ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Yaşasaydı, bu ilin noyabrında 90 illik yubileyini qeyd edərdi…

Həm dövlət qulluçusu, həm də ədib olasan. Hər iki sahədə fərqlənəsən, özündən sonra iz qoyasan. Razılaşın ki, bunu hər kəs bacarmaz. O isə bacardı. O – Aqşin Babayev.

 

Azərbaycanın tanınmış yazıçı-dramaturqu Aqşin Babayev 23 noyabr 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb.

 

İlk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb. "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" adlı kitabların müəllifidir. "Kişilər az yaşadı" kitabı isə Moskvanın "Sovetski pisatel" nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.

 

Aqşin Babayev həm də şair idi. Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Şeir kitabına xalq şairi Fikrət Qoca ön söz yazıb. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə - 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" pyesləri Heydər Əliyevə həsr edilib. 

 

Elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür. Ali Attestasiya Komissiyasının Ekspert şurasının, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür.

 

Filmoqrafiya 

 

Nekroloq 

Dəvətnamə 

Yol

Mükafat

 

Mükafatları 

 

"Əmək rəşadətinə görə" medalı  

"Əməkdar jurnalist" fəxri adı

 II dərəcəli Dövlət müşaviri rütbəsi 

 

A.Babayev uzun sürən xəstəlikdən sonra 10 iyun 2020-ci ildə dünyasını dəyişib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

 

Çərşənbə, 10 İyun 2026 08:02

Onun “Labirint”i ciddi rezonans doğurdu

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onu millət vəkili kimi tanıyanlar bir qism, publisist kimi tanıyanlar bir qism, yazıçı kimi tanıyanlar da bir başqa qism. Bu günlərdə ədəbi dairələr onun “Labirint” adlı hekayə-povestindən danışırlar, demək, o, ədəbi hadisə yarada bilir...

 

O, 1958-ci il iyun ayının 10-da Zəngilan rayonunun Vənədli kəndində dünyaya gəlib. İndiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Sonra ikinci ali təhsil kimi indiki Dövlət İdarəçilik Akademiyasını bitirib.1980-1990-cı illərdə AzTV-də, 1990–1992-ci illərdə isə "Kirpi" satira jurnalında çalışıb. 1995-ci ildən Milli Məclisin(MM) deputatıdır. 2024-cü ildən MM-in Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Sinəsini “Şöhrət” ordeni bəzəyir...

Deyir ki:- “Doğrusu, həyatım boyu reklamdan uzaq qaçmışam. Düşünmüşəm ki, insan elə olduğu kimi görünsə, daha yaxşıdır. Reklam üçün mətbuata çıxmağı, nəyinsə xətrinə söz deməyi həmişə yanlış və mənasız bir iş hesab etmişəm. Sənin sözünə cəmiyyətdə ehtiyac varsa və bu söz öz içindən gələn mənəvi zəruriyyətdən doğulursa, danışmağın tərəfdarıyam. Belə məqamlarda sözümü həmişə demişəm və deyəcəyəm. İctimai-siyasi proseslər, milli-mənəvi məsələlər, ümumiyyətlə, bir vətəndaş və ziyalı kimi, məni narahat edən problemlər barədə mətbuatda, televiziyada çıxışlarım olur. Axı mən də ixtisasca jurnalistəm, sözə-sənətə bağlı adamam. İmzam, qələmim kifayət qədər tanınır. Bu sənətə böyük sayğı və ehtiramım var, eyni zamanda sözün, mətbuatın da məsuliyyətini son dərəcə yaxşı dərk edirəm. İndi min şükür, neçə ildir yaradıcı bir insan, millət vəkili olsam da, düşünürəm ki, həmişə özümə hesabat verməliyəm, unutqan olmamalıyam, şöhrətin cazibəsindən xoşallanıb, haradan gəlib, hara getdiyimi unutmamalıyam. Televiziya ekranlarına çıxmaq, danışmaq imkanlarım və şanslarım çoxdur. Mən də başqaları kimi, təşkil olunmuş verilişlərdə çiçəkləri iyləyib, əlimi çənəmə söykəyib, dəniz sahillərində xəyala gedə bilərəm. Əlimdə siqareti tüstülədə-tüstülədə, kamera qarşısında özümü düşüncələr dəryasına qərq olmuş kimi göstərə bilərəm. Ağlı-başı üstündə olan adamlar kimi, mən də, həmişə belə ucuz şöhrətdən uzaq durmağa çalışmışam. Bütün bu süni və qondarma jestlər kimə və nəyə lazımdır?..”

Düşüncə və intellektual fəaliyyətdə çox aktivdir. Onun həyat fəlsəfəsi ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir insan və hər bir fikir öyrəniləsi bir hədəfdir. O, tez-tez özünə suallar verir, içində müzakirələr aparır və hər mövzunu dərindən analiz edir. Onun fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmır, hər zaman dəyişkən və inkişafda olan bir prosesdir, çünki o, hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini həyatında tətbiq etməyə səy göstərir...

 

“Mən boyundan hündürə tullanmağa çalışan adamlardan deyiləm. Yeganə ümidim göydə Allaha, yerdə Azərbaycan prezidentinədir. Etiraf etməli və fəxrlə deməliyik ki, bu gün Azərbaycan qüdrətli bir dövlət kimi inkişaf etməkdədir. Şükür Allaha ki, Qarabağ problemi artıq həll olunub. Hər kəs cəmiyyətdə hansı çəkidə olduğunu və bu işə necə kömək edəcəyini dəqiq bilməlidir. Biz hamımız bir nəfər kimi öz gücümüzü birləşdirib, ölkə başçısına bütün işlərində dəstək verməliyik. Xalqımız gözəl bilir ki, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edən sərkərdə İlham Əliyevdir. Məhz, onun uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad olunub, prezidentimizin qurucu xarakterinə uyğun olaraq, bu gün o yurdlarda əmin-amanlıq bərpa olunub, abadlıq işləri aparılır.”- söyləyir...

 

Onun ən tanınan xüsusiyyətləri isə çoxşaxəli və maraq dairəsinin genişliyidir. O, hər hansı bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona verir, lakin tez bir zamanda başqa bir maraqlı mövzuya keçə bilir. Bu dəyişkənlik bəzən onu qeyri-sabit və qərarsız göstərə bilər, amma əslində bu, onun zəkasının və maraq dünyasının nə qədər geniş olduğunu göstərir...

 

Deyir ki:- “Yaradıcı insanlar olumla ölüm arasında səmtini itirmiş kimidir. Elə olur ki, səndən aşağı səviyyəli bir insanın qısa müddət ərzində varlandığını və böyük var-dövlət sahibi olduğunu görürsən. Belələri sənin elmini, oxuduğunu, ağıl və dərrakəni, istedad və qüdrətini elə bil ki, ayaqlayıb keçir. İnsanın xəyalı ilğımlar kimi havadan asılı qalır, ayaqları yerə çatmır. Ehtiyac, ailə qayğısı yaradıcı insanı qovub tamam ayrı istiqamətlərə aparır, dərin düşüncələrə qərq edir, beynini qurudur. Ancaq nə etməli, ümidli olmalıyıq, bütün bunlar zamanın axarında keçib gedəcək. Bazar iqtisadiyyatı ədəbiyyatı, mədəniyyəti təbəddülatlara uğratdı. Yenə sağ olsun, dövlət başçısı belə çətin dövrdə yaradıcı qurumlara öz dəstəyini əsirgəmədi. Yaxşı ki, indi yaradıcı adamlar və yaradıcı mühit özünə qayıtmağa başlayıb...

 

Ünsiyyət qurmağı və məlumat mübadiləsi etməyi çox sevir. O, müxtəlif mövzularda söhbət etməyi və yeni insanlar tanımağı asanlıqla bacarır. Onun sosial çevrəsi çox genişdir və o, hər bir insandan öyrənəcək bir şey olduğunu düşünür. Onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzini genişləndirir və dərinləşdirir...

 

“Mənim çətin günlərim çox olub. Uşaq vaxtı biçənəkdə, ot biçən zaman qolumu kərənti kəsdi. Hirsimdən deyinirdim ki, axı niyə bəzi qohumlarım mənə dədəmin halal biçənəyini də çox görüb, bizi daşlığa dirəyiblər. Sonralar, ad-san yiyəsi olanda da, bu hirsimi və qəzəbimi yadımdan çıxarmırdım. İndi həmin qohumlarım mənim adımdan o qədər alver edirlər ki, heçnə deyə bilmirəm. Çünki anam mənə deyərdi ki, bala, axar su ol, murdarlıq götürmə. Yadında saxla ki, yol üstündəki qarışqanın da qafiyəsini pozmaq olmaz, hər şeyi zamana burax. Uşaqlığım Zəngilan dağlarında və yaylaqlarında keçib. Bənövşə yığmışam, quzuqulağının, baldırğanın, üstünə düz səpib yediyim quşəppəyinin dadı indi də damağımdadır. Darıxanda, hərdən Qarabağ tərəfə gedirəm.”- söyləyir.

 

Çox zəkalı, intellektual adamdır. Sürətli düşünmə qabiliyyəti var. Bunun da hesabına həyatın müxtəlif sahələrində uğur qazana bilir. O, problemləri kreativ və gözlənilməz yollarla həll etməyi bacarır və hər cür şəraitə tez də uyğunlaşır. O, cəmiyyətdə dəyişiklikləri qəbul etməkdə və yeni şəraitlərə tez öyrəşməkdə çox ustadır. Bu xüsusiyyət onu həyatın sürətlə dəyişən tələblərinə uyğun gəlməyə və müxtəlif həyat şəraitlərində qələbə qazanmağa imkan verir...

 

Bəli, bu dəfə sizə ictimai-siyasi xadim, Milli Məclisin deputatı İmamverdi İsmayılov haqqında danışıram. İyunun 10-da onun 68 yaşı yamam olur.

 Üzü 70-ə doğru, daha iti addımlarla!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

 

 

 

 

 

 

 

 

Fatma Hacıyeva,

tibb elmləri doktoru, professor.

“Ədəbiyyat və incəsənət”

 

Ustad aşığın qızıldan qiymətli, milli sərvət dəyərində hər misrasını oxuyarkən qeyri-ixtiyarİ el aşığını Dədə Qorquda bənzədirəm. Bu bənzətmə sadəcə hər iki ozanın adının qarşısındakı “Dədə” epiteti ilə bağlı deyil. Aşıq Ələsgərin Dədə Ələsgər olması, dədəlik ünvanına yüksəlməsi, mənim nəzərimdə Dədə Qorqud olması, həm də onunla bağlıdır ki, Dədə Ələsgər də Dədə Qorqud kimi Oğuzun bilicisi idi. Dədə Ələsgər Azərbaycan türklərinin bütün milli-mənəvi, maddi dəyərlərini nəzmə çəkmişdir. Dədə Ələsgər yaradıcılığında Oğuz türklərinin  ali keyfiyyətlərini, adət-ənənələrini, məişətini, dünyagörüşünü, dini təsəvvürlərini, ictimai düşüncəsini, qəhrəmanlıq xüsusiyyətlərini görmək mümkündür.

 

Necə ki, Dədəm Qorqud nə desə olardı, necə ki, qeybdən dürlü xəbərlər söylərdi, necə ki, Tanrı onun könlünə ilham vermişdi, eləcə də Dədəm Ələsgərin söylədiyi hər söz Tanrının ona verdiyi ilhamdan, etdiyi hər kəlam dürdən idi...

Nə hikmətdirsə, Dədə Qorqud dastanında oğuzların at oynatdığı, qılınc çaldığı yerlər arasında Göyçə birinci gəlir, Dədə Ələsgər də Göyçədəndir.  “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasını oxuyanda bu fikirlər daha da qüvvətlənir, özüm-özümü daha çox inandırmağa başlayıram ki, Dədə Ələsgər  Qorqud Atanın həqiqi varisidir.

Ustad aşığın  gözəllik ilmələrini seyr edəndə “Bəli deyib, yol-ərkana  gəlmişəm” qoşması qarşıma çıxdı. Bu qoşmaya folklorşünas alim, professor H.Əlizadənin 1937-ci il nəşrində rast gəlmədim. Qoşma dəyərli alimimiz İslam Ələsgərin nəşr etdirdiyi “Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər” (Bakı, “Yazıçı”, 1988)  əsərində  qoşmalar bölməsində beşinci sırada yer almışdır. Aşıq Ələsgər sözünün əks olunduğu 2004, 2014, 2021-ci il nəşrlərində də bu dəyərli sənət nümunəsi yer almış,  qoşma ustad aşığın 2021-ci ildə nəşr edilmiş külliyyatında 6-cı sırada   verilmişdir.

Qoşma səkkiz bənddən ibarətdir. 11 heca, birinci misrası 4+4+3, digər üç misrası isə  6+5 bölgüsünə uyğun gələn birinci bəndin qafiyələnməsi birinci və üçüncü  misraları sərbəst, ikinci və dördüncü misraları  həm qafiyə  olmaqla qoşmanın tələblərinə uyğundur:

 

Bəli deyib,// yol-ərkana //gəlmişəm, (4+4+3=11)

Nəqş olub sinəmdə// eşqin kitabı. (6+5=11)

Çeşmi-nöbubətə //aşiq olmuşam, (6+5=11)

Bir suala verrəm// yüz min cavabı. (6+5=11)

                                                         (1.s.12)

 

Birinci şəxsin, Dədənin dilindən verilmiş ilk bəndin məzmunu özündə bir çox mətləbləri ehtiva edir. İlk misradan hasil olan odur ki,  sanki ozanlar ozanı ustadını xatırlayır, ustad sözünü eşidib, göstərilmiş doğru yola “bəli” deyib, ədəb-ərkanla keçir və Dədə  ünvanına yüksəldiyini etiraf etmiş olur. Dədə Ələsgər burada Qurani Kərimin Əraf surəsinin 172-ci ayəsinə (  “...bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!...) istinad edərək haqq aşığı olduğunu dilinə gətirmiş olur.

Professor Məhərrəm Hüseynov “ələst” sözünü aşağıdakı şəkildə izah edir:

“Ələst aləmi” məşhur “bəzmi-ələst” rəvayətinə işarədir və bu sözbirləşməsi insanın dünyaya gəldiyi məkan – Tanrı dərgahı anlamındadır”. (5. s.138) Eyni ifadə, “Ələst aləmində demişəm “bəli” aşığın “Dürdanəni səngi-siyah içində” qoşmasının son bəndində də işlənmişdir:

 

Adım Ələsgərdi, əslim Göyçəli,

Ələst aləmində demişəm “bəli!”

Həm aşığam, həm dərvişəm, həm dəli,

Canım gözəllərin yol qurbanıdı.

         (1.       s. 28)

Qoşmanın əsasən məhəbbət mövzusunda olduğu  və “ələst” sözünün izahı qeyd edildiyi üçün yenidən “Bəli deyib, yol ərkana gəlmişəm” qoşmasının ilk misrasına, “ərkan” sözünə qayıdıram. “Ərkan” ərəb dilində “rükn” kökündən gəlib “ədəb qaydaları” mənasını ifadə edir. (2, s. 99) Bu, özünü təqdimdir, söz sənətkarı keçdiyi yolu, amalını, poetik məramını, öz kəlamı ilə ifadə edir. Misranın lirik qəhrəmanı, Ələsgər həyatı dərk etmiş, kamil insandır. Yalnız özünü tanıyan insan, kamil insan ətraf gerçəkliyin mahiyyətini dərk edə bilər ki, ilk misra Dədənin ətraf gerçəkliyi söz ilə təsvir etməsi üçün əsasdır. Yeri gəlmişkən, klassik poeziyada şairin özünü təqdimi faktına bir çox söz ustadlarının  əsərlərində rast gəlirik. Məsələn, Nəsimi deyirdi ki, mən hərflərin dili, ruh ilə canam. Xətai də heca vəznində yazdığı qoşmalarında özünü tanıdandan sonra ətraf gerçəkliyin dərk edilə biləcəyini mümkün sayırdı:

 

Xətayi aydır: – Ya ğəni,

Verən mövla alır canı,

Əvvəl kəndi-kəndin tanı,

Sоnra elə nəzər eylə.

                                             (3. s. 347)

 

Özünü təqdimdən sonrakı misra keçilmiş ömür yolunun etirafıdır.

İkinci misrada hər bir sözü mətn kontekstindən çıxarmadan anlamağa çalışıram. Dədə deyir: “Eşqin kitabı sinəmdə nəqş olub.” “Eşq kitabı” deyil, məhz “Eşqin kitabı”. Eşq sözü ərəb dilində  “aşeqa”(sarmaşıq, sarmaşığın ağaca sarılaraq qidalanması, böyüyüb inkişafını ifadə edir) sözündən gəlir, şiddətli, insanı yandırıb-yaxan, qəlbi zəngin edən, bəzən insana ağrı-acı verən sevgi, məhəbbət, Füzulinin dili ilə “afəti-can” deməkdir. Bu mənadan çıxış etsək, aşığın sinəsinə nəqş olan eşq məhəbbət, sevgi, vurğunluqdur. Əgər misrada “eşq kitabı” işlənsə idi, bunu fərqli dərk etmək olardı.

Üçüncü, qafiyələnmə baxımından sərbəst olan misrada aşıq “çeşmi-nöbubətə aşiq olmuşam”, – deyir. Çeşm – fars dilində göz, məcazi mənada baxış, nəzər deməkdir. İzafət tərkibinin müasir ədəbi dildə dərki üçün “nöbubət” sözünün izahına ehtiyac duyuruq.

 Bu söz bir çox lüğətlərdə “nübüvvət” şəklində yazılır.  Görünür, Aşıq bunu öz ləhcəsinə uyğun tələffüz edib və yaxud qoşma yazıya alınarkən “nöbubət” deyə qələmə alınıb. Dini terminlər lüğətində “nübüvvət” in izahı belədir:

“Allah ilə bəndələri arasında dünya və axirət ilə əlaqədar məlumatın verilməsi məqsədi ilə icra edilən “elçilik” vəzifəsi kimi tərif edilir. Azərbaycan dilində “peyğəmbərlik” kəlməsi kimi istifadə edilir.” Bunun ardınca lüğətdə “nübüvvətin” xüsusiyyətləri “Xəvvasi-nübüvvət” başlığı ilə sadalanır:

“sidq (doğruluq), əmanət, ismət (günahlardan uzaq olmaq) fətanət (iti zəka və yüksək qavrama qabiliyyətinə malik olmaq) və təbliğ (Allahın buyurduqlarını bəndələrə çatdırmaq)”. (4. s. 236) Deməli, ilk misrada aşıq demək istəyir ki, doğru yola, Haqq yoluna, İslamın yoluna “bəli” deyib gəlmişəm, sinəmdə eşq, sevgi, məhəbbət, vurğunluq, təb var, “nöbubət” yəni, dünya və axirət barədə məlumata, baxışlara aşiq olmuşam, bu barədə məlumat verəcəyəm.

 Sonuncu, misradan başlayaraq isə biz “nübüvvətin” xüsusiyyətləri ilə bir-bir tanış oluruq. Yəni, sonuncu misrada “Bir suala yüz min cavab verərəm” fikri, bədii cəhətdən mübağilə, müstəqim mənada, mətn kontekstində fətanət, aşığın iti zəka və yüksək qabiliyyətə malik olmasının etirafıdır.

Burada ardıcıllıq da önəmlidir. Məncə, sidqə (doğruluğa), ismətə, əmanətə (günahlardan uzaq olmaqdan), Allahın buyurduğunu bəndəyə çatdırma (təbliğdən)  mərtəbəsinə yüksələn şəxs  iti zəkaya sahib olandan sonra bunları sözlə tərif edə bilər. 

Qoşmanın digər bəndlərində oxucu dünya və axirət barədə məlumatlarla tanış olur, bu məlumatlar, aşığın öyrəndikləri sadəcə dini bilgilərdən ibarət deyil, həm də özünün gəldiyi qənaətidir.

Burada bir fakta da diqqət yetirmək lazım gəlir. Allahın sözünü bəndələrə çatdırmaq funksiyası assosiativ olaraq  Dədəm Qorqud qeybdən dürlü xəbərlər söylərdi  deyimini xatırladır. Aşığın Haqq sözü bəndəyə çatdırması, onu Dədə Qorqud səviyyəsinə yüksəldir, çünki Dədə Ələsgər də  sözü yoxdan var edir, qeybdən dürlü sözlər söyləyir. Məhz bu söz birinci bəndin, ümumilikdə isə bütün bəndlərin mənasının dərk edilməsi üçün açar rolunu oynayır, Dədə Ələsgərin nə demək istədiyi bəlli olur.

İkinci bəndin izahına keçməzdən əvvəl professor Məhərrəm Hüseynovun Aşıq Ələsgər yaradıcılığından bəhs edən “Aşıq Ələsgərin söz ümmanı” əsərində “nöbubət” sözünün izahı ilə bağlı fikirlərinə də toxunmaq istərdim. Professor M.Hüseynov yazır ki, “Nübüvvət islamın 6 vacib əməllərindən birdir...” (5. s.138). Məhərrəm müəllimin izahı ilə dini  terminlər lüğətində verilmiş izah təxminən üst-üstə düşür. Belə ki, islamın altı vacib şərtinə nəzər saldıqda aydın olur ki, onların birincisi elə Allahın varlığına və birliyinə inam, ikincisi, mələklər, üçüncüsü Allahın göndərdiyi kitablara, dördüncüsü peyğəmbərə, beşincisi axirət gününə, altıncısı isə qəza-qədərə inanmaqdır.

 

Gövhər sözüm// məclislərdə// yayılı, (4+4+3=11)

Arif ondan// mətləb qanıb// ayılı. (4+4+3=11)

Əhli-ibadətlər// mömin sayılı, (6+5=11)

Səxavətin// ondan çoxdu// savabı. (4+4+3=11)

                                                                               (1.s.12)

 

Daxili bölgü baxımından ilk bənddən bir qədər fərqlənən ikinci bəndin ilk misrası iki qüvvətli məcazla başlanır. Birincisi “söz” isminin qarşısında işlənmiş “gövhər” epiteti, digəri isə “sözün yayılması” məcazıdır. “Gövhər” epiteti dəyərli, saf mənasında işlədilib. Birinci misradan başlayaraq “yayılı”, “ayılı”, “sayılı” indiki zamanda olan feillər təkcə fikri tamamlamır, həm də tam qafiyələnməni təmin edir. Sonuncu misranın son “savabı” sözü isə qoşmanın janr tələblərinə uyğun olaraq birinci bəndin ikinci misrasında “kitabı”, dördüncü misrasındakı “cavabı” sözləri ilə həm qafiyədir.

İlk misradan başlayaraq Aşıq sözünün dəyərli olmasını, eyni zamanda sözünün məclislərdə söyləndiyini etiraf edir.

İkinci misrada ariflərin bu sözlərin dəyərini anlayıb mənasını dərk etməsi haqqında məlumat var. Arif olmağa, Dədənin sözünü düz anlamağa, nə demək istədiyini başa düşməyə cəhd edərək  misraların sirrini açmağa çalışırıq...

İkinci misradakı hər bir sözün ayrılıqda mənasını anlamağa, cümlə kontekstində əsas fikri dərk etməyə çalışacağıq:

 “Arif” ərəb dilindən dilimizə keçmiş sifətdir. “bilən”, “qanan”, “başa düşən”. (Başa düşməklə qanmaq arasında da fərq var), “anlaqlı” və  “mərifətli” məna çalarları var. Qoşmada  “arif olan” qeyd etdiyimiz mənaların sonuncusuna daha çox  uyğundur.

 “Mətləb” sözü də ərəb mənşəli söz olub, “arzu”, “istək”, “məqsəd” deməkdir. Dördüncü söz məhz “qanmaq” feilidir. “Başa düşmək” ilə “qanmağ”ın  fərqi odur ki, məlumatı, informasiyanı şəxs özü dərk edir, “başa düşdükdə” isə, informasiya, məlumat kənar şəxs tərəfindən izah edilir. Deməli, Aşıq deyir ki, arif olan yəni  mərifətli olan, məclislərdə yayılan dəyərli sözlərimdə məqsədimi, məramımı, istəyimi özü dərk edəcək, ayılacaq. Belə anlaşılır ki, aşığın bu sözünə qədər bağlı, hətta ariflər üçün belə anlaşılmayan, dərk edilməyən faktlar var.

 Üçüncü misrada o vaxta qədər anlaşılmayan, bağlı qalan faktlar aşığın dəyərli sözləri ilə ifadə edilir. Deyilir ki,  “Əhli-ibadətlər mömin sayılı”. Misranın məzmunu və dördüncü misradan hasil olacaq fikir mənə onu deməyə əsas verir ki, üçüncü misrada şərt məzmunu var, vəzn tələblərinə görə şərtin qrammatik əlaməti “sa” ixtisar olunub. Beləliklə, üçüncü misradan anlaşılır ki, ibadət əhli, ibadət edənlər mömin sayılsa da... Şərt budaq cümləsinin ikinci cümləsi dördüncü misradadır. “Səxavətin ondan çoxdu savabı.”  Fikir tamamlanır. Artıq bu, Dədə Ələsgərin qənaətidir və o, “nöbubətin” xüsusiyyətlərini saymaqdan kənara çıxır. Çünki heç bir dini kitabda “səxavətin” ibadətdən üstün ola biləcəyi fikrinə rast gəlmirik. Doğrudur, İslamın müqəddəs kitabı “Quran”da infaq adlanan səxavət imanın tərkib hissəsi sayılır və qeyd edilir ki, insanlar Allahın onlara verdiyi nemətləri Allah yolunda xərcləməli, malın  əsl sahibinin Allah olduğunu bilməli, azuqəsini bölüşməldir v. s. Lakin bu kimi faktlar belə səxavətin savabının ibadətdən çox olması demək deyil.  Bu zaman növbəti sual yaranır, ümumiyyətlə, “səxavət” nədir və niyə Dədənin düşüncəsində savabı ibadətdən çoxdur?

“Səxavət” in  “əliaçıqlıq”, “genişürəklilik”, “ehtiyacı olanlara yardım etməkdən zövq almaq xüsusiyyəti” eyni zamanda “öz maddi imkanlarını təmənnasız ehtiyacı olan insanlarla paylaşmaq” mənaları məlumdur və Dədə Ələsgərin bir çox şeirlərində bu fikrə rast gəlmək mümkündür. Məsələn:

 

                              İnsanda insanlıq səxavət olsun,

                                Neylərəm ki cah-calalı varıymış...”   (1.14)

 və yaxud

“Neçə sirri gördüm, sirr qaldım aşkar;

 Səxavət əhlini yandırmadı nar”.       (1.s.15)

 

Birinci nümunədə Aşıq insanlıqda səxavətin olmasını, ikinci nümunədə isə səxavətli insanların cəhənnəm odunda yanmayacaq qənaətini bölüşür. “Qaldı ki, qaldı” qoşmasında Hatəmin dünyadan köçəndən sonra səxavətinin qalmasından danışır. Məncə, Dədə Ələsgərin səxavətə bu qədər dəyər verməsi, insanlıq fəlsəfəsi, ali dəyər kimi qəbul etməsi onun  “Kitabi- Dədə Qorqud” dan süzülüb gələn kodların daşıyıcısı, ümumtürk təfəkkürünün carçısı olması ilə bağlıdır.

Paylaşmaq duyğusu qədim türklərdə İslamdan daha öncə vardı. Faktlara nəzər salaq: “Xanlar xanı xan Bayandır ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlardı”, (6. s. 16) və yaxud, “...Qazan qırx otaq tikdirdi. Yeddi gün, yeddi gecə yemə-içmə oldu. Qırx evli qulla, qırx cariyə oğlu başına çevirdi, azad elədi. Cilasın ərənlərə qala verdi, ölkə verdi, cübbə çuxa verdi.” (6. s. 83) Başqa bir epizodda Qazan xanın evini yağmalatmasının mal-mülkünün tamamilə paylamasının şahidi oluruq. Deməli, oğuz türkləri əlindəki var dövləti, qiymətli olanı paylaşmış, səxavətli olmuşlar. “Kitab”da bu kimi yüzlərlə fakt var. Fikrimcə, bütün  bunlar, Aşığın səxavətdən danışması, ən ali dəyərlərdən biri hesab etməsi mənə o qənaətə gəlməyə imkan verir ki,  Dədə Ələsgər əslində XIX yüzildə  Göyçədə yaşayan oğuz türklərinin Dədə Qorqudu idi, Dədə Ələsgər də səxavəti, paylaşmağı milli dəyərlərdən biri  hesab edir və bu dəyəri, dini dəyərdən üstün hesab edir... (səxavət haqqında Azərbaycan ədəbiyyatında orijinal fikir).

Üçüncü bəndə nəzər salaq:

 

Haqdı sözüm;// yetirəsən //isbata!  (4+4+3=11)

Yemə irvə, //meyl eləmə// qiybata.  (4+4+3=11)

Şəriyyətdə// haramdı, zina-ləffata,

Ondan bəd yazırlar xəmri-şərabı.

                                                                  (1.s.12)

 

Bəndin son iki misrasında daxili bölgünün dəyişik verilməsi məzmundakı dərin və hikmətli fikirlərin ifadəsində ərəb-fars mənşəli sözlərin üstün mövqedə işlənməsi ilə əlaqədardır. İlk misrada “isbata”, ikincidə “qiybata”, üçüncüdə “zina-ləffata” sözlərinin əksər səsləri üst-üstə düşdüyü üçün zəngin qafiyə yaranır.

Məzmuna gəlincə isə, ilk misrada Aşıq sözünün haqq olduğunu söyləyir. Birinci misranın ilk sözlərini doğruluq anlamında (sidq), yəni sözünün doğru olması kimi və yaxud da Allahın sözü kimi də qavramaq mümkündür. Çünki “Haqq” sözü ərəb dilindən gəlmiş, dilimizdə müstəqim mənada  qarşılığı “doğru”, “düzgün”, “həqiqi” sözləridir. Dini kontekstdə “haqq” “Allahın adı” mənasında işlədilir.  Hər iki halda Aşıq “nöbubətin” xüsusiyyətlərindən bəhs etmiş sayılır. İlk misranın davamında Aşıq bu sözlərin isbat ediləcəyi qənaətindədir.

İkinci misrada günahlardan uzaq durmaq əmr şəklində məsləhət məzmununda çatdırılır və misranın məzmunu ikinci bəndin son misrası ilə güclü antiteza yaradır. Deməli, ikinci bəndin dördüncü misrasında paylaşmaq, səxavət ali milli dəyər hesab edilir, üçüncü bəndin ikinci misrasında “sələm yemək” günah hesab edilir, uzaq durulması əmr edilir. Məndə ikinci misrada bu qənaəti formalaşdıran 1988-ci il nəşrində “irvə”, 2004  və 2021 nəşrlərində verilmiş “riba” sözüdür. Görünür, Göyçə dialektində “r” samiti ilə başlayan sözlərə “i” səsinin artırılması faktı, məsələn, “rahat-irahat”, “razı-irazı” “riba” sözünün 1988-ci il nəşrinə əvvəlcə, “irba”, sonra isə “irvə” kimi daxil olmasına səbəb olmuşdur.

“riba” və “sələm” sözləri ərəb dilində təxminən eyni mənadadır. Borc müqabilində alınmış pula və ya əşyaya görə ödənilən əlavə pul kimi sələm və ya riba islam dininə görə haqsız qazanc, haram və  günahdır. Bu söz misra kontekstində “yemə” inkar feili ilə birgə işləndiyi üçün “sələm yemə”, müasir dillə desək, “faizə pul vermə, puldan gələn faizi yemə” kimi anlayırıq. Deməli, bu fikir həm də səxavətli olmağın, əlindəki dəyərli əşyaları paylaşmaq xüsusiyyətinin ziddidir, qəbuledilməzdir.  Misranın davamı olan “qıybata meyl eləmə” qadağası, həm aşığın öz qənaəti, öz təcrübəsindən yaranmış ibrətamiz nəsihətdir, həm də İslam dinində “dedi-qodu” iyrənc əməl kimi xarakterizə edilir.

Üçüncü misrada birbaşa şəriətin adı çəkilir və deyilir ki, şəriətdə zina-ləffata haramdır. Burada məzmunun aydınlanması üçün “zina” və “ləffata” sözlərinin əvvəlcə müstəqil, sonra isə mətn kontekstində izahına ehtiyac duyuruq.

“Zina” ərəb dilindən tərcümədə qeyri-qanuni cinsi əlaqə deməkdir. (7. s. 461)

 İslam dinində “zina” nikah olmadan qadın ilə kişinin cinsi münasibəti kimi böyük günahlardan hesab edilir. “Quran”da, İsra surəsi 17/32 ayədə  “həyasızlıq” adlanır və qadağan edilir. “Zina” nəinki İslamda, Türk törəsinə görə də namus və əxlaq anlayışlarına ziddir.

“Kitabi-Dədə Oqrqud” dastanı “Basat Təpəgözü  öldürdüyü” boyda da “zina”nın əziyyətini Oğuz igidləri çəkir. Adıçəkilən boyda qeyd edilir ki, Oğuz eli bir gün yaylağa köçəndə Aruz qocanın Qonur Qoca Sarı adlı çobanı Uzun Binar (pınar, bulaq) adlı bulağın başına gəlir, orada pəriləri görür: “Çoban kəpənəyini (yapıncısını) üzərlərinə atdı, pəri qızının birini tutdu, təmə edüb dərhal cima elədi... Pəri qızı qanad urub uçdu, aydır (dedi): Çoban, il tamam olacaq, məndə əmanətin var, gəl, al, dedi. Amma oğuzun başına zaval gətirdin! Dedi.” (6. s. 113) Təpəgözün Oğuz igidlərinin başına hansı müsibətləri gətirməsi hamıya bəllidir, o müsibətlərin səbəbi isə çobanın zina etməsi ilə bağlıdır.

Dədə Qorqud hekayələrinin İslamdan öncə yarandığını  nəzərə alsaq, o qənaətə gələrik  ki, “zina” pis bir əməl kimi İslamdan öncə belə, Oğuz türklərinə bəlli idi, türklər İslamı qəbul etdikdə də “zina”nın günah olmasını İslama görə bir daha yəqin etmiş oldular.

“Kitab”ın digər boylarında da qadın-kişi münasibətlərinə, xüsusilə, namus məsələsinə ciddi yanaşılır. “Salur Qazanın yağmalanması boyunda” bir neçə yerdə ümumtürk mənəvi dəyərlər sistemində ən ali mövqeydə dayanan namus və qeyrət hissi və bu hisslərin qorunması faktı yer alır. Bütün bunlar onu deməyə əsas verir ki, türklər üçün namus ali dəyərdir, zina yolverilməzdir.

“Ləffata”   sözünə gəlincə isə, bu sözün hərfi tərcüməsi lüğətdə  “gənc olmayan”, “dəliqanlı olmayan”, “igid olmayan” şəklində verilmişdir. (8. s. 402).  Deməli, gənc olmayan, dəliqanlı olmayan və igid olmayan anlayışları kişi cinsinə aid edilir, uşaq və ya yeniyetmə yaşlarında olan oğlandan  söhbət gedir.

Hər iki sözün müstəqil lüğəvi mənasının izahı imkan verir ki, həmin sözləri izafət tərkibi şəklində,  qoşmanın üçüncü bəndinin üçüncü misrasında “uşaq və ya yeniyetmə yaşlarında olan oğlanlarla zina şəriətdə haramdır” şəklində anlayaq.

İstər-istəməz düşünməli olursan, Dədə Ələsgər bu misranı söyləməyə ehtiyac duyubsa, deməli, bu faktın mövcudluğu haqqında xəbərdar olub, eşidib. Sual yaranır, Qafqazda bu kimi ağır günah, hətta iyrənc bir əməl olubmu? Təəssüf ki, tarixi mənbələrdə  Qafqaz Albaniyasında, Ərəb xilafəti dövründə, həm də dünyanın bir çox qədim dövlətlərində  bu kimi naqis əməllərə rast gəlinib.

Sətrin sonunda “xəmri-şərab” izafətinin izahına ehtiyac var.  Aşıq Ələsgərin  şeirlərinin çap olunduğu 2021-ci il nəşrinin 51-ci səhifəsində izafətin birinci “xəmr” sözü “şərab” kimi izah edilir. Fikrimcə, “xəmr” sözünün digər mənalarına da diqqət yetirmək lazımdır. Bu söz ərəb dilində “örtmək”, “qapanmaq” mənasında, “şərab”, “çaxır” mənasında (8. s. 270), həmçinin “sərxoş edən içki” mənasında işlənir. Görünür, Aşıq “xəmr-şərab” dedikdə “sərxoşedici şərabı” və ya “ağılı örtən, qapayan şərabı” nəzərdə tutur. Sərxoş etməyən şərab varmı? Bəli, var. Şərab az içilərsə, sərxoş etməz və yaxud tərkibində spirt olmayan şərablar da var fikrinə istinad edərək aşıq bu misralarında “uşaq və ya yeniyetmə yaşlarında olan oğlanlarla zinanı” şərab içməkdən daha ağır bir günah hesab edir və naqis əməl kimi şərh edir:

..Şəriətdə haramdı, zina-ləffata,

Ondan bəd yazırlar xəmri-şərabı.....

 

 Ümumiyyətlə, Ustad aşığın şəraba münasibəti fərqlidir. Məsələn, aşıq “Getdi” rədifli qoşmasında “Şeyitbazlıq edib şərab içənlər, Canını odlara saldı da, getdi”, – deyərək, şərab içənləri mənfi planda təqdim etsə də, “Olar” rədifli qoşmasında isə  “Haqq meyi İslama haram buyurub, dərd tüğyan eyləsə, mey içmək olar” deyərək, tibbi ehtiyac zamanı (dərd xəstəlik mənasında da işlənir) istifadəsini məqbul sayır.

Qoşmanın  üçüncü bəndindən hasil olan qənaət budur ki, ustad aşıq dinləyicilərinə və oxucularına zinanı və ona tay əməlləri pisləyib onlardan  uzaq durmağı nəsihət edəndə   “nöbubətin” əmanət və ismət xüsusiyyətini çatdırmış olur. 

 

Xaliqindən utan, // məndən utanma!    (6+5=11)

Şəcərətil-mövti// heç səhl sanma.        (6+5=11)

Miyata qail ol, //qafil dolanma,          (6+5=11)

Haqdı mizan,// sirat, qəbir// əzabı.    ( 4+4+3=11)

(1.  s.12)

 

Bəndin daxili bölgüsü zamanı ikinci misrada “səhl” sözü  2 saitlə deyildiyi üçün 11 heca tələffüzdə tamamlanır. “utanma”, “sanma”, “”dolanma” sözləri zəngin qafiyənin göstəricisi sayılır.

Dördüncü bəndin feilin əmr şəklində, nida intonasiyası ilə verilmiş ilk “Xaliqdən Allahdan utan, məndən utanma” fikri müdrik el aşığının əvvəlki üçüncü bənddə söylədiyi fikirlərin yekunu, digər tərəfdən isə sonrakı üç misra üçün zəmin rolunu oynayır.

 Oxucu ikinci misrada aşığın yaradıcılığı üçün xarakterik olmayan 3 ərəb-fars mənşəli sözlə qarşılaşır.

 Buna görə də “şəcərətil-mövti” izafəti  və sayma feilin tərkibində işlənmiş “səhl” sözünün izahına ehtiyac duyulur.

Fikrimcə, ikinci misranın ilk sözü “şəcərətil” deyil, “şəkarəti” olmalıdır. Ona görə ki, izafətin ikinci sözü “”mövt” məna baxımından birinci sözlə uyğun gəlmir. “şəcərətil” ərəb dilindən tərcümədə “nəsil ağacı”, “soy kökü” mənasını ifadə edir, “mövt” isə “ölüm” deməkdir. Misrada “mövt+i” mənsubiyyət şəkilçisi ilə işlənib, iki sözü birləşdirəndə “şəcərə ölümü” anlamı yaranır. Misranın ümumi məzmununa ziddir.

Əgər “şəkarəti-mövti” olsa, daxili bölgü dəyişmədən “ruhun bədəndən çıxma anı” mənası yaranır. O zaman misra belə başa düşüləcək:

“Ruhun bədəndən çıxma anını heç də asan sayma”. “Səhl” sözünün dilimizdə qarşılığı alınma mənşəli “asan” sözüdür. Ustadın bu fikri söyləməsi səbəbsiz deyil, teoloji düşüncəyə görə, ruhun bədəndən çıxma anında insan ölümün kədərini, iztirabını, ağrı-acısını görə, duya, hiss edə bilir.

Bu mənada, üçüncü misrada da “miyat” və yaxud “miyad” sözünün dilimizdə “axirət dünyası” anlamında işlənməsi fikrimizi qüvvətləndirir.

Deməli, ikinci və üçüncü misraların ümumi məzmunu  birlikdə “Ruhun bədəndən çıxma anının asan sayma, axirəti düşün, özünü xəbərsiz kimi aparma ”  nəsihətini ifadə edir.

Dördüncü misrada fikir davam etdirilir, axirətdə baş verəcəklər sadalanır. Dədəmiz deyir ki,  axirətdə mizan-tərəzi var, sirat körpüsü və qəbir əzabı həqiqətdir, doğrudur.

Haqq aşığı qoşmanın beşinci bəndində axirətdəki mizan-tərəzidən, sirat körpüsündən, qəbir əzabından qurtulmağın və ya bir şəkildə axirət imtahanlarını verməyin yollarını sadalayır:

 

Əgər zərrə qalsa,// xümsün, zəkatın,     (6+5=11)

Hərgiz qəbul olmaz// sövmü səlatın,     (6+5=11)

Haqq yanında möhr// olmaz bəratın,    (6+5=11)

Salarlar boynuna// oddan tənnabı.     (6+5=11)

(1.  s.13)

 

Beşinci bənddə də ikinci misrada  daxili bölgü tələffüz hesabına 6+5=11 şəklində formalaşır.  Mənsubiyyət şəkilçili “zəkatın”, “səlatın” və “bəratın” sözləri zəngin qafiyə yaradır.

Bəndin ilk misrası “əgər” tabelilik bağlayıcısı ilə başlanır, feilin şərt şəkli ilə bitir. Bu, təsadüfü deyil, çünki ikinci misrada şərtin yerinə yetirilmədiyi təqdirdə ortaya çıxacaq nəticə verilir. Aşıq bu misrada paylaşmaq dəyərinin İslam dinində vacib əməl hesab olunduğu fikrini söyləyir, əvvəlcə  “xüms” ü  xatırladır,  sonra  “ zəkat”ın adını çəkir.

Xüms, İslam hüququna görə, əldə edilmiş qazancın və ya qənimətin beşdə birinin dini vergi olaraq, zəkat isə imkanlı müsəlmanların qazanc və gəlirlərinin az bir hissəsini yoxsullara və ehtiyacı olanlara dini sədəqə kimi verilməsi deməkdir.

İkinci misra da şərt məzmununa malik, müasir ədəbi dilimizdə hərgah bağlayıcısının sinonimi kimi çıxış edən hərgiz bağlayıcısı ilə başlayır və deyilir:

“Əgər bu dünyada  bir zərrə vermədiyin xüms (dini vergin), sədəqən qalarsa, ibadətgahlarda qıldığın namaz qəbul olunmaz. ”

Üçüncü və sonuncu misrada bu düşüncə davam etdirilir və vurğulanır ki,  “Haqq Allah qatında günahların bağışlanmaz, cəzadan qurtula bilməzsən, axirətdə boynuna oddan kəndir keçirilər.”

Altıncı bəndin məzmun və janr xüsusiyyətləri digər bəndlərlə müqayisədə daha çox diqqəti cəlb edir. Ona görə ki, dini kodlar, gizli mətləblər bu bənddə qabarıqdır.

 

Dəyəndə yarpağa,// səslənər guşun,     (6+5=11)

Dərk elə, var isə // idrakü huşun:          (6+5=11)

Sürüldü karvanın, // köçdü tay-tuşun,  (6+5=11)

Fərmani-qüdrətin//  budu xitabı.          (6+5=11)

                                                                              (1.s.13)

 

“Guşun”, “huşun”, “tay-tuşun” sözlərinin yaratmış olduğu zəngin qafiyə qoşmanın forma gözəlliyini necə təmin edirsə, ilk misradakı “yarpaq” sözünün gizli semantikası məzmunu o qədər dərinə çəkir. Səthi yanaşıb, sözlərə hərfi mənada nəzər salsaq, birinci misraya ciddi anlam qazandıra bilmirik.  Belə bir fikir yaranır: “Dəyəndə yarpağa qulağın səslənər.” Fikir aydın deyil. Lakin diqqəti “yarpaq” sözünə yönəldəndə remanın bu sözün üzərində olduğunu görürük. Bu mənada, sözün din kontekstində izahına ehtiyac yaranır.

İslam dinində “yarpaq” Allahın hüdudsuz gücünün, nizamının simvoldur. Müqəddəs Quran kitabının Ənam surəsinin 59-cu ayəsində buyurulur ki, yerə düşən bir yarpaqdan belə Allahın xəbəri var. Bəzi dini təsəvvürlərdə ağacdan qopan yarpaq Allahın izni ilə yerə düşür, onun qopması da, yerə enməsi də Allahın iradəsi ilə mümkündür. Ağacda yarpaqların düzülüşü də Allahın nizamına bağlıdır.

Əgər misraya bu kontekstdən yanaşsaq, əsl mətləb anlaşılar. Görünür, Dədəmiz Ələsgər bizlərə demək istəmişdir ki, ağacın yarpağı yerə dəyəndə qulağında bu hadisə, yəni Allahın buyruğu səslənsin.

Yarpağın yerə enişi daha çox payız fəslində, xəzan çağında reallaşır. İnsanın qocalıq dövrü poeziyada payıza, xəzan çağına, yarpaqların saralıb yerə endiyi dövrə bənzədilir, ola bilər ki, Aşıq bu misrada demək istəyir ki, ey insan, ömrünün payız çağında yadına düşər, heç olmasa, bu vaxt, ağlının, idrakının yerində olduğu vaxt dərk et ki, sənin dövrün keçdi, ömür sərmayən bitdi, tay-tuşun, yaşıdların dünyadan köçdü və bu ana qədər etdiyim öyüd-nəsihətlər, söylədiyim fikirlər, əslində,  Qüdrətli Fərman sahibinin Allahın sənə xitabı, müraciətidir.

 Bəndin sonrakı üç misrasını da ilk misra ilə məna baxımından birləşdirib bu qənaətə gəldikdə bir daha əmin olursan ki, şair ilk bənddə etdiyi sözə “nöbubət aşiqi” olmasına sadiqdir və bu missiyanı qoşmanın bütün bəndlərində layiqincə yerinə yetirir.

Yeddinci bənddə də müdrik el ağsaqqalı, qeybdən dürlü xəbərlər söyləyən Dədəm Ələsgərin ibrətamiz, həyat fəlsəfəsi ilə qarşılaşırıq:

 

Aldanma dünyanın// bu fənasına,       (6+5=11)

Gül olma gövhərli//  xəzanasına,       (6+5=11)

Özün yetir şahın// astanasına,            (6+5=11)

Dərdlərə dərmandı// dərin turabı.     (6+5=11)

                                                                            (1.s.13)

 

Misra daxili bölgünün nizamlı ahəngi fonunda “fənasına”, “xəzanasına” və “astanasına” sözləri sadəcə  formal qafiyə yaratmır, həm də eyni məzmun xəttində birləşir.

“Dünyanın fənası”, yəni “fəna”  sözü ərəb dilindən gəlmiş söz kimi “yox olma”, “məhv olma”, “varlığın sona çatması” mənasını ifadə edir;

“dünyanın xəzanası” “dünyanın solan, saralan vaxtı” mənasını kəsb edir.

 Deməli, müdrik el aşığı üzünü insanlara tutub deyir:

“Ey insan, bu dünyanın yox oluşuna, sona çatmasına, varlığın sona çatmasına” və hər şeyin bununla da bitəcəyinə inanma, o biri dünyanı, axirəti fikirləş;

  İşıq saçan, rəngli, lakin solmaqda, saralmaqda olan fani dünyaya gül olma. (Məlumdur ki, payızda açılan gül tez solar), nə qədər ki, vaxt var, özünü şahın astanasına, qapısının ağzına yetir.

Misralar oxucunu çox illər geriyə Nəsimiyə götürür.  Sanki dahi Nəsimi qarşımızda dayanıb deyir:

Dünya duracaq yer deyil, ey can, səfər eylə,

Aldanma anın alinə, andan həzər eylə…

 

 Dədə Ələsgər Şah dedikdə, Şahi-Mərdan Həzrəti Əlini nərədə tutur.

Niyə Həzrəti Əlinin məhz astanasına, yanına yox, deyə sual olunarsa, məncə, ömür sərmayəsi bitən bəşər övladı gənc ikən yaxşı əməlləri ilə Şahi-Mərdanın yanına yüksələ bilməyibsə, bu vaxtdan sonra o insanın gedə biləcəyi, yüksələ biləcəyi ən ali məqam Həzrəti Əlinin astanası ola bilər. Aşığın  belə bir qənaətə gəlməsi bu səbəbdəndir.  Sonuncu misradakı “türabı” sözünün semantikası da fikrimi təsdiq edir.

Aşığın “şahın Həzrəti Əlinin dərin turabı dərdlərə dərmandır” misrasını anlamaq üçün də “türab” sözünün mənasının aydınlanması lazımdır.

 “Türab” ərəb dilindən tərcümədə “toz, torpaq” deməkdir. Toz-torpaq adətən qapı astanasında olur. Aşıq burada bədii ifadə vasitəsi kimi mübağilədən istifadə etməklə Həzrəti Əlinin astanasındakı dərin (burda dərin sözü həm həqiqi, həm də məcazi mənada işlənə bilər) tozun, torpağın belə dərdlərə dərman ola biləcəyini söyləyir. Onu da xatırlamaq yerinə düşərdi ki, İslam Peyğəmbəri Həzrəti Əliyə “Əbu Türab” (üst-başı toza bulaşmış) ləqəbi vermişdir.

Qoşmanın yeddinci bəndi qüvvətli məcazları ilə də digər bəndlərdən seçilir.

İlk yeddi bənddə Dədə Ələsgərin dünya, axirət, ədəb-ərkan, əxlaq, mənəvi dəyərlərimizlə bağlı ibrətamiz fikirləri oxucunu elə ovsunlayır ki, sonuncu, möhürbəndə necə gəlib çıxdığını unudur. Möhürbənddə aşığın dünya və axirət haqqında fəlsəfi fikirləri yekunlaşır, ömrünü ləyaqətlə, bütün dini, əxlaqi dəyərlərə sadiq yaşamış, Dədə ünvanına yüksəlmiş el aşığı böyük təvazökarlıqla özünə belə nəsihət edir, peşmançılığını dilə gətirir, nəfsə aldandığını etiraf edir:

 

Yazıq Ələsgərəm,// zarü-binəva,           (6+5=11)

Elə iş tut: olsun //  dərdinə dəva.         (6+5=11)

Aldanıbsan nəfsə,//  tapıbsan hava,      (6+5=11)

Dərk eyləyib, //qanmayıbsan//  hesabı.  (4+4=3=11)

                                                                           (1.s.13)

Səkkizinci, sonuncu bəndin daxili bölgüsü ilə “binəva”, “dəva”, “hava” sözlərinin qafiyə gözəlliyi harmoniya yaradır. Sıxılmış semantika, qafiyə formal deyil, məzmun vəhdətindən doğur, “binəva” qafiyəsinin “dəva”sı lap yaxınlıqda, ikinci misranın sonundadır.

İlk misrada aşıq özünə fəryad edən yazıq, zavallı, nəsibsiz deyir.

İkinci misrada özü-özünə məsləhət edir ki, bundan bu yana elə iş tutsun ki, dərdlərinə dəva olsun.

Son iki misrada günahının nədən ibarət olmasını, nəfsə aldandığını, şeir, musiqi ilə məşğul olduğunu qeyd edir və bütün bunlara səbəb kimi bir də həyatı dərk etmədiyini göstərir. Fikrimcə, möhürbənddə yer almış bu fikirlər klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Ə. Xəqaninin “Mədain xərabələri” qəsidəsinin aşağıdakı beytində ifadə olunmuş semantik yük ilə səsləşir:

 

Biz ədl sarayıykən, zülm ilə xarab olduq,

Zalimlər olan qəsrə gör neyləyəcək dövran.

 

Aşıq Ələsgər kimi, Tanrının sözü çatdırmaq səlahiyyəti verdiyi Haqq aşığı, Dədə ünvanını qazanmış sözün övliyası nəfsə aldandığını, musiqiyə vurğunluğunu söyləyib özünü günahkar sayırsa, gəl gör ki, o zaman İslamın şərtlərinə əməl etməyən, Allahın varlığını, göndərdiyi kitabları, peyğəmbərini, axirətini düşünməyən günahkar bəndələrin sonu necə olacaqdır.

“Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının məzmun-ideya və bədii xüsusiyyətlərinin təhlili, aşığın digər əsərləri ilə müqayisəsi onu deməyə əsas verir ki, bu qoşma Dədənin fəxriyyəsidir. Divan ədəbiyyatı ilə Dədə Ələsgər yaradıcılığını müqayisə etsək, görərik ki, Ustad “Əlif-Lam” əsərində Allahın tərifini (minacat), “Peyğəmbərin meracı” şeirində Peyğəmbərin tərifini (nət), “Rənc Ali-Əba” və “İmamlar” şeirlərində Şahın, Şahi-Mərdan Həzrəti Əlinin mədhini (mədhiyyə), “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasında özünün tərifini (fəxriyyə) vermişdir. Bu sadə bir tərif, fəxarət deyildir. Bu, söz sənətinə gəlişin təntənəli elanı idi...

 

 

Ədəbiyyat siyahısı:

 

1.      “Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. Bakı, “Yazıçı” 1988”  184 s.

2.      A.Axundov. Azərbaycan dilinin izahlı lüğəti, Bakı, “Elm” 2005,  452 s

3.      Şah İsmayıl Xətayi.  Əsərləri “Şərq-Qərb” Bakı, 2005, 384 s.

4.      Azərbaycan Respublikası dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi. İzahlı dini terminlər lüğəti, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi”, 2020, 320 s.

5.      M.Hüseynov. Aşıq Ələsgərin söz ümmanı, Bakı, “Elm və Təhsil”, 2017, 312s.

6.      Kitabi Dədə Qorqud Dastanı, Bakı, “Azərbaycan Dövlət Nəşriyyatı”, 1962, 170 s.

7.      M-Z klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti, II cilddə, II cild, Bakı, “Şərq-Qərb”, 2005,472 s.

8.      A-L klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti, II cilddə, I cild, Bakı, “Şərq-Qərb”, 2005,416 s.

9.      K.Əliyev. AMEA Folklor İnstitutu Azərbaycan “Oğuznamə” si  və mənəvi dəyərlər sistemi (Azərbaycan  Milli Elmlər Akademiyası Folklor İnstitutu Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik (II kitab).  Bakı, Elm və təhsil, 2020. 284 s.

10.Azərbaycan  Milli Elmlər Akademiyası Folklor İnstitutu. Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr. Bakı, “Elm və Təhsil”, 2021, 584 s.

11. Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, Bakı, 2004, 400 s.

12.Aşıq Ələsgər. III çap, Toplayanı H. Əlizadə, Bakı, “Azərnəşr” 1937, 268 s.

13. Nəsimi. Tərtib edəni H.Araslı, Bakı, “Azərnəşr” 1973, 665 s.

14. X.Şirvani. Seçilmiş əsərləri, Tərtib edəni M.Sultanov, Bakı, “Lider” 2004, 672 s.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən “Lapidarium” Qalereyasında Azərbaycanın Xalq Artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurasının və Praqa Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, gecədə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bəstəkar Faiq Sücəddinov pianoda Vətənə, doğma torpağa və ülvi hisslərə həsr olunan əsərlərindən parçalar səsləndirib. İştirakçılar tanış melodiyaları Xalq artistinin ifasında yenidən dinləyərək zövqlü musiqi anları yaşayıblar.

Xalq Artisti Əlixan Səmədovun balabanda səsləndirdiyi “Vətən” kompozisiyası, Əməkdar artist Kamran Kərimovun nağarada ifaları alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərovanın şeirinə bəstələnən "Sevgi” mahnısının premyerası olub. “Qaya” ansamblının solisti Şoli Səfərəliyevanın duyğulu ifası gecənin ən yadda qalan anlarından biri sayılıb. Daha sonra Faiq Sücəddinovun pianoda müşayiəti ilə səslənən Qarabağa həsr olunan şeirlər iştirakçılarda Vətənə bağlılıq, milli kimlik və mənəvi dəyərlərə sədaqət hisslərini daha da gücləndirib.

Yaradıcılıq gecəsi Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

Almaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu” keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusunda təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, tədbirdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mühəndislər, memarlar, şəhərsalma üzrə azərbaycanlı və xarici mütəxəssislər, elm və biznes nümayəndələri iştirak edib. Forumun əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Açılış mərasimi Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmli bu günə kimi keçirilən forumların nəticələri barədə məlumat verib, perspektivə dair fikirlərini səsləndirib. Almaniyanın Rur Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa məruzə ilə çıxış edib.

“Xaricdə fəaliyyət göstərən və eyni sahəni təmsil edən mütəxəssislərin forumlarının təşkili artıq ənənəyə çevrilib.  Əldə olunan uğurlar göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və daha dayanıqlı imkanlar yaradır”, - bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı bildirib.

Sədr, həmçinin komitənin strateji layihələri barədə geniş məlumat verib, dünya azərbaycanlılarının fəaliyyətinin daim Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında forumların yalnız müzakirə platforması deyil, həm də intellektual kəşflərin və yaradıcı ilhamın formalaşdığı dinamik bir mühit olduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun uğurlu perspektiv vəd etdiyinə əminlik ifadə edib, azərbaycanlı və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşməsi üçün təkliflərini səsləndiriblər.

Avropanın 11 ölkəsindən, Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssisin qatıldığı forumda mühəndislik elminin inkişaf tarixini, eləcə də bundan əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə geniş məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, dayanıqlı şəhər inkişafı, süni intellektin şəhər idarəçiliyində tətbiqi, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri və ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətlərdə qısamüddətli və uzunmüddətli planları barədə fikirlərini səsləndiriblər.

Forumda Almaniyanın Ruhr Universitetinin dosenti, adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil olan Elxan Riçard Sadıq-Zadəyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum müxtəlif panel müzakirələri, təqdimatlar və şəbəkələşmə görüşləri ilə davam edib. Panel müzakirələri “Smart City və şəhərsalmada Avropa təcrübəsi”, “Gələcəyin şəhərləri, inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzularında olub.

Qonaqlar forumun keçirildiyi məkanda təşkil olunan Azərbaycandakı alman abidələrinin şəkillərindən ibarət sərgiyə  böyük maraq göstəriblər.

Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Gələcək elmi araşdırmalar və tədqiqatlar sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Xatırladaq ki, 22 iyun 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın Berlin şəhərində baş tutan “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”, eləcə də 1 noyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Almaniyanın Köln şəhərində keçirilən “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” bu layihənin davamlılığında və təməl prinsiplərinin müəyyən olunmasında əvəzsiz rol oynayıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

Çərşənbə axşamı, 09 İyun 2026 08:36

İlham mənbəyi Azərbaycan olan bəstəkar..

Elman Eldaroğlu,

 “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Yəqvim şöbəsi

 

Bu dəfə sizə nəcib, kübar, çox istedadlı, incə ruhlu bir xanım haqqında söhbət açmaq istəyirəm. Təsəvvür edin ki, o, 3 yaşında pianoda ifa etməyə, 5 yaşından yazıb oxumağa başlayıb və ilk musiqi əsərini 6 yaşında olarkən yazıb. Xalq artisti, əməkdar incəsənət xadimi, mahir pianoçu, bəstəkar, professor Ülviyyə Vaqif qızı Hacıbəyovanı deyirəm.

 

O, 9 iyun 1960-cı ildə Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində alıb. 1983-cü ildə isə indiki Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə başa vurub. 1986-cı ildə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs alaraq, təcrübə keçib. Pedaqoji fəaliyyətinə isə 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb. Hazırda Bakı Musiqi Akademiyasında fortepiano kafedrasının professorudur...

Deyir ki:- “Mənim ilham mənbəyim Azərbaycandır. Xalqımı, onun hər bir nümayəndəsini hədsiz dərəcədə, səmimi qəlbdən sevirəm. Məndə sevgi hissi boldur. Bir yerə səfərə gedəndə də, vətənim üçün çox darıxıram. İnanın ki, orada bir gün də olsa belə, artıq qala bilmirəm, vətənə dönürəm. Mənim sevgim pataloji sevgidir...”

O, 1985-ci ildən xalq artisti Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. Onun haqqında Azərbaycan Telefilm tərəfindən "Ülviyyənin mahnıları" adlı film də çəkilib. Bu film Bakı və Moskva televiziyalarında nümayiş etdirilib. O, Çövdət Hacıyev Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların əsərlərini redaktə edərək ilk dəfə ifa edib. Alman musiqisindən ibarət "İthaf" disk yazısının, "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan bəstəkarlarının arxivdən tapılmış əsərləri", həmçinin 15 diskdən ibarət olan, 143 Azərbaycan bəstəkarının 1000-dən çox əsərini əhatə edən "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası"nın ifaçısıdır. Bu siyahıya "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən", "Azərbaycan bəstəkarlarının antologiyası" diskləri də daxildir. Bundan əlavə, o, bir sıra mahnılar və piano əsərlərinin, piano üçün işləmələrin, eyni zamanda 30-dan artıq elmi məqalənin, "Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası", "Xalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığında", üç cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası layihəsi çərçivəsində piano üçün yazılmış əsərlərin ifaçılıq problemləri", "İsmayıl Hacıbəyov" adlı kitabların müəllifidir. Bunlarla yanaşı Ülviyyə xanım, 3 cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası" not kitablarının tərtibçi redaktorudur...

“İnsan ilham almağı, gözəlliyi görməyi bacarmalıdır. Mənə görə, hər şeydə gözəlliyi görə bilən insanlar xoşbəxt, hər şeydə pis axtaran insanlar isə yazıq adamlardır. Mən insanlarda yaxşılıq etmək bacarığını və Allaha inamı yüksək qiymətləndirirəm. Çünki Allaha inamı olan adam pis əməllərə əl atmaz”- söyləyir.

 Atası ədəbiyyatçı olub. Hətta filologiya üzrə ilk dərsliyi də o, ərsəyə gətirib. Ülviyyə xanım ailədə üç bacı olublar. Anası onlara uşaqlıqdan zəhmətkeşliyi, səliqə-səhmana öyrədin. Odur ki, çox zəhmətkeş xanımdır. Zəhmətə uşaqlıqdan alışıb. Hər gün atası işə gedəndən sonra onun iş masasını yığışdırıb səliqəyə salmaq ona tapşırılırdı. Bu da onun zəhmətkeş böyüməsində mühüm rol oynayıb...

 

 Deyir ki:- “Atam hər gün yazı masasına qeyd kağızlarında zəhmətlə bağlı bir bir kəlam yazıb qoyurdu. Məsələn, istedad zəhmət çəkməyəndə korşalır...” 

 

Yüksək enerjisi var- necə deyərlər, gecəsini gündüzünə qatıb çalışmaqdan çəkinmir. Yumor hissi yüksəkdir, həyata sevinc hisləri ilə baxmağı bacarır. Şən xarakterə sahibdir. Praktik zəkası var. Sürətli düşünə və sürətlə də iş görə bilir. Cazibədar xanımdır. Həm fiziki, həm də zehni olaraq, daim aktivdir. Eyni zamanda hər mövzuya maraq göstərir. Hərəkətli yaşamaqdan xoşu gəlir. Ağıllı və biliklidir. Onu qaşqabaqlı görmək çətindir. İncə zarafatı, deyib gülməyi xoşlayır. Yüksək zövqü və mədəniyyəti var. Rəvan nitq qabiliyyəti özünü ifadə etməkdə ona yardımçı olur. Davamlı olaraq oxuyub öyrənməyə meyillidir. Əmr almaqdan xoşu gəlmir. Ondan nəyisə təkidlə yox, xahiş etməklə almaq olar. Bir sözlə, çox zərif və incə xarakterli xanımdır...

 

Qeyd etdiyim kimi, iyunun 9 Ülviyyə xanımın 66 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 09 İyun 2026 16:12

Mehdi Hüseynin böyük etirafı

 

 İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan Xalq yazıcısı Mehdi Hüseyn görkəmli yazıçı, dramaturq, tənqidçi və tanınmış ictimai xadim idi. İsmayıl Şıxlı yazırdı: “Mehdi Hüseynin tənqidi də, bədii yaradıcılığı kimi həm əhatə etdiyi mövzu, həm də poetikası baxımından rəngarəngdir. Belə ki, o bir neçə ədəbi janrda əsər yazdığı kimi, tənqidin də müxtəlif sahələrinə əl atıb. Biz onun tənqidi əsərləri içərisində ədəbiyyat tarixinə, müasir ədəbi məsələlərə, teatr tənqidinə, aktyor sənəti haqqında mülahizələrə, rus və dünya ədəbiyyatı barədə çox qiymətli fikirlərə rast gəlirik”.

 

Professor B.Xəlilov qeyd edirdi ki, “İsmayıl Şıxlı Mehdi Hüseynin bir münəqqid və ədəbiyyatşünas kimi söylədiyi fikirləri iki yerə ayırır: birincisi, münaqişələr dövründə (1937-ci ilə qədər) söylənilən fikirlər, ikincisi, münaqişələrdən sonrakı dövrdə yaranan ədəbi-tənqidi mülahizələr. İ.Şıxlı onun hər iki dövrdə yazdığı ədəbi-tənqidi məqalələri barədə düzgün mövqeyini bildirməklə yanaşı, ayrı-ayrı yazıçılar barədə yanlış mülahizələrini də diqqətdən qaçırmır”.

“Münaqişələr dövründə “ayrı-ayrı yazıcılar barədə söylənmiş yanlış mülahizələrdən” bəziləri də klassik ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən olan C.Məmmədquluzadə haqqında idi.

Hələ keçən əsrin 30-cu illərində M.Hüseyn “Ədəbi döyüşlər” (1932) kitabında M.Cəlilin yaradıcılığından bəhs edir, onun ədəbiyyat və içtimai fikir tariximizdəki yerini müəyyən etməyə çalışırdı. Əlbəttə, Mehdi Hüseyn də müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Marksist tənqidin sosioloji metodologiyasının təsirinə qapılan, bir müddət rappçılığa da meyl edən M.Hüseyn “vulqar siosiologizmin təsiri” ilə C.Məmmədquluzadəni “cığırdaş”, “proletar inqilabından əvvəl demokratik xırda burjua cərəyanının qüvvətli nümayəndələrindən biri” adlandırırdı.  

Sonralar o, dahi C.Məmmədquluzadənin yaradıcılığına dərindən bələd olduqca, onun yaradıcılığının ehtiva dairəsinin nə dərəcədə geniş oduğunu gördükcə və burdakı estetik gözəlliyi duyub qiymətləndirdikcə yanlış mövqe tutduğunu etiraf etmişdi.

Böyük yazıcımız İ.Əfəndiyev öz xatirələrində yazırdı ki, bir dəfə M.Hüseyndən nə üçün belə etdiyini soruşdum. O, boğulurmuş kimi dərindən köks ötürüb dedi: “Bunlar hamısı, – lənətə gəlmiş vulqar sosiologizm – bizi … uzaq salmışdı. Biz tribunalarda döşümüzə döyüb Cəfər Cabbarlı kimi, Cavid kimi gözəl sənətkarlarımızın, Əhməd Cavad, Sanılı kimi şairlərimizin, hətta Mirzə Cəlil kimi böyük ədibimizin hərəsinə bir- bir damğa vururduq. Kimini pantürkist, kimini xırda burjua yazıçısı, kimisini nə adlandırırdıq. Biz Yusif Vəzir kimi, Cavid kimi təmiz insanlara siyasi böhtanlar atmaqdan da çəkinmirdik. Biz o tribunalardan hətta klassiklərimizə də atəş açırdıq”.

Bu, əslində, “ədəbiyyata qabaqcadan hazırlanmış ölçülərlə yanaşmağa” məcbur qalan bir insanın səmimi etirafı idi. Belə bir etirafa onun tərcümeyi-halında da (1958) rast gəlirik.

Ötən əsrin 40-cı illərindən sonra M.Hüseyn özünün “Dahi sənətkar” (1941), “Düşündürən sənətkar” (1947) və digər məqalələrində M.Cəlilin yaradıcılığını daha dərindən və obyektiv qiymətləndirir, XX əsr ədəbiyyatınin inkişafında onun nəsrinin, dramaturgiyasının və publisistikasının böyük rol oynadığını göstərirdi. 1952-ci ildə yazdığı “Ədəbiyyatşünaslıqda marksizmi təhrif əleyhinə” adlı məqalədə o, M.Rəfilinin M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi sənətkarların rolunun azaltmaq, onların ədəbi-içtimai rollarına kəmetinalıq göstərmək cəhdini tənqid edərək deyirdi:

“Bu nədir, üzdə “ifrat inqilabçılıq”, əsl həqiqətdə isə ədəbi irsə rappçılıq cəbhəsindən yanaşmaq deyilmi?”

O, C.Məmmədquluzadə yaradıcılığına etinasız yanaşmaları kəskin tənqid etməklə bərabər, yazılarında M.Cəlilin böyüklüyünün sirrini açmağa çalışırdı. Dahi ədibi dərindən öyrəndikcə onun böyüklüyünü israrla etiraf edən M.Hüseyn yazırdı:

“…bizim qarşımızda adi məişət yazıcısı durmayır, bəlkə də, bu dörd-beş cildlik əsərləri ilə milli ədəbiyyatımızda böyük bir dövr açmış dahi sənətkar durur. Bu sənətkarın əsərləri yarım əsrə yaxın bir zamanın ağır imtahanından keçərək bu gün də yaşayır. Cəsarətlə deyə bilərik ki, onlar sabah da yaşayacaq. Məsələ belədirsə, Molla Nəsrəddin bu gün bizimlə yanaşı duraraq yeni dünyanın keşiyini çəkir, onun mübarizə səngərində yenə eyni mərdliklə vuruşur…”. M.Hüseyn M.Cəlilin böyüklüyünü onun öz mühitinə, xalq həyatına, milli ədəbi ənənələrə möhkəm bağlılığında, xalqı özünüdərkə çağırmasında, həmçinin mütərəqqi ideyaları müdafiə etməsində, mütərəqqi qüvvələrin qələbəsinə olan inamda, sənətkarlıq məharətində görürdü. Onun M.Ə.Sabir haqqında dediyi “Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı” fikrini qeyd-şərtsiz C.Məmmədquluzadəyə də aid edə bilərik.

Ədəbi prosesdə ənənələrin rolunu yüksək qiymətləndirən, lakin ona doqmatik münasibəti qəbul etməyən, yaradıcı münasibətin tərəfdarı olan, müasirliyi duyaraq və anlayaraq yazanların həm də klassik ənənələrə sadiq qaldıqları qənaətində olan M.Hüseyn öz əsərlərində C.Məmmədquluzadə ənənələrinin davam etdirilməsinin vacibliyini bildirirdi. Bu baxımdan M.Hüseynin “...biz Molla Nəsrəddinin ölümünü şərti hesab edirik. Çünki onun ənənəsi ölməmişdir. Onun vətənpərvər ürəyi bizim köksümüzdə çırpınır...” sözlərini gəlişigözəl sözlər saymaq olmaz. O,"Biz, Azərbaycan sovet nasirləri, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışıq" (M.Cəlal) məşhur aforizmində çox mühüm bir ədəbi həqiqətin ifadə olunduğunu yazırdı.

“C.Məmmədquluzadə o tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisində böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salırlar. O şəxsiyyətlərin surəti nəsillər üçün vətənrərvərlik, qeyrət və fədakarlığın nümunəsinə çevrilir.”

Təsadüfi deyildir ki, Mehdi Hüseyn Cəlil Məmmədquluzadəyə həsr etdiyi və 1941-ci ildə nəşr olunmuş “Dahi sənətkar” məqaləsində yazırdı ki, “Biz Molla Nəsrəddindən çox şey öyrənə bilərik və öyrənməliyik. Biz onun sənətkarlıq sirlərini və üsullarını öyrənmək yolu ilə bugünkü nəsrimizi qat-qat yüksəldə bilərik. Xüsusən düşündürmək məharətini Molla Nəsrəddindən öyrənmək lazımdır və zəruridir”. O, yazıçılara “Bədii ustalıqda Molla Nəsrəddin kimi klassik bir lokanizm yolu tapmaq, qəzəbi də, məhəbbəti də, kədəri də, sevinci də təsvir edilən lövhənin bədii məntiqində onun kimi ifadə etməyi bacarmağı”, “süjet qurmağı, hadislələr arasında möhkəm vəhdət yaratmağı, mənalı və dərin bir məntiqlə obrazları inkişaf etdirməyi, heç bir gözlənilməz və damdandüşdü macəraya yol verməməyi” məsləhət görürdü.

Qeyd edilənlərlə yanaşı, görkəmli tənqidçi böyük sənətkarın yazı üslubunu, dil və bədii təsvir vasitələrini ölçüyə, meyara və ülgiyə çevirməyin əlehinə idi. O, Mirzə Cəlildən yaradıcılıqla istifadə etməyin, öyrənməyin tərəfdarı idi.Ən gözəl ənənələri belə sadəcə təkrar etməyi qətiyyətlə rədd edir və yazırdı: “Ənənəni mexaniki təkrar edənlər, ədəbi inkişafımıza yeni bir şey də əlavə edə bilməzlər”. Ümumiyyətlə, bədii yaradıcılıqda təkrarı və təqlidi kəskin tənqid edən M.Hüseyn  C.Məmmədquluzadənin bəzi əsərlərinin N.V.Qoqolun bəzi əsərlərindən iqtibas (“Qurbanəli bəy – “Kolyaska”, “Ölülər” – “Müfəttiş”) olduğunu iddia edənlərə qarşı çıxaraq bildirirdi ki, bu təkrar yox, konkret mühitin yetirdiyi, öz dövrünün və xalqının oğlu olan istedadlı bir sənətkarın başqa bir sənətkardan yaradıcılıqla faydalanmasıdır.

M.Hüseyn məqalələrində ədibin realizminin, xüsusilə, satirasının "böyük ideallara" xidmət etdiyini yazır, dramaturgiyasını "böyük fikirlər, canlı xarakterlər dramaturgiyası" adlandırırdı. "Azərbaycan romanı haqqında" adlı məqaləsində yeni, müasir Azərbaycan nəsrinin, yeni milli romanın yaranmasında Mirzə Cəlil ənənələrinin misilsiz rolunu da dönə-dönə qeyd edirdi.

M.Hüseyn M.Cəlili özünün müəllimi hesab edir və deyirdi: ”Molla Nəsrəddin təkcə yumoristik və satirik əsərlər yazan sənətkarlarımızın müəllimi deyil, həm də hər bir Azərbaycan (sovet) yazıçısının müəllimidir”. “...onun ölüm günündən 10 il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik, çünki o özündən sonra da əsrlər boyu yaşayan, ölməz sənətkarlar qəbilindəndir”.

M.Cəlilin məşhur “Ölülər” tragikomediyası M.Hüseyni valeh etmiş, onu heyrətə gətirmişdi. O, qürurla yazırdı: “Ölülər” olduqca orjinal və dahiyanə yazılmış bir komediyadır... Burada Molla Nəsrəddinin bütün dünya ədəbiyyatında ikinci bir rəqibi yoxdur... Molla Nəsrəddin fəxrlə deyə bilər: “Dünya ədəbiyyatında mənim də payım var!” Təsadüfi deyildir ki, C.Məmmədquluzadənin “Ölülər”də istifadə etdiyi priyomlar sənətkara bilavasitə təsir göstərmişdir.

Onu da qeyd edək ki, M.Cəlildən öyrənən, ondan təsirlənən və onun ənənələrini yaradıcılıqla davam etdirənlərdən biri də elə M.Hüseyn özüdür.Bu barədə M.Hüseynin özü yox, əsərləri danışır. Onun hekayələrindən digər klassiklərlə yanaşı, M.Cəlilin hekayələrinin ətrini duymaq çox da çətin deyil. “Qabar”, “Çinar”, “Şeytanın barmağı”, “Azar”, “Yaxşılıq” və digər hekayələrində M.Hüseyn “böyük demokrat” kimi mütərəqqi ideyaları ehtirasla müdafiə edir.

O, “Ölülər”dəki ədəbi priyomlardan özünün “Tərlan” və “Qara daşlar” romanlarında geniş istifadə etmişdir. Məsələn, “Tərlan” romanında Tərlanın monoloqu ilə İskəndərin monoloqu arasında daxili və zahiri yaxınlıq dərhal nəzərə çarpır. Yaxud “Qara daşlar”da Mollayevə zəng etmək üstündə düşən mübahisə Şeyx Nəsrullahın otağına girib-girməmək barədə məşvərət edən hacı və kərbəlayıların hərəkətinə çox oxşayır və s. M.Cəlilin məharətlə işlətdiyi belə üsullardan istifadə etməklə M.Hüseyn adları çəkilən əsərlərdə bəzi surətlərin xarakterini hərtərəfli açmağa müvəffəq olmuşdur. Bu cür nümunələr M.Hüseynin istəsə də, istəməsə də M.Cəlildən bir şeylər mənimsədiyini göstərir. Bu barədə görkəmli alim Y.Seyidov özünün 1979-cu ildə çap olunmuş “Mehdi Hüseyn” adlı monoqrafiyasında xeyli maraqlı nümunələr verir.

Bütün bu qeyd etdiklərimiz Mehdi Hüseynin peşəkar ədəbiyyatşünas kimi Cəlil Məmmədquluzadənin yaradıcılığını yüksək qiymətləndirərək bu barədə öz aktual mülahizələri ilə ədəbi prosesə istiqamət verdiyini, eləcə də onun özünün bir yazıçı kimi püxtələşməsində görkəmli Mirzə Cəlilin böyük rol oynadığını göstərir. Onu da qeyd edək ki, bu əlaqələr yeni tarixi şəraitdə yeni tədqiq və təhlilə möhtacdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

 

Çərşənbə axşamı, 09 İyun 2026 14:33

Sənin taxma kirpiklərin, linzan, dolğulu dodaqların…

Qoşqar İsmayılzadə,

“Ədəbiyyat və incəsənət”

 

 

Qəribə və təəccüblü də olsa, Məcnun Leyliyə xitabən belə bir məktub yazıb və mənim elektron poçtuma yollayıb...

 

Əzizim Leyli!

Neçə gündür ki, səhralarda ac-susuz gəzir, dolaşıb səni axtarıram. O gün televizor adlanan qutuda səni gördüm. Doğrusu, ilk öncə tanımadım. Sonradan diqqətlə izlədikdən sonra fərqinə vardım ki, bu sənsən. Əlində olan bir əşya ilə mahnı oxuduğunu gördüm.

 

Çox dəyişmisən... Kirpiklərin, gözlərin, dodaqların və bütün...

Mən səni olduğun kimi sevirəm. Taxma kirpiklər səni səndən fərqli göstərir. Gözünə taxdığın linza gözlərini daha qəribə formaya salıb. Ənlik və kirşan olmadan, təmiz dərili halınla daha çox göz oxşayırdın. Günəşin şəfəqləri təravətli dərində daha gözəl bərq vururdu. Dodaqlarındakı silikon dolğu isə bizim fermadakı dəvələrin ətli-sallaq dodaqlarını xatırladır...

 

Əzizim, axı o nə olan şeydir ki, sən o dolğunu bədəninin bir çox yerinə doldurub, özünü armuda, armudu stəkana bənzətmisən, hə? Üstəlik müğənniliyə də başlamısan. Qəbilədə olan vaxt, sənin axı heç səsin də çıxmırdı. Mən daha sənin üçün necə mübarizə aparım, sevgimiz uğrunda özümü necə şəhid edim? Anam məni evləndirmək istəyir. İndi mən ona necə deyim ki, sevdiyim qız dəyişilibdir? Axı indi hamınız fiziki cəhətdən eynisiniz!!!

Əziz Leyli. Əgər Qoşqarın vasitəsilə bu mesajım sənə çatarsa, xahiş edirəm, mənə geri dönüş edərsən.

 

Hörmətlə, sənin Dəlin.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

 

 

Çərşənbə axşamı, 09 İyun 2026 13:36

“Şeir saatı”nda Əlizadə Nurinin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə ustad şair Əlizadə Nurinin şeirləri təqdim edilir. 

 

ÖMÜR YANMIŞ ZƏMİ KİMİ

  

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyir, bəlkə qandı -

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədilimanyerinə...

 

 

FIRLANIR

 

Neçə acınyuxusunda

Dəyirmandaşı fırlanır.

Bəlkə elə şərabiçib -

Dünyanınbaşı fırlanır.

 

Azdımbirquşunsəsində...

Sirrvar şamın şöləsində.

Dərdiminyan-yörəsində

Gözümünyaşı fırlanır.

 

Sevsəm, yarpaqda çiçəkdi,

Qoxusunuyellər çəkdi...

...Budünyabiryelləncəkdi -

Nə qədərnaşı fırlanır.

 

 

NEYNİRƏM?

 

Osözməniovsunlamaz, ayadam,

Nə məcazi, nə ecazı yoxdusa.

Birhecası əsiridiVətənin

Və-tənolmurbirhecası yoxdusa.

 

Əltutmuşduq, oynayırdıq Ələmnən,

Birləltapıbböldümonulələmnən.

...O, özünü birgünvurduqələmnən -

Neynəyəyditapançası yoxdusa?!

 

Dağdanağırbuminnətineynirəm?

Sədəqətəksədaqətineynirəm?

Dünyaboydaimarətineynirəm -

Sənə baxan bir bacası yoxdusa?!

 

 

SƏNİN ADINA ŞƏHƏR

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram -

Saçını sərmisən gecələrinə...

 

Özünə dərd edib bizim şəhəri

Bu xırda şəhərlər, bütün şəhərlər.

Mən sənin adına şəhər salmışam -

Qaçıb xəritədən bütün şəhərlər.

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyir ki, könlümə yatdı.

Mən sənin adına şəhər salmışam -

Ürəyim - şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin -

Təkcə sənin adın qapıdan keçər.

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: - sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına -

Saldım ki, eşqin də paytaxtı olsun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim,

Sənə "Sevgi" adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam -

Gör sənə bu "şəhər" darısqal deyil?!

 

 

AĞ DİVİN ƏLİNDƏ…

 

Dostum Ələddin Məcidova

 

Bir də baxarsan ki, baxmağa bağ yox,

Bir də baxarsan ki, xəzandı dünya.

Bu ömür yolunda çaşdırar səni,

Dünyada ən böyük qəzandı dünya.

 

Bir gül də deyil ki - otdu, yoncadı,

Ağ divin əlində qara xonçadı.

Kiminin evində bir qazançadı,

Kiminin evində qazandı dünya.

 

Dəllalı danışar öz əvəzinə, 

Gülləsi at çapar söz əvəzinə.

Çalar baxtımızı saz əvəzinə,

Ozanı ölüb ki, ozandı dünya?!

 

Milyon əsri var, min çıxa bilsin...

Neynim, canımdan bu cin çıxa bilsin?

Qoymaz bir yuxumu çin çıxa bilsin,

Guya ki, yuxumu yozandı dünya.

 

Bilmirsən varmıdı, ya yoxdu ardı,

Bu boyda dünyadı, bəs niyə dardı?

...Sənin əllərindən tutub apardım -

Sən apardıqca uzandı dünya...

 

 

NƏDİR?

 

Aman, belə gözəl olmaz,

Yuxudu gördüyüm, nədir?

Əgər əllərim deyilsə,

Saçına hördüyüm nədir?

Bu Zəncandı, Marağadı,

Barı sənsən, bağ haradı?

Bu eldi, ya mağaradı -

İçinə girdiyim nədir?

 

Məni vursun - əgər haqsa,

Ölməyibsə - hələ sağsa.

Bu, özgə ilə yaşamaqsa

Səninçün öldüyüm nədir?

 

 

SƏHRADA GÜL

 

Sağ ol, könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə,

Bu yaxada nə mənalar dolaşır...

 

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdi, nə varmış o halədə?

Şam da ölmüş... ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır...

 

Baxtsıza bax, xəyalında baxt qurur,

O saat da hamı üçün vaxt qurub...

Məcnun eşqdən bir səhrada taxt qurub,

Min ildir ki, əfsanələr dolaşır.

 

Gün yox olub, rəngi qaçıb danın da,

Bir kölgəlik yer saxlayırsan yanında.

Mən də yoxam, bu dünyanın canında

Məndən qalan nişanələr dolaşır...

 

Bir ağrıyam, yaralı quş səsində,

Göz yaşı var o quşun nəğməsində.

Hamı yatıb gecənin kölgəsində,

Hamı yatıb... divanələr dolaşır...

 

 

GİZLƏNİB

 

Hamı elə sənsən, Allah,

Hamı səndə gizlənib.

Ömür sudu: - azdı, çoxdu -

Camı səndə gizlənib.

 

Adın üstündə hər nəyin: -

Otun, gülün, kəpənəyin.

Yediyimiz duz-çörəyin

Tamı səndə gizlənib.

 

Neçələrin, "necə"lərin, 

Bu üşüyən küçələrin,

Bu kor gözlü gecələrin

Şamı səndə gizlənib...

 

 

O

 

Uduzar, oyundan çıxar astaca,

Baş açmaz dünyanın qumarından o.

Tanıyar qəmləri ilk təmasdaca,

Tanıyar hər qəmi tumarından o.

Dili kəsilsə də, dillənib gedər,

Tək göyə əl açar - dilənib gedər...

Yolun yoxuşuna dirənib gedər,

Yıxılar yolların hamarından o.

 

Dostu göy üzüdü, özü kimdi bəs?

Quru bir bədəndə solğun bir nəfəs.

Özünü asmağa ip tapa bilməz -

Asar ürəyinin damarından o...

 

 

TÜFƏNG DƏ PEŞMAN OLACAQ

 

Sənə tarix dərsi keçər 

Daş üzünə duranda.

Neyləyərsən, sevgi gəlib

Yaş üzünə duranda?

 

Dəli çay həvəsdə ola,

Axan sudan bəstə ola...

Baharın məhbəsdə olar,

Qış üzünə duranda.

 

Göyü vurma, qan olacaq,

Tanrıdan fərman olacaq: -

Tüfəng də peşman olacaq

Quş üzünə duranda...

 

 

LABİRİNT

 

Əvvəl özünü itirər adam,

sonra başqalarını.

 

Ümid beşiyini asdığı

ağaclar kəsiləndə

yıxılıb ölür adam. 

 

Əvvəl arzularına yas saxlayarsan,

sonra da özünə.

...Üz tutduğun adamlar

üzünü qəzet oxuyurmuş kimi gizlətmişdi.

Qəzetin arxa tərəfində isə

ancaq bu sözlər yazılmışdı:

"Mən əclafam!"

 

Zökəmdən ölməkdənsə,

Dərddən ölmək daha faydalı -

ölürsən, bir dərd də ölür.

 

...Küləkli havanı da silməli olursan,

Çərpələng uçuran uşaqlara görə.

 

Böyük məqsədlər iflasa uğrayanda,

siqaret tərgitmək arzusunu da

adam özünə iş bilir.

 

...Tərs kimi 

doğmaların çoxu zalım olur -

Sən də doğmasan, ilahi...

 

 

GÖYƏ ÇÖP DAŞIYAN…

 

Bu qəmlə, bəlkə də tanış olmuşuq -

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün -

Mən Tanrı otağına yoxuşam, ana...

 

Daha bundan belə mən kiməm, nəyəm?

Bir bəxtin əynində qara köynəyəm.

Çəmən bitirməyən, ot bitirməyən

Səhraya tökülən yağışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin -

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm iynə imiş, ömür sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş -

Dünyaya gələndən sərxoşam, ana?!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

Ruhəngiz Əşrəfqızı,

“Ədəbiyyat və incəsənət”

 

 “Əli və Nino” romanı  barəsində  bir  fioloq, yazıçı kimi fikir söyləməyi özümə mənəvi borc bildim. Əsər mənə o qədər təsir etdi ki, “dünya ədəbiyyatında vaxtında öz yerini tapmış, dahilərdən lazımi qiymətini almış “Əli və Nino” doğma vətənində də gərək dəyərli sənət nümunəsi kimi qiymətləndirilsin” düşüncəsi ilə öz söz atımı çapmağa qərar verdim və ..

.

“Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?”—15-ci  fəslin ilk cümlələrindən olan bu fikirlə yazıma rəvac verməyim heç də təsadüfi deyi. Xeyir, bu romanın qəhrəmanlarına aid deyil. Aleksandr Qriboyedov  və onun arvadı Nino Çavçavadze haqqındadır. Tiflisdə məşhur şairin qəbir daşına həkk olunmuş bu yazı sonda bizim qəhrəmanlara da şamil ediləcək. Bunu müəllif oxucunun mühakiməsinə buraxaraq məzar daşının sözlərini əsərdə iki dəfə təkrarlayır. İnsanda ağır təsir oyadan, düşüncəsini, hisslərini alıb aparan qəbir daşının sözləri şübhə toxumu da əkir ürəklərə. Və oxucu əvvəlcədən duyur ki, onun da qəhrəmanını eyni aqibət gözləyir. Bəli, bir-birini ürəkdən sevən iki gəncin  taleyi Aleksandr Qriboyedov və onun gənc arvadı Nino Çavçavadzenin  qisməti ilə üst-üstə düşür. Xeyir, mən bu məhəbbəti başqa sevgilərə oxşatmaq, müqayisə etmək istəmirəm. Çünki bu, doğrudan da, fərqli, bənzərsiz, misli görünməmiş bir  məhəbbətdir. Amerikada “The Washinqton Post” qəzeti yazırdı: “Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixini xatırlaya bilmirəm”. Sadəcə talelər eyniyyət yaşayır və...

Romanın qəhrəmanı gənc azərbaycanlı Əli xandır. Özünü əsl asiyalı sayan, ancaq Avropa mədəniyyətinə də bələd olan, qəbul edən Əli xan əsl vətənpərvər biridir. Əli xan rus təhsili alsa da, ingilis dilində danışmağı bacarsa da, onu avropalı saymaq olmaz. Çünki o  özü bunu tələb edir. Bütün roman boyu Əli xan asiyalı olaraq qalır. Onu Avropaya yaxınlşadıran yeganə bir səbəbi var: o da Ninodur, Ninonun sevgisidir. Lakin o, barbar asiyalılardan fərqli olaraq mütərəqqi fikirli şəxsdir. Naxararyan tərəfindən qaçırılan Ninonu xilas edərkən “dəmir qanunlar”a rəğmən sevgilisini öldürmür. Onu sevdiyi üçün, dəyər verdiyi üçün “qadını öldür” pıçıltılarına əhəmiyyət vermir. Axı Əli xan Ninonu ,həqiqətən, ülvi bir məhəbbətlə sevirdi. Amma bu məhəbbət Vətən segisini aşa bilmir. Əli xan Ninosunu , körpə qızını sevə-sevə Vətənin azadlığı uğrunda canını fəda verməkdən çəkinmir. Halbuki o bu azadlığın mümkünsüzlüyünü çox yaxşı bilirdi. Avropanın bütün qapıları bu milyonerin üzünə açıq olduğu halda, Əli xan qürbəti seçmədi. Çünki o, Vətənini sevirdi. Boz səhrada yerləşən, qumlu sahilləri olan köhnə və təzə Bakısını sevirdi. O  öz millətini sevirdi. Bu millətin yaxşısını da, pisini də sevirdi.

“... Məni dərin və dəhşətli Vətən həsrəti bürüdü. Toz basmış qala və Nargin adasının arxasında batan günəş gəlib gözlərimin qabağında durdu... Mən bu şəhəri heç zaman tərk etməli deyildim. Allahın məni dünyaya gətirdiyi bu şəhəri. Mən bu köhnə təbiətə it öz komasına bağlı olan kimi bağlı idim. Səmaya baxdım. İran ulduzları şahın tacındakı qiymətli daşlar kimi iri və uzaq idi. Mən qəriblik hissini indiki kimi heç zaman duymamışdım. Mən Bakıya mənsubam. Köhnə qalaya, kölgəsində Ninonun gülər gözləri parlayan köhnə qalaya mənsubam”. Əsərdə Əli xanın dilindən İranda olarkən dediyi sözlər qəhrəmanımızın necə böyük vətənpərvər olduğuna ən bariz nümunədir.

Onu başqalarından fərqləndirən elə bir cəhəti yoxdur. Çünki təhsil illərində bütün uşaqlar kimi o da kopya çəkib, müəllimlərini incidib, başqa uşaqlarla dalaşıb. Ən əsası yeniyetmə oğlanlara xas olan  “sevgi” hissini dadıb. Lakin fərq ondadır ki, Əli xanın məhəbbəti ötəri deyil.  Ninoya qarşı sevgisi Vətəninə olan məhəbbəti qədər əbədidir. Əslində müəllif bu iki məhəbbəti açıq şəkildə müqayisə etməsə də, oxucusuna anlatmağa çalışır ki, Əli xanın qəlbində iki sevgi var: Vətən sevgisi, bir də gürcü qızına olan sevgi. Birinci sevgi nə qədər millidirsə, ikinci sevgi bir o qədər əcnəbidir. Amma Əli xan buiki məhəbbəti birləşdirməyi bacarır. Və sonda Nino sevgisi Vətən sevgisinin qucağında əbədiyyətə qovuşur. 

Əli xan bütün əsər boyu Asiya-Avropa qarşıdurmasının öhdəsindən gəlməyə çalışır.  Bəzən bu qarşıdurma Əli-Nino xətləri ilə kəsişir, sərtləşir, bəzən də  Əli-Nino xətləri bu qarşıdurmanı yumşaldır, mülayimləşdirir.Əli xan hiss edir ki, Avropa üstündür, Asiyanı boğmağa, onu kölgədə qoymağa qadirdir. Lakin o, Asiyanın məhv olmasını istəmir. Asiyada qalmaq istəyənlər dar macalda  İrana üz tuturlar. Çünki Asiya  İranda şah rejiminin qüdrətilə qorunub saxlanılır, mühafizə olunur. İranda yaşadığı müddətdə Əli xan Asiyanın ab-havasını bütün qəlbilə duyur. Ancaq onu bu ölkə sıxır. Çünki Avropa-Asiya kəsişməsində mövcud olan Bakı—doğma diyar onu özünə tərəf çəkir. Əli xan rusların, türklərin, ingilislərin, farsların  döyüş meydanına çevrilmiş  Bakısını o qədər sevir ki, silah arxasına keçib uğrunda döyüşə atılır. Romanda işğalçı ruslara qarşı dəruni bir nifrət hissi də sezilir. Əli xan onun Vətənini zəbt etmiş kəslərə qarşı soyuqdur, barışmazdır. Türklərin gəlişini toy-bayramla qarşılayan Əli xanlar rusların  ölkəmizə qədəm basmasına bir o qədər təəssüf, kədər hissi keçirirlər. Türkmənçay, Gülüstan müqavilələrindən qaynaqlanan  rus siyasəti Əli xanın Vətəninin üzərində Domokl qılıncı kimi  asılıb. Bu qılıncı götürüb atmaq isə mümkünsüzdür. Bakı uğrunda müharibə əslində neft səltənəti uğrunda mübarizədir. Həm də Avropanın Asiyaya qarşı elan olnmamış, bəlkə də olunmuş müharibəsi.  Bu müharibədə Əli xanlar məğlub olur,amma tarix  unudulmur və dünənin parlaq bu günü  gələcəyə  işıq salır.  Bugününkü azad Azərbaycan Əli xanın arzu etdiyi, xəyalını qurduğu Vətəndir.

Realist  nümunə  olan əsər hətta Əli-Nino sevgisini də romantik  dona bürüyə bilmir. Bu məhəbbət  həyati bir dərsdir. İnsanlığınhəyat dərsidir.

Maraqlı, yaddaqalan obrazlardan biri də Ninodur. Gürcü qızı Nino. Əli xanın sevgilisi Nino.

“—De görüm, müqəddəs Nino sənin hansı günahını bağışlamalıdır?

--- Səni, Əli xan”.

Əli xanla Ninonun dialoqundan verilmiş nümunə əcnəbi qızının da məhəbbətində üzləşdiyi çətinliklərdən xəbər verir. Nino da anlayır ki, onun Əli xana qarşı sevgisi mənsub olduğu dini, məzhəbi tərəfindən yolverilməzdir. Ancaq o, yenə də bu “günah”ını   qəbullanır və sona qədər Əli xanı sevir, ona yaxşı arvad olur. Dağıstanda yaşadıqları müddətdə  bu aristokrat, milyoner qızı bütün işlərini özü yerinə yetirir. Bulaqdan su gətirir, yemək bişirir, evinin səliqə-sahmanına fikir verir. Bir sözlə, sadə qadın missiyasını həyata keçirir. O bu işləri həvəslə, sevərəkdən edir. Əli xanın atası onlara aşpaz, nökər göndərmək istəyəndə Nino təlaşla etiraz edir, bildirir ki, o, ərinə özü qulluq etmək istəyir. Ninonun atası cənab Kipiani qızının səfil həyatını görüb dəhşətə gəlir və onları israrla Avropaya getməyə məcbur edir. Amma Nino atasına deyir ki, bir qadının vəzifəsi ərinin yanında olmaqdır.

Nino Əli xanın asiyalı olmasını bilir, lakin onu necə var, elə də sevir. Ərinin  dostlarını da  qəbul edir, halbuki onların xarakterləri, hərəkətləri, “kobud asiyalı” olmaları Ninonu çox narahat edir. Ancaq bu insanlar Əli xanın ayrılmaz parçaları olan asiyalılardır.

“-Bilirəm, darıxırsan. Daim o qədim qalanın və Seyid Mustafa ilə ruhlandırıcı söhbətlərin həsrətini çəkirsən. Amma zərər yoxdur, mən səni sevirəm. Necə varsansa  elə də qal”.

Nino öz Əli xanını necə var, elə də sevir. Və beləcə bu məhəbbət hər iki tərəfin  öz qabığına çəkilib qarşı tərəfin yaşam tərzinə qarşılıqlı hörmət  səviyyəsində  davam edir: Avropa və Asiya kimi.

Romanda maraqlı dost surətləri var: İlyas bəy, Seyid Mustafa, Arslan Ağa, Məhəmməd Heydər. Hərəsinin özünəməxsus xüsusiyyəti olan bu insanları birləşdirən nədir? --- Vətən sevgisi.  Canlarını doğma Bakı – Vətən uğrunda qurban verməkdən çəkinməyən dostlar  elə bu cəhətlərinə görə yadda qalırlar.

“Arslan Ağa da yanımızda oturmuşdu və onun ağzından, tökülmüş dişlərinin yerindən qan gəlirdi.

--- Qorxuram ,Əli xan, mən çox  qorxağam.

--- Onda qoy silahı yerə, tarlalardan keçib Pula çayından Gürcüstana qaç.

--- Bunu edə bilmərəm, mən vuruşmaq istəyirəm, çünki qorxaq da olsam, vətənimi o biriləri kimi sevirəm”.

Əsərdə  çox gənc olan Arslan Ağa  yazı əhlidir. Qəzetlərə məqalə yazır, hadisələri şərh edir. Atasının Tiflisə qaçmasına baxmayaraq, o, Vətəni uğrunda vuruşmaq istəyir. Ölümdən, düşmən gülləsindən qorxan Arslan Ağa  üçün silah asan deyil. Çünki o, bir ziyalıdır. Vətəninə  öz qələmi ilə xidmət edir. Ancaq dar macalda o, ölməyə də hazırdır.

“Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq da olsa, yenə öz vətəni uğrunda qəhrəman kimi ölə bilərmiş”.

Bu kəlmələr bəşəriyyətin hər zaman burulğanlı günlər yaşadığı, silahların toqquşduğu, torpaqların zəbt olunduğu, insanların öldürüldüyü, təcavüzə məruz qaldığı və VƏTƏN  anlamının müqəddəs sayıldığı bugünümüzdə də çox dəyərlidir. Bu gün xaricə açılan pəncərənin böyüklüyü çoxlarını çaşdırır, intellekt, problemsiz yaşam, asudə, xoşbəxt həyat arzusunda olanlar Vətəndən uzaqlara üz tutmaqda çıxış yolu tapırlar. Sonda “cəhənnəm  olsun hər şey, mənim başım salamat olsun” fikri Əli xanın dövründə də, bu günümüzdə də  üzdəniraq  vətəndaşalr tərəfindən söylənib və söylənəcək də. Amma  Əli xan və onun dostları kimilər dünən də olub, bu gün də var, sabah da olacaq  inamı insanı qürurlandırır, Azərbaycanın gələcəyinə böyük inam, ümid hissləri doğurur insanda.

Əsərdə maraqlı, deyərdim ki,  Avropa-Asiya  qarşıdurmasında, bəlkə də, sonuncu olan  bir obraz var: Ata, Əli xanın atası. Zahirən sakit, qapalı insan təsiri bağışlayan qoca nə qədər asiyalı olsa da, şüuru, düşüncəsi ilə Avropaya meyilli şəxsdir. Çünki anlayır ki, neft Bakısı öz qapılarını Avropaya açan gündən asiyalılar yavaş-yavaş öz  paltarını, şüurunu, davranışını dəyişdirib.  Hər kəsin qəlbində, gözündə    saraylarda olan 40-cı otağın” sirri, sehri yaşayır və  Avropa “40-cı otaqdır” düşüncələrdə. Onun fikrincə, Asiya məhv olmayıb. Əli xanın təlaşla:”Ata, Asiya məhv olub”,- sözlərinə təmkinlə cavab verir:”...Sən rus məktəbinə getmisən, latından başın çıxır.Sənin arvadın da avropalıdır. Sən hələ özünə asiyalı deyirsən? Axı sən qalib gəlsəydin, heç istəmədən Avropa həyat tərzini Bakıya gətirəcəkdin... Asiya məhv olmayıb, onun sərhədləri dəyişilib”.

Ata bu sözləri oğluna o vaxt deyir ki, Bakıda rus-erməni terrorizmi baş alıb gedirdi. 1918-ci ilin mart hadisələri insanları vəhşət içərisində sıxırdı. İmkanı olan da, olmayan da qaçmaq, silahların eşidilmədiyi sakit bir guşədə gizlənmək niyyətində idi. Ata Bakının çox qarışıq  bir zamanda yaşadığını və bütün Avropanın bura ayaq açdığı bir dönəmdə sağlam düşüncə tərzi ilə yanaşır hadisələrə. O anlayır ki, Asiyanı daha Avropadan kəsib ayırmaq mümkün deyil. Bu iki qitənin sərhəddində yerləşən şəhər gec-tez təslim olacaq Avropaya və ...

Romanda bir neçə ölkənin adı çəkilməklə yanaşı, oradakı mühit də göstərilir: İran, Dağıstan, Gürcüstan,. Ancaq ortaq məxrəc  Bakıdır, Azərbaycandır.İran da, Dağıstan da, Gürcüstan da, hələ adı gedən Paris də, Avropanın digər şəhərləri, ölkələri də Əli xana Bakı qədər doğma, Bakı qədər  munis, əziz ola bilməz. Bütün əsər boyu Bakı- qürbət qarşıdurması var. İranda olarkən onu sıxıntı içində  üzən məngənə, qədim Şərq adət-ənənəsi, saray mühiti  müasir Əli xana zövq verə bilməzdi. Həmçinin Dağıstanın nisbətən azad  kəndli həyatı,  Tiflisin mərkəz də olsa, müəyyən dövrdə mədəniyyət beşiyi sayılsa da,  yaşam tərzi  Əli xanı  rahatlada bilməzdi. O, Bakını sevirdi, yalnız onun qucağında ovuna bilərdi, göz yaşlarını burda  silər, burda üzü gülərdi.

AXC zamanı dövlətin idarə olunmasında iştirak edən qəhrəman Xarici İşlər Nazirliyinin xətti ilə Paris konsulluğuna təyinatını eşidəndə qəzəblənir. Dərhal Xarici İşlər nazirinə etirazını bildirir: “Amma mən Parisə getmək istəmirəm  və məni buna məcbur etmək istəyirsənsə, mən vəzifəmdən çıxıram. Mən yad aləmə nifrət edirəm, yad küçələrə, yad insanlara və yad adətlərə nifrət edirəm”. Avropaya can atan arvadına isə belə deyir:” ... Gəl burada, Asiya və Avropanın  hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm... Mən vaxtdan-vaxta Asiyanın ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn çoxlu əcnəbiyə dözə bilim... Mən bu ölkədə anadan olmuşam, burada  ölmək istəyirəm”.

Maraqlıdır, müəllif Vətən və Qürbət arasında sərhədi kəskin qoyur. Halbuki bu günümüzdə, elə dünənimizdə də çoxları üçün bu məfhumlar eyniyyət təşkil edir və edib də. Ancaq Q.Səid üçün bu, aralarında Yer və Göy qədər olan məsafədir. Və bu məsafəni keçib getmək istəyənlərə  Vətəndə yer yoxdur müəllifin və onun qəhrəmanı Əlinin fikrincə. Əslində  Q.Səid  qəhrəmanı Əlinin timsalında özünü, öz düşüncələrini əks etdirir. Çünki qürbətin acısınıdadmış, Vətənə dönməyə qapıları bağlanmış roman müəllifi  ancaq  “başına gələn başmaqçı olar”  məsəlinin yükü altında qalaraq qələmini bu qədər ustalıqla işlədə bilərdi. Əfsus ki, ona, yəni Q.Səidə doğma Bakısına geri dönmək qismət olmadı. Bəlkə də,  bu əsəri yazarkən gözləri önündə canlandırdığı doğma yerlərə qayıtmağın mümkünlüyünü yaşayırdı sənətkar. Bəlkə nə vaxtsa...

Buna görə qəhrəmanını qürbətdə yox, Vətən torpağında ölümə məhkum etmişdi. Vətən torpağına qarışmaq, onu bir qarış artırmaq   müəllifin ,şübhəsiz,  ən böyük arzusu idi. Amma bu gün Q.Səid romanı öz Vətənindədir. Doğma Bakısının mətbəələrində çap olunaraq  kitab evlərində, dükanlarında  oxucularını mütəəssir edir, həyəcanlandırır. “Əli və Nino” müəllifindən fərqli olaraq  Vətəndə  azaddır, illərin sınağına dözərək geri dönə bilmişdir. Müstəqil, azad ölkəmizdə həmvətənlərinin təkcə bədii zövqünü oxşamır, həm də vətənpərvərlik hisslərini  coşdurur, onlara  Vətən məfhumunun müqəddəsliyini anladır.Bugünümüzdə -- Qarabağın azad olunduğu bir dönəmdə vətənpərvərlik hisslərinin mənbəyi  Əli xanlardan, İlyas bəylərdən, Arslan Ağalardan  qaynaqlanaraq gəlib. Çünki biz onların nəvələriyik, 23 ay  yaşayan Cumhiriyyət qurucularının meyvələriyik. Qanımızda, canımızda o günümüzü hiss edərək, duyaraq müstəqilliyimizin bərpası uğrunda qan da tökdük, can da verdik. “Əli və Nino”dan qidalandıq. Şərq-Qərb qarşıdurmasını  Əli xan kimi qəbullanaraq yaşayırıq.

Əsəri oxuyarkən kövrəkliyinin qarşısına sədd qoymaq mümkün deyil. Çox səhifələrdə oxucunun göz yaşlarının izi qalır. Çox sətirlərin altından oxucu tərəfindən karandaşla xətt çəkilir ki, bu fikirləri unutmasın. Əlbəttə, bu, müəllif qələminin yaratdığı əsrarəngiz  sehrin gücüdür. Qürbətin dadını görmüş Qurban Səid, bəlkə də, Əli xanın prototipidir. Müəllif uşaqkən doğma yurdundan qoparılıb  Avropaya  sovrularkən yeniyetməlik, gənclik illərinin həsrətini ifadə etmək üçün ölməz bir əsər yaratmışdır.

Bu gün Gürcüstanda  bir sevgi heykəli ucaldılıb. Batumi şəhərində dənizkənarı bulvarda  yerləşən bu heykəlin müəllifi Tamar  Kvesitadzedir. Heykəltəraş əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi segisi üçün abidə ucaltmaq istədiyini bildirib. Müəllif əsərinin ideyasını belə izah edir: “İnsanlar abidəni sevgi ilə assosiasiya edir və bu, seyrçilərdə müsbət emosiyalar yaradır. Hər kəs bu abidəni bir cür izah edə bilər. Mənim əsərim bunu ifadə edir: birlikdə olmaq yalnız bir müddət mümkündür. Bu qısa müddət kimin üçünsə bir əsr ola bilər”.

Həmçinin  roman əsasında bədii filmlər də çəkilib. 33 dilə tərcümə edilən, 66 ölkədə nəşr edilən roman XX əsrin “Ölməz şedevr”i  adlandırılıb. XXI əsrdə də populyarlığını qoruyub saxlayan  “Əli və Nino” gələcəyə işıq salaraq  neçə-neçə nəsillərə örnəkdir. Qəhrəmanlarının ömrü yarımçıq qalsa da, vaxtsız dünyasını dəyişsə  də, roman öz bədii xüsusiyyətləri, dili, mövzusu ilə əbədiyaşarlıq qazanmışdır.

Yazımı romandan gətirdiyim nümunə ilə bitirmək istəyirəm:

“--- Əli xan altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi... onu məscidin həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı.”

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

 

 

 

3 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.