Lütviyar İmanovdan sonra ən yaxşı Koroğlu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, o, gənc olsa da Koroğlu obrazını mükəmməl yaradaraq sevildi. Hazırda musiqimizə töhfələr verməkdədir. Heydər Əliyev Sarayında,  Gəncə Dövlət Filarmoniyasındakı yorulmaz fəaliyyəti, ardınca Bülbül vokal məktəbini yaratması onun uğurlarındandır.

Bu gün onun dğum günüdür.

 

Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlayıb. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış edib.  Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlayıb.

Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirib.

İlk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olub. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt edib.  Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil edib və beynəlxalq müsabiqələr laureatı olub.

 İfaçının repertuarında xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və rus klassiklərinin əsərləri yer alıb. Ramil Qasımov eyni zamanda dirijor olaraq də fəaliyyət göstərib. O, dirijor kimi 2017-ci ildə keçirilən Üzeyir Hacıbəyli Beynalxalq musiqi festivalında dünya və Azərbaycan klassik nümunələrini orkestrin müşayiəti ilə dirijorluq edib

 

Operalar

- Üzeyir Hacıbəyovun "Koroğlu" operasında — Koroğlu

- Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında — Əsgər

- Ramiz Mustafayevin "Vaqif" operasında — Vaqif

- Fikrət Əmirovun "Sevil" operasında — Balaş

- Firəngiz Əlizadənin "İntizar" operasında — Arif

 

Mükafatları

- Azərbaycan Mədəniyyət Assosasiyası - Fəxri Fərman

- "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medal

- Azərbaycan Respublikasının "Əməkdar artisti" adına layiq görülüb

- "Fədai" medalı

- "Veteran həmrəyliyi" medalı

- Macarıstanın "Qızıl Ləyaqət Xaçı" mükafatı

- FHN Mülki Müdafiə Qoşunları — Fəxri Fərman

- Hərbi Dəniz Qüvvələri Komandanlığı - Fəxri Fərman

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.