Super User
"Ölümsüzlər"in 3-cü cildi çap edildi
Elşad Baratın şəhidlərə yazdığı şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabın üçüncü cildi işıq üzü görüb.
Müəllifin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanıb.
Kitaba ön sözü Xalq şairi Sabir Rüstəmxanlı yazıb.
"Zərdabi-Nəşr" MMC tərəfindən çap olunan kitabın redaktoru tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu, korrektorları Elmira İsmayılova və Tahir Ələkbərlidir.
Kitab şair, publisist, alim və iş adamı Məhəmməd Rəsuloğlunun maddi dəstəyi ilə çap edilib.
Qeyd edək ki, 44 günlük savaşdan sonra Elşad Barat qarşısına çox böyük vəzifə qoyaraq İkinci Qarabağ müharibəsində şəhid olan hər bir qəhrəmana aid şeir həsr edəcəyini açıqlamış, onların adını əbədiləşdirmək niyyəti ilə yola çıxmışdır.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
Bülbülün Memorial Muzeyində "Azərbaycan Ədəbiyyatının Müşfiq Zirvəsi" adlı tədbir baş tutub
Bülbülün Memorial Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz şeirlərindəki saflıq, romantik əhval, yüksək həyat eşqi ilə seçilən Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş "Azərbaycan ədəbiyyatının Müşfiq zirvəsi" adlı tədbir keçirilib.
Tədbir Bülbülün Memorial Muzeyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, "Gənclərin Töhfəsi" İctimai Birliyi sədrinin I müavini Murad Həsənxanlı, Dövlət İdarəçilik Akademiyasının tələbəsi, layihə rəhbəri Ayşən Zeynalova şairin həyat və yaradıcılığı ilə bağlı çıxış ediblər.
O cümlədən, tədbir zamanı Mikayıl Müşfiqin şeirləri, onun sözlərinə yazılmış mahnılar səsləndirilib. Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül Vokal Məktəbinin məzunları Aytac Nəsibova və Fidan Sultanova "Yaşa könül", "Sənin gülüşlərin" mahnılarını ifa ediblər. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Vüsal Məmmədov tarda "Yenə o bağ olaydı", "Oxu tar" əsərlərini təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
Cəlilabad ədəbi mühitindən yeni kitab
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
“Ədəbiyyat və incəsənət”
(Qəzəlxan şair Ustad Əfrahim Abbasın işıq üzü görmüş doqquzuncu ədəbi kitabının təqdimatı)
Son günlər ərzində işıq üzü görmüş yeni kitablardan biri də Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin Ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Turan Ödülü" laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın "Dünya mənim içimdədir" adlı şeirlər və qəzəllər toplusudur.
Ümumi məlumat:
Kitabın adı: "Dünya mənim içimdədir" (Şeirlər və qəzəllər)
Müəllif: Əfraim Abbas
Ön söz: Əlizadə Nuri (AYB-nin üzvü, “Dəfnə yarpağı”, “Hüseyn Cavid” və “Məmməd Araz” mükafatları laureatı, şair)
Korrektor və təqdimat: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist)
Nəşrə hazırlayan: “Həməşəra“ mətbu orqanı
Naşir: "İmza" Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2026
Kitab barədə:
Kitab tanınmış şair Əlizadə Nurinin ustad şairimiz Əfrahim Abbasın yaradıcılığı və şeir sahəsində xüsusi peşəkarlığı barədə qələmə aldığı ön sözlə başlamış, ardınca mənim ustad şair Əfrahim müəllimin həyat yolu və ədəbi yaradıcılığı barədə geniş təqdimatımla davam etmişdir. Məhz bundan sonra onun qələmə aldığı onlarla bir-birindən gözəl və mənalı şeir və qəzəlləri təqdim edilmişdir.
Görkəmli ustad şairimiz Əfrahim Abbasın oxucularının görüşünə gəlmiş doqquzuncu kitabı onun müxtəlif illərdə qələmə aldığı və müxtəlif mövzuları ehtiva edən bir-birindən gözəl, sərrast və dərinmənalı şeirləri və qəzəllərinin toplusudur.
"Dünya mənim içimdədir" şeirlər və qəzəllər kitabı şairin illər boyu qəlbində yığılıb daşan düşüncələrinin, hisslərinin və mənəvi axtarışlarının poetik ifadəsidir. Kitabda yer almış 125-dən çox şeir və qəzəllərdə sevgi, vətən, ana, insan, zaman, həsrət, ayrılıq, ümid, inam və fəlsəfi düşüncələr öz sözünü deyir.
Ustad Əfrahim Abbasın doqquzuncu kitabı əslində oxuculara öz daxili dünyasına açılan bir pəncərə təqdim edir.
Həmin şeirlər və qəzəlləri oxuyarkən şairin daxili duyğularının nə qədər təmiz, saf və əsrarəngiz olduğu ilə yanaşı əsil və həqiqi ustad şair olduğunu təsbit etmək mümkündür.
Təşəkkür və arzular!
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin görkəmli siması və ustad şairlərindən olan Əfrahim müəllim Abbası nəşr edilmiş sayca doqquzuncu kitabı münasibətilə ürəkdən təbrik edir, kitabın nəşrə hazırlanması sahəsində mənə göstərdiyi etimada görə səmimi minnətdarlığımı bildirirəm!
Ədəbi mühitimizin ustad şairi, eyni halda öz davranışı və danışığı ilə ziyalı siması və "Əfrahim dədə"sinə çevrilmiş dəyərlimiz Əfrahim müəllimə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş "İmza" Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi bəy Aslana və eləcə də kitabın peşəkar dizayneri, dəyərlimiz Nigar xanım Sadıqovaya təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
ARXİVİN ŞİRVAN YADDAŞI - 9 iyun - Beynəlxalq Arxivlər günüdür
Nəsibə Nəsib (Məmmədova),
Dövlət Arxivinin Şirvan filialının direktoru.
“Ədəbiyyat və incəsənət” üçün
Hər il 9 iyun tarixində dünya üzrə Beynəlxalq Arxivlər Günü qeyd olunur. Bu gün arxivlərin, onların qorunmasının və inkişafının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Arxivlər tarixin canlı yaddaşıdır, keçmişdən gələcəyə doğru əvəzolunmaz məlumatların saxlanması və gələcək nəsillərə ötürülməsi üçün əsas mənbədir, etibarlı saxlanc yeridir.
Arxiv sənədləri yalnız tarixi faktları deyil, həm də hüquqi, mədəni və sosial hadisələrin sübutlarını ehtiva edir. Onlar dövlətlərin, təşkilatların və fərdlərin fəaliyyətləri barədə geniş və etibarlı məlumat mənbəyidir. Bu sənədlər sayəsində keçmişdə baş vermiş hadisələr, qərarlar və proseslər öyrənilir, təhlil edilir və qiymətləndirilir.
Beynəlxalq Arxivlər Günü həm də arxiv işçilərinin zəhmətinin tanınması üçün bir fürsətdir. Onlar sənədlərin düzgün saxlanması, qorunması və əlçatanlığının təmin olunması istiqamətində böyük əhəmiyyət daşıyan işləri həyata keçirirlər.
Bu günün əsas məqsədlərindən biri də cəmiyyətin arxivlərə diqqətini artırmaq, onların ictimai əhəmiyyətini geniş kütlələrə çatdırmaqdır. Texnologiyanın inkişafı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron arxivlərin yaradılması, sənədlərin qorunması və istifadəsinin daha da asanlaşması üçün yeni imkanlar açır.
Nəticə etibarilə, Beynəlxalq Arxivlər Günü bizə keçmişimizi anlamaq, onu qorumaq və gələcək nəsillərə doğru düzgün ötürmək üçün vacib olduğunu xatırladır. Arxivlər bizə tariximizi və mədəniyyətimizi yaşatmaqda böyük rol oynayır.
Əsrlər boyu formalaşan tarixi mirasına hər millət sahib çıxır və arxivlərdə qoruyub saxlayır. Azərbaycan xalqının da zəngin Milii Arxiv Fondu vardır və bu fond tarixi keçmişimizin müxtəlif mərhələlərində formalaşan xalqın, yazılı, səsli, görüntülü yaddaşının qorunub saxlandığı dövlətin unikal və çoxşaxəli informasiya ehtiyyatları sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən respublikamızda arxiv işi xeyli təkmilləşdirilmiş, bu sahədə xeyli işlər görülmüşdür. Bu gün mən zəngin Milli Arxiv Fondumuzun bir hissəsini təşkil edən Şirvan filialından söhbət açacam.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 15 filialından biri olan Dövlət Arxivinin Şirvan filialı 1930-cu ildə Əli Bayramlı rayon Dövlət Arxivi olaraq yaradılmış, 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 7 fevral tarixli 118 nömrəli qərarı ilə daha da struklaşdırılmışdır ( əsas: ARDA ). 1968-ci ildən filiala çevrilmişdir. 2008-ci ildən Əli Bayramlı adı dəyişilərək Dövlət Arxivinin Şirvan filialı adlandırılmışdır. 2020-2025-ci illər inkişaf proqramına əsasən Respublikamızın hər yerində, eləcə də, Şirvan filialında əsaslı dəyişikliklər olmuşdur. Köhnə yeməkxana binasında yerləşən arxiv idarəsində 2022-ci ildə Milli Arxiv idarəsinin təşəbbüsü ilə əsaslı təmir işləri aparılmış, bina tamamilə yenilənmişdir. Əlavə olaraq 1 iş otağı, sərgilərin təşkili üçün foye, oxucuların istifadəsi üçün oxu zalı yaradılmış, siqnalizasiya və istilik sistemi ilə təmin olunmuşdur. Mühafizəxanalarda müasir dəmir stelajlar quraşdırılmış, yeni qutular alınaraq sənədlərin mühafizəsi xeyli yaxşılaşdırılmışdır. Arxiv binasının həyətyanı sahəsi daşla üzlənmiş, yaşıllıq sahə salınmışdır. Son üç ildə ümumilikdə 45 ədəd həmişəyaşıl şam, küknar ağacları, 100-ə yaxın qızıl gül kolları və müxtəlif çiçəklər əkilmiş, ağaclarda quş yuvaları asılmışdır. Vətəndaşların rahatlığını təmin etmək məqsədilə həyətdə yeni oturacaq yerləşdirilmişdir.
Dövlət Arxivinin Şirvan filialı Şirvan şəhərindəki idarə, müəssisə və təşkilatların sənədlərinin toplanması, mühafizəsi və istifadəsini təmin edir. Həmçinin tabeliyində fəaliyyət göstərən Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarının daimi saxlanmalı olan sənədlərini mühafizə edir, sistemləşdirir. Region üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların tərkibində fəaliyyət göstərən arxiv şöbələrinə nəzarət edir, dövlət əhəmiyyətli sənədlərin vaxtında mühafizəyə verilməsini, müddəti bitmiş sənədlərin məhvə ayrılması işlərini təmin edir. Sənədlərin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi sahəsində işlər aparılır.
Filialda 451 fond üzrə 29337 iş mühafizə olunur.
Şirvan filialında ən əski məlumatı özündə əks etdirən sənəd Nuriyeva Səlmi Səməndər qızının 1879-cu ildə doğulması faktını göstərən 424 saylı doğum qeydiyyat aktıdır (fond 405, siyahı 1, saxlama vahidi 26, vərəq 8). Əli Bayramlı Zəhmətkeş - sonradan Xalq Deputatları Sovetinin 1930-1995-ci illərə aid sənədləri fondun ən lazımlı parçalarındandır. 2022-ci ilə qədər fondumuzda idarə, müəssisə və təşkilatların daimi, eləcə də işçi heyətə aid sənədləri mühafizə olunurdu. 2022-ci ildə ilk dəfə şəxsi mənşəli fondlar yaradıldı. Şirvan şəhərinin 44 günlük Vətən müharibəsində və sentyabr antiteror əməliyatında qəhrəmancasına şəhid olmuş oğullarının şəxsi mənşəli sənədləri, fotoları, əl işləri toplanılaraq daimi dövlət mühafizəsinə götürüldü. Eləcə də, Şirvanın sayılıb-seçilən ziyalıları olan professor Akif Abbasovun, şair, publisist Eldar Qəmərlinin də şəxsi mənşəli fondları yaradılaraq arxiv tərkibi zənginləşdirildi. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının ikinci mərhələsində- 1948-1953-cü illərdə ata-baba yurdundan didərgin salınmış soydaşlarımıza aid sənədlər toplanılaraq Xüsusi Qiymətli Fonda daxil edildi. Xatırladaq ki, bunların arasında hətta Böyük Vedinin igid oğlu, Azərbaycanın el qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ailə üzvlərinə aid sənədlər də qorunmaqdadır.
Şirvan (Əli Bayramlı) şəhərinin tarixini əks etdirən foto sənədlər Azərbaycan Respublikası Dövlət Kino- Foto Sənədləri Arxivindən, Əli Bayramlı şəhərinin bir sıra strateji tikililərinin (Əli Bayramlı şəhərinin su təchizatı, İçməli su kəməri sxemi, içməli su təchizatı sistemində yerləşən əsas nasosxana və su anbarı kompleksinin layihəsi və s.) sxemləri Dövlət Elm və Texnika Sənədləri Arxivindən toplanaraq həmçinin Şirvan filialında da mühafizəyə alındı. Beləliklə Ulu Öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi :
“Arxiv işi donub qalmış, dəyişməz deyil, daim inkişaf edən, təkmilləşən, dövlətin və cəmiyyətinin inkişafına xidmət edən mühüm fəaliyyət sahəsidir. Azərbaycan arxivləri zamanın çağrışlarına uyğun dəyişir, yenilənir və dinamik olaraq inkişaf edir”.
Hazırda filialın 7 əməkdaşı var. Tabeliyində dörd rayon dövlət arxivi fəaliyyət göstərir. Hacıqabul, Saatlı, Sabirabad və İmişli Rayon Dövlət Arxivləri. Eyni zamanda ərazi üzrə fəaliyyət göstərən İmişli və Sabirabad “ASAN Xidmət” mərkəzlərinin arxiv arayışlarının verilməsi bölməsinə rəhbərlik və nəzarət edilir. Şirvan filialı dayanmadan bu sahədə çalışır, arxiv fondunu daha da zənginləşdirmək üçün əlindən gələni edir.
Dünyada Arxiv işinin qiymətləndirilməsi üçün qeyd olunan 9 iyun Beynəlxalq Arxivlər günü münasibəti ilə dünya arxivçilərini təbrik edirik. Sağlam gələcək zəngin tarixdən, tarix isə möhkəm arxivdən qüvvət alır!
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
Biri ikisində - Aytəkin Səfərəliyevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə 3 gün ardıcıl naxçıvanlı xanım şairlərin şeirləri təqdim edilir. Bu gün Aytəkin Səfərəliyevanın növbəsidir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
NAXÇIVAN ƏDƏBİ MÜHİTDƏN ÜÇ XANIM
Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri də zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilən Naxçıvan bölgəsindəki ədəbi mühitdir. Xüsusilə XXI əsrin ilk illərindən üzübəri bu bölgədə yeni ədəbi imzalar özünü göstərməyə başladı. Onların yaradıcılığındakı istər mövzu, istər janr, istər fikir baxımından yeniliklər təkcə bölgənin ədəbi atmosferinə təsir etmədi, həmçinin geniş mənada ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş oldu. Həmin ənənə bu gün də davam edir və gənc imzaların nəzm və nəsr sahəsindəki yaradıcılıq nümunələri muxtar respublika ədəbi camiəsi haqqında ümidlə danışmağa imkan verir.
Naxçıvanda yazıb-yaradan qələm sahibləri arasında qadın imzaların da ciddi çəkisi var. Ta Heyran xanımdan başlayaraq Qönçəbəyimin, Kəmalə Ağayevanın, Kəmalə Nəsrinin ədəbi uğurlarını davam etdirən zərif xanımlarımızdan iki şair və bir yazıçı olmaqla üçünün bədii nümunələrini “Ulduz”umuza təqdim etmək istəyirəm.
Bunlar filologiya üzrə fəlsəfə doktoru, bədii nümunələrini ilk dəfə “İnsansız küçələr” adlı kitabıyla oxuculara təqdim edən Leyla Səfərova, dörd kitab müəllifi, ötən il “Ömrün yaşıl rəngi” və “Bir göz qırpımında” şeir kitabları ilə növbəti dəfə oxucularıyla görüşən Aytəkin Səfərliyeva, ayrı-ayrı mətbu orqanlarda, qəzet və saytlarda nəşr olunsa da hələ ki, kitab çıxarmağa tələsməyən Qəmər Sözaydır.
Qeyd etdiyim hər üç imzanın özlərinə məxsus yaradıcılıq üslubları var. Leyla xanım qısa, lakin geniş məna tutumuna malik hekayələri ilə fərqlənir. Aytəkin xanım ilk dəfə “Ulduz” jurnalı vasitəsilə mərkəzi mətbuatda dərc olunacaq. Buna baxmayaraq, onun hər şeirində digər qələm sahiblərini təkrarlamayan yeni obrazlı ifadələr maraq doğurur. Qəmər Sözay bədii ağırlıqlı, dərin düşüncələrə malik poeziyası ilə seçilir.
İnanıram ki, hər üç qələm sahibinin bədii nümunələri həm oxucuların, həm də geniş mənada bədii sözə, ədəbiyyata maraq göstərən Azərbacan vətəndaşlarının diqqətini cəlb edəcək.
Hörmətlə Elxan YURDOĞLU, “Ulduz” jurnalının redaksiya heyətinin üzvü AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
Aytəkin SƏFƏRƏLİYEVA
ANALARI İCAD EDİB
Anam mənim tərs işimi
Milyon kərə avand edib.
Çox acının arasına
Şəkər töküb, gülqənd edib.
Yetişdirdi kamalımı,
Heç kəsmədi sığalımı.
Qolu bağlı xəyalımı
Zindanımdan azad edib.
Ağlayıb da gülməyəndə,
Addım atıb gəlməyəndə,
Mən uçmağı bilməyəndə
Qollarını qanad edib.
Mən anamdan gələn canam,
Hər dərdinə özüm yanam.
Qırılmasın deyə anam,
Ürəyimi polad edib.
Saf arzuyla, saf niyyətlə,
Məhəbbətlə, səadətlə,
Min zülmlə, əziyyətlə
Böyüdərək övlad edib.
Hər anıma dua edən,
Yollarımda gültək bitən,
Hər düşəndə qopub gedən
Tərəfimi abad edib.
Ürəyindən verib parə,
Hər dərdimə edib çarə.
Ömür boyu mənə görə
Bu həyatla cihad edib.
Allah sevib ürəklərin,
Sonsuz olan diləklərin,
Alıb yerdən mələklərin
Anaları icad edib.
BİKAR OLUBDU
Baxma əllərimin incəliyinə,
Mənim də ürəyim qabar olubdu.
Sevinc gələn yollar daşlı, qayalı,
Qəm gələn yollarım hamar olubdu.
Gedəcək kimsəsiz bir gün cənazən,
Əzər duyğuları qəlbdə boş gəzən.
Məni ovunduran, dərdimin bəzən
Saçıma çəkdiyi tumar olubdu.
Məni yıxdı həyat, bəlkə, min kərə,
Gördüm hər bucaqdan başqa mənzərə.
Çox vaxt güvəndiyim qapı-pəncərə
Açmaq istəyəndə divar olubdu.
Həyatın min cürə fəndi-feli var,
Sevgi var – könüldən dərilər nübar.
İndiki dövrdə Məcnunlar tüccar,
Səhralar eşq satan bazar olubdu.
Qaytarmır heç nəyi nə vaxt, nə vədə,
Ölən arzulara qaldırdıq badə.
Mənim bu həyatda istəyim sadə –
Nə şöhrət olubdu, nə var olubdu.
Ürəyim genişdir mənim hər zaman,
Dağı dağ üstünə yığıbdır yaman.
Mənim ürəyimi yaratdığı an
Deyəsən yaradan bikar olubdu.
KİMİ
Nə deyim bilmirəm, sözlərim soyuq,
Baxışım buz tutub, könül qış kimi.
Ürəyim yanına köç edə bilər,
Soyuqdan istiyə uçan quş kimi.
Ömrümün çoxusun etmişəm yarı,
Heç yolum düşmədi sevincə sarı.
Arabir gözündən süzülüm barı,
Düşüm yanağına sənin yaş kimi.
Toxunar doğrunun yalana sözü,
Sönməz məhəbbətin bir ömür közü.
Üzünə partlayar kədərin közü,
Bəxtsiz üzüyü də incə qaş kimi.
Həsrətin divarın sökmək olaydı,
Qəlbinə sevgini əkmək olaydı.
Kaş ağrı verəndə çəkmək olaydı
Eşqi ürəyindən çürük diş kimi.
Çox sevmək ömrünü eyləyər hədər,
Sevgini verəsən dəyəri qədər.
Mən sənə eşq verdim, sən mənə kədər,
Gəl indi qaytaraq başabaş kimi.
AĞIL NƏ YAŞ İŞİ, NƏ BAŞ İŞİDİ
Ağıl tərbiyədi, elm bilikdi
Ağıl nə yaş işi, nə baş işidi.
Düz yolda ilişib yıxılırsansa,
Nə kərpic işidi, nə daş işidi.
Sözünü ağzından yerə salıbsa,
Dərdin ürəyində düyün olubsa,
Səni yandırmağı gözə alıbsa,
Nə quru işidi, nə yaş işidi.
İnsan insan deyil insan seçirsə,
İçdiyi bulağa zəhər tökürsə.
Yediyi çörəyi əzib keçirsə,
Nə çörək işidi, nə aş işidi
Sevgi təmiz hissdir, ürəkdə gəzər,
Çox vaxt nakam qalıb könülü üzər.
Özgə baxışlara salıbsa nəzər,
Bu nə göz işidi, nə də qaş işi.
Məhv edib ümidi söyləmə qəza,
Həyat vəfasıza sərt kəsər cəza.
Məni öldürməyə çəkdiyin imza,
Nə lələk işidi, nə quş işidi.
OLMAZ
Get şeir yazdıran qadınları sev,
Məndən misra olmaz, bənd olmaz sənə.
Mənim sözlərimdə ağrı-acı var,
Bir kəlməm, bir hecam qənd olmaz sənə.
Məni yandırsan da dərdim kül olmaz,
Sevgidən bir kəlmə deyən dil olmaz.
Məndən vətən olmaz, məndən el olmaz,
Məndən bir adamlıq kənd olmaz sənə.
Hər sevda ürəyi məskəni sanmaz,
Hər ürək məhəbbət odunda yanmaz.
Adıma and içmə, kimsə inanmaz,
Məndən bir içimlik and olmaz sənə.
ÇOXU DAŞ GƏZDİRİR ÜRƏK ADIYLA
Mən bəxtdən, taledən boxcamı yığdım,
Bağladım çiynimdən kürək adıyla.
Toxundum hər gecə gur tellərinə –
Əsən meh adıyla, külək adıyla.
Məhəbbət toxudum hər yamacına,
Sandım ki, məlhəməm bütün acına.
Səni pir sanaraq qəlb ağacına
Könlümü bağladım dilək adıyla.
Özümə sevgidən koma tikmişdim,
Hər yerə sən adda fidan əkmişdim,
Sənə göndərməyə bir gül çəkmişdim,
Məktubun içində çiçək adıyla.
Arada yıxılır qəlbimdən hamı,
Sönür duyğuların coşqun ilhamı
Həyat gözləmədən yıxır adamı
Sonra da qaldırır kömək adıyla.
Dünyanın qışını, yazını tanı,
Yolun göz çıxaran tozunu tanı,
Çox insan görsən də azını tanı,
Çoxu daş gəzdirir ürək adıyla.
XATİRƏLƏR
Yenə aramızda küləklər əsir,
Dağıdır biz olan xatirələri.
Yeddi bahar gəlsə, donu açılmaz,
İsitməz buz olan xatirələri.
Dünya pəncərədə, ömürdən camlar,
Boylanıb baxaraq gedir adamlar.
Gözümün yaşında yuyub axşamlar
Sərirəm duz olan xatirələri.
Neynəyək yolumuz eyni yol deyil,
Yanlışlar doğrunu eyləyər batil.
Pülüyə-pülüyə salaram hər il
Səninlə az olan xatirələri.
Bir gün yoxluğumla başın qatarsan,
Həyatdan qəm alıb, sevinc satarsan,
Nə vaxtsa ağlından silib atarsan
Həminki qız olan xatirələri.
Ayrılıq bizlərdən yarıyıb getdi
Dərdi sinəmizdə qarıyıb getdi
Çiçəyi burnunda quruyub getdi
Soldurduq yaz olan xatirələri.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
“Hekayə saatı”nda Salman Qaraların “Yaxşı sədr” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Qaraların “Yaxşı sədr” hekayəsini təqdim edirik.
SALMAN QARALAR
YAXŞI SƏDR
Beşbulaq kəndi kolxoza məxsus torpaqların orta hissəsində geniş bir yastanada yerləşirdi. Kolxozun yaylaq yerləri üzü dağ zirvələrinə doğru uzanır, yaylaqdan üzü aşağı biçənəklər gəlirdi. Kəndin sağ-sol tərəfləri örüş yerləri, yuxarı və aşağı hissəsi əkin yerləri idi. Bir xeyli aşağıda – Beşbulaqlardan gələn su ilə Ayrım çayının qovuşduğu yerdə dəyirman, dəyirmandan aşağıda isə süni bir göl vardı. Kəndin kişiləri əlli il bundan əvvəl toplaşıb kolxoz qurdular. Böyük Vətən müharibəsi illərində və müharibədən sonra da çətin keçən ilk illərdə bu kənd də, kolxoz da dağılmadı. Çox pis günlərdən keçdilər, ancaq ölmədilər, dirəndilər, yaşadılar. Tədricən mal-qoyunun sayını artırdılar, arı saxladılar, taxıl, tütün, kartof, kələm əkdilər. Əməkgününə işləyən ailələrin gün-güzəranı az-az, ancaq ilbəil yaxşılaşmağa başladı.
Günlərin bir günü kolxozun aktivlərini idarəyə topladılar. Raykomun katibi köhnə sədrin işdən çıxdığını dedi, yeni sədri təqdim etdi. Hamı bu qəfil xəbərdən çaşdı, ancaq heç kim dillənməyə cürət etmədi. Müharibə veteranı Əli Nurcahanoğlu sağa-sola baxdı, ayağa durub dedi:
– Yoldaş raykom, yay girir, işin qızğın vaxtıdı. Sədr də yaxşı işləyir. Bu vaxt işçi işdən çıxmaz. Bu gətirdiyiniz yeni sədri də tanıyırıq, qonşu kənddəndir. O nə bilir ki, təsərrütat nədi?
Sanki adamların ürəyinə su səpildi, dirçəldilər, başlarını qaldırdılar. Katib dərhal ayağa qalxdı, “heç bir etiraz qəbul edilmir, kolxozun göstəriciləri aşağıdır, təcili düzəlməlidir”, – dedi.
İclas qurtardı, təzə sədr də raykomun maşınına minib getdi.Kolxozçular da iki bir, üç bir idarənin künc-bucağında toplaşıb xosunlaşmağa başladılar.
* * *
Səhər-səhər Qoçdaşdan çıxan günəş kolxozun idarə binasına şəfəqlərini yayanda “Villis” maşınından düşən təzə sədr və üç nəfər nümayəndə sədrin otağına daxil oldular, köhnə sədri çağırtdırıb təhvil-təslim işinə başladılar. İdarədən, anbara, anbardan qaraja, qarajdan fermaya keçdilər. Qara yel kimi əsdilər, qara xəbərləri kəndlə bir eylədilər: yeyiblər, dağıdıblar, söküblər, satıblar..
Təzə sədrin ilk işi baş mühasibin yerini köməkçi mühasiblə dəyişmək oldu. Köhnə baş mühasib az sonra rayonunun ucqar bir kəndinə işləməyə getdi. Sədr ferma müdirini, baş çobanı, qaraj müdirini də işdən çıxartdı. Çıxanların yerinə yeni gələnləri camaat heç cür həzm edə bilmirdi; bu adamların heç birinin xalq arasında müsbət imici yox idi. Sanki kolxozçuların üstünə su ələnmişdi. Hamı susqun, hər kəs şübhə içində idi. Təzə sədrin əməllərindən heç kim hələlik baş açmırdı. Ona işə başladığı ilk gündən canı dildən qulluq göstərən baş mühasiblə “Villis”in şoferi idi. Kolxozun idarə heyəti ilə arasında olan soyuqluğu görən sədr təkətəkdə hər kəslə isti münasibət saxlayırdı, hamı ilə əl verib görüşürdü, hamıya özünü canıyanan göstərirdi. Ümumi toplantı yerlərində isə düzlükdən, təmizlikdən danışır, haqsızlıqlara barmaq silkələyən rəhbər görüntüsü yaratmağa çalışırdı. Ətrafına müəyyən qədər quyruq bulayanlar toplamağı bacarmışdı. Di gəl ki, camaatın rəğbətini qazana bilmirdi.
Rayon Xalq Nəzarət Komitəsinin sədri işləyən qaynatasının və özündən yeddi yaş böyük arvadının “ağıllı” məsləhətləri ona kolxozçularla arasında olan buzu əritməyə, “parçala və hökm sür” siyasətini həyata keçirməyə kömək etdi. Sədr öz kreslosunu möhkəmləndirib oturdu və kolxozçular arasında toxunulmazlıq görüntüsü yaratmağa nail oldu.
* * *
Tahir kişi qocalığa görə pensiyaya çıxmalıydı. Sədrdən işlədiyi illər üçün əməkgünü arayışı istədi. Sədr Tahir kişini xoş-beşlə qarşıladı, oturmağa yer göstərdi, baş mühasibə arayışı “yaxşı” hazırlamağı tapşırdı. Təklikdə isə tələsməməyi, bircə əməkgünü belə artıq yazmamağı əmr etdi.
Tahir kişi baş mühasibin yanına çox gedib-gəldi, “Allahın bu gün, sabahı” qurtarmadı. Sonda işin uzandığını görüb dedi:
– Ay oğul, mən atanın əmisi oğluyam,heç olmasa, mənə bir əmin kimi kömək elə, bir kəndçin kimi hörmət elə, məni az get-gələ sal.
Arayış ala bilməyən Tahir kişi bir gün səhər İdarə Heyətinin toplaşdığı vaxt sədrin qəbuluna gəldi. Qapıdan başını içəri uzadan Tahir kişini görən kimi sədr ayağa durdu, onu yaxına çağırdı, niyə gəldiyini soruşdu.Tahir kişi lazım olan arayışı ala bilmədiyini deyəndə sədr bir qədər də ciddiləşdi, qaşlarını düyünləyib baş mühasibə tərəf döndü:
– Mənim yüz işim, yüz qayğım var. Sən isə bütün günü idarədə oturursan. Niyə o arayışı hazırlayıb verməmisən?
Ayağa qalxan baş mühasib deməyə söz tapmadı.Nə desin? Necə desin ki, ay sədr, axı sən özün “hələ vermə” dedin. Boğazı qurudu. Sədrin nəvazişindən kövrələn Tahir kişi üzünü baş mühasib qarışıq orada əyləşənlərə tutaraq dedi:
– Ay sədr, gəlmişəm deyəm ki, Allah tala mənim nəslimə qol-qanad verməsin. Əgər qanad versə, uçurmamış dam-daş qoymayacaq.
Hamı güldü, sədr isə sifətinə ciddi görkəm verib arayışı bu gün hazırlamağı baş mühasibə əmr etdi. Tahir kişi arayışı alıb getdi, dediyi söz isə zərbi-məsələ dönüb ətraf kəndlərə də yayıldı. Ortada qazanclı çıxan sədr oldu.
* * *
Təzə sədrin gəlişindən sonra ağ günə çıxanlardan biri də “QAZ–69” maşınının– sədri gəzdirən “Villis”in sürücüsü Həbib idi. Yaşı qırxı haqlamış bu arıq, uzun adam evlənməmişdi. Evdamı adlanan köhnə bir evdə ata, anası, iki qardaşı, üç bacısı ilə birlikdə yaşayırdı. Kənddə nə onun ərgən bacılarına elçi düşən var idi, nə də onun özünə qız verən. Həbibin vəzifəsi həm sadə, həm də mürəkkəb idi. Sadəliyi o idi ki, maşınla sədri gəzdirməli, rayon mərkəzinə, yaylağa, fermaya aparıb-gətirməli, sədr yeyənin qır-qırıntısından yeməli, uyğun əməkgünü almalı idi. Mürəkkəbliyi o idi ki, kənddə, kolxozda, camaat içində olan işləri, əhvalatları sədrə vaxtlı-vaxtında xəbər verməli idi. Sədrin lehinə təbliğat aparmalı, əleyhinə danışanlara gözağartması verməli idi. Bu “mürəkkəb vəzifə”ni Həbibə təzə sədr bir neçə dəfə məxfi pay-püşk verib həvəsləndirəndən sonra həvalə etmişdi.
Kolxozun iki “QAZ–53” yük maşınından birinin sürücüsü təzə sədrin bəzi göstərişlərini qanunsuz hesab edərək icra etmir, sədrə söz qaytarırdı. Sədr kəndin ən yaşlı və ən hörmətli sürücüsünün cəzalandırmasını elə etməliydi ki, heç kim ondan şübhələnməsin. Həbiblə xəlvəti danışdı və yük maşınının sürücüsünə tor qurmağı ona tapşırdı.
İki aydan sonra Gəncədəki çiyid təmizləmə zavodundan şulka (pambıq çiyidinin qabığı) gətirən maşının yükünün altından 100 ədəd saxta araq çıxdı, sürücünü Rayon Milis İdarəsində bir neçə günlüyə saxladılar. Sədr işə qarışdı, sürücünü evə buraxdılar. Kiçik oğlunun toyu üçün sürücünün aldığı ucuz sex arağı Milis İdarəsində qaldı, toy üçün topladığı 2 min manat pulu sədrin vasitəçılıyi ilə verib bir neçə maddə ilə onu gözləyən həbsdən azad oldu. Bir neçə aydan sonra məhkəmənin qərarı ilə sürücüyə bir il yarım icbari iş verdilər, maşınını əlindən alıb cavan bir sürücüyə müvəqqəti həvalə etdilər. Camaat sədrin atasına sürücünü həbsdən qurtardığı üçün rəhmət oxudu. Bir il keçməmiş “QAZ–53” maşınının səvədəsi rayon mərkəzinə gedən yolun üstündəki təpəyə atıldı. Sürücü hər evinin qapısına çıxanda maşının sarı rəngli qaraltısı tikan olub sanki gözünə girirdi. İcbari işin vaxtı qurtaranda o, kənddən köçüb getdi və uzun illər qonaq kimi də kəndə gəlmədi.
* * *
Kolxozun tütün planını ödəməkdən ötrü əkin sahələrini genişləndirmək və bütün ailələri tütün əkib-becərməyə məcbur etmək lazım idi. Sədr təsərrüfat briqadiri ilə kəndin üst yanındakı sahələri gəzdi. “Novlu bulağ”ın üstündə dayandılar, su içdilər. Buradan üzü rayon mərkəzinə, qarşıda görünən Qoçdaşa, Dəlidağa gözəl mənzərə açılırdı. Kəndlə “Novlu bulağ”ın arasında sağ tərəfdə bir neçə yerdə tala-tala tütün tarlası olsa da, sol tərəfdə böyük bir ərazi əkinə yararlı boş otlaq sahəsi idi. Sədrin gözlərinin parıldadığını görən briqadir həmin an hiss etdi ki, onun niyyəti bu yerləri əkin sahəsi etməkdir. İzahat verməyi lazım bildi ki, bu ərasi əkin üçün yararlı olsa da, torpağı məhsuldar deyil, qumlu, çınqıllı ərazidir. Digər tərəfdən kəndin yuxarı məhəlləsinin həm içməli suyu, həm də bağçalarının suvarılması “Novlu bulaq”dan ödənilir. Əgər o bulağın suyu tütün sahəsinə yönəlsə, camaat kənddə su sarıdan korluq çəkəcək.
Aradan bir il keçdi, növbəti yaz əkinində sədr “Qum yerləri” adlanan sahəni bütünlüklə əkdirdi, kəndin əksər ailələrini ailədəki adam sayına görə 0,10–0,20 hektar sahədə tütün əkməyə məcbur eylədi. Yuxarı məhəllədən sədrin qəbuluna gələn iki ahıl adam qapılarına, məhəllələrinə gələn suyun kəsildiyini, çətinliyə düşdüklərini dedilər. Sədr əvvəlcə onlarla mülayim danışdı, gündüz olmasa da, gecə onlara su veriləcəyini dedi. Xoşluqla danışmağın fayda vermədiyini görüb səsinin tonunu qaldırdı:
– Mən partiyanın, dövlətin planını sizin məhlənizdəki bir dəstə göy-göyərtiyə, beş-on ağaca, iki-üç meşok kartofa görə poza bilmərəm. Sizin məhləniz yansa da, yanmasa da, mən tütün sahəsinin suyunu sizin evinizə axıda bilmərəm. Bulaq da kolxozundur, tütün də.
Kor-peşman geri qayıdan ahıl kişilərin “Daşın diki”ni çıxmağa dizlərində taqət qalmamışdı.
Daha iki il keçəndən sonra yuxarı məhəllədəki alma,armud ağaclarının çoxu qurudu. Əl dəyməyən gilənar və gavalı ağacları küçükləyib çoxalmağa, bu ağaclarının dibindən çıxan pöhrələr çəpərlərin qırağından məhəllənin ortalarına doğru yayılmağa başladı.
* * *
Beşbulaq kəndinin Ayrım çayının sol yaxası boyu örüş və əkin yerləri, əkin yerinin ortasında isə kolxozun qoyun tövləsi var idi. Qonşu kəndin adamları bu ərazinin örüşünə, əkin sahəsinə göz diksələr də, arzuları gözlərində qalmışdı. Keçmiş sədr onları itbaxandan da baxmağa qoymurdu. İlin payız fəslinin son ayından yazın iki ayı çıxana qədər kolxozun qoyun sürüsü orda saxlanırdı. Ora bir növ qışlaq hesab olunurdu.Təzə sədrin işə başlamasından iki il kecmişdi. Qoyun sürüsü yaylağa qalxmışdı. Qoruqçu xəbər gətirdi ki, qonşu kənddən iki nəfər kolxozun Ayrım çayının qırağındakı münbit torpaq sahəsində daş töküb ev tikdirir. Xəbər ildırım sürəti ilə kəndə yayıldı. Başıpapaqlılar bir anın içində kolxoz idarəsinin önünə toplaşdılar, “bu saat getməliyik, onların daş-qumlarını başlarına tökməliyik”, – dedlər. Sədr bərk qəzəbləndi, “mən özüm də gedəcəyəm”, – dedi. Bir neçə ağsaqqal, başbilən çağırdı, otağa keçdilər. O, İcraiyyə Komitəsinə zəng elədi, zəhmətkeşlərin qəzəbini dilə gətirdi, özünün də hirsini büruzə verdi.Telefonun o başındakı şəxsin dediklərinə “baş üstə” deyərək dəstəyi yerə qoydu, üzünü ağsaqqallara tutaraq dedi:
– Üç nəfər mənimlə gəlsin, gedək hadisə yerinə. İspalkom da milis götürüb gələcək.Onların anasını ağlar qoymasam, dədəmin oğlu deyiləm.
Elə bil adamların üstünə su səpdilər, hamı sakitləşdi. Sədrin istəmədiyinə baxmayaraq Əli Nurcahanoğlu da “Villis”ə əyləşib qoyun yatağı olan tövlənin yanına gəldi. Tövlənin ətrafında heç nə yox idi, ancaq ondan təxminən bir kilometr yuxarıda çayın qırağında uşaqlar oynayırdılar. Piyada üzü yuxarı – uşaqlara tərəf addımladılar. Nurcahanoğlu Ayrım çayının mənbəyindən aşağıda yamac boyu səpələnən evləri sədrə göstərərək dedi:
– Bax o gördüyün yuxarı kəndin salındığı yer, Qaraqayadan sağa bütün o biçənəklər bizim kəndin olub. Nikalay hökümətinin vaxtında bunların babası gedib urusun yaylax nəçənniyinə rüşvət veriblər,yalannan and içiblər, yerimizi kəsib alıblar. Günortadan sonra ildırım çaxıb, sel dünyanı ağzına alıb.Noolar urus olanda. Urus deyib ki, yalannan Qurana and içildi, onçun sel dünyanı yuyub apardı.
Ağsaqqallardan biri sədrə məlumat verdi:
– İki kolxozun sərhədi çayın kənarındakı min baş qoyun tutacaq böyük kahanın üst yanından keçir. Daha əvvəllər kolxozun erkək sürüsünü, sonra isə subay qoyunları kahaya qatır, ağzına kəriskə çəkərdik. Kəriskənin qırağında isə qarqaraya bir it bağlayardıq ki, canavar, tülkü yaxın gəlməsin. O vaxtlar nə hökümət malını oğurlayan adamlar var idi, nə də çaqqallar. Bu qorxu-ürkü, halallıq bilməyən adamlar da sonradan əmələ gəldi, bu məskəni qamışlıq olan çaqqallar da.
Ağsaqqalların sözləri sədri tutsa da, üstünü vurmadı, “hə, hı” deyib söhbəti dəyişdirdi.
– Kahadan bir az aşağıda kimsə gəlib az mailli yamacda 7–8 metr uzunluğunda yeri 70–80 sm dərinliyində qazmış, bir otaq tikmək üçün kalafa açmaq istəmişdi. Həmin yerdən 20 metr aşağıda təxminən bir yük maşını həcmində hörgü daşı qalaqlanmışdı. Hiss olunurdu ki, burada iki adam ev tikmək həvəsinə düşübdür, əslində kolxozun mülkiyyətinə əl uzatmaqla cinayətə yol veribdir.
Bu vaxt onlara yaxınlaşan təzə UAZ maşınından Rayon İcraiyyə Komitəsinin sədri, onun bir işçisi və “Uçastkovı” – sahə milis rəisi düşdülər. Beşbulaq kəndinin sakinləri ilə salamlaşdılar. Sədr ciddi görkəm alıb kolxozun torpağının zəbt olunması haqqında “İspalkom”a məlumat verdi.
O da sir-sifətini turşutdu, qaş-qabağını töküb sədrlə gələn ağsaqqallara nəzər saldı, “akt yazın, qoy əməkdaşlar araşdırsın, ciddi tədbir görək”, – dedi.
Bu vaxt qonşu kənddən yanlarında 5–6 uşaq olan üç arvad onlara yaxınlaşdı. Qadınlardan ikisinin kürəyində çarşafla şəllənmiş körpə uşaq var idi. Nisbətən yaşlı qadın irəli durub dedi:
– Qurban olum sizə, ay hökümət! Bizim hər birimiz on baş külfətlə onun-bunun damında qalırıq. Bizə bir dam yeri verin, bir alaçıq quraq, içinə girib yaşayaq. Biz də bu hökümətin adamıyıq...
Qadın dayanan kiçilərin içində Əli Nurcahanoğlunu görəndə ona tərəf hücum çəkdi:
– Nə gəzirsən burda. Bura mənim ağzımın içidi. Sən evindən, məhləndən başqa suyun o tayını da qoruyursan. Qoy bizə də bir dam qaralamağa yer versinlər. Mənim dədəm müharbədə ölüb qalıb, sən gəlib burda bizə göz dağı verirsən.
Əli Nurcahanoğlu başını buladı və yalnız onu deyə bildi ki, öz kəndinizin, öz kolxozunuzun ərazisində nə istəyirsinizsə, gedin tikin. Daha sonra “yoldaş İspalkom, hanı bu kəndin kolxoz sədri, sovet sədri”? – deyə soruşsa da, ona cavab verən olmadı.
Araşdırma uzun çəkdi və nəticəsi hələ məlum olmamışdan qonşu kənddən üç nəfərin orada ev tikməyə başladığı xəbəri yayıldı. Başları ot biçib-yığmağa qarışan adamlar sədrə bu haqda axşam-sabah ötəri irad bildirsələr də, sədr onları arxayın salırdı. Sentyabr ayının ortalarında əsən güclü küləkdən sonra tövlənin bir hissəsinin yanması haqqında xəbər yayıldı.. Ola bilərdi ki, tövlənin arxa hissəsi torpağa yaxın olduğundan həm həmin hissəyə içəridən od vurmuşdular, həm də küləyin istiqamətini hesablayıb dərədəki kol-kosu yandırmışdılar. Quru otlar tövləyə qədər yana-yana gəlmişdi. Tövlədən 30–40 m aralıda olan dərənin içindəki fısıllıqdan başlanan alov tövlənin yarısını yandıra bilməzdi Heç bir araşdırma aparılmadı və tövlənin yarısının yanma səbəbini heç kim bilmədi. Sürü dağdan enəndə sədr heyvanların bir hissəsini ət kombinatına verdi, bir hissəsini isə “Sarı Güney”dəki tövləyə göndərdi. Həmin ərazilər tədricən qonşu kəndin sakinləri tərəfindən məskunlaşdırıldı,ancaq kolxozçuların bir çoxu bu ərazinin yaz aylarından satıldığını bilmədilər, bilənlər isə qorxularından cınqırını çıxarda bilmədilər.
* * *
Keçmiş sədr xəstələndi və çox keçmədən öldü. Onun ölümündən sonra da camaatın köhnə sədri unutmaması, xatirəsini əziz tutması təzə sədri narahat etməyə başladı. Beş-on adam bir yerə toplaşanda keçmiş sədrin qurduğu işlərdən, tikdirdiyi binalardan, camaatı yaxşı dolandırmasından ağız dolusu danışırdılır. Baş mühasibdən onun böyük ailəsinin olduğunu və kiçik qızının orta məktəbi keçən il qurtardığını öyrəndi. Qızı idarəyə çağırtdırdı.Həmin an çiçəyi çırtladı, sevincək baş mühasibə tərəf döndü:
– Sənin işin ağırdı, köməkçiyə ehtiyacın var. Ağbənizi kargüzar götürək. Həm sənin işin yüngülləşsin, həm də Ağbəniz ailəsinə çörək qazansın.
Baş mühasib başının işarəsi ilə sədrin sözünü təsdiq etdi, ancaq sual dolu baxışları sədrin üzündə qaldı:
– Axı kolxozda belə bir ştat yoxdu?
Sədr izahat verdi:
– Mal fermasında südün yağlıığını ölçən və yazan ştatın əməkhaqqını Ağbənizə verərik. Müdirin canı şıxsın, yağlılığı özü ölçsün. Onsuz da cavabdeh odur. Sənin də işlərin bir az yüngülləşsin.
Ağbəniz evlərinə gedənə qədər bu xəbər kəndə yayıldı və kənd əhli bir daha özünü xöşbəxt hiss etdi. Sədrin bu “qayğıkeşliyi” xalq arasında onun hörmətini birə-beş artırmış oldu.
Bir müddət sonra sədr və baş mühasib Raykoma iclasa çağırıldılar. Baş mühasib kənddə olmadığı üçün sədr kargüzarı da özü ilə iclasa apardı. Onlar Raykomun binasının qarşısında “Villis”dən düşəndə sədr sürücüyə nəsə tapşırıq verib qayıtdı. İclas qaranlıq qarışandan sonra qurtardı. Sədr və kargüzar “Villis”ə yaxınlaşdılar. Ağbəniz maşının qapısını açdı, oturacağı irəli çəkdi, keçib arxa oturacaqda oturmaq istəyəndə sürücü dilləndi:
– Dayan görək, necə eyləyək? Arxa hissəyə yük yığmışam. Oturmağa yer yoxdur.
– Yük nədir? Necə yəni oturmağa yer yoxdur?
Sədrin sualına sürücü acizanə görkəm alıb dedi:
– MTS-in (Maşın-Traktor Stansiyasının) anbar müdiri dedi ki, Lənbərandan təzə qarpız, yemiş gəlibdir.Bizim kolxozun da norması dururdu. Mən də eləmədim tənbəllik, gedib maşının arxa oturacağını və baqajını ağzınacan doldurdum. Qadan alım, ay sədr, bağışla məni, iki nəfər gətirdiyimi tamam unutmuşam.
Sədr işgüzar bir görkəm alıb bir az düşündü və sonra gülümsəyib dedi:
– Anqut boğaz adamın ağlı anqut qədər olar. Atalar da deyiblər ki, uzunun ağlı topuğunda olar. Bəs biz iki adam bir oturacaqda necə gedəcəyik?
Sədr bu sözləri desə də, qəzəblənəndən çox, zarafat edənə oxşayırdı. Sürücü hiyləgərcəsinə qımışdı. Vəziyyətdən çıxış yolunu yenə sədr tapdı. Sürücünün də, qabaq oturacağın da döşəkçəsini sədr götürüb matorun üstünə qoydu, keçib orada oturdu. Ağbəniz də tərəddüd içində ona göstərilən qabaq oturacaqda əyləşdi. Sədrin dizləri onun sol buduna toxunurdu. Maşın yola düşdü. Rayon mərkəzindən kəndə gedən dar, əyri yollardan keçdikcə sədrin dizləri kargüzarın baldırına, buduna daha tez-tez sürtünürdü. Döngələrdə ləngərini saxlaya bilməyən sədr sağ əli ilə Ağbənizin çiyninə, kürəyinə toxunmaqla guya müvazinətini qoruyub saxlayırdı. Belə hallar yarananda da “Boğazına şiş girsin, ay Uzun”, – deyirdi. Qaranlıq olmasaydı, qızın yanaqlarının necə allandığını, başından buğ qalxdığını aydınca görmək olardı. Kargüzar qız özünü ələ alıb sürücüyə diqqətlə baxsaydı, onun tülkü hiyləgərliyi ilə necə qımışdığını əlbəəl bilərdi.
“Villis” Ağbənizgilin evinə yaxınlaşanda sədr sürücüyə xatırlatdı:
– Maşında nə varsa, bərabər şəkildə üç yerə bölərsən. Bir də yadından çıxartma ki, nə dəvəni görmüsən, nə də qığını.
Ağbəniz fəhmlə anladı ki, bu nəsihəti sədr sürücüdən daha çox ona deyir.
Yataq otağına keçən qız gecənin bir vaxtına qədər yata bilmədi. Raykomdakı iclasdan aldığı təsirdən daha çox yolda sədrlə az qala ikisinin bir oturacaqda oturmaları onun qəlb evində bir fırtına yaratmışdı. O, nəyinsə düz olmadığını, işlərin yerində getmədiyini hiss edirdi. Nədənsə utanırdı, özünü günahkar sayırdı. Digər tərəfdən bu orta yaşlı, orta boylu, qıvrımsaçlı, səliqəli geyimli sədrin əməllərini anlaya bilmir, onun cazibəsindən kənara çıxa bilmirdi.
Günlər keçdikcə kargüzar qız sədri daha yaxından tanıyır, ona yaxşı, başqalarına pis olan bu adama qarşı qəribə hisslər keçirirdi. Ona nifrət edirdimi? Tez öz ürəyində bu fikirlərdən uzaq durmağa çalışırdı. Ona hörmət edirdimi? Bunu da öz ürəyində götür-qoy edir, bir qərara gələ bilmirdi. Tədricən ona öyrənir, onunla sərbəst danışır, bəzən deyib-gülürdü də. Xüsusən idarədə başqa işçilər olmayanda sədrin ona yaxınlaşdığını, bəzən onun başının üstündə durub onun yazısına diqqət etdiyini görürdü. Belə vəziyyətdən sıxılsa da, dillənə bilmirdi. Anasını, özündən yaşca kiçik qardaşlarını göz önünə gətirir, onları düşünürdü. Artıq evlərinə vaxtaşırı ət, yağ aparırdı. Sədr aşkar da, xəlvət də olsa, onun payını verməyi unutmurdu.
Bir gün kürəklərində ağrı olsa da, işə gəlmişdi. Günortadan sonra sədr onun halsız olmasının səbəbini soruşdu, əlindən tutub nəbzini yoxladı. “Mən qoyarammı sən xəstələnəsən”, – deyərək bir əli ilə qızın biləyindən tutduğu halda o biri əli ilə kürəyini oxaladı. Qıpqırmızı qızaran qız ayağa qalxmaq istəyəndə çiyinlərindən tutub yüngülcə aşağı basdı. “Tərpənmə, quzum, mənim əllərimdə məlhəm var, səni hər cür soyuqdan qoruyacaq”, – dedi. Sədrin əllərinin Ağbənizin kürəklərindən boynuna, boğazına, sinəsinə keçməsi qızın vücudunu sarsıtdı, səssizcə axan göz yaşları hıçqırıqlarla əvəz olundu. Sanki bu sakit, səssiz ikimərtəbəli idarə binasının divarları da, tavanı da, döşəməsi də bu yetim qızcığazın hıçqırtısını əks-səda edərək bütün binaya yaydı. Sədr çox irəli getdiyini anlayıb bir stəkan dağ su süzüb qızın stolunun üstünə qoydu, oğrun addımlarla həyətə çıxdı.Kargüzar qız işdən çıxanda göy guruldayıb dolu yağmağa başladı. Qız evə çatana qədər iri dolu dənələri onun başına, üz-gözünə qamçı kimi dəyirdi. Tütün, kartof sahələrini, biçənəkləri də qəfil yağan dolu yaman günə qoydu. Evə çatanda anası qızının qabağına çıxdı,sanki qıza yox, göylərə üz tutub “gəl, məhrəvanı al, üst-başını qurula. Ay bala, anan ölsün, bilmirəm bizə Allahın qəzəbi keçib, yoxsa, bəndənin”, – dedi.
Ağbəniz işə getmədiyi bir neçə gün ərzində çox fikirləşdi, çıxış yolu tapa bilmədi. Məsləhət eləmək, kömək almaq üçün də özünün başına gələnləri kiminləsə bölüşə də bilmədi, qara taleyi ilə barışmaqdan başqa yol görmədi. Üçüncü gün yenidən işə qayıtdı.
* * *
Kolxoz İdarə heyətinin iclasında çıxış edəcək adamlar əvvəlcədən müəyyən edilmiş və gündəliyə yalnız bir məsələ salınmışdı: “Kolxozun balansında olan balıqçılıq təsərrüfatının “su idarəsinin balansına verilməsi haqqında”.
Gündəlik elan olunanda hamı heyrətlə bir-birinin üzünə baxdı. Baş mühasib balıqçılığın Ana çaya yaxın yerdə yerləşdiyini, ora get-gəlin çətinliyini bildirdi və Raykomun razılığı ilə belə bir qərara gəlindiyini söylədi. Baş mühasibin sözlərini bir neçə dəfə yerdən kəsdilər, etiraz etdilər. Təsərrüfat müdiri də çətinliklərdən, gəlirin azlığından, xərcin çoxluğundan, məsafənin uzaqlığından danışıdı və qərara müsbət münasibət bildirdi. Üçüncü danışana imkan verməyən Əli Nurcahanoğlu ayağa durdu, üzünü baş mühasibə tutaraq dedi:
– Balıqçılq ona görə inkişaf etmir ki, sənin boğazından artmır. Hansı stolavoylara qızıl balıq daşıdığını da bilirik, kimlərə pay-püş göndərdiyini də.
Daha sonra üzünü sakitcə oturan kənd sovet sədrinə tutaraq davam etdi:
– Yadından nə tez çıxdı o günlər? Dədən bir ayağı ilə gedib o gölün barısını çəkmirdimi? Bizim qurduğumuzu bizim belimizdən gələnlər dağıtmalıdırmı? Biz faşistlərə əyilmədik ki, gedib kamunizm quraq. Belə quracağıq kamunizmi?
Kənd sovet sədri ayağa durdu, icazə alıb dedi:
– Yoldaş sədr, Ağsaqqalımız dediyi kimi, o balıqçılıq təsərrüfatını atalarımız öküz arabası, əl arabası ilə daş-qum daşıyıb qurublar. Köməkləşib çatışmayan cəhətləri aradan qaldıraq, ancaq təsərrüfatımızı başqa kolxoza, sovxoza, hər hansı bir təşkilata verməyək. Balıqçılıq təsərrüfatını verəndə avtomatik olaraq o ərazidə müəyyən qədər torpaqlarımız da əlimizdən çıxacaqdır.
Sədrin qəzəbləndiyi sağ əli ilə qıvrım saçlarını burmasından bəlli idi. İclas bir qərar qəbul etmədən yekunlaşdı və məsələyə raykomun bürosunda baxılacağı bildirildi.
Bir neçə gündən sonra kənddə bir qonşunun mallarının digər qonşunun çəpərini dağıdıb bağçasına girməsi söz-söhbəti yayıldı, məsələ böyüdü, kənd sovetinə, kolxoz sədrinə qədər getdi. Ara sakitləşəndən bir neçə gün sonra yenə oxşar hadisələr baş verdi və məsələ rayon mərkəzinə çatdı. Bir qonşu digər qonşusunun normadan çox mal-qoyun saxladığını və ona ziyan dəydiyini rəhbərliyə bildirdi. Gələn komissiya kənd camaatının saxladığı qoyun və malları yenidən siyahı elədi. Ət planı tam ödənilmədiyi bir halda kənd sovetinin qeydiyyat kitabına düşməyən heyvanların şəxsi təsərrüfatlarda saxlandığı müəyyən olundu və kənd sovet sədri işdən azad edildi.
Yeni təyin edilən sədrin kimliyi camaatda yenidən təəccüb yaratdı. Yeni sovet sədri kolxoz sədrinin rayon mərkəzində yaşayan kəndçisi olmaqla bərabər köhnə sovet sədri ilə anası tərəfdən qohumluq əlaqəsinə də malik idi.
Müharibədə bir ayağını itirmiş veteran, kolxozun kitabxanaçısı Nağı Abbasov yolda Əli Nurcahanoğlu ilə qarşılaşdı, sovet sədrinin başına gətirilənləri danışıb sözünü acı sonluqla bitirdi:
– İlanı Seyid Əhməd əliylə tuturlar. Qara günlərimiz hələ qabaqdadır. Səbrli və ehtiyatlı olmalıyıq.
Əli Nurcahanoğlu bu təyinatı eşidəndə başını bulayıb “İlahi, bu gözə görünməz şeytanlardan sən qoru bu kəndi”, – dedi və evinə getdi.
* * *
Əli Nurcahanoğlunu biryolluq susdurmaqdan ötrü “Üçlüyün iclası” bir saatdan çox çəkdi. Sakit toplaşdıqları kimi səssiz-səmirsiz də ayrıldılar. İki gündən sonra “İspalkom”un ayırdığı komissiya kənd təsərrüfatı kitabında göstəriləndən artıq həyətyanı sahə mənimsəyənlərin siyahısını çıxardı. Məsələyə Rayon Partiya Komitəsinin bürosunda baxdılar, daha artıq sahə qəsb edənlərin “cinayətkar əməllərini” araşdırmaq prokurora həvalə edildi. Hər kənddən, kolxozdan 3–5 nəfərin işi ağır hesab olunurdu ki, Əli Nurcahanoğlu da onların siyahısında idi.
Rayon prokurorluğunun cavan müstəntiqi Əli Nurcahanoğlunu bir neçə maddə ilə günahkar hesab etdi, onun izahat yazmasını tələb etdi. Ağsaqqal şifahi şəkildə izahat verməyə, vəziyyəti “cavan oğlana başa salmağa çalışsa da, müstəntiq öz dediyində israr etdi. Əli Nurcahanoğlu ayağa durdu, prokurorla danışacağını söyləyib müstəntiqin otağından çıxdı. Prokurorun otağına girib salamlaşdı, real vəziyyəti danışdı:
– Mən müharibədən qayıdanda camaatın vəziyyəti ağır idi, kolxozun da gəliri az idi. Ferma müdiri oldum, müdirlikdən daha çox naxırçılıq, gözətçilik, fəhləlik etdim. Təsərrüfat briqadiri oldum, əkinçi, biçinçi kimi işlədim. İndi də ot yığımında bu yaşımda dırmıqçı kimi işləyirəm.
Prokurorun soyuqqanlılıqla dediyi “zəbt elədiyin sahə haqqında danış” cümləsinə cavab olaraq davam etdi:
– Bizim evimiz kəndin yuxarı başında, çayın sol yaxası boyundadır.Müharibə vaxtı kənddə əli-ayağı tutan kişilər qalmadığından arvad-uşaq suyun o tayındakı ağacları kəsib yandırmışdılar. Yağan yağış quzeyin ağacı, kol-kosu qırılmış torpağını yuyub aparırdı. Qonşulara da tapşırdım ki, suyun o tayına dərə boyu heyvan buraxmayaq. Elə də elədik. 2–3 ildən sonra dərə boyu pöhrələr göyərdi. İndi orda cavan bir meşə sahəsi əmələ gəlib. Mən də ordakı yabanı ağacların bir hissəsinə calaq vurmuşam. Biz üç qonşuyuq. Oraya qonşuların hamısı nəzarət edir, ora mənim şəxsi mülküm deyil.
– Bəs oranın otu, meyvəsi kimə çatır?
– Ora quzey yerdir. İki ildən, üç ildən bir beş-on alma-armud ağacı bar verir. Kimin də ehtiyacı varsa, o da yığıb aparır. Dərə boyu hər ev yiyəsi ən yaxşı halda bir xotma ot biçə bilər.
Prokuror bir qədər yumşaq səslə dilləndi:
– Gedin, Ağsaqqal, narahat olmayın. Komissiya gələr, baxar, araşdırar.
Əli Nurcahanoğlu sağollaşıb çıxdı.
Bir neçə gündən sonra həmin “zəbt olunmuş sahə”yə baxış keçirən Rayon Milis Şöbəsindən, kolxozdan, kənd sovetindən gedən nümayəndələr ilə Ağsaqqalın oğlunun arasında gözlənilmədən mübahisə yarandı. Dövlət qulluqçularını xidməti iş başında təhqir etdiyinə görə Ağsaqqalın oğlunu həbs etdilər. Həmin gün qonşu rayonda yas yerində olan Ağsaqqal gələndən sonra rayon mərkəzindəki idarələrə bir-bir girir, oğlunun şərlənərək həbs edildiyini söyləyirdi. Ancaq heç kim onun dərdinə çarə olmurdu. Ağsaqqal “ağqulaqları” buraya tökmək” məqsədilə Moskvaya yazdığı ərizələrə elə şikayət etdiyi idarələrdən cavab alırdı. Bir xeyli çəkən məhkəmə çəkişmələrindən sonra Ağsaqqalın oğluna iki il yarım həbs cəzası verdilər, özünə isə əməkgünündən tutulmaqla beş yüz manat cərimə yazdılar. Onun alt və üst yanında olan qonşuları oğlunun üzünə durdular və onlara heç bir cərimə də yazılmadı.
Əli Nurcahanoğlu sınmışdı, ruhdan düşmüşdü. Kolxozun iclaslarına qatıla bilmirdi, haqsızlıqları dilə gətirə bilmirdi, ancaq oğlunun dalınca həbsxanaya gedib gəlir, “ağqulaqlar”a ərizə yazıb başqa rayonların poçtlarından yola salırdı. Altı ay sonra “ağqulaqlar”ın nümayəndəsi gəlib rayona çıxdı, araşdırma yenidən aparıldı. Ağsaqqalın oğlunun üzünə duran şahidlərdən biri onun bu işə zorla vadar edildiyini etiraf etdi. Böyük Vətən müharibəsinin ordenli, medallı veteranı Əli Nurcahanoğluna kəsilən cərimənin ödənilməmiş hissəsi dayandırıldı.
Oğlunun yanından sevincək qayıdan Ağsaqqal tezliklə onun da həbsdən buraxılacağını söylədi və bütün ailə Allaha şükür oxudu, sovet hökumətinə alqış elədi.
Əli Nurcahanoğlu Qazxanlıda dırmıq çəkirdi. Dəlikdaşdan bir atlı onu səslədi, gözaydınlığı verdi, oğlunun həbsdən buraxılıb evə gəldiyini söylədi. Sevindi, dırmığı təzə yığılan ot xotmasının altına soxdu, pencəyini geydi, heybəsini çiyninə atıb üzüaşağı gəlməyə başladı. Günəşin şəfəqləri azalmaqda idi. “İndi gecdir, gedim görüşüm, qurbanı sabah kəsərəm” deyə fikirləşdi.
Axşam evə gəlib çıxmayan Ağsaqqalın axtarışı davam etsə də, gördüm deyən olmadı. Hər ehtimala qarşı bir atlını da kəndin yaylaq yerindəki binələrə, alaçıqlara göndərdilər. Bəlkə, ora gedib, kiminsə qonağı olub. Səhər ot yığmağa gedən kolxozçular Qazxanlı ilə Dəlikdaş arasından keçən nazik suyun kənarında Əli Nurcahanoğlunun cəsədini gördülər. Oğlunun həbsdən buraxılması xəbərindən hədsiz sevinən Ağsaqqalın birdən-birə ürək döyüntüsü artmış, kiçik suyu keçəndə səldirləyib baldırğanlı kolların arasına yıxılmış, bir daha ayağa qalxa bilməmişdir. Səhərə yaxın vəfat etmişdir. Oğlunun türmədən çıxmasına kəsməyi nəzərdə tutduğu qoç onun öz ehsanına qismət oldu.
* * *
Kolxozun veteran kitabxanaçısı kənd arasında Topal Nağı adı ilə tanınırdı. Onunla Əli Nurcahanoğlu uşaqlıq dostları idilər. Müharibəyə də eyni vaxtda getdilər, eyni səngərdə yatdılar, durdular, döyüşdülər. Sonra yolları ayrıldı. Dəli-dolu xarakterli Əlini Belorusiya, sakit təbiətli Nağını isə Krım cəbhəsinə göndərdilər. Nağının sol qılçasını bud hissəsindən top mərmisi aparandan sonra onu qospitala yerləşdirdilər. 1944-cü ilin yanvar ayında gəlib Beşbulağa çatdı. Müharibə qurtarandan sonra onu kolxoz kitabxanasına kitabxanaçı təyin etdilər. Əli Nurcahanoğlu ondan il yarım sonra xırda qəlpə izləri nəzərə alınmasa, sağ-salamat gəldi, kolxozun ən ağır işlərindən yapışdı. İllər ərzində baş verən müxtəlif hadisələr onların dostluğuna xələl gətirmədi, əksinə, bu dostluğu möhkəmləndirdi.
Əlinin ölümü ona olduqca pis təsir göstərmişdi. Cəbhədə olduğu vaxtlarda az qala hər gün müxtəlif ölüm səhnələrini görən veteran bu ölümdən daha çox, ölümə səbəb olan hadisələrdən, sədrin bu kəndə tutduğu divandan təsirlənirdi. Özünü də qınayırdı, dostunu da. “Nə o özünü qoruya bildi, nə də mən dostumu”, – deyə içində əzab çəkirdi. Bu sədr təzə gələn vaxtlar cəbhə dostuna dediyi sözü xatirladı. “Əli, təmkinli ol, atalar “əsil huy, nəsil huy” demişlər.Ancaq Əli təmkinli olsa da, sözü üzə demək xasiyyətini tərgitmədi. Nahaq yerə oğluna da iş açdırdı, özünü də güdaza verdi.
Atasının danışdığı və kənddə çox adamın da bildiyi bir əhvalatı xatırladı: yaxın vaxtlara – son 20–25 ilə qədər adamlar qatıq mayasını “maya otu” adlanan bitkilərindən tuturdular. Yaz fəslində həmin otu yığır, bişmiş süd qazanına atırdılar, süd mayalanırdı. Bir nəfər neçə dəfə maya otu yığıb hazırlasa da, həmin maya ilə çalınan süd uyuşmur. Adam çar-naçar qalaraq molla yanına gedir və dərdini ona danışır. Mollanın məsləhəti belə olur ki, maya üçün lazım olan otları haram, yəni natəmiz yerdən yığsın. Adam molla deyən kimi də edir, it, at, eşşək tükü, nəcisi düşən yerlərdən maya otu yığıb gətirir. Həmin haram maya ilə çalınan süd tutur və keyfiyyətli qatıq alınır.
Dostunun faciəli ölümündən sonra veteran kitabxanaçı bu hadisəni tes tez xatırlayır və öz-özünə danışırdı: – axı sən də bilirdin, qardaşım, babasının mayası haramdan tutulan bu sədrlə sən kəllə-kəlləyə gələ bilməyəcəksən. Niyə özünü güdaza verdin, niyə?
Son vaxtlar Nağı kişi lap adama yovuşmaz olmuşdu. Səhər gəlir kitabxanaya, saat 5–6-ya qədər içəridə oturur, kitab oxuyurdu. Günortaya qədər kitabxanaya gedən-gələn olurdu, günortadan sonra təsadüfən oxucu gələr, kitab alar-verərdi. Veteran Nağı fasilə vaxtı yemək yeməyə getmir, gələn olmasa, yerindən qalxmırdı. Bu gün də fasilə vaxtı evə getmədi, kitabxananın qapısını örtdü, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nı yenidən oxumağa başladı. Xudayar bəyin zalımlığını təsvir edən səhnələri oxuduqca gözləri axır, hərfləri seçmir, ürəyində bir sıxıntı hiss edirdi...
Hər gün axşam saat 6-da gözətçi idarə binasının qapılarının bağlanıb-bağlanmadığını bir-bir yoxlayır, içəridə adam olub-olmadığını dəqiqləşdirir, heç kimin olmadığına əmin olduqdan sonra binanın giriş qapısını bağlayırdı. Bu gün də eyni işi görən gözətçi kitabxananın qapısını yoxlayanda qapının bağlanmadığını gördü, qapını açanda veteran kitabxanaçının oturduğu yerdə yatdığını zənn edib səsləndi:
– Nağı dayı, ay Nağı dayı!
Nağı dayıdan səs çıxmadığını gördü və yaxına gəldi. Nağı kişinin başı stolun üstündəki açıq kitabın üstünə düşmüşdü, ağzından axan selikli su povestin axırıncı vərəqini islatmışdı. Əsərdə Zeynəbin qızı Zibanın burnundan axan qanın təsvir edildiyi vərəqin çox hissəsini yüz il sonra Beşbulaqda Topal Nağının ölüm qabağı ağzından axan əcəl suyu islatmışdı.
Müharibə veteranı olan kitabxanaçı Nağının dəfn günün sabahı digər müharibə veteranı Əli Nurcahanoğlunun qirx mərasimi, sonrakı gün Nağı kişinin üç mərasimi keçirildi. İdarə işçilərinin günorta yeməyi dalbadal üç gün ərzində ehsan qazanlarından çəkildi.
* * *
Qış qoruğu deyilən sahənin qoruqçusunu baş mühasib çağırıb təlimatlandırdı:
– Qonşu kolxozun qoyun sürüsü axşamlar yaylım edəndə bizim örüşlərin baş tərəflərinə də keçə bilər. Sən onlara heç nə demə.
Qoruqçu təəccüblə soruşdu:
– Necə yəni heç nə deməyim? Bəs bizim kolxozun sürüsü payızlığı harada edəcək? Bəs camaatın qoyunu payız, qış aylarının gödək günlərində harada qarnını dolduracaq?
Baş mühasib əli ilə qoruqçuya “ağzını bağla” işarəsi verərək dedi:
– Yoldaş katibin göstərişidir. Kolxozun da, camaatın da qoyun-malının dərdi sənə qalmayıb. Mən sənə əlavə əməkgünü yazacağam, arvadının da yığdığı tütünü “vışı sort”la qəbul etmələrini tapşıracağam. Get, başını salla aşağı, külfətini saxla.
Qoruqçu bir andaca ata-anasını, yeddi uşağını, baş mühasib dediyi kimi külfətini göz önünə gətirdi. Anladı ki, baş mühasib sədrin sözünü ona deyir və əgər o razı olmasa, elə günü bu gün onu çıxarıb başqa birini qoruqçu qoyacaqlar. Belə olan halda gecələr öz inəyini qoruğa buraxıb otara bilməyəcək, ”Batğınlar”dan hər gün evə dönəndə atını yemləmək adı ilə iki-üç dərz miqdarında ot biçib xurcun formasında yəhərin üstünə aşıraraq evinə gətirə bilməyəcək. Qoruqçu başının işarəsi ilə vəziyyəti anladığını, deyilənlərə razı olduğunu bildirdi və idarədən sakitcə çıxdı. Ancaq qoruqçu bilməzdi ki, bundan sonra qış qoruğunun ən yararlı hissələrini qonşu kolxozun adamları həmişəlik öz əllərinə keçirəcəklər.
* * *
Növbəti il ot biçini başlayacaq ərəfədə kolxozun təsərrüfat briqadirinin işdən çıxarılması və yeni briqadir təyin edilməsi yayılan şayiələrin böyüməsinə səbəb oldu. Toyuq-cücə oğrusundan briqadir? Bu sualı kolxozçular bir-birinə də, öz-özünə də versələr də cavab məlum idi: olar yox, faktiki olubdur. Kimi deyirdi ki, sədr oğurluq çolpaları yemək üçün toyuq oğrusunu briqadir qoyub, kimi də arvadına görə ərinin briqadir qoyulduğunu deyirdi.
Kolxozun otu çoxdan biçilb qurtarmış, çox hissəsi maşınla daşınıb “Kahanın qabağı”na yığılmış, az hissəsi isə xotma şəklində biçənəklərdə qalmışdı. Sədr biçənəkdə qalan xotmaların daşınmasını günü-gündən təxirə salırdı. Kolxozun otu daşınıb qurtarmadığı üçün kolxozçuların onlara ayrılmış sahələri biçməyə icazələri yox idi. Onsuz da biçənəklərin ən rahat, otu bol olan yerlərini kolxoza biçirdilər. Bundan sonra yenə “ən yağlı” yerlərdən sədr, baş mühasib və sovet sədri üçün də kolxozçular ot biçir, sərgini çevirib qurudur, maşına yığıb rəhbərlərin qapısında taya qururdular. Bu il də işlər əvvəlki illər kimi gedirdi.Axıra yaxın nədənsə iş dayandı, kolxozun ot xotmaları sahələrdən götürülmədiyi üçün kolxozçular da öz heyvanları üçün ot biçə bilmirdilər. Camaat çarəsiz vəziyyətdə idi. Onların sözünü kolxoz və rayon rəhbərliyinə deyəcək şəxs qalmamışdı. Təsərrüfat briqadirinə deyilən sözlər dibsiz quyuya atılan daşlar kimi gedir, ancaq geri qayıtmırdı. Nəhayət, 3–4 adam sədr olmayan vaxt baş mühasibin yanına getdilər, məktəb açılmağa az vaxt qaldığını, camaata veriləcək ot sahəsinin biçilmə vaxtının ötdüyünü dedilər.Xahiş etdilər ki, sədr icazə versin, camaata düşən biçənək sahələrinin biçilməsinə başlasınlar. Baş mühasib rayonda biçənək sahələrinin yoxlanışı getdiyini, bir həftəyə uyğun razılıq veriləcəyini bildirdi. Bir həftə də keçdi, iki həftə də. Camaatın canını qara qayğılar aldı. Onların hər biri 2–3 inəyini, 10–15 qoyununu biçib topladığı otla saxlayırdı. Sentyabr ayı gəldi, müəllimlər də, məktəb yaşlı uşaqlar da dərsə getdilər. Kolxozun otu sentyabrın 10-da daşınıb qurtardı, iki gün sonra kolxozçular manqalar şəklində yığışıb püşk atdılar, üçüncü gün biçinə başladılar.
Hamı tələsirdi. Onsuz da biçənəyin gül-çiçək vaxtı keçmiş, quru otlar, cəngəllər qalmışdı. Gecələr şeh düşür, biçilən otun quruması uzun çəkirdi. Nə etmək olardı təzədən? Olan olmuşdu. Qalan ot hər nədirsə, tez biçib qurtarmaq lazımdır. Hər kəs var qüvvəsi ilə, dəli bir ümidlə işləyirdi. Sahələrin böyük hissəsi biçilib sərgiyə vurulmuşdu, ancaq hələ qurumadığından dərz bağlamaq və ya maşınla yığıb aparmaq mümkün deyildi. Bəzi ailələrdə qadınlar və uşaqlar otun tez quruması üçün sərgini çevirirdilər.
Dumanla, çənlə başlayan xırdalı yağış gün ərzində 3–4 saat yağır, 1–2 saat ara verdikdən sonra yenidən başlayırdı.Bir neçə saat və gün istisna olmaqla sentyabr ayı beləcə keçdi. Heç kim ot yığa bilmədi. Kənd adamlarından kimlərsə öz heyvanını saxlamaq üçün yaylaqlardan tanıdıqları elat dostları ilə arandakı qışlaqlara köçüb getdilər, kimlərsə də rayon mərkəzində gedib tikintidə fəhlə, gözətçi, usta kimi işləməyə başladılar.Bunları da bacarmayanlar “ağız yavanlığı” olan inəyini dəyər-dəyməzə satmağa məcbur oldular.
Qar zirvələrdən kəndə enəndə artıq kənddəki adamların da, bacasından tüstüsü çıxan evlərin də sayı azalmışdı.Əlli ilə addım-addım böyüyən, abadlaşan kənd son beş ildə kiçilməyə, yoxsullaşmağa, dağılmağa gedirdi. Bu payızın son ayı sanki təbiətlə yanaşı kəndə də qış yuxusu gətirmişdi. Kəndin arasında gözə dəyən, görünən kənd məktəbinin müəllimləri, məktəbli uşaqlar və kolxoz işçiləri idilər.
* * *
Rayon Partiya Komitəsinin Birinci Katibi üç nəfər kadrın şəxsi iş qovluğu ilə Mərkəzi Komitənin bu rayona baxan inspektorunun otağında əyləşmişdi. Katib bir-bir qovluğu inspektora verir, eyni zamanda qovluq sahiblərinin tərcümeyi-halını dillə də söyləyirdi. Bu üç nəfərin içində Beşbulaq kolxozunun sədrinin də şəxsi iş qovluğunu görən inspektor təəccüblə katibin üzünə baxaraq dedi:
– Bu kimdir ki, bura gətirib çıxarmısan? Sizin rayonda ən çox şikayət olunan, göstəriciləri ən aşağı olan kolxoz sədri budur. Belə bir adamı Rayon İcraiyyə Komitəsinə sədr qoydurmaq istəyirsən?
Birinci katib udqunaraq “bəli, yoldaş... “, – dedi. Axşam sizə demişdim onun kim olduğunu. Qaynatası Xalq Nəzarəti Komitəsinin sədri idi. İndi onu qonşu rayona ikinci katib təyin ediblər.
İnspektorun qovluğu kənara qoyduğunu görən Birinci katib tələsik davam etdi:
– Açığını bilmək istəsıniz, mən ancaq onunla işləmək istəyirəm.
– Nüyə, nə səbəbə? Hörmətə də qalsa, hamı edir, minnətə də, – deyə inspektor dilləndi. Bu iki qovluğun sahiblərinin elə bu binanın özündə də adamları var. Onlara necə yox deyək? Nə adla deyək?
Birinci katib bir az da müti görkəm alıb dedi:
– Bu adam ildırım ötürəndi. O, özünə də, rayon rəhbərliyinə də doğru yönələn bütün qəzəbi, nifrəti özündən aşağı vəzifədə işləyən işçilərə yönəltməyi bacarır. Bir kəndi mümkün olduğundan qat-qat artıq işlətdi, üzdə olan adamları bir-birinin üzünə qoydu, dillənənin dilini kəsdi, baş əyməyənləri diz üstə çökdürdü, kənddən qaçan qaçdı, qaçmayan ağ bayraq qaldırdı. Bütün bunlara baxmayaraq camaat onu “yaxşı sədr” deyə çağırır. O cür qanunpərəst kimi görünən kənddən rayon rəhbərliyi haqqında bir şikayət gəlməyib, başları bir-birinə qarışıb. Özləri özləri ilə vuruşmaqdadır. Belə kadr mənə rayon mərkəzində lazımdır.
İnspektor gülümsədi, “bu başqa məsələ, aparata belə kadrlar, həqiqətən, lazımdır”, – dedi, sədrin qovluğunu aldı, üstünə qeydini yazdı, Birinci katib gedəndən sonra qovluğu kadrlar şöbəsinə təqdim etdi.
* * *
İki sədr – kəndin iki rəhbəri üz-üzə oturmuşdular. Kolxoz sədri ayağa durdu, bir dəstə topa açarın içindən ən irisini əlində nizamladı, dəmir seyfi açdı, oradan ştamplı, möhürlü iki vərəqdən ibarət bir sənədi sovet sədrinə göstərib dedi:
– “Ələm ağacı” adlanan sahədə iyirmi adama ev tikmək üçün həyətyanı torpaq yerinin verilməsi haqqında İspalkomun qərarını almışam, haqq-hesablarını da çəkmişəm. Oranı məhlə yeri verməklə həm bu imam təziyəsi keçirənlərin məkanını dağıdacağıq, həm də “Uzaq binə”dəki on beş ailəni bu kəndə köçürəcəyik.
Sovet sədrinin təəccüblü baxışlarını görən kolxoz sədri əlavə etdi:
– Narahat olma, bu kənddən beş gənc ailəyə də yer verəcəyik. Həmin o beş ailə qalan doxsan beş ailənin cavabını verəcək. Kimsə cınqırını da çəkə bilməyəcək. Qərarın icrasına Novruz bayramından üç gün əvvəl, İlaxırı çərşənbədə başlayacağıq.
* * *
Payız fəsli son günlərini yaşayırdı. Axşamdan yağan qarı səhərə yaxın əsən külək yamaclardan sovurub dərələrə doldurmuşdu. Kəndin içindəki ana yolların qarı insan və heyvan ayaqlarının altında əzildiyindən bir az ərimiş, bir az da sarı, boz-bulanıq rəng almışdı. Günortadan sonra keçirilən iclasa çox az adam gəlmişdi.
Raykomun nümayəndəsi kolxozun rəhbərliyində olan dəyişiklik haqqında qısa məlumat verdi, kolxozun sədri vəzifəsindən azad edilərək Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunan şəxsə uğurlar arzuladı. Kolxoz sədri vəzifəsinə kənd sovetinin sədrinin seçilməsini məqsədəuyğun hesab etdiyini dedi. Heç kim dillənmədi, heç kim etiraz etmədi. Adamların sevinci də, kədəri də qırılıb içlərində qalmışdı.Adamlar keyləşmişdilər, biganələşmişdilər.
İclas qurtardı, hamı eşiyə çıxdı. Narın qar dənələri ağ qırmalar kimi adamların üz-gözünə dəyirdi. Keçmiş sədr də, yeni sədr də tez – tələsik Raykomun işçisini gətirən maşına minib rayon mərkəzinə yola düşdülər. Maşın “Yolaşan”a çatanda sürüşdü, yoldan azca kənara çıxdı. Sürücüdən başqa kişilərin üçü də maşından düşdü, “UAZ”-ın yoldan çıxan arxa tərəfindən itələdilər. Sürücü maşına qaz verdi, maşın sonuncu qarlı yoxuşu aşıb rahat, düz yerdə dayandı.
Rəhbər heyətin üçünün də yönü Beşbulağa tərəf döndü. Kəndin buradan çox aydın panaroması açılırdı. Küləyin qarı sovurduğu yallar, yamaclar köhnə palaz astarına bənzəyirdi və bu boz-bulanıq palaz astarı sanki heç vaxt göyərməyəcəkdi. Dərələr ölü kəfəni kimi ağ görünürdü. “Şişin boynu” başsız bədənə, ondan aşağıdakı qaya dişləri tökülmüş kəllə sümüyünə bənzəyirdi. Kənd məzar yerini, “Bərəyə” məzardan qazılmış torpaq təpəsini xatırladırdı. “Bərəyə”ni də kəndin üstünə töksən, həyat əbədi məhv olacaq, Beşbulaq adı adlara qoyulacaqdı...
Kəndin panaromasından alınan bu təəssürat hər üç dövlət qulluqçusunu üşəndirdi və hər üçü tələsik “UAZ”-a minərək gözdən itdilər.
(28.05.2026)
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
“Maraqlı söhbətlər”də müəllifi gizli saxlanılan mahnı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Müəllifi gizli saxlanılan "Qardaş olub Hayastan - Azərbaycan" mahnısı barədə danışacağıq. Sizlərə professor Zaur Əliyevin məqaləsini təqdim edirəm. Niyə gizlin saxlanılsın axı müəllifin adı? Sovet dönəmində 15 qardaş respublika deyilən bir qurumda həmin bu Hayastanla Azərbaycan birlikdə olub da. O dövrdəki sözlərə görə kimisə çarmıxamı çəkəcəklər?
Kimdir sözlərin müəllifi?
Sovet dövründə beynəlmiləlçilik istiqamətində görülən işlərdə xüsusilə canfəşanlıq edənlər incəsənət xadimləri, yazarlar, şairlər, ailmlər və yüksək vəzifə tutan məmurlar idi. Məclislərdə "qardaşlıq" barədə tost qaldıran bu sahənin nümayəndələri bilmirdilər ki, onların tərif etdikləri 1813-cü ildə bura köçürülən, dəfələrlə soyqırımlar törədən, babalarının qatilləri və tarixi torpaqlarımızda özlərinə qondarma dövlət quran millət idi. Bizim sevgi və inam hissi ilə dediyimiz xoş sözlər onların qəlblərində olan nifrəti və kini dəlib keçə bilmirdi. Nələr edilirdi nələr...xüsusilə
Ermənistan SSR (Zeynəb Xanlarova 1978-ci ildə Ermənistan SSR Xalq Artisti fəxri adını alıb) və Azərbaycan SSR -nin xalq artisti Zeynəb Xanlarovanın repertuarında olan erməni mahnısı "Nune" və "Qardaş olub Hayastan -Azərbaycan" mahnısı tez tez ifa edilirdi.
Bəs bu mahnı necə yarandı?
Bu mahnının musiqisi erməni bəstəkar Andrey Avanes oğlu Babayevə aiddir. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirən Babayev 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. Bir çox mahnıların müəllifidir. Etiraf edək ki, onun Azərbaycanın bu gündə sevilərək dinlənilən mahnıları yenə də ifa edilir. Erməni olmasına baxmayaraq Azərbaycan musiqisinin inkişafında onun mahnılarının böyük rolu olub. Şövkət xanımdan tutmuş Rəşid müəllimə qədər onun bəstələri ifa edilib. Mərdlik olanı düz deməkdir.
Sözlərinin İslam Səfərliyə aid olması deyilsə də, o 1974-cü ildə rəhmətə getdiyi üçün ehtimal azalır onun müəllif olmasına. Mahnı 1975-ci ildən sonrakı dövrə aiddir..
Yaxşı kim yazıb bu sözləri?
Xalq şairi Bəxtiyar Vahabzadənin də adı hallanır müəllif olmaqda. Onun yaradıcılığına bələd adam kimi bu iddianın da ehtimallığına şübhəm var.
Müəllif olmaqda iddia edilən
Səməd Vurğun
Süleyman Rüstəm
Fikrət Qocanın da adı hallanır
Bəzi iddialara görə Zeynəb xanım özü yazıb mahnı sözlərini.
Mahnı sözlərinin müəllifi kimi Zeynal Xəlilzadənin də adı hallanır. Qeyd edim ki, onun "Qatır Məmməd" povesti əsasında eyniadlı film çəkilmişdir.
Maraqlı olan isə niyə indiyə qədər bu mahnının sözlərini yazan şəxsin adı gizli saxlanılır? Nə var ki, burda?
Açıqlasın da bunu Mədəniyyət nazirliyi, Yazıçılar Birliyi.
Kimdən qorxursunuz? Bu onsuz da sovet dövründə olub və bu gün də ittiham etmək yersizdir. Bəlkə də müəllifə təşəkkür düşür ki, "Hayastan" adı çəkir, Ermənistan adı yox. Çünki ermənilər bu sözləri dəyişib "Ermənistan" ediblər. O dövrdə Hayastan adı çəkmək özü də böyük cəsarət tələb edirdi.
Müəllifin kimi olduğunu rəsmən bildirin ki, xalq bu qədər iddialar içərisində çaşıb qalmasın...
Qeyd edim ki, bu mahnı eyni zamanda 1987-ci ildə Bakıda keçirilən qardaşlıq konsertində İlhamə Quliyeva, Elmira Rəhimova, İslam Rzayev, Nisə Qasımova və erməni müğənnilər ilə birgə də ifa edilib.
Konsertdən əldə olunan məbləğ isə Gürcüstanda təbii fəlakətdən zərər çəkənlər üçün yaradılmış Fonda köçürülüb...
Tarixə nəzər yetirdinizmi? 1987. Bu, ermni millətçiliyinin Dağlıq Qarabağ iddialarının başlandığı ildir.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
Mən, dağlar və sən - ESSE
Aynur İsmayılova.
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Mavi səma ağ buludlarla əhatələnmişdi. Günəş özünü hər yerdə göstərirdi. Bu gün özünü gizlətmədən hər tərəfi öz istisi ilə salamlayırdı. Qarşımda iki fərqli dağ mənzərəsi vardı: biri yaşıl, digəri göyümtül rəngə çalırdı. Yaşıl dağ daha yaxın idi mənə. Üzərində qoşalaşıb süzən quşlar, nisbətən orta və böyük ağaclar, yamyaşıl otlar daha aydın görünürdü. Sanki həyatın sakit ritmini xatırladan bir ahəng vardı. Digər dağ mənzərəsi isə daha uzaq, əlçatmaz görünürdü.
Nə ağacları, nə uçan quşları, nə də başqa bir mənzərəni görmək mümkün idi. Yalnız mavi rəng görünürdü. Sanki soyuq bir hiss yaradırdı və bu soyuqluqda bütün detallar itib yox olmuşdu. Günəş də sanki ona çata bilmirdi — mənim sənə yetişə bilmədiyim kimi.
Sən mənə mavi dağlar qədər uzaq və soyuq idin. Bir zamanlar sənə bənzəyən bu yaşıl dağ mənzərəm indi yalnız xatirələrdən xəbər verirdi. Arxada qalan mavi dağ isə yanıldığım hər şeyi.
Bilirsən, mən elə bilirdim ki, o dağ həqiqətən elədir, göründüyü kimi. Amma indi hər şeyi bilirəm: bilirəm ki, hər şey göründüyü kimi deyilmiş.
İndi qarşımda duran həmin dağa baxanda səni görürəm. Anladım ki, mavi rəngdə dağ yoxdur, heç zaman olmayıb. Sadəcə məsafə varmış. Uzaqlıq hər şeyi mavi rəngə boyayırmış. Havanın içindəki incə duman, günəş işığının sınması — hamısı birləşib reallığı başqa cür göstərirmiş. Mən isə bunu rəngli dağ bilmişəm.
Bəlkə də səhv dağda deyildi, mən uzaqdan baxdığım üçün mavi rəngdə görürdüm. İnsanlar da dağlar kimidir: uzaqdan baxanda onları tanıdığını düşünürsən, amma daha da yaxınlaşdıqca çatlaqların olduğunu, hər şeyin görünməyən tərəflərdə gizləndiyini görürsən.
Sən də qarşımda dayanıb mənə uzaqdan göründüyün kimi deyilsən. Sən yaşıl dağ kimi qala bilmədin, mavi görünəni seçdin. Nə sən gerçək ola bildin, nə də o.
İndi dəyişən dağ deyil, mənim baxışlarımdır. Mən artıq hər şeyə uzaqdan baxmamağı öyrənirəm, çünki məsafə həmişə həqiqəti gizlədir.
Bəlkə də insanı çətinləşdirən şey gördüyü deyil, görə bilmədiyidir.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
İnsan gördüyünə inanır, yoxsa hiss etdiyinə?
Rəqsanə Babayeva,
«Ədəbiyyatvə İncəsənət» Beyləqan və İmişlitəmsilçisi
İnsan gözlərini dünyaya açdığı ilk andan etibarən ətrafını dərk etməyə çalışır. Bu dərk prosesində onun ən böyük yardımçıları duyğularıdır. O görür, eşidir, toxunur, qoxulayır və dadır. Beləliklə, xarici aləm haqqında müəyyən təsəvvür formalaşdırır. Lakin insan ömrü irəlilədikcə bir həqiqəti daha yaxşı anlayır: hər gördüyümüz gerçək olmaya bilər, hər hiss etdiyimiz isə xəyaldan ibarət deyil. Məhz bu məqamda qədim və düşündürücü bir sual meydana çıxır: insan gördüyünə inanır, yoxsa hiss etdiyinə?
İlk baxışda sadə görünən bu sual əslində insanın varlığına, düşüncə dünyasına və həyat təcrübələrinə toxunan dərin fəlsəfi məzmun daşıyır. Çünki insan yalnız gözləri ilə yaşayan bir varlıq deyil. Onun qəlbi, duyğuları, sezgiləri və vicdanı da vardır. Bəzən gözlərin görə bilmədiyini qəlb hiss edir, bəzən də hiss etdiklərimiz gördüklərimizdən daha güclü həqiqətə çevrilir.
Tarix boyu insanlar görməni həqiqətə aparan ən etibarlı yol hesab etmişlər. “Gözlərimlə görmədim, inanmaram” ifadəsi də bunun ən sadə nümunəsidir. Doğrudan da, görmək insanı inandıran ən güclü vasitələrdən biridir. Bir hadisəyə şahid olmaq, bir insanın davranışlarını müşahidə etmək və ya hər hansı mənzərəni seyr etmək düşüncələrimizdə müəyyən qənaət formalaşdırır. Çünki gözlər insanın xarici dünya ilə əlaqə quran əsas pəncərəsidir.
Lakin tarix və elm göstərir ki, gözlər hər zaman həqiqəti olduğu kimi təqdim etmir. Səhrada yolunu itirmiş bir səyyahın uzaqda gördüyü ilğımlar əslində su deyil. Üfüqdə birləşirmiş kimi görünən göy və yer gerçəkdə bir-birindən sonsuz uzaqdır. Müxtəlif optik illüziyalar da sübut edir ki, insan gözü asanlıqla aldana bilir. Bəzən eyni hadisəyə baxan iki insan tamamilə fərqli nəticələr çıxarır. Çünki görmək yalnız gözlərin deyil, eyni zamanda beynin və düşüncənin fəaliyyətidir.
İnsan zehni gördüklərini əvvəlki təcrübələri əsasında şərh edir. Buna görə də eyni hadisə müxtəlif insanlarda müxtəlif təsəvvürlər yarada bilir. Bir insanın açıq və aydın gördüyü həqiqət başqası üçün tamamilə fərqli məna daşıya bilər. Deməli, görmək həmişə obyektiv nəticəyə gətirib çıxarmır.
Digər tərəfdən, hiss etmək insanın daxili aləminə açılan qapıdır. Həyatımızdakı ən mühüm qərarların əksəriyyəti yalnız məntiqlə deyil, hisslərlə də bağlıdır. Ana çox zaman övladının kədərini onun danışmasına ehtiyac qalmadan hiss edir. Uzun illərdən sonra görüşən dostlar arasında yaranan yaxınlıq sözlərdən əvvəl duyulur. Sevgi, mərhəmət, qorxu, ümid və həsrət kimi hisslər gözlə görünməsə də, insan həyatını dərindən istiqamətləndirir.
Sevgi bunun ən parlaq nümunəsidir. İnsan sevdiyi şəxsə baxarkən sadəcə onun simasını görmür. O, eyni zamanda həmin insanla bağlı xatirələrini, arzularını və duyğularını yaşayır. Buna görə də sevgi görmənin hüdudlarını aşan mənəvi bir dəyərdir. Bəzən kilometrlərlə uzaqda olan bir insanın varlığını belə hiss etmək mümkündür. Qəlb fiziki məsafələrin yarada bilmədiyi yaxınlığı yaradır.
Qorxu da hisslərin insan həyatına təsirini göstərən başqa bir nümunədir. Qaranlıq otaqda olan insanın narahatlığı çox zaman gördüklərindən deyil, görə bilmədiklərindən qaynaqlanır. İnsan zehni naməlumu təsəvvür edir və hisslərini buna uyğun formalaşdırır. Bu isə hisslərin davranışlarımıza nə qədər təsir etdiyini açıq şəkildə nümayiş etdirir.
Lakin hisslər də hər zaman qüsursuz bələdçi deyil. Necə ki gözlər yanılır, hisslər də insanı yanlış istiqamətə apara bilər. Qorxular, tərəddüdlər, ön mühakimələr və ya həddindən artıq gözləntilər bəzən gerçəyi düzgün qiymətləndirməyə mane olur. İnsan tanımadığı birinə qarşı səbəbsiz rəğbət və ya antipatiya hiss edə bilər. Buna görə də yalnız hisslərə əsaslanaraq qərar vermək də düzgün nəticə verməyə bilər.
Əslində həyatın hikməti görmək və hiss etmək arasında tarazlıq qurmaqdan ibarətdir. Bu iki anlayış bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlayan dəyərlərdir. Görmək bizə xarici dünya haqqında məlumat verir, hiss etmək isə həmin məlumatlara mənəvi məna qazandırır. Ağıl və qəlb necə birlikdə fəaliyyət göstərirsə, görmək və hiss etmək də insan həyatında eyni şəkildə vəhdət təşkil etməlidir.
Ədəbiyyat tarixində bu mövzuya tez-tez rast gəlinir. Şairlər və yazıçılar çox zaman “qəlbin gözü” ifadəsini işlətmişlər. Çünki onlar insanın yalnız maddi gerçəkliklə yaşaya bilməyəcəyini yaxşı anlayırdılar. Bir şeirin oxucunu təsirləndirməsi, bir musiqinin insanı duyğulandırması və ya bir tablonun düşündürməsi məhz hisslərin gücü ilə bağlıdır. Sənət görünən dünyanın arxasındakı mənaları kəşf etmək cəhdidir.
Türk-islam mədəniyyətinin böyük nümayəndələrindən olan Yunus Əmrə əsərlərində qəlb anlayışına xüsusi yer vermişdir. Onun düşüncəsinə görə insan yalnız baxmaqla deyil, həm də qəlbi ilə görməyi bacarmalıdır. Həqiqətə aparan yolun mühüm hissəsi daxili idrakdan keçir. Bu fikir əsrlər boyu Anadolu irfanının əsas sütunlarından biri olmuşdur.
Müasir dövr isə görmənin təsir imkanlarını daha da artırmışdır. Televiziya, internet, mobil telefonlar və sosial media insanları fasiləsiz şəkildə görüntülərlə qarşılaşdırır. Bu gün insanlar çox vaxt gördüklərinin həqiqət olduğuna asanlıqla inanırlar. Halbuki texnologiyanın inkişafı görüntülərin dəyişdirilməsinə, saxta məzmunların hazırlanmasına və ictimai rəyin yönləndirilməsinə imkan verir. Bu isə yalnız gözlərə güvənməyin nə qədər riskli ola biləcəyini göstərir.
Belə bir dövrdə insanın vicdanı, təfəkkürü və daxili hissləri xüsusi əhəmiyyət qazanır. Hər hansı xəbərin doğruluğunu araşdırmaq, hadisələrin görünməyən tərəflərini anlamağa çalışmaq və məlumatları müxtəlif mənbələrdən müqayisə etmək daha sağlam düşüncənin göstəricisidir. Çünki həqiqət çox zaman səthin altında gizlənir.
Həyatın dönüş nöqtələrinə nəzər saldıqda insanların ən mühüm qərarlarını həm gördüklərinə, həm də hiss etdiklərinə əsaslanaraq verdiklərini görürük. İnsan peşə seçərkən yalnız maddi imkanları deyil, daxili meylini də nəzərə alır. Dostluq qurarkən davranışlarla yanaşı, etibar hissi də önəm daşıyır. Yaşamaq üçün bir məkan seçərkən isə təkcə şərait deyil, həmin yerə aidlik duyğusu da mühüm rol oynayır.
İnsan ruhu mürəkkəb və çoxqatlı bir aləmdir. Məntiq və hisslər daim qarşılıqlı təsir içindədir. Buna görə də “İnsan gördüyünə inanır, yoxsa hiss etdiyinə?” sualına qəti cavab vermək çətindir. Bəzi hallarda görmək daha inandırıcıdır, bəzi hallarda isə hiss etmək daha doğru yol göstərir. Lakin həyatın bütöv mənzərəsinə baxdıqda insanın ən düzgün qərarları bu iki qüvvə arasında tarazlıq yarada bildiyi zaman verdiyini müşahidə edirik.
Dağın zirvəsindən baxarkən gözlərimiz möhtəşəm mənzərəni görür. Lakin həmin mənzərənin ruhumuzda yaratdığı heyranlıq və rahatlıq hiss olunmadıqca təcrübə tamamlanmış sayılmır. Bir kitabı oxuya bilərik, ancaq onun ruhumuza toxunan tərəfini hiss etməsək, səhifələr sadəcə söz yığınından ibarət qalacaq. Bir insanla söhbət edə bilərik, lakin onun səmimiyyətini hiss etmədikdə ünsiyyət natamam görünəcək.
Bəlkə də insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyət məhz budur. İnsan yalnız gözləri ilə deyil, qəlbi ilə də görə bilən varlıqdır. Onun dünyası maddi gerçəkliklə məhdudlaşmır. Arzuları, ümidləri, qorxuları və sevgisi vardır. Bütün bunlar gözlə görünməsə də, həyatın ən həqiqi tərəflərini təşkil edir.
Nəticə etibarilə insan nə yalnız gördüyünə inanır, nə də yalnız hiss etdiyinə. Həqiqətə çatmaq üçün hər ikisinə ehtiyac duyur. Gözlər dünyanı tanımağa kömək edir, hisslər isə ona məna qazandırır. Biri olmadan digəri natamam qalır. İnsan həyat yolunda həm gözlərinin işığına, həm də qəlbinin səsinə qulaq verdikdə özünü və ətrafındakı dünyanı daha dərindən dərk edə bilir. Bəlkə də əsl müdriklik məhz görünənlə hiss olunan arasında körpü qurmağı bacarmaqdır.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)
Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş sərgi-tədbir
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
5 İyun – Şairlər Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş “Bir qara buludam uca göylərdə” adlı sərgi-tədbir keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında təşkil olunan tədbirdə əvvəlcə ənənəyə uyğun olaraq Xəzər dənizinə gül səpilərək nakam taleli şairin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirin bədii hissəsində Milli Qəhrəman Polad Həşimovun adını daşıyan 28 nömrəli tam orta məktəbin şagirdləri Mikayıl Müşfiqin şeirlərini səsləndirib, həmçinin şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Daha sonra iştirakçılar Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbir çərçivəsində təşkil olunan dəyirmi masa ətrafında Sumqayıtın tanınmış qələm adamları çıxış edərək Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatındakı yeri və zəngin yaradıcılığından söz açıblar. Filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, yazıçılar Cabir Ağaoğlu Albantürk, Lilpar Cəmşidqızı, Əliyar Mərdiyev və Fərhad Məhərrəmov şairlə bağlı fikirlərini və xatirələrini bölüşüblər.
Sonda Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarına təşəkkürlərini bildirərək, belə ədəbi-mədəni tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(09.06.2026)


