Super User
Azərbaycanın ən məşhur modeli
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tək elə bir faktı deyim ki, haqqında söz açdığım Rüstəm Cəbrayılov dünyanın müxtəlif məşhur brend kolleksiyalarının siması olub. Hansını deyim, "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" və sair.
Təsəvvür edirsiniz, bu nə deməkdir?
Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib.
Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub. Onun bu uğuru "The Best Model of Azerbaijan" milli model müsabiqəsinin seçim turlarında iştirak etmək üçün dəvət almasına səbəb olub.
2006-cı ilin noyabrında Azərbaycanın xalq artisti Aygün Kazımovanın rəhbərliyi ilə "The Best Model of Azerbaijan 2006" milli model müsabiqəsinə qatılıb. O, 14 iştirakçı arasında bu müsabiqənin qalibi olub. 2007-ci ilin noyabrında Nahit Kabakçı və modelyer Fəxriyyə Xələfovanın rəhbərliyi ilə təşkil olunan "The Best Model of Azerbaijan 2007"-də də birinci yerə çıxaraq ikinci dəfə bu yarışın qalibi olub.
Bir ay sonra, 2007-ci ilin dekabrında Türkiyədə keçirilən "The Best Model of the World 2007" beynəlxalq model müsabiqəsində 90 ölkədən gələn iştirakçılar arasında birincilik mükafatını qazanıb. Bu nailiyyətdən sonra ona türk kino şirkətlərindən film və seriallarda baş rol oynamaq üçün təkliflər gəlib.
Rüstəm Cəbrayılov çoxsaylı beynəlxalq moda həftələrində də çıxış edib və tanınmış brendlər və şirkətlərlə, o cümlədən Calvin Klein, Gucci, Yves Saint Laurent və bir çox başqaları ilə əməkdaşlıq edib. Nyu-York, Milan, Paris, İstanbul, Hindistan, Çin, İndoneziya və Dubay kimi ölkə və şəhərlərdə Azərbaycanı qlobal moda səhnələrində təmsil edib.
Müxtəlif brendlərin siması olub və bütün dünyada moda nümayişlərində və reklam kampaniyalarında iştirak edib. Rüstəm modellik karyerası ilə yanaşı, aktyorluğu da davam etdirib. O, bir neçə filmdə, o cümlədən görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin hekayələri əsasında çəkilmiş "Nazik mətləb" filmində baş rolları ifa edib. O, həmçinin Azərbaycanda 20 Yanvar hadisələri kimi tarixi hadisələrlə bağlı filmlərdə önəmli obrazları canlandırıb.
Bundan əlavə, Rüstəm Cəbrayılov Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün maarifləndirici sessiyalar keçirərək maarifləndirici təşəbbüslərdə fəal iştirak edib. O, gənc istedadlara mentorluq edib, onlardan bəziləri bütün dünyada modellik və digər sahələrdə uğur qazanıb.
2010-cu ilin iyun ayında Rüstəm Cəbrayılov moda sahəsindəki karyerasını davam etdirmək üçün ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, modellik dünyasının incəliklərini öyrənmək üçün Nyu-Yorkda ixtisaslaşmış modellik məktəbinə yazılıb. "Red Model Management New York City"də model kimi çalışıb.
2012-ci ildə Rüstəm Nyu Yorkda Maykl Bastian, Adrian Alicea və Patritsia Fild kimi tanınmış dizaynerlərin moda nümayişlərində və tədbirlərində iştirak edərək uğurlu bir il keçirib. O, həmin ildən "21-ci əsr" ("Century 21") kişi geyimlərinin siması olub və onların reklamlarında Tayms Meydanındakı bilbord və afişalarda görünüb.
2012-ci ilin dekabrında Rüstəm Cəbrayılov Nyu-Yorkdakı "Kingsborough Community College"-ə sənəd verib və qəbul olunub. 2013-cü ildən ikinci ali təhsilini kollec tələbəsi kimi davam etdirib.
Moda nümayişi:
"Proexport/Columbia fashion show", "Adrian Alice fashion show", "Misheal bastian fashion show", "Calvin Klein fashion show"
Reklam kompaniyaları:
"Cream & Chillingworth", "Radding(lenox bridal shoot)", "Sandro campaign Paris", "Safe life Azerbaijan", "Azercell", "Nissan", "Samsung"
Jurnalların üz qabığı:
"Viral fashion magazine", "Time Out magazine", "New York magazine", "Psychology Today", "Wedding magazine", "Details magazine", "Dew magazine", "New york magazine", "Vouge magazine" və s.
Filmoqrafiya
Modelliklə yanaşı, kino sahəsində də çalışıb, müxtəlif filmlərdə çəkilib:
- Don Marleone
- 20 Yanvarda doğulanlar
- Nazik mətləb
- Doğma torpaq
- Xosrov və Şirin
- Абрикосоваягоречь
- Himayədar
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Biri ikisində - Sabir Etibarlının “Gəlmə” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Sabir Etibarlının “Gəlmə” hekayəsi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
NƏSR
SABİR ETİBARLI
GƏLMƏ
Qəbiləyə şimaldan yad bir adam gəlmişdi. Əlbəttə ki, onu qəbiləyə qəbul etmədilər. Tək səbəb o deyildi ki, yad adam gəlmə idi. Yox, bir səbəb də o idi ki, ondan qorxurdular. Qəbilə üzvlərindən daha ağ, hündür və əzələli idi. Üz-gözündə, bədənində döymələr gözə dəyirdi. Baxışları dəhşətli, üzü heybətli idi. Uzun saç-saqqalı hörülmüşdü. Vəhşi heyvan dişlərindən düzəltdiyi boyunbağısı onun mahir ovçu olduğundan xəbər verirdi. Görünüşündən, tez-tez anlaşılmayan dildə dualar oxumasından, dırnaqlarının uzunluğundan, qulağından asdığı qəribə sümüklərdən, sümük bıçağının üstündəki oymalardan onun sehrbaz olduğunu təxmin etmək olardı. Tez-tez qəbilənin mağarasının ətrafında dolaşır, arabir yaxına da gəlirdi. Amma nə istədiyini, nə dediyini başa düşmək olmurdu. Buranın dilini bilmədiyi aydın idi. Ulu Ana da onunla danışmağa çalışmış, amma bacarmamışdı. Deyəsən, hətta Ulu Ana da ondan qorxmuşdu. Qəbiləyə bədbəxtlik gətirəcəyindən, kimisə öldürəcəyindən, ya da kiminsə qadınını götürüb qaçmasından ehtiyat edirdi. Hamıya bərk-bərk tapşırmışdı ki, onunla heç kimin işi olmasın. Hələ bir dəfə ona ət də göndərmişdi, amma yad adam oda yaxın gəlmək istəyəndə icazə vermədi. Bu o demək idi ki, sənə pislik etmək istəmirik, amma aramıza da almaq istəmirik.
Bir gün ovda olanda qəbilənin bir üzvünü – Ulu Ananın nəvəsini ilan çaldı. Hamı səs-küylə ilan sancan adamın başına yığışdı. Ölüm yaxınlaşırdı. Qəbilə adamları tükürpədici səslə ulaşırdılar. Qardaşlarını itirmək üzrə idilər. Bu dəmdə ağ adam gəlib çıxdı. Birinci onu yaxın buraxmamağa çalışdılar, amma ağ adamdan qorxub geri çəkildilər. Ağ adam xəstənin ağzına nə isə soxuşdurdu, yaranın üstünə otlar qoyub əli ilə sıxdı və dualar oxumağa başladı. Ovçular ağ adamı tutub uzaqlaşdırmaq istəyəndə o, üz-gözünü elə turşudub elə bir formaya saldı ki, sanki insan cildindən çıxdı. Elə bağırdı ki, adamlara elə gəldi ki, bütün cəngəlliyə səs saldı. Hətta yaxınlıqdakı quşlar da qorxub uçuşdular. Yenə geri çəkildilər. Ağ adam işini bitirib asta-asta aralandı. Qəbilədaşlar qardaşlarının özündə olmadığını, amma hələ nəfəs aldığını görüb sevindilər. Ovu yarımçıq qoyub mağaraya qayıtdılar.
Axşam Ulu Ananın nəvəsi – Tağ qan-tər içində sayıqlayırdı. Ulu Ana mahnılar, dualar oxuyur, üzünü ulduzlara tutub şəfa diləyirdi. Bu anda bir az aralıda qışqırıq səsi eşidildi. Ağ adam gəlmişdi. Yolunu kəsdilər, heç bir halda nə oda, nə atəşin yanında uzanmış xəstəyə, nə də Ulu Anaya yaxınlaşa bilərdi. Ulu Ana onu – yad adamı səslədi, buraxdılar. Asta-asta xəstəyə yaxınlaşdı, yarasına nə isə qoyub sıxdı, dualar oxudu və sakitcə çıxıb getdi. Ulu Ana onda başa düşdü ki, bu ağ adamın bildiklərini bilmir.
Tağ günlər sonra sağaldı. Bundan sonra ağ adamı qəbiləyə qəbul etdilər. Özünə Utaik deyirdi. Amma başqa heç bir sözünü başa düşmək olmurdu. Asta-asta dili öyrəndi. Əvəzində isə çox şey verdi. Gələn gündən qəbilənin müəllimi oldu. Öldürmədən ovlamağı, tələ qurmağı, toxum əkib becərməyi, əkinlər üçün su yolları düzəltməyi, daşı daş üstə qoyub tikməyi öyrətdi. Sonralar ulduzlarla yolu tapmağı, hansı ağacdan hansı üsulla qayıq düzəldib üzdürməyi izah etdi. Hələ sadə şeylərin adlarını yazmağı da başa saldı. Artıq qəbilə həmin qəbilə deyildi.
İllər keçirdi, Ulu Ana çoxdan ölmüş, yerini Utaikə vermişdi. Ulu Ana getmiş, yerinə Ulu Ata gəlmişdi. Tağ isə onun yanında müdrik məsləhətçi idi. Artıq qəbilənin başçısı olan Utaikin öz qəbiləsinə olan mərhəməti və başqa qəbilələrə qarşı qəzəbi, qəddarlığı dastana çevrilirdi. Haqqında nağıllar, əfsanələr gəzirdi. Başqalarının qorxması heç yersiz də deyildi. Utaikin gücü, əzmi və biliyinin qarşısında duruş gətirmək mümkün deyildi. Utaikin qərarı qəti idi, bütün qonşu qəbilələrə hücum edildi, hamısı əsir alındı. Qəbilələr indiyə qədər görmədikləri bir şey ilə – metallardan düzəldilmiş silahlar qarşısından aciz idilər. Heç nə Utaik və qəbiləsi qabağında dayana bilmədi.
Utaik qaydalar gətirmişdi. Gəldiyi qəbiləyə öz adını verdi. Utaik qəbiləsinin qanını müqəddəs elan etdi. Bir-birlərini öldürmələrini və bir-birindən oğurluq etmələrini qadağan etdi. Qullar isə əsla insan sayılmadı. Onlar ilə cinsi əlaqədə olmaq şiddətlə cəzalandırıldı. Çünki onlar heyvandan daha aşağı idilər. Bununla belə, Utaik qulların çoxluğundan ehtiyat edirdi. Daha sonra yeni qaydalar gətirdi – qulların bir qismi durmadan alçaldılmalı, döyülməli, bir qisminə isə yaxşı davranılmalı idi. Beləcə qullar arasında bir-birinə qarşı nifrət yaranmalı idi.
İllər ötür, Utaik ömrünün sonuna yaxınlaşırdı. Ölümün nəfəsini hiss etsə də, etdiklərindən, bacardıqlarından ürəyi fərəhlə dolurdu. Öz missiyasını layiqincə yerinə yetirmişdi. İndi utaiklər yerin-göyün hakimləri idi. Cəngəlliyin ortasında nəhəng bir məbəd yüksəlirdi. Utaik qəbiləsinin durmadan işləyən qulları, geniş əkin sahələri, mal-qaraları, bəzədilmiş saxsı qabları, dəyərli zinət əşyaları, dənizdən çıxardıqları mirvariləri və çoxlu silahları var idi. Amma Utaikin ölümündən sonra onun yerinə tutacaq bir başçıları yox idi. Utaik bu zamanədək heç bir qadını qəbul etməmişdi. Hələ başlanğıcda – Ulu Ana onu qəbiləyə qəbul edib yanına qadın göndərəndə də o qadını qorxudub qovmuşdu.
Ölüm ayağında qəbilənin böyüklərinə Utaikə söz verdilər ki, bir zaman utaiklərə Utaikin öz qanından biri gələcək. O da eynilə Utaik kimi olacaq – hündür, güclü ağ və bilikli. O gələndə tənəzzüldə olan Utaik qəbiləsinə yenidən yol göstərəcək, daha böyük nemətlər verəcək və daha çox şey öyrədəcək. Qəbilənin böyükləri o adama tabe olacaqlarına dair söz verdilər. Utaik ölərkən son nəfəsində qulların bir qisminə amansız, bir qisminə yaxşı davranmalarını, özlərini isə qardaş və müqəddəs bilmələrini əmr edib öldü. Yerinə Ulu Ananın nəvəsi Tuğ gəldi...
10-12 nəsil keçdi. Utaik qəbiləsi daha da böyümüş, daha da varlanmışdı. Amma artıq Tağın nəslində heç kəs qalmamışdı – hamısı elə Utaiklər tərəfindən öldürülmüşdü. İndi qəbiləyə bir neçə adam başçılıq edirdi. Hamısı da bir-birini öldürüb hakimiyyəti tam əldə etməyə can atır, uyğun fürsət gəzirdilər. Bununla belə, Utaiki özlərinə hələ də xilaskar, müqəddəs ata hesab edirdilər. Ancaq bir neçə məsələni ayırd edə bilmirdilər. Bəziləri Utaikin ədalətli hökmdar olduğunu, qullar arasında fərq qoymadığını düşünürdü. Onların fikrincə, bütün qullar heyvandır və heç biri yaxşı rəftara layiq deyil. Bir qismi isə gələcək yeni xilaskarı inkar edir, Utaikin belə bir şey vəsiyyət etmədiyini söyləyirdilər. Başqa bir qrup isə Utaikin gəlmə olub-olmadığından əmin ola bilmirdi. Daha başqa qrupların müxtəlif məsələlər barəsində çəkişdiyi bir zamanda Utaikə bənzəyən, müjdələnən xilaskar gəldi – İkinci Utaik. Utaiklər isə onu izləmək və izləməmək arasında qərarsız qaldı. Bir qismi ona həyatlarını verəcək qədər inanıb bağlanmışkən, digərləri onu yalançı hesab etdi. Görünən o idi ki, verilən sözlər unudulmuş, nəyin nə olduğu bir-birinə qarışmışdı. Qanlı döyüşlər – Utaikləri öz aralarında olacaq dəhşətli qətliam qaçınılmaz görünürdü.
Utaiklərin bir-birini qırdığı qanlı döyüşlər zamanı qulların üsyanı müqəddəs qəbilənin sonunu gətirdi. İndi isə, demək olar ki, onları heç kəs xatırlamır, onlardan yer üzündə əsər-əlamət qalmayıb. Məni isə bir sual yatmağa qoymur. O gələn ikinci Utaik döyüşlərdə öldü, yoxsa qaçıb canını qurtardı?
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Dil nəzəriyyəsi və German dilləri ixtisasları üzrə görkəmli mütəxəssis
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Akademik Möhsün Nağısoylu onun haqqında yazır: “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışdığım vaxtlar hərdən yolum İmadəddin Nəsimi adına Dilçilik İnstitutuna düşərdi. Dəhlizdə salamlaşdığım insanların arasında o da olurdu. O zamanlar bu qarayanız cavan oğlan ilk növbədə mədəni və mehriban davranışı ilə diqqətimi cəlb edirdi. Düzü, həmin vaxt onun nə adını bilir, nə də hansı vəzifədə çalışmağı barəsində məlumatım yox idi. Sadəcə, mədəni rəftarı və səmimiliyi ilə diqqətimi özünə çəkmişdi. Bu gün onu ölkəmizdə dil nəzəriyyəsi və German dilləri ixtisasları üzrə görkəmli mütəxəssis, yetkin bir elm adamı və məsuliyyətli, sözübütöv insan kimi dəyərləndirirəm...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı hazırda AMEA-nın Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov olacaq. O,1963-cü ilin iyun ayının 8-də Masallı rayonunun Miyankü kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonra təyinatla Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbinə göndərilib. Dörd il orada çalışdıqdan sonra 1990-1993-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 1994-cü ildə “Azərbaycan dili” ixtisası üzrə namizədlik, 2008-ci ildə isə “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyalarını müdafiə edib. 2008-ci ildən filologiya elmləri doktoru, 2019-cu ildən professordur. 1993-1996-cı illərdə Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi və elmi işçi kimi çalışıb. 1996-2013-cü illərdə həmin institutun elmi katibi olub. 2013-2014-cü illərdə isə Dilçilik İnstitutunda Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri vəzifəsində işləyib. Sonra müdir vəzifəsindən çıxaraq şöbənin baş elmi işçisi vəzifəsini icra edib. 2016-2019-cu illərdə institutun Hind-Avropa dilləri şöbəsində baş elmi işçi kimi fəaliyyətini davam etdirib. 2019-cu ildən Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiridir...
Akademik Möhsün Nağısoylu daha sonra yazır: “Professor İlham Tahirovla eyni elmi qurumda- Nəsimi adına Dilçilik İnstitutunda çalışdığımız beş ildən çox bir müddət ərzində həmkarımı həm savadlı elm adamı, həm də məsuliyyətli və sözünün üstündə duran, prinsipial bir insan kimi tanıdım. İnstitutun Elmi Şurasının bütün iclaslarında fəallığı ilə seçilirdi İlham müəllim. O, istənilən məsələ barədə öz fikrini bildirməkdən çəkinmir və iradını sübut etməyə çalışırdı. Düşünürəm ki, bu məsələ onun daxili təbiətindən gəlirdi. Zəngin həyat təcrübəmə görə, deyə bilərəm ki, belə insanlar, adətən, düzlüyü sevir və həqiqətin tərəfində olur. Hər halda, mən bu müddətdə İlham müəllimi belə bir elm adamı və insan kimi tanıdım. İnstitutun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının iclaslarında da İlham Tahirov bu keyfiyyəti ilə seçilirdi. Müdafiə Şurasının demək olar ki, bütün iclaslarında İlham müəllim mütləq və mütləq öz sözünü deyərdi. Açığını deyim ki, bu cür insanları mən təqdir edir, onları dəstəkləyirəm. Axı təbiət etibarilə özüm də uşaqlıqdan haqqın, ədalətin tərəfdarı olmuş və ömür boyu bu yoldan çəkinməmişəm. İnsan gərək öz vətəndaşlıq borcunu yerinə yetirsin və haqqın, doğruluğun tərəfində olsun. Bəli, mən professor İlham Tahirovu belə bir alim-insan kimi tanıyıram...”
İlham Tahirov ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələlərinə həsr olunmuş 7 monoqrafiya və kitabın, 6 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirərək, Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdırıb. Zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş, leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq araşdırmışdır. Leksik temporallıq sahəsinin struktur-semantik modelini quraraq, Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini tədqiq etmişdir. Bir sözlə, o, qədim alınma sözlər layını aşkarlamışdır...
O, tərcüməçilik fəaliyyəti ilə də məşğul olur. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Azərbaycan Respublikası Gömrük Komitəsinin, Soros Fondu / Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə tərcüməçi işləyib. 2007-2010-ci illərdə “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqramlarının Azərbaycan versiyasının hazırlanmasında və tərcümə edilməsində iştirak edib, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində “Dilmanc” azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemini hazırlayan işçi qrupun üzvü olib...
Qeyri-adi dərəcədə ağıllı, hazırcavab və gülərüz adamdır. Onunla vaxt darıxdırıcı keçmir- daim zarafat edir. Hər zaman yeniliyə açıqdır. Adətən yeniliklərdən danışır və ətrafındakılara pozitiv enerji ötürür. Bir sözlə, professor İlham Tahirov yaxşı adamdır.
İyunun 8-i onun növbəti ad günüdür. Təbrik edək! Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
“Maraqlı söhbətlər”də Musa Nağıyevin milyonlarının taleyi
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dəfə “Maraqlı söhbətlər”də Samir Abdullanın maraqlı bir açıqlamasından söz açacağıq. O, “Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır?- İsveçrə qanunları və acı həqiqət” adlı bir araşdırma yazısı hazırlayıbdır.
Rusiya imperiyasının təbəələri olmuş azərbaycanlı neft milyarderlərinin xarici banklarda olan pul hesabları barədə məlumatlar müzakirə mövzusu olur.
Azpost.info bildirir ki, ən geniş yayılmış məlumatda deyilir ki, 1917-ci ildə Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra bu pulların taleyi qaranlıq qalıb.
Qeyd edilir ki, 1920-ci ildə Azərbaycanda sovet respublikası qurulduqdan sonra Bakıda neft milyonçuları kimi məşhur olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərlərinin külli miqdarda pulu əcnəbi banklarda qalıb.
Bunların içində ən məşhur əhvalat Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyevlə bağlıdır.
İddia edilir ki, onun İsveçrə bankında 413 milyon qızıl pulu qalıb. Bank həmin pulları milyonçunun yalnız varislərinə verə biləcəyini bildirib. Varislər ortaya çıxsa da, bank kod tələb etdiyindən Nağıyevin milyonları bankda qalmaqda davam edir. Milyonçunun nəvəsi Dilarə Nağıyeva ara-sıra mediaya verdiyi müsahibəslərində deyir ki, atası Fərəc Nağıyevin sözlərinə görə, Musa Nağıyev pullarını xarici banklara yatırıb.
“Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib. Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik”.
Bəs varislər İsceçrə bankına müraciət edib bu pulu ala bilərmi?Azpost.info-nun araşdırması göstərir ki, bununla bağlı şans yoxdur.
İsveçrədə 1995-ci ildən bəri qeyri-aktiv aktivlərlə işləmə qaydaları mövcuddur. Bu qaydalar ümumiyyətlə bu cür aktivlərin işlənməsini tənzimləyir və İsveçrə nəzarət orqanı olan FINMA tərəfindən təsdiqlənir. Bu qaydalara riayət etmək bank qanunvericiliyinə əsasən adi audit prosedurlarına tabedir. Qaydalar İsveçrə Bankçılıq Qanununun yenidən işlənməsi ilə gücləndirilib.
1 yanvar 2015-ci il tarixindən İsveçrədə bank qanunvericiliyinə ciddi dəyişikliklər qüvvəyə minib. Bu qanuna görə, istifadəsiz hesabın tələb edilməsi üçün maksimum müddət 60 ildir.
İsveçrə bankları artıq Rusiya İmperiyasından tələb olunmamış şəxsi hesabları saxlamır. Araşdırmamız göstərdi ki, İsveçrə qanunvericiliyi bolşevik inqilabından əvvəlki əmanətlərin axtarışını tamamilə dayandırıb və tələb olunmamış bütün köhnə aktivlər ləğv edilib və ya dövlətə verilib.
Beləliklə inqilabdan əvvəlki hər hansı şəxsi əmanətlərin axtarışı qanuni olaraq qeyri-mümkün hala gəlib.
2015-ci ilin yanvar ayından qüvvəyə minmiş bu qanuna görə, banklar müştəri ilə son əlaqəsi 60 il və ya daha çox əvvəl baş vermiş aktivlər haqqında məlumatları elektron platformalarında dərc etməlidirlər.
Hər bir müştəri üçün 500 İsveçrə frankından çox dəyərində olan bütün təsirə məruz qalan aktivlər, eləcə də seyflər barədə məlumatlar mərkəzləşdirilmiş məlumat bazasına daxil edilib. Yalnız bank ombudsmanı qanuni iddiaçılar adından axtarış aparmaq üçün bu məlumat bazasından istifadə edə bilər.
Müştəri ilə son əlaqədən altmış il sonra, qanuni sahib artıq tapıla bilməzsə, bu aktivlər https://www.dormantaccounts.ch saytında onlayn dərc olunur. Qanuni iddiaçı göstərilən müddət ərzində dərclə bağlı bankla əlaqə saxlamazsa, banklar aktivləri İsveçrə hökumətinə (xüsusən də Federal Maliyyə Orqanına) köçürməlidirlər.
Azpost.info həmin saytda Musa Nağıyevlə bağlı axtarış aparsa da onun adının məlumat bazasında olmadığını öyrənib.
Qeyd edək ki, istifadəsiz aktivlər müştəri ilə son əlaqədən sonrakı 60 il ərzində əvvəlcədən xəbərdarlıq edilmədən federal hökumətə köçürülə bilər. Aktivlər federal hökumətə köçürüldükdən sonra həmin aktivlərlə bağlı bütün iddialar etibarsız olur.
Belliklə qanuna görə, 60 ildir tələb olunmayan aktivlər rəsmi olaraq Konfederasiyanın mülkiyyətinə keçir. Bu proses başa çatdıqdan sonra varislərin və ya keçmiş sahiblərin hüquqları əbədi olaraq ləğv edilir.
Keçmiş Rusiya İmperiyası ilə Avropa ölkələri arasında bütün rəsmi borclar, kreditlər və dövlət maliyyə iddiaları keçmiş SSRİ və Rusiya Federasiyasının 20-ci əsrin sonlarında imzaladığı müqavilələrlə həll edilib.
Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi Musa Nağıyev 1848-ci ildə anadan olub.
Bakı milyonçusu Ağa Musa Nağıyev Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olmuşdu.
Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib.
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bu tikililər içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən qotik üslubdakı “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızıl pulla yetmiş milyon manatı varmış. Mirasın ümumi dəyəri isə bundan qat-qat çox idi.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Mirzə Cəlilin parta yoldaşı olan, Naxçıvandan Bakıya piyada gələn, Nərimanovla eyni otaqda kirayinişin qalan Mirzə kişinin oğlu Məmməd bəy
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tariximizdə ən sanballı adları unutmamaq çabasına nə qədər qatılsaq da adlar çox, yaddaş məkanı dar olduğu üçün bəzən bir çox adlar kölgədə qalır, unudulur.
Bu gün bir savab iş görərək gəlin belə adlardan birini - Məmməd Nəsirbəyov adını xatırlayaq.
Kimdir Məmməd Nəsirbəyov?
Azərbaycan mədəniyyətinin, musiqimizin olduqca görkəmli bir nümayəndəsidir.
Məmməd Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Onun atası Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturub, onunla eyni fikirli, eyni əqidəli silahdaş olub, əvvəl Naxçıvanda, sonra isə İrəvan seminariyasında təhsil alıb.
Seminariyada oxuduğu illər demokratik hərəkatın fəal üzvlərindən olan tələbə yoldaşları ilə birlikdə seminariyanın rəhbərliyi tərəfindən təqib olunub. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlib və bu şəhərdə məskunlaşıb.
Mirzə Həsən İçəirşəhərdə yaşayıb və burada mədrəsənin nəzdində ibtidai məktəb açıb. Nəriman Nərimanov təhslini başa vuraraq Bakıya gəldikdə Mirzə Həsən Nəsirbəyovla dərs ilinin sonunadək eyni mənzildə yaşayaraq birlikdə çalışıb. Daha sonra o Naxçıvana qayıdıb.
Mirzə Həsənin övladı Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verib. 1914-cü ilədək - Naxçıvanda yaşadığı dönəmdə Məmməd məktəbin xor kollektivində iştirak edib.
Gözəl, cəlbedeci səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edib. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inikişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərib.
Zülfüqar Hacıbəyli Naxçıvan teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", özünün "50 yaşında cavan" musiqili komediyalarını səhnələşdirərək tamaşaya qoyub. Bəstəkar "Evliykən subay" operettasını Naxçıvanda yaşayarkən tamamlayıb və 1912-ci ilin mart ayında Naxçıvan teatrının səhnəsində bu əsər tamaşaçılara təqdim olunub. Zülfüqar Hacıbəyli Nacxçıvanda ardıcıl olaraq Şərq musiqisindən ibarət müsamirələr təşkil edib.
Zülfüqar Hacıbəylinin Naxçıvana yaradıcılıq səfəri şəhərin musiqi, teatr həyatını canlandırıb, gənc musiqiçilərin, aktyorların yaradıcılıq həyatına yeni rəng verib. Onu qeyd etmək yerinə düşərdi ki, bəstəkar Naxçıvanda yaşadığı dövrdə xoş xəbər alır- oğlu dünyaya gəlib. Zəmanəsinin görkəmli dirijoru Niyazi. Musiqiyə, teatr sənətinə böyük həvəsi olan Məmməd yuxarıda qeyd edilən musiqili komediyalardan parçalar öyrənib və ifa edib.
Bakı şəhərinə köçürdükdən sonra gənc Məmməd xalq musiqisinin öyrənilməsinə xüsusi önəm verərək tar çalmağı öyrənib, xalq mahnı və rəqslərinə, muğamlara marağı daha da artıb. O dövrdə musiqi təhsili almaq üçün məktəb olmadığından, musiqi və ustad yanında fərdi şəkildə məşğul olublar.
1923-cü ildə Üzeyir Bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd solo oxumaq fənni üzrə Aleksandr Kolotovdan, tar üzrə dərsləri isə muğam bilicisi Mansur Mansurovdan alıb. Üzeyir Bəy yeni nəsil bəstəkar, dirijor, musiqişünas hazırlamaq məqsədilə məktəbdə istedadı ilə fərqlənən şagirdlərdən ibarət dərnək təşkil edib.
Bu dərnəkdə Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov bəstəkarlıq, dirijorluq, müsiqişünaslıq sahəsində ilk sınaq addımlarını atıblar. Üzeyir Bəy şəxsən onlara rəhbərlik edib. Eyni zamanda, musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərini tədris edib. Növbəti ildə məktəbin hesabat konsertində Məmməd Nəsirbəyov tarda "Rast" muğamını tam, ustalıqla ifa edib
Məktəbin illik hesabat konserti Azərbaycanın musiqi həyatının böyük uğuru, inkişafın ilk mərhələsi idi, əlbəttə ki, təhsil sahəsində. 1927-ci ildə Məmməd Bakı Musiqi Texnikumunda təhsilini davam etdirib. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyli, vokal fənnini Marqarita Kolotova, bəstəkarlıq üzrə Nikolay Xeyf, orkestrləşməni isə Stefan Ştrasser tədris ediblər.
1932-ci ildə Məmməd Nəsirbəyov Pyotr Çaykovski adına Moskva Konservatoriyasında professor Litinskidən kompozisiya və polifoniyadan dərs alıb. Bir ildən sonra Bakıya qayıdır və Bakı Konservatoriyasında Leapold Rudolfun, Pyotr Ryazanovun, Boris Zeydmanın sinfində təhsilini davam etdirib. Azərbaycan xalq musiqisinin əsaslarını isə yenə də Üzeyir bəydən öyrənib.
Məmməd Nəsirbəyov təhsil aldığı illər ərzində skripka, fortepiano, valtorna alətlərində çalmağı öyrənib. 1940-cı ildə o, Ü. Hacıbəyli adına Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirib. Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir.
Bəstəkarın yaradıcılığında simfonik, kamera, xor musiqisi, müxtəlif alətlər üçün yazdığı instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri üçün, mahnı və rəqs ansamblı üçün suitalar, mahnı və romanslar əsas yeri tutub. Vaxtilə onun əsərləri tez-tez konsert salonlarında səslənib, eləcə də tədris müəssisələrində tədris planına daxil edilib.
"Elementar musiqi nəzəriyyəsi", "Homofon musiqi formasının öyrənilməsində sistemli rəhbərlik", "Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət", "Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli", "Musiqi təlimi" elmi-nəzəri kitabları musiqi nəzəriyyəsi sahəsində tədqiq olunan əvəzsiz, dəyərli əsərlərdəndir.
Məmməd Nəsirbəyovun zəngin yaradıcılıq irsi tədqiqatçılarımız tərəfindən dərindən araşdırılmalı və bu əsərlər vaxtında olduğu kimi, konsert salonlarında, tədris, elmi müəssisələrdə istifadə olunmalıdır. Çünki bu əsərlər zəngin musiqi xəzinəmizin diqqəti cəlb edən dəyərli nümunələridir. Məmməd Nəsirbəyovun əmək fəaliyyəti Azərbaycan musiqi həyatının quruculuq illərinə təsadüf edib.
Üzeyir Bəyin sevimli tələbəsi kimi gənc Məmməd bu quruculuq işlərində yaxından iştirak edib. 1920–1922-ci illərdə Üzeyir Bəyin təşəbbüsü ilə Siyasi İdarənin nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Orkestrin tərkibi 70 nəfər musiqiçidən və 10 nəfər tanınmış xanəndə, müğənnilərdən ibarət olub. Məmməd bu orkestrdə tarzən vəzifəsində çalışıb.
Orkestr əsasən hərbi və dəniz donanması hissələri üçün konsertlər verib. Gözəl, lirik tenor səsə malik olan, artıq musiqiçi kimi püxtələşən Məmməd 1919–1924-cü, 1930–1932-ci illərdə opera teatrında əvvəl xor artisti kimi, sonra isə solist kimi fəaliyyət göstərib. Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında Əsgərin ariyasını müvəffəqiyyətlə ifa edib. 1931–1937-ci illərdə Radio Komitəsində solist kimi çalışıb.
Nəsirbəyov yeni nəsil musiqiçilərin yetişdirilməsinə, təhsilinə diqqətlə yanaşaraq sonrakı illərini pedaqoji fəaliyyətə həsr edib. O, Bakı şəhərinin dağlıq hissəsində 1, Suraxanıda 5, Maştağa kəndində 11 saylı uşaq musiqi məktəblərinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olub. Bu məktəblərdə direktor vəzifəsində işləyərək həmin məktəbləri təşkil edib, eyni zamanda, musiqi nəzəriyyəsi fənnini tədris edib.
Məmməd Nəsirbəyov musiqi məktəbində təhsil alan şagirdləri həvəsləndirmək məqsədilə onların evlərinə gedib, öz vəsaiti hesabına onları musiqi ədəbiyyatı ilə təmin edib, musiqi alətlərini təmir edib. Bu işlərə onun əməkhaqqının 1/3 hissəsi gedib. O, pedaqoji, teatr texnikumlarında, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ardıcıl olaraq pedaqoji fəaliyyətini davam etdirib, gənc musiqiçilərin təhsilinə hər zaman diqqətlə yanaşıb.
Böyük Vətən Muharibəsi illərində o, dəfələrlə Bəstəkarlar İttifaqı və İncəsənət İşləri üzrə İdarə tərəfindən hərbi hissələrə ezam olunub, əsgərlərə patriotik, döyüş ruhlu mahnılar öyrədərək onları qələbəyə səsləyib. Məmməd Həsən oğlu Nəsirbəyov SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 6.06.1945-ci ildə Böyük Vətən Müharibəsi illərində əməyinə görə medalla təltif olunub.
Onun yaradıcılığı müxtəlif fəxri-fərmanlarla, medallarla qiymətləndirilib. Nəsirbəyovlar ailəsi, eləcə də bu nəsil ilə yaxın qohum olan Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Müzəffər Nəsirli Azərbaycan incəsənətində, ədəbiyyatında öz layiqli imzalarını atıblar
Məmməd Həsən oğlu Nəsirbəyov 17 aprel 1980-ciildə vəfatedib. Və incəsənətimizə bu qədər qatqılar vermiş bir şəxsi unutmağa, təbii ki haqqımız yoxdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
"Ədəbi irsimiz - ədəbi gəncliyimiz" adlı tədbir keçirilib
Nigar Həsənzadə,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi "Ədəbi irsimiz - ədəbi gəncliyimiz" adlı görüş keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar ustad qonaqları, müəllifləri və gəncləri salamlayaraq tədbiri açıq elan edib. Daha sonra layihə haqqında məlumat verən İntiqam Yaşar bu görüşün layihənin sonuncu görüşü olduğunu bildirib. O, həmçinin qeyd edib ki, sonuncu görüşün özəlliyi ondan ibarətdir ki, tədbir çərçivəsində "Ədəbi irsimiz, ədəbi gəncliyimiz" kitabının təqdimatı da keçiriləcək.
Daha sonra söz Türk Edebiyatı Vakfı Yönetim Kurulu Başkanı Serhat Kabaklıya verilib. Serhat Kabaklı qonaqları salamlayaraq layihənin əhəmiyyətindən və Türk dünyasının birliyindən bəhs edib.
Serhat Kabaklıdan sonra söz alan DGTYB Məsləhət Şurasının sədri Əkbər Qoşalıda layihə ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, bu sayaq layihələr həm ədəbi irsimizin tanıdılmasında, həm də gənc yazarlarımızın təbliğində böyük rol oynayır.
Daha sonra söz yazıçı-publisist Məmməd Oruca verilib. Məmməd Oruc gənclərlə bir arada olduğu bu layihədə iştirak etməkdən məmnunluğunu ifadə edərək təşkilatçılara təşəkkür edib.
Çıxışlar arasında poeziyaya da yer verilib. Qiraətçi Ayna Səsin, eləcə də Səddam Laçın və Banu Muharrem kimi gənc şairlərin ifasında şeirlər yenidən canlanıb.
Tədbir sonda təltifetmə mərasimi və kollektiv xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Səddam Laçın: "Gəncliyi sevməyən qocalar və qocaları sevməyən gənclər cəmiyyəti uçuruma aparır"
Nigar Həsənzadə,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Səddam Laçın bildirib ki, həm tədbirin, həm də təqdim edilən kitabın “Ədəbi irsimiz- əddəbi gəncliyi” adı xüsusilə xoşuna gəlib:
"Çünki nəsillərarası toqquşma bütün dövrlərdə olub. Tarixi yazıları oxuyanda bəzilərinin elə ilk cümlələrindən müəllif gənclərdən şikayət edir ki, onlar adət-ənənələri qorumur, böyüklərə qulaq asmırlar. Amma bütün dövrlər də bizə göstərir ki, gəncliyi sevməyən qocalar və qocaları sevməyən gənclər cəmiyyəti uçuruma aparır. Biz böyüklərimizdən öyrənməliyik, böyüklərimiz də bizdən öyrənməlidir. Bunun ən yaxşı yollarından biri isə ədəbiyyatdır. Çünki tarix və ya dərsliklər bizə sadəcə faktları təqdim edir.
Yenə deyirəm, tarix bizə sadəcə 1948–1953-cü illərdə deportasiyanın baş verdiyini deyir və bununla kifayətlənir. Amma ədəbiyyat həmin insanların ağrısını, yollardakı susuzluğu, aclığı, ölüm yolunda bir-birinə necə dayaq olduqlarını, ailələrin və kəndlərin necə parçalandığını hiss etdirir.
Xüsusilə gənclər üçün bu kitabın əhəmiyyəti böyükdür. Mən kitabı açanda ilk olaraq mündəricata baxdım: Ramiz Rövşən, Nəriman Həsənzadə,... Bu adların arasında öz adımı görmək mənim üçün böyük fəxrdir. Gələcək nəsillər də bu siyahıda mənim adımı görəndə kitabı açıb oxuyacaq və maraqlanacaqlar ki, bu kimdir. Ona görə İntiqam Yaşara və bütün dostlara təşəkkür edirəm".
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Serhat Kabaklı: "Bakı Türk ədəbiyyatının mərkəzidir"
Nigar Həsənzadə,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Türk Edebiyatı Vakfı Yönetim Kurulu Başkanı Serhat Kabaklı Azərbaycana gəlib. O, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkil etdiyi "Ədəbi irsimiz-ədəbi gəncliyimiz" adlı görüşə qatılıb.
Sehat Kabaklı çıxışında bildirib ki, Türk ədəbiyyatının mərkəzi Bakıdır: "Dəvət üçün DGTYB-yə rəhbərlik edən Əkbər Qoşalıya, İntiqam Yaşara təşəkkür edirəm. Mənə görə, Türk ədəbiyyatının mərkəzi Bakıdır. Bakıya gələndə çox məmnunluqla Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yanına gəlirəm. Bakıdan da tədbir üçün zəng gələndə çox məmnun oluram. Sevə-sevə qarşılayır, tədbirə dəstək oluruq".
Sehat bəy daha sonra bildirib ki, Azərbaycan Türk dövlətlərinin birliyi məsələsində ən vacib ölkədir:
"Çünki biz iki dövlətin dili oğuz türk qrupuna aiddir, ancaq digər türk xalqlarında qıpçaq dil qrupu olduğu üçün bizim üçün onları anlamaq çətindir. Amma Azərbaycan ortada yerləşir. Siz bizdən daha yaxşı anlayırsınız, bu dil qrupunu da. Ümid edirəm ki, bir gün iki dövlət bir millət şüarı digər türk millətlərinə də aid olacaq, hamı bir-birini daha yaxşı anlayacaq".
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanının təqdimatı bu gün sona çatır. Düşünürük ki, romanı bəyəndiniz.
Xoş mütaliələr.
14-CÜ DƏRC
EPİLOQ
зHumay xanım ailəsi ilə birlikdə Türkiyəyə köçmüşdü. Əvvəlcə bu dəyişiklik ona çətin görünsə də, zamanla öyrəşmişdi. Orada öz sahəsi üzrə işə qəbul olmuş, yeni həyatına uyğunlaşmışdı.
зGünlər, aylar, illər bir-birini əvəz edirdi. Artıq Türkiyədə yaşamaqlarının beşinci ili idi. Humay xanımın doğum günündə, yoldaşı ona bir zərf uzatdı. Həyəcanla açanda, içərisində iki təyyarə bileti vardı – istiqamət: Azərbaycan. Bu hədiyyə, Humay üçün ən gözəl sürpriz idi.
зİllərdir vətən həsrəti çəkmişdi. Bunu yoldaşına büruzə verməsə də, içində hər zaman o torpaqlar üçün darıxmışdı. Tək təsəllisi anasının da, yanında olması idi.
зNəhayət, uşaqları anasına əmanət edib, on günlük bir səfərlə Azərbaycana qayıtdılar. Buradakı evlərini satmadıqları üçün, birbaşa öz köhnə evlərinə yerləşdilər. Bir neçə gün doğmalarını, qohumlarını ziyarət etdikdən sonra, Humay həmişə sevdiyi dəniz sahilinə getmək qərarına gəldi.
зBura çox dəyişmişdi, amma onun üçün hər şey eyni idi. Xatirələr canlandı, o anları yenidən yaşadı. Dərin bir nəfəs alıb saf havanı ciyərlərinə çəkdi. Birdən, biri ona tərəf baxırmış kimi hiss etdi. Tanış bir sima… Diqqətlə baxanda gözlərinə inanmadı.
з- Rüstəm bəy? Bu sizsiniz? – deyə təəccüblə səsləndi.
Rüstəm bəyin üzündə bir təbəssüm yarandı. O da eyni hissləri yaşayırmış kimi görünürdü.
з- Bəli, mənəm, Humay xanım.
з- İnanın, illər sonra sizi yenə burada görəcəyim heç ağlıma gəlməzdi.
з- Doğrudan da, xoş təsadüfdür.
- Hər şey yaxşıdır?
зRüstəm bəy gülümsədi.
з- Həm də çox yaxşıdır… Əgər vaxtınız varsa, birinci dəfə olduğu kimi, bu qayaların yanında əyləşib, danışaq.
з- Əlbəttə, buyurun. Lakin mənə xüsusilə yoldaşınızla olan münasibətiniz maraqlıdır. Ona etiraf edə bildinizmi?
зİkisi də tanış qayalıqlara doğru addımladı. Hava sakit idi. Dalğalar asta-asta sahilə çırpılırdı.
зRüstəm bəy danışmağa başladı:
з- Bunları xatırlamağınıza sevindim. Elə mən də sizə bu barədə danışmaq istəyirdim. O gün, evə inamla qayıtdım. Düşünürdüm ki, yoldaşımla danışacağam, ona hər şeyi izah edəcəyəm. Amma qapıdan içəri girəndə, onun o mehriban baxışlarını gördüm və cəsarətim yenə içimdə boğuldu. Günlər keçdi, amma mən yenə də heç nə deyə bilmədim. Sonra başa düşdüm ki, ürəyimdə daşıdığım bu yükü sözlə ifadə edə bilməyəcəyəm…
з- Yəni, heç nə demədiniz?
зRüstəm bəy başını tərpətdi.
з- Xeyir, demədim. Amma yazdım.
з-Yazdınız?
з- Bəli. Bütün hisslərimi, etdiklərimi, peşmançılığımı bir məktubda toplayıb yoldaşıma verdim. Ondan, tək olanda oxumasını istədim. Məktubu alanda, təəccüblə üzümə baxdı, amma heç nə demədim. Sadəcə evdən çıxıb getdim.
зHəmin gün evə qayıtmağa belə cəsarətim yox idi. Gecə yarısı nəhayət evə döndüm. İçəri girəndə səssizlik hər yeri bürümüşdü. Elə sandım ki, hər şey bitdi… Qorxu ilə yataq otağına baxdım, amma o orada yox idi. Dolabı açdım – əşyaları yerində idi. Uşaqlar da yatmışdılar. Bir tək o yox idi…
зOtağı tərk edərkən masanın üzərində açılmış məktubu gördüm. Kağızda qurumuş göz yaşları vardı… O an nəfəs almaqda çətinlik çəkdim, elə bil boğulurdum. Dizlərimin üstündə yerə çökdüm, başıma vuraraq öz-özümə pıçıldadım:
з“Sən nə etdin, Rüstəm?!”
зHəyəcanla ona zəng etdim, amma cavab vermədi. Dəfələrlə yığdım, nəticə eyni idi. Nəhayət, qapının açılma səsini eşitdim. Qarşımdakı mənim illərlə sevdiyim qadın idi, amma baxışları tamamilə yad idi… O gecədən sonra həyatım tamamilə dəyişdi. Yoldaşım mənim varlığımı belə görməzdən gəlirdi. Uşaqlarım belə nə baş verdiyini anlamırdı. O, danışmırdı, dinləmirdi, sadəcə susurdu. Amma mən qərarımı vermişdim. Onları itirməyəcəkdim. Hər gün yeni bir məktub yazır, yastığının üstünə qoyurdum. O, oxuyub-oxumurdu, bilmirəm. Amma susmağa davam edirdi.
зBir gün qızım yanıma gəldi və dedi:
з- Ata, bilmirəm aranızda nə baş verib, amma inanıram anam səni bağışlayacaq. Çünki sən yaxşı atasan, ailəni sevən bir insansan.
зOnun bu sözləri içimdəki ümidi daha da alovlandırdı. Son məktubumu yazmağa hazırlaşırdım ki, yoldaşım otağa keçib qapını bağladı. Mən dəhlizdə qapısının qabağında əyləşib onun çıxmasını gözləyirdim. Ayağa qalxmaq istəyirdim ki, ayağım sürüşdü. Başımı divara çırpıb huşumu itirdim.
Gözlərimi xəstəxanada açanda, yoldaşımın əlimi sıxıb, göz yaşları içində üzümə baxdığını gördüm. Baxışlarında həsrət, sevgi və peşmanlıq bir-birinə qarışmışdı.
з- Çox şükür… – deyə pıçıldadı.
зHəmin an, üzünə baxmağa belə utanırdım.
з- Bağışla… – dedim titrək səslə.
зO isə əli ilə ağzımı bağladı:
- Sus… Keçdi... Hər şey arxada qaldı.
з- Mən səni sevirəm… – dedim sadəcə.
зO gündən sonra həyatımız yenidən yoluna düşdü. Mən artıq özümü tanımışdım.
зRüstəm bəy, Humaya baxıb sakitcə soruşdu:
з- Bir zamanlar mənə bir sual vermişdiniz, xatırlayırsınızmı bilmirəm. O sual belə idi: “Əslində siz kimsiniz?” İndi isə eyni sualı sizə ünvanlayıram: Sizcə, əslində mən kiməm?
зGülümsəyərək cavab verdi:
з-Siz, yaxşı ata, yaxşı həyat yoldaşı və həqiqi xilaskarsınız…
з- Xilaskar?
з- Bəli, xilaskar. Siz təkcə öz taleyinizi deyil, başqasının qaranlığa qərq olmuş həyat yolunu da işıqlandırmağı bacarmısınız. – həm özünüzə, həm də bir başqasına xilaskar olmusunuz.
зBu sözləri dedikcə, o başı ilə təsdiqləyirdi. Onun baxışlarında, əzabın, yorğunluğun izləri yox olmuş, onların yerini, xoşbəxtlikdən parlayan bir ifadə almışdı.
зOnlar eyni anda ayağa qalxdılar. Rüstəm bəy, təşəkkür etdi:
з- Humay xanım, ümid edirəm, yenə bir gün yollarımız kəsişər… Məni bu bataqlıqdan çıxardığınız və özümü tanımağa kömək etdiyiniz üçün sizə ayrıca minnətdaram.
- Rüstəm bəy, hər zaman öz dəyərinizi bilin və sevdiklərinizi tez-tez qucaqlayın. Həyatınızda daim uğur və xoşbəxtlik arzulayıram!
Hər ikisi səmimi bir təbəssümlə sağollaşdı və hər kəs öz yoluna davam etdi...
***
Dəniz sahili, sanki keçmişin sirləri ilə dolu bir kitab idi: sahilə çırpılan dalğalar əvvəlcə öz kinini qusur, sonra isə övladını qoynuna gizlədən ana kimi, kiçik qum dənəciklərini qucaqlayıb özü ilə bilinməz bir diyara aparır. Əslində bu mənzərə insanlar üçün də keçərli idi. İnsanın qusduğu keçmişi idi; qucaq açdığı isə gələcəyi. Bunun üçün isə, “Əslində mən kiməm?” sualının cavabını tapmaq lazım gəlir. Bəlkə də, bu sualın cavabını tapmaq üçün ehtiyacımız olan tək şey özümüzlə üzləşməkdir.
***
Uşaqlıqda kim idin?
İnsanların gözündə kimsən?
Özün-özünü necə görürsən?
Bəs əslində sən kimsən?
Bu sualların cavablarını bir araya gətirsək, bir bütöv sən yaranarmı? Yoxsa hər cavab ayrı bir sima, ayrı bir fərd kimi səni gizlədən bir maskadır? Ola bilsin ki, bu müxtəlif üzlərin arxasında həqiqi özünü gizlətmisən, ya da elə özün də kim olduğunu unutmusan. Əgər, əsil özün kimi olmaqdan qorxursansa, səni bu qorxuya sürükləyən səbəblər nədir? Səninlə barışmağı əngəlləyən keçmişin, ya da insanların gözündə yaratdığın “mən”dən ayrılmaq qorxusu?
зBu romanı oxudunsa, deməli, artıq bu suallar sənin qapını döyüb. Əsil sən olmaq üçün bir yol var: – bütün qorxularının üzərinə getmək, keçmişinlə barışmaq və içindəki o itirilmiş “mən”i tapmaq. Çünki əsl azadlıq, əsl sən olmaqdan keçir.
зHeç kim üçün yox, yalnız özün üçün, özün ol! Həqiqi mənliyini qəbul et – görəcəksən ki, sən nə uşaqlığının kölgəsisən, nə də başqalarının gözündəki təcəssüm. Sən bütün parçalarının içində gizlənən əsl sənsən!
SON
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Qorki adına Ədəbiyyat institutunu fərqlənmə diplomu ilə bitirəndə...
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzov “Ədəbiyyat və incəsənət”in poçtuna həmkarı Əlişad Qaraqasımlının şeirlərini və tərcümeyi halını göndərib. Bu şəxs barədə bilgilənəndə, düzü, çox təəccübləndim.
Bilirsiniz ki, sovet dönəmində bizim ən məşhur şair və yazıçılarımız Moskva şəhərindəki SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunun şinelindən çıxırdı. O təhsil ocağı həqiqətən də gəncləri püxtələşdirir, üstəlik, onlara dərc edilmək, tanınmaq, mükafatlar almaq üçün əlavə dividendlər verirdi.
1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olan, Əlişad Qaraqasımlı imzası ilə şeirlər yazan Cəfərov Əlişad Tutuş oğlunun taleyinə də məhz həmin institutda oxumaq düşüb. özü də adları ədəbiyyat tariximizdə xalq yazıçıları və xalq şairləri kimi qalan digər Qorki Ədəbiyyat institutunun azman azərbaycanlı məzunlarından fərqli olaraq o, institutu fərqlənmə diplomu ilə bitirib. Bu, həqiqətən də çox böyük nailiyyətdir.
Və necə olub ki, o, Litinstitut deyə çağırılan o ədəbiyyat ocağının ən nümunəvi və ən istedadlı məzunu sonradan Azərbaycanda nəinki xalq şairi ola bilməyib, heç geniş oxucu kütləsinə də tanıdılmayıb, bax bu, mənə sirr olaraq qaldı.
Təsəvvür edin ki, Əlişad Qaraqasımlı indi öz təvazökar imici ilə hansısa bir saytın “Poeziya” şöbəsinin müdiri olmaqla kifayətlənibdir.
Kamran Murquzov onun şeirlərinin qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, “Kardelen” dərgilərində, o cümlədən respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunduğunu, “Elm”, “Xalq qəzeti”, “Respublika” qəzetlərində uzun müddət çalışdığını da qeyd edibdir. Amma razılaşın ki bunlar xırda təsəlilərdir.
Sizi şairin şeirləri ilə baş-başa buraxırıq.
BİR APREL
Xalq şairi Rəsul Rzaya
Bu ağır itkini varlığım danar,
Necə ki, ölməzlər ölümü danıb.
Aprelin birində bir dost aldanar,
Aprelin birində bir xalq aldanıb.
Uca zirvələri çən-çisək aldı,
Yamaca nə qaldı, yala nə qaldı?
Dünyaya gəlməyin həqiqət oldu,
Dünyadan getməyin yalana qaldı.
Nurlu misraların, odlu sənətin,
Könlümdən kədəri talan eylədi.
Vuruldum aprelin birinə, şair,
Gerçək ölümünü yalan eylədi.
(1 aprel 1981-ci il)
ANA, SIZLADIM…
Sinəmin üstünə gərək daş qoyum.
Bu dərdi mən necə udum, görəsən?!
Kimin dizlərinin üstə baş qoyum,
Kimin ətəyindən tutum, görəsən?
Gözümdə bir damla yaş da qalmayıb.
Acı taleyimə, ana, sızladım.
Mənim ki analı günüm olmayıb,
Nə yaman, nə yaman anasızladım!
DÖRDLÜKLƏR
Dünyanı çiyninə alıbdı qoca,-
Əsir yük altında zəif dizləri.
Sual işarəsi olubdu qoca,
Çoxlu nöqtələr tək ayaq izləri…
* * *
Dörd divar içində bəslənən hər gün
Qapqara bir daşdır, ürək deyildir.
Kim deyir, arabir tamaşa üçün
Bu geniş üfüqlər gərək deyildir?
* * *
Qovaram qəlbimdən ağrılarımı,
Canımla, qanımla yaradaram mən.
Leysanda islanan misralarımı,
İsti şəfəqlərlə qurudaram mən.
DÜNYA BU GÜN
Yenə dinləyirəm son xəbərləri-
Fələstin övladı yurddan qaçaqdır.
Azadlıq altında gizlənənlərin
Arzusu, əməli işğlaçılıqdır.
Oğrunun, əyrinin inadına bax:
Başına tac qoyub xalqını soyur.
Bu dövrün, zamanın inadına bax,
Qara xəbərləri Ağ evlər yayır.
Əzmini, gücünü açıq duyanlar,
Ölkədən-ölkəyə qovğa ələyir.
Mənliyi, varlığı bİr heç olanlar,
Yüksək kürsülərdən çıxış eyləyir.
Həyadan, abırdan qalmayıb əsər:
Çoxu öz-özünü öyən olubdur.
Üz-üzə gəlməkdən çəkinən kəslər,
Efirdə döşünə döyən olubdur.
Dalayır qəlbimi min fəğan, min ah,
Silah yarışları başlayır bu gün.
Xalqın əlləriylə düzələn silah,
Xalqın sinəsinə tuşlanır bu gün.
Arzu istəyimi daş belə anlar,
Bütün varlıqlara qəlbim həyandır.
“İnsan hüququ”ndan çox danışanlar,
İnsan hüququnu tapdalayandır.
QISQANIRAM MƏN
Hələ vərəq-vərəq oxunmamışam,
Gedişin-gəlişin oxunur sənin.
Bəyaz əllərinə toxunmamışam,
Küləklər saçına toxunur sənin.
Otuzu adlayıb gözləmir yaşım,
Sonsuz həsrətindən usanıram mən.
Zülmət gecələrə necə tapşıram,
Səni gündüzlərə qsıqanıram mən?!
QUŞLAR YUVA QURAR
Quruyub qalmışam çölün düzündə,
Əsən küləklər də mənim yağımdı.
İki gün dustağam bu yer üzündə,
İkicə gün olur azadlığım da.
Aydındır hər kəlmən ay işığıtək,
Əsərəm yarpaqtək sözünün üstə.
Aralı düşərik iki günlüyə,-
Quşlar yuva qurar izinin üstə.
BERMUD ÜÇBUCAĞI
Arzular, əməllər gülə bilməyir,
Dəhşətli fikirlə oyanır orda.
Əqrəblər yükünü çəkə bilməyir,
Deyirlər, zaman da dayanır orda.
Dünyaya bir ümman kədər ələdi,
İlan tək qıvrılıb çaldı dünyanı.
İnsan vəhşiliyi azlıq eylədi,
Qorxunc bir dəhşət də aldı dünyanı.
QARANQUŞ
Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir
Qayçı quyruq qaranquş
Ağın da var, qaran da
Niyə yoxdur sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş.
Qismətin bahar olsun
Görməyəsən boran, qış.
Yazdan mənə köynək biç,
Qayçı quyruq qaranquş.
PAYIZ DÖRDLÜKLƏRİ
Ümidim bahara itməyibdi ki,
Ümidim qəlbimdə yaraqlanıbdı.
Hansı rəssamınsa əsərindəki
Qadıntək ağaclar çılpaqlanıbdı.
* * *
Payızda bir ağac gülə bələnib,-
Gizlədə bilməyib bahar heyrətin.
Payız yarpaqların məktub eyləyib
Yazır ünvanına əbədiyyətin.
* * *
Bahar çiçəkləri fikirlərimdə,
Payızlı bir nəğmə dindirib məni.
Qızıl paqonları çiyinlərimdə,-
Payız da rütbəyə mindirib məni…
* * *
Səmanı çiyninə görən aldımı?
Ağaclar Anteytək çılpaq yaşayır.
Küləklər tələsən poçtalyonumdu,
Payızdan bahara məktub daşıyır.
QURBAN OLUM
(Azad nəvəmin bir yaşına)
Süd qoxulu isti yumşaq
Yatağına qurban olum.
Təzə-təzə ayaq üstə
Durmağına qurban olum.
Gəl babanı salma dara
Ürəyinə vurma yara
Şirin-şirin xülyalara
Dalmağına qurban olum.
Ruhum uçdu, qəlbim güldü
Çox istəkli nəvəm gəldi.
Həftəsonu babangildə
Qalmağına qurban olum.
İzləyirəm izlərini,
Gəl qatlama dizlərini
Buta-buta gözlərinin
Qapağına qurban olum.
Mələksifət, açıqalın,
Səni sevir, sağın, solun.
Ağlayanda dördkünc olan,
Dodağına qurban olum.
Düşmən çəpərnə daş atdın,
Nəslin başını ucaltdın,
Azad babanı yaşatdın,
Varlığına qurban olum.
Yerinə yetsin diləyin
Şad olsun kövrək ürəyin
Səni bizə bəxş eyləyən
Xaliqinə qurban olum.
İKİNCİ ANA
SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.
Gərək ürəyimi hər kəsə açam,-
Bir ülvi məxluqdan öyüd alıram.
Otuzu adlayıb
Ötsə də yaşım,
Hər dəfə yanında uşaq oluram.
Sənli günlərimi duman-çən almaz,
Ömrümün çiçəyi solmaz önündə.
Məndən küçələrdə
dəcəli olmaz,
Məndən həlimi də olmaz önündə.
Min nöqsan görsən də, hər bir işimdə,
Çəkib qulağımı
Burmamısan heç.
Vaxt olub dərsinə gecikmişəm də
Qayıdıb üzümə
vurmamısan heç…
Açıb qucağını Ana Vətən də.
Qəlbim də qırılmaz inamdı mənim.
Mənə ikinci bir
Dil öyrədən də,
Deməli,
İkinci anamdı mənim.
Gərək hər ağırıya-acıya dözəm.
Böyükdür insanın
Səbri, deyirəm.
Bir rus qadınına
Anamdı, desəm,
Çatlamaz Anamın qəbri, deyirəm!..
YOLDAŞLIQ MƏHKƏMƏSİ
Tələbə dostum, tanınmış şair Maarif Soltana
Gözünü, könlünü bulud alsa da,
Özü bulud kimi boşalır, dolur.
İlhamı arabir ayıq olsa da,
Çox zaman gözləri yuxulu olur.
Zamanın özüylə yarışan kəsin
Yerişi-duruşu dağlardan ağır.
Yenilik eşqiylə alışan kəsin
Əynindən-başından köhnəlik yağır.
Əsrin tufanına sinə gərməyib
Süsəndən, sünbüldən ötür sazında.
Hələ ilk kitabı işıq görməyib
Yaşayır dahilik iddiasında.
Əyilir köksünə fikirli başı-
Sanki qurtaracaq kimisə, dardan.
Çəkir imtahana dostu, yoldaşı
Özü iki alır imtahanlardan.
Onun bu gününə acıyıb halım:
Bükülür yumaqtək fikrə dalanda.
O qədər tənbəki çəkir bu zalım,
Sinəsi fit çalır nəfəs alanda.
Atıb bir tərəfə eşqi, ilhamı,
Bir az qulaq asıb Haqqın səsinə:
İmkanım olsaydı, Maarif Soltanı
Çəkərdim yoldaşlıq məhkəməsinə!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


