ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanının təqdimatı bu gün sona çatır. Düşünürük ki, romanı bəyəndiniz.

Xoş mütaliələr.

 

 

14-CÜ DƏRC

EPİLOQ

 

зHumay xanım ailəsi ilə birlikdə Türkiyəyə köçmüşdü. Əvvəlcə bu dəyişiklik ona çətin görünsə də, zamanla öyrəşmişdi. Orada öz sahəsi üzrə işə qəbul olmuş, yeni həyatına uyğunlaşmışdı.

зGünlər, aylar, illər bir-birini əvəz edirdi. Artıq Türkiyədə yaşamaqlarının beşinci ili idi. Humay xanımın doğum günündə, yoldaşı ona bir zərf uzatdı. Həyəcanla açanda, içərisində iki təyyarə bileti vardı – istiqamət: Azərbaycan. Bu hədiyyə, Humay üçün ən gözəl sürpriz idi.

зİllərdir vətən həsrəti çəkmişdi. Bunu yoldaşına büruzə verməsə də, içində hər zaman o torpaqlar üçün darıxmışdı. Tək təsəllisi anasının da, yanında olması idi.

зNəhayət, uşaqları anasına əmanət edib, on günlük bir səfərlə Azərbaycana qayıtdılar. Buradakı evlərini satmadıqları üçün, birbaşa öz köhnə evlərinə yerləşdilər. Bir neçə gün doğmalarını, qohumlarını ziyarət etdikdən sonra, Humay həmişə sevdiyi dəniz sahilinə getmək qərarına gəldi.

зBura çox dəyişmişdi, amma onun üçün hər şey eyni idi. Xatirələr canlandı, o anları yenidən yaşadı. Dərin bir nəfəs alıb saf havanı ciyərlərinə çəkdi. Birdən, biri ona tərəf baxırmış kimi hiss etdi. Tanış bir sima… Diqqətlə baxanda gözlərinə inanmadı.

з- Rüstəm bəy? Bu sizsiniz? – deyə təəccüblə səsləndi.

Rüstəm bəyin üzündə bir təbəssüm yarandı. O da eyni hissləri yaşayırmış kimi görünürdü.

з- Bəli, mənəm, Humay xanım.

з- İnanın, illər sonra sizi yenə burada görəcəyim heç ağlıma gəlməzdi.

з- Doğrudan da, xoş təsadüfdür.

- Hər şey yaxşıdır? 

зRüstəm bəy gülümsədi.

з- Həm də çox yaxşıdır… Əgər vaxtınız varsa, birinci dəfə olduğu kimi, bu qayaların yanında əyləşib, danışaq.

з- Əlbəttə, buyurun. Lakin mənə xüsusilə yoldaşınızla olan münasibətiniz maraqlıdır. Ona etiraf edə bildinizmi?

зİkisi də tanış qayalıqlara doğru addımladı. Hava sakit idi. Dalğalar asta-asta sahilə çırpılırdı.

зRüstəm bəy danışmağa başladı:

з- Bunları xatırlamağınıza sevindim. Elə mən də sizə bu barədə danışmaq istəyirdim. O gün, evə inamla qayıtdım. Düşünürdüm ki, yoldaşımla danışacağam, ona hər şeyi izah edəcəyəm. Amma qapıdan içəri girəndə, onun o mehriban baxışlarını gördüm və cəsarətim yenə içimdə boğuldu. Günlər keçdi, amma mən yenə də heç nə deyə bilmədim. Sonra başa düşdüm ki, ürəyimdə daşıdığım bu yükü sözlə ifadə edə bilməyəcəyəm…

з- Yəni, heç nə demədiniz?

зRüstəm bəy başını tərpətdi.

з- Xeyir, demədim. Amma yazdım.

з-Yazdınız?

з- Bəli. Bütün hisslərimi, etdiklərimi, peşmançılığımı bir məktubda toplayıb yoldaşıma verdim. Ondan, tək olanda oxumasını istədim. Məktubu alanda, təəccüblə üzümə baxdı, amma heç nə demədim. Sadəcə evdən çıxıb getdim.

зHəmin gün evə qayıtmağa belə cəsarətim yox idi. Gecə yarısı nəhayət evə döndüm. İçəri girəndə səssizlik hər yeri bürümüşdü. Elə sandım ki, hər şey bitdi… Qorxu ilə yataq otağına baxdım, amma o orada yox idi. Dolabı açdım – əşyaları yerində idi. Uşaqlar da yatmışdılar. Bir tək o yox idi…

зOtağı tərk edərkən masanın üzərində açılmış məktubu gördüm. Kağızda qurumuş göz yaşları vardı… O an nəfəs almaqda çətinlik çəkdim, elə bil boğulurdum. Dizlərimin üstündə yerə çökdüm, başıma vuraraq öz-özümə pıçıldadım:

з“Sən nə etdin, Rüstəm?!” 

зHəyəcanla ona zəng etdim, amma cavab vermədi. Dəfələrlə yığdım, nəticə eyni idi. Nəhayət, qapının açılma səsini eşitdim. Qarşımdakı mənim illərlə sevdiyim qadın idi, amma baxışları tamamilə yad idi… O gecədən sonra həyatım tamamilə dəyişdi. Yoldaşım mənim varlığımı belə görməzdən gəlirdi. Uşaqlarım belə nə baş verdiyini anlamırdı. O, danışmırdı, dinləmirdi, sadəcə susurdu. Amma mən qərarımı vermişdim. Onları itirməyəcəkdim. Hər gün yeni bir məktub yazır, yastığının üstünə qoyurdum. O, oxuyub-oxumurdu, bilmirəm. Amma susmağa davam edirdi.

зBir gün qızım yanıma gəldi və dedi:

з- Ata, bilmirəm aranızda nə baş verib, amma inanıram  anam səni bağışlayacaq. Çünki sən yaxşı atasan, ailəni sevən bir insansan.

зOnun bu sözləri içimdəki ümidi daha da alovlandırdı. Son məktubumu yazmağa hazırlaşırdım ki, yoldaşım otağa keçib qapını bağladı. Mən dəhlizdə qapısının qabağında əyləşib onun çıxmasını gözləyirdim. Ayağa qalxmaq istəyirdim ki, ayağım sürüşdü. Başımı divara çırpıb huşumu itirdim.

Gözlərimi xəstəxanada açanda, yoldaşımın əlimi sıxıb, göz yaşları içində üzümə baxdığını gördüm. Baxışlarında həsrət, sevgi və peşmanlıq bir-birinə qarışmışdı.

з- Çox şükür… – deyə pıçıldadı.

зHəmin an, üzünə baxmağa belə utanırdım.

з- Bağışla… – dedim titrək səslə.

зO isə əli ilə ağzımı bağladı:

- Sus… Keçdi... Hər şey arxada qaldı.

з- Mən səni sevirəm… – dedim sadəcə.

зO gündən sonra həyatımız yenidən yoluna düşdü. Mən artıq özümü tanımışdım.

зRüstəm bəy, Humaya baxıb sakitcə soruşdu:

з- Bir zamanlar mənə bir sual vermişdiniz, xatırlayırsınızmı bilmirəm. O sual belə idi: “Əslində siz kimsiniz?” İndi isə eyni sualı sizə ünvanlayıram: Sizcə, əslində mən kiməm?

зGülümsəyərək cavab verdi:

з-Siz, yaxşı ata, yaxşı həyat yoldaşı və həqiqi xilaskarsınız…

з- Xilaskar?

з- Bəli, xilaskar. Siz təkcə öz taleyinizi deyil, başqasının qaranlığa qərq olmuş həyat yolunu da işıqlandırmağı bacarmısınız. – həm özünüzə, həm də bir başqasına xilaskar olmusunuz.

зBu sözləri dedikcə, o başı ilə təsdiqləyirdi. Onun baxışlarında, əzabın, yorğunluğun izləri yox olmuş, onların yerini, xoşbəxtlikdən parlayan bir ifadə almışdı.

зOnlar eyni anda ayağa qalxdılar. Rüstəm bəy, təşəkkür etdi:

з- Humay xanım, ümid edirəm, yenə bir gün yollarımız kəsişər… Məni bu bataqlıqdan çıxardığınız və özümü tanımağa kömək etdiyiniz üçün sizə ayrıca minnətdaram.

- Rüstəm bəy, hər zaman öz dəyərinizi bilin və sevdiklərinizi tez-tez qucaqlayın. Həyatınızda daim uğur və xoşbəxtlik arzulayıram!

Hər ikisi səmimi bir təbəssümlə sağollaşdı və hər kəs öz yoluna davam etdi...

 

***

Dəniz sahili, sanki keçmişin sirləri ilə dolu bir kitab idi: sahilə çırpılan dalğalar əvvəlcə öz kinini qusur, sonra isə övladını qoynuna gizlədən ana kimi, kiçik qum dənəciklərini qucaqlayıb özü ilə bilinməz bir diyara aparır. Əslində bu mənzərə insanlar üçün də keçərli idi. İnsanın qusduğu keçmişi idi; qucaq açdığı isə gələcəyi. Bunun üçün isə, “Əslində mən kiməm?” sualının cavabını tapmaq lazım gəlir. Bəlkə də, bu sualın cavabını tapmaq üçün ehtiyacımız olan tək şey özümüzlə üzləşməkdir.

 

***

 

Uşaqlıqda kim idin?

 

İnsanların gözündə kimsən? 

 

Özün-özünü necə görürsən? 

 

Bəs əslində sən kimsən?

 

Bu sualların cavablarını bir araya gətirsək, bir bütöv sən yaranarmı? Yoxsa hər cavab ayrı bir sima, ayrı bir fərd kimi səni gizlədən bir maskadır? Ola bilsin ki, bu müxtəlif üzlərin arxasında həqiqi özünü gizlətmisən, ya da elə özün də kim olduğunu unutmusan. Əgər, əsil özün kimi olmaqdan qorxursansa, səni bu qorxuya sürükləyən səbəblər nədir? Səninlə barışmağı əngəlləyən keçmişin, ya da insanların gözündə yaratdığın “mən”dən ayrılmaq qorxusu?

зBu romanı oxudunsa, deməli, artıq bu suallar sənin qapını döyüb. Əsil sən olmaq üçün bir yol var: – bütün qorxularının üzərinə getmək, keçmişinlə barışmaq və içindəki o itirilmiş “mən”i tapmaq. Çünki əsl azadlıq, əsl sən olmaqdan keçir.

зHeç kim üçün yox, yalnız özün üçün, özün ol! Həqiqi mənliyini qəbul et – görəcəksən ki, sən nə uşaqlığının kölgəsisən, nə də başqalarının gözündəki təcəssüm. Sən bütün parçalarının içində gizlənən əsl sənsən!

 

SON

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzov “Ədəbiyyat və incəsənət”in poçtuna həmkarı Əlişad Qaraqasımlının şeirlərini və tərcümeyi halını göndərib. Bu şəxs barədə bilgilənəndə, düzü, çox təəccübləndim.

 

Bilirsiniz ki, sovet dönəmində bizim ən məşhur şair və yazıçılarımız Moskva şəhərindəki SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunun şinelindən çıxırdı. O təhsil ocağı həqiqətən də gəncləri püxtələşdirir, üstəlik, onlara dərc edilmək, tanınmaq, mükafatlar almaq üçün əlavə dividendlər verirdi.

1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olan, Əlişad Qaraqasımlı imzası ilə şeirlər yazan Cəfərov Əlişad Tutuş oğlunun taleyinə də məhz həmin institutda oxumaq düşüb. özü də adları ədəbiyyat tariximizdə xalq yazıçıları və xalq şairləri kimi qalan digər Qorki Ədəbiyyat institutunun azman azərbaycanlı məzunlarından fərqli olaraq o, institutu fərqlənmə diplomu ilə bitirib. Bu, həqiqətən də çox böyük nailiyyətdir.

Və necə olub ki, o, Litinstitut deyə çağırılan o ədəbiyyat ocağının ən nümunəvi və ən istedadlı məzunu sonradan Azərbaycanda nəinki xalq şairi ola bilməyib, heç geniş oxucu kütləsinə də tanıdılmayıb, bax bu, mənə sirr olaraq qaldı.

Təsəvvür edin ki, Əlişad Qaraqasımlı indi öz təvazökar imici ilə hansısa bir saytın “Poeziya” şöbəsinin müdiri olmaqla kifayətlənibdir.

Kamran Murquzov onun şeirlərinin qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, “Kardelen” dərgilərində, o cümlədən respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunduğunu, “Elm”, “Xalq qəzeti”, “Respublika” qəzetlərində uzun müddət çalışdığını da qeyd edibdir. Amma razılaşın ki bunlar xırda təsəlilərdir.

Sizi şairin şeirləri ilə baş-başa buraxırıq.

 

 

BİR APREL

Xalq şairi Rəsul Rzaya

 

Bu ağır itkini varlığım danar,

Necə ki, ölməzlər ölümü danıb.

Aprelin birində bir dost aldanar,

Aprelin birində bir xalq aldanıb.

 

Uca zirvələri çən-çisək aldı,

Yamaca nə qaldı, yala nə qaldı?

Dünyaya gəlməyin həqiqət oldu,

Dünyadan getməyin yalana qaldı.

 

Nurlu misraların, odlu sənətin,

Könlümdən kədəri talan eylədi.

Vuruldum aprelin birinə, şair,

Gerçək ölümünü yalan eylədi.

                   (1 aprel 1981-ci il)

 

 

ANA, SIZLADIM…

 

Sinəmin üstünə gərək daş qoyum.

Bu dərdi mən necə udum, görəsən?!

Kimin dizlərinin üstə baş qoyum,

Kimin ətəyindən tutum, görəsən?

 

Gözümdə bir damla yaş da qalmayıb.

Acı taleyimə, ana, sızladım.

Mənim ki analı günüm olmayıb,

Nə yaman, nə yaman anasızladım!

 

 

DÖRDLÜKLƏR

 

Dünyanı çiyninə alıbdı qoca,-

Əsir yük altında zəif dizləri.

Sual işarəsi olubdu qoca,

Çoxlu nöqtələr tək ayaq izləri…

 

* * *

Dörd divar içində bəslənən hər gün

Qapqara bir daşdır, ürək deyildir.

Kim deyir, arabir tamaşa üçün

Bu geniş üfüqlər gərək deyildir?

 

* * *

Qovaram qəlbimdən ağrılarımı,

Canımla, qanımla yaradaram mən.

Leysanda islanan misralarımı,

İsti şəfəqlərlə qurudaram mən.

 

 

DÜNYA BU GÜN

 

Yenə dinləyirəm son xəbərləri-

Fələstin övladı yurddan qaçaqdır.

Azadlıq altında gizlənənlərin

Arzusu, əməli işğlaçılıqdır.

 

Oğrunun, əyrinin inadına bax:

Başına tac qoyub xalqını soyur.

Bu dövrün, zamanın inadına bax,

Qara xəbərləri Ağ evlər yayır.

 

Əzmini, gücünü açıq duyanlar,

Ölkədən-ölkəyə qovğa ələyir.

Mənliyi, varlığı bİr heç olanlar,

Yüksək kürsülərdən çıxış eyləyir.

 

Həyadan, abırdan qalmayıb əsər:

Çoxu öz-özünü öyən olubdur.

Üz-üzə gəlməkdən çəkinən kəslər,

Efirdə döşünə döyən olubdur.

 

Dalayır qəlbimi min fəğan, min ah,

Silah yarışları başlayır bu gün.

Xalqın əlləriylə düzələn silah,

Xalqın sinəsinə tuşlanır bu gün.

 

Arzu istəyimi daş belə anlar,

Bütün varlıqlara qəlbim həyandır.

“İnsan hüququ”ndan çox danışanlar,

İnsan hüququnu tapdalayandır.

 

 

QISQANIRAM MƏN

 

Hələ vərəq-vərəq oxunmamışam,

Gedişin-gəlişin oxunur sənin.

Bəyaz əllərinə toxunmamışam,

Küləklər saçına toxunur sənin.

 

Otuzu adlayıb gözləmir yaşım,

Sonsuz həsrətindən usanıram mən.

Zülmət gecələrə necə tapşıram,

Səni gündüzlərə qsıqanıram mən?!

 

 

QUŞLAR YUVA QURAR

 

Quruyub qalmışam çölün düzündə,

Əsən küləklər də mənim yağımdı.

İki gün dustağam bu yer üzündə,

İkicə gün olur azadlığım da.

 

Aydındır hər kəlmən ay işığıtək,

Əsərəm yarpaqtək sözünün üstə.

Aralı düşərik iki günlüyə,-

Quşlar yuva qurar izinin üstə.

 

 

BERMUD ÜÇBUCAĞI

 

Arzular, əməllər gülə bilməyir,

Dəhşətli fikirlə oyanır orda.

Əqrəblər yükünü çəkə bilməyir,

Deyirlər, zaman da dayanır orda.

 

Dünyaya bir ümman kədər ələdi,

İlan tək qıvrılıb çaldı dünyanı.

İnsan vəhşiliyi azlıq eylədi,

Qorxunc bir dəhşət də aldı dünyanı.

 

 

QARANQUŞ

 

Ağın başqa yanadı,

Bir yanadı qaran, quş.

Mənə xoş xəbər gətir

Qayçı quyruq qaranquş

 

Ağın da var, qaran da

Niyə yoxdur sarın, quş?

Baharlı sevincindən

Küləkləri yaran quş.

 

Qismətin bahar olsun

Görməyəsən boran, qış.

Yazdan mənə köynək biç,

Qayçı quyruq qaranquş.

 

 

PAYIZ DÖRDLÜKLƏRİ

 

Ümidim bahara itməyibdi ki,

Ümidim qəlbimdə yaraqlanıbdı.

Hansı rəssamınsa əsərindəki

Qadıntək ağaclar çılpaqlanıbdı.

 

 

* * *

Payızda bir ağac gülə bələnib,-

Gizlədə bilməyib bahar heyrətin.

Payız yarpaqların məktub eyləyib

Yazır ünvanına əbədiyyətin.

 

* * *

Bahar çiçəkləri fikirlərimdə,

Payızlı bir nəğmə dindirib məni.

Qızıl paqonları çiyinlərimdə,-

Payız da rütbəyə mindirib məni…

 

* * *

Səmanı çiyninə görən aldımı?

Ağaclar Anteytək çılpaq yaşayır.

Küləklər tələsən poçtalyonumdu,

Payızdan bahara məktub daşıyır.

 

 

QURBAN OLUM

(Azad nəvəmin bir yaşına)

 

Süd qoxulu isti yumşaq

Yatağına qurban olum.

Təzə-təzə ayaq üstə

Durmağına qurban olum.

 

Gəl babanı salma dara

Ürəyinə vurma yara

Şirin-şirin xülyalara

Dalmağına qurban olum.

 

Ruhum uçdu, qəlbim güldü

Çox istəkli nəvəm gəldi.

Həftəsonu babangildə

Qalmağına qurban olum.

 

İzləyirəm izlərini,

Gəl qatlama dizlərini

Buta-buta gözlərinin

Qapağına qurban olum.

 

Mələksifət, açıqalın,

Səni sevir, sağın, solun.

Ağlayanda dördkünc olan,

Dodağına qurban olum.

 

Düşmən çəpərnə daş atdın,

Nəslin başını ucaltdın,

Azad babanı yaşatdın,

Varlığına qurban olum.

 

Yerinə yetsin diləyin

Şad olsun kövrək ürəyin

Səni bizə bəxş eyləyən

Xaliqinə qurban olum.

 

 

İKİNCİ ANA

 

SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.

 

Gərək ürəyimi hər kəsə açam,-

Bir ülvi məxluqdan öyüd alıram.

Otuzu adlayıb

Ötsə də yaşım,

Hər dəfə yanında uşaq oluram.

 

Sənli günlərimi duman-çən almaz,

Ömrümün çiçəyi solmaz önündə.

Məndən küçələrdə

dəcəli olmaz,

Məndən həlimi də olmaz önündə.

 

Min nöqsan görsən də, hər bir işimdə,

Çəkib qulağımı

Burmamısan heç.

Vaxt olub dərsinə gecikmişəm də

Qayıdıb üzümə

vurmamısan heç…

Açıb qucağını Ana Vətən də.

Qəlbim də qırılmaz inamdı mənim.

Mənə ikinci bir

Dil öyrədən də,

Deməli,

İkinci anamdı mənim.

Gərək hər ağırıya-acıya dözəm.

Böyükdür insanın

Səbri, deyirəm.

Bir rus qadınına

Anamdı, desəm,

Çatlamaz Anamın qəbri, deyirəm!..

 

 

YOLDAŞLIQ MƏHKƏMƏSİ

Tələbə dostum, tanınmış şair Maarif Soltana

 

Gözünü, könlünü bulud alsa da,

Özü bulud kimi boşalır, dolur.

İlhamı arabir ayıq olsa da,

Çox zaman gözləri yuxulu olur.

 

Zamanın özüylə yarışan kəsin

Yerişi-duruşu dağlardan ağır.

Yenilik eşqiylə alışan kəsin

Əynindən-başından köhnəlik yağır.

 

Əsrin tufanına sinə gərməyib

Süsəndən, sünbüldən ötür sazında.

Hələ ilk kitabı işıq görməyib

Yaşayır dahilik iddiasında.

 

Əyilir köksünə fikirli başı-

Sanki qurtaracaq kimisə, dardan.

Çəkir imtahana dostu, yoldaşı

Özü iki alır imtahanlardan.

 

Onun bu gününə acıyıb halım:

Bükülür yumaqtək fikrə dalanda.

O qədər tənbəki çəkir bu zalım,

Sinəsi fit çalır nəfəs alanda.

 

Atıb bir tərəfə eşqi, ilhamı,

Bir az qulaq asıb Haqqın səsinə:

İmkanım olsaydı, Maarif Soltanı

Çəkərdim yoldaşlıq məhkəməsinə!

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

İBN ƏRƏBİ BARƏDƏ İKİNCİ YAZI

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

 

İbn Ərəbi: “Quşun köçü ruhun qopub gəldiyinə dönüşünün bənzəridir”

 

Quşun azadlığı təkcə uçuşuna deyil, həm də yolunu tapmasına bağlıdır. Köç edən quşları düşünün. Quşlar minlərlə kilometr məsafə qət edir, heç çaşmadan hədəflərinə çatırlar. Onları istiqamətləndirən görünməz bir İlahi varlıqdır. Ruhun yolu da elədir. İbn Ərəbi insan ruhunun Allahdan gəldiyini və yenə Allaha qayıdacağını izah edir. Quşun köçü ruhun qopub gəldiyinə dönüşünün bənzəridir.

Bir quş pəncərənə qonanda bu sadəcə kiçik bir qarşılaşma deyil, ruhunun dərinliklərinə toxunan bir xatırlatmadır: sən də azadsan, sənin də qanadların var. Bəlkə fiziki qanadların yoxdur, amma qəlbinin, ruhunun qanadları ilə yüksələ bilərsən. Düşüncələrinin, sevgilərinin və inancının qanadları səni adi həyatın fövqünə daşıyar.

İbn Ərəbi ruhunun həqiqətini dərk edən insanın artıq zəncirlərdən qurtulduğunu, azadlığın dadını hiss etdiyini söyləyir. Quş uçarkən qanadlarına deyil, göyə əmanət olur. İnsan ruhu da Allaha yönəldikdə öz nəfsini deyil, İlahi qüdrəti hiss edir. Əsl azadlıq insanın öz istək və ehtiraslarının əsarətindən çıxaraq Allahın hüzuruna yönəlməsidir.

 

 

“Sən də əslində göyə aidsən, qanadlarını xatırla”

 

Quşun azadlığı insan üçün bir güzgüdür. Əgər quşun göyə doğru qanad çalmasını izləyəndə qəlbində yüngül bir rahatlıq yaranırsa, bu, ruhunun öz həsrətini xatırlamasındandır. Ruh göylərə baxanda öz mənbəyini xatırlayır. Quşun yüksəlişi sənə, sənin də mahiyyət etibarilə eyni yolçuluğa çağrıldığını pıçıldayır.

Bəlkə də elə buna görə quşlar peyğəmbərlərin qissələrində və sufilərin mənqibələrində tez-tez qarşımıza çıxır. Onlar İlahi sirlərin səssiz elçiləri kimi təqdim olunur. Göyə yüksəlişləri ilə ruhun azadlığını, yerə enişləri ilə isə Allahın mərhəmətini xatırladırlar. Elə isə pəncərənə qonmuş quşa baxarkən təkcə bir varlığı deyil, öz ruhunun əksini gör. Onun azadlığında sənin daxili zəncirlərini qırmağa çağırış var. Çünki quş sənə səssizcə belə deyir: “Sən də əslində göyə aidsən, qanadlarını xatırla”.

 

 

Quşların zikri həqiqətin ən zərif nümunələrindən biridir

 

Quşların həyatımıza qəfil gəlişi çox vaxt fərq edilmədən keçib gedir. Amma İbn Ərəbinin baxışında heç bir gəliş səbəbsiz deyil. Ona görə hər bir varlıq Allahın bir işarəsini daşıyır. Quş isə bu işarələrin ən diqqət çəkənlərindən biridir. Çünki quş göylə yer arasında hərəkət edir: həm yer üzündə gəzir, həm də göyə yüksəlir. Buna görə də onun gəlişi çox vaxt insana İlahinin nur bəlgəsi kimi görünür. Quşun baxışı, cəh-cəhi və ya səssizcə duruşu həmin anda qəlbinə düşən düşüncə ilə birləşəndə məna kəsb edir. İbn Ərəbiyə görə işarələr insana özəldir. Yəni eyni quş iki fərqli insana fərqli məlumatlar gətirə bilər.

Elə isə bir quş pəncərənə qonanda, bəlkə də Allah həmin an sənə nəsə söyləyir. Vacib olan bunu adi bir hadisə sayıb keçmək deyil, qəlbin gözü ilə görmək, anlamaqdır: “Mənə hansı xəbəri gətirirsən?” Çünki o balaca quşun gəlişi sənin üçün yazılmış bir cümlənin görünməz kağıza düşən hərfləri ola bilər.

İbn Ərəbiyə görə kainatda olan hər şey – fərqində olaq, ya olmayaq – Allahı zikr edir. Qurani-Kərimdə buyurulur: “Yeddi göy, yer və onlarda olanların hamısı Onu təsbih edir. Həmd ilə Onu təsbih etməyən heç bir şey yoxdur” (İsra, 44). Bu ayə həmin həqiqətin əsasını təşkil edir. İnsanlar çox vaxt bu zikri eşidə bilmir, çünki qəlbləri pərdəlidir. Amma pərdə qalxdıqda ən kiçik bir səs belə İlahi bir gözəlliyə – duyğu çələnginə çevrilir.

 

 

 

 

Quşların səssiz zikri təkcə səslərində deyil, hərəkətlərində də gizlidir

Səhərlər eşitdiyimiz quşların cəh-cəhi  sadəcə bir təbiət hadisəsi və ya ünsiyyət forması deyil, Allahın adlarının təcəllasıdır. Bülbülün səsində eşq və həsrət, göyərçinin səsində sakitlik, xoruzun səhər çağırışında isə oyanış nidası var. İbn Ərəbi bu fərqliliyin Allahın “Əsmaül-hüsna”sındakı zənginlikdən qaynaqlandığını bildirir. Hər quşun bir adın əks-sədasını daşıdığını söyləyir. “Quşların səssiz zikri təkcə səslərində deyil, hərəkətlərində də gizlidir: qanad çalmalarında, göyə yüksəlişlərində, bir budaqda səbirlə gözləmələrində… Bunların hər biri Allahın fərqli bir adının təcəllasıdır. Səbirlə gözləyən quş “Səbur”, yüksəklərdə süzən qartal “Cəlil”, balaca bir sərçənin həyat mübarizəsi isə “Rəzzaq” adını xatırladır. Bu səssiz zikr insan üçün böyük bir xəbərdarlıqdır. Çünki insan çox vaxt Allahı dillə zikr etməyi unudur. Halbuki quşlar düşünmədən, zamanı və vaxtı hesaba almadan təbiətləri etibarilə daim zikr halındadırlar”. İbn Ərəbiyə görə, bu hal Allahı mahiyyətindən zikr etməkdir; yəni süni deyil, varlığın özü ilə Allahı anmaqdır.

 

 

“Sən də bizim kimi öz mahiyyətinlə Allahı an”

 

Quşların səssiz zikri eyni zamanda insana bir çağırışdır: “Sən də bizim kimi öz mahiyyətinlə Allahı an”. Çünki quşlar kiçik varlıqları ilə göyə yüksələrkən belə zikri tərk etmirlər. Bu isə insana xatırladır ki, Allahı anmaq üçün böyük sözlərə ehtiyac yoxdur. Bəzən səssizcə oturmaq, bəzən qəlbinin dərinliyində Onu hiss etmək ən güclü zikrdir.

İbn Ərəbinin ən diqqətçəkən vurğularından biri də budur ki, aləmdə heç nə elə-belə yerə baş vermir. Ona görə gördüyümüz, eşitdiyimiz və qarşılaşdığımız hər bir hadisə Allahın bəndəsinə yönəltdiyi bir işarədir. İnsan çox vaxt bu işarələri görmür, çünki zehni məşğuldur, qəlbi pərdələrlə örtülüb. Halbuki diqqətlə baxıldıqda gündəlik həyatın ən xırda detallarında belə İlahi bir mesaj gizlidir.

Bir quşun pəncərənə qonması bunun ən gözəl nümunələrindən biridir. Sən bunu qısa bir qarşılaşma zənn edərsən. Halbuki İbn Ərəbiyə görə bu hadisə sənin halına uyğun bir İlahi işarə ola bilər. Bəlkə səbirli olmağın gərəkdiyini, bəlkə də artıq hərəkətə keçməyin vaxtının çatdığını pıçıldayır. Çünki Allah bəndələri ilə fərdi işarələr vasitəsilə danışır. Eyni hadisə müxtəlif insanlar üçün fərqli mənalar daşıyır.

 

 

 

Tanrı hər kəsin pəncərəsinə Qumru quşu qondursun

 

Gündəlik həyatda rast gəldiyimiz bir çox hadisə əslində eyni həqiqəti göstərir. Qəfil yağan bir yağış Allahın bərəkətinin işarəsi ola bilər. Qarşına çıxan bir yad adamın dediyi tək bir cümlə isə qəlbinin dərinliyində uzun müddətdir cavab gözləyən bir suala son qoya bilər. İbn Ərəbi bu hadisələrin “təsadüf” adlandırılmasını qəbul etmir. Onun baxışına görə hər şey müəyyən bir nizamın parçasıdır və bu nizamın arxasında Allahın hikməti, möcüzəsi dayanır.

İbn Ərəbinin ən böyük qənaətlərindən biri isə budur: Allah bəndələri ilə daim danışır, lakin çox vaxt bəndə Onu eşitmir. İşarələr isə hər yerdədir. Bunu Qurani-Kərim də təsdiq edir: “Allah görəndir, biləndir, eşidəndir!”

Bir quş pəncərənə qonur, qısa müddət dayanır və sonra qanad çalaraq uçub gedir. Həmin an geridə bir sükut qalır. Amma bu sükut deyil, sükutun sonundakı tufanın, qasırğanın, nisgilin, ayrılığın, sonsuz, hüdudların məlum olmayan sevginin harmoniyasıdır. Bəlkə də əbədi vüsalın şərbət camından süzülən cənnət nemətidir. Çünki İbn Ərəbiyə görə hər qarşılaşma bir imtahan, hər ayrılıq isə bir ruhun vicdanla dialoqudur. Tanrı müqəddəslərin üzü suyu hörmətinə hər kəsin pəncərəsinə bir quş qondursun. Sevginin, məhəbbətin, səadətin, sədaqətin, isti yuvanın rəmzi olan Qumru quşu!

 

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Bazar, 07 İyun 2026 12:51

“7 iyunun yazısı” - VARİS

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “7 iyunun yazısı” essesini təqdim edir.

 

İnsan niyə yaşayır? Məqamsız məqsədsiz gün keçirmənin dividendləri hansılardır, ali məqsədlər üçün özünü fəda edənlərin bəs?

“Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı”, - yazır yazıçı.

 

 

 

VARİS

7 İYUNUN YAZISI

 

“25-ci saat” adında brend yaratmalıyam, günümüzdəki bu vaxt qıtlığında hər kəs 25-ci saata hədsiz ehtiyac duyur.

“Kimsəsizlər küçəsində apokalipsis” adlı roman yazmalıyam, zatən bütün tənhaların bir qan qohumluğu qədər yaxınlığı var. 

Amma “Unuda bilməzsən” (You can’t forget) adlı film çəkməyə daha istəkliyəm.

 

Bir gün sən də anlayacaqsan. Anlayacaqsan ki, keçmiş daim insanı qarabaqara izləyir, məqam gəzir ki, onu yolundan sapındırsın. Və anlayacaqsan ki, heç sən də UNUDA BİLMƏZSƏN!

 

 

1-ci etüd

 

Yaz və yay yağışlarını o qədər sevirəm ki. 

Hətta bu yaşımda belə yazda, yayda yağış yağdımı, eynən uşaqlar kimi qaçıb əllərimi yana açaraq, üzümü səmaya tutaraq islandıqca islanmaq sərməstliyi yaşayasıyam.

 

Və bir də. Elə ki səssizlikdə içimin sükutuna dalıram, birdən hardansa lap uzaqlardan qulağıma musiqi sədası gəlir. Tam diqqət kəsiləndə bəlli olur ki, bu səs içimdən gəlirmiş.

Mən daim bu iç musiqimin – o bir simfonik əsərdir – hansı bəstəkara məxsus olduğunu araşdırırdım, Bethovenin, Motsartın, Şopenin, Baxın, Ştrausun, Listin, digərlərinin əsərlərini dinləyirdim... Amma həmin musiqiylə rastlaşmırdım ki rastlaşmırdım. Və bir gün Madriddəki Kafedral kilsə-muzeydə o ilahi musiqini axır ki eşitdim. Dərhal başılovlu halda xidmətçilərə yaxınlaşanda Tomazo Albinoninin “Adajio”su olduğunu öyrəndim. Ecazkar musiqinin müəllifi 17-ci əsrdə Venesiyada yaşamış Barokko epoxasının bəstəkar-skripkaçısı imiş.

Bu yağış sevgisinin də, bu daxilimdə musiqi səslənməsinin də səbəbinin nə olduğunu uzun illər bilmədim ki bilmədim...

Anamın vəfatından sonra şəxsi əşyaları içində bütün bu illərdə bizdən gizlətdiyi xatirə dəftərini aşkarladıq. Ordan oxuyanda ki, dünyaya gəldiyim 7 iyun günündə yağış yağırmış, xeyli təəccübləndim. Oxuyanda ki, həmin gün doğum evinin hava radiosunda da simfonik musiqi səslənirmiş, heyrətdən donub qaldım.

Magik realizm!

 

 

2-ci etüd

 

Qorxudan ibadət etməklə sevərək ibadət etməyin fərqi böyükdür.

 

3-cü minillikdə dünya ədəbiyyatının inkişaf tendensiyasında başlıca amil elitar və kütləvi ədəbiyyat sərhədlərinin aradan götürülməsidir. Kanonik klassisizmin yaratdığı ehkamlar da uçulub dağıdıldı, postmodernizm bastionu da çökdü. Non-fiction son on ilin ən tələbolunan kitabına çevrildi. 

Bu gün bütün Amerikanın başılovlu halda Conatan Franzenin kitablarını axtarması, yəni, sizə heç nə demir?

 

Qəssab dükanında da, gül dükanında da eyni mənzərə var əslində. Birində başları kəsilərək, digərində kökündən qoparılaraq öldürülən canlıların ruhları dolaşır. Di gəl, bunların hər ikisi insanların böyük həvəslə baş çəkdikləri məkanlardır.

 

Keçmiş Nobel prospekti ilə gedirdim, bərk tıxaca düşdüm və nədənsə eyniadlı mükafat barədə düşünəsi oldum. Bax, Milan Kunderaya Nobeli vermədilər və o, dünyadan küskün getdi. Ondan öncə Umberto Ekoya da Nobeli verməmişdilər və o da dünyadan küskün getmişdi. Haruki Murakamiyə də Nobeli verməməkdə israr edirlər və onun da dünyadan küskün getməsinə çalışırlar. 

Nobel başbilənləri bir şeyi anlamaq istəmirlər ki, ən yaxşılara veriləsi nəsnə ən yaxşılara qismət olmadıqca dəyərini itirir. Anlamaq istəmirlər ki, “Ölməzlik” elə “Qızılgülün adı”ndadır, “Norveç meşəsi”ndədir.

Bakının Nobel prospekti artıq tarixdir. Ədəbiyyat üzrə Nobel mükafatının da tezliklə tarixə çevrilməyəcəyinə kim zəmanət verər ki?

 

Mənfəətgətirici bütün nəsnələr ya o qədər qaynardır ki, əl vuranda yandırır, ya da o qədər soyuqdur ki, toxunanda dondurur. Bizimsə əllərimiz ilıq və sərinlərə öyrəşib. Odur ki, onlarsız keçinməli oluruq. 

 

İnsan ömrü adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarətdir. Bir bədbəxt gün iki xoşbəxt günü aparır - “Qızıl cib saatı” romanımın epiqrafıdır.

Bu tarixi trillerə həddən çox zaman və enerji qoydum. Ədəbi elitanın onu bəyənməsini yazılan resenziyalar, oxucuların bəyənməsini yüksək satış faizi isbatlayır. Eyni zamanda hər iki cəbhədən rəğbət almaq çox çətindir. 

Amma sözüm bunda deyil, sözüm ondadır ki, insan ömrünün adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarət olması bir həqiqətdir. Qələmlərə qara mürəkkəb çatdırmaq olmur. Qırmızı mürəkkəbsə əksərən istifadəsiz qalır.

 

Və xoşbəxtlik – 

Yer kurəsinin hansısa okeanına,

dağına,

meşəsinə,

Yaxud hansısa şəhərinin

insan uzdihamı arasına düşən

bir iynə.

Axtarıram onu

Ömrümü yelə verə-verə,

Deyinə-deyinə. 

 

 

3-cü etüd

 

İnsan biləndə ki qanadı var, gec-tez uçacaq.

 

Div-insanlar adi insanların görmə bucaqlarını bütün zənginliklərə bağlayaraq bir tikə çörəyə açmaq üçün, o çörəyə əlləri çatınca isə onları “min şükür” deməyə alışdırmaq üçün yaranıblar.

 

Sevinc kədərə, şənlik yasa, arzu puçluğa ağ bayraq qaldırdıqca fasiləsiz ağ parça istehlakçısına çevrilirsən. Və bir gün ağ parçalar tükənir, kəfən olan sonuncuya bürmələnirsən, ömür ölümə ağ bayraq qaldırır.

 

Qatilin əksi öldürdüyü adamın gözündə ilişib qalır. Öləndə gözlərimdə Qəddar Həyatın əksi qalacaq.

 

Bürkülü yay gecəsinin

Havasızlığına qapanmışam. 

Bu böyük, gen məmləkətin

Yuvasızlığına tapınmışam.

 

Ulduzlar göz qırpırlar,

Gah yanır, gah sönürlər.

Xatirələr əlçim-əlçim

Başıma tökülürlər.

 

Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı.

 

Haqqı nahaqqa çevirən

Konveyerlər qoşulubdu.

Orda qılınc çəkən gördüm

Burda silah tuşlanıbdı. 

 

Bilmirəm, harda dayanım,

Bilmirəm, hayana gedim. 

Deyiləsi çox şeylər var.

Mən lap azcasını dedim. 

 

 

4-cü etüd

 

Palçıqdan çıxmaq üçün ətrafdakı quru adacığı görmək lazımdır.

 

Dekadentçilər müasir dövrdə yenə əl-ayaq açıblar, “sənət sənət üçündür” taftalogiyası ilə silahlanaraq, artıq kuluarlarda da deyil, efirlərdə, mətbuat səhifələrində, sosial media statuslarında iddia edirlər ki, yaxşı filmi, yaxşı musiqini, yaxşı rəsm əsərini, yaxşı romanı kütlə anlaya bilməz, bunlara nə baxan olar, nə bunları dinləyən, nə də oxuyan. Deyirlər, yaxşı deyilən hər nə varsa pisdir, pis hesab edilənlərsə yaxşıdır. 

Bu əbləhlərə kimsə niyə başa salmır ki, bəs niyə yüz illərdir ki, yüz milyonlar Rembranta, Da Vinçiyə heyranlıqla tamaşa edir, Fellinini, Kurasavanı durmadan izləyir, Şopeni, Bethoveni qopmadan dinləyir, Hüqonu, Markesi heyrətlə oxuyur? 

 

Qaranlıq və işıq sözləri var, adi halın ifadəsidir. Biri də var qaranlığın və işığın metaforası. Bizimçün illərdir ki, bu iki söz metaforik anlam daşımaqdadır.

 

Çağdaş Azərbaycan ədəbiyyatının klassikası, təkrar edirəm, çağdaş ədəbiyyatımızın klassikası deyiləndə ilk əvvəl həm poeziyada, həm prozada dörd ad yada düşür. Poeziyada bu dörd ad Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz və Sabir Rüstəmxanlıdır. Prozada isə bu dörd ad Anar, Elçin, Kamal Abdulla və...

Əkrəm Əylisli aldandı, yolundan sapındı, bir səhv buraxıb xalqın sevimli yazıçısından “Daş yuxular”ı yazan Əkrəmə çevrildi, sonradan da bunun altını çəkməyə məcbur oldu. Yoxsa ki, “Adamlar və ağaclar”ı, “Mənim nəğməkar bibim”i, “Ürək yaman şeydir” i yazan Əkrəm nöqtələrin yerində dayanacaqdı.

 

Kaş ki bunu edə biləydik. Kaş ki onu başa çatdıraydıq. Kaş... kaş... kaş... İstəklərimiz balina, imkanlarımız kilkə balığı...

 

Sumqayıtdakı mənzilimizin üç otağı və iki eyvanı kitablarla, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetinin, “Azərbaycan” və “Ulduz”jurnallarının toplamsayları ilə dolmuşdu. Atam yeni kitab seriyalarına, qəzet və jurnallara abunə olduqca ədəbiyyat əlindən evimizdə tərpənmək olmurdu.

Amma anam heç vaxt gileylənməzdi, işdən gələndə yorğun-arğın otaqlara əl gəzdirərkən səbirlə kitabların, qəzet-jurnalların tozunu alardı.

Düşünürəm ki, indi ədəbiyyatımızın tozunu almaq üçün mehriban əllərə yamanca ehtiyac var.

 

 

5-ci etüd

 

Baharda yollarına o qədər gül-çiçək səpdim…

Bilə-bilə ki, payız onları solduracaq.  

Amma payızdan qabaq, onları ayrlıq soldurdu… 

(Bu məmləkətdə minlərlə sevgi hekayətini müharibə yarımçıq qoyub)

 

İki rəfiqə tanıyıram. Birinin 51 yaşı var, 1993-cü ildə nişanlısı 1-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O vaxtdan ailə həyatı qurmayıb, gedəninin bir gün qayıdacağına inanaraq yaşayır. 

Digərinin 24 yaşı var. 2020-ci ildə nişanlısı 2-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O da gedəninin geri dönəcəyinə inanaraq yaşayır. 

Onları dərd birləşdirir, bir də inam. Bəlkə də, inamı dərd qədər mətinləşdirən başqa nəsnə yoxdur.

 

Dəbdəbəli sarayların şəhid tabutları çıxan kasıb daxmalara necə qibtə etdiyinin dəfələrlə şahidi olmuşam.

 

Qapına gedən çığırları

bir azdan bəyaz qar örtəcək.

Qar sevincini götürüb də 

küknardan oyuncaq tək asaq. 

 

Amma nə yazıq, o qarlı kəndardan

 içəri adlaya bilməyəcəm. 

Sənə doğru yollar

yasaq mənə, 

yasaq. 

 

 

6-cı etüd

 

İndi bir para ağzıgöyçək peyda olub. Bunlar Stalin dönəmində yaşamış ziyalılarımızı satqınlıqda, xainlikdə ittiham edərək onlara çamur atırlar. Arxivlər açıldıqca, o dəhşətli illərin real mənzərəsindən xəbərdar olduqca bu üzdəniraqlara nifrətim lap artır.

1953-cü ildə Elmlər Akademiyasının prezidenti Musa Əliyev, vitse prezidenti Səməd Vurğun idi - iki dost. Fevral ayında Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verir, “tapşırığımı yerinə yetirməsən özündən küs” deyir. Bu tapşırıq iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu. 

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşür. 

Bəzən Allah özü insanın köməyinə yetmirmi? SSRİ rəhbəri İosif Stalinin vəfatı xəbəri gəlir, Mir Cəfərin başı qarışır, verdiyi ultimatum bir müddət yadından çıxır. Amma iyul ayında Bağırov yenidən bu məsələnin üstünə qayıdır. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırır. Musa Əliyev səhərədək gözünü yuma bilmir. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban getməliydi. 

Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas olur. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının da sədri idi. Və saat 11-ə sayılı dəqiqələr qalanda Kremldən onun adına teleqram gəlir ki, Ali Sovetin növbədənkənar iclası keçiriləcək, təcili Moskvaya gəl. O, Moskvaya uçası olur, bir həftə davam edən iclaslarda iştirak edir, fikri isə Bakıda qalır, axı orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi. 

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir. Həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxır, gündəmi zəbt edir. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu. Beləcə həm Musa Əliyev, həm də Səməd Vurğunla Mirzə İbrahimov qurtulurlar.

Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katibin seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilir. Kremlin nümayəndəsi öz namizədlərinin adını çəkibmiş – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşır və deyir ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm. 

Bu gözlənilməz addımdan hamı təəccüb içində qalır. Səməd Vurğunun şair qəlbi onu dostunun etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Bu dəm onu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söyləyir ki, mən öz namizədliyimi geri götürürəm...

İndi arxaya boylandıqca, tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyevlər, Səməd Vurğunlar həqiqətən də xalqın kisəsindən gediblər.

Heç iki il keçməmiş - 1956-cı il mayın 24-də cəmi 50 yaşında Səməd Vurğun vəfat edir. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək Musa Əliyev üçün çox sarsıdıcı olur. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət simvolu idi. Musa Əliyev sonradan xatirələrində bir dəfə Səməd Vurğundan eşitdiyi bu kəlmələri qeyd edəcəkdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün çətinlik yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm” 

Səməd Vurğun də repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr?

 

“Bir dəfə yaşayırıq, hərəmiz bircə dəfə…” - Bu məşhur mahnını kim dinləməyib? Çox təəssüf ki, bu bir dəfə yaşantımızda haqqımıza girənlər bizi xoşbəxt olmağa qoymurlar. Yalnız əzab, əziyyət, zülm çəkmək olur qismətimiz. 

 

 

7-ci etüd

 

Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.

Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər? 

Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.

 

Keçmişdə Leyli və Məcnun, Romeo və Cülyetta, Tristan və İzolda sevgilərində sevənlər yalnız ürəyin hökmüylə sevirdilər, onları ürək buxovlayırdı. İndisə bütün sevgilərin əsas idarəedicisi beyindir. O vaxtın sevgisi özünÜ fəda etmək idi, indisə özünƏ fəda etməkdir.

 

Mən səni heç sevmədim ki…

Görüş yerlərimizdə cövlan edən 

Sənin saçlarını qarışdıran küləyi sevdim…

Bütün umu-küsülərin fövqündə dayanan,

Səni durmadan bağışlayan, bağışlayan

ürəyi sevdim…

 

Mən səni heç sevmədim ki…

Gecələrin bizlərə tamaşa edən lal sükutunu, 

uyuyan günəşə keşik çəkən Ayı sevdim…

Gündüzlərin şaqraq səs-sədasını,

Az qala hər gün bizə görüş bəxş edən

həmin qızmar yayı sevdim…

 

Səni heç sevmədim…

Gülüşünü, baxışını, oturuşunu-duruşunu,

naz-qəmzəni, öpüşünü sevdim…

Tində dayanıb, o ki ürəyi döyünə-döyünə 

yolunu gözləyirdim,

qaçaraq gələn, həyəcan səpən görünüşünü sevdim. 

 

Mən səni heç sevmədim ki...

Sevgi badəsini sərxoşcasına başıma çəkib

Dumanlı beynimdəki ayıqlığı sevdim.

Mən səni heç sevmədim...

Bizdən çox-çox uzaqlarda dayanan 

Amma işıq sürəti ilə üstümüzə səkən

ayrılığı sevdim...

 

 

8-ci etüd

 

Arxaizmlərlə neologizmlərin sərhədi itəndə bizə arxaizmlər neologizmlər kimi sırınır.

 

2024-cü ildə gənc ədiblərin yazdığı postapokaliptik fantaziyalar, feyk memuarlar, elfpanklar, kiberpanklar ədəbiyyat generallarını təəccübləndirə bilməz, amma yazdıqları antik dövr vodevilləri və farsları isə təəccübləndirər. Janr ierarxiyası qol-budaq atdıqca mamır basmış köhnələr improvizə üçün daha cəlbedici görünmürmü? 

 

Maddi ölüm yaşasaq da mənəvi ölüm yaşamağa haqqımız yoxdur.

 

Cəlil Cavanşirlə Şəhriyar del Gerani çox istedadlı şairlərdir, ancaq onlar bir çox şəxsi problemlərin məngənəsində boğularaq yaradıcılıqla məşğul olmağa məqam tapmırlar. “Giriş qadağandır” işarəsini qoyaraq problemlərin onlara basqısını əngəlləyə bilmək necə də gözəl olardı.

 

Antoqonist cəmiyyətlər daha sürətlə inkişaf edirlər. Ya proqresə, ya reqresə doğru.

 

Ömründən bitmək bilmədən buz sırsıraları asılanın qış fəslindən nə qorxusu.

 

Uşaq vaxtı biz qızlı-oğlanlı ortadaqaldı oynayardıq. Bir nəfər ortada qalar, iki nəfər hərə bir səmtdə onu topla vurmağa çalışardı. Vuranların işi asan idi. Nə var ki, rahatca yerində dayan və topla vur. Ortadakı isə zillət çəkirdi. Daim həyəcan, təşviş içində topludan topsuza tərəf qaçmaq, zərbələrdən yayınmaq çox çətindi. Yalnız bəlli vaxta qədər duruş gətirməliydin ki, ortada qalmaqdan xilas olasan.

Hərdən mənə elə gəlir, mən hələ də o oyundayam, yaddan çıxıb ortada qalmışam. Həyəcanla, təşvişlə üsümə gələn toplardan yayınmağa çalışıram…

 

Bir yandan müharibələr, təbii fəlakətlər, epidemiyalar... Bir yandan insanlığın deqradasiyası... Dünyamızdan yaman nigaranam.

Yaman nigaranam dünyamızdan.

 

Mən nə arzulayıram axı.

Bir qədər azadlıq,

Bir qədər rahatlıq,

Bir qədər bəxtiyarlıq...

 

Sabah “nə olacağ”ın, “necə olacağ”ın

nigarançılığından qopub

günəşin çıxmasına,

batmasına baxım,

Ağrısız, acısız

çiçəkləri qoxulayım,

baxışlarımla mavi dənizə axım...

 

Arzuya bir bax:.

Köhlən ata minərək 

istəklərin dalınca çapmaq,

Yorulmadan, usanmadan

hey yazmaq, yazmaq.

Nə qədər olar,

Nə qədər, nə qədər, nə qədər olar,

bu iynə ilə gor qazmaq?

 

Mən nə arzulayıram axı,

deyirəm, ümidləri qırmayın,

yaxşılarasa qıymayın...

Şər üçün şumladığınız torpaqda,

Nə olar, bir az da xeyir toxumları əkin.

Hamı əməlinə görə

cəza almalıdır, deyilmi?

Di gəlin, məni də

arzularıma görə

çarmıxa çəkin.

 

 

9-cu etüd

 

-Qalxın, məhkəmə gəlir!

Özümə bir şeyi bağışlamayacağam. Saysız-hesabsız fikirlərimi qətlə yetirməyimi. Onlar beynimdə embrion kimi yarandılar, kağıza köçürüb doğuşlarını təmin etməliydim, mənsə “bu gün-sabah” deyə-deyə gündəlik qayğılardan vaxt tapa bilmədim, nəticədə zaman keçdikcə unuduldular, beyindəcə öldülər fikirlərim…

Beyin fikir qəbristanlığıdır və məndə bu qəbristanlıq tamamən dolub. Yenisini inşa etməkçün yeri haradan tapım? Qəbir yerləri axı indi od qiymətinədir. 

 

İlk insanların - ağlığından, qaralığından, sarılığından asılı olmayaraq bütün bəşər övladlarının ən ulu baba-nənəsi sayılan Adəmlə Həvvanı Allah torpaqdan yaratdı deyə öləndə də hamımızı torpağa basdırırlar ki, cəsədimiz torpağa qarışsın. Yəni, hardan başlamısansa orda da bitməlisən. 

Bəs minaya düşən, təyyarə qəzasına uğrayan, yaxud dənizdə batan və meyitləri ələ gəlməyənlərin, yəni ki, torpağa basdırılmayanların Adəmlə Həvvaya aidiyyatı yoxdurmu? 

 

Gənclərin də arzuları var, qocaların da. Fərq yalnız ondadır ki, vaxtları gen-bol olduğu üçün gənclərin arzuları daha uzaqlara pərçimlənir, qanadlıdır. Qocaların arzularısa seytnotdadılar deyə, sanki bir addımlıqdadır, qapı dalındadır, əl uzatsan çatar. 

-İnşallah, uşaqlar böyüyəndə evi daha böyüyünə dəyişərik.

-Allah qoysa, qışdan çıxaq, əyin-başımızı təzələyərik.

 

 

10-cu etüd

 

Hovodorovskinin fikridir, deyir, gəldiyin yeri bilmirsənsə, getdiyin yerə yetişəmməzsən.

 

Hər bir insan dünyaya öz pazlını yığmaq üçün gəlir. Və yığıb qurtardıqda da çıxıb gedir. Kimisinin bəxtinə lap sadəsi düşür, bu məşğuliyyət cəmi 1-2 il çəkir, kimisinə isə çətinin çətini düşür, hətta 90-100 il yığmağa, yaşamağa davam edir. 

 

Lap uşaqlıqdan təsəvvür etmək istəyirdim ki, görəsən insanın sonu necə olur. Amma heç vaxt da işıqda durub zülməti görə bilmirdim. Bax bu ilin 7 iyun günündə həmin görüntünü, hər halda, ala bildim. 

 

Sonra yorğunluq gələr,

Ayaqlarını ardınca sürüyüb,

Yorulub əldən düşərsən.

Sonra bezginlik gələr

Nəyə əl atmaq istəsən

ona ilişərsən.

 

Sonra da təkliyin növbəsi çatar.

Ətrafında nə yaşıdların qalar,

nə dostların.

Ardınca iştahdan da kəsilərsən,

Yox olar məclislərin,

yox olar tostların. 

 

Gileylənərsən ki, 

bu möhnətə necə dözüm,

Şikayətlənərsəki, 

Necə tab gətirim bu zülmə. 

Və küləkli bir gündə

Çıxıupuzun bir küçəyə

Bir taksiyə oturub deyərsəki

Aparməni ölümə. 

 

P.S. Amma mən ölümdən sonrakı həyata inanıram. Və hətta mənə elə gəlir ki, insanlar dünyadan köçərkən bu dünyada dada bilmədikləri, məhrum olduqları xoşbəxtlikləri Gözəgörünməz bir boxçaya yığıb onların qoltuğuna vurur ki, o dünyada geninə-boluna istifadə edə bilsinlər.

O dünyanın insanları adi insanlardır.

O dünyada div-insanlar yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2026)

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.

Ömrünü- gününü ədəbiyyata həsr etmiş, Sumqayıtda yaşayıb- yaratmış, Sumqayıt ədəbi mühitinin yaranmasında və inkişafında böyük xidməti olmuş ustad şair, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli bu gün – 5 iyun 2026-cı il tarixində, səhər saatlarında “Sumqayıt Hospital”nda dünyasını dəyişib.

 

Əslən Füzuli rayonundan olan ustad şair bu dünyada 88 il ömür sürdü, Füzulinin azad olunduğu günü görməyi arzulayırdı, nə yaxşı ki o günü görə bildi, məhbus Füzuli barədə yazdığı silsilənin ardınca azad Füzuli barədə şeirlər yazmağa macal tapdı.

Məşhur “Qorxusu yoxdur” şeirində deyirdi ki,“Doxsana yetməyin özü qorxudur, Yüzdən o tərəfə qorxusu yoxdur”. Əfsus ki, doxsanın cəmi iki addımlığında yolu qırıldı.

 

QORXUSU YOXDUR

Altmışım arxada qalıb haçandır,
Haçandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb uçur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözu qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Sumqayıt bölməsindən verilən məlumata görə, şairlə vida mərasimi sabah – iyunun 6-sı saat 11.30- da Sumqayıt Poeziya Evində keçiriləcəkdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Cümə, 05 İyun 2026 11:35

O, artıq bir xəyaldır..

 

 

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Hər kəs ömründə bir dəfə də olsa xəyal edib bütün varlığı ilə o (istədiyi) anda olub..

Bəzi xəyallar bizi keçmişə qonaq apararkən, bəziləri gələcəyə səsləyir. Mən də gələcəyi onsuz da yaşayacam deyib, daha çox keçmişi axtaranlardanam.

 

Bu gün yanımızda olub, nəfəsini hiss etdiyimiz insanlar başqa gün bizdən uzaqlarda bir xəyal olur. Bəziləri isə bunu sadəcə itirəndən sonra fərqinə varır..

Xəyalla yaşamaq mümkünmü görəsən? Mümkündü..

Çünki Xəyal yaşanmışlara və geri qaytarılması mümkün olmayanlara duyulan özləm, ola bilərlərə, bəlkələrə tutunan təsəllidir bəzən..

“Kaş ananı geri qatara biləydim ama nə edim əlimdən gəlmir..” – heç gözləmədiyim anda eşitdiyim sözlər gözlərimi doldursa da ağlamadım..

Bu sözlər xəyal ilə gerçəkliyi ayırırdı.. O artıq bir xəyal idi!

Bəzən birinin ağzından çıxan kəlmələr səni sarıb sarmalar, bəzən də səni özündən ayırıb uzaqlara aparar..

Bir anlıq dediklərini düşündüm, əgər istədiyimiz hər şeyi edə bilsəydik heç kimin xəyalı olmazdı..

Bəzən də deyilir ki, xəyal et ki gerçək olsun..

Xəyal və gerçəklik bir düşüncə deyilmi?

Bəs düşüncəni fərqinə varan şeyi düşüncədən ayıran şey nədir?

Hər kəs dünyaya gələrkən bir istiqamətdə bilet alıb, geri dönüşü olmayan. Sərnişinlər həyatlarını gələcək keçmiş deyə  ayırıblar, varlıqlarına bədən və zehin deyə baxırlar.

Əgər bu cür ayrımlar olmasa özlərinin var olduqlarını anlaya bilmirlər.

Gəlin Duality- ikilikdən Non-Duality-təkliyə doğru səyahətimizə baxaq..

Atomaltı zərrəciklərə doğru irəlilədikcə həyatda bədən, cisim, maddə olmadığını görürük. Bizim danışdığımız, ayırdığımız, bədən, düşüncə, zehin, sən, mən- ümumiyətlə varlıq yoxdur, sadəcə yoxluq var.

Sanki hər kəs bir zoom toplantısına qatılıb, sən düşünürsən ki səkkiz-on nəfərlə söhbət edirsən, ama əlini ekrana vurduqda səkkiz-on nəfər orda deyil, sənin toxunduğun sadəcə ekrandır.

Bəlkə də həyat bizlər üçün var olmayan bir xəyaldır. Ya da sonda hər kəs var olmayan bir xəyalın fərqinə varır.

Bəs fərqinə varan kim olur görəsən ? Ortada varlığın yoxdursa olmadığını necə fərqinə varırsan?

Düşünürəm ki varlıq dediyimiz hər şey kəlmələrlə, sözlərlə bütünləşmə (təklik) dir.

Çünki sözlərlə, kəlmələrlə var olma halında qala bilirik. Sözlər, kəlmələr necə də təntənəli, necə də sirrlidir!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2026)

 

 "Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb. 

Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəngdən müalicə alırdı.

“Ulduzlar sönür, ya yox -- bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə..." --  baş redaktor Qulu Ağsəs mərhum  iş yoldaşı haqqında bunları yazıb. 

 

Bir gün bu gün də öləcək,

başqa ölən günlər kimi.

Ürəyini sıxma belə -

bütün doğulanlar ölür.

 

Bu misralar isə Hicran Hüseynovanın "Nikbin şeir"indəndir…

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

“ASAN xidmət” və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, əsas məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünüifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub.

Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8–14 yaş aralığında olan 50 uşaq cəlb olunub.

Dörd gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib. 

Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub. 

Fəaliyyətə başladığı gündən “ASAN Məktub” 10 700 – dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival çərçivəsində müxtəlif musiqi janrlarını əhatə edən konsert proqramları - klassik musiqi axşamı, estrada caz konserti, “Retro dalğası”, Uşaq Xor Kapellası, qiraət və teatr təqdimatları, sərgilər təşkil olunub.

Festivalda Azərbaycanın müxtəlif bölgələrindən - Xankəndi, Şəki və Zaqatalanı təmsil edən gənc ifaçılar, Ukrayna, Qazaxıstan, Rusiyadan gələn iştirakçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. O cümlədən Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in qalibləri də çıxışları ilə festivala rəng qatıblar.

Səidə Tağı-zadə, Cavad Tağızadə, Kamilla Sədirxanova, Afaq Aşumova və Məryəm Yusifova kimi tanınmış musiqiçilər gənc istedadlarla eyni səhnəni bölüşərək onlara yaradıcılıq dəstəyi göstəriblər.

Festivalın bağlanış konsertində Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin birgə heyəti çıxış edib.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Cəngi”, Süleyman Ələsgərovun “Tarantella”, Fikrət Əmirovun “Kor Ərəbin mahnısı”, “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Arif Məlikovun 1 nömrəli süitası, Həsən Rzayevin “Çahargah” rapsodiyası və digər dəyərli musiqi nümunələri təqdim olunub.

Həmçinin xanəndələrin iştirakı ilə “Heyratı” və “Qarabağ şikəstəsi” zərbi muğamları, saz, tar, kamança, balaban, violin və nağara ifaları səsləndirilib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində yeni fəaliyyətə başlayan Nağaraçılar Ansamblının çıxışı da olub. Ansamblın bədii rəhbəri Mahmud Salah, dirijor isə Nisə Salah-Abbasovadır.

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı uşaqların və yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və böyük səhnəyə çıxarılması ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Festival gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi, yeni dostluq və yaradıcılıq əlaqələri qurması üçün geniş imkanlar yaradıb.

Sonda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə bütün iştirakçılara, müəllimlərə və layihədə əməyi keçən şəxslərə sertifikat və təşəkkürnamələr təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, Bakı Dövlət Universitetinin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva iştirak ediblər.

Layihə çərçivəsində Ankara Universitetinin ev sahibliyi ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və universitetin Gözəl Sənətlər fakültəsinin birgə təşkilatçılığı ilə “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib. Eyni zamanda, Qərbi azərbaycanlıların, xüsusilə İrəvan Xan Sarayının milli geyim mədəniyyətinə aid nümunələrdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçılarına Qərbi Azərbaycan mətbəxinin zəngin nümunələrindən ibarət furşet də təqdim edilib.

Qeyd olunub ki, Qərbi Azərbaycanın milli geyim və qeyri-maddi mədəni irsinə həsr edilmiş belə bir tədbir ilk dəfə olaraq Azərbaycan hüdudlarından kənarda təşkil edilir. Layihənin əsas məqsədi əsrlər boyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin yaratdıqları zəngin mədəni irsin təbliği, qorunması və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bununla yanaşı, tədbir vasitəsilə ümumtürk mədəni irsinin ayrılmaz hissəsi olan Qərbi Azərbaycan mədəniyyətinin Türkiyə ictimaiyyətinə və beynəlxalq auditoriyaya təqdim edilməsi hədəflənib.

Konfrans zamanı Qərbi Azərbaycan həqiqətləri, azərbaycanlıların tarixi torpaqlarından deportasiyalara məruz qalması və bölgədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin məhv edilməsi faktlarına da diqqət çəkilib. Bildirilib ki, XX əsrdə Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri müxtəlif mərhələlərdə deportasiya və etnik təmizləmə siyasətinə məruz qalıb, nəticədə yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb. Xüsusilə 1987–1991-ci illərdə baş vermiş son deportasiya zamanı 22 rayon və 300-ə yaxın kənddə yaşayan təxminən 300 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub.

Tədbirdə vurğulanıb ki, Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması məsələsi beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun diqqət mərkəzində olmalıdır.

Çıxışlarda qeyd olunub ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində qayıdış hüququnun təmin olunması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə son illər ərzində beynəlxalq müstəvidə mühüm təşəbbüslər həyata keçirilib.

Bildirilib ki, Ankarada keçirilən tədbirlər də mədəniyyət diplomatiyasının mühüm nümunəsi olmaqla Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Eyni zamanda, vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət diplomatiyası sahəsində fəaliyyəti Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayıb. Bu istiqamətdə formalaşmış təcrübənin Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq səviyyədə təşviqinə də mühüm töhfələr verəcəyi qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

8 -dən səhifə 2931

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.