Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Hər kəs ömründə bir dəfə də olsa xəyal edib bütün varlığı ilə o (istədiyi) anda olub..
Bəzi xəyallar bizi keçmişə qonaq apararkən, bəziləri gələcəyə səsləyir. Mən də gələcəyi onsuz da yaşayacam deyib, daha çox keçmişi axtaranlardanam.
Bu gün yanımızda olub, nəfəsini hiss etdiyimiz insanlar başqa gün bizdən uzaqlarda bir xəyal olur. Bəziləri isə bunu sadəcə itirəndən sonra fərqinə varır..
Xəyalla yaşamaq mümkünmü görəsən? Mümkündü..
Çünki Xəyal yaşanmışlara və geri qaytarılması mümkün olmayanlara duyulan özləm, ola bilərlərə, bəlkələrə tutunan təsəllidir bəzən..
“Kaş ananı geri qatara biləydim ama nə edim əlimdən gəlmir..” – heç gözləmədiyim anda eşitdiyim sözlər gözlərimi doldursa da ağlamadım..
Bu sözlər xəyal ilə gerçəkliyi ayırırdı.. O artıq bir xəyal idi!
Bəzən birinin ağzından çıxan kəlmələr səni sarıb sarmalar, bəzən də səni özündən ayırıb uzaqlara aparar..
Bir anlıq dediklərini düşündüm, əgər istədiyimiz hər şeyi edə bilsəydik heç kimin xəyalı olmazdı..
Bəzən də deyilir ki, xəyal et ki gerçək olsun..
Xəyal və gerçəklik bir düşüncə deyilmi?
Bəs düşüncəni fərqinə varan şeyi düşüncədən ayıran şey nədir?
Hər kəs dünyaya gələrkən bir istiqamətdə bilet alıb, geri dönüşü olmayan. Sərnişinlər həyatlarını gələcək keçmiş deyə ayırıblar, varlıqlarına bədən və zehin deyə baxırlar.
Əgər bu cür ayrımlar olmasa özlərinin var olduqlarını anlaya bilmirlər.
Gəlin Duality- ikilikdən Non-Duality-təkliyə doğru səyahətimizə baxaq..
Atomaltı zərrəciklərə doğru irəlilədikcə həyatda bədən, cisim, maddə olmadığını görürük. Bizim danışdığımız, ayırdığımız, bədən, düşüncə, zehin, sən, mən- ümumiyətlə varlıq yoxdur, sadəcə yoxluq var.
Sanki hər kəs bir zoom toplantısına qatılıb, sən düşünürsən ki səkkiz-on nəfərlə söhbət edirsən, ama əlini ekrana vurduqda səkkiz-on nəfər orda deyil, sənin toxunduğun sadəcə ekrandır.
Bəlkə də həyat bizlər üçün var olmayan bir xəyaldır. Ya da sonda hər kəs var olmayan bir xəyalın fərqinə varır.
Bəs fərqinə varan kim olur görəsən ? Ortada varlığın yoxdursa olmadığını necə fərqinə varırsan?
Düşünürəm ki varlıq dediyimiz hər şey kəlmələrlə, sözlərlə bütünləşmə (təklik) dir.
Çünki sözlərlə, kəlmələrlə var olma halında qala bilirik. Sözlər, kəlmələr necə də təntənəli, necə də sirrlidir!
“Ədəbiyyat və incəsənət”
(05.07.2026)


