Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi çoxşaxəli fəaliyyət yolu keçmiş dəniz, göy, məhəbbət şairi adlandırılan, "İstiqlal" və "Şərəf" ordenli xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.
Orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib. 1943-cü ildə xəstələndiyi üçün ordudan tərxis edilib. Ordudan tərxis olunduqdan sonra o, bir müddət "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.
1945-ci ildə şairin "O cavanın laylığı" və "Söz" şeirlərini oxuyub bəyənən Səməd Vurğun Nəbi Xəzrini yanına çağırtdırıb və onu Yazıçılar İttifaqına üzv qəbul edib.
Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış Nəbi Xəzri Leninqrad Universitetində oxuyarkən erməni tələbələrdən biri onun qrup yoldaşları olan qızlara sataşdığı üçün şair onunla mübahisə edib. Dava böyüyüb və dekanın şairi universitetdən qovması ilə nəticələnib. Daha sonra qızlar rektorla danışıb onun yenidən universitetə bərpa edilməsinə nail olublar
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra şair Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi və katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin və Azərbaycan mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinin sədri və "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifələrində çalışıb.
Nəbi Xəzri 1954-cü ildə İsa Muğannanın baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurub və beş övladı dünyaya gəlib. Lakin bir qızı və bir oğlu uşaq vaxtı dünyasını dəyişib.
1950-ci ildə şairin "Çiçəklənən arzular" adlı ilk kitabı Nəbi Babayev imzası ilə çap olunub. Daha sonra dənizi və dənizin ətrini ətrafa yayan xəzri küləyini çox sevdiyi üçün o, 1958-ci ildə özünə Xəzri təxəllüsünü götürüb.
2007-ci ilin yanvarında insult keçirən şair nitq qabiliyyətini itirib və dörd gün sonra, yəni yanvarın 15-də dünyasını dəyişib, 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


