ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 05 İyun 2026 16:10

Rəsm kimi xanım...

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onunla heç vaxt üz-üzə gəlməmişik, amma “Facebook” sosial şəbəkəsindəki paylaşdığı yazılarından xarakterini müəyyən qədər öyrənə bilmişəm. Bir də ki, şəkillərindəki sifət cizgilərindən, o cümlədən gözlərindən təxmini kim olduğunu anlamışam. Və hər dəfə şəkli qarşıma çıxanda necə gözəl olduğundan zövq alıram. Sanki o, Allahın öz fırçası ilə yaratdığı gözəl bir rəsm əsəridir.

 

Söhbət şair-yazıçı Təranə Məmməddən gedir. Gəlin əvvəlcə onun daşıdığı adı barəsində qısa məlumat verim. Təranə sözü fars mənşəli olub, Azərbaycan dilində əsasən "mahnı", "nəğmə", "şərqi" və "ahəng" mənalarını ifadə edir. Ədəbiyyatda isə bu kəlmə daha çox musiqili səs, təbiət səsləri məsələn, quşların nəğməsi kimi obrazlı mənalarda da işlədilir...

 

Əliyeva Təranə Məmməd qızı 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. Bir neçə şeir və nəsr kitablarının müəllifidir...

 

 Şair Zaur Ustac onun barəsində yazır:

"Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil."

 

Gözəl həmsöhbətdir. Elə buna görə də istənilən adamı özünə cəlb edə bilir. Həm də həmsöhbətini diqqətlə dinləməyi bacarır və onun problemlərinə marağla yanaşır. Vəziyyəti düzgün təhlil etmək, əsl səbəbləri tapmaq, doğru məsləhət vermək qabiliyyəti var. İnsanlarla asanlıqla dostlaşa bilir, lakin bir qayda olaraq azadlığına xələl gətirəcək dostluqda maraqlı deyil. Çalışır ki, dostları xoşbəxt olsun. Bütün dostları üçün mehriban və səmimidir, bəzən onların arasında bunu haqq etmiyənlər də olur. Kimsə onun vaxtını çox alanda və üzərinə öz problemlərini yükləyəndə xoşu gəlmir, narazı qalır. O, mühakimələrindən daha çox öz refleksinə bel bağlayır. Eyni bir işlə uzun müddət məşğul olanda tez yorulur. Onu yenilik daha çox cəlb edir. Onun yüksək intellektinə söykənmək olar, çünki onu idrakı idarə edir. Azad ruhu var, onun azadlığını məhdudlaşdırmağa çalışmaq axmaqlıqdır...

 

Zaur Ustac daha sonra qeyd edir: “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür..."

 

Bu günlərdə xanımın 70 yşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

                                  

“Ədəbiyyat və incəsənət” portalı “Hekayə saatı” rubrikasında bu gün sizlərə  Pərvanə Əliqızının  “Axirət azuqəsi” hekayəsini təqdim edir.

 

Uzun müddətdir səhər gəzintisini yadırğamışdım. Bu səhər yolumu parkdan saldım. Mən gəlməyəli buralar yaman dəyişmişdi. Yeni ağaclar əkilmiş, oyun meydançaları düzəldilmişdi. Quşların səsi səhəri daha da ecazkar edirdi. Təmiz havanı ciyərimə çəkib beynimi fikirlərdən azad etmək istəyirdim ki, söhbətgahdakı qadınların danışıqlarını  eşitdim.

Hündür səslə danışan qadının söhbət etdiyini demək günah olardı, — sanki mətbuat konfransı keçirirdi. Səlis nitqi adamı istər-istəməz dinləməyə vadar edirdi. Əl-qol hərəkəti ilə dediklərinə daha çox təsir verməyə çalışır, qarşısındakıların təsdiqləyən baxışları isə onu daha da ilhamlandırırdı.

Qadın alnını qırışdırıb, nazik qaşlarını yuxarı qaldıraraq danışırdı:

—Mən axirətini düşünən adamam. Hər axşam evi, mətbəxi hər yanı təmizləyib, səliqəyə salmasam, gözümə yuxu getməz. Heç gəlinimə də icazə vermərəm ki, təmizlik etmədən yatsın. Birdən gecəyarısı öldüm, camaat nə deyər?

Bunu deyib bir-bir hamının üzünə baxdı.

Rəfiqələri dərhal :—Əlbəttə, doğru deyirsən, — deyib onu təsdiqlədilər.

Baxışları o qədər kəskin idi ki,  mənə də elə baxsaydılar, yəqin özümü itirərdim.

Özündən razı halda davam etdi:

—Xəstə olsam, ağrıdan ölsəm də, şəxsi gigiyenamı diqqətdən kənar qoymuram. İndi gəlinim məndən də vasvası olub.

 Sinəsini qabağa verən qadın kəlmələri uzada-uzada əlavə etdi:

—Gəlin demişkən, qardaşım qızı gəlin köçəndə yüz nəfərdən çox qohum gəlmişdi, amma gözəgörünən bir nəmər atan olmadı. Camaatda insaf qalmayıb ha. Sonra da deyirlər, insaf dinin yarısıdır.

Söhbətin məcrasının qəfil dəyişməsi birinci danışana xoş gəlməsə də, susub qulaq asdı.

Başı ilə deyilənləri təsdiq edən kök qadın sözə bəndmiş kimi dilləndi:

—Çoxları elə bilir pul yığmağa çalışırıq. Toy bir yana qalsın, elə bilirsiniz yasa az xərc çəkilir?

Görkəmindən dalğınlıq yağan başqa biri əlavə etdi:

—Dünya malı dünyada qalacaq. Özümüzlə aparası deyilik ki... Nə qazansaq, övladlarımızındır. Bizim aparacağımız  əməllərimizdir.

Nisbətən cavan görünən qadın  ətrafa göz gəzdirib, yaxınlıqda əl-ələ gedən  gəncləri görəndə üz-gözünü turşudub  az qala çığırdı :

—Bir bunlara baxın! Biz bunların yaşında başımızı ev işindən qaldırmazdıq. Utanmırlar, böyük-kiçik tanımırlar.

Rəfiqələri yekdilliklə onu dəstəklədilər :

—Düz deyirsən, bacı.Dünya belə şeylərə görə dağılır!

Gənc oğlan onlara yaxınlaşıb, qınayıcı tərzdə dedi:

—Bacımdı,  bacım... Dərsə aparıram, ay xala.

Qadın bir anlıq duruxdu, sonra özünü toplayıb:

 — Düz edirsən, ay oğul. Zəmanə dəyişib, bacını gözündən qoyma—dedi.

Üzünü döndərəndə  yanındakıların  gözlərini  qaçırdıqlarını sezdi.

Yaranan pərtliyi aradan qaldırmaq üçün  çəkisi ilə  yoğun səsi uyğun gəlməyən biri, düşüncəli tərzdə danışmağa başladı:

  Ehh, ay bacılar, adam bilmir nəyin dərdini çəksin. Yəqin televizora baxırsınız? İsrailin və İranın vəziyyəti heç yaxşı deyil.  Yenə bizə şükür, vaxtında müharibəni qələbə ilə bitirdik.

Hamı bir ağızdan:—Sükür,—dedi.

Yerli - xarici xəbərlərin ardınca uşaq arabası  sürən gəlin diqqətlərini çəkdi. Mən də körpəyə baxıb gülümsündüm.

Söhbət yenə istiqamət dəyişdi.Bu dəfə mövzu valideynlər idi. Deyilənlərdən belə anladım ki, guya indiki analar uşaq tərbiyə etməyi bacarmırlar.

Eşitdiklərim canıma vəlvələ saldı. Kitabı qatlayıb fikrə getdim. O biri dünya nigaranlığı məni bürüdü. Çünki burada oturub camaatın söhbətinə qulaq asırdım. Üstəlik, yorğun olanda fincanı çirkli qoyub yatır, masanın üstündəki kitab-dəftəri yığışdırmırdım. Yəqin o dünyada sorğu-sualım ağır olacaq.

 Deyəsən, fikrim onlara da agah oldu. Məni başdan ayağa süzüb  dedilər:

—Bu  kitab oxuyur, yoxsa bizim söhbətimizə qulaq asır? Kitabı evində oxuya bilmir bəyəm?!

Çaşıb qaldım. Yaxınlaşıb nəsə soruşsaydılar, nə deyəcəyimi bilməzdim. Ən yaxşısı buradan uzaqlaşmaq idi . Ayağa qalxıb, guya onların dediklərinə məhəl qoymurmuşam kimi oradan aralandım.

Ürəyimdə onların gələcəklə bağlı ehtimallarının yalan olmasını arzulayırdım.Cənnətə getmək istəyən qadınların o biri dünyaya aparacaqları boğçaları gözümün önündə canlandı. Orada ev təmizliyindən, şəxsi gigiyenaya, dünya malından tutmuş, başqalarının  günahınadək hər şey vardı.

Təkcə axirət azuqəsindən başqa.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru,

“Ədəbiyyat və incəsənət”

 

BİRİNCİ YAZI

 

Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil, zamanda ruhun azadlığının, İlahi eşqin və görünməyən aləmlərin soraqçısıdır.

 

Tanrının nidasından, iki sevən qəlbin pıçıltısından doğan, qopub gəldiyinə döndüyü yolda sınaqlardan keçən Adəm oğlu “gəlimli-gedimli, son ucu ölümlü dünya”da nələr görmür ki? Əfsanə, nağıl dolu dünyanı zinətləndirən, irfan bulağından içən və içirən dühaların nuru ilə özünü dərk edən insan bir də onda ayılır ki, eşitdikləri, gördükləri, duyduqları belə bir düzənə, nizama bağlıdır. Buludun ətəyini sıxması, yağışın yağması, günəşin doğması, sevdiyinin sənə könül açması, pəncərənə quşun qonması belə Yaradana bağlıdır.

Bir səhər oyanırsan, gözlərini açar-açmaz pəncərəndə bir quşun var olduğunu görürsən. Bəlkə, bir anlıq dayanır, bəlkə də uzun-uzadı sənə baxır. Həmin an ağlından keçən ilk fikir adi bir təsadüf ola bilər. Amma İbn Ərəbiyə görə dünyada heç nə təsadüf deyil. Onun düşüncəsində qarşılaşdığın hər bir varlıq, hər hadisə, hətta ən xırda bir hərəkət belə Tanrının bir işarəsidir.

 

 

 

“Mən elə-belə gəlmədim, sənin üçün gəldim!”

 

Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil. O, eyni zamanda ruhun azadlığının, ilahi eşqin və görünməyən aləmlərin soraqçısıdır. Pəncərənə qonmuş quş əslində qəlbinə toxunan bir ilham kimidir. Sakitcə qanad çalıb uzaqlaşanda könlündə bir iz buraxır; “Mən elə-belə gəlmədim, sənin üçün gəldim!” deyən gözəgörünməz bir qüvvənin simgəsi, bəlgəsi olur.

İbn Ərəbi dilsiz, ağızsız quşların da Allahı zikr etdiyini, hər səsin və hər hərəkətin əslində bir müqəddəsliyin əks-sədası olduğunu bildirir. Bu baxış bucağından yanaşdıqda quşun sənə gəlişi sadəcə bioloji bir hadisə deyil, varlığının dərinliklərinə toxunan bir anlamdır. Bəlkə səbirli olmağın, bəlkə ümidini itirməməyin, bəlkə də, qəlbini saflaşdırmağın vaxtının gəldiyini pıçıldayır.

Pəncərə isə ayrıca bir rəmz, simvoldur. Batini aləminlə zahiri dünyanın qovuşduğu sərhəddir. Quşun məhz həmin nöqtədə görünməsi qəlbinin yeni bir həqiqətə açıldığını göstərir. O an hiss etdiklərin əslində kainatın səninlə danışma tərzidir.

 

 

 

Həyatın gözəlliyi yenidən doğacaq…

 

Heç dərin bir sükut içində quş səsini dinləmisənmi? Həmin an anlayırsan ki, bu səs sadəcə bir varlığın çıxardığı təsadüfi bir ritm, nəğmə deyil. İbn Ərəbiyə görə quşların hər cəh-cəhi, hər qanad çalması Allahın adlarını zikr edən bir təsbehdir. Onlar fərqində olmadan varlıqlarının mahiyyəti ilə Allaha yönəlirlər. Buna görə də pəncərənə qonmuş quş əslində sənə öz dili ilə bir həqiqəti xatırladır.

Quşların mənəvi dili sözlərdən asılı deyil. Onların danışığı sükut içindəki varlıq halıdır. İbn Ərəbi bütün yaradılmışların — daşların, ağacların, heyvanların — Allahı zikr etdiyini vurğulayır. Biz insanlar isə çox vaxt bunu duya bilmirik, çünki qəlbimiz pərdələrlə örtülüb. Amma qəlbin saflaşdıqda, ən sadə bir cəh-cəh belə sənə “Allah buradadır, səni görür, səni unutmayıb” deyə pıçıldayır.

Quşun mənəvi dili bəzən insana ümid gətirir. Yorucu bir günün ortasında pəncərənə qonmuş balaca bir sərçə sanki “Səbirli ol, həyatın gözəlliyi yenidən doğacaq” deyir. Bəzən də xəbərdarlıq edir. Qarğanın sərt səsi daxili bir qarışıqlığı xatırlada bilər. Bəzən isə göyərçinin sakit cəh-cəhi qəlbinin axtardığı rahatlığın kənardan deyil, içindən gələcəyini hiss etdirir.

İbn Ərəbiyə görə, bu səsləri düzgün oxumaq qəlbin nurundan, hissiyyatın gücündən asılıdır. Quş öz işini görür: Allahı zikr edir, qanad çalır və yoluna davam edir. Amma sən onu sadəcə bioloji bir varlıq kimi görürsən, kamil insanlar isə onu İlahi bir işarə kimi qəbul edir.

 

Mən gəldim, xatırlatdım…

 

İlahi işarələr daim qarşımızdadır, amma görən göz, eşidən qulaq, anlayan qəlb olmadıqca o işarələr mənasını itirir. Bir quşun mənəvi dili yalnız səsində deyil, gəlişində və gedişində də gizlidir. Bir səhər qəfil pəncərənə qonmuş quş bəlkə də ruhuna, könül dünyana gələn bir qonaqdır. Qəlbində bir yüngüllük buraxıb uzaqlaşması isə “Mən gəldim, xatırlatdım” deyən bir ümid, inam, ilham mənbəyidir.

Onun varlığı qısa sürsə də, izi uzun müddət qalır. Çünki həqiqi bir işarə zamanın qısalığından asılı olmayaraq qəlbdə kök salır. Quşların mənəvi dili eyni zamanda insanın öz daxili halını da əks etdirir. İçində bir narahatlıq olduqda çöldəki quşların səsi belə sənə qarışıq gəlir. Amma qəlbin sakitdirsə, həmin səslər sənə bir simfoniya kimi axır. Yəni əslində quşların dili dəyişmir, dəyişən sənin qəlbinin halıdır. İbn Ərəbinin dediyi kimi, aləm bir güzgüdür; insan orada öz halını görür. Elə isə növbəti dəfə pəncərənə bir quş qonanda onu sadəcə bir varlıq kimi qəbul etmə. Bəlkə də o balaca varlıq Allahın sənə səssizcə göndərdiyi bir xəbərdir. Onun batini səsini eşit. Təkcə eşitmə, qəbul et: Pəncərənə qonmuş quş əslində qəlbinə toxunan ilahi bir nəfəs kimidir. İbn Ərəbi qəlbi ərşin kiçik bir təcəllası kimi görür. Ona görə qəlb Allahın adlarının insandakı aynasıdır. Qəlb açıldıqda insan öz daxilində bütün aləmlərə çata bilər; sanki pəncərədən baxanda bütün mənzərənin göz önündə açılması kimi.

Qəlbin açılması zahiri gözəlliyin və həqiqətin daxilə daşınmasıdır. Pəncərədəki quş bu mənada göy üzündən süzülən, nur haləsinə bürünən bir elçidir.

İbn Ərəbinin tez-tez vurğuladığı kimi Allah bəndəsi ilə işarələr vasitəsilə danışır. Bu işarələr bəzən bir yuxu, bəzən bir insan sözü, bəzən də balaca bir quşun qanad çalması olur.

 

Ruh da quş kimidir: cismə bağlıdır, amma mahiyyəti etibarilə göylərə aid bir varlıqdır

 

Göy üzündə süzən bir quşu izləyəndə insanın içində təsviri çətin olan bir azadlıq hissi yaranır. Çünki quş yer üzünə bağlı deyil. O, qanadları ilə hər an yüksəlir, sərhədləri aşır və göyə doğru yol alır. Elə buna görə də İbn Ərəbi quşu ruhun ən güclü simvollarından biri kimi görür. Ona görə ruh da quş kimidir: cismə bağlıdır, amma mahiyyəti etibarilə göylərə aid bir varlıqdır.

İnsanın ruhu sanki bədənin sərhədlərinə həbs olunmuş kimi görünür. Yemək, içmək, yatmaq kimi ehtiyaclar onu yerə çəkir. Amma ruh bu bağlardan qat-qat güclüdür. Quşun qanadları onu göyə apardığı kimi, ruh da Allaha yönəldikdə bütün dünyəvi bağları aşır. Bu səbəbdən quş insanın daxili həsrətini və əsl yurduna qayıtmaq istəyini simvolizə edir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

 

Elizabetta Bagli Azərbaycan oxucusu üçün yeni addır. Romada doğulub və Madriddə yaşayır. Şair-yazar, radio müxbiri, tərcüməçi, çox sayda beynəlxalq kültür dərnəklərinin təmsilçisidir. Roma və Latsio bölgələrinin mədəniyyətini tanıtmaq məqsədiylə qurulan LATİUM dərnəyinin rəhbəridir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş şair və yazardır.

 

Bu gün Elizabetta Baglinin iki şeirini Dos.Dr. Həyat Şəminin tərcüməsində oxucularımıza təqdim edirik. Davamı olacaq…

 

 

MƏN KİMƏM?

 

Hərdən özümdən soruşuram:

Mən kiməm?

 

Bir çinar ağacının yarpağı kimiyəm

küləklərin arxasınca qaçan,

budaqlara tutunur qurtulmaq üçün əllərim,

Uçuş sevdası şəklində

acı çəkməkdə içim-çölüm...

Və istəmədən həvəssizcə düşürəm.

 

Bir yay buludu kimiyəm,

ağappaq, pambıq kimi və parlaq.

Küləyin mənim üçün cızdığı

yollar boyunca qaçıram...

Biçimlər icad edirəm,

işık və kölgə oyunları yaşayaraq,

sonra istəmədən dağım-dağım dağılıram.

 

Yer üzünün qoxusuyam,

fırtınadan sonrakı kəskin və güclü...

Yeni rənglərə bürünür,

yeni davalara girirəm,

Çıxarıram dadını üfüqlərin çiçək açmasının,

bilinməyən limanlarda yaşayıram,

başqa yaşamları hiss edirəm hər yerimdə,

özümü arayıram...

 

Mən kiməm?

 

Bitməmiş bir kitabam,

çoxdan yazılmış olanın başlanğıcıyam.

 

 

DİNLƏ!

 

Şeytanlıqda təlim görmüş insanların

saysız-hesabsız palitrasındakı

tullantı cənnətindən su içməyən,

susuzluqlarını qanlı göz yaşlarıyla doyuran

parçalanmış səslərin,

çiçəklərin ölkəsini dinlə!

 

Ağrı, çamur, aşağılanmalar arasında

Öz-özlərini mühakimə edənlərin

daşlarını dinlə,

gör necə nifrət edirlər,

gör nələr aşılayırlar

vücudlara, beyinlərə,

bütün kimliyi yox edib,

məhrum edənləri...

 

Savaş yolları boyunca

kinayəli yerişindən çıxan,

göz qamaşdıran qollarıyla

bu tozu dinlə!

Hirslə yuvaları yıxan,

evləri pərişan edən,

bu köhnə iştahı dinlə!

Onun ölümcül hirsi

bir mədəniyyəti basdırmada,

xəbərin olsun, adam!

 

Dinlə, ey insan!

Əllərin doğulandan

sülhü yaratmaq üçün,

niyə alovlara sərxoş olursan?

Niyə diktatorluqları və ölümləri

gözləməkdən xoşlanırsan?

Yaşamaq, sevmək üçün

azad olaraq doğulmuşkən...

Niyə?

 

Dinlə, ey insan!

Bu payızda yaşa

gözlənilən o canlı işık partlamalarını!

Ver bütün dünyaya

ümidi və sağlıqlı diləkləri.

Nə qədər sürəcəkdir,

Bir saat?

Bir gün?

Bir ay, yoxsa bir il?

 

Xeyr!

Sənin sonsuzluq istedadın var!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

3 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində ilk tədbir Sabirabad rayonunda təşkil olunub.

 

Sabirabad Bayraq Muzeyində keçirilən tədbir Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən verilən məlumata görə,tədbir çərçivəsində qonaqlar Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin yer aldığı sərgi ilə tanış olublar. Sərgidə milli geyim mədəniyyətimizi əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi və özünəməxsus xüsusiyyətləri barədə məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq iştirakçılara milli geyimlərimiz və kəlağayı sənəti haqqında ətraflı məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında kəlağayının Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biri olduğunu bildirib. O, bu sənət nümunəsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən milli-mənəvi irsin qorunmasına göstərilən diqqət “Vətənimdir Azərbaycan!” layihəsində də öz əksini tapır. Güllü Eldar Tomarlı qeyd edib ki, onun təşəbbüsü ilə yaradılan Kəlağayı Ev Muzeyində qədim kəlağayı nümunələri toplanaraq qorunur. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini əks etdirən dəyərli irs nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək milli geyimlərimizin, xüsusilə kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim edilməsinin, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılmasının, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasının əhəmiyyətindən danışıblar.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Mil-Muğan Regional Təhsil Sektorunun müdiri Mircamal Həşimov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, şairələr Lalə İsmayıl və Səringül Sadə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Səlmi Mehtiyeva, H.Z.Tağıyev adına 6 nömrəli şəhər tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şairə Rəqibə Paşayeva (Qəvvas) iştirak ediblər.

Tədbirin bədii hissəsində Nuruş Məmmədli, Murad Hümbətli, Sərxan Baxşıyev və Şamil Ağayev musiqi nömrələri ilə çıxış edərək proqramı daha da zənginləşdiriblər.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbirlərin Şamaxı və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur Norveç yazıçısı Knut Hamsun ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Lakin yazıçının nasist Almaniyasına və onun liderlərinə qarşı sevgisinə görə norveçlilər öz sevimli yazıçısından üz döndərirlər.

 

Norveç işğaldan azad olunanda xalq onlara xəyanət etmiş bur yazıçıya heç bir şey demədi. Nə bir etiraz, nə bir yazı, nə bir hücum...

Amma bir gün evinin önünə bir gənc qız gəlib Hamsunun kitablarını qoydu. Bir az sonra yaşlı bir adam gəldi və o da kitablarını qoydu. Beləliklə, insanlar Knut Hamsunun kitabları ilə axın-axın gəlməyə başladılar. Hamsun bütün bunları pəncərəsindən izləyirdi. Xalq səsini belə çıxarmadan, ən kiçik bir etiraz etmədən kitabları qoyub gedirdi.

Birinci günün sonunda kitablardan artıq böyük bir topa yığılmışdı. Sonrakı gün də eyni vəziyyət davam etdi. Kitab topası böyüdükcə, xalqına xəyanət etmiş yazıçı da kiçildi və nasist rejiminə açıq dəstəyi onu öz ölkəsində yad bir insana çevirdi.

Heç bir mükafat, ödül, maddiyyat insanlığa xəyanət etmək üçün əsas ola bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Cümə, 05 İyun 2026 17:10

Rəqqas, rejissor, məmur...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım şəxs çox istedadlı, erudisiyalı olub. Məhz buna görə də ən müxtəlif peşələrdə uğurla çalışıb, ortaya nəticə qoymağı bacarıb.

Bu gün onun anım günüdür.

 

Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olub. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləyib. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləyib.

1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışıb.

Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş verib.

1988-ci ildən F. Zöhrabov ADMİU-nun "Səda" Tədris Teatrının direktoru və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dosenti olub. 2000-ci ilə kimi pedaqoq kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox rejissorların, aktyorların yetişməsində müstəsna xidmətləri olub.

 

1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib. Burada F. Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlayıb.

 

Filmoqrafiya

- Beşmərtəbəli evin altıncı mərtəbəsi

 

Faiq Zöhrabov 5 iyun2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Tarixdə elə adlar var, onları unutmaq olmaz. Bizim də missiyamız zaman-zaman bu adları xatırlatmaqdır. 19-cu əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan maarifçilərindən olan, həm yazıçı kimi tanınan Rəşid bəy Əfəndiyev barəsində danışacağam.

 

Rəşid bəy Əfəndiyev 5 iyun 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olub. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada, Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən alıb. 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirib.

 Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoyub, eyni zamanda baş rolları ifa etmişdir. R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanıb, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoyub.

O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilib. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olub. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmayıb, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy edib.

Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf edib. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanan ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.

Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edib, hətta şəxsən artist kimi iştirak edib. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə yox getmirdər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.

Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndizadə iki hissədən ibarət "Müxtəsər şəriət" dərsliyinin də müəllifidir. O, etnoqrafiya ("Nuxada evlənmək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi haqqında bir neçə məlumat" və s.), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı nümunələri", "Lev Nikolayeviç Tolstoy", həmçinin "Seyid Əzim Şirvani" və s.) sahəsində də fəaliyyət göstərib.

Azərbaycan xalq əfsanə və rəvayətləri , adət və ənənələri, eləcə də barədə, xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb , "СборникматериаловдляописанияместностейиплемёнКавказа" məcmuəsində çap  etdirib. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilib.

 

Dərslikləri

1. Bəsirət-ül-ətfal

2. Uşaq bağçası

 

Ədəbi əsərləri

1. Qonşu-qonşu olsa, kor qız ərə gedər

2. Saqqalın kəraməti

3. Arvad məsələsi

 

Əsərləri

1. Müxtəsər şəriət. I cild. Nuxa: "Mədəniyyət" mətbəəsi, 1910

2. Müxtəsər şəriət. II cild. Tiflis: "Kultura" mətbəəsi, 1910

3. Qan ocağı. Tiflis: "Kəşkül" mətbəəsi, 1885

4. Qan ocağı. Tiflis: Məhəmməd ağa Şahtaxtinski mətbəəsi, 1904 (ikinci çapı)

5. Pul dəlisi

6. Dram əsərləri.

7. Məktəbə dəvət

 

1942-ci avqustun 31- də Rəşid bəy Əfəndizadə Şəkidə vəfat edib. Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1917-ci il bütün dünyada Rusiya imperiyasındakı bolşevik inqilabı ilə səs salmışdı. Həmin gün Bakıda bir uşaq dünyaya gəldi. Adını Zəfər qoydular. Ad bəxti müəyyənləşdirər, beləcə, onu zəfərə yönəltdilər...

 

Azərbaycanın görkəmli rejissoru, pedaqoq Zəfər Nemətov 5 iyun 1917-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçib.

 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışıb. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş verib.

Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutan bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilən ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilib.

Bu gün Teatr Xadimləri İttifaqının yerləşdiyi bina (Bakı şəhəri, Xaqani küçəsi, 16) ulu öndər Heydər Əliyevin himayədarlığı, görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşkilatçılığı və zəhməti bahasına başa gəlib.

 

Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalar

1."Məlik Məmməd" (Ə.Abbasov)

2. "Müfəttiş" (A.Qoqol)

3. "Qaraca qız" (A.Şaiq)

4. "Yaşar" (C.Cabbarlı)

5. "Anacan" (Y.Əzimzadə)

6. "Romeo və Culyetta" (U.Şekspir)

7. "Komsomol poeması" (S.Vurğun)

8. "Əlvida Hindistan" (Q.Rəsulov)

9. "İki həyat" (R.İsmayılov)

 

Zəfər Nemətov 19 noyabr 1971-ci ildə vəfat edib. 1917-də doğulub və 1971-də vəfat edib. Rəqəmlərə diqqət etdinizmi?

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Mübaliğəsiz demək olar ki, Azərbaycanın ən çox sevilən şairin Mikayıl Müşfiqdir. Çox duyğusal lirik şeirlər yazan yaraşıqlı nakam şairin gənc ikən sovet terroruna qurban getməsi və nəşinin belə tapılmaması onu milyonların sevimlisinə çevirib. Bu gün onun doğum günüdür.

Hər il onun doğum günündə Xəzərə qərənfillər səpilir...

 

"Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…"

Onun şagirdlərindən biri Mikayıl Müşfiqi belə xatırlayır...

Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayıb.

Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilib.

Çox gənc yaşlarından yaradıcılıq fəaliyyətinə başlayıb, həyatını, taleyini şeirlə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib.

 

1927-ci ildən "Maarif və mədəniyyət" və "Komsomol" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunub. 1930-cu ildə şairin ilk "Küləklər" adlı şeir kitabı işıq üzü görüb. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanıb.

1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində işləyib.

1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olub. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub.

Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib.

 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib. 1934-cü ilin mart ayında onların Yalçın adında oğulları anadan olub, lakin 2 ay sonra yüksək hərarətlə seyr edən xəstəlik nəticəsində vəfat edib

1932-ci il Müşfiqin yaradıcı həyatı çox məhsuldar olub "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı" əsərləri nəşr edilib. Şair zorən, məcburən quruluşu mədh edən şeirləri yazırdı ki, qırmızı terrora tuş gəlməsin, millətşilikdə ittiham olunmasın.

1934-cü ildə o, Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayrıb, bir-birindən gözəl əsərlər yaradıb. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb.

1936-cı ildə Mikayıl Müşfiqin "Səhər" poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görülüb.

 

Filmoqrafiya

Qızıl gül olmayaydı...

Mikayıl Müşfiq

Yenə o bağ olaydı

Qeybdən gələn səs

Bakı bağları. Buzovna

Cavid ömrü

Şeirin Müşfiq zirvəsi

Muğamat var olan

 

1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil edib, lakin kitabı nəşr etdirmək şairə qismət olmayıb.

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verib. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət alıb.

Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunub. Bunlardan Hikmət Ziyanın "Bu dərdi kim unudar", Mədinə Gülgünün "Ölməz Müşfiq üçün", Hüseyn Arifin "Bir gül açdı, sarı gül", Balaş Azəroğlunun "Yenə o bağ olaydı", Əli Kərimin "Müşfiqə", Əliağa Kürçaylının "Müşfiqi yaşıdından sordum", Nüsrət Kəsəmənlinin "Müşfiqin tarı" əsərlərini qeyd etmək olar.

Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu "Çağlayan" poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum olub. Kitabdakı şeirlər çap edilib. 1957-ci ildə şairin bəraətdən sonra ikicildliyi çap edilib

Mikayıl Müşfiqin sözlərinə Zeynəb Xanlarovanın ifasında "Qal sənə Qurban" və "Sənin üçün", Şövkət Ələkbərovanın "Qurban olduğum" və "Neçin gəlmədin", Gülağa Məmmədov "Oxu Tar", Eyyub Yaqubovun "Yenə o bağ olaydı", "Küləklər" və "Ana Dedim", Nǝzakǝt Mǝmmǝdovanın "Oxu sevdiciyim", Alim Qasımovun "Söylə" mahnılarını qeyd etmək olar.

1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən "Mikayıl Müşfiq" quru yük gəmisi suya buraxılıb. 1988-ci ildə Mikayıl Müşfiqin 80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində "Mikayıl Müşfiq ocağı" yaradılıb.

Muzeydə şairə simvolik məzar qoyulub. 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı "Mikayıl Müşfiq ocağı" "Mikayıl Müşfiqin Xatirə Muzeyi" statusu alıb. 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

10 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.