İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəsul Rza, Əli Kərim, İbrahim Göyçaylı... və İskəndər Coşqun – bu şairləri birləşdirən nədir? Onların hər birinin əslən Göyçaydan olmaları.
Poeziyalarında da nəsə bir oxşarlıq duymaq olar...
İskəndər Coşqun 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulub. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxıb. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olub, 1955-ci ildə oranı bitirib. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib.
22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.
2024-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Göyçay Ensiklopediyası"nın davamı olaraq İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edilib.
Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


