinə.

Çarmıxa çəkilir həyat,

insanlıq öldürülür,

dualara qəsd edilir bu məmləkətdə..,

boşa çıxır Tanrının əlləri.

Yerdəki "allahlar" dünyanı qamarlayıb,

quru çörəyə boyun əydirir bəndələri.

Şeytana könül verənlərin qulağı kar,

iblisə tapınanların gözü kor...

Aclığa ibadət edir könüllər,

nədisə yox olur mərhəmət,

göy uzaqlaşır yerdən,

dərin quyulara qərq olur sevgilər,

hissiz doğulur ürəklər.

Bətni boş qalır buludların,

yananların üstünə qaçır yağışlar...

 

***

 

Adam barmağından yıxıla bilər,
sürüşər ovcunun doğmalığından.
Adam barmağından asar özünü,
üşüsə üzüyü yad barmağında.
 
Sınar ümidlərin göy bağlılığı,
uzanar əllərin ətəyin boyu.
Ötürər köksünü çarəsiz ürək,
çalınar o tayda "yadının" toyu.
 
Donar xatirələr bir şəkil üstə,
ötüşər yuxundan dünənin izi.
Yozarsan min yerə çıxılmazları,
su yuyub aparar gözün dənizi.
 
Çökər dizi üstə xəyalların da,
Qəminə bulaşar saçının teli.
Nəm çəkər duan da, susdura bilməz,
dərdin əsdirdiyi o dəli yeli.
 
Atarsan özünü mən zirvəsindən,
yıxılar içindən o böyük adam.
Budaqlar əl çalar eniş müjdənə,
quru yarpaq olar "dadına çatan".

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

 

13-CÜ DƏRC

 

Peşmanlıq keçmişlə üzləşmədir. Bağışlamaq isə bu üzləşməni gələcəyə daşıya bilmə cəsarətidir.

 

 

On üçüncü hissə

 

Evin qapısını açıb içəri girəndə, içimdə rahatlıq vardı. Bağışlamağın verdiyi yüngüllük hələ də, ürəyimi titrədirdi. Keçmişin yükünü çiyinlərimdən atmışdım. İllərdir içimdə yığılıb qalmış sualların cavabını tapmışdım. Artıq o suallar mənə əzab vermirdi.

Həyat yoldaşım mətbəxdə idi. Üzündəki yorğun ifadəyə baxmayaraq, məni görəndə gülümsədi. Gözlərində həmişəki kimi o doğmalıq, o istilik vardı. Ona yaxınlaşıb qucaqladım.

- Sənə bir şey demək istəyirəm. – pıçıldadım.

- Eşidirəm. – deyib, maraq dolu baxışlarla üzümə baxdı.

- Mən səni çox sevirəm… Və bilirəm ki, sən də məni sevirsən. Mənə verdiyin dəyəri, səbrini, sevgini indi daha yaxşı anlayıram. Sən mənim həyatımın ən doğru seçimisən.

O, əllərini üzümə qoydu, gözlərinin dərinliyində sanki bir işıq parladı.

- Mən bunu həmişə bilirdim, Humay. Sadəcə, sənin də bunu hiss etməyini gözləyirdim.

Həmin an başa düşdüm ki, əsl sevgi nə deməkdir. Sevmək, seçmək demək idi. Mən artıq seçmişdim. Və bu seçimimdən heç vaxt peşman olmayacaqdım. Bağışlamaq mənə azadlıq vermişdi, amma sevgi mənə bir ömür boyu davam edəcək xoşbəxtliyi bəxş edirdi.

Birdən həyat yoldaşım həyəcanlı bir şəkildə dedi:

- Əzizim, mən də sənə vacib bir söz deməliyəm. Amma əvvəlcədən qeyd edim ki, hələ onlara fikrimi bildirməmişəm. Sənin qərarını öyrənmədən, cavab vermək istəmədim.

Sözlərindəki gərginliyi hiss edərək maraq və narahatlıqla suallarımı yağdırdım:

- Nə xəbər? Hansı qərar?

O da diqqətlə üzümə baxaraq davam etdi:

- Mənə Türkiyədə işləmək üçün, yeni bir iş təklifi gəlib. Amma təbii ki, bu qərarı təkbaşına verə bilmərəm.

- Bəs sən özün bu təklifə razısan?

Əlimi tutdu və sakit bir səslə cavab verdi:

- Əzizim, mənim razı olub-olmamağım bir şeyi dəyişdirməz. Biz bir ailəyik. Hər ikimizin istəkləri önəmlidir. Həm sən buradakı işinə, mühitə öyrəşmisən. Sənə təzyiq göstərib “razılaş” deyə bilmərəm.

Onun bu incə düşüncəsi qəlbimi isidirdi.

- Çox düşüncəlisən, əzizim. Doğrudur, işimi sevirəm, evimizə, şəraitimizə öyrəşmişəm, amma bəzən həyatda riskə getmək lazımdır. Üstəlik, mənə görə sevdiklərim yanımda olduqdan sonra, harada yaşamağımın elə bir önəmi yoxdur. Necə ki, sən hər zaman mənim qərarlarımda yanımda olub dəstək olmusan, mən də səni hər qərarında dəstəkləyəcəyəm. İş məsələsinə gəlincə, darıxsam, orada da işləyə bilərəm. Bu, elə də böyük bir problem deyil.

Sözlərimi bitirəndə gözlərində minnətdarlıq hiss etdim. Biz birlikdə olduğumuz müddətcə hər şeyin öhdəsindən gələ biləcəyimizi bilirdik.

- Sənin bu anlayışın, mənə olan dəstəyin o qədər dəyərlidir ki… Amma bilmək istəyirəm, doğrudan da, bu qərar səni xoşbəxt edəcək? Yəni, hər şeyin dəyişməsi, yeni bir ölkəyə köçmək, iş mühiti, həyat tərzi… Bunlar sənin üçün çətin olmayacaq? 

- Əzizim, həyat bir yerdə dayanmaq üçün deyil. Mən bilirəm ki, bu asan olmayacaq. Amma sənin yanında olmaq daha vacibdir. Biz birlikdə olduqdan sonra hər şeyin öhdəsindən gələ bilərik.

 O, sevincini gizlədə bilmədi, məni qucaqladı. Qucağında sakitlik və güvən hiss edirdim. Artıq qərarımız verilmişdi.

- O zaman, mən bu təklifi qəbul edirəm! – deyə həyəcanla söylədi.

- Yeni bir həyat bizi gözləyir, əzizim, – dedim və başımı çiyninə qoydum.

O gecə biz, xəyallarımız haqqında danışaraq yatdıq. Yeni bir ölkə, yeni bir həyat, yeni ümidlər… Qarşımızda bilinməzliklə dolu bir yol vardı, amma ən önəmlisi, biz bu yolu birlikdə addımlayacaqdıq.

 

***

Səhər açıldı. Günəşin pəncərədən süzülən zəif işığı otağıma dolanda, artıq ayaq üstə idim. İşə hazırlaşaraq evdən çıxdım. Yol boyu fikrim dünən yoldaşımla etdiyimiz söhbətə ilişib qalmışdı. Həm də bu günün xüsusi bir gün olduğunu dərk edirdim. – Rüstəm bəylə son seansımız idi. İçimdə rahatlıq vardı. Onun həyatına toxuna bilmiş, onda dəyişikliklər yaratmışdım. Özü də bunu açıq şəkildə etiraf etmişdi – qısa zamanda həyatında çox şey dəyişmişdi. Bu gün isə onun bu dəyişiminin hara qədər irəlilədiyini görəcəyim gün idi.

Düşüncələrim arasında yolun necə keçdiyini hiss etmədim. Artıq iş yerimin qapısında idim. Otağıma keçəndə bir anlığa dayanıb ətrafa nəzər saldım. Bu otaq təkcə dörd divardan ibarət deyildi, burada yaşanmış hekayələr, səslənmiş etiraflar, göz yaşları və rahatlıq tapmış qəlblər vardı. Buradan ümidlə ayrılan insanları düşündükcə içimi fərqli bir duyğu bürüdü.

Bu gün mənim üçün bir önəmli məsələ daha var idi. Artıq verdiyimiz qərarı müdiriyyətlə bölüşməli, işdən ayrılacağımı bildirməli idim. Amma əvvəlcə pasiyentlərimlə son seanslarımı tamamlamalıydım.

Gün ərzində hər biri öz vaxtında gəldi. Onların üzlərindəki ifadələri, seans boyu söylədikləri sözləri yaddaşıma həkk etdim. Sonda isə ən çox gözlədiyim pasiyent – Rüstəm bəy qapını döyüb içəri keçdi.

- Salam, Humay xanım, necəsiz?

- Salam, Rüstəm bəy. Çox sağ olun, bəs siz özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm, Humay xanım. Düzünü desəm, heç vaxt bu qədər azad və rahat hiss etməmişdim. Elə bil illərdir içimi sıxan, çiyinlərimə ağırlıq edən bir yükdən qurtulmuşam. Nəfəs almaq belə daha asan gəlir… Amma bir etiraf da edim ki, bəzən özümə qarşı qəzəb hiss edirdim. Özümü bir həbsxanada saxlamış, azadlığımı əlimdən almışdım. Bu hisslərdən tam qurtula bilməsəm də, indi bunun da öhdəsindən gələcəyimə inanıram.

- Aydındır, Rüstəm bəy. O anlarda qəzəbinizi azaltmaq üçün hansı üsullardan istifadə edirdiniz?

- Daha çox tək qalmağa üstünlük verirdim. Bəzən içimdəki gərginliyi çıxarmaq üçün nəyisə yumruqlayır, bəzən isə sadəcə qaçaraq bütün enerjimi sərf etməyə çalışırdım. Bu, məni bir qədər sakitləşdirirdi.

- Bəs sizin üçün bağışlanma nə deməkdir?

- Bağışlanma hər insan üçün fərqli mənalar daşıyır. Bəzən elə insanlar olur ki, onların səhvlərini asanlıqla bağışlaya bilirsən, çünki ya onlara olan sevgin, ya da başa düşmək istəyin daha güclüdür.

- Bəs özünüzü bağışlaya bilmisiniz?

- Düzünü desəm, hələ ki yox. Çünki insan başqalarını bağışlasa da, bəzən öz içindəki günahkarlıq hissindən qurtula bilmir. Amma anladım ki, daim keçmişi düşünərək yaşamaq, özümü ittiham etmək yalnız məni geri çəkir. Yavaş-yavaş qəbul etməyə başladım ki, hər kəs səhv edə bilər və ən vacibi, bu səhvlərdən nəticə çıxarmaqdır. İndi isə deyə bilərəm ki, özümü tam bağışlamasam da, ən azından buna hazır olduğumu hiss edirəm…

- Bu, çox vacib bir məqamdır, Rüstəm bəy. Keçmişinizi bir yük kimi yox, bir dərs kimi görmək, onunla barışmaq, həqiqi sağalmağın ən mühüm mərhələlərindən biridir. İnsan özünü bağışlamağa başladıqca, içindəki qəzəb, peşmanlıq, günahkarlıq hissi azalır, yerini isə daxili sakitlik və qəbul etmə hissi alır.

- Amma bəzən elə olur ki, keçmişdən tam qopa bilmirəm. Həmin hisslər yenidən qayıdır…

- Bu, tamamilə normaldır. Keçmişdən qopmaq, onu unutmaq demək deyil. Əksinə, əsas məsələ odur ki, keçmişinizin sizi idarə etməsinə imkan verməyəsiniz. Keçmişdə etdikləriniz bugünkü sizi formalaşdırıb, amma bu

o demək deyil ki, siz həmin səhvlərin içində ilişib qalmalısınız. Siz artıq onları qəbul edib, nəticə çıxarmısınız.

- Bəs tam olaraq necə bilə bilərəm ki, özümü həqiqətən bağışlamışam?

- O an, keçmişiniz haqqında düşünəndə içinizdə qəzəb, və ya günahkarlıq yox, sakitlik hiss edirsiniz. Həmin vaxt biləcəksiniz ki, özünüzü bağışlamısınız. Mən inanıram ki, siz bu yolda çox böyük addımlar atmısınız… Daxili rahatlıq tapmağa hələ də ehtiyac duyursunuz, yoxsa artıq özünüzü tam sakit hiss edirsiniz?

- Hələ də tam rahatlıq tapdığımı deyə bilmərəm. Bəzən elə anlar olur ki, boşluq hiss edirəm. Sanki keçmişdən qopan xatirələr yenidən qayıdır. Amma fərqi ondadır ki, indi bu hisslərin içində itib batmıram. Onları qəbul edirəm, anlamağa çalışıram və bilirəm ki, bu da bir prosesdir. Yəni, tam rahat olmasam da, artıq doğru yolda olduğumu hiss edirəm.

-Sizcə, o daxili rahatlığı tapmaq üçün nələrə ehtiyacınız var?

- Düşünürəm ki, ilk növbədə özümlə tam səmimi olmağa və keçmişimlə bağlı qalan suallara cavab tapmağa ehtiyacım var. Hərdən elə bilirəm ki, keçmişi arxada qoymuşam. Əslində isə onu görməzdən gəlirəm. Hələ tam qurtulmadığım bəzi hisslərimlə üzləşməliyəm. Bundan başqa, özümə daha çox vaxt ayırmalı, həyatımı keçmişin kölgəsində yox, indinin içində yaşamağı öyrənməliyəm. Ən əsası isə, özümə qarşı daha mərhəmətli olmağı bacarmalıyam…

Bu rahatlığı tapmaq üçün bəzən fərqli şeylər etməyə ehtiyac duyuram. Futbol oynamaq, dostlarımla vaxt keçirmək, səyahət etmək… Amma ən çox özümlə baş-başa qalmaq mənə yaxşı təsir edir. Həyatın bütün səs-küyündən uzaqlaşıb düşüncələrimi dinləmək. Və bir də… Məni mühakimə etmədən dinləyəcək, başımı rahatca dizinə qoyub susa biləcəyim bir dosta, hər zaman ehtiyacım olub. O adamın yoldaşım olmasını çox istəmişəm, hətta əvvəlki görüşümüzdə də bu barədə danışmışdıq. Lakin etiraflarımın ardından rahatlıq tapmaq bir yana, vəziyyətin daha da pisləşəcəyini düşünürəm. Çünki, keçmişimi danışanda onu bir daha yaşayıram. Bəzən elə gəlir ki, hər şey yenidən baş verir. Ən pisi odur ki, nə qədər izah etsəm də qarşımdakı insan tam olaraq nə hiss etdiyimi anlamayacaq. Bəlkə də, bu məni daha da tək hiss etdirəcək. Yəni, mən danışdıqca yüngülləşmək əvəzinə, daha çox yorulacağam.

Bundan başqa, özümü həmişə güclü göstərməyə çalışmışam. Kiminsə qarşısında açılmaq, zəif tərəflərimi göstərmək mənim üçün asan deyil. Əgər mənə təsəlli vermək əvəzinə, vəziyyəti analiz edib, düzəltməyə çalışsalar və ya məsləhət verməyə başlasalar, bu mənə daha da ağır gələ bilər. Mən sadəcə mühakimə olunmadan dinlənilmək istəyirəm. Ancaq bunun mümkün olub-olmadığını bilmirəm…

- Sizin hiss etdikləriniz çox məntiqlidir. Keçmişi danışarkən onu yenidən yaşamaq, onun ağrısını təzədən hiss etmək təbiidir. Çünki sizin üçün bu sadəcə bir xatirə deyil, bir zamanlar varlığınızı, düşüncələrinizi, hətta bəlkə də kimliyinizi formalaşdıran hadisələrdir. Tam olaraq nə hiss etdiyinizi başqalarının anlaya bilməyəcəyindən narahat olmaqda çox haqlısınız.  Çünki heç kim sizin yaşadıqlarınızı sizin qədər hiss edə bilməz. Amma bilməlisiniz ki, anlayış və empatiya fərqli şeylərdir. İnsanlar bəzən eyni ağrını hiss etməzlər. Amma sizi dinləmək, sizi qəbul etmək və yanınızda olmaq üçün, mütləq hər şeyi tam başa düşməyə ehtiyac yoxdur. Güclü görünmək məsələsinə gəldikdə isə…

Biz güclü olmaq üçün hər şeyi içimizdə saxlamağa çalışırıq. Güc həmişə səssiz dayanmaq və hissləri boğmaq deyil. Bəzən güc, özünə səmimi olmaq, ehtiyac duyanda dəstək istəməkdir. Öz zəif tərəflərinizi göstərmək insanı zəif etmir. Əksinə, bu sizin özünüz ilə barışmaq yolunda atdığınız cəsarətli bir addımdır. Daha çox yorulmaqdan qorxursunuzsa, bəlkə də, danışmaq üçün doğru insanı tapmamısınız. Belə bir insan tapdıqda, sizi qınayacağını düşünməyəcəksiniz.

- Əslində qorxuram ki, səmimi olduqdan sonra, ya uzaqlaşacam, ya da uzaqlaşdırılacam. Düşünürəm ki, güvənmək, açılmaq böyük riskdir. Çünki bir dəfə açılanda artıq geri dönüş olmur. Sən, o insanın gözündə həmişə belə qalacaqsan. Bu isə məni narahat edir. Birdən bir gün o insan dəyişsə? Birdən indi mənə anlayışla yanaşan biri, sabah bu səmimiyyətimə görə məni zəif saysa? Ya da bir gün lazım olsa, sözlərimi mənə qarşı istifadə etsə? Bəlkə də, tək olmaq daha təhlükəsizdir. Amma tək qalmaq istəmirəm…

- Siz çox incə və dərin məqamlara toxunursunuz. Güvən həqiqətən də bir riskdir. Çünki qarşımızdakı insanın necə davranacağını tam bilmək mümkün deyil. İnsanlar dəyişir, münasibətlər dəyişir, amma bu, o demək deyil ki, heç vaxt kiməsə güvənməməliyik. Deyirsiniz ki, səmimiyyətinizdən sonra artıq geri dönüş olmur, çünki həmişə o insanın gözündə zəif biri kimi qalacaqsınız. Bəlkə də, sual belə olmalıdır: – Bu, həqiqətən də pis bir şeydirmi? Sizi olduğunuz kimi qəbul edən biri üçün bu, problem olmaz. Hətta bu, daha dərin və sağlam bir bağ yarada bilər. Ancaq burada önəmli bir məqam var; güvən və açılmaq təkcə qarşı tərəflə bağlı deyil, özünüzlə də bağlıdır. Öz hisslərinizə, öz seçimlərinizə güvənmədikcə, qarşınızdakı insanın münasibətindən asılı qalmaq daha qorxulu görünəcək. Bəlkə də, məsələ o insanın sizə necə yanaşacağı deyil, sizin özünü necə gördüyünüzdür. Siz tək olmaq istəmədiyinizi dediniz. O zaman sual belədir: – Tək qalmamaq üçün başsqalarına açılmağı seçmək daha doğrudur, yoxsa əvvəlcə özünüzü, hisslərinizi tam qəbul edərək, sonra bu güvəni paylaşmaq? Özünüzü daha rahat hiss edəcəyiniz yol hansıdır?

- Açığı, mən də bilmirəm… İnsan tək qalmamaq üçün paylaşmağa məcburdur. Problem ondadır ki, mən özümü tam qəbul edə bilmirəm. Çünki əgər tam qəbul etsəydim, başqalarının məni necə görəcəyindən bu qədər narahat olmazdım, elə deyil? Bilmək istədiyim budur: İnsan həm özünü qoruyub, həm də başqalarına güvənməyi necə bacara bilər?

- Bir münasibətdə həqiqi yaxınlıq və sağalma yalnız dürüstlük üzərində qurula bilər. Elə buna görə də, sizin üçün ən doğru insan yoldaşınızdır. Sağalma və güvən tək başına yaşanan proses deyil. Özünüzü gizlətmək əvəzinə, olduğunuz kimi qəbul olunmağı seçmək sizə daha çox sakitlik və inam verəcək. Bəs, sizcə, bu dəyişimi etmək üçün ilk addımı necə ata bilərsiniz? 

- Əslində, danışmaq istəyirəm. Əgər danışsam məni başa düşməsə və ya məni bağışlamasa? Çünki dəyişdiyimi sübut etməli olduğumu deyirsiniz, amma insan necə sübut edər ki? Sözlə? Davranışla? Zamanla?.. Mən doğru yolu seçdiyimdən əmin olmaq istəyirəm. Daha öncə ona nələrisə deməyə çalışmışam, amma ya sözlərimi tam ifadə edə bilməmişəm, ya da o an üçün, mənim nə hiss etdiyimi tam başa düşməyib. Bu dəfə fərqli olsun istəyirəm. Amma necə başlayacağımı, necə danışacağımı bilmirəm… Bəs, bu söhbətə necə başlamalıyam? Onun məni başa düşməsi və mənim də özümü tam ifadə edə bilməyim üçün nə etməliyəm?

- Tərəddüdlərinizi anlayıram. Dəyişdiyinizi sübut etmək isə təkcə sözlə deyil, eyni zamanda davranışlarınızla da mümkündür. Zamanla göstərdiyiniz sabitlik, yanaşmalarınızdakı dürüstlük və özünüzü ifadə etmə tərziniz ən böyük sübut olacaq.

Bəzən insanlar ani şəkildə “Mən dəyişdim”  – deyərək qarşı tərəfi inandırmağa çalışırlar, amma bu uzun bir prosesdir. Vacib olan dəyişiminə sədaqətli qalmaq, bunu gündəlik davranışlarında əks etdirməkdir.

Söhbətə necə başlamaq məsələsinə gəldikdə… İlk növbədə, bunu sakit və uyğun bir anda etməyə çalışın. Hisslərinizi, düşüncələrinizi öncədən beyninizdə hazırlamağa çalışmaq faydalı ola bilər, amma hər şeyi planlaşdırmaq da lazım deyil. Sadəcə, səmimi olun. Keçmişdə etdikləriniz üçün peşman olduğunuzu, amma indi hər şeyi daha yaxşı anladığınızı deyin. Onun hisslərini dinləməyə və anlamağa hazır olduğunuzu göstərin. Ən əsası, təkcə danışmaq üçün deyil, onu həqiqətən dinləmək üçün də hazır olmalısınız. Onun cavabı, reaksiyası sizin gözlədiyiniz kimi olmasa belə, bu sizin səmimiyyətinizi dəyişdirməməlidir. Əgər sizi başa düşməsini istəyirsinizsə, eyni zamanda, siz də onun hisslərini başa düşməyə çalışmalısınız. Əgər lazımdırsa, onun yanında olduğunuzu hiss etdirmək üçün səbr edin, hətta bəzən qürurunuzu bir kənara qoyub, özünüzü daha açıq şəkildə ifadə edin. Yeri gəlsə, onun qapısında gözləyin, yorulmayın, əl çəkməyin. Əgər kövrəlsəniz, bunu gizlətməyə çalışmayın. Hisslərinizi olduğu kimi yaşayın, çünki insan həqiqi olduğu zaman daha inandırıcı olur.

Bağışlanmaq zaman alır. Yoldaşınız ilk anda sizi bağışlamasa da, bu, onun heç vaxt bağışlamayacağı mənasına gəlmir. Asan olmayacaqs, amma əgər ürəkdən istəyirsinizsə, inanıram ki o, sizi anlayacaq və bağışlayacaq. Əsas odur ki, siz də öz niyyətinizə sadiq qalın.

Beləcə, söhbətimiz get-gedə daha da dərinləşirdi.  Ancaq seansın vaxtının bitdiyini Rüstəm bəyə xatırlatmalı oldum.

- Söhbətimizi bölmək istəməzdim amma iş saatımız artıq bitib. Üstəlik, bu sizə ayrılan seansların sonuncusudur. 

Daha sonra onun üz ifadəsi dəyişdi, baxışlarında bir az kədər, bir az da minnətdarlıq sezildi. Sonra sözünə davam etdi:

- Hər kəsin öz missiyası, öz öyrətdiyi bir dərs var. Bu görüşlər mənim üçün böyük bir dönüş nöqtəsi oldu. Həyatıma fərqli bir pəncərədən baxmağı öyrəndim. Ümid edirəm ki, yoldaşımla edəcəyim etiraflardan sonra hər şey daha yaxşı olacaq. 

- Rüstəm bəy, ilk növbədə bunu qeyd etmək istəyirəm ki, həyatınıza müsbət mənada toxuna bildiyimi eşitmək məni çox sevindirir. Düzdür, bu peşədə çalışarkən bir çox pasiyentimin həyatında dəyişiklik yaratmağın sevincini yaşamışam. İlk görüşümüzdən etibarən anlayırdım ki, keçmişinizdə sizi yaralayan hadisələr olub. O ağrının nə qədər dərin olduğunu hiss edirdim. Lakin bir gün birdən-birə dəniz kənarına gəlməməyiniz, məni məyus etmişdi. Sizə kömək edə bilmədiyimi düşündüyüm üçün, içdən-içə narahat olurdum. Amma sonra, yenidən görüşməyimiz və sizin dəyişiminizi görmək mənə ikiqat sevinc bəxş etdi. Hə, bir də… Bu yalnız sizin üçün son seans deyil. Bir neçə gün sonra mənim də bu işdə sonuncu günüm olacaq…

Sözlərim Rüstəm bəyi açıq-aşkar təəccübləndirdi. Narahatlıq dolu bir səslə suallar verməyə başladı:

- Son iş günü? Niyə? Ümid edirəm ki, hər şey qaydasındadır…

Onun narahatlığını hiss edib, sakitcə başımla təsdiqlədim:

- Narahat olmağa əsas yoxdur. Hər şey yolundadır. Sadəcə, yoldaşıma başqa bir ölkədən iş təklifi gəldi. Biz də bu fürsəti dəyərləndirmək qərarına gəldik. 

- Çox gözəl! Sizin üçün ən xeyirlisi olsun, Humay xanım. Siz bir çox insanın həyatına işıq saçmısınız. Əminəm ki, harada olsanız, orada da öz nurunuzu yaymağa davam edəcəksiniz. Sizə, uğurlar arzulayıram!

Bu sözlər məni həm duyğulandırdı. İkimiz də susub gözlərimizlə danışdıq. Bu, vidalaşmaq üçün deyil, yeni başlanğıclar üçün bir baxış idi…

 

 

(İyunun 8-də sizlərə romanın epiloqu təqdim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

9 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.