Əşrəf Veysəlli bu fani dünyadan köçdü Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.

Ömrünü- gününü ədəbiyyata həsr etmiş, Sumqayıtda yaşayıb- yaratmış, Sumqayıt ədəbi mühitinin yaranmasında və inkişafında böyük xidməti olmuş ustad şair, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli bu gün – 5 iyun 2026-cı il tarixində, səhər saatlarında “Sumqayıt Hospital”nda dünyasını dəyişib.

 

Əslən Füzuli rayonundan olan ustad şair bu dünyada 88 il ömür sürdü, Füzulinin azad olunduğu günü görməyi arzulayırdı, nə yaxşı ki o günü görə bildi, məhbus Füzuli barədə yazdığı silsilənin ardınca azad Füzuli barədə şeirlər yazmağa macal tapdı.

Məşhur “Qorxusu yoxdur” şeirində deyirdi ki,“Doxsana yetməyin özü qorxudur, Yüzdən o tərəfə qorxusu yoxdur”. Əfsus ki, doxsanın cəmi iki addımlığında yolu qırıldı.

 

QORXUSU YOXDUR

Altmışım arxada qalıb haçandır,
Haçandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb uçur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözu qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Sumqayıt bölməsindən verilən məlumata görə, şairlə vida mərasimi sabah – iyunun 6-sı saat 11.30- da Sumqayıt Poeziya Evində keçiriləcəkdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.