Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə məşhur alman fiziki, Nobel mükafatı laureatı Vilhelm Rentgen tələbələrinə Leyden qabı ilə təcrübələr nümayiş etdirirdi. Arayış üçün qeyd edək ki, Leyden bankası Hollandiyanın Leyden şəhərində ixtira edilmiş və banka formasında olmaqla, dünyanın ilk elektrik kondensatorudur. Bu cihaz böyük elektrik yüklərinin yığılmasına və saxlanmasına imkan verirdi.
Professor Rentgen tələbələrinə məlumat verərək deyir:
-Siz bu Leyden bankası ilə çox, daha çox diqqətli davranmalısınız! Əgər orada kifayət qədər elektrik yükü yığılarsa, dövrədə yaranan qısaqapanma ilə hətta bir öküzü belə öldürmək mümkündür.
Alim hamıya daha aydın olsun və mühazirəsini kifayət qədər səmərəli şəkildə yekunlaşdırmaq məqsədi ilə, cihazın elektrik yükünü boşaltmağı fədakarcasına öz üzərində sınaqdan keçirir. Bu zaman güclü bir şıqqıltı eşidən Rentgen instinktiv olaraq tez əlini geri çəkir, nəfəsini tutur. Bir qədər sonra tələbələrdən soruşur:
-Hə, gördünüzmü? Bu qədər... İndi nə baş verdiyini kim izah edə bilər?
Tələbələr çaşqın halda bir-birlərinə baxaraq, susurlar... Nəhayət onlardan biri özündə cəsarət tapıb, ayağa qalxaraq deyir:
-İki şeydən biri, cənab professor... Ya sizin öküzün öldürülməsi ilə bağlı ifadəniz bir qədər şişirdilib, ya da siz öküzdən qat-qat sağlamsınız!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


